Məhkəmə qərarları › İş №1(006)-100/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-100/2024

30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-100/2024 30.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 12:15 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X3 oğlunun iştirakları ilə xx.xx.1966-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu olan, Bakı şəhəri, Nəsimi rayonu, Laqerni döngəsi, ev 16-da qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, Sübhi Salayev küçəsi ev 25/27-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi islehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib, saxlamaqla daşımışdır. Belə ki, o, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,361 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlamaqla daşımış, 26 sentyabr 2023-cü il tarixdə Nəsimi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 17:30-da ünvan 1 ünvanın qarşısında saxlanılaraq Azadlıq prospekti 86 ünvanında yerləşən Nəsimi RPİ-nin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının cibindən 01 bükümdə təmiz çəkisi 0,361 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, tutulduğu günədək uzun müddət narkotik vasitə olan “kakos”dan istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Yasamal rayonu “Nizami” metrostansiyası yaxınlığında üzdən tanıdığı adını bilmədiyi şəxsdən narkotik vasitə heroini almışdır. Bundan sonra, həmin gün Nəsimi rayonu B.B.Məcidov küçəsində olan zaman ona 2 nəfər mülki geyimli şəxslər yaxınlaşmışlar. Həmin şəxslər özlərini polis olaraq təqdim etdikdən sonra, onu Nəsimi RPİ-nin inzibati binasına dəvət etmişlər. Polis idarəsinə aparıldıqdan sonra videoçəkilişdən istifadə edilməklə ondan üzərində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. O, qara rəngli şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxararaq təqdim etmiş və həmin bükümün içərisindəki maddənin heroin olduğunu bildirmişdir. Daha sonra həmin narkotik vasitə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Ona qarşı polis əməkdaşları tərəfindən heç bir zorakılıq edilməmişdir. İfadəsinin sonunda əməlindən səmimi peşman olduğunu bildirərək, ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi rayon Polis İdarəsinin NMBnin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, o Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və şəxsi ədavəti yoxdur. 26 sentyabr 2023-cü il tarixdə xidmətdə olarkən «Samir» adlı şəxs üzərində qanunsuz olaraq narkotik vasitələrin saxlaması və daşıması ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Qeyd olunan məlumatın yoxlanılması ilə bağlı tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyala keçirilməsi ilə bağlı qərar qəbul edilmiş və həmin qərarın icra olunması ilə bağlı NMB-nin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılaraq məlumat əsasında ünvan 3 ünvanda olarkən «Samir» adlı şəxsi görərək ona yaxınlaşıb özlərini təqdim etmişlər və barəsində narkotik vasitələrin üzərində saxlaması və daşıması ilə bağlı əməliyyat məlumatının daxil olduğunu bildirib, həmin şəxsi Nəsimi RPİ-nə dəvət etmişlər. Polis idarəsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmış və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş formada narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni “Nizami” metrostansiyasının yaxınlığında üzdən tanıdığı, adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümdə olan narkotik vasitə heroin təhqiqatçı tərəfindən qablaşdırılmaqla götürülmüşdür. Təqsirləndirilən şəxs saxlanılarkən və polis idarəsində olarkən ona hər hansı formada təzyiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi rayon Polis İdarəsinin NMBnin əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Nəsimi RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Babək Mirzəyev tərəfindən tərtib edilmiş və Nəsimi rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid1, mütəxəssis qismində dəvət edilmiş X6, barəsində istintaq hərəkətləri aparılan Təqsirləndirilən şəxs tərəfindən imzalanmış 26 sentyabr 2023-cü il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokolla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamış və vəsatət qaldırılmamışdır. Şəxsi axtarış zamanı “Sony” markalı videokameradan istifadə edilmişdir. Ona görə də, protokol tərtib olunmuş, ucadan oxunmuş, protokolun düzgünlüyü imzalarla təsdiq edilmişdir (i/v 51-53). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3- 16-16/2-6/5088 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №186” dairəvi möhür əksləri olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilən bir bükümdə olan narkotikə bənzər maddə; Şübhəli şəxs: “imza” Təqsirləndirilən şəxs” və digər ad, soyad, imzalar qeyd edilmiş 01 ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,361 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (i/v 60-62). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X1 xx.xx.2023-cü il tarixli, 7622 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 118-119). İş materiallarına əlavə olunmuş şübhəli olan şəxsin tutulması haqqında 26 sentyabr 2023-cü il tarixli protokoldan və həbs qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 26 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i/v 26-27, 90-94). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 14 oktyabr 2023-cü il tarixli tələbnamədən və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və CM-nin 69.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət ona həmin hökmlə təyin olunmuş cəzadan bir günə iki gün hesabı ilə hesablanmaqla cəzadan çıxılmış və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (i/v 103-104, 106- 110). İş materiallarına əlavə edilmiş “sübutların qiymətləndirilməsi haqqında” 25 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd bükümdəki maddə, təmiz çəkisi 0,361 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra 0,311 qram qalığı Təqsirləndirilən şəxs cinayət işinin ibtidai istintaq materialları ilə tanış edildikdən sonra saxlanılması üçün Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir (i/v 121-125). Məhkəmənin şifahi sorğusu əsasında əldə edilmiş Bakı şəhər Probasiya idarəsinin xx.xx.2024-cü il tarixli 21-1-3-1775-11 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi rayon məhkəməsinin 1(006)-236/2023 saylı 09 iyun 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuşdur. Məhkum Təqsirləndirilən şəxs Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alınmadığından və bu səbəbdən cəzasını çəkmədiyindən onun cəzasının çəkilməmiş hissəsi 01 il 11 ay 26 gün təşkil edir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq əldə edib saxlaması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs təqsirini etiraf edərək, əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Nəsimi rayon məhkəməsinin 1(006)-236/2023 saylı 09 iyun 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətində azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuşdur. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Nəsimi rayon məhkəməsinin 1(006)-236/2023 saylı 09 iyun 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə əvvəlki iş üzrə tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkməsinin əvvəli 26 sentyabr 2023-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, ondan 89 (səksən doqquz) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan, ilkin çəkisi 0,361 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,311 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Təqsirləndirilən şəxs vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-515/2023 saylı xx.xx.2023-cü il tarixli qərara əsasən xx.xx.2023-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin, ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(006)-236/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəlki iş üzrə tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla 02 (iki) gün ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 26 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 89 (səksən doqquz) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan, ilkin çəkisi 0,361 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,311 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar