Məhkəmə qərarları › İş №1(006)-102/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-102/2022

11.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-102/2022 11.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 MMC-nin etibarnamə üzrə nümayəndəsi, həmin qurumda işləyən Nümayəndə2 Müdafiəçi: “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1989-cu il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), orta təhsilli, işsiz, subay, məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 12/26, mənzil 88-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 18 oktyabr 2021-ci il tarixdə, saat 22:30 radələrində ünvan 1 ünvanda yerləşən, Zərərçəkmiş şəxs1 işlətdiyi “Faberlic” adlı obyektin qarşısında quraşdırılmış, 45 kv.m. sahəni əhatə edən, 2020-ci il istehsal tarixli, 650 manat dəyərində bir ədəd “Novastyle” markalı kondisionerin mühərrikini özündə olan kəlbətinlə arxasındakı naqilləri kəsməklə yerindən çıxarıb oğurlamışdır. Bundan başqa o, 22 oktyabr 2021-ci il tarixdə, saat 14:20 radələrində ünvan 2 ünvanda yerləşən, Zərərçəkmiş şəxs2 MMC-yə məxsus obyektin qarşısında quraşdırılmış, 60 kv.m. sahəni əhatə edən, 2021-ci il istehsal tarixli, 650 manat dəyərində bir ədəd "xxxx" markalı kondisionerin mühərrikini özündə olan kəlbətinlə arxasındakı naqilləri kəsməklə yerindən çıxarıb təkrar oğurluq etmişdir. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 22 oktyabr 2021-ci il tarixdə, saat 14:20 radələrində ünvan 2 ünvanda yerləşən ofisin çöl hissəsində kondisionerin mühərrikini görüb oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə üzərində olan kəlbətin vasitəsilə kondisionerin mühərrikinin arxa hissəsində quraşdırılmış mis boruları kəsmiş və mühərriki oradan çıxarmışdır. Daha sonra onu taksi ilə keçmiş “Qarabağ” mehmanxanasının yanında yerləşən metal qəbulu məntəqəsinə gətirsə də, orada onu qəbul eməmişlər. Buna görə də o, başqa taksi ilə mühərriki “Kubinka” deyilən yerə gətirib orada “Qazel” avtomobili ilə metal yığımını həyata keçirən qaraçılar deyilən şəxslərə 35 manata satmışdır. 18 oktyabr 2021-ci il tarixdə, saat 22:30 radələrində ünvan 1 ünvanda yerləşən “Faberlic” adlı obyektdən isə kondisioner mühərrikini oğurlamamışdır. İbtidai istintaq zamanı ona bu cinayəti də öz üzərinə götürməsi və bununla bağlı ona heç bir əlavə məsuliyyət yaranmayacağını dediklərinə görə o, bu əməli boynuna almışdır. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, ünvan 1 ünvanda yerləşən “Faberlic” mağazasını həyat yoldaşı ilə birlikdə işlədir. Mağazanın qarşısında quraşdırılmış, 60 kv.m. sahəni əhatə edən, 2021-ci il istehsal tarixli “Novastyle” markalı kondisionerin mühərrik hissəsinin 18 oktyabr 2021-ci il tarixdə, saat 18:00-dan 19 oktyabr 2021-ci il tarixə, saat 09:00-a kimi olan müddət aralığında naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Hadisə nəticəsində ona 650 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə zərər çəkmiş şəxs “Beta Consortium“ MMC-nin nümayəndəsi Nümayəndə2 ifadəsində göstərdi ki, 22 oktyabr 2021-ci il tarixdə şirkətə məxsus avandanlıqların saxlanıldığı ünvan 2 ünvanda yerləşən anbarda quraşdırılmış, 60 kv.m. sahəni əhatə edən, 2021-ci il istehsal tarixli "xxxx" markalı kondisionerin oğurlandığı aşkar olunmuşdur. Baş vermiş oğurluq nəticəsində MMC-yə 650 manat ziyan vurulmuşdur. Şirkətə vurulmuş zərər ödənilməmiş, Zərərçəkmiş şəxs2 MMC təqsirləndirilən şəxsdən şikayətçidir. İş materiallarında olan:  “Təqsirləndirilən şəxsin dindirmə” protokollarına əsasən Təqsirləndirilən şəxs bildirir ki, o, 18 oktyabr 2021-ci il tarixdə, saat 22:30 radələrində ünvan 3 ünvanda yerləşən “Faberlic” ofisinin qarşısında quraşdırılmış kondisionerin mühərriki hissəsini oğurlayıb. Mühərrikin arxasında olan mis boruları kəlbətin vasitəsilə kəsmiş və mühərriki götürüb oradan uzaqlaşmışdır. Bundan sonra “Kubinka” adlanan yerdə tanımadığı şəxslərə onu 40 manata satmışdır (İ cild, i.v.89-91, 188-190);  “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 14.12.2021ci il tarixli protokola və fotoşəkillərə əsasən Təqsirləndirilən şəxs hadisə yerini, yəni ünvan 1 ünvanda yerləşən “Faberlic” adlı ofisin qarşısında onun sağ yan tərəfini göstərib 18.10.2021-ci il tarixdə, saat 22:30 radələrində bir ədəd kondisioner mühərrikini məhz həmin yerdən arxasındakı naqilləri kəlbətinlə kəsib apardığını və ünvan 2 ünvanda yerləşən ofisin qarşısında 22.10.2021-ci il tarixdə, saat 14:20 radələrində oradan bir ədəd kondisioner mühərrikini arxa tərəfindəki naqilləri kəlbətinlə kəsib götürdüyünü bildirir (İ cild, i.v.165-169);  “Baxış keçirilməsi haqqında” 08.11.2021-ci il tarixli protokola və diskdə olan görüntüyə əsasən bir nəfər şəxs Bakı şəhəri, ünvan 4 ünvanın qarşısına yaxınlaşır və çantanı yerə qoyaraq orada çöldə quraşdırılmış kondisionerin mühərrikini hansısa əşya ilə naqillərini kəsir və sonra əlində bir ədəd örtüklə qayıdıb onu mühərrikin üzərinə örtür və mühərriki götürməyə çalışır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntüdəki şəxsin özü olduğunu bildirir (İ cild, i.v.60-61, disk);  Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 08.12.2021-ci il tarixli, 9/8352 saylı rəyinə görə 45 kv.m. sahəni əhatə edən, istehsal tarixi 2020-ci il olan “Novastyle” markalı kondisioner mühərrikinin 2021-ci ilin oktyabr ayına olan bazar qiyməti 250,00 manat, 60 kv.m. sahəni əhatə edən, istehsal tarixi 2021-ci il olan "xxxx" markalı kondisioner mühərrikinin 2021-ci ilin oktyabr ayına olan bazar qiyməti 350,00 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (cild İ, i.v.138- 140);  “Sübutların qiymətləndirilməsi haqqında” 14.12.2021-ci il tarixli qərarla zərər çəkmiş şəxslərə vurulmuş zərərin məbləği ekspert rəyində göstərilən qiymətlə deyil, onların ifadələrində göstərdiyi məbləğə uyğun götürülmüşdür (cild İ, i.v.170-178);  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 30.11.2021-ci il tarixli arayış və məhkəmə aktının surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10.02.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir (İ cild, i.v.128-129, 131-135);  Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10.11.2021-ci il tarixli, 4(006)- 493/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 07.11.2021-ci il tarixdən hesablanmışdır (cild İ, i.v.98-102). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); şəxs tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq Məcəllənin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud Cinayət Məcəlləsinin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayələrin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir (18-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Cinayət-Prosessual Məcəlləsinin 141.2-ci maddəsinə görə cinayət prosesinin tərəfləri cinayət təqibi üzrə əhəmiyyət kəsb edən hər hansı halı tədqiq etmədən onun mövcudluğu və ya müəyyən qiymət verilməsi barədə razılığa gələ bilərlər. Cinayət təqibi üzrə icraatın materiallarında olan sübutlara əsasən məhkəmə bu halların mövcudluğu və ona verilmiş qiymətin qanunla ziddiyyət yaratmadığını qəbul etdikdə, belə razılıq hökmün və ya digər qərarın əsası kimi qəbul edilə bilər. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən 18 oktyabr 2021-ci il tarixdə, saat 22:30 radələrində ünvan 1 ünvanda yerləşən “Faberlic” adlı obyektdən kondisioner mühərrikini oğurlanmamasına dair məhkəmə istintaqındakı ifadəsinə isə məhkəmə tənqidi yanaşır və hesab edir ki, ibtidai istintaq dövründən fərqli olaraq hazırda belə ifadə verməklə o, öz məsuliyyətini yüngülləşdirmək məqsədi güdür. Çünki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadələrində, habelə ifadəsinin yerində yoxlanılması zamanı bu əməlin törətməsini etiraf etmişdir. Bununla bağlı ona ibtidai araşdırma orqanı tərəfindən hər-hansı təzigin göstərilməsi isə məhkəmədə öz təsdiqini tapmır. Göstərilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu və həbsdə olduğu 04 ay 04 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməli, hökm qanuni qüvvəsini alanadək onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından azad olunmalıdır. Ekspertiza tədqiqatının dəyəri 50 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 10 saat üçün nəzərdə tutulan 60 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs həbsdə olduğu 04 (dörd) ay 04 (gün) müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 12/26, mənzil 88-i hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclası zalından həbsdən azad olunsun, bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 10 saat üçün nəzərdə tutulan 60 (altmış) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar