Məhkəmə qərarları › İş №1(006)-102/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-102/2025

17.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-102/2025 17.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Lənkəran şəhəri, Səməd Vurğun küçəsi, ev 39-da qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, halhazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi üzrə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 03 iyun 2024-cü il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsində yerləşən “Səməd Vurğun” adına istirahət parkında otluq sahədə dayanarkən özgənin əmlakını ələ keçirmək məqsədilə qarşısındakı skamyada əyləşmiş Zərərçəkmiş şəxs hiss etmədiyi şəraitdə sonuncunun əynində olan gödəkcəsinin cibindən içərisində zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 5 manat dəyərində ***-***- **-** saylı mobil nömrə olan 350 manat dəyərində “Samsung Galaxy A20” markalı mobil telefonu götürüb hadisə yerindən uzaqlaşarkən qanunsuz əməllərinin ətrafdakı şəxslər tərəfindən aşkar edilərək Zərərçəkmiş şəxs məlumat verilməsi səbəbindən sonuncunun əmlakın geri qaytarılması ilə bağlı çağırışlarına məhəl qoymadan amlaka əlçatanlığı təmin etmək məqsədilə hadisə yerindən qaçıb uzaqlaşaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 355 manat məbləğində maddi ziyan vurmaqla özgənin əmlakını açıq talayıb soyğunçuluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 03 iyun 2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində olan zaman əvvəlcədən tanıdığı Şahid1lə qarşılaşmış və sonuncuya birlikdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində olan Səməd Vurğun küçəsindəki poçtdan türmədən çıxdığı üçün pulunun yüklənib-yüklənmədiyini yoxlamağa getməyi təklif etmişdir. Onlar birlikdə həmin yerə getmişlər. Orada olan zaman Kamranbəy parkda bir nəfər qız görmüş və qıza tərəf yaxınlaşmışdır. Qız yerini dəyişdikdən sonra Kamranbəy yaşlı bir kişinin yanında oturaraq həmin kişidən siqaret istəmişdir. O, həmin vaxt Kamranbəyin arxasında, bir qədər kənarda olmuşdur. Diqqət etdikdə o, yaşlı kişinin pencəyinin cibində telefon olduğunu görmüş və həmin telefonu oğurlamaq qərarına gəlmişdir. Kamranbəy həmin kişi ilə söhbət edən zaman o, arxadan onlara yaxınlaşmış və əlini uzadaraq yaşlı kişinin pencəyinin cibindən telefonu götürmüşdür. Həmin vaxt bunu yaşlı kişi və ya Kamranbəy görməmişdir. Sonra o, Kamranbəyə yaxınlaşaraq getməyi təklif etmiş və iti addımlarla oradan uzaqlaşmağa başlamışdır. Kamranbəy isə onun arxasınca gəlmiş, lakin sonuncu asta addımlarla gəlmişdir. Daha sonra o, telefonu Bakı şəhəri, Nizami rayonu ərazisində olan telefon mağazasına 80 manata şəxsiyyət vəsiqəsi ilə satmışdır. Həmin gün Kamranbəylə Kubinka adlanan ərazidə qarşılaşanda Kamranbəy ondan nə üçün mobil telefonu oğurladığını soruşduqda, o, ehtiyacı olduğu üçün bu cür hərəkət etdiyini demişdir. O, zərər çəkmiş şəxsin pencəyinin cibindən mobil telefonu götürən zaman nə yaşlı kişi, nə də Kamranbǝy bunu görməmişdir. Kamranbəyin onun mobil telefon oğurlamaq istədiyindən məlumatı olmamışdır. Ümumiyyətcə o, özü də əvvəlcədən mobil telefon oğurlamaq fikrində olmamış, sadəcə yaşlı kişi ilə Kamranbəy oturub söhbət edən zaman yaşlı kişinin pencəyinə mobil telefon qoyduğunu görüb həmin mobil telefonu oğurlamaq qərarına gəlmiş və Kamranbəylə aralarında hər hansı bir razılıq ola bilməzdi. O, kişiyə heç bir xəsarət yetirməmiş, sadəcə telefon götürmüşdür. İlk dəfə ifadə verən zaman əsəbi olmuş, o, elə bilmişdir ki, hadisənin onun tərəfindən törədilməsini polis əməkdaşlarına Kamranbəy demişdir. Buna görə Kamranbəyə 25 manat pul verdiyini bildirmişdir. Əslində Kamranbəyə heç bir məbləğdə pul verməmişdir. Hadisə vaxtı sərxoş olmuşdur. Telefon mağazasında işləyən oğlana telefonun özünə məxsus olduğunu demişdir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 03 iyun 2024-cü il tarixdə saat 12 radələrində istirahət etmək məqsədilə “Səməd Vurğun” parkına gəlmişdir. Həmin vaxt skamyada bir nəfər xanım da əyləşmişdir. O, orada oturarkən iki nəfər şəxsdən biri, yəni adını sonradan bildiyi Kamranbəy gəlib skamyada onların yanında əyləşmiş və skamyada oturan xanıma tanışlıq cümlələri işlətmişdir. Lakin həmin xanım skamyadan qalxaraq parkda olan digər skamyada gedib əyləşmişdir. Bu vaxt Kamranbəy ondan siqaretinin olub-olmadığını soruşmuşdur. O da siqareti olduğunu deyib cibindən siqaret çıxarıb vermişdir. Kamranbəyin yanında olan şəxs isə onların əyləşdikləri skamyanın arxasında, otluq sahədə öz telefonu ilə nə isə etmişdir. Kamranbəylə siqaret çəkə-çəkə söhbət edərkən sonradan adını bildiyi Elşad iti yerişlə uzaqlaşaraq yanında əyləşən Kamranbəyə təcili getmələrini bildirmişdir. Kamranbəy də onunla sağollaşıb skamyadan qalxmış və Elşad istiqamətində gedərkən kənarda dayanan 2 nəfər şəxsə ona “telefonunu oğurladı” deyə səslənmişdir. O, həmin vaxt Kamranbəyə dayanmasını bildirib yaxınlaşaraq qolundan tutmuşdur. Lakin həmin 2 nəfər şəxs “o yox, o biri götürdü” dedikdə o, Elşad istiqamətində “gəl telefonumu qaytar, polisə məlumat verəcəm” deyərək qışqırmışdır. Buna baxmayaraq Elşad arxaya baxa-baxa iti yerişlə oradan uzaqlaşmağa davam etmişdir. Kamranbəy heç bir şeydən xəbəri olmadığını bildirdiyi üçün sonuncunun qolunu buraxıb Elşad barəsində soruşmuşdur. Kamranbəy də Elşadın yalnız adını bildiyini və təsadüfən həmin gün parkda qarşılaşdıqlarını bildirmişdir. O, Kamranbəyin telefon nömrəsini götürmüş və daha sonra sonuncu oradan uzaqlaşmışdır. Daha sonra isə 102 xidmətinə məlumat vermişdir. Onun “Samsung Galaxy A20” markalı mobil telefonu oğurlanmış, içərisində isə ***-***-**-** saylı mobil nömrə olmuşdur. Telefonun qiyməti 350 manat, nömrənin qiyməti isə 5 manat olmuşdur. Ümumilikdə ona 355 manat ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə iştirak etməyən Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Nənəmin Təndiri” adlanan yerdə olan zaman təxminən 3-4 ildir ki, tanıdığı Elşadla qarşılaşmışdır. Elşadla bir qədər söhbət etdikdən sonra ona Səməd Vurğun küçəsində yerləşən poçtdan dövlət tərəfindən ödənilməli olan pulu götürmək üçün getməli olduğunu və birlikdə getməyi təklif etmişdir. Onun da başqa işi olmadığına görə Elşada etiraz etməmiş və həmin gün saat təxminən 13 radələrində Elşadla birlikdə poçta getmişlər. Lakin nahar vaxtı olduğuna gora bir qədər gözləməli olduqlarını bildirmişlər, buna görə də vaxtı gözləmək üçün Elşadla “Səməd Vurğun” parkına getmişlər. Orada olarkən skamyada bir nəfər qızın əyləşdiyini görüb onunla tanış olmaq üçün qızın əyləşdiyi skamyada əyləşmişdir. Lakin həmin qız o, əyləşdikdən sonra skamyadan qalxıb gedib başqa skamyada əyləşmişdir. Həmin skamyada qızdan başqa yaşlı bir kişi də əyləşmişdir. O, həmin kişidən siqaret istəmiş və kişi etiraz etməyib cibindən siqaret qutusunu çıxarıb ona bir ədəd siqaret vermişdir. Həmin vaxt Elşad ayaq üstə onların oturduğu skamyanın arxasında otluq sahədə dayanmışdır. O, siqaret çəkə-çəkə həmin kişi ilə söhbət edərkən Elşadın ona “gǝl gedək” deyərək iti addımlarla oradan uzaqlaşdığını görmüşdür. O da həmin kişi ilə sağollaşaraq Elşadın arxası ilə gedərkən kənarda dayanmış tanımadığı 2 nəfər şəxsin həmin kişiyə “telefonunu oğurladı” dediyini eşitmişdir. Bu vaxt həmin kişi onun qolundan tutub saxladıqda kənardakı həmin 2 nəfər “o deyil o biri oğurladı” dediyinə görə həmin kişi Elşad istiqamətində “gəl telefonumu qaytar” deyə səsləmiş, lakin Elşad iti yerişlə arxaya baxa-baxa uzaqlaşmağa davam etmişdir. O, həmin kişiyə telefonunun oğurlanmasından xəbəri olmadığını bildirdikdən sonra sonuncu qolunu buraxmış və ona Elşadın kim olduğunu, harada yaşadığını və əlaqə nömrəsini soruşmuşdur. O, həmin kişiyə adının Elşad olduğunu, barəsində heç bir məlumatının olmadığını, onunla təsadüfən həmin gün rastlaşdığını bildirmişdir. Həmin kişi onun əlaqə nömrəsini istəmiş və o, əlaqə nömrəsini verdikdən sonra oradan uzaqlaşmışdır. Həmin gün Kubinka adlanan ərazidə olan zaman Elşadla qarşılaşmış və sonuncudan həmin kişinin telefonunu nəyə görə oğurladığını soruşduqda, Elşad ehtiyacı olduğu üçün etdiyini bildirib telefonu 60 manata satdığını bildirmişdir. Ona həmin puldan heç nə verməmişdir. Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin cibindən telefonu götürməsini görməmiş, Elşadın həmin şəxsin telefonunu oğurlamasını skamyadan durub oradan uzaqlaşmaq istəyərkən bilmişdir. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş):  “Şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v 48).  “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v 78.79).  Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 4(006)- 298/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 10 iyun 2024-cü il tarixdən hesablanmışdır (i.v.105- 109);  Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 4(006)- 498/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 02 ay, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. (i.v.186- 189);  Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. (i.v.150);  Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 12 sentyabr 2024-cü il tarixli, 9/6702 rəyinə əsasən ekspertiza teyini haqqında qərarda qeyd edilən 01 ədəd “Samsung Galaxy A20” markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil olan aksessuarlarının olmaması nəzərə alınmaqla, orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2024-cü ilin iyun-avqust aylarına olan orta bazar qiyməti nəzəri qaydada 100 manat müəyyən edilir. (i.v.204-205);  Ambulator məhkəmə-psixiatrik ekspertizasının 23 sentyabr 2024-cü il tarixli, 2757 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs Dissosial şəxsiyyət pozuntusu müəyyən olunur. Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu cinayət əməli törətdiyi zaman kompensasiya vəziyyətində olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl zamanı o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (i.v.207-208);  “Sübutların qiymətləndirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsindən həmin Məcəllənin180.1-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə yenidən ittiham elan edilmiş və həbsdə saxlanılması nəzərə alınmışdır. (i.v.218-226);  Bakı şəhəri Nəsimi Rayon Prokuroru Həsən Hənifəyevin xx.xx.2024-cü il tarixli qərarına əsasən, Nəsimi RPİ-nin İŞ-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ibtidai istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinin Azərbaycan Respublikası CPM-nin 292.1-1-ci maddəsinin tələblərinə əsasən uzasılması barədə təqdimat verilməsi üçün Bakı şəhər prokurorluğuna müraciət edilməməsi, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 10 yanvar 2025-ci il tarixdə, saat 17:45-də başa çatdıqda istintaq təcridxanasından azad edilməsi qərara alınmışdır.  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışı və hökmdən aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuş, sonun dəfə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v. 129-132).  Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-102/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir.  Azərbaycan Respublikası DİN-nin Nəsmi RPİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-13-51/2-12098/2025 saylı məktubdan və “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 17:05 radələrində Sabunçu rayonu, ünvan 1 ünvanın qarşısında saxlanılaraq Nəsimi RPİ-yə gətirilmişdir.  Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-102/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi soyğunçuluq, yəni özgənin əmlakını açıq talamanı cinayət əməli kimi müəyyən edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında bu əmlakı talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülübgörülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər (3-cü bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Bu cinayətin törədilməsi məhkəmə istintaqında Təqsirləndirilən şəxs özü tərəfindən inkar olunsa da, məhkəmədə tədqiq olunmuş zərər çəkmiş şəxs və şahid ifadələri, habelə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadələri və digər mötəbər dəlillərlə onun tərəfindən bu əməlin törədilməsi tam sübuta yetirilir. Təqsirləndirilən şəxs tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Bu səbəbdən də o, Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Bu əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı az ağır cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Həmin halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.4-cü maddə); məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır (83.4-cü maddə). Bu Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Qeyd olunan Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayətin törətməsini, bununla da onda cinayət törədilməsinin vərdişə çevirilməsini və əvvəlki cəzanın islah təsirinin yetərli olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu və həbsdə olduğu 05 (beş) ay müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli 04 mart 2025-ci il tarixdən hesablanmalı, ondan 50 (əlli) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-577/2024 saylı, xx.xx.2024-cü il tarixli qərara əsasən xx.xx.2024-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 44 (qırx dörd) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 324 (üç yüz iyirmi dörd) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu və həbsdə olduğu 05 (beş) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 04 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 324 (üç yüz iyirmi dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar