Məhkəmə qərarları › İş №1(005)-93/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-93/2023

14.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-93/2023 14.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs oglu və onun müdafiəçisi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oglunun iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Naxçıvan MR-da anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş. Naxçıvan şəhəri Əlincə məhəlləsi ev 3 mənzil 41-də qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oglunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmaqla yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Belə ki, Təqsirləndirilən şəxs 08 aprel 2022-ci il tarixdə, saat 02:20 radələrində Şahid1 mülkiyyətində olmaqla texniki cəhətdən saz vəziyyətdə idarə etdiyi «Daewoo Gentra minik» markalı, **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobillə avtomobil yolunun ünvan 1 ünvanında yerləşən tuneldə üzü “Koroğlu" metrostansiyası istiqamətində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü. 42-ci maddəsinin 1 -ci və 50-ci maddəsinin 2-ci hissəsinin 1 -ci bəndlərinin tələblərinə əsasən yerdəyişmə zamanı manevr təhlükəsiz olmalı və hərəkət digər iştirakçıları üçün maneə yaratmamalı yaşayış məntəqəsində avtomobili 60 km/saat sürətindən artıq sürətlə idarə etməməli olduğu halda, göstərilən yol hərəkəti qaydalarını pozaraq 20 yanvar metrostansiyası istiqamətindən üzü Koroğlu metrostansiyası istiqamətində sağdan 3-cü zolaqda saatda 70-80 km sürətlə avtomobili hərəkət etdirib, yolun maili sağa döngəli hissəsində avtomobili sağa istiqamətləndirərkən sağdan 2-ci zolaqda eyni istiqamətdə saatda 50-60 km surətlə hərəkətdə olan X2 idarə etdiyi Şahid2 mülkiyyətində olmaqla texniki cəhətdən saz vəziyyətdə olan «Nissan Navara minik» markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq yan hissəsi ilə toqquşması və toqquşmadan sonra Nissan Navara minik markalı **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağa istiqamətlənərək sağdan 1-ci zolaqda eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Tufan M-50’ markalı mopedlə toqquşması nəticəsində Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan törətdiyi yol-nəqliyyat hadisəsi digər mopedin sürücüsü Zərərçəkmiş şəxs qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, sağ ayağın 1-ci barmağının distal ucunun əzilmiş yarası, sağ əlin arxa səthinin dərialtı hematoması, sag aşıq-baldır oynağının hərəkət məhdudluğu və deformasiyası kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri alması ilə nəticələnmiş, bundan başqa yol nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini tərpətməməli, zərərçəkənlərə ilk tibbi yardım göstərməli, təcili yardım maşını çağırmalı, zərərçəkəni xəstəxanaya aparıb yenidən hadisə yerinə qayıtmalı, hadisə barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verməli olduğu halda buna riayət etməyərək yol nəqliyyat hadisəsi törətdikdən sonra yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Bununla da, Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 263.1 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi X.Natavan küçəsi ev 4-də kirayə yaşayır. Şahid4 tanıyır və arabir onunla görüşür. Belə ki, Şahid4 taksi fəaliyyəti ilə məşğul olmaq üçün özünə etibarnamə ilə sonradan adını bildiyi Şahid1 məxsus Daewoo Gentra markalı ** OX *** nömrə nişanlı avtomobili 2022-ci ilin aprel ayında icarəyə götürmüşdür. 08 aprel 2022-ci il tarixdə saat təxminən 01 radələrində o, Abşeron rayonu Masazır qəsəbəsində olarkən Ruslan Pıriyevlə görüşmüş və Ruslan ondan xahiş etmişdir ki, Bakı şəhəri Neftçilər metrostansiyası yaxınlığına onunla birlikdə getsin. Ruslan ona bildirmişdir ki, gün ərzində avtomobil idarə etdiyindən yorğundur. Onun isə sürücülük vəsiqəsi olduğundan etiraz etməmiş və bundan sonra sükan arxasına əyləşmişdir. Şahid4 isə avtomobildə qarşıda əyləşmiş və birlikdə Masazır dairəsi yaxınlığına gedib oradan onun və Ruslanın tanıdığı Milla və Nigar kimi tanıdığı şəxsləri avtomobilə əyləşdirmişlər. Daha sonra o, hərəkətə başlayıb 20 yanvar metrostansiyası istiqamətindən üzü Koroğlu metrostansiyası istiqamətinə Ziya Bünyadov prospekti ilə hərəkət etmişdir. Belə ki, Z.Bünyadov prospekti 2096 saylı ünvanında tuneldən çıxarkən o, avtomobili sağdan 3-cü zolaqda saatda 70-80 km sürətlə idarə edən zaman idarəetməni itirdiyindən ani olaraq avtomobilin sağ qabaq yan hissəsi ondan solda 2-ci zolaqda hərəkətdə olan Nissan Navara markalı ** FH *** nömrə nişanlı avtomobilin qabaq sol tərəfi ilə toqquşmuşdur. Həmin toqquşma nəticəsində onun idarə etdiyi avtomobil qarşıda gedərək dayanmışdır. X7 markalı avtomobili idarə edən şəxs də saxlamışdır. Ona məlum olmuşdur ki, toqquşmadan sonra Nissan Navara markalı avtomobil də idarə etməni itirmiş və nəticədə soldan 1-ci zolaqda hərəkətdə olan Mopedlə toqquşmuşdur. Həmin mopedin sürücüsüdə xəsarət almışdır. Orada o özü, Ruslan və xanımlar bir neçə dəqiqə dayanıb sonradan mobil nömrəsini Nissan Navara markalı avtomobilin sahibinə vermişdir kı, əlaqə saxlasın. Daha sonra isə Mopedi idarə edən və xəsarət alan şəxsi xəstəxanaya apardıqlarından o, Ruslan, Milla və Nigar ilə birlikdə yoldan keçən taksiyə əyləşib Sabunçu xəstəxanasına gedib, orada mopedi idarə edən xəsarət almış hazırda ad soy adı ona məlum olan Zərərçəkmiş şəxs olmadığından onlar birlikdə 1 saylı KTM-nə getsələrdə orada həmin şəxsin olmadığı məlum olmuşdur. Daha sonra isə Şahid4 xanımlarla getsədə Vüqar isə Sabunçuda yaşadığı evə getmişdir. Etdiyi əmələ görə isə peşmançılıq hissi keçirdiyini bildirmişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş maddi zərəri tam olaraq ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, texniki cəhətdən saz vəziyyətdə olan, özunə məxsus mühərrikinin iş həcmi 49 kub metr olan “Tufan M50” markalı mopedlə Volt şirkətində kuryer vəzifəsində işləyir. Belə ki, 08 aprel 2022-ci il tarixdə təxminən saat 02:20 radələrində həmin mopedi ilə Nərimanov rayonu Z.Bünyadov prospekti ilə Koroğlu metrostansiyası istiqamətinə tunelin girişində 1-ci zolaqda saatda 40 km sürətlə hərəkət edərkən bir anlıq avtomobillərin toqquşması səsi eşitmişdir. Daha sonra nə baş verdiyini xatırlamamışdır. Özünə gəldikdə görmüşdür ki, xəstəxanadadır. Daha sonra isə ona məlum olmuşdur ki, “DAEVOO GENTRA-minik" markalı, ** OX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs 3-cü zolaqdan 2-ci zolağa tərəf hərəkət etdiyi zaman ikinci zolaqda hərəkətdə olan Nissan Navara markalı avtomobilə dəymiş və sonuncu idarəetməni itirdiyindən onun idarə etdiyi mopedə dəymişdir. Buna görədə onda mopedindən yıxılmış və özüdə xəsarət almışdır. Təqsirləndirilən şəxs ona dəymiş zərəri tamamilə ödəmişdir, Təqsirləndirilən şəxs qarşı şikayəti, iddiası və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, texniki cəhətdən saz vəziyyətdə olan, 2014-cü il buraxılışlı “Daewoo Gentra minik” markalı ** OX *** nömrə nişanlı avtomobil ona məxsusdur. Belə ki, Şahid1 həmin avtomobili etibarnamə əsasında 05 aprel 2022-ci il tarixdə bir ay müddətinə Naxçıvan MR H.Cavid küçəsi ev 8-də qeydiyyatda olan Şahid4 hər günə 25 manat ödəmək şərti ilə razılaşaraq vermişdir. Belə ki, aralarında Abşeron rayon 2 saylı notariat kontorunda etibarnamə bağlanmışdır. Bundan sonra Şahid1 avtomobili Şahid4 təhvil vermişdir. Daha sonra isə 08 aprel 2022-ci il tarixdə Şahid1 Bakı şəhəri Nərimanov RPİ-nin Təhqiqat Şöbəsinə baş təhqiqatçı polis mayoru Şahid5 tərəfindən dəvət edildikdə məlum olmuşdur ki, Şahid1 məxsus qeyd etdiyi avtomobillə yol nəqliyyat hadisəsi törədilmiş, həmin hadisə nəticəsində xəsarət alan olmuş və həmçinin Şahid1 avtomobilinə də maddi ziyan dəymişdir. Şahid1 məlum olmuşdur ki, avtomobili Vüqar adlı şəxs idarə etmişdir. Lakin həmin şəxsi Şahid1 tanımır və heç bir əlaqəsi yoxdur. Şahid1 etibarnamə əsasında qeyd etdiyi kimi avtomobili Şahid4 təhvil vermişdir. Onu da qeyd etmişdir ki, Şahid1 avtomobili Şahid4 təhvil verəndən sonra bir daha görməmiş və onunla heç bir əlaqəsi olmamışdır. Həmçinin qeyd etmişdir ki, yol nəqliyyat hadisəsi baş verməsi nəticəsində Şahid1 avtomobilinə 4105 manat maddi ziyan dəymişdir ki, bunu da "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qüsur aktında qeyd edilmişdir. Həmin qüsur aktını istintaqa təqdim edə bilər. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid2 Rafael oğlu, Şahid3, X5 və X3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(006)-93/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmiş və cinayət işi üzrə icraata həmin hissədə xitam verilmişdir. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında xx.xx.2022-ci il tarixli, 2/7126 nömrəli aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə törədərkən ayıq vəziyyətdə olmuş, alkoqol qəbulu əlamətləri aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 X8 xx.xx.2022-ci il tarixli 366 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, sağ ayağın 1-ci barmağının distal ucunun əzilmiş yarası, sağ əlin arxa səthinin dərialtı hematoması, sağ aşıq-baldır oynağının hərəkət məhdudluğu və deformasiyası küt əşyanın (əşyaların) təsirindən törənmişdir; qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. İş üzrə təyin edilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 29 iyul 2022-ci il tarixli 8/1312-8\1355-6\2995 saylı rəyi ilə müəyyən edilmişdir ki, istintaq tərəfindən göstərilən şəraitdə “Daewoo Gentra” markalı, **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs ”Daewoo Gentra” markalı avtomobili yaşayış məntəqəsinə aid olan yol sahəsində 60 km/saatdan artıq, yəni 70/80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq zamanı Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən Təqsirləndirilən şəxs hadisə yerini və hadisənin baş vermə mexanizimini əyani olaraq bir daha göstərmiş və fotoşəkillər çəkilərək cinayət işi materialına əlavə edilmişdir. Həmin istiqamətdə hərəkət sürəti 60 km/saat nəzərdə tutulmuşdur. "xxxx" MMC-dən alınmış 18 aprel 2022-ci il tarixli zərər aktı ilə müəyyən edilmişdir ki, Şahid2 məxsus “Nissan Navara” minik markalı **-FH-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilin zədələnməsi ilə əlaqədar zədələnmiş hissələrin yenisi ilə əvəz edilməsinə və usta xərclərinə 3600 manat vəsait tələb olunur. Şahid2 məxsus “Nissan Navara” minik markalı **-FH-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobil 28 oktyabr 2022-ci il tarixdə maddi sübut kimi tanınmışdır. “Azərsığorta” “Texniki Təmir” servis xidmətindən alınmış 23 may 2022-ci il tarixli zərər aktı ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məxsus Tufan M 50 markalı mopedin zədələnməsi ilə əlaqədar zədələnmiş hissələrin yenisi ilə əvəz edilməsinə və usta xərclərinə 1410 manat vəsait tələb olunur Zərərçəkmiş şəxs məxsus Tufan M 50 markalı moped 28 oktyabr 2022-ci il tarixdə maddi sübut kimi tanınmışdır. "xxxx" MMC-dən alınmış 22 avqust 2022-ci il tarixli zərər aktı ilə müəyyən edilmişdir ki, Şahid1 məxsus Daewoo Gentra” minik markalı **-OX-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilin zədələnməsi ilə əlaqədar zədələnmiş hissələrin yenisi ilə əvəz edilməsinə və usta xərclərinə 4105 manat vəsait tələb olunur. Şahid1 məxsus Daewoo Gentra” minik markalı **-OX-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobil 28 oktyabr 2022-ci il tarixdə maddi sübut kimi tanınmışdır. Cinayət işi materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 Qeydiyyat-İmtahan Şöbəsindən alınmış xx.xx.2022-cu il tarixli 016-76891-1222 nömrəli məktubdan görünür ki, DİN-in Baş X10 Qeydiyyat-İmtahan Şöbəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdə(xx.xx.2024-cü il tarixədək etibarlı olan) AE 856546 nömrəli «B» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 15:10-da şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə” 03.10. 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilmişdir; xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(006)-576/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəliini tutulduğu tarixdən hesablanması və Təqsirləndirilən şəxs olduğu yer müəyyən edildikdə onun dərhal tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına etap olunması qərara alınmışdır. Axtarışda olan şəxsin tutulması haqqında 04 iyul 2023-cü il tarixli protokoldan göünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 11:46-da tutulub Nərimanov RPİ-nin MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-706/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs AR CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2 maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və AR CM-nin 66.3 və 69.4 maddələrinə əsasən qəti olaraq 02 il 06 ay müddətə dövlət orqanlarında rəhbər, nəzarət və təftiş funksiyalarını həyata keçirmək səlahiyyətinə malik vəzifələr tutmaq hüququndan məhrum edilməklə 9.000 manat cərimə cəzası təyin edilmişdir. İşdə olan Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, borclu Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 7067/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi xx.xx.2022-ci il tarixdə icra olunması üçün şöbənin icraatına qəbul edilmişdir. Həmin icra sənədinə əsasən Təqsirləndirilən şəxs 02 il 06 ay müddətə dövlət orqanlarında rəhbər, nəzarət və təftiş funksiyalarını həyata keçirmək səlahiyyətinə malik vəzifələr tutmaq hüququndan məhrum edilməklə 9.000 manat cərimə cəzası müəyyən edilmişdir.Lakin borclu bu günə qədər Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinə gəlib qeydiyyatdan keçmədiyindən əlavə cəzası çəkilməmiş və əsasə cəzadan heç bir ödəniş etməmişdir. İşdə olan “sübutların qiymətləndirilməsi” haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şahid1 məxsus Daewoo Gentra” minik markalı **-OX-*** dövlət nömrə qeydiyyat nişanlı, Şahid2 məxsus “Nissan Navara” minik markalı **-FH-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobil və Zərərçəkmiş şəxs məxsus Tufan M 50 markalı moped maddi sübut kimi tanınmış və sahiblərinə qaytarılması nəzərə alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 264-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 264-cü maddəsinə əsasən bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” 10 aprel 2012-ci il tarixli qərarına əsasən CM-in 264-cü maddəsinin mənasına görə yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 iyul 2022-ci il tarixli 8/1312-8\1355-6\2995 saylı rəyi ilə müəyyən edilmişdir ki; İstintaq tərəfindən göstərilən şəraitdə “Daewoo Gentra” markalı, **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs ”Daewoo Gentra” markalı avtomobili yaşayış məntəqəsinə aid olan yol sahəsində 60 km/saatdan artıq, yəni 70/80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 42-ci maddəsinin İ hissəsinə əsaən -sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır; 50-ci maddəsinin İ hissəsinin 1-ci bəndinə əsasən yaşayış məntəqələri daxilində — saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 264-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: cinayəti etiraf etməsini və əməlindən peşman olmasını; zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını; İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 264-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-706/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 02 il 06 ay müddətə dövlət orqanlarında rəhbər, nəzarət və təftiş funksiyalarını həyata keçirmək səlahiyyətinə malik vəzifələr tutmaq hüququndan məhrum edilməklə 9.000 manat cərimə cəzası AR CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzası tam birləşdirilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 706/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 02 il 06 ay müddətə dövlət orqanlarında rəhbər, nəzarət və təftiş funksiyalarını həyata keçirmək səlahiyyətinə malik vəzifələr tutmaq hüququndan məhrum edilməklə 9.000 manat cərimə cəzası - CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya tam birləşdirilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, ibtidai istintaq zamanl saxlanıldığı 02 (iki) gün (01.10-xx.xx.2022-ci il) və xx.xx.2023-cü il tarixdən həbsdə olduğu 02 ay 10 gün,(cəmi 2 ay 12 gün) azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut –Şahid1 məxsus Daewoo Gentra” minik markalı **-OX-*** dövlət nömrə qeydiyyat nişanlı, Şahid2 məxsus “Nissan Navara” minik markalı **-FH-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilin və Zərərçəkmiş şəxs məxsus Tufan M 50 markalı mopedin sahiblərinə qaytarılması nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş 15 saylı vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 41 iş saatı üçün cəmi 246 manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-706/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 02 il 06 ay müddətə dövlət orqanlarında rəhbər, nəzarət və təftiş funksiyalarını həyata keçirmək səlahiyyətinə malik vəzifələr tutmaq hüququndan məhrum edilməklə 9.000 manat cərimə cəzası CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına tam birləşdirilsin və ona 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 10(on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası və 02 il 06 ay müddətə dövlət orqanlarında rəhbər, nəzarət və təftiş funksiyalarını həyata keçirmək səlahiyyətinə malik vəzifələr tutmaq hüququndan məhrum edilməklə 9.000 manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) ay 12 (on iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 05 (beş) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası və 02 il 06 ay müddətə dövlət orqanlarında rəhbər, nəzarət və təftiş funksiyalarını həyata keçirmək səlahiyyətinə malik vəzifələr tutmaq hüququndan məhrum edilməklə 9.000 manat cərimə cəzası saxlanılsın. Cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut –Şahid1 məxsus Daewoo Gentra” minik markalı **-OX-*** dövlət nömrə qeydiyyat nişanlı, Şahid2 məxsus “Nissan Navara” minik markalı **-FH-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilin və Zərərçəkmiş şəxs məxsus Tufan M 50 markalı mopedin sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 300 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 41 iş saatı üçün cəmi 246 (iki yüz qırx altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar