Məhkəmə qərarları › İş №1(006)-100/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-100/2021

04.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-100/2021 04.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, X10 qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 mənzil 34 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edərək saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 21:00 radələrində nikahdan kənar münasibətdə olduğu Şahid5 ilə birlikdə kirayə yaşadığı ünvan 4, mənzil 5 ünvanında tanışı Şahid4 satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni bir bükümdə, təmiz çəkisi 0,708 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini 20 (iyirmi) manata əldə edib, özündə saxlamış, xx.xx.2020-ci il tarixdə saat 03:40-də Şahid5 Nəsimi Rayon Polis X12 Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanılması zamanı verdiyi məlumat əsasında həmin gün, yəni xx.xx.2020-ci il tarixdə saat 05 radələrində kirayə yaşadığı ünvanda narkotik vasitə əldə etməsində şübhəli bilindiyinə görə Bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı həmin narkotik vasitə əynində olan mavi rəngli cins şortun sağ qabaq cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 4, mənzil 5 ünvanında sevgilisi Şahid5 ilə birlikdə kirayədə yaşayır. O, Şahid5 2 ildir tanıyır və onlar sevgili münasibətlərində olaraq birlikdə həmin ünvanında yaşayırlar. Təxminən 7 aydır narkotik vasitə istifadəçisidir. Sevgilisi Şahid5 da uzun müddətdir narkotik vasitə marixuana və psixotrop maddə metamfetamini çəkərək istifadə edir. Elnuranın metamfetamin satması barədə məlumatı yoxdur. Onlarla birgə kirayə yaşadıqları evdə Elnuranın bacısı Şahid6 da yaşayır. xx.xx.2020-ci il tarixdə kirayə yaşadıqları evə tanışları Şahid4, Anarın sevgilisi Süsən və Şahid3 qonaq gəlmişlər. Anar onların yaşadıqları evə qonaq gəlməmişdən öncə onlar ondan xahiş etmişlər ki, özü ilə birlikdə istifadə etdikləri üçün şüşə kimi tanınan metamfetamin gətirsin, çünki bilmişlər ki, Anar narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğuldur. Qonaqları gəldikdən sonra onlar birlikdə şüşə çəkmək üçün nəzərdə tutulan kustar üsulla hazırlanmış “lampoçka” kimi tanınan qurğu vasitəsi ilə şüşə çəkmişlər. Bundan sonra onlar evdə istirahət etmişlər. Gecə saatlarında sevgilisi Şahid5 tanışı və Şahid3 keçmiş sevgilisi “Şəms” adlı şəxs yaşadıqları evin həyətinə gəlmiş və Şahid5 Şəmslə görüşmək üçün məhləyə getmişdir. Həmin vaxt mən təxmini anlamışdır ki, sevgilisi Şahid5 “Şəms” adlı şəxsə mütamfetamin satmaq üçün məhləyə gedir. Çünki gecə vaxtı başqa məqsədlə həyətə getməyi inandırıcı olmamış, lakin bu barədə Elnuradan heç bir şey soruşmamış, çünki Elnuranın işlərinə qarışmirmış. Bir müddət keçdikdən, yəni artıq xx.xx.2020-ci il tarixdə təxminən saat 05 radələrində Elnura evə polis əməkdaşları ilə bərabər qayıtmış və qapını açaraq polis əməkdaşlarını evə buraxmış, evdə baxış keçirmələrinə etiraz etməmişdir. Polis əməkdaşları ilk öncə onları, yəni onu, Şahid6, Şahid3 və Şahid4 şübhəli bildikləri üçün Nəsimi RPİ-nin 22-ci Polis şöbəsinə dəvət etmişlər və onlar etiraz etmədən polis şöbəsinə getmişlər. Polis şöbəsində olan zaman onlara dövlət hesabına müdafiəçi təyin edilmiş və bundan sonra narkotik vasitə və ya psixotrop maddə əldə etməklərində və üzərilərində saxlamalarında şübhələr olduğu üçün üzərilərinə ayrı-ayrılıqda video çəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı o, könüllü olaraq narkotik vasitənin istifadəçisi olduğunu və törətdiyi əməli etiraf etmişdir. Məhkəmə iclasında verilmiş suallara Təqsirləndirilən şəxs cavab olaraq bildirmişdir ki, o, həqiqətəndə narkotik vasitə istifadəçisidir, çəkiliş zamanı o, əynində olan mavi rəngli cins şortun sağ qabaq cibində saxladığı heroini polis əməkdaşları ona vermiş, o, da məcbur qalıb heroinin özünün olduğunu və Anar adlı şəxsdən aldığını kamera qarşısında bildirmişdir. Daha sonra özünü qismən təqsirli bilməsini, ilk məhkumluğunu olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskində olan görüntülərlə və iş materiallarında olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 03:40 radələrində ünvan 4 ünvanında Nəsimi Rayon Polis X12 Xidməti Bölüyündə polis nəfəri vəzifəsində xidmət aparan Şahid2 ilə birlikdə piyada xidmət aparan zaman bir nəfər daha əvəllər tanımadıqları qadının onları görən zaman özünü şübhəli aparmağa və daha sonra qaçmağa başladığını görmüşlər. Buna görə həmin şəxsi tutaraq kim olmasını və hansı səbəbə qaçmasını soruşduqda qadın özündə olmadığından onun narkotik vasitə və ya psixotrop maddə istifadəçisi olmasından şübhələnmişlər və bura görə də onu özləri ilə birlikdə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinə dəvət etmişlər. Daha sonra anket məlumatlarının Şahid5 olmasını bildikləri şəxs etiraz etmədən onlarla birlikdə Nəsimi Rayon Po is idarəsinin 22-ci Polis şöbəsinə gəlmişdir. Polis şöbəsində həmin şəxsin Şahid5 olması məlum olmuşdur və onun gətirilməsi barədə raport tərtib etmişlər. Raportun icrası Nəsimi RPİ-nin 22-ci Polis şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Tariyel Mahmudova həvalə edilmişdir. Daha sonra onlara məlum olmuşdur ki, Şahid5 üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərindən psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Şahid5 polis şöbəsində izahat verən zaman həmin gün onunla birlikdə kirayə yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində sevgilisi Təqsirləndirilən şəxs, bacısı Şahid6, tanışı Şahid3 və onun tanışı Anar adlı şəxs in də onunla birlikdə evdə psixotrop maddə olan metamfetamin qəbul etməsini bildirdiyinə görə əməliyyat qrupu ilə birlikdə Şahid5 yazılı razıliğı əsasında yaşadığı mənzilə getmişlər. Mənzilə gələn zaman onlar mənzilin qapısını döymüşlər və orada olan Elnuranın sevgilisi Təqsirləndirilən şəxs, bacısı Şahid6, tanışı Şahid3 və onun tanışı Şahid4 izahatlarının alınması məqsədilə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinə dəvət etmişlər. Həmin şəxslər etiraz etmədən onlarla birlikdə polis şöbəsinə gəlmişlər. Polis şöbəsinə gətirilən şəxslər barəsində qanuna müvafiq tədbirlərin görülməsi məqsədilə raport tərtib etmişlər və raportun icrası həmin şöbənin təhqiqatçısı Tariyel Mahmudova həvalə edilmişdir. Hazırda barəsində aparılan cinayət işi üzrə ifadə verdiyi Təqsirləndirilən şəxs polis şöbəsinə gətirildikdən sonra təhqiqatçı Tariyel Mahmudovun xidməti iş otağına aparılmışdır. Orada təhqiqatçı Təqsirləndirilən şəxs hüquqlarını izah edib vəkillərin siyahısı ilə tanış etdikdə, sonuncu hüquqlarının hər hansı bir vəkil tərəfindən müdafiə edilməsi üçün vəkil təyin edilməsi barədə ərizə yazmışdır. Buna görə də Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək məqsədilə 14 saylı Vəkil Bürosunun vekili X8 təyin edilmişdir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib üzərinə şəxsi axtarış aparılacağını və şəxsi axtarışın videoçəkilişlə aparılacığını bildirmişdir, sonuncu isə etiraz etməmişdir. Bunda sonra təhqiqatçı Vüsal Təqsirləndirilən şəxs üstündə olan əşyaları könüllü çıxarıb stolun üstünə qoymasını təklif etmişdir və o, əynində olan mavi rəngli cins şortun sağ qabaq cibindən sellofana bükülü qəhvəyi rəngdə olan bir ədəd bükümü çıxarıb masanın üzərinə qoyaraq təqdim etmiş, həmin maddənin heroin olmasını və həmin heroini 20 manata şəxsi istifadəsi üçün onlarla birlikdə mənzildə olan və polis şöbəsinə gətirilən Şahid4 aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş və heç bir qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, özünün deməsinə görə heroin olan maddə təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və şəxsi axtarışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş, ucadan onlara oxunmuş, heç bir əlavə və şikayət daxil olmadığı üçün iştirak edən hər kəs həmin protokolu imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid1 ondan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən sonuncunun əynində olan mavi rəngli cins şortun sağ qabaq cibindən sellofana bükülü qəhvəyi rəngdə olan bir büküm narkotik maddə aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, həqiqətən də xx xxxxxx 2020-ci il tarixdə Şahid5 kirayə yaşadığı ünvan 4, mənzil 5 saylı ünvanda Təqsirləndirilən şəxs, Şahid5 və Şahid4 ilə olan zaman Şahid5 “Şəms” ilə görüşmək məqsədi ilə evdən çıxaraq məhləyə düşmüşdür, uzun müddət keçdikdən sonra Şahid5 evə polislərlə birgə geri qayıtmış və polislər onları izahat almaq məqsədilə polis şöbəsinə dəvət etmişlər, polis şöbəsində hər birinin üzərinə şəxşi axtarış keçirilmiş onun və Şahid6n üzərlərindən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ondan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, ünvan 4, mənzil 5 saylı ünvandla iki aydır ki, bacısı Dilarə, sevgilisi Təqsirləndirilən şəxs ilə birlikdə yaşayır. Həmçinin onunla birlikdə yaşayan bacısl Dilarə, sevgilisi Təqsirləndirilən şəxs da narkotik vasitələr və psixotrop maddəllərdən istifadə edirlər. xx.xx.2020-ci il tarixdə metamfetamin lazım olduğu üçün yəni, həm özü istifadə etməsi üçün həmdə Şəms adlı tanışına metafetamin lazım olduğu üçün o Sumqayıt şəhərində Elnur adlı tanışı ilə danışıb ona bildirmişdir ki, iki qram metameftamin lazımdır. O, görüş yeri təyin etmiş və Elnurla “tarqovu" adlanan yerdə şərab evinin qarşısında görüşmüşdür’. Elnur ondan iki qram metamafetaminə görə 145 manat pul istəmiş, sonuncu isə razılaşaraq orada ona 145 manat pul vermişdir. Elnur sonuncudan pulu alaraq “Milliön" terminalı vasitəsi ilə həmin pulu harasa köçürmüşdür. Həmin gün axşamı Elnurun dediyi yerdə yəni Sumqayt şəhərində yerləşən “Corat” bağlarından xatırlamadığı marketin divarının dibində qutunun içindən iki büküm metamfetamin olduğunu görüb götürərək cibinə qoyub taksi ilə yaşadığı evə gəlmişdir. Həmin bükümləri yatdığı otağın dolabına qoymuşdur. xx.xx.2020-ci il tarixdə saat 18 radələrində əvvəlcə Rəşad, sonra isə Süsən, onun sevgilisi Anar sonuncunun kirayə yaşadığı mənzilə qonaq gəlmişlər. Onlar gələndən sonra aldığı metamfetminin bir hissəsini masanın üzərinə qoymuşdur. Hamısı həmin metamfetamindən istifadə etmişlər. xx.xx.2020-ci il tarixdə gecə saatlarında evin qapısının yanında tanışı şəms adlı qadını görmüş və ona bildirmişdir ki, bir bükümdə bir qram metamfetamini ona 50 manata sata bilər. Razılaşdıqdan sonra əlində zibil ilə birlikdə evdən metamfetamini götürüb əynində olan boz rəngli şortunun sağ yan cibinə qoymuşdur. Sonra isə çölə çıxıb yaşadığı evin yaxınlığında polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələr və psixotrop maddəllərin qanunsuz dövrüyəsində şübhəli olduğunu bildirərək onu 22 PŞ-nə dəvət etmişlər. Sonuncuda onlara etiraz etməyib onlarala birlikdə 22 -ci PŞ-nə gəlmişdir.PŞ -də üzərimə şəxsi axtarış keçirilən zaman əynimdə olan boz rəngli şortunun sağ cibindən bir ədəd sellefon bükümdə metamfetamin aşkar edilmişdir. Bundan sonra polis əməkdaşlarına izahat verərək evində digər şəxslərin yəni, Şahid3, Şahid6, Şahid4 və Təqsirləndirilən şəxs olduğunu və evdə üzərində aşkar olunan maddələrdən başqa maddələrində olduğunu bildirmişdir. Budan sonra ərizə yazaraq evə polis əməkdaşlari ilə birgə getmiş evdə olan digər şəxslər polis əməkdaşları tərəfindən polis şöbəyə gətirilmiş və evdən sonuncuya məxsus metamfetaminlə elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə günorta radələrində Rəşad 051 *** ** ** saylı mobil telefon nömrəsindən sonuncunun istifadəsində olan 077 *** ** ** saylı mobil telefon nömrəsinə zəng edərək, daha əvvəl bir dəfə gördüyü Elnura adlı qadının evinə dəvət etmiş, o, onunla razılaşmış və bundan sonra təxminən saat 21 radələrində qeyri rəsmi münasibətdə olduğu Süsən Zülfüqarova ilə Elnuranın icarə tutaraq yaşadığı ünvan 4, mənzil 5 ünvanında yerləşən evinə getmişlər. Onlar gələn zaman Elnura, onun sevgilisi Vüsal, Elnuranin bacısı Dilarə və tanışı Rəşadda orda imiş. Vüsal və Dilarəni daha əvvəl tanımırmış onları ilk dəfə idi görürmüş. Bundan sonra Elnura onlara şüşə adlanan maddələri vermişdir və evdə olan hər bir şəxs sonuncuda daxil omaqla lampoçka adlanan əşya ilə şüşəni çəkməyə başlamışlar. Həmin şüşədən əlavə Süsənində çantasında şüşə var imiş amma haradan əldə etməsi barədə hər hansı məlumatı olmayıb. Narkotik vasitədən istifadə etdikdən sonra Rəşad onunla birlikdə Elnuranin evinin yaxınlığında yerləşən “Fidan” marketə getmişdir. Fidan marketdə onlar sular şirniyyatlar, tum və siqaretlər almışlar. Həmin alınan əşyaların pulunu ödəmişdir. Daha sonra onlar yenidən Elnura gilin yaşadığı evə qayıtmışlar.Evdə olarkən Elnura tanışı Şəms adlı qadının məhləyə gəldiyini bildirmiş və onunla söhbət etmək üçün həyətə düşmüşdür. Uzun müddət keçdikdən sonra Elnura evə polislərdə birgə geri qayıtmış və polislər onlardan izahat almaq məqsədilə polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində üzərinə şəxsi axtarış keçirilən zama üzərində olan tünd boz şalvarımın sağ cibindən saxladığı dəqiq çəkisini bilmədimi metamfetamini bir ədəd bükümdə polislərə təqdim etmiş və hadisəni səmimi olaraq etiraf etmişdir ki üzərindəki maddəni özü istifadə edir, heç vaxt narkoti vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Cinayət işinin 23-24-cü vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 143-145-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 224-225-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 62-66-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 6/1571 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Təqsirləndirilən şəxs aşkar olunan bir ədəd bükümdəki maddə, təmiz çəkişi 0,708 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroinin təmiz çəkisi 0,708 qram, tədqiqata sərf edilmiş 0,050 qram, qalıq 0,658 qram olmuşdur. Cinayət işinin 63-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 108 (bir yüz səkkiz) manat 46 (qırx altı) qəpik müəyyən edilmişdir. Cinayət işinin 169-170-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2454 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən su istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinesiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 92-93-cü vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, V.S.Kazımlıdan aşkar olunan və ekspertiza keçiriləndən sonra qalıq qalmış təmiz çəkişi 0,658 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroin iş üzrə maddi sübut kimi tanınmış və Nəsimi RPİ-nin növbətçi hissəsinə maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Cinayət işinin 115-116-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X4 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin 53-cü vərəqəsində olan DVD diskinə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən edilmişdir ki, həmin görüntülər xx xxxxxx 2020-ci il tarixdə saat 15- 30 dan 16-30-dək qeydə alınmışdır. Bakı şəhəri, Nəsimi RPİ-nin 22-ci PŞ-nin inzibati binasında xidməti iş otağında bölmənin təhqiqatçısı, polis leytenantı X3 özünü təqdim edir, bundan sonra Nəsimi RPİ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid1, Nəsimi RPİ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid2, Nəsimi RPİ-nin 22-ci PŞ-nin sahə inspektoru Şamxal Mehdiyevin, mütəxəssiz X1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsini elan edir. Sonra Təqsirləndirilən şəxs özünü bir daha təqdim etməsi təklif edilir və o, özünü təqdim edir. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquq vəzifələrinin izah edir və ona üzərində hər hansı bir daşınması, gəzdirilməsi qadağan olunmuş əşya və ya predmetin olub-olmaması, əgər varsa təqdim olunmasını təklif edir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şortun sağ qabaq cibindən sellofana bükülü qəhvəyi rəngdə bir ədəd bükümü çıxarıb masanın üzərinə qoyaraq təqdim edir, həmin maddənin heroin olmasını və həmin heroini 20 manata şəxsi istifadəsi üçün onlarla birlikdə mənzildə olan və polis şöbəsinə gətirilən Şahid4 aldığını bildirir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. X13 Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş xx xxxxx 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (X16 Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini əldə edib üzərində saxlaması cinayətini qismən etiraf etsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskində olan video görüntülərlə, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, cinayət işinin materiallarında olan cinayət əməlini törətməkdə şübhəli şəxsin tutulması və təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərarlardan, həmçinin şübhəli şəxsi tutma, şəxsi axtarış və götürmə, şübhəli şəxsin dindirilməsi, təqsirləndirilən şəxsin dindirmə protokollarından və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri barədə qərardan görünür ki, təqsirləndirilən şəxs könüllü olaraq həmin məhkəmə iclasında törətdiyi əməli tam etiraf etmiş, məhkəməyədək istintaq dövründə protokolları və digər sənədləri imzalamış və ona istinad edilən əməli tam etiraf etmişdir. Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş DVD diskində olan video görüntülərdə də müəyyən edilmişdir ki, polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncu əynində olan mavi rəngli cins şortun sağ qabaq cibindən sellofana bükülü qəhvəyi rəngdə bir ədəd bükümü çıxarıb masanın üzərinə qoyaraq təqdim edir, həmin maddənin heroin olmasını və heroini 20 manata şəxsi istifadəsi üçün Şahid4 aldığını bildirir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bu ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı xx xxxxxx 2020-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2454 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Nəsimi Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,658 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 108 (bir yüz səkkiz) manat 46 (qırx altı) qəpik sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X5 və Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili S.G.Hüseynova məhkəməyədək istintaq dövründə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Hüquq Məsləhətxanasının hesabına və Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 18 saata görə 108 (bir yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Hüquq Məsləhətxanasının hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,658 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 108 (bir yüz səkkiz) manat 46 (qırx altı) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X5 istintaq orqanında iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun «xxxx» ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab № AZ41AİİB******************** bankın kodu 200112, VÖEN – 140063561) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 18 saata görə 108 (bir yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar