Məhkəmə qərarları › İş №1(006)-102/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-102/2021

05.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-102/2021 05.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X7 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X4 Zərər çəkmiş şəxslər: X3 Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1981-cü ildə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, Hərbi şəhərcik küçəsi, ev 1, mənzil 6-da qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri üzrə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 09 radələrində “xxxx” ASCnin Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 20 Yanvar küçəsi, 18 saylı ünvanda olan bankomatından Zərərçəkmiş şəxs2 nağd pul çıxarmaq istədiyini görüb kömək etmək adı ilə ona yaxınlaşıb sonuncuya məxsus “xxxx” ASC-yə aid **********967710 nömrəli kartın şifrəni öyrənib kartı ələ keçirərək özündə olan “Namiq Nağıyev” adlı şəxsə məxsus digər kartı ona vermiş, Zərərçəkmiş şəxs2 həmin yerdən uzaqlaşdıqdan sonra ona məxsus kartı saat 09:31:09-da həmin bankomata daxil edib öyrəndiyi şifrəni yığaraq sonuncunun hesabından əvvəlcə 678 manat məbləğində, daha sonra həmin günü saat 10:00:45-də “xxxx” ASC-nin Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 29 saylı ünvanda yerləşən bankomatından əlavə olaraq 200 manat pulu çıxarmış, bununla da ümumilikdə vahid niyyətlə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məxsus 878 manat məbləğində pulu elektron məlumat daşıyıcılarından istifadə edib gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, xx xxxxxx 2020-ci il tarixdə, saat 12:20 radələrində “xxxx” ASC-nin Bakı şəhəri Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, 5A saylı ünvanda olan bankomatından X3 pul çıxarmaq istədiyini görüb kömək etmək adı ilə ona yaxınlaşıb sonuncuya məxsus bank kartının şifrəni öyrənərək bu kartı ələ keçirib əvəzində özündə olan Zərərçəkmiş şəxs2 məxsus bank kartını ona vermiş, A.Əsədullayeva da oradan uzaqlaşdıqdan sonra saat 12:28:13-də həmin bankomata bu kartı daxil edib şifrəni yığaraq ******************** saylı hesabdan 1.000 manat məbləğində pulu, daha sonra saat 12:35:59-da isə “xxxx” ASC-nin Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, 71 saylı ünvanda yerləşən baş ofisinin qarşısındakı bankomatından həmin hesabdan əlavə olaraq 343 manat pulu çıxarmış, bununla da ümumilikdə vahid niyyətlə zərər çəkmiş şəxs X5 məxsus 1.343 manat məbləğində pulu elektron məlumat daşıyıcılarından istifadə etməklə gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, karantinlə əlaqədar işləmədiyi üçün ailəsini saxlamaq üçün pula ehtiyacı olmuş, buna görə də oğurluq etmək qərarına gəlmişdir. 2020-ci ilin iyul ayında metronun “Nizami” stansiyasının yaxınlığında təsadüfən yerdən bir ədəd “Namiq Nağıyev” adlı şəxsə məxsus plastik bank kartını tapmışdır. Həmin kartı bir neçə bankomatlara daxil etsə də, şifrəni düzgün yığmadığı üçün ondan pul çıxara bilməmiş, bununla belə kartı özündə saxlamışdır. xx xxxxxx 2020-ci il tarixdə Mehdiabad qəsəbəsində polis bölməsinin yaxınlığında yerləşən “xxxx” ASC-nin bankomatının yanında olarkən bir nəfər qadının bankomatdan pul çıxarmaq istədiyini görüb onunla söhbət edib onda çaşqınlıq yaratmış, qadın da kartı ilə bir neçə dəfə bankomatda əməliyyat aparmaq istəyərkən kartı bloklanmışdır. O da bu qadına kömək etmək adı ilə kartı ondan alıb şifrəsini yığmaqla bankomata daxil etmiş, lakin guya pulun olmadığını deyib həmin kartın əvəzinə “Namiq Nağıyev” adlı şəxsə aid kartı ona vermişdir. Qadın da oradan uzaqlaşdıqdan sonra ondan götürdüyü kartı bankomata daxil edib şifrəsini yığmaqla hesabda olan 678 manat məbləğində pulu çıxarmış və dərhal sonra Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 29 saylı ünvanına gələrək orada olan “xxxx” ASC-nin digər bankomatından bu qadına məxsus hesabdan əlavə olaraq 200 manat da götürmüş, üzərində “Zərərçəkmiş şəxs2” yazılan həmin kartı isə özündə saxlamışdır ki, növbəti dəfə eyni üsulla başqa bir şəxsin pulunu talasın. xx.xx.2020-ci il tarixdə, saat 12 radələrində metronun “Nizami” stansiyasının yanında olan “xxxx” ASC-nin bankomatının yaxınlığına gələrək bir nəfər yaşlı qadının bankomata yaxınlaşaraq öz kartının daxil etməsini görüb ona yaxınlaşmış və bankomatın düymələrinin yaxşı işləmədiyini söyləməklə onu çaşdırmağa çalışmış, eyni zamanda qadın şifrəni yığanda onun arxasında dayanıb guya düzgün olmadığını deyərək təkrarən bir neçə dəfə ona şifrəni daxil etdirmişdir. Nəticədə kartla aparılan əməliyyat bankomat tərəfindən müvəqqəti bloklanmışdır. Bundan sonra qadın kartını bankomatdan çıxarmaq istədikdə o, özündə olan Zərərçəkmiş şəxs2 aid kartı qəsdən yerə ataraq bu qadına yalandan ona kartının yerə düşdüyünü söyləmişdir. Bu zaman o, yan tərəfdən astaca qadınla toqquşaraq sonuncunun sol əlində tutduğu kartını sağ əli ilə dartmış, eyni zamanda yerə atdığı digər kartı götürüb ona vermişdir. Qadın da nə baş verdiyini anlamayaraq oradan uzaqlaşıb bankın ofisinə getmişdir. O da dərhal götürdüyü kartı həmin bankomata daxil edib yadında saxladığı şifrəni yığmaqla hesabdan 1.000 manat pul çıxarmış, daha sonra taksi ilə “xxxx” ASC-nin Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, 71 saylı ünvanında yerləşən baş ofisinin qarşısına gələrək orada olan bankomatdan istifadə edərək əlavə olaraq bu kartdan 343 manat pul nağlaşdırmışdır. Ələ keçirdiyi pulları ailəsinin və özünün ehtiyacları, xəstə uşağına dərmanlar almaq üçün xərcləmişdir. xx.xx.2020-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Zərər çəkmiş şəxslərə vurulmuş zərər ödənilmiş, onlarla barışıq əldə olunmuşdur. Himayəsində iki azyaşlı övladı var. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Kənd Təsərüffatı Nazirliyi X1 İnstitunda şöbə müdiri vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə, saat 09 radələrində maaş kartından pul çıxarmaq üçün Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 20 Yanvar küçəsi, 18 saylı ünvanda yerləşən “xxxx” ASC-nin bankomatına yaxınlaşmış, bu zaman tanımadığı bir şəxs guya öz növbəsini ona verməklə onu qabağa buraxmışdır. Bundan sonra o, kartını bankomata daxil edib şifrəni yığmaqla pul çıxarmağa çalışarkən ona öz növbəsini verən şəxs kömək etməyi təklif etmişdir. O isə buna etiraz etmişdir. Həmin şəxs də bankomatın düymələrinin yaxşı işləmədiyini, kartı çıxarıb təkrar bankomata daxil etməsini söyləməklə onu çaşdırmağa başlamışdır. Onda çaşqınlıq yarandığından kartını qaytarıb təkrar bankomata daxil etmiş və yenidən şifrəni yığmışdır. Arxasındakı şəxs isə yenidən şifrəni təkrar yığmağı demişdir. O da özünü itirib şifrəni bir neçə dəfə yığdığından kartı ilə aparılan əməliyyatı bankomat tərəfindən bloklanaraq dayandırılmışdır. Bundan sonra onu çaşdıran şəxs ona köməklik edə biləcəyini bildirmiş, o da razılaşmışdır. Bu şəxs onun kartını bankomata daxil etmiş və bir neçə saniyədən sonra aparatda pul olmadığını deyərək kartı çıxarıb geri qaytarmışdır. O da onun verdiyi kartı götürərək çantasına qoyub oradan uzaqlaşmışdır. Bir neçə dəqiqədən sonra onun mobil nömrəsinə kartından 678 manat pulun çıxarılması barədə “sms” gəlmişdir. O, dərhal bankomatın yanına qayıtmış və həmin şəxsi orada görməmişdir. Bundan sonra o, özündəki bank kartına baxdıqda onun “Namiq Nağıyev” adlı şəxsə məxsus olduğunu görüb məsələni başa düşmüşdür. Bu vaxt yenidən onun mobil nömrəsinə kartından əlavə olaraq 200 manat avans pulun da çıxarılmasına dair “sms” gəlmişdir. O, dərhal “102” xidmətinə zəng edib hadisə barədə məlumat vermiş və Namiq Nağıyevə məxsus “xxxx” ASC-yə aid bank kartını da polisə təhvil vermiş, öz kartını isə bağlatdırmışdır. Hazırda ona vurulmuş zərər ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərər çəkmiş şəxs X8 ifadəsində göstərdi ki, o, 12 nömrəli Bakı peşə liseyində müəllimə işləyir. xx.xx.2020-ci il tarixdə, saat 12:20 radələrində maaş kartından pul çıxarmaq üçün “xxxx” ASC-nin Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, 5A saylı ünvanda yerləşən bankomatına yaxınlaşmış və bu zaman bir nəfər tanımadığı şəxs guya öz növbəsini ona verməklə onu qabağa buraxmışdır. O da kartını bankomata daxil edib şifrəni yığmaqla pul çıxarmağa çalışarkən həmin şəxs ona bildirmişdir ki, bankomatın düymələri yaxşı işləmir və buna görə kartı çıxarıb təkrar bankomata daxil etmək lazımdır. O da kartını təkrar bankomata daxil etmiş, lakin həmin şəxs onu çaşdırdığı üçün şifrəni səhv yığmış, nəticədə kart bloklanmışdır. Kartını bankomatdan çıxarıb sol əlində olan pul kisəsinin yanında tutaraq geriyə döndükdə, həmin şəxslə yan tərəfi ilə toqquşanda hansısa kartın yerə düşdüyünü görmüşdür. Bu zaman həmin kişi “sizin kartınız düşdü” deyərək əyilmiş, yerdəki kartı götürüb ona uzatmışdır. O da onun verdiyi kartı götürərək bankın ofisinə daxil olmuşdur. Bir qədər gözlədikdən sonra bank işçisinə müraciət edib kartının bloklanması səbəbini soruşmuş, işçi də onun hesabını yoxlayıb müvafiq çıxarışı təqdim etmişdir. Çıxarışdan ona məlum olmuşdur ki, kartından həmin günü saat 12:28:13-də 1.000 manat, saat 12:35:59-da isə 343 manat pul çıxarılmışdır. Bundan sonra özündə olan bank kartına baxdıqda onun “Zərərçəkmiş şəxs2” adlı şəxsə məxsus olduğunu bilmişdir. Dərhal hadisə barədə “102” xidmətinə zəng edib məlumat vermişdir. Hazırda ona vurulmuş zərər ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan: - “Hesabdan Çıxarış”a əsasən X3 “xxxx” ASC-də olan ******************** saylı hesabından xx.xx.2020-ci il tarixdə saat 12:28:13-də Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, 5A saylı ünvanda yerləşən bankomatdan 1000 manat, saat 12:35:59-da Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, 71 saylı ünvanda yerləşən bankomatdan isə 343 manat pul çıxarılmışdır (İ cild, i.v.8); - “Diskə baxış keçirilməsi haqqında” xx xxxxxxx 2020-ci il tarixli protokola və fotoşəkillərə əsasən həmin diskdə iki ədəd videofayl var. xx.xx.2020-cil tarixdə, saat 09:59:57-də qeydə alınmış VİD_1 yazılı videofayl 01 dəqiqə 15 saniyə davam edir. Videogörüntünün ilk saniyələrində bir nəfər arıq bədən quruluşlu, əynində qısaqol idman köynəyi, üzündə tibbi maska olan şəxsin Bakı şəhəri, Nizami rayonunda metronun “Qara Qarayev” stansiyası yaxınlığında yerləşən bankomata yaxınlaşaraq kartı daxil edib gizli şifrəni yığması, saat 10:00:35 dəqiqədə kartı əlində olan pul qabına qoyması, saat 10:00:45 dəqiqədə bankomatdan pul çıxarması və saat 10:00:47 dəqiqədə bankomatdan aralanıb getməsi görünür. xx.xx.2020-cil tarixdə, saat 09:30:13-də qeydə alınmış VİD_2 yazılı videofayl 01 dəqiqə 57 saniyə davam edir. Videogörüntünün ilk saniyələrində bir nəfər arıq bədən quruluşlu, əynində qısaqol idman köynəyi, üzündə tibbi maska olan şəxsin “xxxx” ASC-nin Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Mehdiabad bələdiyyəsinin qarşısında olan bankomatına yaxınlaşaraq kartı daxil edib gizli şifrəni yığması, saat 09:30:58 dəqiqədə plastik kartı əlində olan pul qabına qoyması, saat 09:31:09 dəqiqədə bankomatdan pul çıxarması və saat 09:31:10 dəqiqədə bankomatdan aralanıb getməsi görünür. Baxış zamanı Təqsirləndirilən şəxs bu şəxsin özü olduğunu bildirir (İ cild, i.v.243-248); - “Maddi sübut kimi tanımaq haqqında” 15 sentyabr və xx xxxxxxx 2020-ci il tarixli qərarlarla üzərində “Namiq Nağıyev” yazıları olan “xxxx” ASC-yə aid **********943401 nömrəli və Zərərçəkmiş şəxs2 məxsus “xxxx” ASC-yə aid **********967710 nömrəli plastik elektron məlumat daşıyıcısı olan kartlar iş üzrə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir (İ cild, i.v.141, 233-234); - “Sübutların qiymətləndirilməsi, əmələ hüquqi qiymət verilməsi və cinayət işinin hissəvi xitam olunması haqqında” xx xxxxxxx 2020-ci il tarixli qərara əsasən bir ədəd DVD formatlı disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir (İİ cild, i.v.01-12); - Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinin əməliyyat müvəkkili Ayaz Əhmədov tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 6K-1064 saylı raporta görə Təqsirləndirilən şəxs həmin tarixdə müalicə aldığı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X13 saxlanılaraq bölməyə gətirilmişdir (İ cild, i.v.17); - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(004)- 498/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır (İ cild, i.v.119-123); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X2 xx.xx.2020-ci il tarixli arayışı və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə oğurluq və dələduzluğa görə məhkum olunmuş, sonuncu dəfə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarı ilə ona təyin edilmiş 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 il 01 ay 07 gün hissəsi Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə uyğun olaraq həmin hökmlə təyin olunan cəza ilə qismən birləşdirilərək üzərində qəti olaraq 07 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi xaric edilməklə cəzası 06 il 09 aya, həmin məhkəmənin xx.xx.2018-ci il tarixli qərarı ilə 04 ilə endirilmiş, xx.xx.2018-ci il tarixli qərarına əsasən isə 01 ay 29 gün vaxtından əvvəl cəzadan şərti olaraq azad edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasını çəkib qurtardığından qeydiyyatdan çıxarılmışdır (İ cild, i.v.142-144, 249-259); - Doğum haqqında şəhadətnamənin surətinə və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il və xx.xx.2020-ci il təvəllüdlü iki övladı var (İ cild, i.v.65, İİİ cild). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxx 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); şəxs tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq Məcəllənin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud Cinayət Məcəlləsinin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayələrin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir (18-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.2-ci maddəsi eyni əməlləri təkrar, 177.2.3-1-ci maddəsi isə bu əməllərin elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədilməsinə görə məsuliyyət yaradır. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Onun tərəfindən həmin əməllərin törədilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Xəlilov X9 Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməklə ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərə vurulmuş zərərin ödənilməsini və onlarla barışıq əldə olunmasını, himayəsində azyaşlı uşaqlarının olmasını Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə müvafiq olaraq onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda məhkəmədə onun cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Beləliklə, məhkəmə cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, əvvəllər də dəfərlərlə talama cinayətlərinə görə məhkum olunmasını və bununla da kriminal meyilli şəxs olaraq qalmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəzasının əvvəli məhkəmənin qərarında həbs müddətinin əvvəlinin göstərildiyi vaxtdan deyil, faktiki olaraq müalicə aldığı müəssisədə saxlanıldığı andan - xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış, üzərində “Namiq Nağıyev” yazıları olan “xxxx” ASC-yə aid **********943401 nömrəli, Zərərçəkmiş şəxs2 məxsus “xxxx” ASC-yə aid **********967710 nömrəli plastik elektron məlumat daşıyıcısı olan kartlar və bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil bürosunun vəkili X6 dövlət büdcəsi vəsaiti hesabına 25 saat üçün nəzərdə tutulan 150 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, üzərində “Namiq Nağıyev” yazıları olan “xxxx” ASC-yə aid **********943401 nömrəli, Zərərçəkmiş şəxs2 məxsus “xxxx” ASC-yə aid **********967710 nömrəli plastik elektron məlumat daşıyıcısı olan kartlar və bir ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil bürosunun vəkili X6 dövlət büdcəsi vəsaiti hesabına 25 saat üçün nəzərdə tutulan 150 (yüz əlli) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar