Məhkəmə qərarları › İş №1(005)-95/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-95/2024

24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-95/2024 24.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – «Presedent» Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 26 sentyabr 2023-cü il tarixdə, axşam saatlarında Bakı şəhəri Yasamal rayonu, “Sovetski” adlanan yerdə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan özünün istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə narkotik vasitə heroini 10 manata əldə edib üzərində saxlayaraq 27 sentyabr 2023-cü il tarixdə ünvan 3 ünvanın qarşısına daşımış, həmin tarixdə saat 02 radələrində piyada olaraq ünvan 3 ünvanın qarşısında şübhəli vəziyyətdə hərəkətdə olduğundan Nərimanov RPİ-nin 16-cı PB-in əməkdaşları ona yaxınlaşmış, o, danışan zaman polis əməkdaşlarının suallarından yayınmış, rabitəsiz danışmış və öz hərəkətləri ilə polis əməkdaşlarında şübhə yaratdığından saxlanılaraq Nərimanov RPİ-nin 16-cı PB-nə aparılmış, orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə olmaqla şəffaf sellofana bükülmüş təmiz çəkisi 0,283 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitəni “Sovetski” adlanan yerdən adını bilmədiyi şəxsdən almışdır. Narkotik vasitəni 26 sentyabr 2023-cü il tarixdə almışdır. Narkotik vasitəni öz istifadəsi üçün 10 manat pulun qarşılığında almışdır. 26 sentyabr 2023-cü il tarixdə saat 02 radələrində Nərimanov rayonunun ərazisində olarkən iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq Şöbəyə dəvət etmişlər. Daha sonra onlar Şöbəyə getmişlər, orada üzərinə baxış keçirilmişdir. Baxış zamanı üzərində gəzdirdiyi narkotik vasitəni könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Tutduğu əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PŞnin əməliyyat müvəkkili Şahid1 bildirmişdir ki, 27 sentyabr 2023-cü il tarixdə, saat 02:30 radələrində Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 ilə xidməti zərurətlə əlaqədar olaraq ünvan 5 ünvanın qarşısında olduqları zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşmış, həmin şəxsə özlərini təqdim edərək Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirib ondan üzərində şəxsiyyətini təsdiq edən sənədinin olub-olmamasını soruşmuşlar. Həmin şəxs özünü şübhəli aparmağa davam edərək rabitəsiz danışmağa, suallara qeyri-səmimi cavab verməyə başlamış və özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Özünü təqdim etməsini təklif edən zaman həmin şəxs danışarkən suallardan yayınmağa, həmçinin rabitəsiz danışığından narkotik vasitənin təsiri altında olduğundan və üzərində narkotik vasitə olmasından şübhələnib onu Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinə dəvət etmişlər. Daha sonra həmin şəxsi xidməti avtomobillə ərazi aidiyyəti üzrə Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinə gətirmiş və həmin şəxsin Təqsirləndirilən şəxs olmasını müəyyən etmişlər. Bu barədə raportla bölmənin rəisinə məruzə etdikdən sonra, raportun icrası Nərimanov RPİ-nin 16-cı PŞ-in təhqiqatçısı, polis kapitanı Rəşad Əhmədova həvalə edilmişdir. Bundan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı o, üzərində gəzdirdiyi bir ədəd bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Həmin narkotik vasitəni 26 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Sovetski” adlanan yerdən üzdən tanıdığı, hər hansı anket məlumatını bilmədiyi şəxsdən öz istifadəsi üçün alaraq üzərində gəzdirdiyini bildirmişdir. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində əlavə axtarış keçirilmiş, bu zaman onun üzərindən hər hansı bir əşya və yaxud maddə aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə Şahid2 ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 27 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında” 27 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanılaraq şübhəli şəxs qismində 16-cı PŞ-yə gətirilmişdir. 16-cı PŞ-də ona üzərində hər hansı qanunsuz əşya və ya maddəni könüllü təqdim etməsi təklif olunmuşdur. Şəxsi axtarış zamanı o, əynindəki göy rəngli şalvarının sağ yan cibindən 1 ədəd bükümdə narkotik vasitə olan heroini könüllü olaraq təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi 01 ədəd bükümün içərisində maddə hesab olunan “kakos” adı ilə tanınan heroindir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddəni Sovetski adlanan yerdən anket məlumatlarını bilmədiyi üzdən tanıdığı şəxsdən 10 manata almışdır. Həmin narkotik maddəni əynində olan göy rəngli şalvarın sağ yan cibinə qoyaraq öz istifadəsi üçün saxlamışdır. Təqdim etdiyi narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılmış və 218 nömrəli möhürlə möhürlənmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 sentyabr 2023-cü il tarixli, 6/5086 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №218” dairəvi möhür əksi olan “Şübhəli şəxs: (imza) Yusupov..” sözləri, soyad və imzalar qeyd edilmiş zərfin içərisindən 01 ədəd bükümdə təmiz çəkisi 0,283 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat təşkil edir. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” 28 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Elnur Məmmədov tərəfindən verilmiş vəsatətin müdafiə edilməsindən imtina edilməsi və Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” 28 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. “Diskə baxış keçirilməsi haqqında” 14 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilərkən video kamera vasitəsi ilə qeydə alınan video görüntülərin əks olunduğu CD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, xidməti otaqda video kamera çəkilişinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində hər hansı qanunsuz əşya və ya maddəni könüllü təqdim etməsi təklif olunmuşdur. Şəxsi axtarış zamanı o, əynindəki göy rəngli şalvarının sağ yan cibindən 1 ədəd bükümdə narkotik vasitə olan heroini könüllü olaraq təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi 01 ədəd bükümün içərisində maddə hesab olunan “kakos” adı ilə tanınan heroindir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddəni Sovetski adlanan yerdən anket məlumatlarını bilmədiyi üzdən tanıdığı şəxsdən 10 manata almışdır. Həmin narkotik maddəni əynində olan göy rəngli şalvarın sağ yan cibinə qoyaraq öz istifadəsi üçün saxlamışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş siqaretin gümüşü rəngli kağızına bükülmüş kütlə təhqiqatçı tərəfindən qablaşdırılmış və zərfin üzərinə imza edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 28 noyabr 2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 67.1, 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 02 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2023-cü il tarixdə cəzasından 22 gün vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2023-cü ildə cəzası sona çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X2 29 sentyabr 2023-cü tarixli, 6186 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 1(004)-219/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 67.1, 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 01 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzaçəkməsinin əvvəli 02 fevral 2022-ci il tarixdən hesablanmışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 28 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 0,283 qram narkotik vasitə heroin və şəxsi axtarışın gedişatının videogörüntüləri ilə olan 01 ədəd disk iş üzrə maddi sübut kimi tanınmışdır. Maddi sübut kimi tanınan və tədqiqata sərf edildikdən sonra qalan təmiz çəkisi 0,233 qram narkotik vasitə olan heroin saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmiş və 01 ədəd disk cinayət işi materiallarına əlavə edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-95/2024 nömrəli, 17 yanvar 2024cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilməsi və barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi və tutularaq dərhal həbs edilməsi, həbsetmənin əvvəlinin tutulduğu tarixdən hesablanması, tutulduqda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasına etap olunması və yerləşdirilməsi, qərarın icrasının Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə həvalə edilməsi və onun icrasına nəzarətin həyata keçirilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nərimanov Rayon Prokurorluğuna göndərilməsi, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilənə və o, məhkəməyə gətirilənədək cinayət işi üzrə icraat dayandırılması qərara alınmışdır. “Tututma haqqında” 26 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə saxlanılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs, məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətməsini məhkəmə cinayətlərin residivi və Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla isə təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından azad edildiyi gündən 2 il keçmədən törətmişdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər də dəfələrlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətdiyinə görə məhkum olunmasını, buna baxmayaraq onun islah yoluna qədəm qoymaması onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və bu baxımdan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlanmanın müddəti azadlıqdan məhrumetmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırılma növündə cəzanın müddətinə bir gününə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 27 sentyabr 2023-cü il tarixdə saat 03:50 radələrində saxlanılmış və onun barəsində 28 sentyabr 2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək o, həbsdə saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan 28 sentyabr 2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin qərar saat 10:45-də elan edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs 28 sentyabr 2023-cü il tarixdə azad olunsa da, onun azadlığının faktiki məhdudlaşdırılması 24 saatdan artıq olmuşdur. Bununla da məhkəmə hesab edir ki, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından 02 gün çıxılmalıdır. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinin tələblərinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə onun cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkmə müddətinin əvvəli – 26 fevral 2024-cü il tarixdən hesablanmaldır. Həmçinin təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Ekspertiza tədqiqatının ümumi dəyəri 80 (səksən) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, maddi sübut Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində maddi sübutların saxlanc otağında saxlanılan narkotik vasitənin qalığı – 0,233 qram heroin məhv edilməli və 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Presedent» Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 iş saatına görə 30 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq «Presedent» Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 il 07 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 sentyabr 2023-cü il tarixdən 28 sentyabr 2023-cü il tarixədək tutma altında saxlanıldığı 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanaraq onun üzərində qəti olaraq 01 il 06 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 26 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut – Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan narkotik vasitənin qalığı – 0,233 qram heroin məhv edilsin. Cinayət işi üzrə maddi sübut – 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. «Presedent» Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 iş saatı üçün cəmi 30 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq «Presedent» Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar