Məhkəmə qərarları › İş №1(006)-101/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-101/2023

11.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-101/2023 11.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 11:00 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi «Xəzər Konsaltinq» Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1978-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi islehlak miqdarından artıq miqdarda 2,416 qram çəkidə narkotik vasitə asetilə edilən tiryəki əldə edib özündə saxlamaqla daşımış, 18 oktyabr 2022-ci il tarixdə saat 11:00-da ünvan 4 ünvanının qarşısında olan zaman özünü şübhəli apardığından Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının sağ yan cibindən 01 bükümdə təmiz çəkisi 2,416 qram olan kustar üsulla hazırlanmış həmin narkotik vasitə asetilə edilmiş tiryək aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, o, narkotik maddələrdən əvvəllər istifadə etsə də, təxminən 6 il olar ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmir. xx.xx.2022-ci il tarixdə saat təxminən 09:30 radələrində anası ilə birlikdə yaşadığı mənzilin qapısı döyülmüş və anası onu yuxudan oyadaraq qapını açmasını istəmişdir. O, əynini geyindikdən sonra qapını açmış və 8-10 nəfər polis əməkdaşı evə daxil olaraq onun üzərində axtarış apararaq narkotik maddə aşkar etməyə çalışsa da, hər hansı qanunsuz predmet aşkar edə bilməmişdir. Daha sonra polis əməkdaşları onu evdən çıxarmış və həyətlərində əlavə olaraq 10-15 nəfər polis əməkdaşının olduğunu görmüşdür. Onun üzərində hər hansı qanunsuz əşya və ya maddə aşkar edilməsə də, polis əməkdaşları onu polis bölməsinə aparmışlar. Polis bölməsinə aparılarkən avtomobildə polis əməkdaşlarının fiziki təzyiqinə məruz qalmışdır. Polis bölməsində ona narkotik vasitəni üzərində daşıması barədə ifadə verməsi tələb edilmişdir. O, polis əməkdaşlarının qeyd etdiyi formada ifadə verməyəcəyi təqdirdə döyüləcəyini bildiyi üçün razılaşmalı olmuş və ittiham üzrə qeyd edilmiş ifadə vermişdir. Onun döyülməsi və ya xəsarət yetirilməsi ilə bağlı prokurorluq tərəfindən zəruri araşdırmalar aparılmamışdır. İfadəsinin sonunda himayəsində iki yetkinlik yaşına çatmış uşağının olmasını bildirərək, məhkəmədən barəsində aşağı həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinin sabiq əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 18 oktyabr 2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi, dalan 3 ünvanının qarşısında digər xidmət yoldaşı Şahid2lə birlikdə xidməti vəzifəsini yerinə yetirərkən bir nəfər şəxsin özünü şübhəli aparmasını və narkotik vasitələrin təsiri altında olmasını görərək həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər, həmin şəxslə dialoq zamanı narkotik maddələrin istifadəçisi olduğunu və xəstə olduğuna görə istifadə etdiyini etiraf etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə gətirilmiş və bölmədə təhqiqatçının iştirakı ilə videoçəkiliş həyata keçirilmişdir. Təqsirləndirilən şəxs bir büküm içərisində qəhvəyi rəngli maddəni təqdim etmiş və sorğu-sual edilərkən həmin “kakos” adlanan maddəni tanımadığı şəxsdən şəxsi istifadəsi üçün almasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 18 oktyabr 2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi, dalan 3 ünvanının qarşısında digər xidmət yoldaşı Şahid1la birlikdə xidməti vəzifəsini yerinə yetirərkən bir nəfər şəxsin özünü şübhəli aparmasını, narkotik vasitələrin təsiri altında olması, həmçinin “gözlərinin axmasını” görərək həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər və həmin şəxsin şəxsiyyətini müəyyən etmək məqsədi ilə Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə dəvət etmişlər, həmin şəxs etiraz etmədən onlarla birlikdə bölməyə getmişdir. Bölməyə gedərkən həmin şəxsə qarşı hər hansı fiziki və ya psixi təsir edilməmişdir. Polis Bölməsində onun, xidmət yoldaşı Şahid1, təhqiqatçının, kriminalistin və şübhəli şəxsin iştirakı ilə videoçəkiliş həyata keçirilmiş və Təqsirləndirilən şəxs bir büküm içərisində qəhvəyi rəngli maddəni təqdim etmiş və sorğu-sual edilərkən həmin maddəni 20 manat müqabilində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün almasını bildirmişdir. İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin təhqiqatçısı X9 tərəfindən tərtib edilmiş, Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2, mütəxəssis Babaşov Rəşad Mahir oğlu, şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs masaya yaxınlaşaraq, qara rəngli cins şalvarının sağ yan cibində olan bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxardaraq, masanın üzərinə qoymuşdur. Həmin bükümə baxış keçirilən zaman bükümün içərisində olan tünd qəhvəyi rəngli toz şəkilli maddə aşkar edilmiş və həmin maddənin ona aid olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs ona verilən suala cavab olaraq qeyd edilən əşyaların ona aid olmasını, təqdim etdiyi bükümün içərisində olan maddənin "narkotik vasitə olan heroin, yəni “kokos” olduğunu və Papanin adlanan yerdən tanımadığı şəxsdən xx.xx.2022-ci il tarixdə almasını bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında, paltarlarının ciblərində və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində hər-hansı başqa qanunla qadağan edilmiş maddə və əşyanın olub-olmaması soruşulduqda o, üzərinə hər hansı bir qanunla qadağan edilmiş maddə və əşyanın olmamasını bildirmişdir. Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi 1 ədəd şəffaf rəngli sellofana bükülmüş büküm zərfə qoyularaq qablaşdırılmış, həmin zərf iştirakçılar tərəfindən imzalanmış və PB-nin 188 saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra video çəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır. Videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilmişdir. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamış və vəsatət qaldırılmamışdır. Şəxsi axtarış zamanı "Sony" markalı videokameradan istifadə edilmişdir. Ona görə də, protokol tərtib olunmuş, ucadan oxunmuş, protokolun düzgünlüyü imzalarla təsdiq edilmişdir (i/v 45-51). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6\6039 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “....İştirakçılar 3) Şübhəli şəxs imza Təqsirləndirilən şəxs.....” yazı və imzalar olan zərfdə 1 ədəd təmiz çəkisi 2,416 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryəkdir. (i/v 58-61). İş materiallarına əlavə edilmiş “Maddi sübutun tanınması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 2,416 qram, tədqiqata 0,05 qram sərf edildikdən sonra qalıq çəkisi 2,366 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryəkin maddi sübut kimi tanınması və saxlanılması üçün Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlama otağına təhvil verilməsi qərara alınmışdır. (i/v 117). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 xx.xx.2022-ci il tarixli, 6666 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 119-120). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 07 aprel 2021-ci il tarixli hökmündən və Bakı şəhəri Nizami rayon məhkəməsinin 7(007)-166/2022 saylı, 13 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 07 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 7(007)-166/2022 saylı, 13 yanvar 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsinə əsasən 6 ay azaldılmışdır. (i/v 104-105, 107-112). İş materiallarına əlavə olunmuş şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(006)-566/2022 saylı qərarı ilə barəsində 3 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 4(006)-27/2023 saylı qərarına əsasən sonuncunun həbsdə saxlanılma müddəti 07 fevral 2023-cü il tarixədək uzadılmışdır (i/v 21-22, 96-100). İş materiallarına əlavə edilmiş Nəsimi rayon prokuroru Həsən Hənifəyev tərəfindən Nəsimi RPİ-nin İŞ-nin rəisi Orxan Süleymanlıya ünvanlanmış 14 noyabr 2022-ci il tarixli məktubdan və Təqsirləndirilən şəxs tərəfindən Nəsimi rayon prokurorluğuna təqdim edilmiş izahatdan görünür ki, Təqsirləndirilən şəxs izahatında 18 oktyabr 2022-ci il tarixdə saat 11 radələrində ünvan 4 ünvanının qarşısında tanımadığı polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə dəvət edildiyini, həmin vaxt üzərində narkotik vasitə olduğunu, polis bölməsində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının cibindən narkotik vasitə aşkar olunaraq götürüldüyünü, həmçinin onu polis əməkdaşlarının vurmadığını, döymədiyini, zor tətbiq etmədiyini, xəsarət yetirmədiyini bildirmişdir. Bundan əlavə, verilən suala cavab olaraq 22 oktyabr 2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasının tibbi sanitar hissəsində aşkar olunmuş bel, kürək və sağ dirsək nahiyələrində aşkar olunmuş xəsarətləri tutulmamışdan bir həftə əvvəl ehtiyatsızlıqdan arxası üstə yıxılaraq aldığını bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitənin ona məxsus olmaması, istintaq zamanı vermiş olduğu ifadələri təzyiq və təsir nəticəsində verməsi barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Məhkəmə nəzərə alır ki, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmiş, şahidlər ibtidai istintaq dövründə vermiş olduqları və məhkəmə iclasında verdikləri ifadələrində Təqsirləndirilən şəxs hər hansı təzyiq və təsir edilmədiyini, sonuncunun döyülmədiyini, Təqsirləndirilən şəxs könüllü şəkildə Nəsimi RPİnin inzibati binasına aparıldığını bildirmişlər. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə şahid ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq, şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadənin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs həm təhqiqat, həm də istintaq zamanı vermiş olduğu ifadələrində elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ümumiyyətlə polis əməkdaşları tərəfindən ona təzyiq və təsir edilməsi, döyülməsi barədə hər hansı xüsusat bildirməmiş, yalnız, məhkəmə istintaqı aparılarkən ona təzyiq edildiyini və döyüldüyünü bildirmiş, həmçinin Nəsimi rayon prokurorluğunda aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs öz izahatında 18 oktyabr 2022-ci il tarixdə saat 11 radələrində ünvan 4 ünvanının qarşısında tanımadığı polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə dəvət edildiyini, həmin vaxt üzərində narkotik vasitə olduğunu, polis bölməsində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının cibindən narkotik vasitə aşkar olunaraq götürüldüyünü, həmçinin onu polis əməkdaşlarının vurmadığını, döymədiyini, zor tətbiq etmədiyini, xəsarət yetirmədiyini bildirmişdir. Bundan əlavə, verilən suala cavab olaraq 22 oktyabr 2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasının tibbi sanitar hissəsində aşkar olunmuş bel, kürək və sağ dirsək nahiyələrində aşkar olunmuş xəsarətləri tutulmamışdan bir həftə əvvəl ehtiyatsızlıqdan arxası üstə yıxılaraq aldığını bildirmişdir. Bundan əlavə, Nəsimi rayon məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli qərarında Təqsirləndirilən şəxs öz izahatında törətdiyi əməl üzrə özünü təqsirli bilmiş və polis əməkdaşlarından şikayətinin olmamasını bildirmişdir. Ambulator X2 zamanı da, Təqsirləndirilən şəxs ekspertlərə təxminən 15 ildir fasilələrlə narkotik vasitələr qəbul etdiyini demişdir. Narkotik vasitə heroini iyləmək yolu və inyeksiya yolu ilə istifadə etmişdir. Həmçinin arabir psixotrop maddə metamfetamin istifadə etmişdir. Öz narkoloji anamnezi haqqında tam məlumat vermir. Narkotik vasitələrdən suiistifadəsini gizlətməyə çalışır. Narkotik vasitələrə, qarşı abstinensiya əlamətləri patoloji meyl formalaşması və narkotik vasitələrin qəbulundan psixi və fiziki asılılığın olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuş, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olduğu qeyd edilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən asetilə edilən tiryəkin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,5 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi 06 sentyabr 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan Cinayət Məcəlləsi yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunvericilik həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunması və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hallara aiddir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 18 oktyabr 2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli, ondan 88 (səksən səkkiz) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan, ilkin çəkisi 2,416 qram olmuş ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 2,366 qram olan narkotik vasitə asetilə edilən tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi «Xəzər Konsaltinq» Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-101/2023 saylı xx.xx.2023-ci il tarixli qərara əsasən xx.xx.2023-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi «Xəzər Konsaltinq» Vəkil Bürosunun vəkili X4 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 28 (iyirmi səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı X3 vəkil işlədiyi «Xəzər Konsaltinq» Vəkil Bürosunun hesabına 168 (yüz altmış səkkiz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 18 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 88 (səksən səkkiz) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan, ilkin çəkisi 2,416 qram olmuş ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 2,366 qram olan narkotik vasitə asetilə edilən tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi «Xəzər Konsaltinq» Vəkil Bürosunun hesabına 168 (yüz altmış səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar