Məhkəmə qərarları › İş №1(006)-103/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-103/2024

07.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-103/2024 07.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X4, müdafiəçi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli,məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ında yaşayan barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Belə ki o, istintaqa məlum olmayan vaxtda və yerdə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə 5,40 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, özündə saxlamaqla daşımış, Nəsimi rayon Polis idarəsinin X3 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, xx.xx.2023-cü il tarixdə saat 00:05-də ünvan 4 ünvanının qarşısında saxlanılaraq, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında yerləşən Nəsimi rayon polis idarəsinə gətirilmiş, orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibində olan 01 (bir) ədəd qara rəngli pul kisəsinin içərisindən 10 (on) ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,55 qram, 0,62 qram, 0,50 qram, 0,59 qram, 0,67 qram, 0,50 qram, 0,47 qram, 0,51 qram, 0,52 qram və 0,47 qram olmaqla ümumi təmiz çəkisi 5,40 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, lakin həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 7 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ında yaşayır. Təxminən 3-4 ildir ki, narkotik vasitə olan marixuana istifadə edir, istifadə etdiyi narkotik vasitəni tanımadığı şəxslərdən alıb, tüstüsünü qəbul etmək vasitəsi ilə istifadə edir. Narkotik vasitəni Bakı şəhərinin müxtəlif ərazilərindən tanımadığı şəxslərdən alır. xx.xx.2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığında toy məclisində tanımadığı şəxs ilə söhbət edən zaman həmin şəxsin narkotik vasitə istifadə etdiyi ona məlum olmuş, ondan narkotik vasitə marixuana istəmişdir. Həmin şəxsi əvvəllər heç görmədiyi və tanımadığı üçün onun adını bilmir. Söhbət əsnasında sadəcə onun Bərdə rayon sakini olduğu ona məlum olmuşdur. Bu zaman həmin şəxs ona 1 (bir) büküm narkotik vasitə olan marixuana vermişdir və narkotik vasitə olan marixuananı həmin şəxsin yanında istifadə etmiş, xoşuna gəldiyini həmin şəxsə bildirmişdir. Bu zaman həmin şəxsdən daha çox narkotik vasitə olan marixuana istəmiş və ona 100 (yüz) manat pulu olduğunu bildirmişdir. Daha sonra həmin şəxs ondan 100 (yüz) manat pulu götürərək oradan uzaqlaşmışdır. Təxminən 5-6 dəqiqə sonra isə olduğu yerə gələrək söz verdiyi kimi ona içərisində narkotik maddə marixuana olan 12 (on iki) ədəd kağız büküm verərək oradan uzaqlaşmışdır. Həmin bükümləri götürərək yaşadığı ünvan 2ına qayıtmışdır. Həmin narkotik vasitə olan marixuanadan müxtəlif vaxtlarda 2 (iki) bükümünü istifadə etmişdir. 10 oktyabr 2023-cü il tarixdə saat təxminən 00:00 radələrində üzərində narkotik vasitə ilə Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsində hərəkət edən zaman 2 (iki) nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq kim olduğunu soruşdular. Onlara şəxsiyyəti barədə məlumat verən zaman həmin şəxslər xidməti vəsiqələrini göstərərək polis əməkdaşı olduqlarını, ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, onu Nəsimi RPl-yə dəvət etmişlər, həmin şəxslərlə birlikdə Nəsimi RPİ-yə getmişdir. Burada xidməti otaqların birində hüquqları izah edildikdən sonra təhqiqatçının, polis əməkdaşlarının və vəkilin iştirakı ilə üzərimdə axtarış aparılmışdır. Axtarış zamanı mənə üzərimdə olan əşyaları masanın üzərinə qoymaq təklif edilmiş, əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd alışqan, 70 qəpik 10 və 20 qəpiklərlə) pul və sol yan cibindən qara rəngli pul kisəsini və həmin pul kisəsinin içərisində olan 10 (on) ədəd ağ rəngli kağız bükümü masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqdim etdiyi 10 (on) ədəd ağ kağız bükümün içərisində nə olduğu ondan soruşulan zaman bükümlərin içərisində narkotik vasitə olan marixuana yəni nəşə olduğunu bildirmişdir. Polis əməkdaşı ondan həmin narkotik vasitəni haradan, kimdən, nə məqsədlə əldə etdiyini soruşdular. Həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığında toy məclisinə gələn adını bilmədiyi Bərdə rayon sakini, orta yaşlı kişi cinsindən olan şəxsdən 100 (yüz) manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra isə təqdim etdiyi narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənmiş, iştirakçılar və mənim tərəfindən imzalanmışdır. Təqdim etdiyi 1 (bir) ədəd alışqan və 70 qəpik (10 və 20 qəpiklərlə) pul ona geri qaytarılmışdır. O, bir daha bildirir ki, marixuananın istifadəçisidir, heç vaxt onun satışı ilə məşğul olmamışdır, özü ustadır, yalnız ustalıq edərək çörək pulunu qazanır. O, narkotik maddəni istifadə etməyində özünü təqsirli bilir, amma satışı ilə məşğul olmayıb. Sonda Təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin KTQ-nin baş inspektoru Şahid3 ifadəsində göstərdi ki, o, Nəsimi RPİ-nin KTQ-nin baş inspektoru, kriminalist vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxsi xidməti zərurətlə bağlı tanımışdır. 10 oktyabr 2023-ci il tarixdə, xidmətdə olarkən narkotik maddələrin dövriyyəsində şübhəli bilinən şəxs gətirilmiş, onun üzərində baxış keçirilməsi, həmin baxışın video yazıya alınması ilə bağlı ona məlumat verilmişdir. Bundan sonra polis bölməsində Nəsimi RPİ-nin TŞ-nin baş təhqiqatçısı polis mayoru Babək Mirzəyev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1, kiçik inspektoru polis serjantı Elnur Cəfərlinin, onun, Bakı şəhəri, 14 saylı vəkil bürosunun vəkili X9 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götümə istintaq hərəkəti həyata keçirilməyə başlanmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkəti onun tərəfindən, mobil telefon vasitəsi ilə videoyazıya alınırmış. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təhqiqatçı Babək Mirzəyev şübhəli şəxs Təqsirləndirilən şəxs “şəxsi axtarış və götürmə” istintaq hərəkətinin video yazıya alınmasına etirazı olubolmadığını soruşmuş, o, buna etiraz etməmişdir. X6 hüquq və vəzifələri izah edilmişdir. Daha sonra təhqiqatçı Babək Mirzəyev, Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşya yaxud hər hansı predmet olacağı təqdirdə könüllü təqdim etməyi təklif etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd alışqan, 70 qəpik (10 və 20 qəpiklərlə) pul və sol yan cibindən isə qara rəngli parçadan olan pul kisəsini və həmin pul kisəsinin içərisində olan 10 (on) ədəd ağ rəngli kağız bükümü masanın üzərinə qoyaraq təqdim etmişdir. Daha sonra X5 üzərində Nəsimi RPİnin TŞ-nin baş təhqiqatçısı polis mayoru Babək Mirzəyev tərəfindən şəxsi axtarış həyata keçirilmiş, sonuncunun üzərindən heç bir əşya və yaxud predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ağ rəngli kağız bükümlərin içərisində nə olduğu soruşulan zaman o, bükümlərin içərisində olan maddənin narkotik vasitə olan marixuana olduğunu, narkotik vasitə istifadə etdiyini, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığında toy məclisinə gələn adını bilmədiyi Bərdə rayon sakini orta yaşlı kişi cinsindən olan şəxsdən 100 (yüz) manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra isə həmin büküm iştirakçıların qarşısında 1 (bir) ədəd zərfə qoyularaq qablaşdırılmış və iştirakçılar tərəfindən zərfin üzəri imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPl-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid1 Əbülfət oğlu ifadəsində göstərdi ki, X7 xidməti zərurətlə əlaqədar tanımışdır. 09 oktyabr 2023-ci il tarixdə Nəsimi RPl-də xidmətdə olan zaman Vahid adlı şəxsin narkotik vasitələrin saxlanılmasında və istifadəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat rəhbərliyə məruzə edildikdən sonra onun, Nəsimi RPİ-nin NMB-nin kiçik inspektoru polis serjantı Elnur Cəfərlinin iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Vahid adlı şəxsi cinayət törədərkən ifşa etmək məqsədilə ətrafında müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirtməsi üçün tərəfindən qərar qəbul edilmişdir. Həmin gün əməliyyat qrupu ilə birlikdə Nəsimi rayonunda müşahidələr aparmağa başlamışlar. Müşahidələr zamanı Vahid adlı şəxsin ünvan 8 ünvanı yaxınlığında üzərində narkotik vasitə ilə birlikdə hərəkətdə olduğu barədə əməliyyat məlumatı daxil olmuşdur. 10 oktyabr 2023-ci il tarixdə saat 00:05-də ünvan 8 ünvanının yaxınlığında olan zaman mən və Elnur Cəfərli, Vahid adlı şəxsə yaxınlaşıb ona özlərini təqdim etdikdən sonra, həmin şəxsin Təqsirləndirilən şəxs olduğu məlum olmuş və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş, Nəsimi RPl-yə dəvət etmişik. Təqsirləndirilən şəxs də onlarla birlikdə Nəsimi RPİ-yə gəlmişdir. Bundan sonra idarədə Nəsimi RPİ-nin TŞ-nin baş təhqiqatçısı polis mayoru Babək Mirzəyev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Nəsimi RPİ-nin NMBnin kiçik inspektoru polis serjantı Elnur Cəfərli, Nəsimi RPİ-nin KTQ-nin baş inspektor kriminalisti polis leytenantı Şahid3, Bakı şəhəri, 14 saylı vəkil bürosunun vəkili X9 və onun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilməyə başlanmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkəti Nəsimi RPl-nin KTQnin baş inspektor kriminalisti polis leytenantı Şahid3 tərəfindən videoyazıya alınırmış. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təhqiqatçı Babək Mirzəyev şübhəli şəxs Təqsirləndirilən şəxs “şəxsi axtarış və götürmə” istintaq hərəkətinin video yazıya alınmasına etirazı olub-olmadığım soruşmuşdur. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Daha sonra təhqiqatçı Babək Mirzəyev, Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşya yaxud hər hansı predmet olacağı təqdirdə könüllü təqdim etməyi təklif etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd alışqan, 70 qəpik (10 və 20 qəpiklərlə) pul və sol yan cibindən isə qara rəngli parçadan olan pul kisəsini və həmin pul kisəsinin içərisində olan 10 (on) ədəd ağ rəngli kağız bükümü masanın üzərinə qoyaraq təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində Nəsimi RPl-nin TŞ-nin baş təhqiqatçısı polis mayoru Babək Mirzəyev tərəfindən şəxsi axtarış həyata keçirilmiş, sonuncunun üzərindən heç bir əşya və yaxud predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ağ rəngli kağız bükümlərin içərisində nə olduğu soruşulan zaman o, bükümlərin içərisində olan maddənin narkotik vasitə olan marixuana olduğunu, narkotik vasitə istifadə etdiyini, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığında toy məclisinə gələn adım bilmədiyi Bərdə rayon sakini orta yaşlı kişi cinsindən olan şəxsdən 100 (yüz) manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra isə həmin büküm iştirakçıların qarşısında 1 (bir) ədəd zərfə qoyularaq qablaşdırılmış və iştirakçılar tərəfindən zərfin üzəri imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPl-nin NMB-nin kiçik inspektoru X10 digər Şahid1 Əbülfət oğlunun ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin 26-cı vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 10 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 51-53-cü vərəqlərində olan “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” 10 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs X8 üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edildi. X1 ayağa qalxaraq əynində olan qara rəngli şalvarının sağ yan cibindən, bir ədəd alışqan, 70 qəpik (10 və 20 qəpiklərlə) pul, şalvarının sol yan cibindən qara rəngli parçadan olan ağzı zəncirbəndlə bağlanan pul kisəsini və həmin pul kisəsinin içərisindən 10 ədəd ayn-ayrı dəftər kağızı bükümlərində olan içərisində qurudulmuş ot şəkilli, spesifik iyə malik maddələri çıxararaq təqdim etdi və bildirdi ki, təqdim etdiyi bükümlərin içərisindəki qurudulmuş ot şəkilli kütlələr narkotik vasitə olan nəşədir. Həmçinin verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs təqdim etdiyi 10 ədəd bükümlərdə olan narkotik vasitəni xx.xx.2023-cü il tarixdə axşam saatlarında Nəsimi rayonu, 3-cü MKR dairəsi yaxınlığında toy məclisinə gələn adını bilmədiyi Bərdə rayon sakinindən 100 manat ödəyərək öz şəxsi istifadəsi üçün əldə etdiyini, həmin narkotikin iki bükümünü özü istifadə etdiyini və qalan hissəsini öz istifadəsi narkotik vasitəyə bənzər kütlələr ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirildi. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərildi və həmin zərfin içərisinin boş olduğu üçün üzərində saxlamaqla gəzdirdiyini qeyd etmişdir. Eyni zamanda ona verilən suallara cavab olaraq bildirdi ki, o, bir neçə müddətdir ki, narkotik vasitə olan nəşə istifadə edir və narkotik maddələrin satışı ilə məşğul olmur. Daha sonra onun geyindiyi şalvarının ciblərinə, əynində olan köynəyə baxıldı lakin hər hansı bir əşya aşkar edilmədi. Daha sonra ayaqqabıları çıxarılaraq baxıldı, lakin hər hansı bir əşya aşkar edilmədi. Cinayət işinin 65-66-cı vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-7/1393 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilərək, qablaşdırılaraq 10 bükümdə narkotikə bənzər kütlə” yazılar və imzalar olan zərfdə 1 ədəd qara rəngli qabdakı 10 (on) ədəd kağız bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,55 qram, 0,62 qram, 0,50 qram, 0,59 qram, 0,67 qram, 0,50 qram, 0,47 qram, 0,51 qram, 0,52 qram və 0,47 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisində kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi 5,40 qramdır. Qurudulmuş marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 109-113-cü vərəqlərində olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(006)-490/2023 saylı qərarından görünür ki, Nəsimi Rayon Polis İdarəsində istintaq edilən ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunması və onun dərhal məhkəmə iclas zalında həbsdən azad edilməsi, Təqsirləndirilən şəxs barəsində “ev dustaqlığı” qətimkan tədbirinin seçilməsi, bu qətimkan tədbirinin müddətinin 3 (üç) ay həddində müəyyən edilməsi və onun əvvəlinin 10 oktyabr 2023-cü il tarixdən saat 00:05-dən hesablanması qərara alınmışdır. Cinayət işinin 119-cu vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 208-209-cu vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X19 Şəxsi Ambulator X2 xx.xx.2023-cü il tarixli, 7125 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 138-139-cu vərəqlərində olan “Maddi sübut kimi tanınma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 10 (on) ədəd kağız bükümdə ayn-ayrılıqda təmiz çəkiləri 0,55 qram, 0,62 qram, 0,50 qram, 0,59 qram, 0,67 qram, 0,50 qram, 0,47 qram, 0,51 qram, 0,52 qram və 0,47 qram olmaqla, ümumi təmiz çəkisi ümumi çəkisi 5,40 qram olan narkotik vasitə qurudulmuş marixuananın maddi sübut kimi tanınması və qalıq qalmış 5,20 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananın Nəsimi RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilməsi qərara alınmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman video kamera vasitəsi ilə qeydə alınan video görüntünün əks edildiyi 01 ədəd diskə baxış keçirilərkən onun əynindəki şalvarın cibindən 01 ədəd qara rəngli pul kisəsinin içərisindən 10 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuananın aşkar edilərək götürüldüyü müəyyən olundu. Məhkəmə tərəfindən digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(006)-103/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin “həbs” qətimkan tədbirinə dəyişdirilməsi və onun tutularaq dərhal həbs edilməsi, həbsetmənin əvvəlinin tutulduğu tarixdən hesablanması qərara alınmışdır. Məhkəməyə təqdim olunmuş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli, 3-16- 17/40/2-2575/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Nəsimi RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli tam etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən halın olması, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, məhkəməyədək icraat və məhkəmə baxışı zamanı tutma altında və ev dustaqlığında saxlanıldığı 04 (dörd) ay 19 (on doqquz) gün müddət (10 oktyabr 2023-cü il tarixdən – 01 mart 2024-cü il tarixədək) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadıqdan məhrumetmə cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəza çəkməsinin əvvəli 09 aprel 2024-cü il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə məhkəmədə iştirak etdiyi 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il, 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı tutma altında və ev dustaqlığında saxlanıldığı 04 (dörd) ay, 19 (on doqquz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il, 10 (on) ay, 11 (on bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 09 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 5,20 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan (Azərbaycan Respublikası CPM-in 384.2-ci maddəsinə əsasən) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar