Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-90/2021 11.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi X1 iştirakları ilə, xx xxxxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 mənzil 51 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə istintaqa “İlkin” adı ilə məlum olan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, xx.xx.2020-ci il tarixdə saat 15 radələrində “xxxx” MMC-nin nəzdində Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 143A ünvanında fəaliyyət göstərən “Kontakt- Home” mağazasına giriş-çıxış qapısından daxil olduqdan sonra, aralarında əvvəlcədən olan razılaşmaya əsasən istintaqa “İlkin” adı ilə məlum olan şəxs satıcılarla danışaraq onların diqqətini ondan yayındırmasından istifadə edərək, satış salonunda açıq virtində satışa qoyulmuş, həmin gündə satış qiyməti 799,99 manat olan bir ədəd “Apple Watch 3.42” modelli “SGJ9ZKCSDJ5X4” seriyalı qol saatını gizli olaraq talayıb hüquqi zərərçəkmiş şəxs “xxxx” MMC-yə cəmi 799,99 (yeddi yüz doxsan doqquz manat doxsan doqquz qəpik) manat məbləğində zərər vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, son aylar onlayn şəkildə kazino oyunları oynayır və həmin oyuna görə pulu “Milliön” aparatı vasitəsilə yükləyir. Son zamanlar pulu olmadığından dostlarından borc alaraq həmin oyunu oynayır. 2020-ci il oktyabr ayının əvvəllərindən həmin oyunda oynayarkən uduzmağa başlamış, borc aldığı pulları qaytara bilməmişdir. Qazanc yeri olmadığından pul əldə etmək üçün oğurluq etmək qərarına gəlmişdir ki, əldə eldiyi əşyanı satıb, həm borclarını qaytarsın, həm də qumar oyunlarına davam etsin. Bu qərara gəldikdən sonra xx xxxxxxx 2020-ci il tarixdə, saat 15 radələrində təxminən 2020-ci ilin iyul ayından tanıdığı, atasının adını və soyadını bilmədiyi İlkin adlı şəxslə təsadüfən Nərimanov rayonu Azadlıq prospektində rastlaşmışdır. İlkindən hara getdiyini soruşduqda, İlkin ona Nərimanov rayonu, Azadlıq prospekti 143A ünvanda yerləşən “Kontakt Home” mağazasına ehtiyat enerji cihazı (powerbank) almaq üçün getdiyini bildirmişdir. O da İlkinə qoşularaq həmin mağazaya getmişdir. Yolda İlkinə borcunu qaytarmaq və qumar oyununa davam elmək üçün həmin mağazadan oğurluq etmək istədiyini bildirdikdə, İlkin ona mağazada olarkən onun oğurluq etməsi üçün satıcıların başını qatacağını deyərək, oğurlayacağı əşyanı sonradan birlikdə satıb, pulunu bölməyi təklif elmiş, o da bu təklifi ilə razılaşmışdır. Sonra birlikdə Nərimanov rayonu, Azadlıq prospekti 143A ünvanda yerləşən “Kontakt Home” mağazasına İlkinlə birlikdə daxil olmuşlar. İlkin mağazaya daxil olduqdan sonra həm özünə enerji cihazı almaq, həmdə satıcıların başını qatmaq üçün ehtiyat enerji cihazı (powerbank) satılan yerə yaxınlaşmışdır. O, isə ətrafa baxdıqda yaxınlıqdakı vitrinə saatların düzüldüyünü görüb, həmin saatlardan birini oğurlamaq qərarına gəlmişdir. Diqqətini vitrində olan qara rəngli “Apple watch” markalı, qiyməti 799 manat 99 qəpik olan saat çəkmiş və həmin saatı oğurlamaq qərarına gəlmişdir. İlkin mağazada onun saatı oğurlaq istədiyini görmüş və satıcıların diqqətini ondan yayındırmaq üçün onlara sual verərək, ona oğurluq etməyə şərait yaratmağa başlamış və onun yanından uzaqlaşmışdır. İlkin ondan uzaqlaşan kimi o, vitrindən bir ədəd saatı oğurlayıb əynində olan şalvarının sağ cibinə qoymuşdur. İlkin onun saatı oğurladığını gördükdən sonra mağazadan çıxmışdır. O da İlkinin arxası ilə mağazadan çıxmışdır. Yolda gedərkən oğurladıqları saata İlkinlə birlikdə baxdıqda saatın “Apple watch” markalı saat olduğunu görmüş və onu satmağı qərarlaşdırmışlar. Lakin həmin günü saatı satmağa adam tapmamışlar. Bundan sonra ayrılıb evə getmiş, lakin İlkinin mağazadan oğurladıqları saatı ondan gizlin satıb, pulundan ona verməyəcəyini düşünərək, saatın onda qalmağını istəmişdir. O, saatı İlkinə vermək istəmədikdə, sonuncu saatın kəmərini ondan götürmək istəmişdir. Lakin sonradan İlkini saatın onda qalmasına razı salmışdır. Səhəri gün oğurladıqları həmin “Apple watch” markalı saatı İlkinlə birlikdə “Azadlıq” metrostansiyasının yaxınlığında oğurluq mal alan şəxs kimi tanıdıqları “Kamil” adlı şəxsə 185 manata satmışlar. Sonradan Kamil gəlib onlara niyə ona oğurluq mal satdıqlarını deməsin deyə İlkinlə o, Kamilə satdıqları saatı “Kontakt Home” mağazasından oğurladıqlarını bildirmişlər. Kamil də saatın oğurluq olduğunu bilə-bilə həmin saatı onlardan alaraq əvəzində 185 manat vermişdir. Oğurladıqları saatı satdıqdan sonra əldə etdikləri 185 manat pulun 85 manatını İlkinə vermişdir. O, özünə çatan 100 manat pulu “Million” aparatı vasitəsilə kazino oyunundakı hesabına yükləmiş və yenə bütün pulları oyunda uduzmuşdur. İlkin də ona qalan pulun 20 manatını oyuna qoyub uduzmuş, qalan hissəsini isə şəxsi ehtiyaclarına xərcləmək üçün saxlamışdır. Nərimanov RPİ-nin 16-cı PBdə izahat verərkən onunla birlikdə oğurluq edən şəxsin adının Orxan olduğunu bildirsə də, həmin şəxsin adı İlkindir. İlkinin atasının adını, soyadını, telefon nömrəsini bilmir. Ancaq onunla tanış olarkən özünü ona “Orxan” adı ilə tanıtmışdır. Ona əsl adının İlkin olsa da, tanışları arasında “Orxan” adı ilə tanındığını bildirmişdir. Bildiyinə görə İlkin Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən “İdrak” liseyinin arxa hissəsində yerləşən yataqxanada yaşayır. Oğurladığı saatı satdıqları Kamil adlı şəxsin anket məlumatlarını və əlaqə nömrəsini bilmir. O mağazanın salonunda olarkən, İlkin bir neçə dəfə ona yaxınlaşmış və aralarında danışıq olmuşdur. Birinci dəfə yaxınlaşanda o, İlkinə vitrində olan saatı oğurlamaq istədiyini, İlkin isə ona saatın qiymətli olduğunu və yaxşı pula sata biləcəyini demişdir. İlkin mağazada olan satıcıların başını qatdığından onun mağazada oğurluq etməsini görən olmamışdır. Əməlindən peşmandır, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəmişdir. Yekunda məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, hazırda Binəqədi rayonu, Svetlana Məmmədova küçəsi 107 ünvanında qeydiyyatda olan “xxxx” MMC-də hüquqşünas vəzifəsində işləyir. “xxxx” MMC Azərbaycan Respublikasının ərazisində elektronika avadanlıqlarının satışı ilə məşğul olur. “xxxx” MMC-nin respublikanın ərazisində çoxsaylı “Kontakt Home” əmtəə nişanlı mağazaları vardır və həmin mağazalarda müxtəlif çeşidli elektronik avadanlıqların və əşyaların satışı ilə məşğul olur. xx.xx.2020-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 143A ünvanında fəaliyyət göstərən “xxxx” MMC-yə məxsus “Kontakt Home” mağazasının vitrinindən “Apple Watch 3.42 mm” modelli “SGJ9ZKCSDJ5X4” seriyalı 799,99 manat qiymətində 01 ədəd qol saatı gizli olaraq mağazaya müştəri qismində gəlmiş şəxs tərəfindən oğurlanmışdır. “xxxx” MMC-yə dəymiş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir. Buna dair müvafiq sənədi məhkəməyə təqdim edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələblərinin olmamasınıı bildirdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx xxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Nərimanov rayonu, Azadlıq prospekti 143A ünvanında yerləşən “Kontakt Home” mağazasıdır. “Kontakt Home” mağazası 2 tərəfli asfalt örtüklü avtomobil yolunun kənarında yerləşməklə 1 mərtəbədən ibarətdir. Mağazanın qarşısında piyada yolu vardır. Baxış zamanı Təqsirləndirilən şəxs “Apple Watch” markalı qol saatının oğurladığı yeri göstərmişdir. Belə ki, Təqsirləndirilən şəxs qol saatını “Kontakt Home” mağazasının telefonların və saatların satış şöbəsində olan dolabın içərisindən oğurlamışdır. Qeyd olunan şöbə mağazanın giriş qapısının sağ tərəfində yerləşir. Oğurlanmış olan saat dairəvi şəkilli 2 mərtəbəli ağ rəngli dolabın içərisində olmuşdur; “Tutma haqqında” xx xxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; “Müşahidə kamerasının qeydə alındığı görüntülərə baxış keçirilməsi haqqında” xx xxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı X5 icraatında olan ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi X6 və tərcüməçisi X3 iştirakları ilə “xxxx” MMC-dən xx.xx.2020-ci il tarixli, 640/2020 nömrəli məktubla daxil olmuş, həmin MMC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 143A ünvanında fəaliyyət göstərən “Kontakt home” mağazasının müşahidə kameralarının qeydə aldığı görüntülərin əks olunduğu 01 ədəd DVD-R diskə Nərimanov RPİ-nin inzibati binasındakı xidməti otaqda “HP” markalı kompyuterdə baxış keçirtmişdir. Baxış zamanı müyyən edildi ki, video görüntülərin əks olunduğu “DVD-R” diskdə “Kontakt Home” mağazasının müşahidə kameralarının qeydə aldığı video görüntü vardır. Diskdəki “Kontakt Home” mağazasının müşahidə kamerasında qeydə alınmış video görüntülərə və görüntülərin alt hissəsindəki yazılara baxış zamanı müəyyən edildi ki, diskdəki görüntülər 02 dəqiqə 23 saniyə ərzində həmin mağazada olan şəxslərin hərəkətlərini özündə əks etdirir. Diskə baxış zamanı məlum olur ki, əynində ağ boyunluqlu qara rəngli gödəkçə olan bir nəfər kişi mağazanın satış zalının ortasında olan açıq vitrinə satış üçün qoyulmuş əşyalara baxır. Bu vaxt ona əynində cins materiallı gödəkçə olan ikinci kişi yaxınlaşır. Əynində qara rəngli gödəkçə olan kişi digər kişi ilə aralarında danışır və bu vaxt vitrində olan əşyalardan birini əlinə alır və əlində baxmağa başlayır. Bundan sonra əynində cins gödəkçə olan kişi ondan aralanır və qısa müddətdən sonra yenidən ona yaxınlaşır. Əynində qara rəngli gödəkçə olan kişi vitrindən götürüb əlində tutduğu əşyanı ona göstərir. Bundan sonra əynində cins gödəkçə olan kişi yenidən kənarlaşır. Qısa müddət sonra əynində qara rəngli gödəkçə olan kişi vitrindən götürdüyü əşya ilə mağazadan çıxır. Baxış zamanı Təqsirləndirilən şəxs bildirdi ki, videomüşahidə kamerasında görünən əynində ağ boyunluqlu qara rəngli gödəkçə olan şəxs odur, əynində cins materialdan gödəkçə olan şəxs isə onunla birlikdə mağazaya girmiş İlkin adlı şəxsdir. O, xx.xx.2020-ci il tarixdə saat 15 radələrində İlkin adlı şəxslə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 143A ünvanında fəaliyyət göstərən “Kontakt Home” mağazasına oğurluq etmək məqsədi ilə daxil olaraq, satış salonundakı vitrindən bir ədəd qol saatını oğurladıqdan sonra, onu səhəri gün 185 manata sataraq pulunu İlkinlə aralarında bölmüşlər; “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; “MSY-dən azad etmə haqqında” xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Nərimanov RPİ-nin MSY-də saxlanılan Təqsirləndirilən şəxs saxlandığı Nərimanov RPİ-nin MSY-dən azad edilmişdir; “xxxx” MMC-nin 99/2020 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, “Apple Watch 3.42 mm” modelli saatın “Kontakt Home” mağazalar şəbəkəsində xx.xx.2020-ci il tarixə təklif edilən satış qiyməti 799,99 Azərbaycan manatı təşkil edir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, hüquqi şəxs “xxxx” MMC-nin iş üzrə zərərçəkmiş şəxs, onun müvəkkil etdiyi şəxs Nümayəndə isə hüquqi şəxs olan zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınması barədə qərar öz qüvvəsində saxlanılmış, zərərçəkmiş şəxsə dəymiş ziyan 799,99 manat hesablanmış və dəymiş ziyanın 300 manatının ödənildiyi nəzərə alınmışdır. İşdə olan 1 ədəd “CD” disk iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və zərfdə saxlanılmaqla cinayət işinə əlavə edilmişdir; “xxxx” MMC-nin xx.xx.2021-ci il tarixli, 27/2021 nömrəli məktubundan görünür ki, adı çəkilən MMC-yə dəymiş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs barəsində hal-hazırda heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi təqsirləndirilən şəxsin etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Həmin qərarın 11-ci bəndində qeyd edilir ki, CM-in 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-in 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-in 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. CM-in 177.2.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, CM-in 59-cu maddəsini rəhbər tutaraq təqsirləndirilən şəxsə cəza təyin edərkən, aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: törətdiyi əməli etiraf edib əməlindən peşman olmasını; himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını (əsas: iş materiallarında olan AZE seriyalı 11105627 nömrəli şəxsiyyət vəsiqəsinin surəti); zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanı tam şəkildə ödəməsini və zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayət və tələbinin olmamasını. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün (19-xx xxxxxxx 2020-ci il), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut - 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır (CPM-132). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq müddətində və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X7 və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X8 tərəfindən təqdim edilmiş hesabatı iş materialları ilə qarşılıqlı surətdə nəzərdən keçirərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə 80 (səksən) iş saatının sərf edilməsi ilə razılaşmayaraq həmin müddəti ağlabatan hesab etmir və bu müddətin 10 (on) iş saatı olması qənaətinə gəlir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı müdafiəçi X6 iştirak etdiyi 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. X8 tərəfindən ibtidai istintaq müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut - 01 ədəd CD disk cinayət işinin materiallarında saxlansın. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №1(005)-90/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-90/2021
11.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver