Məhkəmə qərarları › İş №1(005)-92/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-92/2021

13.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-92/2021 13.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, ünvansız fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanının mövqeyinə əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq 47,452 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib üstündə saxlamaqla Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 5-ci döngədə yerləşən “Albalı” uşaq bağçasının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saat 17:45-də qeyd olunan ünvanda saxlanılaraq ünvan 3ş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarının ön sol cibindən iki ədəd kibrit qutusunda və əlindəki özünə məxsus qara rəngli dəri materiallı əl çantasından on iki ədəd kibrit qutusunda olmaqla cəmi 14 kibrit qutusunda ayrı-ayrılıqda çəkiləri 3,459 qram, 3,804 qram, 3,418 qram, 3,178 qram, 3,595 qram, 3,421 qram, 3,379 qram, 3,192 qram, 3,182 qram, 3,157 qram, 3,683 qram, 3,340 qram, 3,252 qram və 3,401 qram olmaqla ümumilikdə 47,452 qram çəkidə narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı ittiham elan olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, uzun müddətdir narkotik vasitə qurudulmuş marixuananı çəkmək yolu ilə qəbul edir. Saxlanılmamışdan təxminən 4 gün əvvəl Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi ərazisində üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən 300 manat müqabilində 15 kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana almış, həmin narkotik vasitənin bir kibrit qutusunu istifadə edib qalanlarını üzərində gəzdirməyə başlamışdır. Belə ki, kibrit qutularını saxlamağa etibarlı yer tapmadığına görə onları özünə məxsus əl çantasında gəzdirmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə saat 17:45 radələrində şəxsi işləri ilə əlaqədar Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən “Albalı” uşaq bağçasının yaxınlığında olarkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq üzərində şəxsi axtarış və götürmə aparılması üçün Baş İdarənin inzibati binasına dəvət edilmişdir. O, etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getmişdir. Baş İdarəyə gəldikdən sonra ona vəkil təqdim olunmuşdur. Bundan sonra ona qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etmə, daşıma və satışı ilə məşğul olmağında şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üstünə baxış keçiriləcəyi bildirilmişdir. O, buna etiraz etməyib şəxsi axtarış və baxış keçirilməsinə razı olduğunu bildirmişdir. Bundan sonra ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etsin. O, əynində olan göy rəngli şalvarının sol cibindən iki ədəd kibrit qutusunu və əlində olan qara rəngli əl çantasını masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra təqdim etdiyi əl çantasına baxış keçirilərkən o, çantasını açıb içindəki kibrit qutularını və özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Əl çantasındakı kibrit qutuları sayılmış və 12 ədəd olduğu məlum olmuşdur. Yəni, üzərindən və əl çantasından aşkar olunmuş kibrit qutularının sayının 14 ədəd olduğu müəyyən olunmuşdur. Kibrit qutularına baxış zamanı içərisində tünd yaşıl rəngli, ot şəkilli, spesifik iyli, narkotik vasitə olan marixuanaya bənzər maddələr olduğu müəyyən edilmişdir. O, kibrit qutularının içindəki maddələrin marixuana olduğunu təsdiq etmişdir. Üzərindən aşkar edilmiş 14 ədəd kibrit qutusunda narkotik vasitə olan marixuanaya bənzər maddələr onun iştirakı ilə bir ədəd zərfə qoyularaq möhürlənmiş və proses iştirakçıları tərəfindən həmin qablaşdırmanın üzəri imzalanmışdır. Sonda Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, narkotik vasitənin satışı ilə heç vaxt məşğul olmadığını, narkotik vasitəni yalnız özünün şəxsi istifadəsi üçün aldığını bildirərək, əməlinin CM-in 234.1-ci maddəsinə tövsif olunmasını və həmin maddə ilə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Baş İdarəyə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməsi, özündə saxlayaraq daşıması və satışı ilə məşğul olması bildirilmişdir. Alınmış məlumat barədə raportla rəhbərliyə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə xx xxxxxxxx 2020-ci il tarixli qərar çıxarılmış və həmin qərarın icra edilməsi ilə əlaqədar həmin günü saat 17:45 radələrində Təqsirləndirilən şəxs tədbir iştirakçıları tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 5-ci döngədə yerləşən “Albalı” uşaq bağçasının yaxınlığında saxlanılmış, üzərində şəxsi axtarış və götürmə aparılması üçün Baş İdarənin inzibati binasına dəvət edilmişdir. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil dəvət olunaraq şübhəli şəxsə təqdim olunmuşdur. Bundan sonra şübhəli şəxsə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etmə, özündə saxlayaraq daşıma və satışı ilə məşğul olmasında şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə onun üstünün və əynindəki paltarın yoxlanılacağı, üstündə olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etmədiyini, şəxsi axtarış və baxış keçirilməsinə razı olduğunu bildirmişdir. Şübhəli şəxs əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qəbul edilmiş qərarla tanış edildikdən sonra ona təklif edilmişdir ki, daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynində olan göy rəngli cins materiallı şalvarının ön sol yan cibindən iki ədəd kibrit qutusunu və əlində olan qara rəngli, dəri materiallı əl çantasını masanın üzərinə qoymaqla təqdim etmişdir. Ardınca Elvinə şalvarının ciblərini tam olaraq göstərməsi təklif edilmiş, şübhəli şəxs deyilənləri etmişdir. Lakin, Təqsirləndirilən şəxs üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Ardınca şübhəli şəxsin təqdim etdiyi əl çantasına baxış keçirilməsinə başlanmış, bu zaman Təqsirləndirilən şəxs əl çantasını açıb içindəki kibrit qutularını və özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etmiş, şəxsiyyət vəsiqəsi araşdırma zamanı əhəmiyyət kəsb etdiyindən saxlanılmışdır. Təqsirləndirilən şəxs əl çantasındakı kibrit qutuları sayıldıqda onların sayının 12 olması məlum olmuşdur. Təqsirləndirilən şəxs üzərindən və əl çantasından aşkar olunmuş 14 ədəd kibrit qutularına baxış zamanı içərilərində tünd yaşıl rəngli, ot şəkilli, spesifik iyli, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddələr olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs kibrit qutularının içindəki maddələrin narkotik vasitə marixuana olduğunu təsdiq etmiş, həmin narkotik vasitə olan marixuananı təxminən 3 gün əvvəl Yasamal rayonu ərazisindən 300 manat pul verməklə aldığını və kibrit qutularının sayının 15 ədəd olduğunu, birini istifadə edib, qalanlarını üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin kibrit qutularını saxlamağa etibarlı yer tapmadığına görə onları əl çantasında gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 14 ədəd kibrit qutusunda narkotik vasitə olan marixuanaya bənzər maddələr müvafiq ekspertiza tədqiqatına təqdim olunması üçün özünün iştirakı ilə 01 ədəd zərfdə qablaşdırılaraq DİN-nin 6 saylı möhürü ilə möhürlənmiş, Təqsirləndirilən şəxs də iştirakçılarla birlikdə həmin qablaşmanın üzərinə imza etmişdir. Bundan sonra keçirilən baxışla əlaqədar protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunduqdan sonra heç bir əlavə, vəsatət və şikayət daxil olmadığından tərəflərindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 iş üzrə digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı X8, əməliyyat müvəkkilləri X5, Şahid1, X4, şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə protokol tərtib etmişdir. Daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməsi, özündə saxlayaraq daşıması və satışı ilə məşğul olması bildirilmişdir. Alınmış məlumat barədə raportla BMCMİ-nin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə xx xxxxxxxx 2020-ci il tarixli qərar çıxarılmış və həmin qərarın icra edilməsi ilə əlaqədar həmin günü saat 17:41 radələrində Təqsirləndirilən şəxs tədbir iştirakçıları tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 5-ci döngədə yerləşən “Albalı” uşaq bağçasının yaxınlığında saxlanılmış, üzərində şəxsi axtarış və götürmə aparılması üçün Baş İdarənin inzibati binasına dəvət edilmişdir. Baş idarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X3 dəvət olunaraq şübhəli şəxsə təqdim olundu. Təqsirləndirilən şəxs hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etirazı olmadığını bildirdi və onlara konfidensial ünsiyyət saxlamaq üçün şərait yaradıldı. Onlar konfidensial ünsiyyət saxladıqdan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edildi, həmçinin ona hüquq vəzifələri izah edildi. Bundan sonra şübhəli şəxsə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etmə, özündə saxlayaraq daşıma və satışı ilə məşğul olmasında şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə onun üstünün və əynindəki paltarın yoxlanılacağı, üstündə olan əşyalara baxış keçiriləcəyi bildirildi. O, buna etiraz etmədiyini, şəxsi axtarış və baxış keçirilməsinə razı olduğunu bildirdi. Şəxsi axtarış və götürmə xx.xx.2020-ci il tarixdə, saat 19:00-da “İphone” markalı mobil telefon aparatı vasitəsilə videoçəkliş aparılmaqla həyata keçirilməyə başlanıldı. Şübhəli şəxs əməliyyataxtarış tədbirinin keçirilməsi haqqında qəbul edilmiş qərarla tanış edildi, onunla aparılacaq söhbətlər və hərəkətlər zamanı videoçəkilişdən istifadə ediləcəyi bildirildi. Şübhəli şəxs etiraz etmədikdən sonra qərara əsasən ona təklif edildi ki, daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynində olan göy rəngli cins materiallı şalvarının ön sol yan cibindən 02 ədəd kibrit qutusunu və əlində olan qara rəngli, dəri materiallı əl çantasını masanın üzərinə qoymaqla təqdim etdi. Ardınca şübhəli şəxsə şalvarının ciblərini tam olaraq göstərməsi təklif edildi. Şübhəli şəxs deyilənləri etdi, üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmadı. Ardınca şübhəli şəxsin təqdim etdiyi əl çantasına baxış keçirilməyə başlandı. Şübhəli əl çantasını açıb içindəki kibrit qutularını və özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etdi. Şəxsiyyət vəsiqəsi araşdırma zamanı əhəmiyyət kəsb etdiyindən saxlanıldı. Əl çantasındakı kibrit qutuları sayıldı və 12 ədəd olduğu məlum oldu. Təqsirləndirilən şəxs üzərindən və əl çantasından aşkar olunmuş kibrit qutularının sayının 14 ədəd olduğu məlum oldu. Kibrit qutularına baxış zamanı içlərində tünd yaşıl rəngli, ot şəkilli, spesifik iyli, narkotik vasitə olan marixuanaya bənzər maddələr olduğu məlum oldu. Şübhəli şəxs kibrit qutularının içindəki maddələrin marixuana adlı narkotik vasitə olduğunu təsdiq etdi. Şifahi sorğu zamanı şübhəli Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuananı təxminən 3 gün əvvəl Yasamal rayonu ərazisindən 300 manat pul verməklə aldığını və kibrit qutularının sayının 15 ədəd olduğunu, birini istifadə edib qalanlarını üzərində gəzdirdiyini bildirdi. Təqsirləndirilən şəxs həmçinin kibrit qutularını saxlamağa etibarlı yer tapmadığına görə əl çantasında gəzdirdiyini bildirdi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 14 ədəd kibrit qutusunda narkotik vasitə olan marixuanaya bənzər maddələr müvafiq ekspertiza tədqiqatına təqdim olunması üçün özünün iştirakı ilə müvafiq qaydada 01 ədəd zərfdə qablaşdırılaraq DİN-nin 6 saylı möhürü ilə möhürləndi və Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etdilər. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə xx.xx.2020-ci il tarixdə, saat 19:20-də başa çatdı və videoçəkiliş dayandırıldı. Bundan sonra baxış keçirilməsinin nəticəsinə dair protokol tərtib olundu, protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 7/675 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazısı və imzalar olan kağız paketdəki 14 (on dörd) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri: 3,450 qram, 3,804 qram, 3,418 qram, 3,178 qram, 3,595 qram, 3,421 qram, 3,379 qram, 3,192 qram, 3,182 qram, 3,157 qram, 3,683 qram, 3,340 qram, 3,252 qram və 3,401 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, ümumi çəkisi 47,452 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Marixuanın ümumi çəkisi - 47,452 qram, tədqiqata istifadə olundu - 0,28 qr., (hər obyektdə - 0,02 qram), qalıq - 47,172 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 69,82 (altmış doqquz manat səksən iki qəpik) manat təşkil edir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1145/2020 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmışdır; “Maddi sübut hesab edilməsi haqqında” xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə aşkar olunub götürülmüş, tədqiqatdan sonra qalıq qalan 14 ədəd kibrit qutusunda ümumi çəkisi 47,172 qram olan narkotik vasitə qurudulmuş marixuana iş üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; “Telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” xx xxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi, polkovnik-leytenantı X6 CM-in 234.2-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə xx xxxxxxx 2020-ci il il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasının 314 nömrəli xidməti otağında “xxxx” MMC-dən daxil olmuş xx xxxxxxx 2020-ci il tarixli BKC7LGL-20083/20 nömrəli məktubla daxil olan 01 ədəd CD diskdə olan məlumatlara baxış keçirmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ***-***-**-** nömrəli mobil telefon nömrəsindən istifadə etmişdir. Qeyd olunan nömrənin müxtəlif mobil telefon nömrələri ilə arasında həm telefon danışıqları, həm də sms mətn yazışmaları olmuşdur. Məlumatlara baxış keçirilərkən cinayət işi üzrə əhəmiyyət kəsb edən hal aşkar olunmamışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx xxxxxx 2020-ci il tarixli, 3212 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi pereparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əsk göstərişi yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür; “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd kağız paketdə qablaşdırılan, tədqiqatdan sonra qalıq qalan 14 ədəd kibrit qutusunda ümumi çəkisi 47,172 qram olan narkotik vasitə qurudulmuş marixuananın iş üzrə maddi sübut hesab edilməsi və məhkəmənin hökmünə kimi Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılması barədə xx xxxxxxxx 2020-ci il tarixli qərar nəzərə alınmışdır. Cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd CD disk maddi sübut hesab edilmiş və cinayət işi materiallarında saxlanılmışdır. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun tərəfindən törədilmiş əməl tövsif edilərkən səhvə yol verilmişdir. Belə ki, CM-in 234.2-ci maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasinin qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Həmçinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli, 02 nömrəli Qərarının 9cu bəndində göstərilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmə qeyd edir ki, CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs narkotik vasitənin satış məqdəsi ilə qanunsuz olaraq əldə edib saxlaması ilə bağlı ittiham verilmişdir ki, bununla bağlı ilk növbədə təqsirləndirilən şəxsin məqsədinin məhz əldə etdiyi və üzərində daşıyaraq saxladığı narkotik vasitənin satmağa yönəldiyi sübuta yetirilməlidir. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananı məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edərək saxlaması sübuta yetirilmir. Məhkəmə istintaqında aparılan araşdırma zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni satmaq məqsədi ilə üstündə saxlaması birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunmur. Belə ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunan 47,452 qram narkotik vasitə qurudulmuş marixuana 14 ədəd kibrit qutularında olsa da, sonuncunun həmin narkotik vasitəni məhz satış məqsədi ilə üzərində saxlamasını təsdiq edən hər hansı hallar mövcud deyildir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs istifadə etdiyi mobil nömrə ilə ötürülən məlumatlara baxış keçirilməsi zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir halın aşkar olunmaması müəyyən edilmişdir. Bundan başqa iş üzrə Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib daşımasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması kimi hallar da mövcud deyildir. Həmçinin, Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində üzərində daşıdığı narkotik vasitəni satış məqsədi ilə deyil, öz istifadəsi üçün əldə edib üzərində saxladığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx xxxxxx 2020-ci il tarixli, 3212 nömrəli rəyi ilə də Təqsirləndirilən şəxs çətənə bitkisi pereparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyinin aşkar olunması, onun narkomaniya xəstəliyindən əziyyət çəkməsi və məcburi müalicəyə ehtiyacı olması öz təsdiqini tapır. Beləliklə, məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs ümumi çəkisi 47,452 qram olan marixuananı satış məqsədi ilə üzərində saxlaması qənaətinə yalnız bükümlərin sayına görə gəlmişdir. Halbuki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə üzərində saxlaması faktının müəyyən edilməsi üçün bükümlərlə yanaşı başqa sübutlar da mövcud olmalıdır ki, hazırki iş üzrə belə hallar müəyyən edilməmişdir. Yəni, məhkəmə istintaqı zamanı araşdırılan sübutlarla Təqsirləndirilən şəxs narkotik vasitə marixuananı satış məqsədi ilə üzərində saxlaması faktı sübuta yetirilməmişdir. Həmçinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli, 02 nömrəli Qərarının 9-cu bəndində də göstərildiyi kimi təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi ilə yanaşı başqa sübutlar da mövcud olmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məqsədinin narkotik vasitəni satmağa yönəldiyini təsdiq edən hər hansı sübut mövcud deyildir, yəni onun narkotik vasitəsini əldə edərək üzərində saxlamasının məhz satış məqsədi ilə edilməsi öz təsdiqini tapmır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs ehtimal və mülahizələrə əsaslanaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edərək üzərində saxlaması ilə bağlı ittiham verilmişdir ki, həmin ittiham əsasında məhkəmə Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsini mümkün hesab etmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidir; 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir; 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Beləliklə, məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, həmçinin Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərək, yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 47,452 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamasının satış məqsədi ilə olması öz təsdiqini tapmır, buna görə də o, şəxsi istehlak miqdarından artıq olan həmin narkotik vasitəni qanunsuz əldə edərək saxlaması ilə bağlı cinayət məsuliyyətinə cəlb olunmalı, yəni təqsirləndirilən şəxsin əməli CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması, onun etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sübutlarla tam sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 12-ci qrafasına əsasən narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə marixuananın təmiz çəkisi 47,452 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Beləliklə, məhkəmə hesab edir ki, CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: cinayəti etiraf etməsi və əməlindən peşman olmasını; ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; qeydiyyat yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xasiyyətnamə). İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs əməli CM-in 234.2ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli, o, CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6, CM-in 69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı (CM-in 93.1.2), iş üzrə maddi sübut - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan narkotik vasitə qurudulmuş marixuananın qalıq çəkisi məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-in 132-ci), məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra 14 kibrit qutusunda ümumi qalığı 47,172 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci 69,82 (altmış doqquz manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxs aldığı) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar