Məhkəmə qərarları › İş №1(005)-92/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-92/2022

12.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-92/2022 12.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1967-ci ildə Naxçıvan Muxtar Respublikası, Babək rayonunun Zeynəddin kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Naxçıvan Muxtar Respublikası, Babək rayonunun Zeynəddin kəndində qeydiyyatda olmaqla faktiki ünvan 1 ünvanında kirayə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs naməlum vaxtda və şəraitdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan özünün istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 1,904 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroini əldə edib üzərində saxlayaraq Bakı şəhəri Nərimanov rayonu, X9 küçəsi 123 saylı ünvana daşımış, 04 oktyabr 2021-ci il tarixdə, saat 19:10 dəqiqədə Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən göstərilən ünvanda şübhəli şəxs qismində saxlanılaraq 17-ci Polis Şöbəsinin inzibati binasına gətiriləndən sonra üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli cins şalvarın sağ yan cibində olan siqaret qutusunun içərisindən ayrı-ayrılıqda 0,712, 0,581 və 0,611 qram çəkilərdə, ümumi təmiz çəkisi 1,904 qram olmaqla 3 ədəd bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 02 oktyabr 2021-ci il tarixdə, saat 15 radələrində “28 may” metrostansiyasının yaxınlığında təsadüfən özünü Nazim adı ilə təqdim edən 40-45 yaşlarında kişi cinsindən olan şəxslə tanış olanda, ona narkotik vasitələrin istifadəçisi olduğunu bildirməklə, 20 manat pula ondan 3 ədəd bükümdə narkotik vasitə - heroin almış və həmin heroini istifadəsi üçün siqaret qutusunun içərisinə yerləşdirib əynindəki cins şalvarın sağ yan cibinə qoyaraq saxlamışdır. 4 oktyabr 2021-ci il tarixdə, saat 19:10 dəqiqədə Nərimanov rayonu, X9 küçəsi ilə təkbaşına piyada hərəkət edən zaman tanımadığı 2 şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edəndən sonra, onun şəxsiyyəti haqqında maraqlanmış və onunla şifahi sorğu-sual apararaq onlarla birlikdə Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə getməsini bildirəndə, çıxış yolu olmadığını dərk etdiyindən, polis əməkdaşları ilə birlikdə qeyd olunan şöbəyə getmişdir. Aradan 10-15 dəqiqə keçəndən sonra, otağa tanımadığı 1 mülki geyimli şəxs daxil olmuş, özünü təhqiqatçı kimi təqdim edən polis əməkdaşı həmin şəxsin vəkil olduğunu bildirərək ona hüquq və vəzifələrini izah edəndən sonra, üzərində olan əşyaları çıxarıb stolun üstündə qoymasını təklif edəndə, o, artıq hər bir şeyin polis nəkdaşlarına aydın olduğunu dərk etdiyindən və başqa çıxış yolu görmədiyindən, əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən özünə məxsus “Nokia” markalı mobil telefonu, içərisində narkotik vasitə-heroin olmaqla siqaretin gümüşü rəngli kağız parçasına bükülmüş və siqaret qutusuna yerləşdirilmiş 3 ədəd bükümü, həmin şalvarın sol yan cibindən içərisində özünə məxsus şəxsiyyət vəsiqəsi, 2 ədəd metro və 1 ədəd bonus kartı, 1 ABŞ dolları və 32 manat pul olan pul kisəsini çıxarıb könüllü onlara təhvil vermişdir. Həmin vaxt bükümlərin içərisində nəyin olduğu soruşulanda, səmimi olaraq bükümlərin içərisində narkotik vasitə-heroin olduğunu, həmin heroini 02 oktyabr 2021-ci il tarixdə əvvəllər tanımasa da, özünü ona Nazim adı ilə təqdim edən şəxsdən 20 manat pula əldə etdiyini və istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Təhqiqatçı orada iştirak edən şəxslərin iştirakları ilə protokol tərtib etmiş, həmin narkotik vasitə - heroini ekspertizaya göndərmək məqsədilə zərfə qoyaraq qablaşdırmış, möhürləmiş və orada olan şəxslərlə yanaşı o da protokolun düzgünlüyünü və zərfin üstünü imzası ilə təsdiq etmişdir. Həmin vaxt onun üzərindən narkotik vasitə - heroinin aşkar olunması prosesində videoçəkilişdən istifadə edilmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 04 oktyabr 021-ci il tarixdə, saat 19:10 radələrində şöbənin cinayət axtarış üzrə digər əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Nərimanov rayonu, X9 küçəsi 123 saylı ünvanda xidmət aparan zaman sonradan tanıdığı Təqsirləndirilən şəxs onları görüb davranışı ilə özünü şübhəli apardığından, ona yaxınlaşıb özlərini təqdim edərək şəxsiyyəti haqqında maraqlanmış, bu vaxt Təqsirləndirilən şəxs həyəcanlanıb verilən suallara qeyrimüəyyən cavablar verərək hərəkətləri ilə spirtli içki, narkotik vasitə və ya psixotrop maddənin təsiri altında olması təəssüratını yaratmış və sağ əlini əynindəki şalvarın sağ yan cibinə salıb yayınaraq oradan uzaqlaşmaq istəmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu güman edib onun üzərində narkotik vasitə, psixotrop maddə və ya güclü təsir edən digər maddələrin ola biləcəyindən şübhələndiklərindən, onun yayınaraq getməsinə imkan verməmiş və onu Nərimanov ayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə dəvət edəndə Təqsirləndirilən şəxs narazılıq etmədən və hər hansı etiraz bildirmədən onlarla birlikdə və müşayiətləri altında qeyd olunan şöbəyə getmişdir. Şöbədə bununla bağlı müvafiq raport yazandan sonra, araşdırmanm aparılması şöbənin təhqiqatçısı Mirsoltan Sarıyevə həvalə edildiyindən, müşayiətləri ilə Təqsirləndirilən şəxs təhqiqatçı Mirsoltan Sarıyevin xidməti otağına aparmışdır. Aradan 10-15 dəqiqə keçəndən sonra, təhqiqatçının dəvəti ilə ora vəkil gedəndən sonra, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, sonra, təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları axarıb stolun üstündə qoymasını təklif edəndə, sonuncu əynindəki qara rəngli cins alvarın sağ yan cibindən 1 ədəd "Nokia" markalı mobil telefonu, siqaretin gümüşü rəngli kağız parçasına bükülməklə siqaret qutusuna yerləşdirilmiş 3 ədəd bükümü, həmin şalvarın sol yan cibindən içərisində özünə məxsus şəxsiyyət vəsiqəsi, 2 ədəd metro və 1 ədəd bonus kartı, 1 ABŞ dolları və 32 manat pul olan pul kisəsini çıxarıb könüllü təhvil vermiş və üzərində digər hər hansı qanunsuz əşya və ya predmetin olmadığını demişdir. Həmin vaxt bükümlərin içərisində nəyin olduğu soruşulanda, Təqsirləndirilən şəxs səmimi olaraq bükümlərin içərisində narkotik vasitə - heroin olduğunu, həmin heroini 02 oktyabr 2021-ci il tarixdə özünü ona Nazim adı ilə təqdim edən şəxsdən 20 manat pula əldə etdiyini və istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra, həmin bükümlərin içərisinə baxılanda, içərisində spesifik iyə malik, qəhvəyi rəngli və toz şəkilli maddənin olması məlum olmuşdur. Daha sonra, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da, digər hər hansı əşya, predmet və ya alət aşkar olunmamışdır. Ondan sonra, təhqiqatçı orada iştirak edən şəxslərin iştirakları ilə protokol tərtib etmiş, bükümlərdə olmaqla həmin maddəni ekspertizaya göndərmək məqsədilə zərfə qoyaraq qablaşdırmış, möhürləmiş və orada olan şəxslərlə yanaşı o da, protokolun düzgünlüyünü və zərfin üstünü imzası ilə təsdiq etmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasının vaxtı və yeri barəsində qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsa da məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid1 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 13-14-cü vərəqələrində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 04 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 oktyabr 2021-ci il tarixdə, saat 19:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 20-21-ci vərəqələrində olan “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 04 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin təhqiqatçısı X2 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2, “Yusifbəyli və partnyorları” Vəkil Bürosunun vəkili X6, Nərimanov RPİ-nin kriminalistik tədqiqatlar qrupunun inspektor-kriminalisti Emil Yusubovun iştirakları ilə 04.10.2021-ci il tarixdə saat 20:10-da xidməti iş otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə başlanmazdan əvvəl ona təklif olundu ki, üzərində olan əşyaları könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol cibindən içərisində özünə məxsus şəxsiyyət vəsiqəsi, 2 ədəd Bakı kart, 1 ədəd Umico Kart, 32 manat və 1 ABŞ dolları pul olan qara rəngli dəri materialına bənzər pul kisəsini həmin şalvarın sağ cibindən 1 ədəd “NOKİA” markalı mobil telefonu və “West” markalı siqaret qutusundan 3 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü təqdim etdi və təqdim etdiyi həmin bükümlərin narkotik maddə olan heroin olmasını və həmin narkotik vasitənin ona məxsus olmasını bildirdi. Vət. Təqsirləndirilən şəxs həmin 3 ədəd siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitəyə bənzər maddəni 02.10.2021-ci il tarixdə saat 15:00 radələrində Nəsimi rayonu, 28 May metrostansiyasının yaxınlığında əvvəllər tanımadığı, lakin hər hansı anket məlumatını bilmədiyi yalnız adının Nazim olmasını bildiyi şəxsdən 20 manat müqabilində şəxsi istifadəsi məqsədilə almasını qeyd etdi. Vətəndaş Təqsirləndirilən şəxs təqdim etdiyi 3 ədəd siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitəyə bənzər büküm özünün və polis məkdaşlarının iştirakı ilə zərfə qoyaraq 219 №-li möhürlə möhürləndi. Cinayət işinin 27-ci vərəqində olan Təqsirləndirilən şəxs tərəfindən verilmiş 04 oktyabr 2021-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs özünə məxsus 2 ədəd metro kartını, 1 ədəd bonus kartını, 1 ədəd siqaret qutusunu, 1 ədəd pul kisəsini, 1 ABŞ dolları və 32 manat pulu təhvil almışdır. Bununla bağlı hər hansı şikayəti, yaxud tələbi yoxdur. Cinayət işinin 35-38-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 oktyabr 2021-ci il tarixli, 6/4394 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs üzərindən...” yazısı olan zərfdəki 3 (üç) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,712 qr, 0,581 qr, 0,611 qr, ümumi təmiz çəkisi 1,904 qram tünd qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin 65-ci vərəqində olan “Maddi sübut kimi tanıma haqqında” 06 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı diskin maddi sübut kimi tanınması qərara alınmışdır. Cinayət işinin 66-67-ci vərəqələrində olan “Maddi sübut kimi tanıma haqqında” 06 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 1,904 qram olan narkotik vasitə - heroinin göstərilən cinayət işi üzrə maddi sübut kimi tanınması, ekspertiza tədqiqatı zamanı 0,09 qram çəkidə narkotik vasitə - heroininsərf edildiyinin nəzərə alınması, hazırki cinayət işi üzrə maddi sübut kimi tanınıb 1 ədəd zərfdə yerləşdirilməklə qalıq qalmış ümumi təmiz çəkisi 1,814 qarm narkotik vasitə - heroinin müvafiq məhkəmənin yekun qərarınadək Nərimanov RPİ-də məsul saxlanışa verilməsi qərara alınmışdır. Cinayət işinin 78-80-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 06.10.2021-ci il tarixli, 4(005)-1001/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, təqsirləndirilə şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin 3 (üç) ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 04 oktyabr 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 98-99-cu vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş 15.10.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki sonuncu dəfə o, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20.04.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 25.11.2018-ci il tarixdə cəzasının sonu ilə əlaqədar azad edilmişdir. Cinayət işinin 103-108-ci vərəqələrində olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 aprel 2011-ci il tarixli, 1(089)-74/2011 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, CM-nin 206.2-ci maddəsi ilə əmlakı müsadirə olunmamaqla 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.3-cü maddəsi ilə əmlakı müsadirə olunmamaqla 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalaraı qismən toplanılmaqla S.Muradova qəti olaraq əmlakı müsadirə olunmamaqla 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi hökm edilmişdir. Cinayət işinin 109-cu vərəqində olan Naxçıvan Muxtar Respublikası Babək rayonu Zeynəddin kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 117-118-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 18.11.2021-ci il tarixli, 4543 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomanya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd DVD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən siqaret qutusunun içərisində olmaqla siqaretin gümüşü rəngli kağız parçasına bükülmüş 3 ədəd bükümü çıxarıb könüllü təhvil verməsi və şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin içərisində narkotik vasitə heroin olduğunu bildirməsi müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 1,904 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 aprel 2011-ci il tarixli, 1(089)-74/2011 saylı hökmü) hazırki cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 6 (altı) il müddətinin axımı onun Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20.04.2011-ci il tarixli hökmü ilə təyin edilmiş 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığı gündən, yəni 25.11.2018-ci il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs cinayət əməlini 04 oktyabr 2021-ci il tarixdə törətmiş və həmin əməli törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), cəza çəkməsinin əvvəli 04 oktyabr 2021-ci il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 04 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 1,814 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 114,00 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 254005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar