Məhkəmə qərarları › İş №1(005)-89/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-89/2023

20.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-89/2023 20.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi X6, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1976-cı ildə Türkmənistan Respublikasında anadan olmuş, Türkmənistan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,170 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə - heroini əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 14:45 radələrində öz hərəkətlərində şübhə yaratdığından Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanın qarşısında saxlanılaraq həmin Polis Bölməsinin ünvan 3 ünvanında yerləşən inzibati binasına gətirilmiş, inzibati binada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarın sağ yan kiçik cibindən siqaretin ağ rəngli kağızına bükülmüş təmiz çəkisi 0,170 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisidir. Lakin, 22 avqust 2022-ci il tarixdə saxlanılarkən üzərində heç bir narkotik vasitə olmamışdır. İttihamda onun guya 22 avqust 2022-ci il tarixdə “Papanin” adlanan ərazidən öz istifadəsi üçün 5 manata bir büküm “kakos” adı ilə tanınan narkotik vasitə heroin alması yalandır. Həmin ittihamla razılaşmır. O, 22 avqust 2022-ci il tarixdə saxlanılaraq Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə gətirildikdən sonra polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmış, videoçəkiliş aparılmadan əvvəl həmin narkotik vasitə ona verilmiş və etiraf etməyə məcbur edilmişdir. Sonda Təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov Rayon Polis İdarəsinin 16cı Polis Bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 14:45 radələrində xidməti zərurət ilə əlaqədar Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili X2 ilə birlikdə Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi 7 saylı ünvanın qarşısında olarkən bir nəfər şəxsin yerişindən və hərəkətlərindən özünü şübhəli aparmasını görmüşdürlər. Bu səbəbdən onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları olduqlarını bildirmişdirlər. Bundan sonra həmin şəxsdən özünü təqdim etməsini xahiş etdikdə, o, suallardan yayınmağa və oradan uzaqlaşmağa çalışmışdır. Onlar həmin şəxsin rabitəsiz danışığına görə narkotik vasitələrin təsiri altında olmasından və üzərində narkotik vasitəsi daşımasından şübhələnmişdirlər. Onlar bu səbəbdən onu saxlayaraq Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin inzibati binasına gətirmişdirlər. Polis Bölməsində məlum olmuşdur ki, tərəflərindən Polis Bölməsinə gətirilən şəxs Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs Nərimanov Rayon Polis İdarəsinin 16cı Polis Böməsinin inzibati binasına gətirilməsi barədə tərəfindən raportla bölmə rəhbərliyinə məruzə edilmiş və raportun icrası bölmənin təhqiqatçısı Novruz Novruzova həvalə olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zərurəti yarandığından onun hüquqlarının müdafiə edilməsindən ötrü dövlət hesabına müdafiəçi təyin edilmişdir. Dəvət edilmiş müdafiəçi Təqsirləndirilən şəxs təqdim edildikdən sonra, sonuncu şübhəli şəxs qismində tutularaq şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış keçirilməmişdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olub-olmadığı soruşulmuş, əgər vardırsa həmin əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan kiçik cibindən siqaretin ağ rəngli kağızına bükülmüş 01 ədəd bükümü könüllü olaraq təqdim etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi siqaretin ağ rəngli kağızına bükülmüş bükümə baxış keçirilmiş və həmin bükümün içərisindən qəhvəyi rəngli toz şəkilli maddə aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də, heç bir əşya və maddə aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümün içərisindəki maddə narkotik vasitə olan kakosdur, həmin kakosu xx.xx.2022-ci il tarixdə Papanin adlanan yerdən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 5 manata almış, öz istifadəsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində qəhvəyi rəngli toz şəkilli maddə olan büküm təhqiqatçı tərəfindən ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, həmin zərfin üzəri o və şəxsi axtarışda iştirak etmiş digər şəxslər tərəfindən imzalanmış və zərfin üzəri möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov Rayon Polis İdarəsinin 16cı Polis Bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili X2 digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin 17-18-ci-ci vərəqələrində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 22 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 25-26-cı vərəqələrində olan “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması” 22 avqust 2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 14:45 radələrində ünvan 4 ünvanın qarşısında Nərimanov RPİ-nin 16-cı PBnin əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov RPİ-nin 16-cı PB-nin inzibati binasına gətirilmiş Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddələr və əşyalar vardırsa könüllü olaraq təqdim etsin. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan kiçik cibindən siqaretin ağ rəngli kağızına bükülmüş 01 ədəd bükümü təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi siqaretin ağ rəngli kağızına bükülmüş bükümünün içərisinə baxış keçirilmişdir. Baxış zamanı siqaretin ağ rəngli kağızına bükülmüş bükümün içərisindən spesifik qoxuya malik, qəhvəyi rəngli və toz şəkilli maddə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsədə heç bir əşya və maddə aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümün içərisindəki maddə narkotik vasitə olan kakosdur, həmin kakosu xx.xx.2022-ci il tarixdə “Papanin” adlanan yerdən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 5 manata almış, öz istifadəsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi, siqaretin ağ rəngli kağızına bükülmüş içərisində spesifik qoxuya malik, qəhvəyi rəngli və toz şəkilli maddə olan büküm iş üçün əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi götürülərək qablaşdırılmış və DİN-nin 218 nömrəli möhürü ilə möhürlənmişdir. Cinayət işinin 37-39-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 avqust 2022-ci il tarixli, 6/4458 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №218” dairəvi möhür əksi olan, “Paşayev.A” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,170 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin 91-95-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 4(005)-913/2022 nömrəli qərarından görünür ki, təqdimat və vəsatətin təmin edilməsi, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətə həbs qismində qətimkan tədbirinin seçilməsi, həbsetmənin əvvəlinin 22 avqust 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 102-103-cü vərəqələrində olan “Maddi sübut kimi tanıma haqqında” 27 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş təmiz çəkisi 0,170 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroin cinayətin predmeti olduğundan və cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmış və həmin heroinin aparılmış tədqiqatlardan sonra qalıq qalmış 0,130 qram hissəsi saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Cinayət işinin 135-137-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Sonuncu dəfə o, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixli hökmə əsasən ona təyin edilmiş 02 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 03 ay 21 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. xx.xx.2018-ci il tarixdə Təqsirləndirilən şəxs cəza müddəti başa çatmışdır. Cinayət işinin 139-143-cü vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-115/2016 saylı, 06 may 2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmənin əvvəlinin 02 fevral 2016-cı il tarixdən hesablanması hökm edilmişdir. Cinayət işinin 145-148-ci vərəqələrində olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 7(007)-104/2018 saylı, 11 yanvar 2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ərizəsinin təmin edilməsi, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 may 2016-cı il tarixli hökmü ilə ona təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 03 (üç) ay 21 (iyirmi bir) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi, Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması qərara alınmışdır. Cinayət işinin 173-174-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 06 oktyabr 2022-ci il tarixli, 5807 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 185-195-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 03 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş video görüntünün olduğu 01 ədəd “CD-R” formatlı diskin öz xüsusiyyətinə, əlamətlərinə və cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyinə görə maddi sübut kimi tanınması və həmin diskin saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilməsi, cinayət işi üzrə 27 avqust 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş təmiz çəkisi 0,170 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin cinayətin predmeti olduğundan və cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınması və həmin heroinin aparılmış tətqiqatlardan sonra qalıq qalmış 0,130 qram hissəsinin saxlanılması üçün Nərimaov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilməsi xüsusatının nəzərə alınması qərara alınmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman video kamera vasitəsi ilə qeydə alınan video görüntünün əks edildiyi 1 ədəd diskə baxış keçirilərkən, onun əynində olan göy rəngli şalvarının sağ yan kiçik cibindən siqaretin ağ rəngli kağızına bükülmüş narkotik vasitə - heroinin aşkar edilərək götürüldüyü müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi ümumilikdə 0,170 qram qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hallar müəyyən etmədi. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da (Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü), Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixli hökmə əsasən ona təyin edilmiş 02 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 03 ay 21 gün hissəsində şərti olaraq vaxtından əvvəl azad edilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli Qərarına əsasən məhkumluq institutunun mahiyyəti ondan ibarətdir ki, məhkumluğu olan şəxs mülki və ya inzibati-hüquqi xarakterli məhrumiyyətlərə məruz qalır, həmin şəxs tərəfindən yeni cinayətin törədilməsi onun vəziyyətinin ağırlaşdırılmasını şərtləndirən cinayət-hüquqi nəticələrin əmələ gəlməsinə səbəb olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Qüvvədə olan qanunvericilik məhkumluğun xitamının iki qaydasını nəzərdə tutur: məhkumluğun ödənilməsi və ya götürülməsi (CM-in 83.3 və 83.6-cı maddələri). Məhkumluğun ödənilməsi şəxsin törətdiyi cinayətə görə məhkum olunması faktı ilə əlaqədar bütün hüquqi nəticələrin qanunla nəzərdə tutulmuş müddətin keçməsi nəticəsində sona yetməsi deməkdir. Məhkumluğun ödənilmiş hesab edilməsi üçün xüsusi məhkəmə qərarı və yaxud bu faktı təsdiq edən hər hansı başqa sənəd tələb olunmur. Məhkumluğun ödənilməsindən fərqli olaraq isə məhkumluğun götürülməsi, xüsusi məhkəmə qərarı və yaxud amnistiya aktı əsasında həyata keçirilir (CM-in 81.2-ci maddəsi). Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu hazırki cinayət əməlini törədərkən ödənildiyindən, onun əməlində cinayətlərin residivi yaranmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6.,), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd “CD-R” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olmaması qənaətinə gəlir. Belə ki, məhkəmədə müəyyən edildi ki, Müdafiəçi 28 noyabr 2022-ci il – 20 fevral 2023-cü il tarixlərdə keçirilmiş 7 məhkəmə iclaslarında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 25 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 22 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 0.130 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd “CD-R” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 254005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar