Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-91/2025 05.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 qızının Zərərçəkmiş şəxs, vəkili və nümayəndəsi 33 saylı vəkil bürosunun vəkili X2 oglunun iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, evli, ali təhsilli, "xxxx" studiyasında rejisor işləyən, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam’' qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.1 və 127.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oglu qəsdən xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərər vurmuş və xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə saat 19 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bunyadov prospekti 58 ünvanında Zərərçəkmiş şəxs avtomobili idarə edərkən azyaşlıya qarşı qəza şəraiti yaratmasına görə Zərərçəkmiş şəxs kobud, təhqiredici tərzdə irad tutduqdan sonra, Zərərçəkmiş şəxs da ona kobud tərzdə cavab qaytarmasını cüzi səbəb kimi bəhanə edərək ictimai qaydanı, insanlar arasında bərqərar olmuş davranış qaydalarını və etik nomaları kobud surətdə pozaraq özü və ətrafda olan cəmiyyətin digər üzvləri üçün ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfdən qəbul edilmiş elementar davranış, əxlaq, mənəviyyat normalarını pozub cəmiyyətin üzvünün mənafeyinə toxunan hərəkətlər etməklə cəmiyyətə açıqca hörmətsiz ifadə edib xuliqanlıq niyyəti, yəni özünü qeyri müəyyən şəxslərin şüurunda müstəsnə şəxsiyyət olmasını, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək məqsədi ilə Zərərçəkmiş şəxs hücum edərək yumruğu ilə burun nahiyəsinə zərbə endirib zor tətbiq etməklə ona Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün orta 1/3-nin yerdəyişən, proksimal hissədə yerdəyişməyən iki ədəd qapalı sınıqları, burunun yumşaq toxumalarının şişkinlik halında əzilməsi, sağ və sol gözaltı nahiyələrinin qançırları kimi dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirib qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, işlədiyi «Kanal S» studiyası Bakı şəhəri, Nərimanov rayonu, M.F.Axundzadə 41/47 ünvanda yerləşir. xx.xx.2024-cü ildə saat 19 radələrində işdən çıxıb evə gedərkən yolda qarşıda bir qadının azyaşlı övladı ilə yolu keçməsini, lakin «Mitsubshi» markalı avtomobilin onlara yaxınlaşmasını, avtomobilin sürücüsünün isə sükan arxasında telefondan istifadə edərək diqqətini yoldan yayındırmasını görmüşdür. Qadın qışqırandan sonra sürücü təcili tormoz sistemini işə salıb avtomobili saxlamışdır. Qadın sürücüyə diqqətsiziliyinə və uşağı az qala vurmasına görə iradını bildirmiş və çıxıb getmişdir. Təqsirləndirilən şəxs həmin qadının və uşağının arxasınca gəldiyindən hadisəni görmüşdür. Qadın övladı ilə getdikdən sonra sürücü Kamrana müraciət edib nə baş verdiyini soruşmuşdur. Kamran sürücüyə fikri telefonda qaldığından, az qalsın uşağı avtomobillə vuracağını bildirmişdir. Sürücü isə «sən kimsən ki, mənə irad tutursan, ağıl verirsən» cavabını vermişdir. Təqsirləndirilən şəxs ağıl vermədiyni, sadəcə baş verənləri və diqqətli olmağını bildirdiyini söyləmişdir. Sürücü isə əvəzində onu nəlayiq sözlərlə təhqir etmişdir. Onun hərəkətlərindən bir anda əsəbləşib sürücü tərəfdən avtomobilə yaxınlaşmış və pəncərə açıq olduğundan yumruqla onun burun nahiyəsinə zərbə endirmişdir. Təqsirləndirilən şəxs əməlindən peşman olduğu üçün iş yerinə qayıdıb yoldaşlarına hadisə barədə danışmış, həmin şəxsdən üzr istəmək qərarına gəlmişdir. İş yoldaşları və özü yaxınlaşıb ondan üzr istəmiş, peşman olduğunu, əsəbləşib vurduğunu bildirmişdir. Həmin şəxs isə ona aqressiv cavab vermişdir. Onun əsəbi olduğunu başa düşüb oradan uzaqlaşmışdır. Zərərçəkmiş şəxs yumruqla vurmuş, əlində heç bir predmet və ya daş olmamışdır. Mübahisəyə və Zərərçəkmiş şəxs vurmasına səbəb sonuncunun onu təhqir etməsi olmuşdur. Etdiyi əməldən peşmandır. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərmişdir ki, baş vermiş hadisə ictimai yerdə, gediş-gəliş olan yerdə baş vermiş, onun yanında Tapdıq, Orxan adlı şəxslər olmuş, hadisə təxminən 20 dəqiqə davam etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 19 radələrində idarə etdiyi «Mitsubishi Pajero» markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilində arvadı ilə birlikdə yaşadığı ünvana gələn zaman həyətdə yerləşdirilən məişət tullantıları qutuları və dayanmış vəziyyətdə avtomobillər olduğundan yol daraldığı üçün həmişə olduğu kimi avtomobili saxlayıb piyadaların yolu keçməsinə şərait yaratmışdır. Yolu keçən şəxslərin arasında bir azyaşlı da olmuşdur. Həmin azyaşlının avtomobillə vurulmasına heç bir təhlükə olmamışdır. Avtomobil dayanmış olmuşdur. Həmin şəxslər avtomobilin yanından keçib getdikdən sonra bir qadın yaxınlaşıb «müəllim uşaq gəlirdi, gördünüz»- deyə soruşmuşdur. Zərərçəkmiş şəxs da ona azyaşlını gördüyünü demişdir. Qadın avtomobilin yanından uzaqlaşıb getdikdən sonra, bir nəfər təxminən 25-30 yaşlarında olan oğlan, sonradan adının Təqsirləndirilən şəxs avtomobilin sol tərəfindən təxminən 3-4 metr məsafədən ona səslənərək “korsan, uşağın gəldiyini görmürsən? Avtomobili sürə bilmirsən sürmə»- deyib onunla kobud danışmışdır. Həmin oğlana cavabında «gələnlərin hamısını görürəm buna görə avtomobili saxladım. Sən mənim oğlum yerindəsən niyə mənimlə belə danışırsan» cavabını vermişdir. Bundan sonra avtomobili sürüb getmək istəyəndə həmin şəxs ani bir anda qəfildən, heç bir səbəb olmadan üz nahiyyəsinin sol tərəfindən yumruğu ilə bir dəfə güclü zərbə endirmişdir. Həmin vaxt o sükan arxasında əyləşmişdir. Bir anlıq özünü itirmiş, lakin avtomaşını tərk etməmiş və şikayət etmək üçün DİN-nin 102-xidmətinə zəng edib məlumat vermişdir. Təqsirləndirilən şəxs yaxınlaşanda əlində nəsə var idi, lakin sonradan əlini arxasına aparıb əlindəki daşı kənara atmasını görmüşdür. Təqsirləndirilən şəxs onu vurarkən arvadı avtomobildə qabaq oturacaqda oturmuşdur. O hadisənin şahidi olmuşdur. Hazırda şikayətçidir. Verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs onu 2ci dəfə də vurmaq istəmiş, lakin oraya toplaşan adamlardan kimsə qışqırdığı üçün o, geri qayımışdır. Ondan soruşmuşdur ki, “niyə məni vurdun, Kamran isə ona yaxşı eleməşəm vurmuşam” demişdir. Hadisə olan yer yol qovşağıdır, həyətə axın olan yer oldugundan hadisə yerinə çoxlu insanlar toplaşmış, hadisə yarım saatdan çox davam etmiş və yol bağlı qalmışdır. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs mülki iddia ərizəsi verərək Təqsirləndirilən şəxs maddi zərər görə 2.630 manat, mənəvi zərər görə 200.000 manat, cəmi 202.630 manatın onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 19 iyun 2024-cü ildə saat 19 radələrində əri Zərərçəkmiş şəxs avtomobilində evlərinə gələrkən binanın həyətinə daxil olmağa az qalmış Elxan yol dar olduğu üçün avtomobili saxlayaraq piyadalara yol vermişdir. Həmin yolun sağ tərəfindən məişət tullantıları baklarının yanında iki avtomobil dayandığından həmin yerdən keçməyə maneə var idi. Bu zaman bir qadın yaxınlaşmış və «bizi görmürsən»- deyə müraciət etmişdir. Elxan ona gördüyünü, ona görə avtomobili saxladığını bildirmişdir. Qadın uşaqla keçib gedəndən sonra şadlıq sarayının darvazasının qarşısında dayanmış, təxminən 30-35 yaşlarında bir oğlan Elxana qışqıraraq: «korsan, avtomobil sürə bilmirsən sürmə. Sənin kimi adam maşın sürməməlidir»- demişdir. Elxan ondan nə baş verdiyini soruşmuş və irad tutaraq bildirmişdir ki, «səndən böyük oğlum var, bəlkə də atan yaşındayam. Ayıb deyil, mənimlə bu tərzdə danışırsan». O da yoldaşına demişdir ki, fikir vermə. Bu zaman Elxan maşında əyilib ki, pultu götürsün, şlaqbaunu açsın. Anidən həmin oğlan gözlənilmədən, heç bir səbəb olmadan Elxanın sifət nahiyəsindən yumruqla güclü zərbə endirmişdir. Elxan özünü itirmiş, zərbənin təsirindən burnundan qan açılmışdır. Həmin şəxs zərbəni endirdikdən sonra geri çəkilmiş və həmin an onun əlindən daşı atdığını görmüşdür. O daşı sol tərəfdən duran avtomobilə tərəf atmışdır. Elxan ondan nə üçün belə hərəkət etməsinin səbəbini soruşanda, həmin şəxs «yaxşı eləmişəm» deyə cavab vermişdir. Elxan ona “sən həyatının ən böyük səhvini eledin” demiş və Kamranın, hadisə yerinin fotoşəkillərini çəkmişdir. O, bir daha Elxanın üstünə gəlmək istəsə də ətrafda toplaşmış adamlar buna imkan verməmiş və Elxan DİN-nin 102 xidmətini zəng etmişdir. Elxanın burnundan qan axdığından onu xəstəxanaya aparmış və orada burnundan cərrahi əməliyyat aparılmışdır. Sözlü mübahisə zamanı Elxan onu təhqir etməmişdir. O, Elxanla kobud danışıb təhqir etdiyinə görə Elxan ona irad tutmuşdur. Kamranın daş götürməsini görməmiş, lakin daşı əlindən atmasını görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Atatürk prospektində 41/47 ünvanda yerləşən «Kanal S» studiyanın binası ona məxsusdur. xx.xx.2024-cü ildə təxminən saat 16-17 radələrində studiyanın həyətində dostu Elnurla dayanmışdır. Elnur ona küçədə deyəsən mübahisə, dalaşma olmasını bildirəndən sonra, səs-küyə studiyanın həyətindən çıxmışlar. Studiyanın ərazisindən çıxanda «Pajero» markalı dayanmış vəziyyətdə olan avtomobili və burnu qanamış sürücüsünü, əvvəlcədən tanıdığı Kamranı görmüşdür. Kamrandan nə baş verdiyini soruşanda o «Pajero» markalı avtomobilin sürücüsü avtomobili idarə edərkən az qala azyaşlı uşağı vurmasını, bu səbəbdən ona irad tutanda sürücü onu nəlayiq sözlərlə təhqir etdiyi üçün onu yumruqla vurduğunu söyləmişdir. Bundan sonra o studiyanın həyətinə qayıtmışdır. Hadisənin necə baş verdiyini görməmişdir. Kamranın əlində daş və ya başqa predmet, eləcə də əlindən daş və ya başqa predmet atmasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Tapdıq qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun illərdir ki, tanıyır. Belə ki, Lider televiziyasında da bir yerdə işləmişlər. Hadisə olan gün o işdə olsa da, hadisənin birbaşa şahidi olmamışdır. Hadisə baş verəndən sonra səs-küyə hadisə yerinə gəlmiş və orada Kamranı görmüşdür, hadisəni ona danışmışlar ki, məhlədən maşın keçərkən maşının qabagından ana və uşaq keçirmiş. Maşın uşaq və anaya toxuna bilərdi, bu səbəbdən maşının sürücüsü və Kamran arasında insident baş vermişdir. İlk olaraq Elxan müəllimin yanına o getmiş, üzrxahlıg edib üzr istəmiş, Kamranın bağışlanmasını xahiş etmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, onun ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Hadisə yerinə baxış keçirilməsi haqqında 19 iyun 2024-cü il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bunyadov prospekti 58 ünvanında baş vermişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi" Publik Hüquqi şəxs Nərimanov rayon şöbəsindən verilmiş 729 nömrəli xx.xx.2024-cü il tarixli ekspert rəyində müəyən edilmişdir: 1965-ci il təvəllüdlü Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər-burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün orta 1/3-nin yerdəyişən, proksimal hissədə yerdəyişməyən iki ədəd qapalı sınıqları, burunun yumşaq toxumalarının şişkinlik halında əzilməsi, sağ və sol gözaltı nahiyələrinin qançırlar-küt əşyanln təsirindən törənmişdir, qərarın təsviri hissəsinsə qeyd olunan 19 iyun 2024-cü il tarixdə və şəraitdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmaya aiddir. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan övladı vardır. İşdə olan “Respublika Psixiatriya xəstəxanası”nın verdiyi 12740 saylı, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada müalicədə olmamışdır. İşdə olan "xxxx" MMC-nin verdiyi 60 saylı, xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs iş yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayıb. “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 127.2.3-cü maddəsinə Zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə- bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 221.1-ci maddəsinə əsasən Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər—min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə verilən ittihamdan göründüyü kimi o, xx.xx.2024-cü ildə saat 19 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bunyadov prospekti 58 ünvanında Zərərçəkmiş şəxs avtomobili idarə edərkən yolu keçən azyaşlıya qarşı qəza şəraiti yaratmasına görə Zərərçəkmiş şəxs kobud, təhqiredici tərzdə irad tutduqdan sonra, Zərərçəkmiş şəxs da guya ona kobud tərzdə cavab qaytarmasını cüzi səbəb kimi bəhanə edərək ictimai qaydanı, insanlar arasında bərqərar olmuş davranış qaydalarını və etik nomaları kobud surətdə pozaraq özü və ətrafda olan cəmiyyətin digər üzvləri üçün ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfdən qəbul edilmiş elementar davranış, əxlaq, mənəviyyat normalarını pozub cəmiyyətin üzvünün mənafeyinə toxunan hərəkətlər etməklə cəmiyyətə açıqca hörmətsiz ifadə edib xuliqanlıq niyyəti, yəni özünü qeyri müəyyən şəxslərin şüurunda müstəsna şəxsiyyət olmasını, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək məqsədi ilə Zərərçəkmiş şəxs hücum edərək yumruğu ilə burun nahiyəsinə zərbə endirib zor tətbiq etməklə ona Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün orta 1/3-nin yerdəyişən, proksimal hissədə yerdəyişməyən iki ədəd qapalı sınıqları, burunun yumşaq toxumalarının şişkinlik halında əzilməsi, sağ və sol gözaltı nahiyələrinin qançırları kimi dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirib qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Cinayət Məcəlləsinin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Xuliqanlığın əsas tərkibini təsbit edən CM-in 221.1-ci maddəsinin dispozisiyasından, “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011 -ci il tarixli qərarlarından, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında xuliqanlıq cinayətinə verilmiş təfsirdən aydın olur ki, xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndində izah edilmişdir ki, CM-in xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür; 3-cü bəndinə əsasən məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilmişdir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda CM-in şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər; Məhkəmə hazırki cinayət işi üzrə cinayət əməlinin baş verdiyi ünvan, hadisənin, habelə təqsirləndirilən şəxsin hərəkətlərinin törədilmə şəraiti və mexanizmini, təqsirkarın niyyətini, motiv və məqsədi kimi halları, o cümlədən hadisənin ictimai yerdə insanların gediş-gəliş yolunda baş verməsi, təxminən yarım saatdan artıq davam etməsi, bu vaxt ərzində yolun bağlı qalmasını, oraya səs-küyə insanların toplaşmasını və heç bir əsaslı səbəb olmadan ətrafdakı insanların gözü qarşısında Elxan Süleymanova yumruğu ilə zərbə endirməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-in 221.1 və 127.2.3-cü maddələrinin tərkib hissəsi vardır və əməl düzgün olaraq CM-nin qeyd olunan maddələri ilə tövsif edilmişdir. Hadisənin məhkəmə istintaqında müəyyən olunan və yuxarıda təsvir olunan mexanizmindən göründüyü kimi, Təqsirləndirilən şəxs, tərəfindən öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafdakıların qanuni mənafelərinə toxunan, həmçinin ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı- ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 5-ci bəndinə əsasən məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə, onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında, həm də CM-in 221-ci maddəsilə tövsif olunmalıdır. Belə ki, xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 127.2.3 və 221.1-ci maddələri ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayəti qismən etiraf etməsi, əməlindən peşman olmasını, himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır: İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti cəza müəyyən edilməli (CM-66.2), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı(CPM-in 158.2.1, 158.6,), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli, seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Mülki iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. CPM-in: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir; 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır; 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır; 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün orta 1/3-nin yerdəyişən, proksimal hissədə yerdəyişməyən iki ədəd qapalı sınıqları, burunun yumşaq toxumalarının şişkinlik halında əzilməsi, sağ və sol gözaltı nahiyələrinin qançırları kimi dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətəri yetirilməsinə səbəb olan cinayət hadisəsi baş vermişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianın maddi ziyan hissəsi işdə olan ödəniş qəbzləri nəzərə alınmaqla təmin edilməli, təqsirləndirilən şəxsdən vurulmuş maddi zərərə görə 1700 (min yeddi yüz) maddi ziyan zərərçəkmiş şəxsin xeyrinə tutulmalıdır. Mülki iddianın mənəvi ziyanla bağlı hissəsinə dair məhkəmə qeyd edir ki: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Beləliklə, zərəçəkmiş şəxs (mülki iddiaçı) tərəfindən maddi ziyan və əldən çıxmış faydanı təsdiq edən sübutlar təqdim edilmədiyindən, mülki iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarında qeyd olunur ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Qərarda həmçinin qeyd olunur ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hisləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hislərlə ağır mənəvi sarsıntı və iztirab hislərini fərqləndirməlidirlər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərarın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və X1 haqqında” Konvensiyanın 41-ci maddəsinə, habelə digər normalarına əsaslanaraq mənəvi zərərin müəyyən edilməsinə dair müvafiq təcrübə formalaşdırmışdır. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Avropa Məhkəməsi “Varnava və digərləri Türkiyəyə qarşı iş” üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyri-müəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Göründüyü kimi, “İnsan Hüquqlarının və X1 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətəri yetirilmə ilə bağlı ona mənəvi ziyan dəyməsi, yuxarıda təsvir olunan hallar da nəzərə alınmaqla, danılmazdır. Bu baxımdan ona dəyən mənəvi ziyana görə cavabdehdən (təqsirləndirilən şəxsdən) pul tutulması tələbi əsaslıdır. Lakin, məhkəmə, mülki cavabdehin də əmlak vəziyyəti nəzərə alaraq tələb olunan mənəvi ziyan məbləğini ağlabatan və ədalətli hesab etmir. Bu baxımdan məhkəmə, mülki iddianın mənəvi ziyanla bağlı hissəsinin qismən təmin edilməsi qənaətinə gəlir. Məhkəmə mənəvi zərərin məbləgini 2.000 (iki min) manat müəyyən edir və hesab edir ki, həmin məbləg təqsirləndirilən şəxsdən tutulub zərərçəkənə ödənilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona CM-nin 221.1-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 127.2.3-cü maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs 1.700 (min yeddi yüz) manat maddi, 2.000 (iki min) manat mənəvi zərər, cəmi 3.700 (üç min yeddi yüz) manat tutulub Zərərçəkmiş şəxs ogluna ödənilsin. Qalan hissədə mülki iddia təmin edilməsin. Hökmdən elan edildiyi andan (həbsdə saxlanılan şəxsə təqdim edilən gündən) 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-91/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-91/2025
05.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver