Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-87/2021 22.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxsin nümayəndəsi –X5, Müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs– X3 iştirakları ilə, xx.xx.1995-ci ildə Salyan rayonunun Qarabağlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Salyan rayonu, Təzəkənd kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən, hazırda Salyan Rayon Məhkəməsinin 25.02.2021-ci il tarixli hökmü ilə barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X6 özgənin əmlakını binaya qanunsuz daxil olmaqla gizli yolla talayaraq oğurluq etmişdir Belə ki, X6 01 oktyabr 2020-ci il tarixdə, saat 01 radələrində ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi “Dərələyəz” marketin giriş qapısının kilid hissəsini üzərində olan kəlbətin ilə sındırıb marketə qanunsuz daxil olmuş, daha sonra marketin kassasından 190 manat kağız pul əskinaslarını, kassanın alt hissəsində sellofanda bağlı şəkildə olan 10 və 20 qəpiklərdən ibarət ümumilikdə 66,40 manatı, 20 manat dəyərində olan “Kapital Bank"-a məxsus plastik kart, kassanın üzərindən 1 ədədinin qiyməti 3,60 manat olan, ümumi dəyəri 25,20 manat təşkil edən 07 ədəd “Kent 4" markalı siqaretləri, həmçinin həmin marketin içərisində yerləşdirilmiş “xxxx" MMC-yə məxsus “Emanat" ödəniş terminalının kilid hissəsini üzərində olan kəlbətin ilə sındırıb, ödəniş terminalına məxsus 203 manat dəyərində, içərisində 109 ədəd 1 manatlıq, 45 ədəd 5 manatlıq, 50 ədəd 10 manatlıq, 19 ədəd 20 manatlıq, 7 ədəd 50 manatlıq və 22 ədəd 100 manatlıq kağız pul əskinaslar olan, ümumilikdə 3764 manat olan kassanı gizli yolla talayaraq Zərərçəkmiş şəxs Aydın oğluna ümumilikdə 301,60 manat, “xxxx" MMC-yə isə ümumilikdə 3967 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X6 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, ailəsini dolandırmaq üçün pula ehtiyacı olduğundan oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə 30.09.2020-ci il tarixdə saat 12 radələrində yaşadığı Abşeron rayonu, Xocasən qəsəbəsindən Nərimanov rayonu ərazisinə getmişdir. Qeyd etmişdir ki, həmin vaxt ölkə ərazisində komendant saatı elan olunduğundan vətəndaşların saat 21:00-dan sonra çölə çıxması qadağan edilməsi onun üçün daha əlverişli şərait yaratmışdır. Belə ki, saat 21:00dək o, Nərimanov rayonu, Montin qəsəbəsində gəzdikdən sonra Nərimanov rayonu, Montin qəsəbəsində yerləşən psixi xəstəxananın yaxınlığında olan bir marketi görüb onun yaxınlığında yolun digər tərəfində dayanmışdır. Bir neçə saat orada gözlədikdən sonra, yəni 01.10.2020-ci il tarixdə saat təxminən 00:30 radələrində o ətrafı yoxladıqdan sonra polis əməkdaşlarının olmadığına əmin olub “Dərələyəz" marketin giriş qapısına yaxınlaşmışdır. Üzərində olan kəlbətin ilə marketin giriş qapısının kilid hissəsini sındırıb içəri daxil olmuşdur. Marketin kassasına baxdıqda orada müəyyən miqdarda pul görüb götürmüşdür. Daha sonra kassanın alt hissəsində sellofanda çoxlu sayda qəpiklər olduğunu görüb həmin qəpikləri də götürmüşdür. Kassanın üzərindən isə 7 ədəd “Kent” siqaretini götürüb sellofana qoymuşdur. Bundan sonra marketin giriş hissəsinin sol tərəfində ‘'E-manat” ödəniş terminalının olduğunu görüb həmin terminalı da açmaq qərarına gəlmişdir. Terminalı yerə qoyub üzərində olan kəlbətin ilə terminalın kilid hissəsini sındırmış və içərisindəki bağlı halda olan kassanı götürmüşdür. Bundan sonra marketdən çıxmış və oradan uzaqlaşmışdır. Yolda marketin kassasından götürdüyü kağız pulları sayan zaman 190 manat olduğunu müəyyən etmişdir. Yolda gedən zaman iki nəfər polis əməkdaşı onu görüb yanlarına çağırmışlar. O, polis əməkdaşlarına yaxınlaşmışdır. Polis əməkdaşları ondan haraya getdiyini, nə üçün çöldə olduğunu soruşmuşlar və ondan şəxsiyyət vəsiqəsini istəmişlər. O da özünə məxsus şəxsiyyət vəsiqəsini həmin polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları ondan əlindəki sellofanı istədikdə o, sellofanı yerə tullayıb oradan qaçmışdır. Sonda əməlindən səmimi peşmançılıq çəkdiyini və zərər çəkmiş şəxslərə ziyanı tam olaraq ödədiyini bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında yerləşən “Dərələyəz" marketi təxminən 1 ilə yaxındır ki, icarə əsasında işlədir. 30.09.2020-ei il tarixdə saat 20:15 radələrində o, mağazanı bağlayıb evə getmişdir. Səhəri gün, yəni 01.10.2020-ci il tarixdə saat 07 radələrində o, mağazaya gələn zaman mağazanın qapısının açıq olduğunu və kilid yerinin sındırıldığını görmüşdür. O, dərhal mağazaya girib baxan zaman məlum olmuşdur ki, mağazanın kassasından 190 manat, kassanın üzərində 07 ədəd “Kent 4" markalı siqaretlər, kassanın alt hissəsindən isə sellofanda bağlı formada olan 10 və 20 qəpiklərdən ibarət ümumilikdə 66,40 manat qəpik pullar və mağazada olan “E- manat" ödəniş terminalı sındırılaraq terminalın kassası oğurlanmışdır. O, dərhal DİN-nin 102 xidmətinə zəng edib baş vermiş hadisə barəsində məlumat vermişdir. Hazırda ona dəymiş zərər ödənilmişdir. Bu səbəbdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında yerləşən “Dərələyəz” marketdə “xxxx” MMC-yə məxsus “E-manat” ödəniş terminalı vardır. 01.10.2020-ci il tarixdə saat 09 radələrində marketin icarədarı Zərərçəkmiş şəxs zəng edərək səhər işə gələn zaman mağazanın qapısının kilid hissəsinin sındırıldığını, mağazadan və mağazada olan terminalın kassasından oğurluq olduğunu bildirmşdir. Oğurluq nəticəsində terminala 225 manat dəyərində maddi ziyan dəymişdir. Həmçinin terminalın içərisində olan 3764 manat pul oğurlanmışdır. Hazırda terminalın içərisindən oğurlanmış 3764 manat qaytarılsa da, lakin terminala vurulmuş 225 manat ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ziyan tam olaraq ödənilmədiyindən ondan şikayətçidirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, o, 2012-ci ildən DİO-da xidmət edir. Hazırda Nərimanov RMİ-nin polis nəfəri vəzifəsində çalışır, polis serjantıdır. 30.09.2020-ci il tarixdə Nərimanov RMİ-nin polis nəfəri Şahid2 ilə birlikdə “Səddərxan” körpüsündə posta təyin edilmişdir. 01.10.2020-ci il tarixdə saat 01:45 radələrində Şahid2 ilə xidməti posta olarkən Babək prosketi istiqamətindən xidmətdə olduqları posta tərəf bir nəfər şəxsin gəldiyini görmüşlər. Onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim etdikdən sonra həmin şəxsdən adını və soyadını soruşmuşlar. Həmin şəxs adının Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs hara getdiyini soruşduqda o, Xocasən qəsəbəsinə işə getdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı bir sənədin olub olmamasını soruşduqda o, şəxsiyyətini təsdiq edən sənədi təqdim etmişdir. Qeyd etmişdir ki, ölkə ərazisində komendat saatı elan olunduğundan vətəndaşların saat 21:00-dan sonra çölə çıxması qadağandır. Şəxsiyyəti təsdiq edən sənədə baxan zaman məlum olmuşdur ki, həmin şəxs xx.xx.1995-ci il təvəllüdlü, Salyan rayonu, Təzəkənd kəndində anadan olmuş Təqsirləndirilən şəxsdur. Qeyd etmişdir ki, Təqsirləndirilən şəxs əlində göy rəngli sellofan da olmuşdur. Onlar Füzulidən həmin sellofanı açmasını tələb etdikdə o, əlindəki sellofanı yerə atıb oradan qaçmışdır. Onlar Təqsirləndirilən şəxs arxasınca qaçsalar da onu tuta bilməmişlər. Daha sonra Təqsirləndirilən şəxs atıb qaçdığı göy rəngli sellofana baxan zaman sellofanın içərisində 07 ədəd “Kent” markalı siqaret, bağlı şəkildə kiçik sellofanda olan 66,40 manat qəpik pullar, bir cüt ayaqqabı, bir cüt əlcək, 01 ədəd kəlbətin, 01 ədəd drel başlığı və Zərərçəkmiş şəxs Aydın oğluna məxsus “Kapital Bank” plastik kartının oldğunu müəyyən etmişlər. Bundan sonra onlar həmin sellofanda olan əşyaları və Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsini DYNPİ-nin növbətçi hissəsinə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə Şahid2 ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 01 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilib istintaq aparılır. (cild 1, i.v.34); Axtarışda olan şəxsin tutulması haqqında 24 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, X3 ətrafında keçirilmiş tədbirlər nəticəsində 24 oktyabr 2020-ci il tarixdə Nərimanov rayonunun ərazisində yaxalanaraq Nərimanov RPİ-in İŞ-nə təhvil verilmişdir. Tutma haqqında 24 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, X6 24 oktyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 26 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, X6 ********* nömrəli cinayət işi üzrə AR CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməsindən imtina edilməsi və MSY-dən azad edilməsi haqqında” 26.10.2020-ci il tarixli qərardan görünür ki, X3 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiq Kənan Məmmədzadənin vəsatətinin təmin edilməsindən imtina edilməsi və saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. Qətimkan tədbirinin seçilməsi haqqında 26 oktyabr 2020-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, X3 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 28.10.2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, X3 əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Azərbaycan Respublikası Salyan RİH Başçısının Qarabağlı kən inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, X6 barəsində Salyan rayonu Təzəkənd kəndi ərazisində yaşadığı müddətdə özünü nizam-intizamlı aparmış, kənd sakinləri və qonşularla səmimi münasibətdə olmuşdur. Təqsirləndirilən şəxs barəsində hal hazıradək ərazi nümayəndəliyinə yazılı və şifahi müraciət daxil olmamışdır. Maddi sübut kimi tanınması haqqında 31.10.2020-ci il tarixli qərardan görünür ki, bir cüt əlcək, bir cüt ayaqqabı, 01 ədəd kəlbətin, 01 ədəd drel başlığı və X4 məxsus (AZE ********) şəxsiyyət vəsiqəsi cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması, bir cüt əlcək, bir cüt ayaqqabı, 01 ədəd kəlbətin, 01 ədəd drel başlığı iş üzrə yekun qərar qəbul edilənədək saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilməsi və X4 məxsus (AZE ********) şəxsiyyət vəsiqəsinin cinayət işinə əlavə edilməsi, həmçinin oğurluq nəticəsində əldə edilmiş “E-manat” ödəniş terminalına məxsus 203 manat dəyərində kassa və kassanın içərisində olan 109 ədəd 1 manatlıq, 45 ədəd 5 manatlıq, 50 ədəd 10 manatlıq, 19 ədəd 20 manatlıq, 7 ədəd 50 manatlıq və 22 ədəd 100 manatlıq kağız pul əskinasları olan, ümumilikdə 3764 manat, 10 və 20 qəpiklərdən ibarət cəmi 66,40 manat, 7 qutu “Kent” markalı siqaretlər və Zərərçəkmiş şəxs məxsus 20 manat “Kapital Bank” kartı cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və sahiblərinə qaytarılması qərara alınmışdır. Zərərçəkmiş şəxs tərəfindən imzalanmış qəbzdən görünür ki, Zərərçəkmiş şəxs ona məxsus 10 və 20 qəpiklərdən ibarət cəmi 66,40 manat, 7 qutu “Kent” markalı siqaretləri və 01 ədəd “Kapital Bank” plastik kartını təhvil almışdır. Nümayəndə tərəfindən imzalanmış qəbzdən görünür ki, Nümayəndə “xxxx” MMC-yə məxsus “E-manat” ödəniş terminalının kassasını və kassasının içərisində olan cəmi 3764 manatı təhvil almışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında təqdim etdiyi ərizədən görünür ki, ona vurulmuş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Salyan Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli,1(057)-19/2021 nömrəli hökmündən görünür ki, X6 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 12 noyabr 2020-ci il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X6 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxslərin, habelə şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X3 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə təqsirləndirilən şəxs X3 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməklə ona dəymiş zərərin əvəzini ödəməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs X3 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, X4 cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, cəzanın məqsədləri X4 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. İş materiallarından görünür ki, X6 hazırki cinayət işi üzrə əməli 01.10.2020-ci il tarixdə yəni Salyan Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli hökmü çıxarılmamışdan əvvəl törətmişdir. Ona görə də X6 barəsində cəza Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən təyin edilməlidir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, X3 24.10.2020-ci il tarixdən 26.10.2020-ci il tarixədək tutulduğu cəmi 02 (iki) gün müddət azadlıqdan məhrum etmə növündə cəzasının müddətinə daxil olunmalıdır. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən X6 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), onun cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan – 12 noyabr 2020-ci il tarixdən hesablanmalı (CPM 158.2.1., 158.6.), barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli və barəsində Salyan Rayon Məhkəməsinin 25.02.2021-ci il tarixli 1(057)-19/2021 hökmü ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış - “xxxx” MMC-yə məxsus “E-manat” ödəniş terminalının kassasını və kassasının içərisində olan cəmi 3764 manatın zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış - 10 və 20 qəpiklərdən ibarət 66.40 manatın, 7 qutu Kent markalı siqaretlərin və 20 manat dəyərində Kapital Banka məxsus bank kartının zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi kimi tanınmış və Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan bir cüt əlcək, bir cüt ayaqqabı, 01 ədəd kəlbətin, 01 ədəd drel başlığı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Salyan Rayon Məhkəməsinin 25.02.2021-ci il tarixli, 1(057)-19/2021 hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24.10.2020-ci il tarixdən 26.10.2020-ci il tarixədək tutma altında saxlanıldığı 2 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanaraq onun üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 12.11.2020-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin və barəsində Salyan Rayon Məhkəməsinin 25.02.2021-ci il tarixli 1(057)-19/2021 hökmü ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış - “xxxx” MMC-yə məxsus “E-manat” ödəniş terminalının kassasını və kassasının içərisində olan cəmi 3764 manatın zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış - 10 və 20 qəpiklərdən ibarət 66.40 manatın, 7 qutu Kent markalı siqaretlərin və 20 manat dəyərində Kapital Banka məxsus bank kartının zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi kimi tanınmış və Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan bir cüt əlcək, bir cüt ayaqqabı, 01 ədəd kəlbətin, 01 ədəd drel başlığı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-87/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-87/2021
22.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver