Məhkəmə qərarları › İş №1(006)-101/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-101/2022

26.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-101/2022 26.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), subay, orta təhsilli, məhkum olunmamış, taksi fəaliyyəti ilə məşğul olan, Biləsuvar şəhəri, H.Aslanov küçəsi, ev 43-də qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsi, ev 68, mənzil 84-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 01.12.2021-ci il tarixdə, saat 17 radələrində ünvan 1 ünvanda şəxsi münasibətlər zəminində qonşusu Zərərçəkmiş şəxs ilə arasında yaranmış mübahisə zamanı sonuncunun boğazından qəsdən əli ilə sıxıb başını divara vurmaqla ona boyun nahiyəsinin boyunda hərəkət məhdudluğu və boyun əzələlərinin gərilməsi ilə müşayiət olunan qançır-şişkinliyi, başın sol gicgah və sol said nahiyələrinin qançırları ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsi, ev 68, mənzil 84-də kiyarədə qalır. Zərərçəkmiş şəxs da eyni binada yaşayır. Özü taksi fəaliyyəti ilə məşğul olduğu üçün Lalə bir neçə dəfə onun xidmətindən istifadə etmiş, o da bir qonşu kimi ondan pul almamışdır. 2021-ci ilin noyabr ayının sonlarında Lalədən telefon adaptoru almış, lakin onu qaytarmağı unutmuşdur. 01.12.2021-ci il tarixdə yaşadığı binanın həyətində olan zaman Lalə ona yaxınlaşıb adaptoru qaytarmağı tələb etmiş, o isə zarafatca onu axşam qaytaracağını deyəndə, sonuncu onu nalayiq ifadələrlə təhqir etmişdir. Buna görə aralarında mübahisə yaranmış və o, əsəblərini cilovlaya bilməyib onun boğazından əli ilə tutaraq divara itələmişdir. Həmin vaxtı Lalənin başı divara dəymiş və o, yerə yıxılaraq ağlamağa başlamışdır. Hazırda zərər çəkmiş şəxslə barışmış, işə xitam verilməsini xahiş edir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsi, ev 68, mənzil 74-də kiyarədə qalır. Elməddin Rzayev də həmin binada yaşayır və taksi fəaliyyəti ilə məşğul olur. Bir neçə dəfə o, Elməddinin xidmətindən istifadə etmiş, aralarında münasibət yaranmışdır. 2021-ci ilin noyabr ayının sonlarında Elməddin ondan telefon adaptorunu alsa da, sonra onu geri qaytarmamışdır. 01.12.2021-ci il tarixdə, saat 17 radələrində yaşadığı binanın həyətində olan mağazaya gedərkən təsadüfən Elməddinlə rastlaşmış və ondan adaptoru istəmişdir. Lakin Elməddin ona kobud cavab verdiyi üçün aralarında mübahisə yaranmış və bu zaman sonuncu onun boğazından əli ilə tutub sıxaraq başını divara vurmuşdur. O da yerə yıxılıb ağlamağa başlamış, Elməddin isə çıxıb getmişdir. Hazırda Elməddinlə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan:  Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X2 Nəsimi rayon şöbəsinin 17.12.2021-ci il tarixli, 1179 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – boyun nahiyəsinin boyunda hərəkət məhdudluğu və boyun əzələlərinin gərilməsi ilə müşayiət olunan qançır-şişkinliyi, başın sol gicgah və sol said nahiyələrinin qançırları küt əşyanın (əşyaların) təsirindən 01.12.2021-ci il tarixdə əmələ gələ bilərdilər, ümumilikdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər (İ cild, i.v.31-32);  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 17.12.2021-ci il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (İ cild, i.v.67). Beləliklə, məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 128-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar