Məhkəmə qərarları › İş №1(005)-88/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-88/2024

05.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-88/2024 05.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X14 və X22 nümayəndəsi və vəkili Müdafiəçi1, Müdafiəçi - Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs X15 iştirakları ilə, xx.xx.1986-cı ildə Gürcüstan Respublikasında anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, evli, ali təhsilli, həkim kosmetoloq işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs X23 xüsusi ittihamçılar X24 və X30 tərəfindən ondan ötrü ittiham olunmuşdur ki, X23 “İnstaqram” sosial şəbəkəsində “Fikirlərinizi əsirgəməyin, Bumeranq, hər kəs bilməlidi ki, bütün etdiklərini yaşatdıqlarını yaşamadan ölməyəcək insan, bəlkə çoxunuzun xəbəri yox, amma vaxt var idi bu iki bacı ən öndə gedən həkimlərimizin torbasını tikirdi, onlardan biri də mən idim, etmədikləri pislik qalmamışdır, heç vaxt qisasımı almadım, bunların səviyyəsinə düşmədim, sadəcə illər öncə Allaha tapşırdım, buda sonuç, əminəm ki, pulnan hamını həmişəki kimi satın ala bilmiyəcəklər bu dəfə ən azı”, həmçinin xeşteklər “neoldupaşinyan, xeber, sonxeber, kosmetoloq, cerrah, fesadları, saxta.” paylaşdığı yazısında onların barəsində yalan olduğunu bilə-bilə şərəf və ləyaqətlərini ləkələyən, onları nüfuzdan salan məlumatları kütləvi informasiya vasitəsində yaymış, onları ağır cinayətdə ittiham etməklə böhtan atmış, kütləvi informasiya vasitəsində şəxsiyyətlərini, şərəf və ləyaqətlərini nalayiq formada qəsdən alçaldaraq təhqir etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində və Sumqayıt şəhərində “LBC” adı altında estetik kosmetoloji Klinikaları idarə edir, ölkə daxili və ölkə hüdudlarından kənarda çox saylı şəxslər tərəfindən peşəkar həkimlər kimi tanınırlar. 2017-ci ildən özünü güya həkimkosmetoloq kimi təqdim edən, heç bir tibbi təhsili olmayan, heç bir xüsusi icazəsi (lisenziyası) olmayan X23 müxtəlif sosial şəbəkələrdə onlara məxsus uğurlu estetik nəticələri əks etdirən fotoşəkilləri mənimsəmiş və öz “instaqram” sosial platformasındakı durumdan (profildən) paylaşmağa başlamışdır. Buna cavab olaraq ona bu hərəkətlərin dayandırılması və gələcəkdə də təkrarlanmaması barədə şifahi məlumat vermişlər. Lakin həmin şəxs tərəfindən ünvanlarına etikadan kənar, təhqiramiz sözlər yağdırılmış, hətda açıq şəkildə sosial şəbəkələrdə canlı yayım açaraq orda da davam etdirilmişdir. Nizami Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 2(007)-279/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə X15 üzərinə X14, X10 ünvanına işlədilmiş təhqiramiz söz və ifadələrə və onların “Laser Beauty” adı altında fəaliyyət göstərən gözəllik salonları şəbəkəsi barəsində yaydığı həqiqətə uyğun olmayan, yalan məlumatlara görə X11 və X8 üzr istəməsi vəzifəsi qoyulmuş, həmçinin eyni davranışların X18 qadağan edilməsi və vurulmuş mənəvi ziyan kimi X14 və X10 xeyrinə 10000 (on min) manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Məlum qətnamə qanuni qüvvəsi almış və icra olunmuşdur. Qeyd olunan və qüvvədə olan qətnaməyə baxmayaraq, X23 yenidən xx.xx.2023-cü il tarixdə özünə məxsus və instaqram sosial şəbəkəsi tərəfindən tanınmış (göy rəngdə tanınma nişanı) “dr.elnara” profili adı altında yenidən onların və Klinikanın ünvanına təhqiramiz post paylaşmışdır və şərh hissəsində onları təhqir etmək üçün şərait yaratmışdır. Məlum paylaşım məhkəməyə CD disk vasitəsi ilə təqdim edilmişdir. Həmin profildə qeyd edilmişdir ki, “Fikirlərinizi əsirgəməyin, Bumeranq, hər kəs bilməlidi ki, bütün etdiklərini yaşatdıqlarını yaşamadan ölməyəcək insan, bəlkə çoxunuzun xəbəri yox, amma vaxt var idi bu iki bacı ən öndə gedən həkimlərimizin torbasını tikirdi, onlardan biri də mən idim, etmədikləri pislik qalmamışdır, heç vaxt qisasımı almadım, bunların səviyyəsinə düşmədim, sadəcə illər öncə Allaha tapşırdım, buda sonuç, əminəm ki, pulnan hamını həmişəki kimi satın ala bilmiyəcəklər bu dəfə ən azı”, həmçinin xeşteklər “neoldupaşinyan, xeber, sonxeber, kosmetoloq, cerrah, fesadları, saxta.”. Məlum paylaşımda isə X14 fotoşəkilini, Klinikanın “Neapol” filialının həkimi Natavan xanım Əmirovanın şəklini, həmçinin Klinikaya məxsus olan “X38” loqosunu paylaşmışdır. Yuxarıda paylaşımda qeyd olunan sözlər, böhtandır, yəni yalan olduğunu bilə-bilə onların şərəf və ləyaqətlərini ləkələyən, nüfuzdan salan paylaşımları kütləvi informasiya vasitəsində yaymışdır, həmçinin ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan etmşdır. Belə ki, onları rüşvət vermədə və ya hansısa yollar ilə kimlərisə susdurmaqda ağır ittiham etməklə böhtan etmişdir. AR CPM-nin 293.3.2-ci maddəsinə əsasən, AR CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət qanunu pozulmuşdur, cinayət barədə məlumatı yuxarıda qeyd olunmuşdur, instaqram sosial şəbəkəsi üzərində edilmişdir, xx.xx.2023-cü il tarixdə etmişdir və yuxarıda qeyd olunan təhqiramiz sözləri ünvanlamış, bu zaman onlara mənəvi və maddi ziyan vurmuşdur. AR CPM-nin 293.3.3-cü maddəsinə əsasən, həmin əməlləri X23 törətmiş və əcnəbi vətəndaş olduğu üçün Miqrasiya Xidməti tərəfindən verilmiş məlumata əsasən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, yaşayır. Həmin əməlin onun tərəfindən öz instaqram durumu ilə (profili) edilməsi açıq aşkar görsənir və bu əməldən də çəkinmir. AR CPM-nin 293.3.4-cü maddəsinə əsasən, məlum cinayəti sosial şəbəkədə etmişdir və Yasamal RPİ-nin İŞ-də bunu da etiraf etmişdir. X3 (Bakı şəhəri, Binəqədi rayonu, 8-ci MKR Cəfər Xandan küçəsi 97, bina 23 mənzil 78), X21 (Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küç. ev 179 mənzil 36), X27 (Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küç ev 18, mənzil 40) və X5 (Bakı şəhəri, Yasamal rayonu, Səfayət Mehdiyev küçəsi 97) şahid qismində bütün olanları instaqram sosial şəbəkəsində əyani görmüşdürlər. X4 barəsində yazılmışdır ki, güya “uğursuz əməliyyat aparmış və Klinikaları heç bir lisenziya olmadan fəaliyyət göstərməkdədir”. Habelə həmin sözlərdə təhqirdə mövcuddur, yəni kütləvi informasiya vasitələrində onun və bacısının şəxsiyyətini, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. Elnara Rzayevanın bu əməllərindən sonra dərhal onlar Yasamal rayon Polis İdarəsinə müraciət etmiş və həmin İdarənin İstintaq şöbəsinin müstəntiqi polis polkovnik-leytenantı X6 icraatına verilmişdir. Həmin müstəntiq tərəfindən araşdırma aparılmış və xx.xx.2023-cü il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul etmişdir. Qeyd edilənləri nəzərə alaraq X23 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2-ci və 148-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ittiham hökmü çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən X14 və X22 nümayəndəsi və vəkili Müdafiəçi1 xüsusi ittiham qaydasında şikayətin məzmununa uyğun ifadə verərək, X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs X23 xüsusi ittihamçıların onun barəsində verdiyi şikayətlə razılaşmayaraq bildirdi ki, şikayət qanunsuz və əsassızdır. Ona görə ki, əgər həqiqətən də verilmiş şikayət üzrə “X36 kilinikası” MMC-yə hərəkətilə hər hansısa bir xələl yetirilmişdirsə, o zaman xüsusi ittiham qaydasında şikayəti MMC-nin direktoru verməlidir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin saytından əldə etdikləri məlumata əsasən MMC-nin direktoru X16r və şikayəti o verməli, o vermədiyi təqdirdə onun etibarnaməsi əsasında MMC-nin rəsmi işçisi olan digər şəxs onu təmsil etməli və vəkilə etibarnamə direktor tərəfindən verilməlidir. Xüsusi ittiham qaydasında şikayət isə MMC-nin baş həkimi Rəna Soltanova və həkim kosmetoloqu Rüfət Nigar tərəfindən verilmişdir. Xüsusi ittiham qaydasında şikayət düzgün tərtib edilməyərək, şikayət verən şəxslər “xüsusi ittiham qaydasında şikayət” verən şəxs əvəzinə öz statusunu xüsusi ittihamçı kimi göstərmiş, bu da CPM-nin 302.1.3-cü maddəsinin müddəalarını pozduğundan, xüsusi ittiham qaydasında şikayətlə bağlı baxışın keçirilməsi imtinaya əsasdır. “İnstaqram” sosial şəbəkəsində ona məxsus profildə edilən paylaşım, həmin sosial şəbəkədə fəaliyyət göstərən xəbər saytından “perepost” edilmişdir. Xəbərin ilkin mənbəyi o deyil. xx.xx.2023-cü il tarixində bir xəbər səhifələri sözü gedən məlumatı paylaşmışdır. Belə ki, əldə olunan məlumata əsasən xalq artistinin gəlini “qaynarinfo.az” xəbər saytına müraciət edərək “LBC” estetik kosmetoloji klinikada uğursuz əməliyyat olunduğunu bildirmişdir. Xəbər saytı tərəfindən aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, estetik klinika əməliyyat aparması üçün uyğun lisenziyaya malik deyil. “Show news”, “qafqazinfo”, express.xəbər”, “bin.az” və digər xəbər səhifələrində xx.xx.2023-cü tarixli paylaşım və həmin paylaşımın altında klinika və onun həkimləri barədə təhqir xarakterli neqativ yazılmış rəylər hələ də qalmaqdadı, nədənsə klinikanın həkimləri onun barəsində məhkəməyə müraciət edib. Çünki o, işində uğur qazanmış, onların əsas rəqibidir. Belə etməklə onu sarsıtmaq, psixoloji təzyiq edərək onu nüfuzdan salmağa çalışırlar. Bildirmək istəyir ki, həmin xəbər saytları daha geniş kütləyə malikdir və yayılmış məlumat əgər yanlışdırsa, bu xəbərin ictimaiyyətləşdiriməsi klinikanın nüfuzuna daha çox xələl gətirə bilər. Şikayətçilər nədənsə bu məlumatın təkzib edilməsi ilə bağlı heç bir tədbir görməmişlər, burdan da belə nəticəyə gəlmək olar ki, xəbərin yalnış olduğunu sübut edə bilməyəcəyi və əksinə xəbər saytlarından şikayət edərlərsə məsələnin daha da şişib ictimaiyyələşdirilməsindən çəkinmişlər. Nəticə etibarı ilə əgər bugünkü gün həmin xəbər səhifədə hələ də yerləşirsə və xəbər barədə təkzib verilməmişsə, demək ki, xəbər doğrudur və hadisə həqiqətən də baş vermişdir və o, heç kəsə böhtan atmamışdır, yəni CM-nin 147.1-ci maddəsinin tərkib hissəsini yaradacaq əsas yoxdur. Xəbərin yayılması barədə məsuliyyəti xəbər saytları daşıyır. Əgər xəbər saytlarının yaydığı xəbərin yalan olduğunu bilə-bilə paylaşım etsəydi, məsuliyyəti o daşıyardı, o isə xəbər səhifəsində yayılmış məlumatı öz instaqram səhifəsində paylaşmışdır. Çünki onun çalışdığı sahə çox həssas sahədi və bir çox gənc qızlar düzgün edilməmiş prosedurların fəsadlarından əziyyət çəkir, bir çox şəxs həmin əməliyyatlar nəticəsində öz həyatını itirmiş və bu məsələ ictimaiyyəşdirilməlidir ki, xanımlar bu cür yalnışlıqların qurbanına çevrilməsin. Demokratik bir dövlətdə yaşayır və Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə əsasən “Hər kəsin fikir və söz azadlığı vardır.” Odur ki, paylaşımın altında “Fikirlərinizi əsirgəməyin, Bumeranq, Hərkəs bilməlidir ki, bütün etdiklərini, yaşatdıqlarını yaşamadan ölməyəcək insan”,-bu hissədə də heç bir təhqir və ya böhtan yoxdur, “bəlkə çoxunuzun xəbəri yox, amma vaxt var idi bu iki bacı ən öndə gedən həkimlərimizin torbasını tikirdi, onlardan biri də mən idim” burda isə söhbət 2018-ci ildə süni intriqa yaradaraq, bu dəfə olduğu kimi 2018-ci ildə də onu provakasiyaya çəkib, emosiyalarına toxunub, onu süni yaradılmış münaqişəyə çəkərək, şər-böhtan atıb, barəsində Nizami rayon məhkəməsinə «şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələyən yalan məlumatların təkzibi, maddi va mənəvi zərərin ödənilməsi tələbinə» dair iddia qaldırmışdır. Həmin ərəfələr yaxın qohumu rəhmətə getdiyindən o, məhkəmə proseslərinə yetərincə diqqət ayıra bilməmiş, öz təqsirsizliyini sübüta yetirə bilmədiyindən, vəkilinin işə laqeyd yanaşması nəticəsində məhkəmə qarşı tərəfin iddiasını təmin etmiş və ondan onların xeyirinə 10.000 manat pul tutulması qət edilmişdir. “Etmədikləri pislik qalmamışdır, heç vaxt qisasımı almamışam” - bu sözlərdə də cinayət xarakterli heç nə yoxdu, “bunların səviyyəsinə düşməmişəm”- bu sözlərlə o, həmin xanımların səviyyəsiz olduğunu və ya səviyyələrini alçaltmamış, sadəcə özünə hörmət qoyub, əxlaq və öz səviyyəsini qorumağından söhbət gedir. “Sadəcə illər öncə Allaha tapşırdım, buda sonuç”- burda da CM-nin 148-ci maddəsinin tərkibini yaradacaq əsas yoxdur. “Əminəm ki, pulnan hamını həmişəki kimi satın ala bilməyəcəklər, bu dəfə ən azı”, - burada isə zərərçəkmişə dəymiş ziyan əvəzində kompensasiya ödənilib, barışıq əldə edib şikayətin geri götürülməsindən söz gedir. Xüsusi ittiham qaydasında şikayətdə qeyd edilmiş rüşvət və ya hansısa yollarla kimlərisə susdurmaqda ağır ittiham etməkdən söz gedə bilməz və buna dair heç bir sübut yoxdur, hansı ağır və ya xüsusi ilə ağır cinayət etməkdə onları ittiham etmişdir, konkret göstərilməlidir ki, o, kiminsə adını çəkmişdir ki, kimə ki, rüşvət veriblər, nəticə olaraq, yəqin hər hansısa fakt varki, bu onlarda şübhə yaradır, yəni CM-nin 147.2-ci maddəsinin tərkibi yoxdur. Həmçinin xeşteklər “neoldupaşinyan, xəbər, son xeber, kosmetoloq, cərrah, fəsadları, saxta” - burda da əxlaqsız və ya təhqiredici heç bir söz mövcüd deyil. Həmçinin qeyd edir ki, səhifəsində paylaşım etdikdən sonra, iş yerinə iki polis əməkdaşı gəlib, pasientlərinin yanında səs küy salıb ona Yasamal Rayon Polis İdarəsinə gəlməyini, öz xoşula gəlməyəcəyi təqdirdə onu sürütləyərək aparacaqlarını, bunu videoya çəkib paylaşacaqları barədə şantaj ediblər. O, iş yerində səs olmasın deyə onlarla getməyə razılıq vermiş və xanım olmağına baxmayaraq, ona zor tətbiq edərək, onu polis maşınına basıb Yasamal rayon Polis idarəsinə gətirilmişlər və orada müstəntiq tərəfindən təzyiq, şantaja məruz qalaraq, onlar dediklərini öz izahatında yazmış və paylaşımı silmişdir. Bu hadisə ilə bağlı o, 102 xidməti və DİN-ə rəsmi müraciət etmiş və şikayətilə əlaqədar həmin polis əməkdaşlarının qanunsuz hərəkətləri barədə araşdırma aparılır. Heç qatı cinayətkarlara qarşı bu cür kobud davranılmadığı halda, o, xanım olaraq ona nə telefon, nə də poçt vasitəsi ilə bildiriş gəlmədən ona qarşı pasientlərimin yanında alçaldıcı davranaraq, polis idarəsinə aparılmış və təzyiq, şantaj olunmuşdur. Barəsində Polis İdarəsinə guya onları şantaj edib, pul tələb etməyi barədə böhtan xarakterli şikayət edilib. Əgər elədirsə, niyə sübutlarını təqdim edib, barəsində CM-nin 179-cu hədə-qorxu ilə tələb etmə maddəsi ilə cinayət işi başlatmayıblar. Paylaşımı səhifəsindən sildiyi gün şikayətçilər öz səhifələrində əksinə onun barəsində təhqir, şərəf və ləyaqətini alçaldıcı xarakterli paylaşımlar etmişlər. Sonda təqsirləndirilən şəxs X23 ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş X21 ifadəsində bildirmişdir ki, o, Klinikanın “Neapol” filialında həkim kimi fəaliyyət göstərir. X23 tərəfindən “Laser Beauty” klinikası və həkimlər X14 və X22 barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar haqqında ilk dəfə onun məlumatı olmuşdur. Həmin məlumatlardan sonra çox ciddi stress və sarsıntı keçirmişlər. X23 tərəfindən edilən paylaşım onlara həm maddi, həm də mənəvi ziyan vurmuşdur. İş üzrə şahid qismində dindirilmiş X27 ifadəsində bildirmişdir ki, o, “Laser Beauty” klinikasında fəaliyyət göstərir. X23 tərəfindən Klinikanın və həkimlər X14 və X22 barəsində haqqında həqiqətə uyğun olmayan, yalan məlumatlar yayılmışdır. Bu barədə ilk dəfə Rəna xanım və Natavan xanım ilə birlikdə olarkən xəbərdar olmuşdur. O, həmin an Rəna xanım və Natəvan xanımın vəziyyətinin yaxşı olmadığını öz gözləri ilə görmüşdür. Sözü gedən məlumatlar ilk əvvəl X1 yayımlanmışdır. Daha sonra isə digər xidmət sayıtlarında da həmin məlumatların paylaşıldığını görmüşlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətini Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-37/2-279xx-xx/2023 nömrəli məktubundan görünür ki, Rusiya Federasiyasının vətəndaşı, xx.xx.1986-cı il təvəllüdlü Elnara Rzayeva sonuncu dəfə ünvan 3 ünvanında qeydiyyata alınmışdır. “Cinayəti işinin başlanmasının rədd edilməsi haqqında” 31 oktybar 2023-cü il tarixli qərardan görünür ki, vətəndaş X24 və X22 birgə ərizəsi əsasında toplanmış material üzrə cinayət təqibinin başlanılmasının rədd edilməsi, vətəndaş X24 və X28 qəbul edilmiş qərardan məhkəməyə və ibtidai araşdrımaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroruna şikayət etmək hüququnun olmasının izah edilməsi, vətəndaş X24 və X28 mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etməsinin izah edilməsi qərara alınmışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-279/2018 saylı, 02 fevral 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, X17 üzərinə X14, X10 ünvanına işlədilmiş təhqiramiz söz və ifadələrə və onların “Laser Beauty” adı altında fəaliyyət göstərən gözəllik salonları şəbəkəsi barəsində yaydığı həqiqətə uyğun olmayan, yalan məlumatlara görə X11 və X8 bu ifadələrin yayıldığı internet səhifələrində üzr istəməsi vəzifəsinin qoyulması, eyni davranışların X19 qadağan edilməsi, X12 vurulmuş mənəvi zərərin əvəzi kimi X14 və X10 xeyrinə 10000 (on min) manat pul və iddia üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun X14 və X10 xeyrinə tutulması qət edilmişdir. Təqdim olunmuş diskdə olan videogörüntülərə baxış keçirilən zaman X17 özünə aid olduğu iddia edilən “İnstaqram” sosial şəbəkəsi tərəfindən tanınmış (göy rəngdə tanınma nişanı) “_dr.elnara_” profili adı altında belə bir yazı paylaşdığı müəyyən edilmişdir: “Fikirlərinizi əsirgəməyin, Bumeranq, hər kəs bilməlidi ki, bütün etdiklərini yaşatdıqlarını yaşamadan ölməyəcək insan, bəlkə çoxunuzun xəbəri yox, amma vaxt var idi bu iki bacı ən öndə gedən həkimlərimizin torbasını tikirdi, onlardan biri də mən idim, etmədikləri pislik qalmamışdır, heç vaxt qisasımı almadım bunların səviyyəsinə düşmədim, sadəcə illər öncə Allaha tapşırdım, bu da sonuc, əminəm ki, pulnan hamını həmişəki kimi satın ala bilməyəcəklər bu dəfə ən azı”, həmçinin xeşteklər “neoldupaşinyan, xəbər, sonxəbər, kosmetoloq, cərrah, fesadları, saxta” kimi sözləri paylaşmışdır. Həmçinin həmin paylaşımda X14 fotoşəkili, Klinikaya məxsus olan “X38” loqosu da müşahidə edilir. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 01 mart 2024-cü il tarixli, 3-16-16-2-4/133 nömrəli rəyindən görünür ki, “Fikirlərinizi əsirgəməyin, Bumeranq, hər kəs bilməlidi ki, bütün etdiklərini yaşatdıqlarını yaşamadan ölməyəcək insan, bəlkə çoxunuzun xəbəri yox, amma vaxt var idi bu iki bacı ən öndə gedən həkimlərimizin torbasını tikirdi, onlardan biri də mən idim, etmədikləri pislik qalmamışdır, heç vaxt qisasımı almadım bunların səviyyəsinə düşmədim, sadəcə illər öncə Allaha tapşırdım, bu da sonuc, əminəm ki, pulnan hamını həmişəki kimi satın ala bilməyəcəklər bu dəfə ən azı”, həmçinin xeşteklər “neoldupaşinyan, xəbər, sonxəbər, kosmetoloq, cərrah, fesadları, saxta” kimi yayılmış məlumatlarda “torba tikmək”, “etmədikləri pislik qalmamışdı”, “bunların səviyyəsinə düşmək”, “hamını həmişəki kimi satınala bilməyəcəklər bu dəfə” kimi məzmunlu məlumatlar təsdiqini tapmadığı təqdirdə şəxsiyyətin şərəf və ləyaqətini alçaldan məlumatlar hesab olunur. Məlumatların həqiqiliyinin müəyyən olması hüquqi araşdırmaya aid məsələlərdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnfomasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, X23 əvvəllər məhkum olunmamışdır. Məhkəmə, X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148ci maddələri ilə təqsirləndirilməsinə dair iş üzrə məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusunu, təqsirləndirilən şəxsin, xüsusi ittihamçıların nümayəndəsinin və vəkilinin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələrini, məhkəmə-linqvistik ekspertizanın nəticələrini araşdırıb onlara həm ayrı-ayrılıqda, həm də məcmu şəkildə, qanuniliyi, mötəbərliyi və həqiqiliyi üzrə qiymət verərək belə nəticəyə gəlir ki, X23 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı xüsusi ittihamçıların gəldiyi nəticə əsassız olmaqla, onun hərəkətlərində Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələrinin tərkibinin olması sübuta yetirilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələri ilə irəli sürülən ittihama münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma - min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, işin məhkəmə baxışı zamanı araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, X15 hərəkətlərində Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələrinin tərkibi obyektiv cəhətdən mövcud deyil, o cümlədən “İnstaqram” sosial şəbəkəsində yaydığı məlumatlar xüsusi ittihamçılar X24 və X30 barəsində böhtan hesab oluna bilməz. Bu səbəbdən də məhkəmə, X15 əməlində Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələrinin tərkibinin olması ilə razılaşmır və hesab edir ki, “İnstaqram” sosial şəbəkəsində qeyd olunan ifadələrdə cinayət əməllərinin tərkibi mövcud deyil. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməli üzrə cinayət məsuliyyətinin yaranması üçün dörd hal müəyyən edilməlidir:

1. Məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; 2. Həmin məlumatın doğru olmaması; 3. Belə məlumatların yayılması; 4. Barəsində belə məlumatlar yayılmış şəxsin ağır və ya xüsusilə ağır cinayətdə ittiham edilməsi. Məhkəmə, qeyd edir ki, xüsusi ittihamçılar X24 və X30 tərəfindən həmin məlumatların həqiqiliyi sübuta yetirilmir. Başqa sözlə, onlar tərəfindən məhkəməyə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X15 onlar barəsində böhtan xarakterli, xüsusilə də ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atılmasını özündə ehtiva edən hər hansı mötəbər sübut təqdim etmirlər. Halbuki, yuxarıda qeyd edilən əməllərin törədilməsi Azərbaycan Respublikası CM-nin Xüsusi Hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə CPM-nin aşağıda istinad ediləcək 21.1-ci maddəsinə əsaslanaraq qeyd edir ki, təqsiri cinayət-prosessual qanunvericiliklə nəzərdə tutulan qaydada sübuta yetirilməmiş, barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü olmayan şəxs təqsirli sayıla bilməz. Xüsusi ittihama hüquqi qiymət verərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin təqsirsizlik prezumpsiyasını təsbit edən 21.1, 21.2 və 21.3-cü maddələrinə əsasən «Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır», «Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır», «Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür». Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsində nəzərdə tutulur ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır; 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər; 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər; 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Telfner Avstriyaya qarşı” (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə təqsirləndirilən şəxs X15 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələrinin tərkibi olmadığından ona həmin maddələr üzrə bəraət verilməlidir. Bununla belə, təqsirləndirilən şəxs X15 xüsusi ittihamçılar X14 və X22 barəsində kütləvi nümayiş etdirilən informasiya ehtiyatında onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldan məlumatlar yayması mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Buna görə də, X23 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, öz mövqeyini aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təhqir cinayətinin bilavasitə obyekti şəxsiyyətin şərəf və ləyaqətidir. Obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmada ifadə olunur. Məhkəmə bildirir ki, qanunverici şərəf və ləyaqətin məhz nalayiq formada alçaldılmasını təhqir anlayışı ilə əhatə edir və formalaşmış hüquqi mövqe bundan ibarətdir ki, təhqiredici hərəkətin nalayiq olub-olmaması qiymətləndirilən anlayışdır və onun məzmununun nalayiq olub-olmaması cəmiyyətdə qəbul edilmiş mənəvi-əxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq müəyyən edilir. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” 03 aprel 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən internet informasiya ehtiyatı - internet şəbəkəsində yaradılan, informasiyanın yayılması üçün istifadə olunan, müraciət edilməsi üçün domen adına və sahibi tərəfindən müəyyənləşdirilmiş digər işarələnməyə malik olan informasiya ehtiyatıdır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015-ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarın 5-ci bəndində əsasən, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Həmin Qərarın 8-ci bəndində qeyd edilmişdir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdə zərər çəkmiş şəxsin təhqir olunması iddiası irəli sürüldükdə yayılmış məlumatların təhqir xarakterli məlumatlar olmasını yoxlayarkən məhkəmələrə müvafiq lüğətlərdən, linqvistika sahəsində mütəxəssislərin fıkirlərindən istifadə etmələri, zərurət yarandıqda məhkəmə-linqvistik ekspertizası keçirmələri tövsiyə edilir. Təhqirlə bağlı ittiham tərəfinin dəlilləri: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər qeyd edirlər ki, X23 “İnstaqram” sosial şəbəkəsində onların şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldan təhqir xarakterli məlumatlar yaymışdır. X2 nümayiş etdirilən internet informasiya ehtiyatında – “İnstaqram” sosial şəbəkəsində yaydığı yazılarda xüsusi ittihamçılar X14 və X22 şərəf və ləyaqətini nalayiq formada alçaldıb-alçaltmadığını müəyyən etmək üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli qərarı ilə iş üzrə məhkəməlinqvistik ekspertizası təyin edilmişdir. Bununla bağlı, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 01 mart 2024-cü il tarixli, 3-16-16-2-4/133 nömrəli rəyinin nəticəvi hissəsində qeyd edilir: “Fikirlərinizi əsirgəməyin, Bumeranq, hər kəs bilməlidi ki, bütün etdiklərini yaşatdıqlarını yaşamadan ölməyəcək insan, bəlkə çoxunuzun xəbəri yox, amma vaxt var idi bu iki bacı ən öndə gedən həkimlərimizin torbasını tikirdi, onlardan biri də mən idim, etmədikləri pislik qalmamışdır, heç vaxt qisasımı almadım bunların səviyyəsinə düşmədim, sadəcə illər öncə Allaha tapşırdım, bu da sonuc, əminəm ki, pulnan hamını həmişəki kimi satın ala bilməyəcəklər bu dəfə ən azı”, həmçinin xeşteklər “neoldupaşinyan, xəbər, sonxəbər, kosmetoloq, cərrah, fesadları, saxta” kimi yayılmış məlumatlarda “torba tikmək”, “etmədikləri pislik qalmamışdı”, “bunların səviyyəsinə düşmək”, “hamını həmişəki kimi satınala bilməyəcəklər bu dəfə” kimi məzmunlu məlumatlar təsdiqini tapmadığı təqdirdə şəxsiyyətin şərəf və ləyaqətini alçaldan məlumatlar hesab olunur. Məlumatların həqiqiliyinin müəyyən olması hüquqi araşdırmaya aid məsələlərdir. Məhkəmə yuxarıda qeyd olunan ekspert rəyini işin digər faktiki halları ilə məcmu şəkildə qiymətləndirərək belə qənaətə gəlir ki, həmin rəy mötəbər sübut kimi qəbul olunmalıdır. Beləliklə, işin məhkəmə baxışı zamanı araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, X15 hərəkətlərində Azərbaycan Respublikası CM-nin 148-ci maddəsinin tərkibi mövcuddur, o cümlədən onun “İnstaqram” sosial şəbəkəsi tərəfindən tanınmış (göy rəngdə tanınma nişanı) “_dr.elnara_” profili adı altında “Fikirlərinizi əsirgəməyin, Bumeranq, hər kəs bilməlidi ki, bütün etdiklərini yaşatdıqlarını yaşamadan ölməyəcək insan, bəlkə çoxunuzun xəbəri yox, amma vaxt var idi bu iki bacı ən öndə gedən həkimlərimizin torbasını tikirdi, onlardan biri də mən idim, etmədikləri pislik qalmamışdır, heç vaxt qisasımı almadım bunların səviyyəsinə düşmədim, sadəcə illər öncə Allaha tapşırdım, bu da sonuc, əminəm ki, pulnan hamını həmişəki kimi satın ala bilməyəcəklər bu dəfə ən azı”, həmçinin xeşteklər “neoldupaşinyan, xəbər, sonxəbər, kosmetoloq, cərrah, fesadları, saxta” yaydığı məlumatlar xüsusi ittihamçılar X14 və X22 şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldan təhqir xarakterli məlumatlar hesab olunmalıdır. Məhkəmə, bundan başqa qeyd edir ki, xüsusi ittihamçılar X14 və X22 şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldan təhqir xarakterli məlumatlar, yayılmış məlumatlardır. Belə ki, həmin məlumatlar kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında, yəni “İnstaqram” sosial şəbəkəsi tərəfindən tanınmış (göy rəngdə tanınma nişanı) “_dr.elnara_” profili adı altında yayılmışdır. Məhkəmə, həmçinin təqsirləndirilən şəxs X15 Azərbaycan Respublikası CM-nin 148ci maddəsi ilə törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlarla tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxs X23 barəsində Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs X15 ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini və qadın olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X15 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, X18 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, X15 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 148-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X23 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzası təyin edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, təqdim olunmuş 01 ədəd CD disk maddi sübut kimi tanınmaqla iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 42, 344-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

X15 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələrində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından, ona həmin maddələr ilə bəraət verilsin. X23 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1000 (bir min) manat məbləğində cərimə cəzası təyin edilsin. İş üzrə maddi sübut olan - 01 ədəd CD disk iş materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 150 (yüz əlli) manat X13 tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X7, KOD 254005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar