Məhkəmə qərarları › İş №1(005)-86/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-86/2024

27.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-86/2024 27.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 11:45 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclas katibi X2, xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər - X4, X14, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxslərin nümayəndəsi və vəkili “BHM və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs - X8 və müqavilə əsasında olan müdafiəçisi və etibarnamə üzrə nümayəndəsi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə xx.xx.1971-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X6 və X25 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs X16 xüsusi ittihamçılar X6, X25 tərəfindən ondan ötrü ittiham olunmuşdur ki, X16 xx.xx.2023-cü il tarixdə kütləvi informasiya vasitəsi hesab edilən “Qafqazinfo.az" media qurumunda X6 və oğlu X26 barəsində ağır ittihamedici məzmunlu müsahibə vermiş, və onun müsahibəsi "İntihar etdiyi bildirilən Rauf Abbasovun bacısından – “Ağır ittihamlar" başlığı altında dərc edilərək ictimailəşdirilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “Qafqazinfo.az" media qurumunda barələrində paylaşılan məqalə minlərlə insanın baxışına səbəb olmuşdur. Belə ki, sözügedən məqalənin məzmunu ilə tanış olduqdan sonra X16 tərəfindən ailəsinin ünvanına, konkret olaraq onun və oğlu X14 və eyni zamanda Xəzər rayon prokurorluğunun ünvanına yalan olduğunu bilə-bilə həqiqətə uyğun olmayan böhtan xarakterli ifadələr təşkil etmişdir. Belə ki, X16 tərəfindən jurnalistə vermiş olduğu müsahibəsində səsləndirdiyi ittihamedici ifadələrə görə: Əgər Rauf özünü öldürübsə də, “ bunun səbəbkarı yoldaşıdır. Təəssüf ki, cinayət işi açılmır. Qulağımıza sözlər çatır ki, Xəzər rayon prokurorluğu 15.000 manat alıb, işi bağlayıb”. X16 jurnalistə vermiş olduğu müsahibəsində səsləndirdiyi digər ittihamedici ifadələr görə: "xx.xx.2022-ci il tarixdə ailəsinə məxsus bağ evində X15 intihar etmədiyini, onun ölümündə arvadı X4 və oğlu X14 birbaşa iştirakının olduğunu, X15 qanında ekspertiza rəyində qeyd edildiyi kimi aşkar edilən çayda həll edilən narkotik tərkibli maddənin məhz Sevinc Təhməzova gizli şəkildə, məqsədli şəkildə edib. ” məzmununda xüsusilə ağır cinayətdə ittiham etmişdir. X8 böhtan xarakterli ictimailəşdirilmiş məqaləsindən sonra onun və oğlu X14 ictimaiyyət arasındakı nüfuzuna, oğlu X14 şəxsi həyatına zərbə vurmuş, şəxsən özü də psixoloji durumuna olduqca mənfi təsir göstərmişdir. Yaxın-uzaq ətrafımızda olan qohumlar, tanışlar və dostlar arasında bu hadisə ilə bağlı yaranan söz-söhbətlər, böhtan xarakterli məqalə üzündən onun və oğlu X17 əsəb gərginliyi keçirməsinə səbəb olmaqdadır. Evdə gərgin abu-havanın bu günə qədər də hökm sürməsinə, məişət həyatında sorğu-suallara, müzakirələrə, mübahisələrin bitməz halını almışdır. Bununla bağlı Xəzər RPİ-nin 2-ci Polis Bölməsinə sözügedən şəxs barəsində qanunla müəyyən edilmiş tədbir görülməsi barədə ərizə ilə müraciət edilmişdir. Ərizə HK-1-666 sayda qeydə alınaraq bölmənin baş təhqiqatçısı, polis mayoru X10 icraatına qəbul edilmişdir. Aparılmış araşdırma ilə X16 izahatı alınaraq bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə "internet qəzeti Qafqazinfo.az" müstəqil informasiya siyasəti həyata keçirən media qurumuna qardaşı X15 intihar etməsi ilə bağlı Xəzər rayon prokurorluğunda aparılmış araşdırmanın nəticəsi olan xx.xx.2022-ci il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərarından məlumatlı olduğunu bildirmişdir. Lakin buna baxmayaraq bilə-bilə X6 və oğlu X26 barəsində qardaşı Rauf Abbasovun ölümündə X5 və oğlu X18 ağır ittiham etdiyini etiraf etmişdir. Eyni zamanda bilə-bilə Xəzər rayon prokurorluğu barəsində "15 min alıb işi bağlayıb" məzmununda - ağır ittihamedici məzmunlu müsahibə verdiyini "İntihar etdiyi deyilən Rauf Abbasovun bacısından - Ağır ittihamlar" başlığı altında məqalə dərc etdirərək ictimailəşdirdiyini etiraf etmişdir. Araşdırma ərəfəsində Könül Abbasova "internet qəzeti Qafqazinfo.az" müstəqil informasiya siyasəti həyata keçirən media qurumu ilə əlaqə saxlamış və Xəzər rayon prokurorluğuna qarşı sözügedən məqalənin "Təəssüf ki, cinayət işi açılmır. Qulağımıza sözlər çatır ki, Xəzər rayon prokurorluğu 15 min alıb işi bağlayıb" hissəsində təkzib etmişdir. Sonradan "internet qəzeti Qafqazinfo.az" müstəqil informasiya siyasəti həyata keçirən media qurumu tərəfindən ictimailəşdirilmiş məqalənin Xəzər rayon prokurorluğuna aid olan hissəsindən çıxarılması icra edilmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X6 şikayətin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, onun və oğlu barəsində kütləvi informasiya sistemində paylaşılan ağır ittihamedici məzmunlu müsahibə onlara, xüsusilə oğluna çox pis təsir etmiş, onda psixoloji problemlər yaratmışdır. Hətta oğlunda baş vermiş stres səbəbilə o universitete getməkdən belə imtina etmişdir. Onun barəsində yazılan bu məlumat yaxın qohumları və onu tanıyan şəxslər qarasında yanlış fikir formalaşdırmış, nüfuzuna ziyan gəlmiş və ciddi stres və sarsıntı keçirmişdir. Odur ki, qeyd etdilənlərin nəzərə alınmasını və X8 Azərbaycan Respublikasının CM-nin 147.2-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X25 şikayətin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, Könül Abbasovanın "Qafqazinfo.az" kütləvi informasiya vasitəsində anası və özü barəsində etmiş olduğu paylaşım onu dərindən sarsmışdır. Həmin yazılar həqiqəti əks etdirmir, atası Rauf Abbasov vəfat edərkən özü evdə olmamışdır. Sonradan hadisədən məlumatı olmuşdur. Yazılan məlumatlar böhta xarakterli məlumatlardır. Buna gördə də şəxsin cəzalandırılmasını və barəsində ittihamedici hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X16 ifadə verərək özünü təqsirli bilmədiyini söyləmiş və qeyd etmişdir ki, "Qafqazinfo.az" kütləvi informasiya vasitəsinin müxbirinə müsahibə verərkən qardaşının yoldaşını bir başa ağır cinayət törətməklə ittiham etməmişdir. Sadəcə qardaşının ciddi şəkildə ailə problemləri olduğunu və boşanma ərəfəsində olduğunu bildirmişdir. Onlar arasında məhkəmə çəkişməsi getdiyini, məhkəmədə boşanmaqla yanaşı əmlak bölgüsü üzərində mübahisənin mövcud olduğunu söyləmişdir. Qardaşının vəfatından əvvəl öz evində deyil, onun yanında qaldığını və boşanma prosessinin tezliklə bitməsini arzulayırmış. Onun özünə qəsd etmək kimi ağlından fikir keçmədiyinə və bunu hiss etdirəcək ifadələr və sözlərdən də istifadə etmədiyindən onun özünə nəyə görə qəst etməsi onda şübhə yaratmışdır. Həmçinin qardaşı Rauf Abbasovun heç vaxt narkotik vasitə istifadə etmədiyini, onun işlədiyi müəssisədə narkotik vasitə istifadə edən şəxslərin olub-olmamasının yoxlanılması üçün əməkdaşların daim yoxlamadan keçdiyini bilirdi. Buna görə də Xəzər Rayon Prokurorluğuna müraciət etdiyini, qardaşının intihar etdiyinə inanmadığını məsələnin ətraflı araşdırılmasını istəmişdir. Həmçinin qardaşı Rauf Abbasovun boşanma ərəfəsində olduğunu və yoldaşı Sevinc Təhməzova ilə aralarında gərgin münasibətlər olması barədə prokurorluğa məlumat vermiş və qardaşının ölümünə səbəbkar kimi Sevinc Təhməzovanın olmasını bildirmişdir. X20 intihar etdiyi bildirildiyi gün öz evində olduğu və oğlu və yoldaşının da orda olduğu barədə ona məlumat verilmişdir. Buna görə də qardaşı Rauf Abbasovun ölümündə səbəbkar kimi Sevinc Təhməzovanın ola biləcəyini söyləmişdir. Lakin onu məhs Sevinc Təhməzova öldürüb kimi ifadə işlətməmişdir. Bundan başqa Əhəd Abbasova qarşı heç bir ifadə və ya söz işlətmədiyini, onunla bağlı müsahibə zamanı da heç bir məlumat vermədiyi qeyd etmişdir. "Qafqazinfo.az" kütləvi informasiya vasitəsinə müsahibə verərəkən isə Xəzər Rayon Prokurorluğu tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilməsi barədə məlumatı olmadığını, prokurorluq tərəfindən ətraflı araşdırma aparılması üçün müsahibə verdiyini qeyd etmişdir. Məhkəmənin sualına cavab olaraq qardaşı Rauf Abbasovun birbaşa Sevinc Təhməzovanın öldürdüyünü qeyd etmədiyini bildirmiş, sadəcə Rauf Abbasovun ölümünə Sevinc Təhməzovanın səbəb ola biləcəyini düşünmüşdür. O, heç kimi ağır və ya xüsusilə ağır cinayəti törətməkdə ittiham etməmiş, sadəcə şühbə etdiyi məqamları paylaşmışdır. Əhəd Abbasov barədə isə ümumiyyətlə hər hansı böhtan xarakterli söz söyləməmişdir. Son olaraq o barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışında tədqiq edilmiş “Qafqazinfo.az" xəbər portalından əldə edilmiş çıxarışdan görünür ki, İntihar etdiyi bildirilən Rauf Abbasovun bacısından ağır ittihamlar başlığı altında X8 müsahibəsi paylaşılmışdır. O müsahibəsində qeyd etmişdir ki, “Müraciətində qardaşının ölümündə şübhəli məqamların olduğunu, hadisə baş verən gün Rauf Abbasovun boşanmaq üzrə olduğu həyat yoldaşının və daha bir nəfərin həmin evdə olduğunu iddia edib. Hadisə ilə bağlı Xəzər Rayon Prokurorluğunda aparılan araşdırmanın düzgün istiqamətdə həyata keçirilmədiyini düşünən K.Abbasova bu işdə qəsdin olduğunu deyir: “X3 Nəsimi rayonu, R.Cəbiyev küçəsində yerləşən mənzildə qeydiyyatda olsa da, Zirə qəsəbəsindəki villasında tək yaşayırdı. Onun müəmmalı ölümü məni çox narahat edir. Qardaşım 2003-cü ildən beynəlxalq “X23”də işləyib, uzun illər çox yüksək maaş alıb”. Mərhumun bacısının sözlərinə gorə qardaşı bibisi nəvələri olan xanımla öz istəyi olmadan evləndirilib: “Lakin evlənən gündən yola getmirdilər, bunu qonşular və 102-yə gedən zənglər də təsdiq edə bilər. Rauf sakit adam idi, ayın 28 gününü dənizdə keçirirdi. Dəfələrlə boşanmaq istəsə də, yoldaşı onu təhdid edir, özünü öldürəcəyini bildirərək boşanmaqdan imtina edirdi. Bir neçə ay əvvəl qardaşım arvadının külli miqdarda borcunun olması da məlum olmuşdu. Pulları nə olduğunu doğru-düzgün başa sala bilmədi. Gah dedi maşınla adam vurub işi bağlamışam, gah dedi narkoman qardaşı var, ona sərf edib. Bu hadisədən sonra ailədəki münasibətlər daha da korlandı, qardaşı boşanmağa qərar verdi. Oktyabrın 3-də boşanacaqdılar. Lakin sentyabrın 29-u Raufun guya özünü asıb öldürdüyünü bildirdilər. Məhkəməyə qədər Rauf Zirədəki villasında tək qalırdı. Nə sirrdirsə, öləndə arvadı və 20 yaşlı oğlu da yanında olub. Qardaşı xeyli vaxt idi onu yanına buraxmırdı, hasarlar da hündür... Arvadı ora necə daxil olub? Videogörüntülər haradadır? Raufun bacanağı da hadisə yerində olduğunu bildirmişdi, ziddiyyətli ifadələr verilib. Əgər Rauf özünü öldürübsə də, bunun səbəbkarı yoldaşıdır. Təəssüf ki, cinayət işi açılmır. K.Abbasovanın növbəti iddiasına əsasən, qardaşı arvadı hazırda vərəsəlik işləri ilə məşğuldur və onu da hədələyir: “Mənə xəbər göndərib ki, mal-mülkü ələ keçirəndən sonra gəlib məni də qardaşın kimi canımdan bezdirəcək. Baş Prokurorluğa yazdığım məktublar cavabsız qalıb. Qardaşımın arvadı biləndə ki, boşanmada dəyəri 500 min manat olan villa və anamın mikrorayondakı evi ona çatmayacaq daha da aqressivləşdi. Xahiş edirəm, bu məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülsün”. Şikayətçi bildirib ki, qardaşının ölümündə onun həyat yoldaşının birbaşa iştirakı ola bilər: “Ekspertiza rəyində qeyd edilir ki, guya qardaşımın qanında narkotik tərkibli maddə aşkar edilib. Bildiyimizə görə bu maddə çayda həll edilir. Belə görünür onu qardaşıma Sevinc gizli şəkildə məqsədli şəkildə edib”. X27 bacısının müraciəti və baş vermiş hadisənin araşdırılması ilə bağlı Baş Prokurorluğun Məbuat Xidmətindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılıb: "Rauf Abbasovun intihar etməsində cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyindən Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlamasının rədd edilməsi haqqında qərar qəbul olunub. Məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasınən rədd edilməsi haqqında qərardan görünür ki, X15 intihar etməsi faktında aparılmış araşdırma zamanı Azərbaycan Respublikası CM-nin 125-ci maddəsinin cinayət tərkibi müəyyən edilmədiyindən toplanmış 450-C-22 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-86/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən keçirilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə linqvistik ekspertizası, “5.1. Nitq fəaliyyəti məhsullarının tədqiqi” ilə bağlı xx.xx.2024-cü il tarixli, 4/135 nömrəli rəyindən görünür ki, X16 tərəfindən “Qafqazinfo.az” internet qəzetinə verilmiş müsahibəsində yer almış məlumatlarda linqvistik aspektdən, aid edildiyi şəxs (və ya şəxslər-Sevinc Təhməzova və Əhəd Abbasov) tərəfindən ağır və xüsusi ilə ağır cinayətlərdə ittiham etmək əlamətləri müəyyən olundu. Həmin məlumatlar təsdiqini tapmadığı təqdirdə böhtan kimi qiymətləndirilir. X16 tərəfindən “Qafqazinfo.az” internet qəzetinə verilmiş müsahibəsində istifadə olunmuş “əgər Rauf özünü öldürübsə də, bunun səbəbkarı yoldaşıdır”, “nə sirdirsə öləndə arvadı və 20 yaşlı oğlu da yanında olub”, “bacanağı da hadisə yerində olduğunu bildirmişdi, ziddiyyətli ifadələr verilib”, “mənə xəbər göndərib ki, mal-mülkü ələ keçirəndən sonra gəlib məni də qardaşım kimi canımdan bezdirəcək”, “Qardaşımın arvadı biləndə ki, boşanmada dəyəri 500 min manat olan villa və anamın mikrorayondakı evi ona çatmayacaq daha da aqressivləşdi”,“qardaşımın ölümündə onun həyat yoldaşının birbaşa iştirakı ola bilər”, “onu qardaşıma Sevinc gizli şəkildə məqsədli şəkildə edib” kimi cümlələr ağır və xüsusi ilə ağır cinayətlərdə ittiham etmək məzmunlu məlumatlardır. Məhkəmə baxışında tədqiq edilən “Elektron Məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, X8 himayəsində xx.xx.2000-ci il təvəllüdlü X9 adlı 01 övladı vardır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli Qərarının 5-ci bəndində göstərilir ki, “Böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, “böhtan və təhqir arakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir.” “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin 147-ci maddəsinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Həmin Məcəllənin 147.2-ci maddəsində böhtan cinayətinin ağırlaşdırıcı tərkib əlamətinə - ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmaya görə məsuliyyət müəyyən edilmişdir. Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər, həmin Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X8 “Qafqazinfo.az” internet saytında məlumat yayması, təqsirləndirilən şəxsin ifadəsi ilə, eləcə də şikayətə əlavə edilmiş çıxarışlarda da öz təsdiqini tapmışdır. Lakin, təqsirləndirilən şəxs həmin məlumatda Əhəd Abbasova münasibətdə heç bir böhtan xarakterli məlumatın əks olunmadığını, Sevinc Təhməzovaya münasibətdə isə yayılan məlumatların ağır və ya xüsusilə ağır cinayətdə onu ittiham etməyi əks etdirmədiyini, sadəcə şübhələrini bildirdiyini və həmin məlumatlar yayılarkən prokurorluqda araşdırma aparıldığı üçün müsahibə verdiyini qeyd etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, təqsirləndirilən X8 “Qafqazinfo.az” internet saytında verdiyi müsahibədə əks olunan ifadələrdə (“Dəfələrlə boşanmaq istəsə də, yoldaşı onu təhdid edir, özünü öldürəcəyini bildirərək boşanmaqdan imtina edirdi”; “Bir neçə ay əvvəl qardaşım arvadının küllü miqdarda borcunun olması da məlum olmuşdur”; “Nə sirdirsə öləndə arvadı və 20 yaşlı oğlu da yanında olub” “Qardaşım xeyli vaxt idi onu yanına buraxmırdı, hasarlar da hündür...Arvadı ora necə daxil olub? Videogörüntülər haradadır?”; “Raufun bacanağı da hadisə yerində olduğu bildirilmişdi, ziddiyyətli ifadələr verilib”; “Əgər Rauf özünü öldürübsə də, bunun səbəbkarı yoldaşıdır”; “Mənə xəbər göndərib ki, mal-mülkü ələ keçirəndən sonra gəlib məni də qardaşım kimi canından bezdirəcək”; “Qardaşımın arvadı biləndə ki, boşanmada dəyəri 500 min manat olan villa və anamın mikrorayondakı evi ona çatmayacaq daha da aqressivləşdi; “Şikayətçi bildirib ki, qardaşının ölümündə onun həyat yoldaşının birbaşa iştirakı ola bilər”) konkret olaraq X25 barəsində hər hansı məlumat və ya ifadə işlədilməmiş, hətta onun “adı və ya soyadı” da qeyd edilməmişdir. Məhkəmə istintaqı zamanı Könül Abbasova tərəfindən X17 qarşı böhtan xarakterli məlumatların kütləvi informasiya vasitələrində əks olunması sübut edilməmişdir. Bununla da X14 şərəf və ləyaqətini alçaldan onu nüfuzdan salan məlumatların kütləvi informasiya vasitələrində nümayiş etidirməsi faktları öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə, məhkəmədə tədqiq edilən sübutlarları qiymətləndirərək belə nəticəyə gəldi ki, şikayətdə göstərilən hallar və dəlillər üzrə X8 X17 qarşı böhtan cinayətini törətməsi sübut olunmadığından, şikayətdə qeyd edilən dəllilər onun barəsində ittiham hökmü çıxarılması üçün əsas deyildir. X14 şikayəti əsasında X8 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığına görə ona bəraət verilməlidir. Bundan başqa məhkəmə “Qafqazinfo.az” xəbər portalında X6 barəsində paylaşılan məqaləni araşdıraraq hesab edir ki, X8 verdiyi müsahibədəki ifadələr X6 haqqında cəmiyyətdə, işgüzar fəaliyyətində və onu tanıyanlar arasında haqqında mənfi rəy yaranmasına və gözdən düşməsinə səbəb ola bilən məlumatlardır. İş üzrə təsvir olunanlardan görünür ki, “Qafqazinfo.az” xəbər portalında X6 barəsində paylaşılan məqalədə əks olunan ifadələr heç bir sübuta söykənmir, həmçinin X8 şikayəti əsasında Xəzər Rayon X1 intihar etməsi faktında aparılmış araşdırma zamanı Azərbaycan Respublikasının CM-nin 125-ci maddəsinin cinayət tərkibi müəyyən edilmədiyindən toplanmış 450-C-22 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə X16 tərəfindən “Qafqazinfo.az” xəbər portalında müsahibə dərc edilmişdir. Məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs yayılan məlumatların həqiqəti əks etdirməsi barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, xüsusi ittihamçı X4 ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan hesab etdiyi ifadələr ekspertiza rəyinə əsasən də böthan kimi qiymətləndirilsə də, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma kimi qiymətləndirilə bilməz. Belə ki, müsahibədə qeyd olunan ifadələrdən də aydın olur ki, Könül Abbasova qardaşı Rauf Abbasovun məhs Sevinc Təhməzova tərəfindən öldürülməsini qeyd etməmiş, onun ölümünə səbəbkar kimi onun həyat yoldaşı, Sevinc Təhməzovanı göstərmişdir. Bu da Cinayət Məcəlləsinə əsasən cinayətlərin təsnifatına gösrə ağır və xüsusilə ağır cinayət kimi qiymətləndirilə, həmin cinayətlər kateqoriyasına aid edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlində CM-nin 147.2-ci maddəsinin tərkibi mövcud deyildir. Odur ki, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, X8 əməli CM-nin 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma kimi deyil, onun əməli CM-nin 147.1-ci maddəsi ilə yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma kimi tövsif edilməlidir. CM-nin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma - min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquqi düşüncəsi ilə həll edirlər. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X25 tərəfindən verilmiş X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətinə əsasən X16 təqsirsiz hesab edilməli X14 şikayəti üzrə X11 bəraət verilməlidir. Məhkəmə hesab edir ki, X6 tərəfindən verilmiş şikayət əsasında X8 əməli CM-nin 147.2-ci maddəsindən həmin Məcəllənin 147.1-ci maddəsinə tövsif edilməli və o, qeyd edilən maddə ilə təqsirli bilinməlidir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla X16 cəza təyin edərkən şəxsin əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini, himayəsində bir azyaşlı övladının olmasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən X16 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, X12 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də o, təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə cəzaya məhkum olunmalıdır. Bundan başqa iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 250 (iki yüz əlli manat) pul vəsaiti X7 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi X25 tərəfindən X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında verilmiş şikayəti üzrə X16 təqsirsiz hesab edilsin və X11 bəraət verilsin. X6 tərəfindən X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında verilmiş şikayəti üzrə X8 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsindən həmin məcəllənin 147.1-ci maddəsinə tövsif olunsun. X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və X16 1000 (min) manat miqdarında cərimə cəzasına məhkum olunsun. Ekspertiza tədqiqatının dəyəri 250 (iki yüz əlli manat) pul vəsaiti X7 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar