Məhkəmə qərarları › İş №1(005)-96/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-96/2024

29.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-96/2024 29.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, H.Məmmədov küçəsi 9-da qeydiyyatda olmaqla Bakı şəhəri, A.Neymətulla küçəsi ev 72 mənzil 54-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs toplanmış istintaq sübutların məcmusu ilə təqsirləndirilir ondan ötəri ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə və narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talama məqsədi ilə 08 sentyabr 2023-cü il tarixdə saat 14 radələrində ünvan 1 ünvanda fəaliyyət göstərən, giriş-çıxışı sərbəst olan “Aynabənd" restoranının mətbəx otağında aşpaz vəzifəsində işləyən Zərərçəkmiş şəxs digər otağa keçməsindən istifadə edib, Zərərçəkmiş şəxs rəflər üzərinə qoyduğu 350.80 manat pulunu, 550 manat dəyərində 1 ədəd 2.63 qram çəkidə 950 əyyarlı qızıl zinət əşyası olan kişi üzüyünü, 10 manat dəyərində 01 ədəd “LEO” Banka məxsus plastik bank kartını və 10 manat dəyərində bir ədəd “Hugo Boss" markalı pul kisəsi ilə birlikdə talayıb, Zərərçəkmiş şəxs 920.80(doqquz yüz iyirmi manat səksən qəpik) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0.238 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0.541 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayaraq daşımış və 09 sentyabr 2023-cü il tarixdə, saat 08:30 radələrində Nərimanov rayon polis idarəsinin 17-ci PŞ-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanının qarşısında oğurluq etməsində şübhəli bilinib saxlanılaraq Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin ünvan 4 ünvanında yerləşən inzibati binasına gətirilib orada üzərinə aparılmış şəxsi axtarış və götürmə zamanı əynində qara rəngli şalvarının sol yan cibində olan bir ədəd qara rəngli üzərində "Hugo Boss” sözləri yazılan oğurlamış olduğu pul kisəsinin içərisindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0.238 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0.541 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 3 ildir ki, ağrıları olması səbəbindən narkotik vasitə və psixotrop maddədən istifadə edir. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 14:00 radələrində özünə iş tapmaqdan ötrü Nərimanov rayonu, Ə.Əliyev küçəsi 26-da yerləşən “Aynabənd" restoranına gəlmiş və orada əvvəllər aşpaz işlədiyini bildirdikdən sonra özünü aşpaz kimi təqdim edən şəxslə restoranın zirzəmi hissəsində yerləşən mətbəxt otağına keçmişdir. Orada olduğu zaman restoranın mətbəx hissəsində olan yeməklərin qoyulduğu dəmir rəflərin üzərində bir ədəd qara rəngli pul kisəsini görmüş və maddi vəziyyəti çətin olduğundan onu oğurlamaq qərarına gəlmişdir. Həmin söhbət etdiyi şəxsin başının qarışmasından istifadə edib pul kisəsini götürüb bundan sonra restoranı tərk etmişdir. Həmin vaxt həmin şəxs pul kisəsini götürdüyüni görməmişdir. Restorandan xeyli aralandıqdan sonra küçədə gedərkən pul kisəsini açıb baxdıqda, içərisində iki ədəd 50 manatlıq, bir ədəd 10 manatlıq pul əsginasları, 80 qəpik, bir ədəd şəxsiyyət vəsiqəsi, bir ədəd "Kapital Bank" kartı və bir ədəd qızıl üzük olduğunu görmüşdür. Bundan sonra o “N.Nərimanov” metrosu yaxınlığında olan Lombard kimi fəaliyyət göstərən mağzaya daxil olub, 2023-cü ilin avqust ayında istifadəsində olan və hazırda üzərindən aşkarlanan “Samsung A 31” markalı mobil telefonunu girovdan çıxartmaq üçün oğurladığı üzüyü 110 manata satmış və 80 manat pulu verərək telefonunu təhvil almışdır. Üzüyü öz şəxsiyyət vəsiqəsi əsasında satmış və bildirmişdir ki, özünə məxsusdur. Bundan sonra "Kubinka» deyilən əraziyə gedərək orada üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 20 manat müqabilində iki ədəd bükümdə “patı" və ‘'kakos" adlanan narkotik vasitələr alaraq həmin bükümləri sonradan istifadə etmək üçün oğurladığı pul kisəsinin içinə qoyaraq və üzərində saxlamışdır. Pul kisəsində olan şəxsiyyət vəsiqəsini və "Kapital Bank" plasitk kartı isə "Nizami” metrosunun yanında xatırlamadığı yerdə qıraraq xırdalayıb tullamışdır. Oğurluq nəticəsində əldə etdiyi qalan pulu isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə saat 08:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanın qarşısında olduğu zaman bir nəfər mülki geyimli və bir nəfər polis geyim formasında olan şəxslər ona yaxınlaşaraq həmin şəxslər özlərini təqdim edərək Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşları olduqlarını bildirib oğurluqda şübhəli olduğunu bildirərək polis şöbəsinə getməyini təklif etmişlər. Bilmişdir ki, onun oğurluq etməyini polis əməkdaşları bilirlər və etiraf etmişdir ki, üzərində narkotik vasitə və psixotrop maddədə vardır. Bundan sonra polis şöbəsinə seçimi əsasında dəvət olunmuş müdafiəçi Cavid Abbasovun iştirakı ilə təhqiqatçı Fazil Osmanov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış aparılmağa başlanılmış və şəxsi axtarış zamanı üzərində olan qanunla qadağan olunmuş əşya var isə onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindən oğurladığı həmin üzərində “Hugo Boss” sözləri yazılmış pul kisəsini çıxararaq masanın üzərinə qoyub içərisində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin pul kisəsinə baxış keçirildikdə oradan iki ədəd büküm və bir ədəd "Leobank” kartı aşkar edilmişdir. Qeyd etmişdir ki, Leo Bank plastik kartı oğurladığı şəxsə məxsus olmuş, və həmin kartın pul kisəsinin içərisində olduğunu görməmişdir. Bundan sonra təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış aparıldı, şalvarının sağ yan cibindən aşkar edilmiş özünə məxsus ‘‘Samsung A 31” markalı telefon aşkarlanaraq götürülmüşdür. Bundan başqa üzərindən qanunla qadağan olunmuş başqa hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra isə üzərindən aşkar edilmiş içərisində narkotik vasitə və psixotrop maddə olan 2 ədəd büküm götürülərək içərisi boş olan ağ rəngli zərfə qoyulub zərfin üzəri möhürlənmiş və imzalanmışdır. Təqsirləndirilən şəxs məxsus mobil telefon, təqdim etdiyi oğurluq yolu ilə əldə etdiyi pul kisəsi və içərisində olmuş “Leobank" kartı da iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Həmin vaxt videoçəkilişdən də istifadə edilmişdir. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs qeyd etmişdir ki, ünvan 1 ünvanda yerləşən Aynabənd restoranında aşpaz vəzifəsində işləyir. Belə ki, restorana aşpaz kimi iş düzəlmək üçün sossial şəbəkədə elan yerləşdirmişdir. 08 sentyabr 2023-cü il tarixdə bir nəfər şəxs restorana gəlmiş, özünü İlham kimi təqdim etmiş və əvvəllər aşpaz işlədiyini bildirmişdir. O, da İlham adlı şəxsə inanıb zirzəmidə yerləşən mətbəxt otağına getmişdirlər ki, tanış etsin. Həmin vaxt o, işləri ilə bağlı digər otaqlara da gedib gəlmişdir. Həmin şəxs işlə bağlı danışaraq getmişdir. Onu da qeyd etmişdir ki, həmişə olduğu kimi pul kisəsini mətbəx otağında olan rəflər üzərinə qoymuşdur. Daha sonra saat təxminən 17.15 radələrində ona pul lazım olduğundan pul kisəsini qoymuş olduğu yerə yaxınlaşdıqda görmüşdür ki, pul kisəsi yoxdur. Daha sonra isə polisə zəng vuraraq məlumat vermişdir. X6 markalı pul kisəsinin içərisində bir ədəd kişi üzüyü, 01 ədəd şəxsiyyət vəsiqəsi, 350 manat 80 qəpik nəğd pul, bir ədəd Kapital banka aid plastik kart və bir ədəd 10 manat dəyərində LEO banka aid plastik kartlar olmuşdur. Ümimilikdə ona 910.80 manat ziyan dəydiyini bildirmişdir. Ona dəyən zərər ödənilməmişdir. Hazırda şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 17-ci PŞ-nin sahə inspektoru Şahid2 ifadəsində göstərmişdir ki, 08 sentyabr 2023-cü il tarixdə ünvan 6 ünvanda oğurluq hadisəsi baş vermişdir ki, bu da şöbənin əməliyyat müşavirəsində elan edilmişdir. Belə ki, 09 sentyabr 2023-cü il tarixdə saat 08:30 radələrində ış yoldaşı əməliyyat müvəkkili polis leytenantı Şahid3 ilə xidməti zərurətlə əlaqədar ünvan 7 ünvanda xidmətdə olduğu zaman bir nəfər şəxs davranışı ilə özünü şübhəli apardığından və həmin oğuruq hadisəsini törətmiş şəxsə xarici görünüşündən oxşadığından ona yaxınlaşaraq özləırini təqdim edib şəxsiyyəti haqqında maraqlanmışdırlar. Bu vaxt həmin şəxs həyəcanlanıb verilən suallara qeyri-müəyyən cavab verərək hərəkətləri ilə spirtli içki, narkotik vasitə və ya psıxotrop maddənin təsiri altında olması təəssüratını onlarda yaratmış və həmçinin oğurluq əməli etməsini etiraf etmişdir. Daha sonra onu saxlayaraq Nərimanov RPİ-nın 17-ci PŞ-nə gətirmişdirlər. 17-ci PŞ-də müəyyən edilmişdir ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Bununla bağlı müvafiq raport yazandan sonra, araşdırmanın aparılması şöbəsinin təhqiqatçısı, polis mayoru Fazil Osmanova həvalə edildiyindən, Təqsirləndirilən şəxs xidməti otağa aparmışdırlar Daha sonra təhqiqatçının dəvəti ilə ora vəkil gələndən sonra, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Sonra təhqiqatçı onun üzərində olan əşyaları çıxarıb stolun üstündə qoymasını təklif edəndə, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindən 01 ədəd qara rəngli pul kisəsini təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin pul kisəsinin içərisinə baxdıqda içərisindən iki ədəd bükümlərin olduğu və 01 ədəd LEO banka aid plastik kart aşkarlanmışdır. Baxış vaxtı Təqsirləndirilən şəxs bildirmişdir ki, onun üzərindən aşkarlanmış maddə narkotik vasitə və psixotrop maddədir ki, özünün istifadəsi üçün əldə edərək üzərində saxlamışdır. Daha sonra şalvarının sağ cibində olan cibində istifadə etdiyi "Samsung" markalı mobil telefonu və 01 ədəd alışqanı da təqdim etmişdir. Həmçinin Təqsirləndirilən şəxs 09 sentyabr 2023-cü il tarixdə günorta vaxtlarında Aynabənd restoranından oğurluq etdiyini etiraf etmiş və həmin narkotik vasitəiərin də oğurladığı pul kisəsinin içərisinə qoyduğunu bildirmişdir. Bundan sonra, təhqiqatçı onların iştirakı ilə protokol tərtib edib, həmin narkotik vasitəyə bənzər maddələr ekspertizaya göndərmək məqsədilə zərfə qoyaraq qablaşdırlıb möhürlənmiş və orada olan şəxslərlə yanaşı oda, protokolun düzgünlüyünü və zərfin üstünü imzamla təsdiq etmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1 və Şahid3 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 09 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 sentyabr 2023-cü il tarixdə saat 08:30-da şübhəli şəxs qismində tutulmuşdur; “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 09 sentyabr 2023-cü il tarixli prokoldan və həmin protokola əlavə edilmiş CD diskə keçirilmiş baxışdan görünür ki, şəxsi axtarış və götürmə başlamamışdan əvvəl 09 sentyabr 2023-cü il tarixdə saat 08.30 radələrində ünvan 8 ünvanında Nərimanov RPİ-nin polis əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov RPİnin 17-ci PŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərlərində dövriyyəsi qanunla qadağan olunmuş maddələr və əşyalar varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs bundan sonra əynində olan qara rəngli şalvarın sol yan cibində olan bir ədəd qara rəgli pul kisəsini çıxararaq masa üzərinə qoyur. Bundan sonra təhqiqatçı tərəfindən üzərinə baxış keçirilərkən sağ yan cibindən mobil telefon və alışqan aşkar edilir. Daha sonra isə qara rəngli pul kisəsinin içərisinə baxış keçirildikdə içərisindən iki ədəd bükümlər və Leo banka aid plastik kart aşkar edilir. Həmin bükümlər içərisi boş olan ağ rəngli zərfə qoyularaq üzəri imzalanıb möhürlənir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/4804 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş -üzərində "...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən..."sözləri yazılmış bir ədəd bükümdə təmiz çəkisi 0,238 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 01 ədəd bükürndəki təmiz çəkisi- 0.541 qram olan ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına daxildir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”-in siyahısına daxildir. Qeyd: Heroinin təmiz çəkisi - 0,238 qram, tədqiqata sərf edilən ümumu miqdar- 0,05 qram, qalıq - 0,188 qram. Metamfetaminin təmiz çəkisi - 0,541 qram, tədqiqata sərf edilən ümumu miqdar- 0,05 qram, qalıq - 0,491 qram Ekspertiza xərci 92 manat təşkil edir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 10 sentyabr 2023-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” 10 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilmişdir; 10 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; Maddi sübut kimi tanıma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki,bir ədəd bükümdə tədqiqatdan sonra qalan 0,491 qram psixotrop maddə metamfetamin və 0,188 qram nartotik vasitə heroin maddi sübut kimi tanınmış və Nərimanov RPİ-nin saxlancına təhvil verilmişdir. Maddi sübut kimi tanıma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış aparılan zaman çəkilmiş bir ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə verilmişdir. İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə narkoloji ekspertizasının 28 sentyabr 2023-cü il tarixli 6177 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-psixatrik ekspertizasının 28 sentyabr 2023-cü il tarixli 2726 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə etmək qabiliyyətində olmuşdur. Buna görə, də Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9\7221 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına 1 ədəd qara rəngli üzərində “Hugo Boss" yazısı olan 8x10 sm ölçüçlü, süni dəri materiallarından olan pul kisəsinin istifadə olunması nəzərə alınmaqla 2023-cü ilin sentyabr ayına bazar dəyəri təxminən 5 manat müəyyən edildir. Ekspertiza xərci 50 manat təşkil edir. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 20.00 radələrində Şübhəli şəxs qismində tutulmuşdur. Axtarışda olan şəxs barəsində seçilmiş qətimkan tədbirinin nəzərə alınması barədə xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixli qərarla seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri nəzərə alınmışdır. “Sübutların qiymətləndirilməsi və maddi sübut kimi tanınma haqqında” 29 noyabr 2023-cü il tarixli qərardan görünür ki, şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünün olan disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işinin istintaq materiallarına əlavə edilmişdir, “Hugo Boss” yazısı olan pul kisəsi və Leo Bank tərəfindən verilmiş **********376817 seriyalı plastik kart saxlanması üçün Zərərçəkmiş şəxs qaytarılması qərara alınmışdır. İş materiallarında olan qəbzdən görünür ki, “Hugo Boss” yazısı olan pul kisəsi və Leo Bank tərəfindən verilmiş **********376817 seriyalı plastik kart saxlanması üçün Zərərçəkmiş şəxs qaytarılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 fevral 2024-cü tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək cinayət işinin icraatı dayandırılmış, onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qismində qətimkan tədbiri seçilmiş və yeri müəyyən edildikdə dərhal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına yerləşdirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Şöbəsinin 19 fevral 2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(005)-96/2024 nömrəli cinayət işi üzrə barəsində 61621/24 saylı axtarış işi olan xx.xx.1975-cı il təvəllüdlü Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, ev 9-da qeyydiyyatda olan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanılaraq Nərimanov RPİ-nin MSYnə təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 177.1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkən, şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,238 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən psixotrop maddə sayılan 0,15 qram metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,541 qram təşkil etmişdir. Qeyd olunan siyahıya əsasən, psixotrop maddə olan metamfetaminin həmin miqdarı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. CM-in 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayəthüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.1 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayəti etiraf etməsi və əməlindən peşman olmasını yüngülləşdirən hallar kimi nəzərə alır: İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs CM-in 177.1 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti cəza müəyyən edilməli (CM-66.2), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı 2 (iki) gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut - Nərimanov RPİ-nin saxlancına təhvil verilmiş ekspet tədqiqatdan sonra qalan təmiz çəkisi 0,188 qram narkotik vasitə olan heroin, 0,491 qram psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), “Hugo Boss” yazısı olan pul kisəsi və Leo Bank tərəfindən verilmiş **********376817 seriyalı plastik kartın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş 15 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 30 iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 177.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 3(üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 177.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 01 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 19 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut – Nərimanov RPİ-nin saxlancına təhvil verilmiş ekspet tədqiqatdan sonra qalan təmiz çəkisi 0,188 qram narkotik vasitə olan heroin, 0,491 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Maddi sübut -Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 142 (yüz qırx iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Maddi sübut- “Hugo Boss” yazısı olan pul kisəsinin və Leo Bank tərəfindən verilmiş **********376817 seriyalı plastik kartın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan (həbsdə saxlanılan şəxsə təqdim edilən gündən) 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar