Məhkəmə qərarları › İş №1(006)-104/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-104/2021

04.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-104/2021 04.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, X5 qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxx 2020-ci il tarixdə saat 03 radələrində ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin ikinci mərtəbəsinə həmin evə bitişik olan dəmir konstruksiyalı su çənindən qalxaraq evin plastik konstruksiyalı pəncərəsinə özündə olan vintaçanla güc tətbiq edib açmaqla evə qanunsuz daxil olmaqla 2-ci mərtəbədəki qonaq otağından Zərərçəkmiş şəxs məxsus 300 manat nağd pul, dəyəri 250 manat olan 01 ədəd «Acer E-15» markalı notebook, dəyəri 120 manat olan 01 ədəd «Samsung» markalı, «Note 4» modeli mobil telefon, 2-ci mərtəbədəki digər otaqdan dəyəri 10 manat olan 1 ədəd «Acer» markalı notbuk çantası, hər birinin dəyəri 30 manat olmaqla ümumilikdə 90 manat dəyərində 03 ədəd mirvari boyunbağı və dəyəri 80 manat olan gümüşdən hazırlanmış 01 ədəd sırğa - üzük dəstini gizli olaraq talamış və ümumilikdə Zərərçəkmiş şəxs 850 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx xxxx 2020-ci il tarixdə, gecə saat təxminən 03 radələrində yaşadığı evin qarşısında dayanıb Gülnarın yaşadığı ünvan 2 ünvanda yerləşən evdə oğurluğu necə həyata keçirəcəyini düşünən zaman həyətə baxan pəncərədən içəri daxil olmağı qərara almış, ikinci mərtəbənin pəncərəsinin yaxınlığında dəmir konstruksiyalı su çəni olduğundan o, həmin çənin yanından pəncərəyə yaxınlaşaraq pəncərənin üzərindəki setkanı açıb kənara qoymaqla pəncərədən evə daxil olmağı düşünmüşdür. O, evdən vintaçan aləti götürüb dəmir konstruksiyalı su çəninin köməkliyi ilə pəncərəyə qalxmış və pəncərənin üzərində olan setkanı götürüb kənara qoymuş, üzərində götürtdüyü vintaçanı pəncərənin kidili tərəfinə salaraq güc tətbiq etmiş və pəncərəni sağa tərəf çəkmişdir. Vintaçan plastik konstruksiyalı pəncərənin kilidinin ətrafını zədələdiyi üçün pəncərə açılmış və otaqlardan birinə daxil olmuş, qaranlıq olduğundan, alışqanın işığı ilə hərəkət etmişdir. İçəridə olan zaman pul və qiymətli əşyaları müəyyən edib götürmək məqsədi ilə otaqları axtarmağa başlamışdır. İlk öncə aşağı mərtəbəyə tərəf düşüb həmin mərtəbədə olan qonaq otağına daxil olmaq istəmiş, lakin qonaq otağının giriş qapısı bağlı olduğundan qonaq otağının pəncərəsinə yaxınlaşaraq pəncərəni üzərində olan vintaçan ilə sındırmağa başlamış, sonra da ayağı ilə pəncərənin şüşəsinə vuraraq pəncərənin şüşəsini tam sındırmış, pəncərədən həmin qonaq otağına daxil olmuşdur. Qonaq otağına daxil olduqdan sonra otağı axtarmağa başlamış və həmin otaqda şkafın üzərində olan güldanın içərisindən 2 ədəd 100 manatlıq və 2 ədəd də 50 manatlıq olmaqla ümumilikdə 300 manat nağd pul, şkafın içərisini axtaran zaman həmin şkafın dolablarının birindən 1 ədəd mobil telefon, televizorun altında küncə qoyulmuş 1 ədəd noutbuk götürmüşdür. Digər otağı axtararkən çarpayının yanından 1 ədəd noutbuk çantası götürmüş və noutbuku həmin çantanın içərisinə qoymuşdur. Həmin otaqdakı paltar dolabından isə sırğa və üzük dəstini və 3 ədəd boyunbağını götürmüşdür. Bundan sonra, evdə olan otaqların hamısını axtarmış, lakin başqa pul və ya hər hansı bir qiymətli əşya müəyyən edib götürə bilməmiş, bu səbəbdən də daxil olduğu pəncərədən çıxaraq həmin ərazidən uzaqlaşmışdır. Oğurladığı əşyalara baxış keçirən zaman “Samsung Note 4” markalı mobil telefon oğurladığı görmüş, telefonu aktiv etmək istədikdə mobil telefonun ekranının işə düşməmişdir. Oğurladığı boyunbağılar və sırğa - üzükdəstinin elə də bahalı olmadığından yaxınlıqda yerləşən zibil qutularının birinə həmin zinət əşyalarını və mobil telefonu, həm də özü ilə götürdüyü vintaçanı zibil qutusuna atmışdır. Həmin gün, yəni xx xxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs evindən oğurladığı “Acer” markalı noutbuku çantası ilə birlikdə satmaq qərarına gəlmiş, bunun üçün o, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 15 saylı ünvanda yerləşən “World Electronics” mağazasına yaxınlaşmış və özünə məxsus olan noutbuku satmaq istədiyini bildirmişdir. Mağazanın əməkdaşları həmin noutbuka baxış keçirdikdən sonra noutbuku detal kimi 80 manata ala biləcəklərini qeyd etdikdə o, razılaşaraq öz şəxsiyyət vəsiqəsi əsasında noutbuku çantası ilə birlikdə satmış, lakin noutbukun oğurluq olduğunu bildirməmişdir. Daha sonra, özünü təqsirli bilməsini, himayəsində bir azyaşlı uşağının olmasını, Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayətinin, mülki iddasının və tələbinin olmamasını və onun barəsində yüngül cəza verilməsini xahiş etməsini nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 2 saylı ünvanda yaşayır, həmin ev 2 mərtəbəli həyət evidir. 2020-ci ilin iyun ayının əvvəlindən valideynləri ilə birlikdə bağ evinə köçmüş, lakin hər həftədə bir dəfə evə gələrək evin havasını dəyişmiş və evdə olan əşyaların yerində olub-olmamasını yoxlamışdır. Sonuncu dəfə 2020-ci ilin 26 iyul tarixində yaşadığı ünvanda olmuş və axşam saat təxminən 19 radələrində həmin ünvanın bütün qapı və pəncərələrini bağlayaraq bağ evinə getmişdir. Növbəti dəfə isə xx xxxx 2020-ci il tarixdə saat 11 radələrində yaşadığı ünvana gələrək evin ikinci mərtəbəsinə qalxıb daxil olduqda ikinci mərtəbənin həyətə baxan pəncərəsinin açıq olduğunu müəyyən etmiş, pəncərəyə yaxınlaşanda pəncərənin şüşələrinin sınmış vəziyyətdə olduğunu görmüş və evdən hansı əşyaların oğurlandığını müəyyən etmək üçün evi axtarmağa başlamışdır. Axtaran zaman müəyyən etmişdir ki, ikinci mərtəbədə içəri daxil olan kimi yerləşən qonaq otağında şkafın üzərində olan güldanın içərisində saxladığı, özünə məxsus 2 ədəd 100 manatlıq və 2 ədəd 50 manatlıq əskinas olmaqla ümumilikdə 300 manat məbləğində nağd pul, həmin otaqda televizorun altlığında saxladığı 1 ədəd qyməti 300 manat olan “Acer” markalı noutbukun oğurlandığını müəyyən etmişdir. Digər otaqları axtaran zaman isə çarpayının yanında açıq vəziyyətdə olan həmin noutbukun çantasının da yerində olmadığını müəyyən etmiş, həmin çanta da “Acer” markalı çanta olmuş və qiyməti təxminən 20 manat təşkil etmişdir. Həmin otaqdan eyni zamanda paltar dolabının rəflərindən birinə qoyduğu təxminən qiyməti 80 manata olan dəst gümüş sırğa və üzüyünün də oğurlandığını aşkar etmişdir. Həmçinin sonra müəyyən etmişdir ki, içərisindən 300 manat məbləğində nağd pul oğurlanan güldanın altında olan dolabdan da 1 ədəd ‘‘Samsung Note 4” markalı mobil telefonun da oğurlanmışdır, həmin mobil telefonun oğurlanmasına görə ona 100 manat maddi ziyan dəymişdir. Həmçinin, gümüş sırğaların oğurlandığı yerdən, yəni dolabın rəfindən 3 ədəd mirvari boyunbağının da oğurlandığını aşkar etmiş, hər bir boyunbağının qiyməti 30 manat olmaqla mirvarilərə görə ümumilikdə 90 manat məbləğində ziyan dəymişdir. Beləliklə, oğurluq nəticəsində Zərərçəkmiş şəxs ümumilikdə 890 manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs, oğurluq hadisəsi ilə əlaqədar konkret şübhələndiyi şəxsin olmadığını, lakin qonşuluqda yaşayan və cinayət törətməyə meylli olan “Cavid” adlı şəxsdən şübhələndiyini qeyd etmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur və sonuncunun barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2015-ci ildən ünvan 3 ünvanda yerləşən “World Electronics” mağazasını icarə əsasında işlədir. Mağazaya hər hansı bir müştəri yaxınlaşıb hansısa əşyanı satmaq istədiyini bildirdikdə əvvəlcə mala baxış keçirir, malın sazlığının hansı vəziyyətdə olduğunu yoxlayır və nəticəsi barədə, həm də məhsulu hansı qiymətə ala biləcəyi barədə müştəriyə bildirir. Müştəri razılaşdığı halda isə müştəridən həmin məhsulun özünə aid olub-olmamasını sorğu-sual edir, müştəri satmaq işlədiyi məhsulun özünə aid olduğunu bildirdikdən sonra müvafiq sənədləşmə aparılması üçün özünə aid sənəd təqdim etməsini tələb edir. xx xxxx 2020-ci il tarixdə birinci dəfə gördüyü cavan oğlan mağazaya yaxınlaşaraq özünə aid “Acer” markalı noutbuku satmaq istədiyini bildirmişdir. Həmin şəxsdən noutbuku hansı səbəbdən satmaq istədiyini maraqlandıqda noutbukun nasaz vəziyyətdə olduğunu demişdir. Bundan sonra o, “Acer” markalı noutbuka baxış keçirmiş, məlum olmuşdur ki, noutbuk, “Acer E15” markalı noutbukdur və həqiqətən də nasaz vəziyyətdədir. Bundan sonra müştəriyə həmin noutbuklu detal kimi 80 manata ala biləcəyini bildirmişdir. Müştəri tərəddüd etdikdən sonra razılaşmışdır. Bundan sonra müştəridən özünə aid sənədinin olub-olmamasını soruşmuş, o da şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Bu zaman ona məlum olmuşdur ki, həmin müştəri Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs öz şəxsiyyət vəsiqəsinin surətinin üzərinə “mənə məxsus olan Acer noutbuku 80 AZN satdım” yazısını qeyd etmiş və o, sonuncudan həmin məhsulu 80 manata almışdır. Sonradan polis əməkdaşları ilə birlikdə «Acer E 15» markalı noutbuku satan şəxs mağazaya yaxınlaşdıqda bildirmişdir ki, almış olduğu noutbuk oğurluq olmuşdur. O, mağazaya gəlmiş polis əməkdaşlarına da bildirmişdir ki, noutbuku alan zaman həmin noutbukun oğurluq olmasını bilməmişdir. Bundan başqa, o, noutbukun saz vəziyyətdə olan ehtiyat hissələrini başqa noutbukların təmiri zamanı istifadə etmiş, digər ehtiyat hissələrini isə yararsız olduğu üçün tullamışdır. Cinayət işinin 1-ci cild 66-cı vərəqəsində olan xx xxxxxxxx 2020-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 1-ci cild 118-121-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmaqla xx xxxxxx 2020-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 237-240-cı vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 20 gün, yəni xx xxxxxx 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 2-ci cild 16-17-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cild 133-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X6 xx xxxxxxxx 2020-ci il tarixli, 6338 saylı məktubundan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü, ünvan 1 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatına görə dəfələrlə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmuş, sonuncu təkrar xx.xx.2020-ci il tarixdə xəstəxanaya qəbul olunmuş və xx.xx.2020-ci il tarixdə xəstəxanadan evə yazılmışdır. Diaqnoz: “Qısa müddətli depresiv reaksiya, adaptasiya pozulması nəticəsində”. Cinayət işinin 1-ci cild 137-140-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 X4 Ambulator Məhkəmə Psixiatrik və Psixoloji Ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli, 1989 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur, o, əvvəllər qısamüddətli psixi pozuntular keçirsə də həmin pozuntuların onun törətdiyi əməllə heç bir əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Sonuncu törətdiyi əməl dövründə öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək ictidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır, onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs qıcığa qarşı həssaslıq, az ünsiyyətçilik, özünü psixoloji müdafiə etməyə meyllilik və s. kimi fərdi - psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs əqli və psixi inkişafı nəzərə alınmaqla o, etdiyi hərəkətləri düzgün qavrayıb onların mahiyyətini dərk etmək, həmçinin əqli və psixi inkişafının xüsusiyyətlərinə görə öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Cinayət işinin 1-ci cild 145-148-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli 9/3820 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 3 adda malların istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 380,0 manat müəyyən olunur. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Digər 2 adda mallar haqqında kifayət qədər məlumat (istehsal yeri, əyarı, çəkisi, texniki vəziyyəti və sair) olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. Cinayət işinin 1-ci cild 146-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 130-132-ci vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: 1) Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 3.000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, xx xxxxxxx 2013-cü il tarixdə həmin cərimə tam ödənilmişdir; 2) Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.1, 234.1, 93.1.2 və 93.1-ci maddələri ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2016-cı ildə Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə həmin cəza 01 il 03 aya endirilmiş, xx xxxxx 2016-cı ildə cəzasının sonu ilə azad olunmuş, xx xxxx 2017-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərarı ləğv edilmiş və iş yenidən Apelyasiya baxışına qaytarılmış, xx xxxxxx 2018-ci ildə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hökmü ilə xx xxxxxx 2015-ci il tarixli hökmü ləğv olunmuş və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmişdir. Cinayət işinin 1-ci cild 128-ci vərəqəsində olan AZE seriyalı, 18656286 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X3 xx xxxxx 2018-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası isə Ayşən Cəfərovadır. Cinayət işinin əlavə edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və mülki iddiası olmadığını və sonuncunun barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdiyini bildirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin və şahidin məhkəmə iclasında verdikləri ifadələri və digər iş materialları ilə onun yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxx 2005-ci il tarixli qərarının 20ci bəndinin 3-cü abzasına əsasən anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, himayəsində bir azyaşlı uşağının olmasını, Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayətinin, mülki iddasının və tələbinin olmamasını və onun barəsində yüngül cəza verilməsini xahiş etməsini yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının xx xxxxxxxx 2020-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X1 və Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Q.H.Cavadova məhkəməyədək istintaq dövründə iştirak etdiyi 16 saata görə 96 (doxsan altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına və Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 18 saata görə 108 (bir yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 18 saata görə 108 (bir yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X1 istintaq orqanında iştirak etdiyi 16 saata görə 96 (doxsan altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun «xxxx» ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab № AZ41AİİB******************** bankın kodu 200112, VÖEN – 140063561) köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar