Məhkəmə qərarları › İş №1(006)-103/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-103/2021

05.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-103/2021 05.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru X9, Təqsirləndirilən şəxs, Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkil X3 iştirakları ilə xx.xx.1993-cü ildə Şuşa şəhəri, Malıbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkumluğu ödənilməmiş, orta təhsilli, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, 203, mənzil 6-da qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqadarından artıq miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi 19 saylı ünvanda yerləşən mənzildə “Azər” adlı şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 700 manat pul müqabilində satış məqsədilə, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarında 10 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 1,370 qram, 1,220 qram, 1,380 qram, 1,470 qram, 1,531 qram, 1,123 qram, 1,190 qram, 1,462 qram, 1,241 qram, 1,518 qram olan, ümumi təmiz çəkisi 13,505 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kamabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana əldə edib əlindəki kağızı paketdə saxlamaqla daşımış, xx xxxxxx 2020-ci il tarixdə saat 21:05 radələrində ünvan 2 saylı ünvanda olarkən Nəsimi rayon X2 Mübarizə Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb Nəsimi rayon Polis İdarəsinə gətirilib orada üzərinə baxış keçirilərkən əlində olan açıq qəhvəyi rəngli üzərində “Entree” yazısı olan kağız torbanın içərisindən 10 ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 13,505 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, o, əvvəllər cinayət törətdiyinə görə məhkum edilmişdir. O, tutulduğu vaxtdan təxminən 3-4 ay əvvəldən narkotik vasitədən istifadə etmiş, ancaq satışı ilə məşğul olmamışdır. O, istifadə etdiyi narkotik vasitəni əsasən Nəsimi rayonu, “Kubinka” deyilən ərazidən tanımadığı şəxslərdən almış, lakin tutulduğu vaxtdan 1 ay əvvəldən başlayaraq narkotik vasitəni “Azər” adlı şəxsdən almışdır. Həmin şəxsi “Kubinka” adlanan ərazidə narkotik vasitələrin satışı ilə məşğul olan şəxs kimi tanımışdır. İş üzrə Şahid3, məhz “Azər” adlı şəxsin vasitəsi ilə tanımış və Azər onun evində kirayəçi qismində qalmışdır. O, xx xxxxxx 2020-ci il tarixdə, saat 21 radələrində Nəsimi rayon Polis İdarəsinin NMB-nin əməkdaşları tərəfindən tutularkən əlində olan kağız torbadakı qurudulmuş marixuana ona məxsus olmuşdur. Belə ki, həmin tarixdə, saat təxminən 20 radələrində “Azər” adlı şəxslə “Təzə Bazar” adlanan ərazidə narkotik vasitə almaq məqsədilə görüşmüşdür. Həmin vaxt “Azər” adlı şəxs ona "Zabitlər Bağı tərəfə gedək, orada bir nəfərlə görüşüb narkotik vasitə alım” demişdir. O, buna etiraz etməmiş və onunla həmin qeyd edilən əraziyə getmişdir. Həmin yerə çatarkən “Azər” adlı şəxs ona “sən kənarda gözlə, mən gəlirəm” demiş, o da kənara çəkilib gözləmiş və daha sonra sonuncunun qeyd edilən ərazidə bir nəfər qadın və bir nəfər kişi ilə söhbət etməsini görmüşdür. Onlar bir müddət söhbət etdikdən sonra isə həmin qadın əlindəki qara rəngli çantanı “Azər” adlı şəxsə vermişdir. Daha sonra isə həmin qadınla kişi markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilə əyləşib həmin ərazidən uzaqlaşmışlar. Bundan sonra isə “Azər” onun olduğu tərəfə gəlmiş və onlar birlikdə kirayədə qaldığı evə getmişlər. “Azər” adlı şəxs ona əlindəki çantada narkotik vasitə olduğunu demişdir. Onlar Nəsimi rayonu, Abay döngəsi 19 saylı ünvanına gəldikdən sonra o, “Azər” adlı şəxslə mənzilə daxil olmuşlar və Şahid3 də evdə olduğunu görmüşlər. “Azər” adlı şəxs ona çantanı açıb oradan 10 ədəd kibrit qutusunu verərək onun içərisindəki narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. O da narkotik vasitənin müqabilində “Azər” adlı şəxsə heç bir pul vəsaiti ödəməmiş və həmin narkotik vasitəni öz şəxsi istifadəsi məqsədilə götürərək qeyd olunan mənzili tərk edib getmişdir. Həmin gün saat 21 radələrində o, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 60 saylı ünvana doğru hərəkət etmiş və həmin küçədə olarkən qəflətən ona mülki geyimdə şəxslər yaxınlaşıb ona xidməti vəsiqəni göstərib polis əməkdaşları olmalarını bildirmişlər. Sonra isə həmin polis əməkdaşlarından biri ona "sən narkotik vasitənin qanunsuz əldə edilib istifadə edilməsində şübhəlisən, bizimlə polis idarəsinə getməlisən” demişdir. O da buna etiraz etməmiş və onlarla birlikdə Nəsimi rayon Polis İdarəsinə getmişdir. İdarəyə gəldikdən sonra onu ayrıca otağa salmışlar. Ona hüquq və vəzifələrini izah etmişlər, daha sonra isə ona müdafiəçi dəvət etmişlər. Beləliklə onun, polis əməkdaşlarının və çəkiliş aparan şəxsin iştirakı ilə videoçəkilişlə üzərinə baxış keçirilmişdir. Onun üzərinə baxış keçirilən zaman əlində olan kağız torbadan 10 ədəd kibrit qutusu aşkar olunmuşdur. Həmin kibrit qutusundakı maddələrin nə olması barədə soruşulmuş, o da cavabında qutulardakı narkotik vasitənin qurudulmuş marixuana olduğunu və şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra protokol tərtib edilmiş, o və digər iştirakçılar həmin protokola imza etmişlər. Eyni zamanda götürülmüş maddələr qablaşdırılmış və ekspertizaya göndərilmişdir. İfadəsinin sonunda narkotik vasitənin satışı ilə məşğul olmadığını, yalnız istifadəçisi olduğunu bildirərək, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin NMB-nin rəisi Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, o Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Hazırkı cinayət işi uzrə xx xxxxxx 2020-ci il tarixdə bölməyə “Rövşən” adlı şəxsin qanunsuz olaraq narkotik vasitəni əldə etməsi, özündə saxlayaraq daşıması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə bölmədə onun rəhbərliyi altında baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 20:30 radələrində onlar, yəni əməliyyat qrupunun üzvləri, ünvan 2 saylı ünvana gəlmişlər. Saat 21:05 radələrində əməliyyat məlumatına uyğun olan şəxs qeyd edilən ünvanda olarkən onlar həmin şəxsə yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Həmin şəxsə onlar qanunsuz olaraq narkotik vasitəni əldə edərək özündə saxlamaqla daşıması, həmçinin istifadəsi ilə məşğul olmasında şübhələndiklərini bildirmişlər və həmin şəxsin etirazı olmadan daha sonra onu Nəsimi rayon Polis İdarəsinə gətirmişlər. Orada xidməti otaqların birində adı onlara sonradan məlum olan şəxs yəni, Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təqdim edilmiş, ona videoçəkilişdən istifadə edilməklə üzərinə baxış keçiriləcəyi bildirilmiş, o da buna etiraz etməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əlində olan üzərində “Entree” yazısı olan kağız torbanın içərisindən 10 ədəd kibrit qutusu aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş kibrit qutusundakı narkotik vasitəni Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidən “Azər” adlı şəxsdən 700 manata istifadə etmək məqsədi ilə əldə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunmuş bükümlər götürülmüş, zərfə qoyularaq DİN-nin 186 nömrəli möhürü ilə möhürlənmiş, protokol tərtib olunaraq ucadan oxunmuş, protokolun doğru olmasını bütün iştirakçılar öz imzaları ilə təsdiq etmişlər. Möhürlənmiş zərf məhkəmə-ekspertiza mərkəzinə göndərilmiş və Təqsirləndirilən şəxs aşkar edilmiş 10 ədəd kibrit qutusundakı ümumi təmiz çəkisi 13,505 qram olan narkotik vasitə qurudulmuş marixuana olması müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs narkotik vasitəni aldığı “Azər” adlı şəxsin yaşadığı yer, yəni Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi 19 saylı ünvanda yerləşən mənzilə sahibi Şahid3 icazəsi ilə baxış keçirilmiş və həmin mənzildən 04 büküm aşkar edilmiş, həmin bükümlər götürülərək zərfə qoyulmaqla DİN-nin 186 nömrəli möhürü ilə möhürlənmişdir. Daha sonra protokol tərtib olunaraq ucadan oxunmuş, protokolun doğru olmasını bütün iştirakçılar öz imzaları ilə təsdiq etmişlər. Möhürlənmiş zərf məhkəməekspertiza mərkəzinə göndərilmiş və müəyyən edilmişdir ki, qeyd edilən mənzildən aşkar edilmiş 04 ədəd bükümdə ümumi təmiz çəkisi 12550 qram olan narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin baş əməliyyat müvəkkili Şahid2 Əbülfəz oğlu da Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin təhqiqatçısı Nicat Sadıqov tərəfindən tərtib edilmiş və həmin idarənin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi Şahid1, Narkotiklərlə Mübarizə Bölməsinin baş əməliyyat müvəkkili Şahid2, şübhəli şəxs Təqsirləndirilən şəxs və mütəxəssis Bahadur Bəxtiyarov tərəfindən imzalanmış xx xxxxxx 2020-cı il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əlində olan açıq qəhvəyi rəngli üzərində “Entree” yazısı olan kağız torbanın içərisindən 10 ədəd kibrit qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış və ilk öncə onun geyindiyi tünd göy rəngli üzərində ağ gül şəkilləri olan köynəyinin boynuna baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs əynində göy rəngli cins şalvarın sağ və sol yan ciblərinə, həmçinin şalvarın ətəyinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs ayağında olan ayaqqabılarını çıxarması tələb olunmuş və onun ayaqqabıları çıxarılıb yoxlanılmış və heç bir əşya aşkar edilməmişdir. Bundan sonra ondan ayaqqabılarını geyinməsi və üst-başını səliqəyə salması tələb edilmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kibrit qutularının içərisindəkini nə olduğunu deməklə təqdim etməsi təklif olunmuşdur. O, 10 ədəd kibrit qutusunun içərisində yaşıl rəngli, spesifik iyə malik narkotik maddənin “marixuana” olduğunu bildirmiş, ondan həmin narkotik vasitənin haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual etdikdə həmin şəxs uzun müddətdir ki, narkotik vasitə istifadə etdiyini, həmin qutuları xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” kimi adlanan ərazidə 700 manata Azər adlı şəxsdən öz istifadəsi üçün aldığını və öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra iştirakçılara həmin kibrit qutusuna doldurulmuş, yaşıl rəngli, spesifik iyə malik narkotik maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra kibrit qutusuna doldurulmuş narkotik maddəyə bənzər maddə zərfə qoyularaq zərfin ağzı Nəsimi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş “186” nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır. Videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilmişdir. Şəxsi axtarış zamanı “Sony" markalı videokameradan istifadə edilmişdir. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamış və vəsatət qaldırılmamışdır (i/v 45-51). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin təhqiqatçısı Nicat Sadıqov tərəfindən tərtib edilmiş və həmin idarənin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi Şahid1, Narkotiklərlə Mübarizə Bölməsinin baş əməliyyat müvəkkili Şahid2, Narkotiklərlə Mübarizə Bölməsinin baş əməliyyat müvəkkilləri Ruslan Qurbanov və Fuad Fərəcullayev, Nəsimi RPİ-nin KTQ-nun ekspert kriminalisti Bahadur Bəxtiyarov, şübhəli şəxs Təqsirləndirilən şəxs və Şahid3 tərəfindən imzalanmış xx xxxxxx 2020-cı il tarixli “baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə” protokoldan görünür ki, Azər adlı şəxsin kirayə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi 19 saylı ünvanda yerləşən fərdi yaşayış evinə, həmin evin sahibi Şahid3 icazəsi və iştirakı ilə baxış keçirilməyə başlanılmışdır. Azər adlı şəxsin kirayə yaşadığı fərdi yaşayış evi asfalt yoldan 100 (yüz) metr məsafədə yerləşir, yaşayış evinin hər tərəfi mişar daşı ilə hörülmüş hasardan ibarətdir, həmin evin giriş darvazası tünd qırmızı rənglidir. Azər adlı şəxsin yaşadığı otağa baxış keçirilən zaman otağa daxil olduqda sol tərəfdə yerləşən çarpayının ayaq hissəsində bir ədəd qara rəngli çanta aşkar olunmuşdur. Həmin aşkar olunmuş çantanın içərisinə baxdıqda oradan 04 (dörd) ədəd yapışqana bükülmüş bükülü aşkar olunmuşdur. Bükülü açıldıqda içərisində spesifik iyə malik, yaşıl rəngli, marixuanaya bənzər qurudulmuş kütlələr aşkar edilmişdir. Azər adlı şəxsin kirayə yaşadığı Şahid3 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi 19 saylı ünvanda yerləşən fərdi yaşayış evindən aşkar olunaraq götürülmüş içərisində 04 (dörd) ədəd yapışqana bükülmüş bükülülər aşkar olunmuş qara çanta qablaşdırılmış, Nəsimi RPİ-nin 186 nömrəli möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra ekspertizaya təqdim edilməsindən ötrü təhqiqatçı tərəfindən götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, heç bir şikayət və təklif daxil olmadığı üçün doğruluğu imzalarla təsdiq edilmişdir (i/v 62-63). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 7/489 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs məxsus 10 ədəd kibrit qutusunun...” yazısı və imzaları olan kağız paketdəki 10 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri: 1,370 qram, 1,220 qram, 1,380 qram, 1,470 qram, 1,531 qram, 1,123 qram, 1,190 qram, 1,462 qram, 1,241 qram, 1,518 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi təmiz çəkisi 13,505 qramdır (i/v 71-73). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 7/491 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində ‘‘Təqsirləndirilən şəxs ...” yazısı və imzaları olan qara rəngli çantadakı 04 ədəd polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 3120 qram, 3015 qram, 3240 qram, 3175 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi təmiz çəkisi 12550 qramdır (i/v 76-78). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 7/493 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, marixuanalar tərkiblərinə görə eyni olmuşdur (i/v 132-134). İş materiallarında olan “maddi sübut kimi tanımaq haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 10 ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 13,305 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Nəsimi Rayon Polis İdarəsinə verilməsi qərara alınmışdır (i/v 142-143). İş materiallarında olan “maddi sübut kimi tanımaq haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 10 ədəd kibrit qutusunu aldığı “Azər” adlı şəxsin kirayədə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi 19 saylı ünvanda yerləşən mənzildən çantadan 04 ədəd polietilen bağlamalarda olan ümumi təmiz çəkisi 12550 qram olan narkotik vasitə qurudulmuş marixuananın iş üzrə əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq maddi sübut kimi tanınmış və və saxlanması üçün Nəsimi Rayon Polis İdarəsinə verilməsi qərara alınmışdır (i/v 144-145). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi Ambulator X1 xx xxxxxxx 2020-ci il tarixli, 2820 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatalarından sui-istifadə edilməsi nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, i/v 175-176). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X5 tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışdan və Bakı şəhəri Səbail rayon məhkəməsinin 1(009)-105/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail rayon məhkəməsinin 1(009)-105/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmü ilə CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 il 5 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx xxxxx 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (i/v 147-148, 157-162). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(006)-471/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanılma müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmış və Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(006)-615/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti xx xxxxxx 2020-ci il tarixədək uzadılmışdır (i/v 24-25, 128-130, 230- 231). İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi “Azər” adlı şəxs müəyyən edilmədiyinə görə bu barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işinin ayrılması və ayrılmış cinayət işinə ********* nömrənin verilməsi barədə qərar qəbul olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etməsi, daşıması və saxlaması özü tərəfindən inkar edilsə də, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixatrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixatrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır “Narkotik vasitələrin, psixatrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9,1.0.10 və 1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin, psixatrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixatrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixatrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixatrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixatrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixatrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi 06 sentyabr 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan Cinayət Məcəlləsi yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunvericilik həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunması və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hallara aiddir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində olan cinayətin residivini və tamah niyyəti ilə cinayət törətməsini cəzanı ağırlaşdıran hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ondan 209 (iki yüz doqquz) manat 46 (qırx altı) qəpik ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, 10 ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 13,305 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, 04 ədəd polietilen bağlamalarda olan ümumi təmiz çəkisi 12550 qram olan narkotik vasitə qurudulmuş marixuanaya hüquqi qiymət verilməsi məsələsinin həll olunması hazırki cinayət işindən ayrılmış ********* nömrəli cinayət işi üzrə nəzərə alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına və X4 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, xx xxxxxxx 2020-ci il tarixli “müdafiəçi dəvət etmək haqqında” qərardan, ********* saylı cinayət işi üzrə tərtib edilmiş ittiham aktına əlavə edilmiş arayışdan və iş materiallarında olan “vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə” hesabatdan görünür ki, həmin cinayət işi üzrə ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən hüquqi yardım göstərilmişdir. Həmçinin Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-360/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərara əsasən xx xxxxxx 2020-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş 08 (səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına 48 (qırx səkkiz) manat və Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı X3 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadiə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 209 (iki yüz doqquz) manat 46 (qırx altı) qəpik miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, 10 ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 13,305 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, 04 ədəd polietilen bağlamalarda olan ümumi təmiz çəkisi 12550 qram olan narkotik vasitə qurudulmuş marixuanaya hüquqi qiymət verilməsi məsələsinin həll olunması hazırki cinayət işindən ayrılmış ********* nömrəli cinayət işi üzrə nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına 48 (qırx səkkiz) manat və X3 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan (təqsirləndirilən şəxsə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar