Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-10/2020 27.07.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri, 20 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxx 1968-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama niyyəti ilə azyaşlı uşaqlarına dayəlik etdiyi Ukrayna Respublikası vətəndaşı və “Qəbələ” Futbol klubunun sabiq üzvü Zərərçəkmiş şəxs kirayədə yaşadığı ünvan 2 ünvanında, mənzilin uşaq otağında olan dolabın siyirməsindən Dmytro Aleksandroviçə məxsus 2019-cu ilin fevral ayının əvvəllərindən xx xxxxx 2019-cu il tarixədək olan müddət ərzində 6120 manat ekvivalentində 3600 ABŞ dolları məbləğində pulu, xx xxxxx 2019-cu il tarixdə 1530 manat ekvivalentində 900 ABŞ dolları, xx xxxxx 2019-cu il tarixdə 340 manat ekvivalentində 200 ABŞ dolları, xx xxxxx 2019-cu il tarixdə 340 manat ekvivalentində 200 ABŞ dolları və xx xxxxx 2019-cu il tarixdə 340 manat ekvivalentində 200 ABŞ dolları məbləğində olmaqla ümumilikdə 8670 manat ekvivalentində 5100 ABŞ dolları məbləğində pulu gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla vahid niyyətlə əhatə olunan qəsdlə oğurluq cinayətini törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, 2014-cü ildə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə həbs cəzası almış, 2017-ci ildə isə şərti olaraq azad olunmuşdur. O, azadlığa çıxdıqdan sonra bir müddət özünə iş yeri axtarmağa başlamışdır. İlk olaraq özəl şirkətlərdən birində mühasibatçı olaraq işləmiş, daha sonra həmin şirkət bağlandığına görə özünə yeni iş axtarmışdır. 2018-ci ilin sentyabr ayında Ukrayna Respublikası vətəndaşı Zərərçəkmiş şəxs 2 azyaşlı uşaqlarına dayə axtardığını bilmişdir. O, 3 uşaq anası olduğundan və bu işdə təcrübəsinə görə dayə işləmək qərarına gəlmişdir. Zərərçəkmiş şəxs kirayədə yaşadığı ünvan 3 ünvana getmiş və zərərçəkmiş şəxs onu işə götürmüş və Zərərçəkmiş şəxs ilə aylıq əmək haqqı 500 manat olmaqla razılaşmışlar. Daha sonra isə o, Zərərçəkmiş şəxs evində əlavə olaraq işlər gördüyünə görə zərərçəkmiş şəxs ona 600 manat maaş verməyə başlamışdır. O, Zərərçəkmiş şəxs evinə nə vaxt çağırılarsa o vaxt getmiş, yəni işinin dəqiq saatı olmamışdır. 2019-cu ilin fevral ayında onun maddi cəhətdən sıxıntıları yaranmağa başlamış və borc aldığı şəxs borcunu geri istədiyindən pul axtarmağa başlamış, lakin həmin pulu tapa bilməmişdir. Həmin ərəfələrdə də Zərərçəkmiş şəxs evində uşaqlar üçün olan yataq otağında dolabın siyirməsində dəqiq sayını bilməsə də, külli miqdarda ABŞ dollarlı əskinazlı pulun olduğunu görmüş və oradan pul oğurlamaq qərarına gəlmişdir. Beləliklə o, 2019-cu ilin fevral ayının əvvəllərindən etibarən uşaqların yataq otağında olan pullardan müxtəlif vaxtlarda hissə-hissə götürməyə başlamışdır. O, həmin pulları müxtəlif vaxtlarda mənzildə ev sahiblərinin olub olmamasından asılı olmayaraq heç kimin xəbəri olmadan götürmüş və həmin pulları götürərkən mənzildə qulluqçu işləyən Səbinə adlı şəxs də onun oğurluq etməsindən xəbərsiz olmuşdur. Həmin evdən oğurladığı pullarla borcunun bir hissəsini ödəməyə başlamış, lakin hal-hazırda borcu ödənilən şəxs haqqında hər hansı anket məlumatlarını xatırlamır və ya onunla əlaqə yaratmaq üçün mümkün olmamışdır. O, aprel ayının əvvəllərinədək Zərərçəkmiş şəxs evindən 3600 ABŞ dolları məbləğində pulu özünün xatırlamadığı günlərdə oğurlamış, daha sonra isə 8 aprel tarixində 900 ABŞ dollar, 9 aprel tarixində 200 ABŞ dolları və 10 aprel tarixində 200 ABŞ dollar məbləğlərində pulları eyni üsulla oğurlamışdır. O, sonuncu dəfə xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs evində uşaqların dolabından 200 ABŞ dollar pulu gizlincə götürmüş və pulu götürdükdən bir neçə saat sonra zərərçəkmiş şəxs evə gələrək dolabda olan pulların oğurlandığını bildirərək pulların ona qaytarılmasını tələb etmişdir. Zərərçəkmiş şəxs ona uşaqların dolabından pulları oğurlayan zaman telefonun kamerasını açıq vəziyyətdə qoyaraq dolabda gizlətdiyini və daha sonra çıxıb getdiyini bildirmişdir. Telefon görüntülərində isə onun dolabdan pul oğurladığı açıq aşkar görünmüşdür. O, etdiyi əməli etiraf etmiş və uşaqların dolabında olan pulları götürdüyünü bildirərək həmin pulları da yaxın zamanlarda ödəyəciyini Zərərçəkmiş şəxs bildirmişdir. O, Zərərçəkmiş şəxs evindən 2019-ci ilin fevral ayından aprel ayına kimi hissə-hissə təxminən 5100 ABŞ dollar pulu ehtiyacı olduğu üçün oğurlamışdır. Daha sonra oğurlanmış pul vəsaiti üzrə 2000 manat məbləğində ziyan zərərçəkmiş şəxsə ödənilmişdir. Ziyanın yerdə qalan hissəsi ilə bağlı qızı Fidan Qasımova ilə zərərçəkmiş şəxs arasında borc müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən hər ay 552 (beş yüz əlli iki) manat borc verənə pulun ödənilməsi öhdəliyi götürülmüşdür. Sonrakı müddət ərzində də ziyan tam olaraq ödənilmişdir. Zərərçəkmiş şəxs hal-hazırda Azərbaycan Respublikasında olmadığı üçün məhkəmə iclasında iştirak edə bilmir və bu səbəbdən də tərəfimizdən ziyanın ödənilməsini təsdiq edən mötəbər sənədi məhkəməyə təqdim edə bilmirik. Törətdiyi əməli etiraf edərək səmimi peşman olduğunu, dəymiş ziyanın ödənildiyini nəzərə alaraq məhkəmədən yüngül cəza təyin eilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs iştirakının təmin edilməsi üçün ona məhkəmə iclaslarının yeri və vaxtı barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, onun məhkəmə iclaslarında iştirakını təmin etmək mümkün olmamışdır. İş üzrə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Ukrayna Respublikasının vətəndaşıdır. O, azərbaycan dilində oxuyub yazmağa çətinlik çəksə də, rus dilində sərbəst danışır və oxuyub yazmağı bacarır. 2015-ci il tarixdən Azərbaycan Republikasında yaşayır və “Qəbələ” futbol klubunun heyət üzvüdür. 2018-ci ilin fevral ayından ünvan 4 ünvanında ailəsi ilə birlikdə kirayədə yaşayır. Onun 2 azyaşlı uşağı olduğuna görə uşaqlarına dayə axtarmışdır. Həmin vaxtlarda da, Təqsirləndirilən şəxs özünə dayə işi axtardığından ona müraciət etmişdir. Beləliklə 2018-ci ilin sentyabr ayından o, Təqsirləndirilən şəxs işə götürmüşdür. Təqsirləndirilən şəxs hər gün təxminən səhər saat 9-dan günorta saat 16 radələrinə qədər yaşadığı mənzildə uşaqlarına baxmışdır. O, daha sonra Təqsirləndirilən şəxs evdə yemək bişirməsi və ev işlərini gördüyünə görə də əlavə pul vermişdir. O, 2018-ci ilin oktyabr ayında 40000 ABŞ dollar pulunu yaşadığı mənzilində uşaqların yataq otağında olan dolabın siyirməsində gizlətmişdir. 2019-cu ilin yanvar ayında həmin puldan 30000 ABŞ dollarını götürmüş və orada 10000 ABŞ dollar pul qalmışdır. Təxminən aprel ayının 4-də o, gizlətdiyi pulları yoxlamış və ona məlum olmuşdur ki, həmin puldan 3600 ABŞ dollar pul əskikdir. O, bu barədə yoldaşı Yuliyadan soruşaraq maraqlanmış, lakin Yuliya pulu götürmədiyini və bu barədə məlumatı olmadığını bildirmişdir. Bundan sonra o, evdə xadiməçi işləyən Şəbinə və uşaqlarının dayəsi olan Təqsirləndirilən şəxs şübhələnməyə başlamışdır. O, pulları qoyduğu yerdən götürməmiş və orada saxlamışdır. Həmin puldan növbəti günlərdə 8 apreldə 900 ABŞ dollar, 9 apreldə 200 ABŞ dollar və 10 aprel tarixlərində 200 ABŞ dollar pul oğurlanmışdır. Bundan sonra o, dəqiq bilmişdir ki, pullarını Təqsirləndirilən şəxs oğurlamışdır. Lakin Təqsirləndirilən şəxs heç nə bildirməmişdir. Bunu sübut etmək üçün xx xxxxx 2019-cu il tarixdə səhər saatlarında dolabın içərisinə “Samsung” markalı mobil telefonun kamerasını açıq vəziyyətdə ora yerləşdirərək gizlətmişdir. Daha sonra isə mənzildən çıxıb getmiş və Təqsirləndirilən şəxs isə uşaqları ilə evdə qalmışdır. Təxminən 2 saat sonra o, mənzilə qayıtmış və dərhal pullarını saxladığı dolaba baxmışdır. Pulları saydıqda 200 ABŞ dollar pulun da orada olmadığını görmüşdür. Bu zaman mobil telefonunda qeydə alınmış görüntülərə baxmış və dolabdan pulun Təqsirləndirilən şəxs götürdüyü orada video görüntüdə əks olunmuşdur. Beləliklə də, ona məxsus puldan 5100 ABŞ dollarının oğurlandığını aşkar etmişdir. O, bu barədə Təqsirləndirilən şəxs çağırıb söhbət etmişdir. Təqsirləndirilən şəxs pulları oğurladığını etiraf etmiş və ondan 10 gün vaxt istəmişdir ki, oğurladığı pulları geri qaytarsın. Onun Təqsirləndirilən şəxs ilk öncə yazığı gəldiyinə görə bu barədə polisə məlumat verməmiş və oğurladığı pulları qaytarmaq üçün Təqsirləndirilən şəxs vaxt vermişdir. Lakin Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək oğurladığı 5100 ABŞ dollar pulu qaytarmamışdır. O, bu barədə daha sonra polisə şikayət etmiş və telefonunda olan görüntüləri CD diskə köçürüb polisə təqdim etmişdir. Əlavə olaraq bildirmişdir ki, kirayə yaşadığı mənzildə xidmətçi işləyən Şəbinə adlı qadın yaşadığı evdən heç vaxt oğurluq etməmişdir. Ona məxsus 5100 ABŞ dolları məbləğində pulları yalnız Təqsirləndirilən şəxs oğurlamış və sonuncu bunu onun özünə deyərək etiraf etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2019-cu il tarixdə, saat 18:30-da şübhəli şəxs qismində tutulmuş, xx xxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i/v 59, 98-99). İş materiallarında olan DVD diskə məhkəmə iclası zamanı baxış keçirilərkən müəyyən edilmişdir ki, 02 dəqiqə 40 saniyədən ibarət videogörüntüdə başlandığı andan 20-ci saniyəsinə qədər qara fon müşahidə edilir. Videogörüntünün 21-ci saniyəsində qara fon açılır və bir qadın dolabın içinə 3 saniyə ərzində baxaraq qapını bağlayır. 1:06 saniyəyə qədər yenidən görüntüdə qara fon müşahidə edilir. 1:07 saniyədən başlayaraq həmin qadın dolabı açaraq ayaq üstə durmuş vəziyyətdə dolabdan nə isə götürür və daha sonra aşağı əyildikdə əlində ABŞ dolları əskinasları müşahidə edilir. Videogörüntünün 1:44 saniyəsindən sonra yenidən qara fon müşahidə edilir. İş materiallarında olan Bakı şəhər Nəsimi rayon X5 Şöbəsinin müstəntiqi Yusif Yusifov tərəfindən tərtib edilmiş maddi ziyan qismində pulun götürülməsi barədə protokoldan və müstəntiq Yusif Yusifov, Zərərçəkmiş şəxs, həmçinin tərcüməçi E.Rəhimov tərəfindən imzalanmış qəbzdən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs qızı Fidan Qasımovadan vurulmuş maddi ziyanın 2000 manat hissəsi zərərçəkmiş şəxsə təhvil verilməsi məqsədi ilə müstəntiq tərəfindən təhvil alınmış və həmin məbləğ Zərərçəkmiş şəxs təhvil verilmişdir (i/v 72, 73). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli tələbnamədən, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 1(005)-157/2013 saylı, xx.xx.2013 tarixli hökmündən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-344/2014 saylı, xx.xx.2014-cü il tarixli hökmündən və Bakı şəhəri Səbail rayon məhkəməsinin 7(009)-21/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 1(005)- 157/2013 saylı, xx.xx.2013 tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-344/2014 saylı, xx.xx.2014-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsi tətbiq edilməklə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 1(005)-157/2013 saylı, xx.xx.2013 tarixli hökmü ilə təyin olunmuş 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməklə və həbsdə olduğu iki gün müddət təyin edilmiş cəzadan çıxılaraq 08 (səkkiz) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı şəhəri Səbail rayon məhkəməsinin 7(009)-21/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarı ilə 7 ay 2 gün vaxtından əvvəl şərti azad olunmuşdur (i/v 114-115, 116-119, 120-130, 131-133). Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətidən Nəsimi rayon məhkəməsinə ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli, 33/7494 saylı məktubdan görünür ki, Zərərçəkmiş şəxs xx xxx 2019-cu il tarixdə Azərbaycan Respublikasının ərazi hüdudlarını tərk etmişdir. İş materiallarına əlavə edilmiş Nəsimi rayon məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 1(006)-249/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində məhkəmə iclasına məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Nəsimi rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(006)-10/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi barədə qərar qəbul olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin əməliyyat işi üzrə rəis müavini Eldar Qazıbəyov tərəfindən məhkəməyə ünavnlanmış xx xxxx 2020-ci il tarixli, 082-11350-1220 saylı məktubdan görünür ki, xx xxxx 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbyacan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək, barəsində axtarış elan olunmuş Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 17:15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi ilə Şamil Əzizbəyov küçəsinin kəsişməsində saxlanılaraq, Nəsimi rayon Polis İdarəsinin MSY-nə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbyacan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Bakı İstintaq Təcridxanasından məhkəməyə ünvanlanmış xx xxxx 2020-ci il tarixli, xx/xx-2521 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən etibarən Bakı İstintaq Təcridxanasında saxlanılır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 1(006)- 10/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbayacan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ərizə təqdim edərək, məhkəmə prosesinin zərərçəkmiş şəxsin iştirakı olmadan yekunlaşdırılmasını xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün etirafı, zərəçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi xx xxxxxxxx 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan CM yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Həmin qərara əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmasına və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hallara aiddir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxx 2019-cu il tarixdən xx xxx 2019-cu il tarixədək tutulduğu 01 (bir) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 1(006)-10/2020 saylı, xx xxxx 2019-cu il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx xxxx 2019-cu il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 22 (iyirmi iki) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun hesabına 132 (yüz otuz iki) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib,02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun hesabına 132 (yüz otuz iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-10/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-10/2020
27.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver