Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-88/2023 13.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Nümayəndə2 və Nümayəndə1, müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, tərcüməçi X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1975-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmuş, "xxxx" MMC-nin direktoru, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Quşçuluq massivi, H.Əliyev prospekti fərdi yaşayış evində kirayə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə «Qlobus» şirkətinin meneceri Nümayəndə1 ilə 17.000 manat ödənilməsi şərti ilə 6x5x10m ölçülü 40 kub metr taxta materialının nisyə alqı-satqısı barədə razılaşaraq 2 gün müddətinə satıb pulunu ödəyəcəyi barədə yalan məlumat vermiş və Səbuxi Həşımovun etibarını qazanmaq üçün fiziki şəxs kimi «Qlobus» şirkəti ilə 29 iyun 2022-ci il tarixli 019-22S nömrəli alqı-satqı müqaviləsi bağlayayıb Səbuxi Haşımovun ona 01 iyul 2022-ci il tarixdə həmin alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül şossesi 2095-2096 ünvanında fəaliyyət göstərən «Dərnəgül» Tikinti Materialları bazarından 6x5x10 metr ölçülü 40 kub metr taxta materiallarını verməsinə nail olmuş, bununla da Səbuxi Haşımovun etibarından sui-istifadə edərək «Qlobus» şirkətinin xeyli miqdarda əmlakını ələ keçirib Abşeron rayonunda başqa şəxsə dəyərindən aşağı qiymətə satmaqla zərərçəkmiş hüquqi şəxs «Qlobus» şirkətinə ümumilikdə 17.000 manat ziyan vurub dələduzluq elmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə "xxxx" MMC-nin direktoru Nümayəndə2 ilə 22507,67 manat ödənilməsi şərti ilə 6x5x10 ölçülü 43,95 kub metr taxta materialının nisyə alqı-satqısı barədə razılaşaraq 2 gün müddətinə satıb pulunu ödəyəcəyi barədə yalan məlumat vermiş və Nümayəndə2 etibarını qazanmaq üçün fiziki şəxs kimi "xxxx" MMC ilə 13 iyul 2022-ci il tarixli 17/2022 nömrəli alqı-satqı müqaviləsi bağlayıb Nümayəndə2 ona 14 iyul 2022-ci il tarixdə həmin alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül şossesi 2095-2096 ünvanında fəaliyyət göstərən «Dərnəgül» Tikinti Materialları bazarından həmin 6x5x10 ölçülü 43,95 kub metr taxta materiallarını verməsinə nail olmuş, bununla da Nümayəndə2 etibarından sui istifadə edərək "xxxx" MMC-nin xeyli miqdarda əmlakını ələ keçirib Abşeron rayonunda başqa şəxsə dəyərindən aşağı qiymətə satmaqla zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 22507,67 manat ziyan vurub dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, rəhbəri olduğu "xxxx" MMC plastik qapı pəncərələrinin istehsalı və tikinti təmir işləri ilə fəaliyyət göstərir. 29 iyun 2022-ci il tarixdə «İnstagram» sosial şəbəkəsində «Qolbus» şirkətinin meneceri Səbuxi adlı şəxslə danışıqlar aparıb 100 kub 6 metr uzunluğunda 5x10 ölçülü taxta sifariş vermişdir. Danışığa əsasən 100 kub taxtaya görə əlavə dəyər vergisi olan 7.650 manat pulu fiziki şəxs ədv ödəyicisi kimi "xxxx" ASC-nin Xırdalan filialında olan bank hesabından elektron qaydada «Qlobus» şirkətinin hesabına ödəmişdir. 01 iyul 2022-ci il tarixdə isə «Qlobus» şirkətindən ilkin olaraq 17.000 manat dəyərində 6 metr uzunluğunda 5x10 ölçülü 40 kub taxta yük avtomobili ilə «Dərnəgül» Tikinti Materialları bazarından onun Xırdalan şəhərində icarəyə götürdüyü anbara göndərilmişdir. Danışığa əsasən həmin pul 8 gün ərzində ödənməli olmuş, lakin həmin 40 kub taxtanı 17.500 manata müştəriyə satmışdır. Əldə etdiyi pulları isə digər borclarına ödəmişdir. Bundan başqa o, 06 iyul 2022-ci il tarixdə «İnstagram» sosial şəbəkəsi vasitəsi ilə Emilin istifadəsində olan mobil nömrəsini əldə etmiş və həmin nömrə ilə əlaqə saxlayaraq tikinti işləri ilə məşğul olduğunu deyib ondan nisyə 100 kub taxta meterialları istəmişdir. Emil isə onunla razılaşmamışdır. 09 iyul 2022-ci il tarixdə isə Emilə “Whatsapp” vasitəsi ilə şəxsiyyət vəsiqəsini, vöenini, bank rekzivitlərini göndərərək müqavilə əsasında işləməyi təklif etmişdir. 12 iyul 2022-ci il tarixdə Emilin işlədiyi “Dərnəgül” bazarında yerləşən taxta satışı mağazasına getmiş, nağd və nisyə taxta materialları almaq istədiyini bildirmişdir. İlk öncə Emil ona razılıq verməmiş və Emilə ilkin olaraq 3-5 gün arası pulu ödəyəcəyi şərti ilə 100 kub taxta istəmişdir. Emil yenə də razılıq vermədiyi üçün o, Emillə MMC arasında fiziki şəxs kimi alqı-satqı müqaviləsi bağlamalarını və müqavilə əsasında ilkin olaraq 45 kub taxta materialı alacağını, pulunu isə 3-5 gün ərzində ödəyib yenidən taxta materialları götürəcəyini bildirmişdir. Bundan sonra Emil kiminləsə məsləhətləşmək istədiyini demiş, kiminləsə telefon vasitəsi ilə danışdıqdan sonra onunla razılaşmışdır. 13 iyul 2022-ci il tarixdə "xxxx" MMC ilə onun arasında 22,507,67 manat dəyərində 43,95 kub 6 metr uzunluğunda 5x10 ölçüdə taxta materiallarının satılması barədə alqı-satqı müqaviləsi bağlanmış və 22.507.67 manat elektoron qaimə hazırlanmışdır. Səhəri gün, yəni 14 iyul 2022-ci il tarixdə Emil 43,95 kub 6 metr uzunluğunda 5x10 ölçüdə taxta materiallarını yük avtomaşını ilə onun Xırdalan şəhərində icarə əsasında götürdüyü anbara gətirib ona təhvil vermişdir. O, həmin taxta materiallarını ayrı-ayrı tanımadığı şəxslərə ümumilikdə 19.500 manata satmış və həmin pulu borclu olduğu digər şəxslərə borcunun silinməsi üçün vermişdir. Nümayəndə2 isə təxminən 2022-ci ilin iyul ayının sonlarında “Dərnəgül” bazarında Emilin işlətdiyi mağazaya gedərək 475 manat pul vermiş və bu barədə bir vərəqdə qeydlərini aparmışlar. Bundan başqa xx.xx.2022-ci il tarixdə Nümayəndə2 kart hesabına E-manat aparatı vasitəsi ilə 600 manat pul ödəmişdir. Onun niyyəti aldatma və etibardan sui-istifadə edərək başqalarına ziyan vurmaq olmamışdır. Onu da qeyd edir ki, xx.xx.2022-ci il tarixli müqavilənin özündə həmin müqavilənin xx.xx.2024-cü il tarixinədək etibarlı olduğu qeyd edilmişdir. Hələ həmin müddət başa çatmamışdır və müqavilə üzrə öhdəliklərini ödəməkdən qətiyyən yayınmır. Sadəcə olaraq zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi üçün bir qədər vaxta ehtiyacı vardır. Ümumiyyətlə isə hesab edir ki, yaranmış müahisə mülki xarakterlidir. Sonda Təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə1 ifadəsində göstərmişdir ki, «Qlobus» şirkəti təxminən 20-25 ildir ki, tikinti materiallarının satışı ilə məşğul olur. 26 iyun 2022-ci il tarixdə özünü tikinti işləri ilə məşğul olan şəxs kimi təqdim edən Təqsirləndirilən şəxs şirkətə zəng edərək nisyə 100 kub taxta meterialları istəmişdir. O, Rəşadla razılaşmamışdır. 29 iyun 2022-ci il tarixdə yenidən Rəşad zəng edərək 100 kub taxta materialının götürülməsi ilə bağlı alqı-satıqı müqaviləsi bağlayacağını, ilkin olaraq 40 kub taxta götürüb 2 gün ərzində 40 kub taxtanın dəyəri olan 17.000 manatı ödəyəcəyinə söz vermişdir. Bundan sonra meneceri olduğu «Qlobus» şirkəti ilə alıcı fiziki şəxs Təqsirləndirilən şəxsla alqı-satqı müqaviləsi bağlanmış, Təqsirləndirilən şəxsla alqı-satqı müqaviləsi bağlaması onda Rəşada qarşı inam yaratmışdır. Həmin müqaviləyə əsasən 01 iyul 2022-ci il tarixdə iki dəfə olmaqla yük avtomobili ilə Nərimanov rayonu, Dərnəgül şossesi 2095-2096 ünvanında yerləşən «Qlobus» şirkətinə məxsus tikinti materialları bazarından ümumilikdə 40 kub 6 metrlik 5x10 ölçüdə taxta materialları Təqsirləndirilən şəxs dediyi Abşeron rayonuna göndərilmişdir. Bundan 4-5 gün keçdikdən sonra o, Rəşadla əlaqə saxlayıb ondan 40 kub taxtanın pulu olan 17.000 manat pulu istəmişdir. Lakin Rəşad bu gün sabah edərək müxtəlif bəhanələrlə bu günə kimi heç bir ödəniş etməmiş, onunla müqavilə bağlayıb özünə qarşı inam yaradıb ona qarşı dələduzluq etmişdir. Sonradan o, maraqlanıb öyrənmişdir ki, Təqsirləndirilən şəxs bu üsulla müxtəlif şəxsləri aldatmış və Ağır Cinayətlər Məhkəməsi tərəfindən azadlıqdan məhrum edilmişdir. «Qlobus» şirkətinə 17000 manat maddi zərər dəymişdir. Sonda zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 onlara vurulmuş zərərin ödənilmədiyini və Təqsirləndirilən şəxs qarşı şikayətçi olduqlarını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 ifadəsində göstərmişdir ki, "xxxx" MMC təxminən 10 ildir ki, taxta materiallarının satışı ilə məşğul olur. Təxminən 06 iyul 2022-ci il tarixdə özünü tikinti işləri ilə məşğul olan şəxs kimi təqdim edən Təqsirləndirilən şəxs istifadəsində olan nömrəsinə zəng edərək nisyə 100 kub metr taxta meterialları istəmiş, o, isə Təqsirləndirilən şəxsla razılaşmamışdır. 09 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ona “Whatsapp" vasitəsi ilə özünün şəxsiyyət vəsiqəsini, vöenini, bank rekvizitlərini ataraq onlarla müqavilə əsasında işləməsini təklif etmişdir. 12 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs adlı şəxs işlədiyi taxta satışı mağazasına gəlmiş və özünü tikinti işləri aparan şəxs kimi təqdim edib nağd və nisyə taxta materialları almaq istədiyini bildirmişdir. Lakin o, Təqsirləndirilən şəxs tanımadığı üçün razılıq verməmişdir. Söhbət əsnasında Təqsirləndirilən şəxs ilkin olaraq 3-5 gün arası götürdüyü taxta materialının pulunu ödəyəcəyi şərti ilə 100 kub taxta istəmişdir. Lakin razılıq vermədiyi üçün Təqsirləndirilən şəxs onunla MMC arasında fiziki şəxs kimi alqısatıqı müqaviləsi bağlamalarını və müqavilə əsasında ilkin olaraq 45 kub taxta materialı alacağını, pulunu isə 3-5 gün ərzində ödəyib yenidən taxta materialları götürəcəyini birdirmiş, hətta taxtaları aparacağı yeri göstərəcəyini demişdir. O, bu barədə qardaşı İlqar Məmmədova bildirmiş və qardaşı İlqar alıcının iştirakı ilə taxtaların aparılacağı yerə baxdıqdan sonra taxta materiallarını verməsini demişdir. Beləliklə Təqsirləndirilən şəxs taxta materialını müqavilə əsasında verməyə razılıq verdikdən sonra 13 iyul 2022-ci il tarixdə "xxxx" MMC ilə fiziki şəxs Təqsirləndirilən şəxs arasında 22507,67 manat dəyərində 43,95 kub metr 6 metr uzunluğunda 5x10 ölçüdə taxta materiallarının satılması barədə alqı-satqı müqaviləsi bağlanmış və 22507.67 manat elektron qaimə hazırlanmışdır. Səhəri gün 14 iyul 2022-ci il tarixdə 43,95 kub 6 metr uzunluğunda 5x10 ölçüdə taxta materialların yük avtomaşını ilə Təqsirləndirilən şəxs deməsinə əssən Abşeron rayonunda yerləşən anbara aparıb, orada Rəşada taxta materiallarını təhvil vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs bildirmişdir ki, 3-5 gün ərzində pul elektron qaydada MMC-nin hesabına vurulacaqdır. Lakin Təqsirləndirilən şəxs dediyi müddət gəldikdə pulu ödəmədiyi üçün Rəşadla əlaqə saxladıqda Rəşad bu gün sabah edərək müxtəlif bəhanələrlə bu günə kimi heç bir ödəniş etməmiş, onun müqavilə bağlayıb özünə qarşı inam yaradıb ona qarşı dələduzluq etmişdir. Sonradan o, maraqlanıb öyrənmişdir ki, Təqsirləndirilən şəxs bu üsulla müxtəlif şəxsləri aldatmış, hətta Ağır Cinayətlər Məhkəməsi tərəfindən azadlıqdan məhrum edilmişdir. «İ.M.C.» Trade» MMC-yə 22,507.67 manat maddi zərər dəymişdir. Sonda zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 onlara vurulmuş zərərin ödənilmədiyini və Təqsirləndirilən şəxs qarşı şikayətçi olduqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Xırdalan şəhərində qonşu olan Nail adlı şəxs onunla əlaqə saxlayaraq Rəşad adlı bir nəfərin dəyərindən ucuz qiymətə, səhv etmirsə 350 manata taxta materialları satdığını demiş və tikinti işləri ilə məşğul olduğu üçün həmin taxtaları almağını təklif etmişdir. O da Nailə hal-hazırda əlində işinin olmadığını demiş və usta işləyən Araz adlı tanışı ilə əlaqə saxlayıb ona kubu 350 manatdan taxta materialının satıldığını deyib istəyib istəməməsini soruşmuşdur. Araz ondan taxta materiallarının şəkillərini ona göndərməyini istəmişdir. O, da Nailə şəkilləri ona atmasını bildirmişdir. Bundan sonra yəni, xx.xx.2022-ci il tarixdə“Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə taxta materiallarının fotoşəkilləri və səsli ismarıc gəlmişdir. O da həmin şəkilləri göndərmiş və “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə ***-***-**-** saylı mobil nömrəyə səsli ismarıc göndərərək nömrəni bir nəfərə verdiyini və onunla əlaqə saxlayıb taxtalara baxacağını bildirmişdir. Arazın həmin taxta materiallarına baxıb-baxmamasından və eyni zamanda həmin taxta materiallarını alıbalmamasından məlumatsız olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2019-cu il tarixdən etibarən tanıyır. O, şəxsi evlər tikərək satmışdır. 2019-cu il tarixdə Rəşad işlədiyi yerə gələrək plastik qapı pəncərə ustası olduğunu demiş və tikdiyi evlərdə plastik qapı pəncərələri daha sərfəli qiymətə quraşdırmasını təklif etmişdir. Rəşadın barəsində maraqlandıqda Rəşadın dələduzluq ilə məşğul olduğunu eşitmiş və onunla hər hansı bir iş birliyi görməmişdir. Təqsirləndirilən şəxs həqiqətən də xx.xx.2022-ci il tarixdə “Whatsapp" vasitəsi ilə istifadəsində olan mobil nömrəyə taxta materiallarının fotoşəkillərini və səsli ismarıclar göndərmişdir. Təqsirləndirilən şəxs barəsində dələduz olduğunu eşitdiyinə görə Rəşada hər hansı bir cavab verməmişdir. Bir neçə gün keçdikdən sonra Rəşad ona zəng edərək taxta materiallarını 380 manatdan təklif etmiş, lakin Rəşadın təklifini qəbul etməyərək hər hansı bir tikinti materialını almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, 2021-ci ilin oktyabr ayında Xırdalan şəhərində yerləşən AAAF yaşayış kompleksinin arxasında tikdirdiyi evin plastik pəncərələrini Rəşada sifariş vermişdir. Rəşad ondan plastik pəncərələrin pulunu əvvəlcədən alsa da pəncərələri təhvil verməyi xeyli yubatmışdır. 2 ədəd pəncərəni 2021-ci ilin dekabr ayında, qalan 2 pəncərəni isə 2022-ci ilin aprel ayında təhvil vermişdir. Ondan sonra o, Rəşadın istifadəsində olan mobil nömrəsini bloka salmış və bir daha əlaqəsi olmamışdır. O, Rəşad ilə tanışlığı ona plastik pəncərə sifariş edən zaman olmuş və onun pəncərələri təhvil verməsində problemlər yaşadığı üçün Rəşadı problemli adam kimi tanımışdır. Rəşadın mobil nömrəsini bloka saldığı üçün də qeyd mesajlar ona çatmamış və həmin mesajlardan xəbəri olmamışdır. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid5 məhkəmə iclasının vaxtı və yeri barəsində qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid5 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin İ cildinin 17-ci vərəqində olan 29 iyun 2022-ci il tarixli 019-22S nömrəli alqı-satqı müqaviləsindən görünür ki, “satıcı” «Qlobus» şirkətinin direktoru X4 ilə “alıcı” fiziki şəxs Təqsirləndirilən şəxs arasında alqı-satqı müqaviləsi bağlanmış və həmin alqısatıqı müqaviləsinə əsasən elektron qaimə tərtib olunmuşdur. Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən alınacaq mal-materialların dəyəri köçürmə yolu ilə 100% qabaqcadan və yaxud mal alındıqdan sonra 10 təqvim günü ərzində ödənilməlidir. Cinayət işinin İ cildinin 26-cı vərəqində olan “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” 25 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cildinin 30-cu vərəqində olan “Şübhəli şəxs qismində iştiraka xitam verilməsi və şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” 26 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində iştirakına xitam verilməsi və onun saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. Cinayət işinin İ cildinin 33-cü vərəqində olan Təqsirləndirilən şəxs tərəfindən yazılaraq imzalanmış xx.xx.2022-ci il tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs 40 kub taxtaya görə X2 17000 manat məbləində pulu xx.xx.2022-ci il tarixində ödəyəcəyini öhdəsinə götürür və ödəmədiyi təqdirdə məsuliyyət daşıyacağını bildirmişdir. Cinayət işinin İ cildinin 56-cı vərəqində olan “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” 11 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cildinin 67-72-ci vərəqələrində olan “Mobil telefon aparatına baxış keçirilməsi haqqında” 11 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd «Samsung J2» markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı telefonun «WhatsApp» proqramına daxil olarkən həmin proqramda «Sərdar fiziki, şəxs.xırdalan» adı ilə qeyd olunmuş ***-***-**-** saylı mobil nömrə istifadəçisinə 02 iyul 2022-ci il tarixdə taxta materiallarının fotoşəkillərini, Təqsirləndirilən şəxs tərəfindən «Sərdar müləlim, fotoşəkilləri atdığını, 40 kub 6 metrlik 5x10 ölçülü olduğunu, gəlib səhər taxtalara baxmasını, bundan elə bil az istəyiblər məndən, ola bilsin hardasa 3 kubun, yəni 100 ədədini 410 manatdan satdım, satsam 37 kub qalacaq, satmasam kubun 410 manatdan verəcəm», «indi hal hazırda qalıb hazırda 37 kub, 1232 ədəd qaldığını, 100 ədədinin dənə ilə götürülməsini, istəsəniz cavablandırarsınız” məzmunlu səsli ismarıcları, «Saday.2nar.» adı ilə qeyd olunmuş ***-***-**-** saylı nömrə istifadəçisinə Təqsirləndirilən şəxs tərəfindən taxta materiallarının fotoşəkillərinin göndərilməsi «bu 5x10 taxtadır, 6 metrlikdir, bazarda 440 manatdır, kubu 380 manatdan nağdına satıram, yerində kim nalicka versə verəcəm» məzmunlu ismarıcları, «haci.emin.ev.nail» adı ilə qeyd olunmuş ***-***-**-** saylı nömrə istifadəçisinə Təqsirləndirilən şəxs tərəfindən taxta materiallarının fotoşəkillərinin göndərilməsi, daha sonra «həci taxtalar budur, bu şəkildədir, prosta gəlib yerində baxmaq lazımdır, Rəşad idi səninlə danışan, ismarıcı, həmin nömrədən Təqsirləndirilən şəxs cavab olaraq «qardaş nömrənizi verdim bir yoldaşı, zəng vurub gəlib taxtaya baxıcıq” Təqsirləndirilən şəxs isə cavab olaraq “ok” məzmunlu ismarıcları, «xəyal,şəki.emin» adı ilə qeyd olunmuş ***-***-**-** saylı nömrə istifadəçisinə Təqsirləndirilən şəxs tərəfindən taxta materiallarının fotoşəkillərinin göndərilməsi, daha sonra «salam nə var nə yox, Rəşad idi, müştəri zəng etdi götürmədim telefonu, qapı pənəcərə ilə bağlı, 5x10 ölçülü 6 metrlik taxta var kimə lazım olsa sata bilər, elə bazarda 440-430 manatdır, kim istəsə bazar qimyətdən aşağı qiymətə verər, hardasa 37 kub qalıb kiməsə lazım olsa gəlib götürə bilər» məzmunlu ismarıcları müəyyən olunmuşdur. Cinayət işinin İ cildinin 73-cü vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə Bakı Şəhəri Nizami rayonu Məhkəməsinin qərarı ilə xx.xx.2017-ci il tarixli qanun tətbiq edilmiş və CM-nin 178.3.2 maddəsi ilə təyin edilmiş cəzadan 02 il çıxmaqla 09 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2019-cu il ildə cəza müddəti başa çatdığına görə azad edilmişdir. Cinayət işinin İ cildinin 74-83-cü vərəqələrində olan Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 1(101)-1416/2010 saylı, xx.xx.2010-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinməsi və əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin başlanğıcının 12 mart 2010-cu il tarixdən hesablanması hökm edilmişdir. Cinayət işinin İ cildinin 94-cü vərəqində olan “Təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” 13 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi və onun Nərimanov RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. Cinayət işinin İ cildinin 101-ci vərəqində olan Təqsirləndirilən şəxs tərəfindən yazılaraq imzalanmış xx.xx.2022-ci il tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs 40 kub taxtaya görə X2 17000 manat məbləğində pulu xx.xx.2022-ci il tarixində ödəyəcəyini öhdəsinə götürür və ödəmədiyi təqdirdə məsuliyyət daşıyacağını bildirmişdir. Cinayət işinin İ cildinin 103-cü vərəqində olan Nümayəndə1 tərəfindən yazılmış və imzalanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 17000 manat maddi ziyandan ümumilikdə 1000 manat məbləğində pul qaytarılmışdır. Cinayət işinin İ cildinin 108-110-cu vərəqələrində olan “Mobil telefon aparatına baxış keçirilməsi haqqında” 23 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Şahid1 təqdim etdiyi 01 ədəd «İphone 11» markalı mobil telefona baxş keçirilmiş və baxış zamanı «WhatsApp» proqramına daxil olarkən həmin proqramda +**********04 saylı nömrə istifadəçisi tərəfindən taxta materiallarının fotoşəkillərinin göndərilməsi, daha sonra həmin nömrənin istifadəçisindən «həci Emin taxtalar budur, bu şəkildədir, prosta gəlib yerində baxmaq lazımdır. Rəşad idi danışan. Nail vermişdi nömrəni» ismarıcı, Şahid1 cavabında isə həmin nömrəyə «qardaş nömrənizi verdim bir yoldaşa, o da ev tikəndi, zəng vurub gəlib baxacaq taxtaya» Təqsirləndirilən şəxs isə cavab olaraq «ok» məzmunlu ismarıcları, «ARAZ» adı ilə qeyd olunmuş ***-***-**-** saylı nömrə istifadəçisinə Şahid1 tərəfindən taxta materiallarının fotoşəkillərinin göndərilməsi müəyyən olunmuşdur. Cinayət işinin İ cildinin 128-129-cu vərəqələrində olan xx.xx.2022-ci il tarixli, 17/2022 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC-nin direktoru Nümayəndə2 ilə fiziki şəxs Təqsirləndirilən şəxs arasında alqı-satqı müqaviləsi bağlanmış və həmin alqısatıqı müqaviləsinə əsasən elektron qaimə tərtib olunmuşdur. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən malın dəyəri, mal “Satıcı” tərəfindən “Alıcı”ya müəyyən edilmiş qaydada verildikdən sonra ən geci 1 (bir) həftə ərzində “Alıcı” tərəfindən ödənilir. Cinayət işinin İ cildinin 131-ci vərəqində olan "xxxx" MMC ilə Təqsirləndirilən şəxs arasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli qiymət razılaşma protokolundan görünür ki, yekun məbləğ 22507,67 manat təşkil edir. Cinayət işinin İ cildinin 134-cü vərəqində olan eManat ödəniş sisteminə məxsus xx.xx.2022-ci il tarixli 11726 nömrəli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 416973******9971 kart nömrəsinə 600.00 manat məbləğində ödəniş edilmişdir. Cinayət işinin İ cildinin 135-ci vərəqində olan qəbzdən görünür ki, Təqsirləndirilən şəxs 18600 manat borclu qaldığını, Emin Məmmədov isə 475 manat aldığını bildirmişdir. Cinayət işinin İ cildinin 136-cı vərəqində olan xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, Nümayəndə2 səlahiyyətli nümayəndə olaraq bütün dövlət və qeyri-dövlət orqanlarında, o cümlədən Vergi orqanında, banklarda, Abşeron dəmir yol stansiyasında, DSMF-də, DGK-də, Əmək müfəttişliyində (DAM) və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və məhkəmə orqanlarında: "xxxx" MMC adından sənədləşmə işlərini aparmağı, sənədləri toplamağı, təhvil verməyi, ərizə ilə müraciət etməyi, rüsum və digər xərcləri ödəməyi, imza etmək və bu kimi tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etmək etibar edilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş **********489971 nömrəli kartdan görünür ki, həmin kart Nümayəndə2 məxsusdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini dinləyib, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxslərin nümayəndələrinin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Məhkəmə, müdafiə tərəfinin “Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxslər arasında mülki hüquq münasibətlərinin mövcud olması, tərəflər arasında alqı-satqı müqavilələrinin bağlandığı və buna görə də təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmaması, münasibətlərin isə mülki-hüquqi xarakter daşıması” ilə bağlı qeyd etdiyi xüsusatlara münasibətdə aşağıdakıları qeyd etməyi zəruri bilir: Əvvəla, dələduzluq cinayəti ilə mülki hüquq pozuntusu arasındakı fərqin müəyyən edilməsi hazırki vəziyyətdə əmələ düzgün hüquqi qiymət verilməsi üçün zəruridir və bunun üçün ilk növbədə dələduzluq cinayətinin əlamətlərinə və mülki-hüquqi öhdəliyin əsaslarına diqqət yetirmək lazımdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliklər əsasən müqavilələrdən yaranır (maddə 386.1). Mülki Məcəllənin 442-ci maddəsinə əsasən isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı Qərarına (Plenumun Qərarına) əsasən, etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Digər üsul olan aldatma – özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi (belə məlumatlar kimi, hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər), yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsidir. Dələduzluğun törədilməsi zamanı təqsirkarın bütün hərəkətləri onun həmin əmlakın (pul və digər əşyalar) ələ keçirilməsinə yönəlmiş niyyətinin həyata keçirilməsində ifadə olunur. Dələduzluqla mülki məsuliyyət arasındakı əsas fərq əvvəlcədən yaranan niyyətin mövcudluğudur. Belə ki, yuxarıda istinad olunan Plenumun qərarının 1-ci bəndinə əsasən, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı Qərarının 5-ci bəndinə əsasən şəxs əmlakı əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Həmin anda belə bir niyyət yoxdursa, burada cinayət məsuliyyəti deyil, öhdəliyi icra etməməyə görə mülki məsuliyyət yaranır. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Məhkəmə, Ali Məhkəmənin Plenumunun yuxarıda istinad olunan Qərarının müddəalarını hazırki işə tətbiq edərək belə qənaətə gəlir ki, indiki vəziyyətdə təqsirləndirilən Təqsirləndirilən şəxs özgə əmlakının ələ keçirilməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmışdır və buna görə də onun əməlində dələduzluq cinayətinin tərkibinin subyektiv cəhəti vardır. Məhkəmə, bu qənaətə gələrkən iki məqamı nəzərə alır:
1. İşin mübahisəsiz hallarından aydındır ki, Təqsirləndirilən şəxs ittiham olunduğu hər iki epizod üzrə müqavilə bağlamaqla əldə etdiyi taxta materiallarını hər iki halda da dəyərindən aşağı qiymətə satmışdır. Təqsirləndirilən şəxs həmin malları aşağı qiymətə qısa müddətə sataraq əldə etdiyi vəsaiti mənimsəməsi isə onun aldatma və etibardan suiistifadə etmə yolu ilə özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olmasının göstəricisidir. Qeyd edilənlər isə məhkəmədə belə daxili inam formalaşdırır ki, əgər təqsirləndirilənin niyyəti həqiqətən də aldığı taxta materiallarını sataraq onların dəyərini ödəmək və əlavə olaraq özü üçün də gəlir götürmək olsaydı, o, heç şübhəsiz həmin malları öz dəyərindən aşağı qiymətə satmaz və əldə etdiyi vəsaitdən müqavilə öhdəliklərini yerinə yetirmək üçün istifadə edərdi.
2. İkinci məqam ondan ibarətdir ki, təqsirləndirilən şəxs dələduzluq yolu ilə ələ keçirdiyi əmlakın satışından əldə etdiyi vəsaitdən bağlamış olduğu alqı-satqı müqavilələri üzrə az bir məbləğdə ödəniş etmişdir. Bu baxımdan zərərçəkmiş şəxslərə vurulmuş ziyanın obyektiv hallarla, yəni müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsində, borclunun əmlakının oğurlanması və bu kimi sair hallarla əlaqədar olmaması burada mülki hüquq münasibətlərinin mövcudluğunu istisna etməklə təqsirləndirilən Təqsirləndirilən şəxs özgə əmlakının ələ keçirilməsinə yönəlmiş niyyətinin həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yarandığını sübut edir. Belə vəziyyətdə təqsirləndirilən şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edildiyindən onun bağlamış olduğu alqı-satqı müqavilələri onun həqiqi niyyətini pərdələyən və qarşı tərəfin etibarını qazanmağa xidmət edən vasitə kimi çıxış edir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş hüquqi şəxslərin nümayəndələrinin və şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs vurulmuş ziyandan qismən ödəniş etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 1(101)-1416/2010 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2017-ci il tarixli Qanunu tətbiq edilməklə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 1(101)-1416/2010 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının həddi 9 (doqquz) il müəyyən edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2019-cu il ildə cəza müddəti başa çatdığına görə azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu hazırkı cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CMnin 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 6 (altı) il müddətinin axımı onun xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edildiyi gündən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini 01 iyul 2022-ci il tarixdə törətmiş və həmin əməli törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hal və cəzasını ağırlaşdıran halların olmaması, zərərçəkmiş hüquqi şəxslərə vurulmuş ziyanın tam ödənilməməsi və sonuncuların təqsirləndirilən şəxsdən şikayətçi olması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olmaması, zərərçəkmiş hüquqi şəxslərə vurulmuş ziyanın tam ödənilməməsi və sonuncuların təqsirləndirilən şəxsdən şikayətçi olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməli, ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 3 (üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), cəzaçəkməsinin əvvəli 13 noyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 3 (üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli 13 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir.
Sədrlik edən Vüsal Qurbanov