Məhkəmə qərarları › İş №1(006)-101/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-101/2021

18.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-101/2021 18.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, zərərçəkmiş hüquqi şəxs “Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi”-nin nümayəndəsi Nümayəndə, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1980-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını talayaraq mənimsəmişdir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Zərərçəkmiş şəxsn Elmi- tədqiqat və təhsil şöbəsi üzrə x xxxxx 2020-ci il tarixli göndəriş əsasında həmin tarixdən qeyd edilən publik hüquqi şəxsə məxsus dərman vasitələri və tibb ləvazimatlarının saxlanıldığı, Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsi, 1004-cü məhəllədə yerləşən Azərbaycan Tibb Universitetinin X3 məxsus olan anbarda anbardar vəzifəsinə işə qəbul olunub anbara daxil olan dərman vasitələri və tibb ləvazimatlarını aktla təhvil almaq, saxlamaq və təhvil vermək, həmin vasitə və ləvazimatların elektron qaydada uçotunu aparmaq, X4 şöbələrinin sifarişləri əsasında həmin vasitə və ləvazimatların sifarişçiyə çatdırılması üçün qaimə tərtib edib imzalamaq, möhürlə təsdiq olunması və imzalanması üçün həmin qaiməni Klinikanın direktoruna göndərmək, direktor tərəfindən təsdiq edilmiş qaimə əsasında dərman vasitələri və tibb ləvazimatlarının çatdırılması üçün müvafiq daşıyıcıya təhvil vermək səlahiyyətlərinə malik, x xxxxx 2020-ci il tarixdə aparılmış təhvil-təslim əsasında həmin anbarda olan dərman vasitələri və tibb ləvazimatlarını öhdəliyinə götürməklə həmin anbarda saxlanılan qeyd edilən vasitə və ləvazimatlara görə cavabdehlik daşıyan maddi məsul vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş TƏBİB publik hüquqi şəxsə məxsus əmlakı qulluq mövqeyindən istifadə edərək mənimsəməklə talamaq məqsədilə xx xxxxx 2020-ci il tarixdə, saat 18:00 radələrində cinayət əməlini pərdələmək məqsədilə həmin anbarda istifadə olunan kompüterdə guya hansısa tibb müəssisəsinə təhvil verilməsi məqsədilə tərtib olunması görüntüsü yaradan dərmanlar siyahısını özündə əks etdirən rəsmi sənəd olmayan cədvəl tərtib edərək imzalayıb, hər hansı başqa rəhbər şəxsin imzası və möhürü olmadan, guya “Yeni Klinika” publik hüquqi şəxsə aparmaq adı ilə 1 qutusunun qiyməti 8,4487 manat olmaqla cəmi 33,7948 manat dəyərində 4 qutu Diabeton 60 MG N30, 1 qutusunun qiyməti 32,3136 manat olmaqla cəmi 129,2544 manat dəyərində 4 qutu Tamiflu 75 MG N10, 1 qutusunun qiyməti 14,7627 manat olmaqla cəmi 59,0508 manat dəyərində 4 qutu Sertozin 1000 MG 4 ml N5, 1 qutusunun qiyməti 18,5254 manat olmaqla cəmi 37,0508 manat dəyərində 2 qutu Pulmares 0.5 MG 2 ml N20, 1 qutusunun qiyməti 10 manat olmaqla cəmi 40 manat dəyərində 4 qutu Salipra 2.5 ml N20, 1 ədədinin qiyməti 15,44 manat olmaqla cəmi 154,4 manat dəyərində 10 ədəd Merotex 1000 MG toz N1, 1 qutusunun qiyməti 5,2203 manat olmaqla cəmi 104,406 manat dəyərində 20 qutu Arbidol 100 MG N10, 1 qutusunun qiyməti 14,7627 manat olmaqla cəmi 59,0508 manat dəyərində 4 qutu Dofamin 4% ML N10, 1 qutusunun qiyməti 9,2119 manat olmaqla cəmi 36,8476 manat dəyərində 4 qutu Klariks 500 MG N10 dərman vasitələrini, ümumilikdə 9 adda cəmi 653,86 manat dəyərində dərman vasitələrini Klinikanın Qəbul və təcili yardım şöbəsinin kiçik tibb qardaşı, tibbi təchizat mallarının anbardan şöbələrə paylanması işinə köməklik göstərməsi üçün ayrılmış cinayətdən xəbərsiz Şahid6 anbardan kənara çıxdıqdan sonra özünün götürəcəyi adı ilə verib, sonuncu vasitəsilə anbardan çıxarmaqla, öz qulluq mövqeyindən istifadə edərək TƏBİB publik hüquqi şəxsə məxsus olmaqla ona etibar edilmiş cəmi 653,86 manat (altı yüz əlli üç manat səksən altı qəpik) dəyərində əmlakı vahid niyyətlə mənimsəməklə talamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, x xxxxx 2020-ci il tarixdən hazıradək Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Zərərçəkmiş şəxs" publik hüquqi şəxsə məxsus dərman vasitələri və tibb ləvazimatların saxlanıldığı Azərbaycan Tibb Universitetinin X1 mülkiyyətində olan anbarda faktiki olaraq anbardar vəzifəsində işləmiş, və anbardar kimi vəzifəsi müxtəlif dərman firmaları və ya şirkətlərindən göndərilən dərman vasitələri və tibb ləvazimatlarını təhvil-təslim aktları ilə qəbul edib anbara yerləşdirmək, X1 müxtəlif şöbələrindən tibbi mallar ilə bağlı sifarişləri hazırlayıb aidiyyəti üzrə təhvil verməkdən ibarət olmuş, eyni zamanda malların qorunub saxlanılmasına da cavabdehlik daşımışdır. “BP” şirkətində təchizat idarəsinin rəhbəri olan dostu Şahid11 ona iş tapmasında köməklik göstərməsini xahiş etmiş, bir müddət sonra sonuncu TƏBİB publik hüquqi şəxsdə işləyən Şahid10 vasitəsilə onu X1 anbarında anbardar işinə düzəlməsinə köməklik etmişdir. TƏBİB publik hüquqi şəxsin şöbə müdiri X6 aptekin müdiri Şahid1lə onu tanış etmiş, sonuncu ilə birlikdə anbara gedib orada olan dərman vasitələri və tibb ləvazimatlarını təhvil-təslim edib bu barədə tərtib olunmuş aktı imzası ilə təsdiqlsmişdir. Əslində şöbə müdiri Ş.Rzayevin tapşırığı və göndərişi ilə anbardar vəzifəsi ona həvalə edilmiş, lakin bununla bağlı rəsmi əmr olmamışdır. Anbardar işlədiyi müddətdə dərman vasitələri və tibb ləvazimatları ayrı-ayrı firma və şirkətlərə məxsus depolardan Klinikanın anbarına gəldikdə həmin şirkətlər tərəfindən təhvil-təslim aktı hazırlanmaqla şirkətin əməkdaşı, özü və Klinikanın direktoru Surxay Hadıyev tərəfindən imzalanmış, eləcə də sonuncu tərəfindən möhürlə təsdiq edilmişdir. Həmin təsdiqlənmiş aktın bir nüsxəsi təhvil verən şəxsdə, bir nüsxəsi anbarda qalmış, eyni zamanda anbarda qalan nüsxə də TƏBİB publik hüquqi şəxsə göndərilmişdir. Anbardan mal çıxanda isə sifarişçi şöbələrin əməkdaşları hansı dərmanlardan hansı sayda lazım olduğunu demiş, həmin sifariş verilmiş şöbələrə dərman vasitələri təhvil təslim aktı-tələbnamələr əsasında təhvil verilmişdir. Lakin koronavirusun yayılması ilə əlaqədar dərman vasitələri şöbələrə təmassız çatdırıldığına görə təhvil alan şöbələr tərəfindən tələbnamələrə imza edilməmişdir. xx xxxxx 2020-ci il tarixdə, saat 18 radələrində TCK-nın anbarında olan artıq dərman vasitələrini anbarda müəyyən edib qutuya yığmış və Şahid6 verib “Chevrolet Cruze” markalı avtomobilinə qoymasını tapşırmış, məqsədi həmin dərman vasitələrini Yeni Klinikaya aparıb ora təhvil vermək olmuşdur. Lakin Klinikadan çıxarkən mühafizəçilər Şahid6 saxlayıb qutuya baxış keçirmək üçün onu oraya dəvət etmişlər. Həmin yerə gəldikdə Klinikanın direktoru Surxay Hadıyev və baş həkim Şahid3 da xəbər verilmişdir. Qeyd olunan yerə gələn S.Hadıyev dərman vasitələrinin anbardan çıxarılması barədə niyə ona məlumat vermədiyini soruşduqda, cavabında dərman vasitələrinin adları qeyd olunmuş yazılı siyahını ona göstərmişdir. Direktor həmin sənəddə onun imzası və möhürünün olmadığını ona demişdir. Bundan sonra direktor S.Hadıyev və baş həkim Şahid3 içərisində dərman vasitələri olan qutuya baxış keçirmək istəsələr də, ilk əvvəl onlara mane olmuş, dərman vasitələrinin TƏBİB publik hüquqi şəxsə məxsus olduğunu, ona baxış keçirməyə ixtiyarlarının olmadığını demişdir. Lakin qutunun içərisini açaraq dərman vasitələrinə baxış keçirmiş, həmin qutuda olan dərmanların adları və sayları müəyyən edilərək aktlaşdırıİmışdır. Baş həkim bu barədə hüquq mühafizə orqanlarına məlumat verəcəyini ona bildirmiş və buna görə də onunla mübahisə etdikdən sonra həmin dərman vasitələrinin olduğu qutunu Şahid6 avtomobilinə qoyub Yeni Klinikaya aparmışdır. Şahid6 onu orada düşürdükdən sonra çıxıb getmişdir. Əslində dərman vasitələrini şəxsi məqsədləri üçün götürmüş, lakin mühafizəçilər bunu aşkar etdikləri və Klinikanın rəhbərliyinin bu faktı rəsmiləşdirib onu hüquq mühafizə orqanlarına şikayət edəcəklərindən qorxduğu üçün ilk əvvəl dərmanları Yeni Klinikaya təhvil vermək istəmiş, lakin həmin gün axşam saatlarında həmin Klinika bağlı olduğu üçün bunu ecə bilməmişdir. Məcbur olub yoldan keçən bir taksiyə əyləşib içərisində dərmanlar olan qutunu evə gətirmişdir. X8 anbardar işləyən Şahid9la əlaqə saxlayaraq dərman vasitələrini təhvil vermək istədiyini ona demiş, sonuncu isə rəsmi sənəd olmadan dərman vasitələrinin qəbul edilə bilməyəcəyini ona izah etmişdir. Növbəti gün, yəni, x xxx 2020-ci il tarixdə qeyd olunan dərman vasitələrini qaytarıb TCK-nın anbarına qoymuşdur. İzahat verən zaman içərisində 4 qutu DİABETON 60 MG N-30, 4 qutu TAMİFLU 75MG N10, 4 qutu SERTOZİN 1000 MG 4 ML N5, 2 qutu PULMARES 0.5 MG 2 ML N20, 4 qutu SAL İP RA 2.5ML N20, 10 ədəd MEROTEX 1000 MG TOZ N1, 20 qutu ARBİDOL 100 MG N 10, 4 qutu DOFAMİN 4% %ML N 10, 4 qutu KLARİKS 500 MG N10 dərman vasitələrini istintaqa təqdim etmişdir. Özü tərəfindən işlənib hazırlanmış dərman vasitələrinə dair x xxxxx 2020ci il tarixli qaimə formasında olan yazılı siyahı TCK-nın tibbi təchizat şöbəsində operator işləyən Şahid7 tərəfindən kompüterdə hazırlanıb ona verildikdən sonra tərəfindən imzalanmışdır. Qeyd olunan dərman vasitələrini şəxsi məqsədləri üçün anbardan çıxarmaq istədiyi üçün bu barədə TCK-nın direktoruna xəbər verməmiş, imza çəkməsi və möhürlə təsdiq etməsi üçün qeyd olunan sənədi direktora təqdim etməmişdir. Lakin bu hərəkəti ifşa olunduqda tutduğu əməldən çox peşman olmuş, həm də ondan şikayət ediləcəyindən qorxub dərman vasitələrini ilk əvvəl direktora dediyi kimi Yeni Klinikaya təhvil vermək istəmiş, həmin Klinika da dərman vasitələrini götürmədiyi üçün məcbur qalıb növbəti gün onları qaytarıb TCK-nın anbarına qoymuşdur. Həmin dərman vasitələrini şəxsi məqsədləri üçün anbardan çıxarması barədə Şahid6, Şahid7 və hər hansı bir kənar şəxsin xəbəri olmamışdır. Şahid6 hər zaman olduğu kimi öz avtomobili ilə işdən sonra ona taksi xidməti göstərmişdir. Əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışmağa cəhd etdiyini, cavan olmasını, vurulmuş zərərin ödənilməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə almasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadəsi, ekspertiza rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, zərərçəkmiş hüquqi şəxs “Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi”-nin nümüyəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən Birliyə vurulmuş zərər tam ödənilmişdir lakin sonuncu ilə barışıq əldə edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdən X1 mülkiyyətində olan anbarda Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Zərərçəkmiş şəxs publik hüquqi şəxsə məxsus dərman vasitələri və tibb ləvazimatları saxlanılmağa başlamış, həmin vaxt anbara nəzarət etmək rəhbərlik tərəfindən ona tapşırılmış, yəni anbardar kimi maddi məsul şəxs özü olmuşdur. Qeyd olunan anbara ilk vaxtlar əlcək, eynək, dezinfeksiya məhlulları və tibbi kombinizonlar, xx xxxxx 2020-ci il tarixdən sonra isə koronavirus əlyehinə dərman vasitələrinin gətirilməsinə başlanılmış, x xxxxx 2020-ci il tarixdə TƏBİB publik hüquqi şəxs tərəfindən həmin anbara Təqsirləndirilən şəxs anbardar təyin edilmiş, həmin vaxtdan etibarən oradan uzaqlaşıb müfəttiş vəzifəsini icra etməyə davam etmiş, eyni zamanda X1 mülkiyyətində olan və həmin Klinikanın öz vəsaiti hesabına təşkil olunmuş dərman vasitələri və tibb ləvazimatlarının saxlanıldığı başqa bir anbarda anbardar vəzifəsini də icra edir. Təqsirləndirilən şəxs TƏBİB-in şöbə müdiri Şükür Eyvazov gətirib təqdim etmiş, x xxxxx 2020-ci il tarixdə anbarda qalmış dərman vasitələri və tibb ləvazimatlarına dair onunla Təqsirləndirilən şəxs arasında təhvil təslim aktı hazırlanmış, anbardakı tibbi ləvazimatları və az miqdarda dərman vasitələrini sonuncuya təhvil vermişdir. Həmin aktın bir nüsxəsi X1 rəhbərliyinə, bir nüsxəsi isə TƏBİB publik hüquqi şəxsə təqdim edilmişdir. Lakin “TƏBİB” publik hüquqi şəxsin ayırdığı maliyyə vəsaiti hesabına təşkil olunan psixotrop və narkotik dərmanların qəbul edilməsi, saxlanılması və şöbələrə buraxılması vəzifəsini də hazıradək özü icra edir, həmin narkotik və psixotrop dərmanları TCK-nın mülkiyyətində olan xüsusi ayrılmış anbarda saxlanılır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, koronavirusla əlaqədar TCK-nın tərkibində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin idarəçiliyində olan dərman və tibbi ləvazimatları saxlanıldığı anbar təsis edilmişdir. Həmin anbar 2020-ci ilin mart ayının sonlarında yaradılsa da, əvvəlcə ora Azər Həsənov, x xxxxx 2020-ci il tarixdən isə TƏBİB tərəfindən anbardar təyin edilmiş Təqsirləndirilən şəxs nəzarət etmiş və Klinikada çalışan Şahid6 həmin anbara kiçik tibb işçisi kimi verilmişdir. Təqsirləndirilən şəxs TƏBİB publik hüquqi şəxs tərəfindən qeyd olunan anbara anbardar təyin edildiyi üçün onun bu vəzifəsi ilə bağlı əmrin olub –olmamasını bilmir, lakin anbarın idarəçiliyi faktiki olaraq Təqsirləndirilən şəxs nəzarətində olmuşdur. Təqsirləndirilən şəxs anbardar olduğundan ondan xəbərsiz kiminsə həmin anbara daxil olmaq və ya hansısa şöbəyə dərman vermək səlahiyyəti olmamışdır. Anbara daxil olan dərman və tibbi ləvazimatlar yalnız TCK-amüalicə alan xəstələr və həkimlərin tərəfindən istifadə olunmuşdur. Təqsirləndirilən şəxs anbardar kimi vəzifəsi anbara gətirilən dərman vasitələri və tibbi ləvazimatların təhvil-təslim aktı ilə qəbul edilərək anbara yerləşdirmək, TCK üçün lazım olan ləvazimatları Klinikanın rəsmi qaiməsi əsasında təhvil verilməsi və anbardakı mallara cavabdehlik daşımaqdan ibarət olmuşdur. xx xxxxx 2020-ci il tarixdə Şahid3, Təqsirləndirilən şəxs və Şahid6 eyni üsulla dərmanları Klinikadan çıxararkən saxlanılmaları barədə ona verdiyi məlumat əsasında Şahid3la birlikdə onların saxlanıldıqları yerə getmiş, həmin yerə gələnədək Təqsirləndirilən şəxs anbara qayıdıb dərman vasitələrinin siyahısı olan və yalnız özü tərəfindən imzalanmış qaiməni təqdim edərək onları Heydər Əliyev prospektində yerləşən “Yeni Klinikaya” apardığını demişdir. Bundan sonra “Yeni Klinika” ilə şifahi qaydada əlaqə saxladıqda ona belə bir sifarişin və çatdırılmanın olmadığı bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qeyd olunan dərman vasitələrini klinikanın anbarından qanunsuz çıxarması ilə bağlı akt tərtib edilməklə özü və Şahid3 tərəfindən imzalanmışdır. Ona verilmiş əlavə suallara cavab olaraq bildirmişdir ki, qeyd olunan anbar TƏBİB-in tabeliyində olduğundan oranın şöbə müdiri Şükür Eyvazov ona zəng edərək Təqsirləndirilən şəxs anbardar təyin etməsi barədə bildirib və sonuncu da Şahid1lə təhvil təslim edərək anbarın idarəçiliyini öz üzərinə götürmüşdür. xx xxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs dərman vasitələrini yalnız özü tərəfindən imzalanmış qaimə ilə klinikadan çıxardığı üçün bu barədə akt tərtib etmişlər, anbardakı mallara nəzarət etmək səlahiyyətləri olmamış, akt tərtib olunduqdan sonra bu barədə hüquq mühafizə orqanlarına məlumat veriləcəyinə dair Təqsirləndirilən şəxs bildirmişlər, sonuncu da hüquq mühafizə orqanlarına məlumat verəcəyindən çəkindiyi üçün bəlkə də dərmanları gətirib sonradan yerinə qoymuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ondan əvvəl ifadə vermiş şahid S.İ.Hadıyevin ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx xxxxx 2019-cu il tarixdən Azərbaycan Respublikası Tibb Universitetinin X1 daxili nəzarət şöbəsinin nəzarətçisi vəzifəsində işləyir, nəzarətçi kimi vəzifəsi Klinikaya daxil olan şəxslərə nəzarət etmək, klinikadan hər hansı hansısa avadanlıq, anbardan dərman və digər məhsullar çıxarıldıqda onları xidmət apardığı postda yoxlamaq, eyni zamanda Klinikanın təhlükəsizliyini təmin etməkdən ibarətdir. TCK-nın tərkibində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin idarəçiliyində olan dərman və tibbi ləvazimatların saxlanıldığı anbar vardır. Həmin anbar 2020-ci ilin mart ayının sonunda təsis edilməklə, TƏBİB publik hüquqi şəxsin nəzarətində olmuş və həmin publik hüquqi şəxs tərəfindən qoyulmuş işçi anbara nəzarət edir. Anbara tibbi məhsulların və dərman vasitələrinin haradan alınması, hansı sənədlər əsasında gətirilməsi barədə onun hər hansı məlumatı olmamışdır. TƏBİB publik hüquqi şəxsin idarəçiliyində olan həmin anbara x xxxxx 2020-ci il tarixdən Təqsirləndirilən şəxs anbardar təyin edilmiş və Şahid6 da Klinika tərəfindən ona köməkçi kimi verilmişdir. xx xxxxx 2020-ci il tarixdə, axşam saat 19 radələrində Şahid6 əlində qutu ilə çölə çıxdığını görüb onu posta dəvət etmişdir. Adətən infeksion şöbələrə dərman vasitələri şöbənin içərisində göndərildiyindən iş vaxtı bitdikdən sonra Şahid6 əlində qutu ilə çıxması onda şübhə yaratdığı üçün onu posta dəvət etmişdir. Həmin vaxt daxili nəzarət şöbəsinin nəzarətçisi Şahid5la birlikdə növbədə olmuşdur. Şahid5 yanında Şahid6 qutuda nə olmasını soruşduqda sonuncun dərman vasitələrini Təqsirləndirilən şəxs tapşırığı ilə çölə çıxardığını, dərmanların hara aparılmasını bilmədiyini söyləmişdir. Şahid6 adətən öz avtomobili ilə nəsə lazım olanda aparıb gətirdiyini, taksi kimi köməklik göstərdiyini bilmişdir. Şahid6 bu sözündən sonra qutunu açmayaraq Təqsirləndirilən şəxs posta dəvət etmiş, sonuncu ora gəldikdə ondan dərmanların çıxması üçün hər hansı sənədinin olub-olmamasını soruşduqda, Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmış möhürsüz olan akt təqdim edərək dərmanları Yeni Klinikaya təhvil vermək üçün apardığını bildirmişdir. Qeyd olunan sənəd möhürsüz olduğundan, həm də axşam vaxtı olduğundan şübhə yarandığı üçün bu barədə direktor Surxay Hadıyev və baş həkim Şahid3 məlumat vermişdir. Sonuncu şəxslər gəldikdən sonra qutunu açmaq istədikdə Təqsirləndirilən şəxs dərmanların TƏBİB publik hüquqi şəxsə məxsus olmasını deyərək qutunun açılmasına mane olmağa çalışmışdır. Buna baxmayaraq, Klinikadan çıxarılan dərmanların möhürlü rəsmi sənədi olmadığı üçün onu məcbur edərək qutunu Təqsirləndirilən şəxs açdırmışlar. Qutunu açdıqda içərisindən 4 qutu DİABETON 60 MG N-30, 4 qutu TAMİFLU 75MG N10, 4 qutu SERTOZİN 1000 MG 4 ML N5, 2 qutu PULMARES 0.5 MG 2 ML N20, 4 qutu SALİPRA 2.5ML N20, 10 ədəd MEROTFX 1000 MG TOZ N1, 23 qutu ARBİDOL 100 MG N 10, 4 qutu DOFAMİN 4% ML N 10, 4 qutu KLARİKS 500 MG N10 dərman vasitələri aşkarlanmış, bundan sonra S.Hadıyev, Şahid3, Şahid5 və postda olan polis serjantı Rüstəm Rüstəmzadə ilə birlikdə bu barədə akt tərtib edilməklə imzalanmışdır. Qeyd olunan dərman vasitələrinin direktorun imzası və möhürü olmayan sənədlə Təqsirləndirilən şəxs tərəfindən axşam vaxtı iş bitdikdən sonra çıxarılması sonuncunun həmin dərmanları şəxsi məqsədləri üçün çıxarmasını təsdiq edir. Bu barədə akt tərtib edildikdən sonra Təqsirləndirilən şəxs taksi kimi Şahid6 xidmətindən istifadə edərək içərisində dərman vasitələri olan qutunu da götürüb maşına qoyub Klinikadan çıxmışdır. Bildiyinə görə, Təqsirləndirilən şəxs dərman vasitələrini Yeni Klinikaya aparmaq istəsə də, orada heç kim onu qəbul etməmiş və səhəri gün prokurorluğa müraciət ediləcəyini bildiyindən dərmanları geri qaytarıb anbara qoymuşdur. Ona verilmiş əlavə suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs dərman vasitələrini özü tərəfindən imzalanmış sənəd əsasında heç bir möhür olmadan axşam saat 19 radələrində iş vaxtı bitdikdən sonra çıxarması onun niyyətinin dərmanları hansısa Klinikaya vermək olmadığını göstərir. Ona görə də onu saxlayıb dərman çıxarmasını aktlaşdırmışlar. xx.xx.2020-ci il tarixli aktda soyadı qarşısındakı imza özü tərəfindən icra olunmuşdur. Məhkəmə şahid qismində dindirilmiş Azərbaycan Tibb Universitetinin X2 daxili nəzarət şöbəsinin nəzarətçisi işləyən Şahid5 ondan əvvəl şahid qismində ifadə vermiş Şahid4 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdirki, elektrik və santexnik ustası kimi fəaliyyət göstərir, hazırda «X11» MMC-də usta vəzifəsində işləyir, Təqsirləndirilən şəxs təxminən 2010-cu ildən tanımış, onunla yaxın münasibətləri olmuşdur. 2020ci ilin mart ayında Təqsirləndirilən şəxsla söhbət zamanı sonuncu ona işsiz olduğunu demiş, həmin ərəfədə TƏBİB publik hüquqi şəxsdə işləyən Nurlan adlı tanışı çalışdığı müəssisədə işçi axtarılması barədə ona bildirmişdir. Bundan sonra Nurlan vasitəsilə Təqsirləndirilən şəxs Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyəsi Klinikasının mülkiyyətində olan qeyd olunan publik hüquqi şəxsə məxsus anbarda anbardar kimi işə qəbul olunmuşdur. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Şahid6 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdən ATU-nun X1 qəbul və təcili yardım şöbəsində xəstələrə qulluq edən kiçik tibb işçisi vəzifəsində işləyir, vəzifəsi xəstələrin şöbəyə qaldırılması, qulluğa ehtiyacı olanlara köməklik edilməsindən ibarətdir. Koronavirus pandemiyasının yayılması ilə əlaqədar olaraq X4 ümumilikdə infeksion şöbəyə çevrilmiş və koronovirusdan əziyyət çəkən xəstələrin bu xəstəxanada müalicəsinə başlanılmışdır. Həmin vaxt TCK-nın tərkibində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin idarəçiliyində olan dərman və tibbi ləvazimatların saxlanıldığı anbar təsis edilmişdir. Həmin anbar 2020-ci ilin mart ayının 25-dən yaradılmaqla Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin nəzarətində olmuş və TƏBİB publik hüquqi şəxs tərəfindən x xxxxx 2020-ci il tarixdə həmin anbara Təqsirləndirilən şəxs anbardar təyin edilmiş, özü də TCK-nın rəhbərliyinin tapşırığı ilə həmin anbara işçi kimi verilmişdir. Anbarda işləyən zaman vəzifəsi müxtəlif firmalardan göndərilərək Təqsirləndirilən şəxs tərəfindən qəbul edilən dərman vasitələri və tibb ləvazimatlarını anbara yerləşdirmək, Klinikanın infeksion şöbəsinin verdiyi sifarişləri hazırlayıb aidiyyəti üzrə təhvil verməkdən ibarət olmuşdur. Anbarda olan malların qorunub saxlanmasına Təqsirləndirilən şəxs cavabdehlik daşımışdır. Anbarda işlədiyi müddətdə dərmanlar ayrı-ayrı firmalara məxsus depodan Klinikanın anbarına gəldikdə təhvil-təslim aktı hazırlanmaqla həmin aktı şirkətin əməkdaşı Təqsirləndirilən şəxs və Klinikanın direktoru Surxay Hadıyev imzalamış və möhürlər təsdiq etmişdir. Həmin sənədin bir nüsxəsi müvafiq şirkətdə, bir nüsxəsi isə anbarda qalmışdır. Anbarda qalan nüsxə də TƏBİB-ə göndərilmişdir. Anbardan mal çıxdıqda isə sifarişçi şöbələrin əməkdaşları hansı dərmanların və hansı sayda lazım olduğunu demiş, şöbəyə dərman veriləndə də təhvil-təslim olunmuşdur. Lakin koronavirus infeksiyasının yayılması ilə əlaqədar təhvil təslim aktına təhvil alan şəxs imza etməmişdir. xx xxxxx 2020-ci il tarixdə, axşam saat 18-19 radələrində işdən çıxan zaman Təqsirləndirilən şəxs ona içərisində dərman vasitələri olan bir qutu verərək həmin dərmanların anbarda artıq olduğunu söyləmiş və dərman vasitələrini təhvil vermək üçün geri aparacağını demişdir. İşdən sonra taksi fəaliyyəti ilə məşğul olur Təqsirləndirilən şəxs da taksi kimi çox vaxt onun xidmətindən istifadə edir və pulunu da ödəyir. Təqsirləndirilən şəxs dərmanlar olan qutunu bağladıqdan sonra ona aparıb maşına qoymağı tapşırmış və Yeni Klinikaya gedəcəyini söyləmişdir. O, da dərmanlar olan qutunu götürüb həmişəki kimi liftlə deyil, maşınlar çıxan tərəf açıq olduğundan piyada gəzərək çölə çıxmışdır. Bu zaman daxili nəzarət şöbəsinin əməkdaşı Şahid4 onu yanına çağırıb qutuda nə olmasını soruşduqda, cavabında Təqsirləndirilən şəxs tapşırığı ilə içərisində dərmanlar olan qutunu maşına apardığını söyləmiş, sonuncu ona qutunu açmağı tələb etdikdə içərisindəki dərmanların sayını bilmədiyindən Təqsirləndirilən şəxs iştirakı olmadan qutunu açmamağı xahiş etmiş, sonra Təqsirləndirilən şəxs posta dəvət edilmiş, sonuncuda gəldikdən sonra dərmanlan Yeni klinikaya təhvil vermək üçün apardığını söyləmiş və dərmanların siyahısını təqdim etmişdir. Həmin siyahıda Klinikanın direktorunun möhürü olmadığından, həmdə axşam vaxtı olduğundan nəzarətçilər şübhələnib direktor Surxay Hadıyev və baş həkim Şahid3 xəbər vermişlər. Bundan sonra Təqsirləndirilən şəxs rəhbərliyin məlumatı olmadan möhürsüz sənədlə dərman çıxarması faktı aktla rəsmiləşdirilmişdir. Anbar TƏBİB publik hüquqi şəxsin tabeliyində olduğundan akt yazıldıqdan sonra Təqsirləndirilən şəxs dərmanlarla birlikdə buraxılmış, sonra Təqsirləndirilən şəxs sözü ilə onu aparıb Yeni Klinikaya düşürərək öz işinə getmişdir. Sonradan bilmişdirki, Təqsirləndirilən şəxs dərman vasitələrini Yeni Klinikaya təhvil verməyərək anbara geri qaytarmışdır. Ona verilmiş əla və suallara cavab olaraq bildirmişdirki, Yeni Klinikadakı anbaraan bardar Şahid9 nəzarətedir, Təqsirləndirilən şəxs dərmanları Şahid9 təhvil vermək üçün zəngetsə də, sonuncu rəsmi sənədlər olmadığından həmin dərmanları qəbul etməmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Şahid7 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində göstərmişdir ki, 2015-ci ilin noyabr ayından ATU-nun X1 tibbi təchizat operatoru vəzifəsində işləyir, operator kimi vəzifəsi daxil olan dərman və tibbi ləvazimatlarının Klinikaya mədaxili, məxarici və şöbələrə çıxışının qeydiyyatını aparmaqdan ibarətdir. Son dövrlərdə koronavirus pandemiyasının yayılması ilə əlaqədar olaraq TCK ümumilikdə infeksion şöbəyə çevrilmiş və bu xəstəxanada koronovirusdan əziyyət çəkən xəstələrin müalicəsinə başlanılmışdır. Həmin vaxt TCK-nın tərkibində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin idarəçiliyində olan dərman və tibbi ləvazimatların saxlanıldığı anbar təsis edilmiş, həmin anbara xx.xx.2020-ci il tarixdən Təqsirləndirilən şəxs anbardar təyin edilmiş və Şahid6 Klinikanın rəhbərliyinin tapşırığı ilə anbara işçi kimi verilmişdir. Klinikaya gələn dərmanların qeydiyyatının aparılması üçün işçi olmadığından TƏBİB tərəfindən ona əlavə maaş verilməsi şərtilə dərman vasitələri və tibbi ləvazimatlarının qeydiyyatını aparmağa razılaşmışdır. Təqsirləndirilən şəxs faktiki olaraq anbarın müdiri olmuş, anbara sonuncudan xəbərsiz heç kimin daxil olmaq səlahiyyəti olmamış, anbarın açarı da daim Təqsirləndirilən şəxs olmuş və abarda olan malların qorunub saxlanmasına sonuncu cavabdehlik daşımışdır. Operator işlədiyi müddətdə dərmanlar ayrı-ayrı firmalara məxsus depolardan Klinikanın anbarına gəldikdə təhvil-təslim aktı hazırlanmış, həmin aktı şirkətin əməkdaşı, Təqsirləndirilən şəxs, Klinikanın direktoru Surxay Hadıyev imzalamış və sonuncu möhürlə təsdiq etmişdir. Həmin sənədin bir nüsxəsi təhvil verəndə, bir nüsxəsi isə anbarda qalmış, anbarda qalan nüsxə də TƏBİB publik hüquqi şəxsə göndərilmişdir. Sonra ona verilən bir nüsxə özü tərəfindən kompüterə işlənmişdir. Anbardan mal çıxanda isə sifarişçi şöbələrin əməkdaşları hansı dərmanların və hansı sayda lazım olduğunu demiş, şöbəyə dərman veriləndə də təhvil-təslim edilmişdir. Lakin koronovirusun yayılması ilə əlaqədar təhvil-təslim aktına təhvil alan şəxs imza etməmişdir. Belə ki, şöbələrə verilən dərmanların siyahısı telefonla anbara deyilmiş, sifarişləri baş tibb bacısı Şahid8 telefonla götürüb anbara təqdim etmiş, anbarda mallar hazırlandıqdan sonra Şahid6 onları liftlə qaldırıb neytral zonaya qoymuş, daha sonra koronoviruslu xəstələrlə işləyən şəxslər gəlib hsmin dərmanları heç bir təmas olmadan neytral zonadan götürüb şöbəyə aparmışlar. xx xxxxx 2020-ci il tarixdə, axşam 17-18 radələrində Təqsirləndirilən şəxs ona zəng edib sifariş olunan dərmanların adlarını demiş və bununla bağlı akt hazırlamağı, dərmanları aparıb təhvil verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs dərmanlar üçün rəsmi sənəd lazım olmasını desə də, Təqsirləndirilən şəxs aktı hazırlamağı tapşırmış və ona rəsmi sənəd verəcəyini bildirmişdir. Sonra həmin təhvil-təslim sənədini hazırlayaraq izmasız və möhürsüz Təqsirləndirilən şəxs verməsi üçün Şahid6 təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin gün Klinikadan dərman çıxarıb aparıb təhvil verməsi və ya özünə götürməsi barədə məlumatı olmamışdır. Səhəri günü bilmişdir ki, Təqsirləndirilən şəxs dərman vasitələrini anbardan çıxaran zaman Klinikanın mühafizəsi tərəfindən saxlanılmış və rəsmi sənəd olmadan dərman vasitələrini çıxardığı üçün akt tərtib edilmişdir. Təqsirləndirilən şəxs ona malları Yeni klinikaya təhvil vermədiyini, həmin Klinika bağlı olduğu üçün dərmanları gətirib yerinə qoyduğunu bildirmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Şahid8 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində göstərmişdir ki, 2014-cü il tarixdən ATU-nun X2 radiologiya şöbəsində böyük tibb işçisi vəzifəsində işləyir, koronavirus pandemiyasının yayılması ilə əlaqədar olaraq TCK ümumilikdə infeksion şöbəyə çevrilmiş və korona virusdan əziyyət çəkən xəstələrin bu xəstəxanada müalicəsinə başlanılmışdır. Korona virusla əlaqədar TCK-nın tərkibində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin idarəçiliyində olan dərman və tibbi ləvazimatların saxlanıldığı anbar təsis edilmişdir. Həmin anbara x xxxxx 2020-ci il tarixdən Təqsirləndirilən şəxs anbardar təyin edilmiş və Klinikanın rəhbərliyin tapşırığı ilə özü də anbara işçi kimi verilmişdir. Təqsirləndirilən şəxs faktiki olaraq onun müdiri olmuş, anbara ondan xəbərsiz daxil olmaq səlahiyyəti olmamış, anbarın açarı Təqsirləndirilən şəxs olduğundan həmişə anbara sonuncunun iştirakı ilə daxil olmuşdur. Anbarda işləyən işçi kimi vəzifəsi Klinikanın infeksion şöbəsinin verdiyi sifarişləri hazırlayıb aidiyyəti üzrə təhvil vermək və anbardan ötürülən sifarişlərin düzgünlüyünü yoxlamaqdan ibarə: olmuşdur. Anbarda işlədiyi müddətdə dərman vasitələri ayrı-ayrı firmalara məxsus depolardan Klinikanın anbarına gəldikdə təhvil-təslim aktı hazırlanmış, həmin akt şirkətin əməkdaşı, Təqsirləndirilən şəxs və Klinikanın direktoru Surxay Hadıyev tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. Həmin aktın bir nüsxəsi müvafiq şirkətdə, bir nüsxəsi isə anbarda qalmışdır. Anbarda qalan nüsxə də TƏBİB publik hüquqi şəxsə göndərilmişdir. Anbardan mal çıxanda isə sifarişçi şöbələrin əməkdaşları hansı dərmanların və hansı sayda lazım olduğunu ona demiş, şöbəyə dərman veriləndə də koronovirusla əlaqədar olaraq rəsmi təhvil təslim aparılmamış, heç bir sənəd imzalanmamış, yalnız telefonda şifahi olaraq verilən dərmanların sayı təsdiqlənmişdir. Anbarda mallar hazırlandıqdan sonra Şahid6 onları liftlə qaldırıb neytral zonaya qoymuş, daha sonra koronoviruslu xəstələrlə işləyən şəxslər gəlib həmin dərmanları heç bir təmas olmadan neytral zonadan götürüb şöbəyə aparıb istifadə etmişlər. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Şahid9 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdən Bakı şəhəri, H.Əliyev prospektində yerləşən “Yeni Klinika” tibb mərkəzində TƏBİB publik hüquqi şəxsin idarəçiliyində dərman vasitələri və tibb ləvazimatlarının saxlanılması üçün təsis edilmiş anbara anbardar vəzifəsinə təyin edilmişdir. Anbardar kimi vəzifəsi müxtəlif firmalardan göndərilən tibbi sərfiyyatları təhvil-təslim aktları ilə qəbul edib anbara yerləşdirmək, Klinikanın verdiyi sifarişləri hazırlayıb aidiyyəti üzrə təhvil verməkdən ibarət olmuş, eləcə də anbarda olan malların qorunub saxlanmasına cavabdehlik daşımışdır. Təqsirləndirilən şəxs tanımış, onunla ədavəti və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs ATU-nun X2 koronavirus xəstələrinin müalicəsi üçün dərman vasitələri və tibbi ləvazimatların verilməsi məqsədilə yaradılan anbarda anbardar işləmişdir. xx xxxxx 2020-ci il tarixdə, saat 19 radələrində işdən çıxdıqdan sonra evə gedərkən Təqsirləndirilən şəxs istifadəsində olan 050- ***-**-** nömrəsindən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək işlədiyi anbarda artıq qalmış dərman vasitələrini ona təhvil vermək istədiyini söyləmiş, cavabında işlədiyi anbarda tibbi ləvazimatların çox olduğunu, dərman vasitələrinin isə az sayda olduğunu ona bildirmişdir. Təqsirləndirilən şəxs ona dərman vasitələri təhvil vermək istəyəndə ona bununla bağlı məlumatı olmadığını, Nazirlər Kabineti yanında Operativ Qərargahdan bu barədə elektron ünvanına məlumat gəlmədiyini və rəsmi sənədlər olmadan dərmanları qəbul edə bilməyəcəyini söyləmişdir. Adətən tibbi ləvazimatların təhvil təslimi iş vaxtı ərzində həyata keçirilmiş, Təqsirləndirilən şəxs dərman vasitələrini iş vaxtı bitdikdən sonra nə məqsədlə təhvil vermək istəməsini başadüşməmiş, həmin tibbi malları qəbul etmədikdə, Təqsirləndirilən şəxs onları nə etməsini, anbara aparması və ya harasa təhvil verməsi barədə məlumatı olmamışdır. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən şahid Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin inzibati idarəetmə departamentinin rəhbəri Şahid10 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində göstərmişdir ki, xx xxxxx 2020-ci il tarixdə TƏBİB tərəfindən dərman vasitələrinin X1 anbarından çıxarılıb hansısa digər Klinikaya aparılması barədə Təqsirləndirilən şəxs hər hansı bir tapşırıq verilməmiş, eləcədə bununla bağlı Təqsirləndirilən şəxs elektron poçtuna sifariş göndərilməmiş, sonuncu dərmanvasitələrini özbaşına anbardan çıxarıb aparmışdır. Cinayət işinin 4-cü cild 284-285-ci vərəqələrində olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarət alma vermə haqqında qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan polisin nəzarət alma vermə haqqında qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 4-cü cild 180-181-ci vərəqələrində olan xx xxxx 2020-ci il tarixli Azərbaycan Tibb Universitetinin X1 müxtəlif dərman preparatların rəyindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən çıxarılmış dərman preparatlarının ümumi dəyəri 653,8552 manat təşkil etmişdir. Cinayət işinin 4-cü cild 217-218-ci vərəqələrində olan Azərbaycan Tibb Universitetinin X1 direktoru Surxay Hadıyev və baş həkimi Şahid3, həmin Klinikanın daxili nəzarət şöbəsinin nəzarətçiləri Şahid4 və Şahid5, Nəsimi rayon mühafizə idarəsinin polis serjantı Rüstəm Rüstəmzadənin iştirakları ilə tərtib olunmuş xx xxxxx 2020-ci il tarixli aktdan görünür ki, həmin tarixdə, saat 18:30-da TƏBİB publik hüquqi şəxs tərəfindən TCK-na verilən mallara məsul şəxs təyin edilmiş Təqsirləndirilən şəxs 4 qutu Diabeton 60 MG N30, 4 qutu Tamiflu 75 MG N10, 4 qutu Sertozin 1000 MG 4 ml N5, 2 qutu Pulmares 0.5 MG 2 ml N20, 4 qutu Salipra 2.5 ml N20, 10 ədəd Merotex 1000 MG toz N1, 20 qutu Arbidol 100 MG N10, 4 qutu Dofamin 4% ML N10, 4 qutu Klariks 500 MG N10 dərman vasitələrini Klinikanın rəhbərliyinə məlumat vermədən özü tərəfindən düzəldilmiş saxta sənədlə Yeni Klinika tibb müəssisəsinə aparmaq adı ilə çıxarmışdır. Cinayət işinin 3-cü cild 264-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx xxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmayandır. Cinayət işinin 4-cü cild 235-257-ci vərəqəsində olan xx xxxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, X1 təhlükəsizlik kameralarından götürülmüş videogörüntüləri özündə əks etdirən 1 ədəd “CD” disk, “xxxx” MMC-dən daxil olmuş 1 ədəd “CD” disk, 4 qutu Diabeton 60 MG N30, 4 qutu Tamiflu 75 MG N10, 4 qutu Sertozin 1000 MG 4 ml N5, 2 qutu Pulmares 0.5 MG 2 ml N20, 4 qutu Salipra 2.5 ml N20, 10 ədəd Merotex 1000 MG toz N1, 20 qutu Arbidol 100 MG N10, 4 qutu Dofamin 4% ML N10, 4 qutu Klariks 500 MG N10 dərman vasitələri maddi sübut qismində tanınmışdır. Cinayət işinin 4-cü cild 233-cü vərəqəsində olan xx xxxxxxx 2020-ci il tarixli qəbzdən görünür ki, mütəxəssis Qurbanova Könül Nazim qızı 4 qutu Diabeton 60 MG N30, 4 qutu Tamiflu 75 MG N10, 4 qutu Sertozin 1000 MG 4 ml N5, 2 qutu Pulmares 0.5 MG 2 ml N20, 4 qutu Salipra 2.5 ml N20, 10 ədəd Merotex 1000 MG toz N1, 20 qutu Arbidol 100 MG N10, 4 qutu Dofamin 4% ML N10, 4 qutu Klariks 500 MG N10 dərman vasitələri qəbul etmişdir. Cinayət işinin 4-cü cild 219-220-ci vərəqələrində olan xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, “Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 4-cü cild 225-226-cı vərəqələrində olan xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Nümayəndə zərərçəkmiş şəxs “Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin nümayəndəsi qismində tanınmışdır. Cinayət işinin materiallarında olan xx xxxxxx 2021-ci il tarixli “xxxx” ASC-yə ödənilmiş qəbzdən görünür ki, Təqsirləndirilən şəxs bankın hesabına 165 (bir yüz altmış beş) manat ödəniş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş CD diskində olan görüntülər və digər iş materialları ilə onun öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla talayaraq mənimsəməsi cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 179.2.3-cü maddəsinə əsasən, mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmağa cəhd etdiyini, cavan olmasını, vurulmuş zərərin ödənilməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nın 61-ci maddəsində əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də sonuncu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutulma hüququndan məhrum edilməklə həmin Məcəllənin 179.2.3-cü maddəsinin sanksiyası həddində cərimə cəzasına məhkum edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, maddi sübut hesab edilən 2 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalı və 4 qutu Diabeton 60 MG N30, 4 qutu Tamiflu 75 MG N10, 4 qutu Sertozin 1000 MG 4 ml N5, 2 qutu Pulmares 0.5 MG 2 ml N20, 4 qutu Salipra 2.5 ml N20, 10 ədəd Merotex 1000 MG toz N1, 20 qutu Arbidol 100 MG N10, 4 qutu Dofamin 4% ML N10, 4 qutu Klariks 500 MG N10 dərman vasitələri zərərçəkmiş hüquqi şəxs “Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə təhvil verildiyindən Birliyin istifadəsinə verilmiş hesab edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Hüquq Məsləhətxanasının hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutulma hüququndan məhrum edilməklə 4.000 (dörd min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. İş üzrə maddi sübut kimi tanınmış 2 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 4 qutu Diabeton 60 MG N30, 4 qutu Tamiflu 75 MG N10, 4 qutu Sertozin 1000 MG 4 ml N5, 2 qutu Pulmares 0.5 MG 2 ml N20, 4 qutu Salipra 2.5 ml N20, 10 ədəd Merotex 1000 MG toz N1, 20 qutu Arbidol 100 MG N10, 4 qutu Dofamin 4% ML N10, 4 qutu Klariks 500 MG N10 dərman vasitələri zərərçəkmiş hüquqi şəxs “Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə təhvil verildiyindən Birliyinin istifadəsinə verilmiş hesab edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar