Məhkəmə qərarları › İş №1(005)-87/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-87/2023

03.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-87/2023 03.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Zərərçəkmiş şəxs2 iştirakları ilə, 07 sentyabr 1962-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 03 ay müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, ƏN-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1, 221.2.1 və 322.2-ci maddələri ilə; xx.xx.1964-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, məhkumluğu olmayan, işsiz, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 3şayan, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.2.1 və 322.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 özbaşnalıq, yəni zor tətbiq etmə hədəsi ilə qanunla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi fiziki şəxs tərəfindən təkzib edilən hərəkətlərlə mühüm ziyan vurmaqla özbaşına hərəkətlər etməklə, bir qrup şəxslə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması hədəsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətlər və talama məqsədi olmadan avtomobili qaçırmışdır. Belə ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında 29 iyun 2022-ci il tarixdə gecə saat 03 radələrində ünvan 5 ünvanında, taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs1 idarə etdiyi “OPEL Korsa” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomaşını saxlatdıraraq, zor tətbiq etmə hədəsi ilə qanunla müəyyən edilmiş davranış qaydasına zidd olaraq özbaşnalıq edib avtomaşının arxa oturacağında əyləşən sərnişin Zərərçəkmiş şəxs2 onlara olan 50 manat borcunu əlində olan bıçağı nümayiş etdirib sonuncuya qaytarmalı olduğunu bildirmiş, sürücü Zərərçəkmiş şəxs1 isə Zərərçəkmiş şəxs2 tanışı olmasını zənn etdiyindən, əlində olan bıçağı silah qismində istifadə etməklə sürücüyə nümayiş etdirib, zor tətbiq edəcəyi ilə hədələdikdə, avtomobildən qorxaraq avtomobil yoluna qaçan Zərərçəkmiş şəxs1 qarşı qanunazidd hərəkətlərini davam etdirib, avtomobil yolunda nəqliyyatın hərəkətini məhdudlaşdıraraq əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozub, ümumi davranış qaydalarına və əxlaq normalarına zidd olaraq cəmiyyətə açıqca hörmətsizlik etməklə bir qrup şəxs halında qərəzli xuliqanlıq hərkətləri etmiş, sonra isə Zərərçəkmiş şəxs1 hadisə yerində mühərriki işlək vəziyyətdə qalan “OPEL Korsa” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilini talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirməklə qaçırıb hadisə yerindən uzaqlaşmışdır. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasa CM-nin 185.1, 221.2.1 və 322.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 özbaşnalıq, yəni zor tətbiq etmə hədəsi ilə qanunla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi fiziki şəxs tərəfindən təkzib edilən hərəkətlərlə mühüm ziyan vurmaqla özbaşına hərəkətlər etməklə və bir qrup şəxslə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması hədəsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkəti etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında 29 iyun 2022-ci il tarixdə gecə saat 03 radələrində ünvan 5 ünvanında, taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs1 idarə etdiyi “OPEL Korsa” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomaşını saxlatdıraraq zor tətbiq etmə hədəsi ilə qanunla müəyyən edilmiş davranış qaydasına zidd olaraq özbaşnalıq edib avtomaşının arxa oturacağında əyləşən sərnişin Zərərçəkmiş şəxs2 onlara olan 50 manat borcunu tələb etmiş, sürücü Zərərçəkmiş şəxs1 isə Zərərçəkmiş şəxs2 tanışı olmasını zənn etdiyindən, əlində olan bıçağı silah qismində istifadə etməklə sürücüyə nümayiş etdirib, zor tətbiq edəcəyi ilə hədələməsindən qorxaraq avtomobildən düşüb avtomobil yoluna qaçan Zərərçəkmiş şəxs1 qarşı qanunazidd hərəkətlərini davam etdirib, avtomobil yolunda nəqliyyatın hərəkətini məhdudlaşdıraraq əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozub, ümumi davranış qaydalarına və əxlaq normalarına zidd olaraq cəmiyyətə açıqca hörmətsizlik etməklə bir qrup şəxs halında qərəzli xuliqanlıq hərkətləri etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1 və 322.2ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 oğlu ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər oğurluq cinayətinə görə məhkum olunmuş, 2021-ci ildə cəzaçəkmə müəsisəsindən azad olunmuşdur. Namiq, Nəriman və Qurban adlı şəxsləri təxminən 1 ildən çoxdur ki, tanıyır, özü narkotik vasitəsi olan heroin istifadəçisidir. Tanışları Namiq, Nəriman və Qurban da narkotik vasitə olan heroindən istifadə edirlər. Nərimanla birlikdə qəbul etməkdən ötrü dəfələrlə Namiqdən heroin almışlar. Təxminən 10 gün qabaq qonşusu Nəriman Namiqə heroin almaq məqsədi ilə 50 manat pul vermiş, həmin pulun 20 manatı onuun, 30 manatı isə Nərimanın olmuşdur.Namiq bunun əvəzində Nərimana narkotik vasitə olan heroin verməli idi, lakin Namiq isə hər dəfə yalan vədlərlə vaxtı uzadırdı. 28 iyun 2022 ci il 29-na keçən gecə Namiq Nərimanla telefonla danışdıqda, Namiq ona deyib ki, o, Qurbanla görüşməlidir, ona narkotik vasitə olan heroin gətirməlidir. Odur ki, Nərimanla qərara gəlmişlər ki, Qurbanla Namiq görüşdükdə onu tutub ondan pulu zorla alsınlar.Qurbanın yolun kənarında dayandığını görüb Namiqlə görüşəcəyini bilib Qurbanı müşahidə etməyə başlamışlar, bir az kənarda gizlənib Namiqin gəlməsini gözləmişlər.Bu zaman Namiqin markasını xatırlamadığı avtomaşınla gəlib Qurbana yaxınlaşdığını görüb, Namiqin tanışı ilə birlikdə gəldiyini zənn etmişlər və öncə Nəriman avtomobilin sağ qabaq qapısını açıb avtomaşının salonuna daxil olmuş, taksi sürücüsü onları görüb, qorxaraq maşından düşüb qaçdıqdan sonra Nəriman avtomaşının içərisində Namiqlə danışıb ondan 50 manat pulunu geri almışdır. Sonra Namiqin ayaqları işləmədiyi üçün sürücünün isə oradan uzaqlaşdığını görüb həmin avtomobillə onu aparıb evlərinə düşürmək istəmiş, mühərriki işlək vəziyyətdə olan avtomobili hərəkətə gətirib Namiqin evinə tərəf sürməyə başlamışdır. Namiqi yaşadığı evin qarşısında düşürdükdən sonra isə həmin avtomaşınla həmin yerə, Ulduz dairəsi adlanan əraziyə yaxınlaşdıqda polis avtomaşının saxla işarəsi verdiyi üçün avtomaşını saxlamışdır. Həmin avtomaşında olan, özünə məxsus bıcağıda polis əməkdaşlarına könüllü olaraq təqdim etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2la bir məhəllədə yaşayır, xeyli müddətdir ki onu tanıyır. Namiqin ona 30 manat, Valehə isə 20 manat borcu olmuş, həmin pulu onlardan şəxsi ehtiyacları üçün almış, pulu nə məqsədlə almasını deməmişdir.Dəfələrlə ondan pulu istəsə də, o, müxtəlif bəhanələr gətirərək verməmişdir. 29 iyun tarixdə gecə saat 03 radələrində qonşusu Valeh ilə məhlədə söhbət edərkən, siqaret almaq üçün marketə getmiş, marketdən qayıdanda markasını xatırlamadığı avtomobildə Namiqi görmüş, qonşuları Qurban da həmin avtomobilin yanında olmuşdur.Maşına yaxınlaşanda avtomobil yerindən tərpənmiş, saxlamısını qışqırdıqdan sonra avtomobil dayanmış, ona yaxınlaşıb, Namiqdən pulu istəmiş, lakin o pulu vermək istəməmiş, qışqırıb söyüş söydüyünü görüb, qışqırıb polis çağırmağa başlamışdır. Həmin vaxt sürücü maşını saxlayıb, maşından düşərək yol ilə keçən maşınları saxlayıb onlara nəyisə demiş, onda Valeh maşına yaxınlaşıb, sürücünün qapısını açaraq maşına oturub onu magistral yoldan kənara çəkmək üçün qabağa sürüb, bir az qabaqda saxlamışdır. Namiq yalvarıb demişdir ki, «polis çağırıb məni tutdurma».Buna baxmayaraq ondan pulunu tələb etmişdir. X1 birlikdə maşını sürüb getmiş, o, Qurbanla birlikdə, hadisə yerindən evinə getmiş, sonradan nə baş verməsindən xəbəri yoxdur. Həmin günü axşam üstü sahə müvəkkili onu parkda görüb polis bölməsinə aparmış, orada məlum olmuşdur ki, taksi sürücüsü Zərərçəkmiş şəxs1 ondan şikayət edib. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 3-4 ildir ki, icarə əsasında «Opel Korsa» markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur, adətən axşam saatlarında saat 20-21 dən səhər saat 06-07 radələrinə dək fəaliyyət göstərir, «BOLT» şirkəti ilə müqavilə əsasında işləyir. xx.xx.2022-ci il tarixdə saat 02:50 də «Bolt» şirkətindən Ziya Bünyadov prospekti «TASOil» yanacaq doldurma məntəqəsindən «Ulduz» metro stansiyasının yanına sifariş gəlmiş, sifarişi qəbul edib, yanacaqdoldurma məntəqəsindən təxminən 1 kilometr prospekt istiqamətində sonradan adını bildiyi Namiq adlı müştəriyə yaxınlaşmış və avtomobili saxladıqda Namiq əlində iki əsa ilə arxa sağ oturacaqda əyləşdikdən sonra «Ulduz» metrosu tərəfə hərəkətini davam etdirmişdir. Təxminən «Ulduz» metrosunun yaxınlığında «Ulduz» dairəsinə 30-40 metr qalmış bir nəfər şəxsin əynində şortik mayka olan sonradan adını bildiyi Qurban adlı şəxs avtomobilə əl eləmiş, müştəri olan Namiq demişdir ki, onun yanında saxla, o da avtomobili həmin şəxsin yanında saxlamış, Qurban Namiqə arxa pəncərədən pul, Namiq isə əlində görə bilmədiyi bir əşyanı Qurbana vermişdir. Avtomobili hərəkətə gətirdiyi anda bir nəfər şəxsin avtomobilin sağ tərəfindən, yəni Qurban olan tərəfdən qışqıraraq avtomobili saxlamağını bildirmiş, Namiq demişdir ki, «saxla gör nə deyir», o, avtomobili saxladıqdan sonra sonradan adını bildiyi Nəriman adlı şəxs avtomaşının qabağ sağ qapını açaraq dizlərini avtomobilin qabaq oturacağına qoyub Namiqə xatırlamadığı nəysə demiş, onun əlində bıçağı görüb özünü itirmiş və atomobildən düşüb qaçmışdır. Həmin vaxt sonradan adını bildiyi Valeh adlı şəxs sürücü tərəfdən qaçaraq avtomobilə yaxınlaşmışdır.O, avtomobilindən təxminən 15-20 metr uzaqlaşmış, Valeh əlində bıçaqla ona tərəf gəlib demişdir ki, «yanıma gəl, qorxma», lakin onun sözlərinə məhəl qoymayıb yoldan keçən «Opel» markalı avtomaşını saxladıb polisə məlumat vermək istəmiş, onda Qurban avtomobil istiqamətindən yaxınlaşıb nə baş verdiyni soruşduqda ona demişdir ki, üstümə bıçaq çıxarıblar. Qurban həmin vaxt saxlatdığı avtomobilə yaxınlaşmışdır.Hadisə ani zamanda baş verdiyi üçün avtomobilin mühərrikini söndürməmiş, həmçinin avtomobilin açarı avtomobilin üzərində olmuşdur.Valeh avtomobili idarə edərək Namiqlə birlikdə Koroğlu metrostansiyası istiqamətinə getmiş, Nərimanla Qurban isə avtomobilin arxasınca piyada getdiklərini görmüşdür.Yaxınlıqda olan 17-ci polis şöbəsinə gedib hadisə barədə məlumat vermiş və polis əməkdaşları ilə birikdə maşını axtarmaq üçün üzü Koroğlu metrostansiyası istiqamətinə getmişlər.Təxminən hadisə yerindən 1 kilometr uzaqda «Ulduz dairəsi» adlanan əraziyə tərəf avtomobilinin hərəkət etdiyini görüb, polis əməkdaşları, avtomobilə saxlama işarəsi versələr də avtomobili idarə edən Valeh hərəkətini davam etdirərək saxlamamış, polis əməkdaşları avtomobilin qabağını kəsərək saxlatmışlar. Avtomobildə sürücü Valeh olmuş, Namiq haradasa düşmüşdü. Avtomobilə baxdıqda «Samsung A12» markalı, içərisində ********** və ********** sim nömrələri olan mobil telefonun avtomobilin salonunda maqnitlə yapışdırılmış hissədən götürüldüyünü, lakin avtomobilin içində 25 manat pulun yerində olduğunu aşkar etmişdir. Həmçinin göstərmişdir ki, həmi vaxt Nərimanla Valeh əllərində olan bıçağı nümayiş etdirsələr də, onlar ondan konkret olaraq ona qarşı hər hansı tələb irəli sürməmişlər. Nəriman maşının qapısını açdıqda onun əlində bıçaq görən kimi nə baş verdiyini soruşmuş, bu zaman Nəriman bıçaqla onun üzərinə gəldiyi üçün vuracağından qorxduğundan avtomaşından düşüb qaçmışdır. Hazırda təqsirləndirilən şəxslərə qarşı şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, əvvəllər narkotik cinayətinə görə məhkum olunmuş, 2021-ci ildə cəza çəkmə müəsisəsindən azad olunmuş, Valeh, Nəriman və Qurban adlı şəxsləri təxminən 3-4 ildən çoxdur ki, tanıyır. Hadisə günü bacısıgildən çıxıb «Bolt» şirkətindən çağırdığı taksi ilə yaşadığı evə getdiyi zaman yol kənarında tanışı olan Qurbanı təsadüfən görüb onunla salamlaşmaq məqsədi ilə taksini saxlatdırmış, salamlaşdıqdan sonra taksi sürücüsünə avtomobili sürüb getməsini xahiş etmiş, lakin bu zaman avtomaşının arxasınca Nərimanın saxla sözlərini eşidib, avtomobili saxlatmış, bu zaman Nəriman əlində özünə məxsus bıçaqla avtomobilin qabağ sağ qapını açıb onu hədələməyə başlamış, «məni aldatmısan, pulumu fırlatmısan» demiş, o da öz növbəsində ona borcunun olmadığını demişdir. Həmin vaxt Valeh də Nərimanın dediklərini təsdiq edib, Nərimana olan borcunu verməyini bildirmiş, onun yalan dediyini, Nərimana borcunun olmadığnı demişdir. Valeh əlində bıçaq olsa da onu hədələməmiş, lakin bıcaqı nümayiş etdirmişdir. Bu zaman taksi sürücüsü Valehin və Nərimanın əlindəki bıcaqı görüb təlaşa düşüb taksidən düşərək qaçıb, təxminən 15-20 metr uzaqlaşmışdır. Valehlə Nəriman əlində bıçaqla onu çağırmaqlarına baxmayaraq o, gəlməmişdir. Valeh sükan arxasına keçib avtomobili idarə etməyə başlamış, ona demişdir ki, taksi maşınıdır camaatın maşınını niyə sürürsən, buna baxamayaraq Valeh maşını idarə edib onu məhlədə düşürmüş və o da öz evinə getmişdir. Avtomobildə sürücü Zərərçəkmiş şəxs1 maqnitlə bərkidilmiş mobil telefonu görməmiş və telefonu kimin götürdüyü barədə bir söz deyə bilmir, Təqsirləndirilən şəxs1 «Opel Korsa» markalı avtomaşını qaçırmasının səbəbini izah edə bilmir, özü yalnız sərnişin qismində avtomaşında oturmuşdu. Təqsirləndirilən şəxslərlə barışıb, onlara qarşı iddia və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 17-ci PŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 ifadəsində göstərmişdir ki, 28 iyun 2022-ci il tarixdə əməliyyat qrupunun tərkibində olmuş, gecə saat 03 radələrində sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 şöbəyə gəlib bildirmişdir ki, taksi sürücüsdür, bir nəfər şəxsi Müzəffər Nərimanov küçəsinə gətirmiş, orada iki nəfər şəxs maşını saxladıb onun və maşında əyləşmiş sərnişinin üstünə bıçaq çıxararaq səbəbsiz yerə xuliqanlıq hərəkətləri etdikləri üçün o, da qorxaraq avtomobili orada qoyaraq düşüb qaçmışdır.Həmin vaxt Qurban adlı şəxs gəlib məlumat vermişdir ki, hadisəni 17-ci PŞ-nin yaxınğında yaşayan Valeh və Nəriman adlı şəxslər törətmişlər. Məlumatı aldıqdan sonra əməliyyat qrupu hadisə barədə məlumat vermiş Zərərçəkmiş şəxs1 də nöbətçi hissənin xidməti maşınına mindirib «Ulduz dairəsi» adlanan əraziyə tərəf gedəndə Sahil Məmmədova məxsus «Opel Korsa» markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət etdiyini görüb saxlama işarəsi versələr də, o maşını saxlamadığı üçün ona görə də maşının qabağını kəsib saxlatmışlar, maşını Təqsirləndirilən şəxs1 idarə etmiş, maşında başqa heç kim olmamışdır.Təqsirləndirilən şəxs1 PŞnə gətirdikdən sonra təhqiqatçı tərəfindən zərərçəkmişin ərizəsi və izahatı alınaraq araşdırma zaman Təqsirləndirilən şəxs1 üzərində qanunsuz gəzdirdiyi əşyaları təqdim etməsi təklif olunmuş, o da cibində olan qara dəstəkli bıçağı təqdim etmişdir.Araşdırma zamanı məlum olmuşdur ki, taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs1 idarə etdiyi «Opel Korsa» markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs2 adlı müştərini Müzəffər Nərimanov küçəsinə gətirmiş, orada Nəriman və Valeh adlı şəxslər maşını saxladıb maşında əyləşmiş Namiqlə nə barədəsə danışıb Namiqə və ona zor tətbiq edib hədələyən zaman o, qoxusundan maşından düşüb qaçmışdır.Sonra isə Təqsirləndirilən şəxs1 onun maşınını sürüb qaçırmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tüfeyli həyat tərzi keçirən şəxslərdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1 və Şahid3 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş oldugu ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 15:30-da tutulmuşdur. “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 22:30-da tutulmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(005)-761/2022 nömrəli qərarından görünür ki, AR CM-nin 185.2.1 və 221.2.1 maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəlinin 29 iyun 2022-ci tarixdən hesablanması qərara alınmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(005)-760/2022 nömrəli qərarından çıxarışdan görünür ki, AR CM-nin 185.2.1 və 221.2.1 maddələri ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, 4(103)-428/2022 saylı qərarına əsasən ptotest təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(005)-760/2022 nömrəli qərarı ləgv edilmiş, Təqsirləndirilən şəxs2 barəsində 02 ay 28 gün müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəlinin tutulduğu andan hesablanması qərara alınmışdır. Məhkəmə qərarı əsasında şəxsin tutulması haqqında 14 iyul 2022-ci il tarixli ptorokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin gün saat 12:00-da tutulmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(005)-1097/2022 nömrəli qərarından görünür ki, AR CM-nin 185.1 və 221.2.1 maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs”də saxlama müddəti xx.xx.2022-ci tarixə kimi uzadılmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(005)-1028/2022 nömrəli qərarından görünür ki, AR CM-nin 185.1 və 221.2.1 maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs”də saxlama müddəti 20 gün, yəni xx.xx.2022-ci tarixə kimi uzadılmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(005)-1096/2022 nömrəli qərarından görünür ki, AR CM-nin 221.2.1 maddələri ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs”də saxlama müddəti 02 ay, yəni xx.xx.2022-ci tarixə kimi uzadılmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər dəfələrlə məhkum edilmiş, sonuncu məhkumlugu ödənilməmişdir. Belə ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3 və 66.5-ci maddələrinə əsasən 02 il 03 ay müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilmiş, məhkumlugu ödənilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3 və 66.5-ci maddələrinə əsasən 02 il 03 ay müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir. Məhkəmə ballistik ekspertizasının xx.xx.2022-ci il tarixli, 3/946 №-li rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq- zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir. Ekspertiza tədqiqatının dəyəri 74 manat təşkil edir. Məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/4908 №-li rəyi ilə müəyyən edilmişdir ki, 1 ədəd «Samsung» markalı, «A12» model mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması nəzərə alınmaqla, orta istismar müddəti və intensivliyi parametrlərinə uyğun olaraq təyintatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə 2022-ci il iyun ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 170.00 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Sübutların qiymətləndirilməsi haqqında 05 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 götürülmüş soyuq silah hesab edilməyən bir ədəd bıçağın maddi sübut kimi tanınması və saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilməsi nəzərə alınmışdır. İşdə olan zərərçəkən Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxslərlə barışıb, onlara qarşı iddia və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxslərin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 tərəfindən CM-in 185.1, 221.2.1 və 322.2-cü maddələrində və Təqsirləndirilən şəxs2 AR CM-nin 221.2.1 və 322.2 maddələrində nəzərdə tutulan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 07 mart 2005-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında göstərilir ki, aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zor tətbiq edilməsi hədəsi; habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Həmin Qərarda ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatının, müəssisə, idarə, təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, CM-in xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. CM-nin 185.1-ci maddəsinə əsasən- Avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma)—min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 322.2-ci maddəsinə əsasən- Özbaşınalıq, yəni qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi fiziki və ya hüquqi şəxs tərəfindən təkzib edilən hər hansı hərəkətin özbaşına törədilməsi mühüm ziyan vurduqda, Eyni əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə—üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində cəzasını yüngülləşdirən hal müəyyən etməmişdir. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətdiyindən məhkəmə cinayətin residivini Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs1 ona istinad edilən cinayət əməlini, az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından azad edildiyi gündən 2 il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə cəza tətbiqi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayətin residivi olduğundan CM-nin 65.2-ci maddəsinin tələblərini nəzərə alaraq Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 185.1, 221.2.1 və 322.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkirlər. Məhkəmə Təqsirləndirilən şəxs2 ogluna cəza təyin edərkən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi 221.2.1 və 322.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş 20 saylı vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməli, həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş 20 saylı vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, vəkillər tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 20 Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş 20 saylı vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiklərii 30 iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1, 221.2.1 və 322.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona CM-nin 185.1-ci maddəsi ilə 01 (bir) müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 221.2.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 322.2-ci maddəsi ilə 01(bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzasının əvvəli 29 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 322.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona CM-nin 221.2.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 322.2-ci maddəsi ilə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzasının əvvəli 14 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. İş üzrə maddi sübut – Nərimanov RPİ-də saxlanılan soyuq silah hesab edilməyən bir ədəd bıçaq məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 124( yüz iyirmi dörd) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub dövlət büdcəsinə keçirilsin. Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 iş saatına görə 180 (yüz səksən) manat və Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim :Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar