Məhkəmə qərarları › İş №1(005)-95/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-95/2021

02.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-95/2021 02.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1998-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonunun Şelli kəndində qeydiyyatda olan, barəsində başqa yerə etməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşından 03 avqust 2020-ci il tarixdə istifadəsində olan mobil telefon vasitəsi ilə “online” əlaqə saxlayaraq təmiz çəkisi 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.361 qram; 0.355 qram; 0.141 qram, ümumi təmiz çəkiləri 0.857 qram ağ rəngli, kristalşəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin sifariş vermiş və “Kapital Bank” vasitəsi ilə onun hesab nömrəsinə 100 manat məbləğində pul köçürdükdən sonra, həmin maddəni əvvəlcədən razılaşdıqları Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən “Ağ Çiçəyim” gül salonunun yaxınlığında yerləşən şam ağacının dibindən götürərək əldə etmiş, bundan sonra, şəxsiyyəti istintaqa məlum olmayan “Elməddin” adlı şəxsdən Binəqədi rayonu “Dərnəgül” adlanan ərazidə 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.862 qram; 0.764 qram, ümumi təmiz çəkisi 1.626 qram tünd qəhvəyi rəngli, qətrana bənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryək, 03 ədəd açıq qəhvəyi rəngli tablet tərkibində 0.06 qram və 04 ədəd ağ rəngli tablet tərkibində 0.16 qram, ümumilikdə 0.22 qram narkotik vasitə hesab edilən metadon, şəxsiyyəti istintaqa məlum olmayan Nəriman adlı şəxsdən 01 ədəd yaşıl rəngli həbin tərkibində 0.15 qram və 02 ədəd narıncı rəngli həbin tərkibində 0.42 qram, ümumilikdə 0.57 qram psixotrop maddə MDMA metilendioksimetamfetamini əldə edib üzərində daşıyaraq saxlamış, 04 avqust 2020-ci il tarixdə 20 radələrində Nərimanov RPİ-nin 18-ci PŞ-nin CA üzrə əməkdaşları tərəfindən o, ünvan 1 ünvanında saxlanılaraq, Nərimanov RPİ-nin 18-ci PŞ-nə dəvət olunmuş, orada inzibati binaların birində 05 avqust 2020-ci il tarixdə saat 00:00-da video çəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli şalvarın cibindən həmin narkotik vasitələr və psixotrop maddələr aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddət əylənmək üçün narkotik vasitələrdən istifadə etmişdir. Demək olar ki, mütəmadi olaraq “kokos” və “şüşə” adlanan narkotik vasitələrdən istifadə etmişdir. O, ağrıları olanda qəbul etmək üçün “Alyse” və MDMA psixotrop dərmanlarını tanımadığı, lakin özünü Nəriman kimi təqdim edən şəxsdən 44 manata almışdır. O, həmin dərmanı özü istifadə etmiş, onlardan heç vaxt heç kimə satmamış və belə bir niyyəti də olmamışdır. 04 ədəd ekstazi adlanan dərmanı, 03 ədəd sellofan kəsiyinə bükülmüş “şüşə” adlı narkotik vasitəni və 01 tabletka “Lirika” adlı psixotrop dərmanı 03.08.2020-ci il tarixdə günorta saatlarında “Whatsapp” proqramı vasitəsilə hazırda xatırlamadığı İran vətəndaşından sifariş vermiş, həmin şəxs ona 100 manat pul ödəməli olduğunu yazmışdır. O, həmin şəxsin “KapitalBank”da olan hesab nömrəsinə 100 manat pul ödəmişdir. Axşam saatlarında isə həmin nömrədən ona narkotik vasitənin olduğu yerin şəkli göndərilmişdir. O, Azadlıq prospektində yerləşən “Ağ Çiçəyim” gül salonunun yanına gedib şəkildə göstərilən yerdən, şam ağacının dibindən qeyd etdiyi narkotik vasitələri götürmüşdür. Bundan başqa “Dərnəgül” adlanan yerdə anket məlumatlarını bilmədiyi “Elməddin” adlı şəxs 30 manata ona 02 ədəd sellofan kəsiyinə bükülmüş tiryək, 07 ədəd metadon adlı tabletka satmışdır. O, həmin maddələri də üzərində saxlamışdır. Qorxduğundan həmin maddələri kirayədə qaldığı evdə saxlamaq istəməmişdir. X12 təxminən 2 ilə yaxındır tanımışdır. Lakin tutulmamışdan təxminən 20 gün əvvəl onunla görüşmüş, Orxanın qaldığı evin yerini bilmiş və həmin evdə bir dəfə olmuşdur. 04.08.2020-ci il tarixdə tanışı Fidan ona yazaraq rəfiqəsi Nərminlə birlikdə onunla görüşmək istədiyini bildirmişdir. O, etiraz etməmiş, bir müddət keçmiş Fidan və Nərmin Nərimanov parkına gəlmiş və onlar orada görüşmüşlər. Söhbət zamanı Nərmin və Fidan ona münasib yerdə narkotik vasitə qəbul etmək istədiklərini, özlərində çəkmək üçün marixuana olduğunu bildirmişlər. Bu səbəbdən o, tanışı Orxana zəng edərək ondan xahiş etmişdir ki, qaldığı evdəki otağın birini bir neçə saatlıq ona versin. Həmin evi götürməkdə məqsədi qızlarla birlikdə rahat şəkildə narkotik vasitə qəbul etmək olmuşdur. Orxan isə ev sahibinin bir saatlıq 20 manat qarşılığında otağı verə biləcəyini ona demişdir. O, Fidan və Nərminə bir dostu olduğunu, dostunun qaldığı otağı onlara 2 saatlığına verməyə razı olduğunu demişdir. O, Nərimanov parkından qızlarla birlikdə taksi ilə Orxanın evinə getmişdir. O, Orxanla görüşmüş və ona narkotik vasitə qəbul etmək üçün iki saatlığına otağı onlara verməyi bildirmiş və buna görə ona istədiyi 20 manatı vermişdir. Orxan pulu alıb onları evə buraxmışdır. Orxan ona narkotik vasitə “şüşə” çəkmək üçün kiçik ölçülü işıq lampası da vermişdir. O, sərinləşdirici içki almaq üçün Orxana əlavə 6 manat pul vermişdir. Orxan otaqdan çıxandan sonra o, narkotik maddə “şüşə”, qızlar isə öz çantalarından çıxardıqları marixuananı özlərində olan siqaretə doldurub yandıraraq çəkməyə başlamışlar. Bir az keçmiş Orxan sərinləşdirici içki alıb gəlmişdir. Hava isti olduğu üçün otağın qapısı açıq olmuşdur. Saat təxminən 20:00 radələrində mənzilin giriş qapısının qarşısında əvvəllər tanımadığı 2 nəfər polis əməkdaşının dayandığını görmüşlər. Polis əməkdaşları onları çağırmış, özlərini təqdim etmiş, onlardan burada nə etdiklərini və nə üçün səs-küy saldıqlarını soruşmuşlar. Onlar narkotik vasitənin təsiri altında olduğundan normal cavab verə bilməmişlər. Polis əməkdaşları bunu hiss etmiş və onları polis şöbəsinə gətirmişlər. Şöbədə isə onlar evdə olarkən narkotik vasitə çəkdiklərini səmimi etiraf etmişlər. Polis şöbəsində onun hüquqları izah edilmiş və vəkilin iştirakı ilə üzəriinə çəklişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O, buna etiraz etməmişdir. İlk növbədə ona üzərində hər hansı qadağan olunmuş əşya olduğu təqdirdə onu könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. O, əynindəki boz rəngli cins şalvarın sağ arxa cibindən 01 ədəd mavi rəngli plastik qutunu çıxardıb təqdim etmişdir. Qutunun içərisində 06 tabletka “Alyse” adlı psixotrop dərman, 04 ədəd siqaret kağızına bükülmüş ekstazi adlanan dərman, 03 ədəd sellofan kəsiyinə bükülmüş kristalşəkilli, ağ rəngli, spesifik qoxuya malik “şüşə”, 01 ədəd siqaret kağızına bükülmüş “Lirika” adlı psixotrop dərman, 02 ədəd sellofan kəsiyinə bükülmüş qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitə tiryək, 04 ədəd sellofan kəsiyinə bükülmüş metadon adlı tabletka və 03 ədəd sellofan kəsiyinə bükülmüş metadon adlı dərman olmuşdur. Əynindəki şalvarın sol arxa cibindən isə 3 list, yəni 40 ədəd “Alyse” adlı psixotrop dərmanı könüllü olaraq təqdim etmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitələr və psixotrop dərmanlar ona məxsus olmuş, onları şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan başqa üzərində istifadə etdiyi 2 ədəd mobil telefonlar və 86 manat pul olmuşdur. Üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddələrdən heç kimə, o cümlədən Fidana, Nərminə və Orxana satmamış və ya istifadə etmələri üçün verməmişdir. Üzərindən aşkar edilmiş psixotrop maddələri, narkotik vasitələri və güclü təsir edən dərman preparatlarını o, ancaq özünün istifadəsi üçün əldə etmiş və saxlamışdır. Sonradan ona məlum olmuşdur ki, Orxan Həsənovun üzərində şəxsi axtarış keçirilərkən ondan narkotik vasitə heroin aşkar edilib götürülmüş, lakin Fidan və Nərminin üzərindən hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman və üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı hər hansı bir zor, təzyiq olmamışdır. Yekunda əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisə baş verməmişdən təxminən 20 gün əvvəl tanımış, onunla bir neçə dəfə birlikdə narkotik vasitə olan “şüşə” istifadə etmişlər. Nəsrəddin ona heç vaxt narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddə satmamışdır. Onlar narkotik vasitəni ayrı-ayrılıqda almış və istifadə etmişlər. 04 avqust 2020-ci il tarixdə o, evdə olmuşdur. Nəsrəddin onun qaldığı mənzilin yanındakı otağın birinin boş olduğunu bilmişdir. Həmin tarixdə günorta saatlarında Nəsrəddin ona zəng edərək həmin otağı bir neçə saatlıq ona tanış qızlarla birlikdə narkotik qəbul etmək üçün verməsini bildirmiş, o isə razılıq verməmişdir. Axşam saatlarında Nəsrəddin yanında 2 nəfər cavan qızla evinin qarşısına gəlmiş, ondan həmin otağı bir neçə saatlıq istəmişdir. O isə ona gözləməsini, ev sahibi ilə danışacağını demişdir. O, ev sahibinə tanışının evi kirayəyə götürmək istədiyini və beh kimi ona 20 manat pul verdiyini bildirmişdir. Əslində isə o, ev sahibini aldatmış və gələcəkdə həmin pulu öz otağının kirayə haqqı kimi hesablayacağını fikirləşmişdir. Sonra Nəsrəddinə ev sahibinin guya 20 manat qarşılığında buna razılıq verməsini demişdir. Nəsrəddin ona 20 manat pul vermiş və bundan sonra onlar otağa keçmişlər. O, Nəsrəddinə “şüşə” çəkmək üçün kiçik ölçülü işıq lampası vermişdir. Nəsrəddin ona sərinləşdirici içki almaq üçün əlavə 6 manat pul da vermişdir. O, içki alıb evə daxil olanda Nəsrəddin və qızların narkotik vasitə çəkdiklərinin şahidi olmuşdur. Otağın qapısı və mənzilə giriş qapısı açıq olmuşdur. Saat təxminən 20:00 radələrində mənzilin giriş qapısının qarşısında onlar 2 nəfər polis əməkdaşının dayandığını görmüşlər. Polis əməkdaşları özlərini təqdim edib onlara burada nə etdiklərini və nə üçün səs-küy saldıqlarını soruşmuşlar. Onlar polislərə cavab verə bilməmişlər. Qızlar və Nəsrəddin narkotik vasitənin təsiri altında olduqları üçün polis əməkdaşları bunu hiss edib onları polis şöbəsinə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 18-ci PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 04 avqust 2020-ci il tarixdə həmin şöbənin əməliyyat müvəkkili Şahid2lə birlikdə saat 20:00 radələrində inzibati ərazidə xidmət apararkən Nərimanov rayonu, Həsənoğlu küçəsi 12 ünvanın qarşısından keçərkən, yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilin qapısının açıq olmasının və ucadan səs-küyün gəlməsinin şahidi olmuşdur. Həmin mənzilin içərisində 2 nəfər qızın və iki nəfər oğlanın olduğu diqqətini cəlb etmiş, onları yanlarına çağırmış, qapının qarşısında özlərini onlara polis əməkdaşı kimi təqdim edərək, onlardan nə üçün səs-küy saldıqları ilə maraqlanmışlar. Həmin şəxslər suallardan yayınaraq rabitəsiz cavablar verməyə başladıqda, onlara şəxsiyyətlərini təsdiq edən sənədləri təqdim etməsini bildirmişdir. Onlar üzərlərində şəxsiyyətlərini təsdiq edən sənədlərin olmadığını bildirmiş və həmin şəxslərin şəxsiyyətlərini müəyyən etmək məqsədi ilə onları Nərimanov RPİ-nin 18-ci PŞ-yə dəvət etmiş və birlikdə həmin şöbəyə gəlmişlər. Həmin şəxslərlə şöbədə sorğu-sual edilən zaman həmin şəxslər mənzildə olarkən narkotik vasitələr qəbul etdiklərini etiraf etmişlər. Ona görə də Təqsirləndirilən şəxs, X16, Ramazanova Fidan və Şahid1 haqqında qanuna müvafiq qaydada tədbir görülməsi üçün PŞ-nin rəhbərliyinə raportla məruzə edilmişdir. Bundan sonra həmin şəxslərlə bağlı müvafiq araşdırma aparılması şöbənin baş təhqiqatçısı Emin Quliyevə həvalə edilmişdir. X14 tərəfindən Təqsirləndirilən şəxs, X16, X7 və Şahid1 şübhəli şəxs qismində saxlanılmışlar. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, ona hüquq və vəzifələri izah olunmuş, sonra hüquqlarının müdafiəsi ilə bağlı müdafiəçi dəvət olunmuşdur. Təqsirləndirilən şəxs şəxsi axtarışın keçirilməsinə könüllü olaraq razılıq verdikdən sonra müdafiəçisinin və onların iştirakı ilə videoçəkilişlə şəxsi axtarışa başlanılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan olunmuş hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs orada olan şəxslərin iştirakı ilə əynindəki boz rəngli şalvarın sağ arxa cibindən 01 ədəd mavi plastik qutu təqdim etmişdir. Təqsirləndirilən şəxs plastik qutunun içərisində 06 tabletka “Alyse” adlı psixotrop dərman, 04 ədəd siqaret kağızına bükülmüş ekstazi adlanan dərman, 03 ədəd sellofan kəsiyinə bükülmüş kristal şəkilli, ağ rəngli, spesifik qoxuya malik “şüşə”, 01 ədəd siqaret kağızına bükülmüş “Lirika” adlı psixotrop dərman, 02 ədəd sellofan kəsiyinə bükülmüş qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitə olan tiryək, 04 ədəd sellofan kəsiyinə bükülmüş metadon adlı tabletka və 03 ədəd sellofan kəsiyinə bükülmüş metadon adlı dərman olduğunu bildirmiş və həmin əşyaları masanın üzərinə qoyub təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sol arxa cibindən 3 list, yəni 40 ədəd “Alyse” adlı psixotrop dərman aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrin narkotik vasitələr və psixotrop maddələr olduğunu, özünə məxsus olmasını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs üzərindən istifadə etdiyi 2 ədəd mobil telefon və 86 manat pul aşkar olunmuşdur. Aşkar olunmuş narkotik vasitələr və psixotrop maddələr qablaşdırılmış, möhürlənmiş və müvafiq ekspertizaya göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 18-ci PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 iş üzrə digər Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiq etmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş X2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbər verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. X4 məhkəməyə teleqram vuraraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, səhhəti ilə əlaqədar məhkəmə prosesində iştirak edə bilməyəcəyini qeyd etmişdir. X1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən məlum oldu ki, o, bədənində ağrılar olduğu üçün narkotik vasitə istifadə edir. 04.08.2020-ci il tarixdə saat təxminən 16:30 radələrində rəfiqəsi X5 zəng edib danışaraq “Əhmədli” metrosunun çıxışında onunla görüşmüşdür. Oradan birlikdə “Amay” ticarət mərkəzinin yanındakı “ASAN” xidmətə gəlmişlər. Fidan orada pasportunu yeniləmək üçün müraciət etmiş və oradan çıxıb Nərimanov metrosunun yanına, “Mado” restoranının qarşısına gəlmişlər. O, bir aya yaxındır ki, narkotik maddə olan metamfetamin (şüşə) və marixuana qəbul edir. Fidan da həmin maddələri qəbul edir. Ona görə də, birlikdə bir yerdə narkotik maddə istifadə etmək barədə düşünmüşlər. Bunun üçün o, təzə tanıdığı Nəsrəddinin nömrəsini Fidana vermiş və Fidan Nəsrəddinlə danışaraq onunla görüşmək üçün əvvəlcə “Mado” restoranının qarşısında, sonra isə Nərimanov parkında xeyli gözləmişlər. Nəhayət saat təxminən 18:30 radələrində Nəsrəddin tək parka gəlmişdir. Nəsrəddinlə görüşdükdən sonra narkotik vasitə qəbul etmək istəklərini ona bildirmiş və o, sonradan adını bildiyi Orxan adlı şəxslə zəngləşmiş və onun yaşadığı evə getməli olduqlarını bildirmişdir. Bundan sonra Orxanın qaldığı yaxınlıqdakı mənzilə taksi ilə getmişlər. Mənzilə girmiş və Orxanın qaldığı otağa keçib oturmuş, Orxan Nəsrəddinə “şüşə” çəkmək üçün kiçik ölçülü lampa vermişdir. Sonra Orxan çıxıb getmişdir. Orxan gedəndən sonra Nəsrəddin “şüşə” adlanan narkotik vasitə çəkməyə başlamışdır. Sonra o və Fidan özlərində olan bir çəkimlik marixuananı çıxardıb siqaretə doldurmuş və qəbul etmişlər. Daha sonra Orxan otağa gəlmiş və özü ilə 1 litrlik “Coca-Cola” içkisi və bir dəfəlik istifadə olunan stəkanlar gətirmişdir. Orxan gələndən sonra kefləri yaxşı olduğu üçün deyib gülmüşlər. Bu zaman qapı açıq olduğundan və səsküydən polis əməkdaşları onları bayıra çağırmışdır. Mənzilin qapısı açıq olmuş və polis əməkdaşları nə üçün səs-küy saldıqlarını soruşmuşlar. Nəsrəddin və Orxan polislərlə danışarkən özlərini şübhəli aparmışdır. Polislər onların narkotik vasitənin təsiri altında olduğunu hiss etmiş və şəxsiyyət vəsiqələrini soruşmuşlar. Şəxsiyyət vəsiqələri olmadığı üçün onları 18-ci polis şöbəsinə gətirmişlər. Polis şöbəsində olarkən narkotik maddə qəbul etdiklərini boyunlarına almışlar. 18-ci PŞ-yə gəldikdən sonra şöbədə xidməti otaqda dəvət edilmiş vəkilin və hal şahidlərinin iştirakı ilə üzərinə baxış keçirilmiş, onun və Fidanın üzərindən narkotik vasitə aşkar olunmamışdır. Nəsrəddin ona heç vaxt narkotik və yaxud psixotrop maddə satmamış və verməmişdir. Şəxsi axtarış bitdikdən sonra ona məlum olmuşdur ki, Orxanın üzərindən heroin, Nəsrəddinin üzərindən isə narkotik vasitə və psixotrop maddə aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 04 avqust 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 05 avqust 2021-ci tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 18-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru X13, cinayət axtarış üzrə əməliyyat müvəkilləri Şahid3, Şahid2, şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə protokol tərtib etmişdir. 04.08.2020-ci il tarixdə saat 20:00 radələrində Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları tərəfindən ünvan 3 ünvanının qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq şübhəli şəxs qismində 18-ci PŞ-yə gətirilmişdir. 18-ci PŞ-də Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya maddə varsa könüllü təqdim etmək təklif olundu. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldı. Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sağ arxa cibindən 01 ədəd mavi plastik qutu təqdim etdi. Plastik qutunun içərisində 06 tabletka “Alyse” adlı psixotrop dərman, 04 ədəd siqaret kağızına bükülmüş ekstazi adlanan dərman, 03 ədəd sellofan kəsiyinə bükülmüş kristal şəkilli, ağ rəngli, spesifik qoxuya malik narkotik vasitə olan “şüşə”, 01 ədəd siqaret kağızına bükülmüş “Lirika” adlı psixotrop dərman, 02 ədəd sellofan kəsiyinə bükülmüş qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitə olan tiryək, 04 ədəd sellofan kəsiyinə bükülmüş metadon adlı tabletka və 03 ədəd sellofan kəsiyinə bükülmüş metadon adlı dərman var idi. Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sol arxa cibindən isə 3 list, yəni 40 ədəd “Alyse” adlı psixotrop dərmanı aşkar edildi. Təqsirləndirilən şəxs bildirdi ki, həmin narkotik vasitələr və psixotrop maddələr özünə məxsusdur. Bundan əlavə Təqsirləndirilən şəxs üzərində istifadə etdiyi “İphone 5S” markalı, Samsung markalı mobil telefonlar və 86 manat pul var idi. Aşkar olunmuş narkotik vasitələr və psixotrop maddələr iştirakçıların və Təqsirləndirilən şəxs iştirakları ilə qablaşdırıldı, 224 nömrəli möhürlə möhürləndi. Bununla da, şübhəli şəxsin üzərində şəxsi axtarış başa çatdı, iştirakçılar tərəfindən heç bir şikayət, vəsatət daxil olmadı; 1/4112 nömrəli, 05 avqust 2020-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs sidiyində MOP aşkar edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 avqust 2020-ci il tarixli, 6/1466 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN-ə məxsus “Zərflər üçün №224'’ möhür əksi, “Təqsirləndirilən şəxs Yəmən oğlunun üzərindən aşkar edilmiş...” və s. yazılar olan 01 ədəd zərfdə 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.361 qram; 0.355 qram; 0.141qram, ümumi təmiz çəkiləri 0.857 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.862 qram: 0.764 qram, ümumi təmiz çəkisi 1.626 qram tünd qəhvəyi rəngli, qətrana bənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. 03 ədəd açıq qəhvəyi rəngli tabletin tərkibində 0.06 qram, və 04 ədəd ağ rəngli tabletin tərkibində 0.16 qram, ümumilikdə 0.22 qram metadon təsiredici maddəsi, 01 ədəd yaşıl rəngli həbin tərkibində 0.15 qram və 02 ədəd narıncı rəngli həbin tərkibində 0.42 qram, ümumilikdə 0.57 qram MDMA (metilendioksimetamfetamin) təsiredici maddəsi, 01 ədəd ağ-qırmızı rəngli dərman kapsulunda və 46 ədəd ağ-qırmızı rəngli dərman kapsulunda ümumilkdə 7.05 qram preqabalin təsiredici maddəsi müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 109,9 (yüz doqquz manat doxsan qəpik) manatdır; “Video diskə baxış keçirilməsi haqqında ” 07 avqust 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X6 ********* nömrəli cinayət işi üzrə cinayət işinin materiallarına əlavə edilmiş və şəxsi axtarışa dair 1 ədəd video-diskə köçürülmüş görüntülərə Təqsirləndirilən şəxs və onun müdafiəçisi X9 iştirakı ilə baxış keçirtmişdir. Video diskə keçirilmiş baxışla müəyyən edildi ki, saxlanılmış şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçiriləcəyi bildirildi, ona hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarışın keçirilməsinə könüllü olaraq razılıq verdi, sonra müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə şəxsi axtarışa başlanıldı. Axtarış zamanı ona təklif olunur ki, onda olan qanunla qadağan olunmuş hər hansı bir əşya varsa könüllü olaraq təqdim etsin. Şübhəli şəxs Təqsirləndirilən şəxs orada olan şəxslərin iştirakı ilə əynindəki boz rəngli şalvarın sağ arxa cibindən 01 ədəd mavi plastik qutu təqdim etdi. Plastik qutunun içərisində 06 tabletka “Alyse” adlı psixotrop dərman, 04 ədəd siqaret kağızına bükülmüş ekstazi adlanan dərman, 03 ədəd sellofan kəsiyinə bükülmüş kristal şəkilli, ağ rəngli, spesifik qoxuya malik narkotik vasitə olan “şüşə”, 01 ədəd siqaret kağızına bükülmüş “Lirika” adlı psixotrop dərman, 02 ədəd sellofan kəsiyinə bükülmüş qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitə olan tiryək, 04 ədəd sellofan kəsiyinə bükülmüş metadon adlı tabletka və 03 ədəd sellofan kəsiyinə bükülmüş metadon adlı dərman olduğunu bildirdi və həmin əşyaları masanın üzərinə qoyaraq təqdim etdi. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sol arxa cibindən isə 3 list, yəni 40 ədəd “Alyse” adlı psixotrop dərman aşkar edildi. Təqsirləndirilən şəxs həmin maddələrin narkotik vasitələr və psixotrop maddələr olduğunu və özünə məxsus olmasını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirdi. Bundan əlavə Təqsirləndirilən şəxs üzərindən istifadə etdiyi “İphone 5S” markalı, Samsung markalı mobil telefonlar və 86 manat pul aşkar olundu. Aşkar olunmuş narkotik vasitələr və psixotrop maddələr iştirakçıların, Təqsirləndirilən şəxs və onun vəkilinin iştirakı ilə qablaşdırıldı, 224 nömrəli möhürlə möhürləndi və müvafiq ekspertizaya göndəriləcəyi izah olundu. Bununla da, şübhəli şəxsin üzərində şəxsi axtarış başa çatmış, iştirakçılar tərəfindən heç bir şikayət, vəsatət daxil olmamış, axtarış zamanı “Panasonic HC-V7 70” video kamerası vasitəsilə çəkiliş aparılmışdır. Şəxsi axtarış zamanı hər hansı qanun pozuntusuna yol verilməmişdir. Həmin 1 ədəd video-disk iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Video çəkiliş 05 avqust 2020-ci il tarixdə Nərimanov RPİ-nin 18-ci PŞ-də 00:00da başlanılmış və saat 00:40 dəqiqədə bitmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 avqust 2020-ci il tarixli qərarından görünür ki, CM-in 234.4.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 04 avqust 2020-ci il tarixdən hesablanmışdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 12.08.2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 03 sentyabr 2020-ci il tarixli, 2425 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 oktyabr 2020-ci il tarixli, 6/1979 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN-ə məxsus “Zərflər üçün №224” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” və s. yazılar, imzalar olan zərfdəki 03 ədəd bükümdəki psixotrop maddə- metamfetamin kütlələri xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər, 02 ədəd bükümdəki narkotik vasitə - tiryək kütlələri xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər, 01 ədəd bükümdəki tərkibində narkotik vasitə - metadon olan 03 ədəd ağ rəngli tabletlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; 01 ədəd bükümdəki tərkibində narkotik vasitə - metadon olan 02 ədəd açıq qəhvəyi rəngli tabletlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər, ağ rəngli metadon tərkibli tabletlərlə açıq qəhvəyi rəngli metadon tərkibli tabletlər kimyəvi tərkiblərinə görə fərqlidirlər; 01 ədəd bükümdəki yaşıl rəngli yarım MDMA həbi ilə 01 ədəd narıncı rəngli MDMA həbi kimyəvi tərkiblərinə görə fərqlidirlər; 01 ədəd bükümdə ağ/qırmızı rəngli preqabalin tərkibli kapsulla ağ rəngli preqabalin tərkibli kapsullar kimyəvi tərkiblərinə görə fərqlidirlər, ağ rəngli preqabalin tərkibli kapsullar kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Aparılmış ekspertiza tədqiqatının dəyəri 109,9 (yüz doqquz manat doxsan qəpik) manatdır; “Qətimkan tədbiri seçilməsi barədə” 04 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; “Sübutların qiymətləndirilməsi barədə” 07 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0.361qram; 0.355 qram; 0.141qram, ümumi təmiz çəkiləri 0.857 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin, 02 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 0.862qram; 0.764 qram, ümumi təmiz çəkisi 1.626 qram tünd qəhvəyi rəngli, qətrana bənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryək, 03 ədəd açıq qəhvəyi rəngli tablet tərkibində 0.06 qram və 04 ədəd ağ rəngli tablet tərkibində 0.16 qram, ümumilikdə 0.22 qram narkotik vasitə metadon, 01 ədəd yaşıl rəngli həbin tərkibində 0.15 qram və 02 ədəd narıncı rəngli həbin tərkibində 0.42 qram, ümumilikdə 0.57 qram güclü təsiredici psixotrop maddəsi MDMA metilendioksimetamfetamin və X8 aşkar edilib götürülmüş təmiz çəkisi 0,184 qram çəkidə kustar üsulla hazırlanmış heroin cinayətin predmeti olduğundan və iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, cinayət işinə əlavə edilmiş və cinayət işi tamamlandıqdan sonra məhkəmə kimyəvi ekspertiza tədqiqatından sonra psixotrop maddə - metamfetaminin qalmış 0,677 qram qalığı, narkotik vasitə - tiryəkin qalmış 1,386 qram çəkidə qalığı, narkotik vasitə metadonun qalmış 03 ədəd tablet qalığı, psixotrop maddə MDMA metilendioksimetamfetamini qalmış 0,5+0,25 hissə həb qalığı saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş üzrə Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd ağ/qırmızı rəngli dərman kapsulunda və 46 ədəd ağ/qırmızı rəngli dərman kapsulunda ümumilikdə 7,05 qram preqabalin təsiredici maddəsi cinayətin predmeti olmadığından maddi sübut kimi qəbul edilməmiş və bu xüsusat nəzərə alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 13-cü qrafasına əsasən təmiz halda 0,02 qram metadon; 19-cu qrafasına əsasən təmiz halda 0,5 qram tiryək, İİ siyahının 62-ci qrafasına əsasən təmiz halda 0,03 qram MDMA, 67-ci qrafasına əsasən təmiz halda 0,15 qram metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,857 qram, tiryəkin təmiz çəkisi 1,626 qram, psixotrop maddə MDMA-nın çəkisi 0,57 qram, metadonun çəkisi 0,22 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən həmin miqdarlar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən aşağıdakıları onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır: - ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; - törətdiyi cinayəti etiraf edib peşman olmasını; - müvəqqəti qeydiyyat yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: Göygöl rayon İHB-nin Mollacəlilli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilən xasiyyətnamə). İş üzrə məsuliyyəti ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini və “Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2002-ci il 28 iyun tarixli 2 nömrəli Qərarının 4-cü bəndini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 3 ay müddət (04 avqust-04 noyabr 2020-ci il) ona təyin edilmiş cəzadan çıxılmalı (CM-69.3), barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli, həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalı, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6, CM-in 69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməli, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə və psixotrop maddələrin qalıqları məhv edilməli (CPM-in 132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 3 (üç) ay (04 avqust-04 noyabr 2020-ci il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və qəti olaraq ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 02 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, məhkəmə kimyəvi ekspertiza tədqiqatından sonra psixotrop maddə metamfetaminin qalmış 0,677 qram qalığı, narkotik vasitə tiryəkin qalmış 1,386 qram çəkidə qalığı, narkotik vasitə metadonun qalmış 03 ədəd tablet qalığı, psixotrop maddə MDMA metilendioksimetamfetaminin qalmış 0,5+0,25 hissə həb qalığı məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü 1 ədəd video-disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 219,80 (iki yüz on doqquz manat səksən qəpik) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, X3, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ**********0000003944, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 40 (qırx) iş saatı üçün cəmi 240 (iki yüz qırx) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar