Məhkəmə qərarları › İş №1(006)-100/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-100/2023

17.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-100/2023 17.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi “PRO BONO” Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs ilə, xx.xx.1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 25 aprel 2022-ci il tarixdə Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 14:00 radələrində ünvan 2 ünvanda yerləşən «Nənəmin təndiri» adlı çörək evinin qarşısında saxlanılaraq 19-cu PŞ-ə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli cins şalvarının sağ yan kiçik cibindən 01 bükümdə təmiz çəkisi 0,334 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 25 aprel 2022-ci il tarixdə saat təxminən 14:00 radələrində Nəsimi rayonu, H.B.Əliyev küçəsində yerləşən «Nənəmin təndiri» adlı çörək evinin qarşısında olarkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Onun narkotik vasitələrin əldə edilməklə qanunsuz üzərində saxlanılmasında şübhəli olduğunu bildirmişlər. Barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu Nəsimi RPİ-nin 19-cu PŞ-nə dəvət etmişlər, o da etiraz etməyib polis əməkdaşları ilə 19-cu PŞ-ə gəlmişdir. Polis şöbəsində olan zaman hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Sonra ona üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, bu zaman vəkili iştirakı olmadan üzərinə şəxsi axtarış aparılmasını bildirmiş, o da buna etiraz etməmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olan hər hansı əşya varsa təqdim etməyi xahiş edilmişdir. Bu təklifdən sonra o, əynindəki tünd göy rəngli cins şalvarının sağ yan kiçik cibindən 3 ədəd büküm çıxarıb onları təqdim etmişdir. Həmin bükümlərin ikisi boş, birində isə narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra üzərinə şəxsi axtarış, aparılmış, lakin başqa hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə aşkar olunmamışdır. Polis əməkdaşları tərəfindən verilən şifahi suallara cavab olaraq o, təqdim etdiyi bükümdəki maddənin narkotik vasitə heroin olduğunu, həmin heroini “Papanin” kimi tanınan ərazidə tanımadığı şəxsdən 7 manat şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra təqdim etdiyi büküm təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Sonra protokol tərtib olunmuş və o, digər iştirakçılar kimi həmin protokola imza etmişdir. Təqsirləndilən şəxs Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki. o, narkotik vasitə heroin qəbul edir, narkotik vasitələrin satışı ilə məşğul olmur. Narkotik vasitəni aldığı şəxsi tanımır, heç bir anket məlumatlarına sahib deyil, mobil telefon nömrəsini bilmir. Həmin şəxsdən əvvəllər narkotik vasitə almamışdır. Onun bank hesabı yoxdur. Nəsimi RPl-nin 19-cu PŞ-nə gətirilərkən və PŞ-də olarkən ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. Onun üzərinə Nəsimi RPl-nin 19-cu PŞ-də yalnız təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir. Daha sonra özünü təqsirli bilməsini nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 25 aprel 2022-ci il tarixdə vətəndaş Təqsirləndirilən şəxs oğlunun qanunsuz olaraq narkotik vasitələri satış məqsədi olmadan, əldə edərək üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur, həmin məlumatın yoxlanılmasından ötrü 19-cu PŞ-nin rəisinə raportla məruzə etmişdir. 19-cu PŞnin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 iştirakı ilə xx.xx.2022-ci il tarixdə saat 14:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi 15 ünvanında “Nənəmin Təndiri” çörək evinin qarşısında keçirdikləri əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 19-cu PŞ-nə aparılmışdır. 19-cu PŞ-nin təhqiqatçısı polis polkovniki Vahid Quliyevin xidməti iş otağında videoçəkilişlə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmiş və Təqsirləndirilən şəxs üstündə olan əşyaları könüllü çıxarıb stolun üstünə qoyması təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan kiçik cibindən 01 gümüşü rəngli falqa bükümünü və 02 ədəd boş kağız bükümünü çıxararaq masanın üzərinə qoymuş və üzərində başqa heç bir qanunsuz əşyanın və ya narkotik vasitənin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və heç bir əşya aşkar edilməmiş. Təqsirləndirilən şəxs üst-başını səliqəyə salması tələb edilmişdir. Daha sonra həmin 01 gümüşü rəngli falqa bükümü açılmış və onun içərisində qəhvəyi rəngli toz şəkilli maddənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs 01 gümüşü rəngli falqa bükümündə Kakos yəni heroin adlanan narkotik vasitənin olduğunu bildirmişdir. Daha sonra 01 kağız bükümü içərisi boş olan zərfə qoyulmuş, zərf isə bağlanıb möhürlənmişdir. Daha sonra bu barədə protokol tərtib edilmişdir və ucadan onlara oxunmuşdur. Heç bir əlavə və şikayət daxil olmadığı üçün iştirak edən hərkəs həmin protokolu eləcə də zərfin üzərini imzalamışdır. Təqsirləndirilən şəxs narkotik vasitəni satan şəxsi müəyyən edmək mümkün olmamışdır, lakin bu istiqamətdə tədbirləri davam etdirilir. Təqsirləndirilən şəxs onların qanuni tələblərinə tabe olaraq heç bir müqavimət göstərmədən onlarla polis şöbəsinə gəlmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 19-ci PŞnin əməliyyat müvəkkili Şahid2 ifadəsi məhkəmə iclasında elan olunmaqla, tədqiq edildi və müəyyən olundu ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmidir ki, həqiqətəndə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan tünd göy rəngli cins şalvarın sağ yan kiçik cibindən 01 gümüşü rəngli falqa və 02 ədəd boş kağız bükümləri aşkar olunmuşdur. Cinayət işinin İ cild 30-31-ci vərəqələrində olan 25 aprel 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin İ cild 111-114-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 25 aprel 2022ci il tarixdən 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İ cild 169-171-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 25 oktyabr 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin İ cild 192-195-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 18 noyabr 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin İ cild 222-225-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 2 (ay), yəni 18 yanvar 2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin İ cild 266-268-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 gün, yəni 07 fevral 2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin İİ cild 15-16-cı vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin İ cild 64-68-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 aprel 2022-ci il tarixli, 6/2389 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...Təqsirləndirilən şəxs (imza)...» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,334 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Heroinin təmiz çəkisi 0,334 qram olmuş, tədqiqata 0,050 qram sərf edilmiş, 0,284 qram qalıq qalmışdır. Cinayət işinin İ cild 65-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat müəyyən edilmişdir. Cinayət işinin İ cild 162-165-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Respublika Məhkəmə Ekspertiza Mərkəzinin 18 may 2022-ci il tarixli, 6/2565 saylı ekspert rəyindən görünür ki,təhqiqata təqdim edilmiş üzərində ”Azərbaycan Respublikası DİN Zərfləri üçün N186” dairəvi möhür əksi, “N220070231 cinayət işi üzrə 02 ədəd ....kağız kəsikləri.....” yazı və imzalar olan zərfdə 2 ədəd kağız kəsikləri səthində narkotik vasitə və psixotrop maddələrin izləri yoxdur. Cinayət işinin İ cild 163-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 88 (səksən səkkiz) manat müəyyən edilmişdir. Cinayət işinin İ cild 228-236-cı vərəqələrində olan 09 yanvar 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd videogörüntü olan disk və maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalmış 0,284 qram çəkidə narkotik vasitə olan heroin saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlama otağına təhvil verilmişdir. Cinayət işinin İ cild 166-167-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 20 iyun 2022ci il tarixli, 3364 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanseri idə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin İ cild 122-123-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 11 may 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.2 maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq 02 (iki) il 04 (dörd) ay 04 (dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin İ cild 133-145-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə qəti 02 (iki) il 04 (dörd) ay 04 (dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Cinayət işinin İ cild 59-cu vərəqəsində olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər 25 aprel 2022-ci il tarixdə saat 15:30dan başlayaraq qeydə alınmışdır. Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 19-cu PB-ə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli cins şalvarının sağ yan kiçik cibindən bir ədəd içərisində narkotik vasitə heroinə bənzər maddə olan büküm və iki ədəd içərisi boş olan bükümlər aşkar olunaraq götürülmüş, verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin maddənin heroin olduğunu və Papanin adlanan ərazidən tanımadığı şəxsdən 7 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin ifadələri, ekspert rəyləri, DVD diskdə olan videogörüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.2 maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq 02 (iki) il 04 (dörd) ay 04 (dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmasına baxmayaraq iki il keçmədən, yəni 25 aprel 2022-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən cinayətlərin residivi aşağıdakı hallarda təhlükəli sayılır: 18.2.1. qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda, 18.2.2. qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı və yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsin əvvəllər məhkum olunmasına baxmayaraq islah olunmamasını təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 25 aprel 2022-ci il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin vaxtdan hesablanmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 20 iyun 2022-ci il tarixli, 3364 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Nəsimi RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,284 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci cəmi olaraq 169 (bir yüz altmış doqquz) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “PRO BONO” Vəkil Bürosunun vəkili P.Ə.Hacıyevə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 25 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Nəsimi RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,284 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 169 (bir yüz altmış doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “PRO BONO”Vəkil Bürosunun vəkili P.Ə.Hacıyevə məhkəmədə iştirak etdiyi 10 saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “PRO BONO” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar