Məhkəmə qərarları › İş №1(005)-89/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-89/2024

08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-89/2024 08.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta-ixtisas təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu, Cocuqmərcanlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mədən 1 küçəsi, nömrəsiz evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 10 may 2023-cü il tarixdə, saat 17:50 radələrində “B1, B, C1, C” kateqoriyalı BA 007994 seriyalı sürücülük vəsiqəsi ilə etibarnaməsi olmadan idarə etdiyi **-FL-*** dövlət qeydiyyat nişanlı “Kia Pride” markalı minik avtomobili ilə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektinin kənar yolu ilə “20 Yanvar Metrostansiyası” istiqamətinə doğru hərəkət edib Bakı şəhəri, Nərimanov rayonu Azadlıq prospekti ilə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektinin kəsişdiyi körpünün alt hissəsində yolun hərəkət hissəsinin sağdan birinci zolağı ilə saatda 10-15 km/saat sürətlə hərəkətdə olarkən Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti ilə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektinin kəsişməsinə daxil olmaq istəyərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməli olduğu halda, həmin tələblərə əməl etməmiş, qeyd olunan yol hərəkəti qaydalarını pozması nəticəsində idarə etdiyi avtomobillə yolayrıcı ilə hərəkət edən Zərərçəkmiş şəxs idarə etdiyi **-LY-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi” markalı minik avtomobilin önünə çıxaraq, avtomobilin ön hissəsi ilə “Mitsubishi” markalı minik avtomobilin sağ ön qapı hissəsi ilə toqquşmuş və nəticədə Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan sol bazu sümüyünün yuxarı və aşağı üçdə birinin qapalı qəlpəli yerdəyişən sınıqları (ostiosintez cərrahi əməliyyatından sonrakı vəziyyət) xəsarətləri ilə müşayiət edilən və dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid bədən xəsarətləri yetirilməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə ona verilmiş “B1, B, C1, C” kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2022-ci il tarixdə həmin vaxt idarə etdiyi **-LY-*** dövlət qeydiyyat nişanlı “Tayota” markalı minik avtomobili ilə yol nişanlarını bir neçə dəfə kobudcasına pozduğu üçün onlayn şəkildə elektron 21 bal toplanaraq 6 ay müddətinə sürücülük hüququ məhdudlaşdırılmışdır. Həmin məhdudiyyət xx.xx.2023-cü il tarixinədək davam etmişdir. **-FL-*** dövlət qeydiyyat nişanlı “Kia Pride” markalı minik avtomobilini 2022-ci ilin iyul ayından əldə edərək etibarnamə əsasında idarə edirdi. 10 may 2023-cü il tarixdə, saat 17 radələrində idarə etdiyi “Kia Pride” markalı minik avtomobil ilə qardaşı X1 olaraq öndə əyləşərək Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Metro Park” adlı ticarət mərkəzinin qarşısından işi ilə əlaqədar hal-hazırda anket məlumatlarını xatırlamadığı qadını götürdükdən sonra o avtomobilin arxa sağ hissəsində sərnişin olaraq əyləşərək Nərimanov rayonu, Z.Bünyadov prospekti istiqamətinə yola düşmüşdür. Nərimanov rayonu, Z.Bünyadov prospekti istiqaməti ilə üzü Nərimanov rayonu, Azadlıq prospekti istiqamətinə hərəkətdə olub Z.Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində köməkçi yol ilə körpünün alt hissəsi ilə yolun hərəkət hissəsinin sağdan birinci zolağı ilə saat 20-30 km/saat sürət ilə hərəkətdə olaraq həmin kəsişməyə çatdıqda avtomobili dayandırmış və kəsişmədə olan dairədə hərəkətdə olan avtomobilin olmadığını görüb saat təxminən 17:50 radələrində hərəkətinə düzünə 15-20 km/saat sürətlə davam edərkən qəflətən idarə etdiyi avtomobilin ön hissəsi ilə sol tərəfdən sürətlə hərəkətdə olan qara rəngli avtomobilin sağ qapı hissəsi ilə toqquşmuş və zərbənin nəticəsində həmin “Mitsubishi” markalı avtomobil sol tərəfə aşmışdır. O dərhal avtomobili saxlayaraq avtomobildə sərnişin olan qardaşı Vüsalın və qadının səhətləri ilə maraqlanmış və onların heç bir xəsarət almadığını görmüşdür. Bundan sonra dərhal həmin aşmış avtomobilə tərəf gedərək sürücüsü və avtomobilin ön hissəsində əyləşmiş sərnişini ilə maraqlanmış və sürücünün xəsarət aldığını görmüşdür. Bu zaman ətrafa toplaşmış tanımadığı şəxslərdən biri TTY zəng edərək tibb əməkdaşlarını çağırmış, bundan biraz keçdikdən sonra hadisə yerinə TTY gəlmiş və həmin avtomobilin sürücüsünə ilkin tibbi yardım göstərərək onu X7 aparmışlar. Baş vermiş yol nəqliyyat hadisəsində özünü günahkar hesab edir. “Mitsubishi” markalı avtomobil yol ayrıcına baş yol nişanı olan hissədən daxil olmuşdur və o həmin avtomobili gözləyərək buraxmalı idi. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində çıxış edən Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 10 may 2023-cü il tarixdə işdən çıxıb idarə etdiyi “Mitsubishi” markalı **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı ev istiqamətində yola düşmüşdür. Həmin vaxt onun yanında qabaq oturacaqda qohumu X4 əyləşmişdi. Həmin gün təxminən saat 17:50 radələrində idarə etdiyi avtomobillə Ziya Bünyadov prospekti körpünün altından Azadlıq prospekti ilə kəsişməyə sol tərəfə dönüb yolun sağdan birinci zolağı ilə təxminən 40 km/saatda surətlə kəsişməyə daxil olub hərəkətini davam etdirmək istəyərkən avtomobilinin qabaq sərnişin oturacağı tərəfdən, yəni qabaq sağ qapı hissəsindən zərbə dəymişdir. Zərbənin nəticəsində idarə etdiyi avtomobil əyləşdiyi tərəfə, yəni sol tərəfə aşmışdır. Bu səbəbdən, o sol qolundan xəsarət almışdır. Avtomobildən tanımadığı şəxslərin köməkliyi ilə çıxdıqdan sonra ona məlum oldu ki, avtomobilinin qabaq sağ qapısı ilə toqquşan “Kia Pride” markalı avtomobilin sürücüsü əvvəllər tanımadığı Təqsirləndirilən şəxsdur. Bundan sonra, hadisə yerinə TTYS-nin həkimləri və polis əməkdaşları gəldilər, həkimlər ona tibbi yardım göstərdikdən sonra X7 apardılar. Qeyd etmişdir ki, qohumu X4 hadisə vaxtı heç bir xəsarət almamışdır. Bundan sonra müalicə aldığı xəstaxanaya Təqsirləndirilən şəxs atası onun yanına gələrək, səhəti ilə maraqlanmış, lakin heç bir maddi yardım göstərməmişlər. Baş vermiş hadisədən sonra ona mıxsus idarə etdiyi “Mitsubishi” markalı minik avtomobilinə təxminən 21000 (iyirmi bir min) manat maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən vurulan ziyanın ödənilmədiyini və ona qarşı şikayətçi olduğunu bildirmişdir. Cinayət işinin 5-9-cu vərəqələrində olan “Hadisəsi yerinə baxış keçirilməsi barədə” 10 may 2023-cü il tarixli protokoldan görünür ki, yol nəqliyyat hadisəsinin baş verdiyi yer Nərimanov rayonu, Ziya Bünyadov prospektinin Azadlıq prospekti ilə kəsişməsidir. Hadisə yerində yol asvaltdır, Ziya Bünyadov prospektində yolun 9 metrdir. Yol düzünə, sol (geriyə dönmə) və sağa istiqamət üçün nəzərdə tutulub. Azadlıq prospektində yolun eni 8 metrdir, 3 zolaqdan ibarətdir. Toqquşma yeri **-FL-*** dövlət qeydiyyat nişanlı “Kia Pride” markalı avtomaşının hərəkət istiqamətindən kəsişmədən irəlidə yol ayrıcından 6.50 metr məsafə qət etdiyi müəyyən olundu. “Mitsubishi” markalı **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət etdiyi Azadlıq prospekti istiqamətində “baş yol” nişanının olduğu müəyyən olundu. Təqsirləndirilən şəxs göstərilənləri təsdiq etmiş və baxışda iştirak etmişdir, üzərində hər hansı bir sənəd olmadığından hadisə yerində xidmət aparan YPX əməkdaşı tərəfindən spirtli içki müayinəsi keçirildi və ayıq olması şifahi olaraq ona bildirildi. Hadisə yerinin görüntülərini əks etdirən TŞ kamerasının olması müəyyən edildi. Hadisə yerinin foto şəkilləri “İphone” markalı telefonla çəkildi . Bununla da baxış başa çatdırıldı. Cinayət işinin 31-32-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X10 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 612 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər - sol bazu sümüyünün yuxarı və aşağı üçdə birinin qapalı qəlpəli yerdəyişən sınıqları (ostiosintez cərrahi əməliyyatından sonrakı vəziyyət) küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş, sağlamlığa Az Ağır zərər vurmaya aiddir. Cinayət işinin 37-ci vərəqində olan “Videodiskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İstintaq şöbəsinin müstəntiqi X6 Azərbaycan Respublikası CPM-nin 85-ci maddəsini rəhbər tutaraq həmin Məcəllənin 51 və 236-cı maddələrinə əsasən və göstərilən maddələrin tələblərinə riayət etməklə, DİN-in “Qırmızı işıq” sisteminin maşahidə kamerasında qeydə alınmış görüntünün videodiskinə baxış keçirmişdir. Görüntüdə Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti ilə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektinin kəsişməsi ünvanının qarşısı, hər iki istiqamət üzrə hərəkət videodiskə köçürülmüşdür. Görüntüdə qara rəngli **-LY-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi” markalı minik avtomobilini idarə edən sürücü Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti ilə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektinin kəsişməsindən hərəkətə başlayır. Həmin **-LY-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi” markalı minik avtomobilini idarə edən sürücü Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti ilə Z.Bünyadov prospektinin kəsişməsində hərəkətə olarkən “20 Yanvar Metrostansiyası” istiqamətində Z.Bünyadov prospektinin kənar yolu ilə qırmızı rəngli **-FL-*** dövlət qeydiyyat nişanlı “Kia Pride” markalı avtomobil hərəkət edib Azadlıq prospekti ilə Z.Bünyadov prospektinin kəsişdiyi körpünün alt hissəsilə yolun hərəkət hissəsinin sağdan birinci zolağı ilə hərəkətdə olur. “Mitsubishi” markalı minik avtomobilin yolun hərəkət hissəsinə aşmış və “Kia Pride” markalı avtomobilin isə yolun hərəkət hissəsində dayanmış halda göründüyü görünür. “Kia Pride” markalı avtomobilin sürücüsü avtomobildən enərək vurulmuş “Mitsubishi” markalı minik avtomobilə doğru yaxınlaşır. “Mitsubishi” markalı minik avtomobilinin sürücüsünə əyilərək baxdıqdan sonra öz avtomobilinə yaxınlaşır. Ətrafa yaxınlıqdakı şəxslər toplaşır. Onların köməkliyi ilə “Mitsubishi” markalı minik avtomobilin sürücüsü avtomobildən çıxarılır. Avtomobillərin sıxlığı görünür. Təqdim olunmuş diskin içində olan görüntülərə baxış iş otağında kompüter vasitəsi ilə aparılmışdır. İstintaq hərəkətinin aparılmasına dair tərtib edilmiş protokol ucadan oxundu, protokolun məzmununa dair əlavələr, düzəlişlər, etirazlar və ya qeydlər daxil olmadı. Cinayət işinin 62-63-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Sabunçu RPİ-nin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə olan cinayət işinə Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir. Cinayət işinin 82-84-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 8/1816 saylı rəydən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Kia Pride” markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən göstərilən şəraitdə “Mitsubishi” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Cinayət işinin 110-116-cı vərəqələrində olan “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 19 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ittiham elan edilməsi və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi, baş vermiş yol-nəqliyyat hadisəsini özündə əks etdirən 01 ədəd DVD diskin iş üzrə maddi sübut kimi tanınması və cinayət işinin istintaq materiallarına əlavə edilməsinin nəzərə alınması qərara alınmışdır. Cinayət işinin 151-152-ci vərəqələrində olan “Qətimkan tədbirinin seçilməsi haqqında” 19 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2023cü il tarixli iddia ərizəsindən görünür ki, mülki cavabdeh Təqsirləndirilən şəxs vurulmuş maddi zərərə görə 21140 (iyirmi bir min yüz qırx) manat, əldən çıxmış faydaya görə 4000 (dörd min) manat və mülki iddianın verilməsi üçün ödənilmiş 165,42 (yüz altmı beş manayt qırx iki qəpik) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, cinayət mühakimə icraatı zamanı vermiş olduğu iddianın baxılmamış saxlanılmasını xahiş edir. Eyni zamanda bildirir ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini dinləyib, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafından başqa mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 1ci hissəsinin tələbinə əsasən, eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkməsini və gənc olmasını nəzərə alır və onu cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. İş üzrə maddi sübut – baş vermiş yol-nəqliyyat hadisəsini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə mülki iddiaçının ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan və mülki iddiaçının iradəsini ifadə etdiyindən təmin olunmalı, mülki iddiaçının ərizəsi qəbul edilərək, hazırkı halda mülki iddia baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər; 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə hesab edir ki, iddiaçının iddianın baxılmamış saxlanması barədə ərizəsi qanuna zidd deyildir və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmağa yönəlməmişdir. Bu səbəbdən də mülki iddaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs qarşı mülki iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 35 (otuz beş) iş saatına görə 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – baş vermiş yol-nəqliyyat hadisəsini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Mülki iddaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs ərizəsi qəbul edilsin. Mülki iddaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs qarşı mülki iddia ərizəsi baxılmamış saxlanılsın. Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 35 (otuz beş) iş saatına görə 210 (iki yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar