Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-10/2024 09.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2 Müdafiəçi: Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1968-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ali təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olmamış, Bakı şəhəri, Nəsimi rayonu, M.Calal küçəsi, ev 10, mənzil 75-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq 19,36 qram çəkidə qurudulmuş marixuananı əldə edib özündə saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə, saat 21:00-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, ünvan 1 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan gödəkcənin cibindən 23 bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 2,71 qram, 2,37 qram, 1,66 qram, 2,36 qram, 2,50 qram, 0,33 qram, 0,56 qram, 0,44 qram, 0,38 qram, 0,69 qram, 0,40 qram, 0,56 qram, 0,26 qram, 0,52 qram, 0,62 qram, 0,30 qram, 0,46 qram, 0,26 qram, 0,31 qram, 0,52 qram, 0,35 qram, 0,24 qram və 0,56 qram həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, istintaq zamanı onun barəsində olan cinayət işi düzgün araşdırılmamışdır. O, hər dəfə bu barədə müstəntiqə bildirmiş, lakin sonuncu hər şeyin düzələcəyini deyib ona əhəmiyyət verməmişdir. Onun üzərində sellofan torbada narın halda narkotik olub, o, zibil qutularından alüminium qabları yığıb sataraq gündəlik dolanışığını təmin etmişdir. Həmin narkotiki də zibil qutularının içərisindən tapmışdır. O, həmin narkotikdən bir az istifadə etmişdir. Saxlanıldığı günü, saat 18:00 radələrində yaşadığı mənzildən çörək almaq üçün çıxmış, qayıdanda polis əməkdaşları onu blokda saxlamış və onun üzərini axtarmışlar. Bu zaman onun üzərindən bir büküm aşkar edilmişdir. Polis əməkdaşları onda daha çox narkotikin olduğunu bildirmişlər. Daha sonra onun yaşadığı mənzili iki dəfə axtarsalar da, heç nə aşkar edə bilməmişlər. Polis əməkdaşları onu avtomobillə şəhərdə bir müddət gəzdirdikdən sonra onu polis şöbəsinə aparmışlar. Orada ona videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağını və hər şeyi onların dedikləri kimi deməli olduğunu bildirmişlər. Ona hədə-qorxu gələrək onların dediklərini etmədiyi təqdirdə onun qasıq yırtığından əziyyət çəkdiyini bildikləri üçün həmin hissədən ona xəsarət yetirəcəklərini söyləmişlər. Sonra həmin bükümləri sellofanda ona vermiş, o da qorxduğu üçün videoçəkiliş zamanı bu bükümləri təqdim etmiş və onların dedikləri sözləri təkrarlamaq məcburiyyətində qalmışdır. Polis əməkdaşları onu tutmaq fikirlərinin olmadığını bildirmişlər. Əgər həmin narkotik vasitələr ona məxsus olsa, onların üzərində onun əl-barmaq izləri də olardı. Lakin həmin bükümlərin heç birində onun barmaq izi yoxdur. Bükümlər ona məxsus deyil. O, narkotik vasitənin istifadəçisi olsa da, onların satışı ilə məşğul olmur. Məhkəmədə şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 12 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri satış məqsədi ilə əldə etməsi, saxlaması, gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu məlumatın yoxlanılması məqsədilə onun və iş yoldaşı Anar Bababyevdən ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra Təqsirləndirilən şəxs gələ biləcəyi ünvan müəyyən edilmiş və həmin günü saat 20:30 radələrində onlar ünvan 1 ünvana gəlmişlər. Bir müddət orada gözlədikdən sonra saat 21:00 radələrində Təqsirləndirilən şəxs görüb ona yaxınlaşaraq özlərini təqdim etmiş, məsələ barədə məlumat verib onu 19-cu polis şöbəsinə dəvət etmişlər. Orada onun üzərində videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli gödəkcənin sağ yan cibindən bir ədəd alışqanı, sol yan cibindən iki ədəd konfeti, bir ədəd sellofan paketi, beş ədəd kağız bükümləri, əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən sair əşya və pulları çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 05 ədəd ağ rəngli kağız bükümə, eləcə də 01 ədəd sellofan paketə və onun içərisindəki 17 ədəd ağ rəngli kağız bükümə baxış keçirilən zaman içərisində tünd yaşıl rəngli qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi ümumilikdə 23 ədəd bükümdəki maddələrin marixuana olduğunu, onları həm öz istifadəsi, həm də dost-tanışa pay verməsi üçün üzərində saxladığını, Nəsimi rayonu ərazisində yerdən tapdığını, əvvəllər də dost-tanışına pay kimi narkotik vasitə verdiyini, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, bu əməlindən heç kimin məlumatının olmadığını bildirmişdir. Onlar tərəfindən Təqsirləndirilən şəxs yaşadığı mənzildə axtarış aparılmamış, sonuncuya qarşı zor tətbiq olunub nəyisə boynuna alınması tələb edilməmiş, ümumiyyətlə zorun tətbiq olunacağı ilə o, hədələnməmişdir. Məhkəmə istintaqında şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 Şahid2 ifadəsinə oxşar məzmunda ifadə verdi. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə, axşam vaxtları televizora baxan zaman qapı açılmış və evə hündür bir kişi daxil olmuşdur. Daha sonra qardaşı Emil və arxasınca üç nəfər şəxs də gəlmişlər. Həmin şəxslər qardaşından ciblərindəki əşyaları təqdim etməsini tələb etmiş, Emil də cibindən kart, 5-6 manat pul, siqaret, birdə sellofan torbanın içində nanəyə oxşayan otu çıxartmışdır. Bundan sonra həmin şəxslər otaqları axtarmağa başlamışlar. O, həmin vaxt onlardan sənəd təqdim etməsini tələb etsə də, onlar heç bir söz deməmiş, hər hansı bir sənəd təqdim etməmişlər. Təxminən 15 dəqiqə keçəndən sonra bu şəxslər kiminləsə telefonla danışmış və yenə də mənzili axtarmağa davam etmişlər. Lakin onlar heç nə tapmamış və bundan sonra qardaşını götürüb getmişlər. O, Emilin narkotikdən istifadə etdiyi barədə heç bir məlumatı olmamışdır. Emilin üzərindən çıxan narkotik vasitə balaca sellofanda olmuşdur. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • “Şəxsi axtarış və götürmə aparılması haqqında” 12 dekabr 2022-ci il tarixli protokol və diskdə olan videogörüntüyə əsasən şübhəli şəxs Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, sonuncu əynində olan tünd boz rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd alışqanı, həmin gödəkcənin sol yan cibindən 02 ədəd konfeti, 01 ədəd sellofan paketi, 05 ədəd kağız bükümləri, əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəxsiyyət vəsiqəni, 01 ədəd **********744851 saylı "xxxx" ASC-yə məxsus və 01 ədəd **********512760 saylı "xxxx" ASC-yə məxsus kartı, 01 ədəd içərisində 055 ***-**-** GSM nömrə olduğu “Fly” markalı mobil telefonu, 06 manat nağd pulu, 10 qəpik pulu, şalvarın arxa sol cibindən 02 Rus rublunu təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 05 ədəd ağ rəngli kağız bükümə, eləcə də 01 ədəd sellofan paketə və onun içərisindəki 17 ədəd ağ rəngli kağız bükümə baxış keçirilən zaman içərisində tünd yaşıl rəngli kəskin iyili narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. İçərisində olan qurudulmuş marixuanaya bənzər kütlə olan 05 ədəd ağ rəngli kağız bükümün, içərisində qurudulmuş marixuanaya bənzər kütlə olan 01 ədəd sellofan büküm və onun içərisindəki 17 ədəd ağ rəngli kağız bükümdə olmaqla ümumilikdə 23 ədəd bükümün içərisindəki qurudulmuş marixuanaya bənzər kütlənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmiş və qablaşdırılma ilə birlikdə ümumi çəkisinin 28 qram olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində olan və baxış zamanı təqdim etdiyi 22 ədəd kağız büküm və 01 ədəd sellofan paket olmaqla ümumilikdə 23 ədəd bükümdəki maddələrin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin maddəni həm öz istifadəsi, həm də dost-tanışa pay verməsi üçün üzərində saxladığını, təxminən 10-12 gün bundan öncə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerdən tapdığını, əvvəllər də dost-tanışına pay kimi narkotik vasitə verdiyini, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, bu əməlindən heç kimin məlumatının olmadığını, saxlanılan zaman və polis şöbəsində olan zaman onun üzərinə əvvəlcədən baxış keçirilmədiyini, ona qarşı burada heç bir zor tətbiq edilmədiyini bildirmişdir (İ cild, i.v.30-33); • “Şübhəli şəxsin dindirilməsi” və “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında protokollarda Təqsirləndirilən şəxs əks olunmuş ifadələrinə əsasən o, özünü təqsirli bilərək qeyd etmişdir ki, üzərində olan və baxış zamanı təqdim etdiyi 22 ədəd kağız büküm və 01 ədəd sellofan paket olmaqla ümumilikdə 23 ədəd bükümdəki maddələr narkotik vasitə qurudulmuş marixuanadır. O, həmin maddəni həm öz istifadəsi, həm də dost-tanışa pay verməsi üçün üzərində saxlamış, tutulmamışdan təxminən 10-12 gün öncə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerdən tapmışdır. O, əvvəllər də dost-tanışına pay kimi narkotik vasitə vermişdir. O, başqa heç bir yerdə narkotik vasitə saxlamamışdır. Belə ki, 12 dekabr 2022-ci il tarixdə, təxminən saat 21:00 radələrində ünvan 1 ünvanın yaxınlığında piyada hərəkət edən zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı təqdim etmiş, onun narkotik vasitələrin satışında şübhəli olduğunu bildirmiş və onu Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə dəvət etmişlər. Şöbədə ona üzərində qanunla qadağan olunmuş hər hansı əşya varsa təqdim etməsi təklif edildikdən sonra o, əynində olan tünd boz rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd alışqanı, həmin gödəkcənin sol yan cibindən 02 ədəd konfeti, 01 ədəd sellofan paketi, 05 ədəd kağız bükümləri, əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəxsiyyət vəsiqəni, 01 ədəd **********744851 saylı "xxxx" ASC-yə məxsus və 01 ədəd **********512760 saylı "xxxx" ASC-yə məxsus kartı, 01 ədəd içərisində 055 ***-**-** GSM nömrə olduğu “Fly” markalı mobil telefonu, 06 manat nağd pulu, 10 qəpik pulu, şalvarın arxa sol cibindən 02 Rus rublunu təqdim edərək masanın üzərinə qoymuşdur. Üzərindən aşkar olunan 05 ədəd ağ rəngli kağız bükümə, eləcə də 01 ədəd sellofan paketə və onun içərisindəki 17 ədəd ağ rəngli kağız bükümə baxış keçirilən zaman içərisində tünd yaşıl rəngli kəskin iyili narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. İçərisində olan qurudulmuş marixuanaya bənzər kütlə olan 05 ədəd ağ rəngli kağız bükümün, içərisində qurudulmuş marixuanaya bənzər kütlə olan 01 ədəd sellofan büküm və onun içərisindəki 17 ədəd ağ rəngli kağız bükümdə olmaqla ümumilikdə 23 ədəd bükümün içərisindəki qurudulmuş marixuanaya bənzər kütlənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmiş və qablaşdırılma ilə birlikdə ümumi çəkisinin 28 qram olması müəyyən edilmişdir. Onun bu əməlindən heç kimin məlumatı olmamış, saxlanılan zaman və polis şöbəsində olan zaman onun üzərinə əvvəlcədən baxış keçirilməmiş, ona qarşı heç bir zor tətbiq edilməmişdir (İ cild, i.v.47-49, 69-71); • “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs həmin günü tutulmuş, onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatətin müdafiəsindən Bakı şəhəri Nəsimi rayon prokuroru tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş qərarla imtina edilmiş və müstəntiqin qərarı ilə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.21, 79-83); • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli, 7/1403 saylı rəyinə əsasən vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş 22 (iyirmi iki) ədəd kağız bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,71 qram, 2,37 qram, 1,66 qram, 2,36 qram, 2,50 qram, 0,33 qram, 0,56 qram, 0,44 qram, 0,38 qram, 0,69 qram, 0,40 qram, 0,56 qram, 0,26 qram, 0,52 qram, 0,62 qram, 0,30 qram, 0,46 qram, 0,26 qram, 0,31 qram, 0,52 qram, 0,35 qram, 0,24 qram və bir ədəd kiçik sellofan torbada təmiz çəkisi 0,56 qram, ümumi çəkisi 19,36 qram olan bitki mənşəli kütlələr tərkiblərinə görə eyni olub, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqatdan sonra marixuananın qalıq çəkisi 18,9 qram, aparılmış tədqiqatın dəyəri 72 manat təşkil edir (İ cild, i.v.41-44); • Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X4 Ambulator X1 haqqında xx.xx.2023-cü il tarixli, 149 saylı rəyinə görə Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, i.v.112-113); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X4 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli, 973 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs hal-hazırda “ŞİZOFRENİYA, REMİSSİYA VƏZİYYƏTİ” (F20.0) müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilən psixi xəstəlik hazırda remissiya (yaxşılaşma) vəziyyətindədir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək imkanına malikdir. Təqsirləndirilən şəxs 2023-cü ilin yanvar ayından və həmin tarixdən sonrakı tarixlərdə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs ona ittiham edilən zaman həmin ittihamın mahiyyətini dərk etmək iqtidarında olmuşdur (İ cild, i.v.160-162); • “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, qalıq qalan 18,9 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmişdir (İ cild, i.v.165-173); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli arayışına görə Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur (İ cild, i.v.97-98); • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 5(006)- 660/2022 saylı qərarına əsasən Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi İslam Hümbətov tərəfindən təsdiq edilmiş 12 dekabr 2022-ci il tarixli əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar qanuni hesab edilmişdir (İ cild, i.v.240-241); • Məhkəmənin çağırışlarına üzrlü səbəblər olmadan gəlmədiyi üçün Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri ilə əvəz olunaraq onun axtarışı elan edilmiş, 10 oktyabr 2023-cü il tarixdə o, tutularaq aidiyyəti üzrə təhvil verilmişdir (İ cild, i.v.296-298, 308, İİ cild, i.v.17); • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə hazırki iş üzrə məhkəmə-daktiloskopik ekspertizası təyin edilmiş və bununla bağlı verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-3/1954 saylı rəyində qeyd olunur ki, tədqiqata təqdim edilmiş 23 ədəd kağız bükülünün üzərində əl-barmaq və papilyar naxış izləri yoxdur. Aparılmış tədqiqatın dəyəri 161,11 manat təşkil edir (İİ cild, i.v.12-15, 20-22). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır (9-cu bənd). Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Bu cinayətin törədilməsi Təqsirləndirilən şəxs özü tərəfindən inkar olunsa da, məhkəmədə tədqiq olunmuş şahid ifadələri, ekspert rəyləri, şəxsi axtarış aparılması haqqında protokol və digər mötəbər dəlillərlə onun tərəfindən bu əməlin törədilməsi tam sübuta yetirilir. Eyni zamanda məhkəmə müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin qardaşı Şahid3 ifadəsi ilə bağlı qeyd edir ki, onun izahatında göstərdiyi xüsusatları təsdiq edə biləcək mötəbər dəlillər mövcud deyil və belə olan halda onun izahatı təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhd kimi qəbul edilməlidir. Həmçinin, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən psixi zorakılığa məruz qalması ilə bağlı irəli sürülmüş dəlillə bağlı məhkəmə qeyd edir ki, bu məsələni təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılmasına dair hər hansı müraciətə rast gəlinmir. Bununla bağlı məhkəmə vurğulayır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutularaq saxlanıldığı 02 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli həbsdə alındığı andan – 10 oktyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 18,9 qram narkotik vasitə qurudulmuş marixuana Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, ekspertiza tədqiqatlarının dəyəri 233,11 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 06 saat üçün nəzərdə tutulan 36 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 10 oktyabr 2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın, ekspertiza tədqiqatlarının dəyəri 233 (iki yüz otuz üç) manat 11 (on bir) qəpik pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 18,9 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 06 saat üçün nəzərdə tutulan 36 (otuz altı) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-10/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-10/2024
09.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver