Məhkəmə qərarları › İş №1(006)-104/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-104/2024

23.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-104/2024 23.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətfov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru - X2, müdafiəçi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1978-ci il tarixdə Laçın rayonu, İpək kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, himayəsində yetkinlik yaşına çatmayan bir övladı olan, Şuşa rayonu, Sarıbaba kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində kirayə evdə yaşayan barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 243.1 və 244.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.1-ci maddələri ilə məhkəməyə verilmişdir ondan ötrü ki, o, gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etmiş və fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvaları təşkil edərək saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 2022-ci ilin ortalarından etibarən tanışları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Bakı şəhərində yerləşən müxtəlif ünvanlarda, daha sonra isə kirayə tutduğu, ünvan 2-də mükafat (pul) müqabilində, qabaqcadan mükafat (pul) barəsində razılaşmaqla müxtəlif şəxslərlə mütəmadi olaraq cinsi əlaqəyə girməsini dəfələrlə təşkil edib, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 fahişəliklə məşğul olması nəticəsində əldə edilmiş qazancın bir hissəsini özünə götürüb gəlir əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 fahişəliyə cəlb etmişdir. Bundan başqa o, gəlir əldə etmək məqsədilə ünvan 2 ünvanını fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvası kimi təşkil edərək saxlamış, 25 avqust 2023-cü il tarixdə saat 16 radələrində fahişəliyə cəlb etdiyi Zərərçəkmiş şəxs2 həmin mənzildə cinsi əlaqədə olmaq üçün oraya gəlmiş kişi müştəri olan Şahid5 ilə görüşdürüb, bunun müqabilində Şahid5 Zərərçəkmiş şəxs2 görə 10 manat, təşkil etdiyi əxlaqsızlıq yuvası üçün zəhmət haqqı kimi 40 manat olmaqla ümumilikdə 50 manat pul almış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İnsan X7 Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində həmin gün saat 17 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi 39 saylı binanın qarşısında saxlanılmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-in 243.1 və 244.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ildən Zərərçəkmiş şəxs1 tanıyır. Onunla Bakı şəhərində yerləşən hazırda ünvanını və adını bilmədiyi kafelərin birində işlədiyi zaman tanış olmuşdur. Vəfa da onunla birlikdə həmin kafedə işləmişdir. Vəfa ilə tanışlıqdan sonra davamlı olaraq istifadəsində olan 050 *** ** ** rəqəmli mobil nömrədən onun istifadəsində olan 051 *** ** ** rəqəmli mobil nömrə ilə mobil telefon əlaqəsi saxlamışdır. O, 2022-ci ilin əvvəllərindən maddi ehtiyaclarını ödəmək üçün fahişəliklə məşğul olur. Bir müddət sonra bu yol ilə maddi ehtiyaclarını qarşılaya bilmədiyini görüb qərara gəlmişdir ki, ətrafında olan qadın tanışlarını fahişəliyə cəlb etsin və bu yol ilə maddi ehtiyaclarını ödəsin. 2022-ci ilin ortalarında Vəfa ilə əlaqə saxladığı zaman sonuncu ona bildirmişdir ki, maddi sıxıntıları var və buna görə kişilərlə görüşüb cinsi əlaqədə olur. Bu zaman o, Vəfaya bildirmişdir ki, onun çoxlu kişi tanışları var, istəsə onu həmin müştərilərlə görüşdürüb yaxşı pul qazanmasını təşkil edə bilər. Vəfa da onunla razılaşmışdır. Bundan sonra o, Vəfanı fahişəliyə cəlb etməyə başlamışdır. Vəfa ilə aralarında olan razılaşmaya əsasən onu 30-50 manat pul müqabilində müştərilərə təqdim etmişdir. O, həmin pulun yarısını Vəfaya vermiş, qalan yarısını isə ona müştəri tapdığı üçün qazanc olaraq özünə götürmüşdür. Müştərilər onunla əlaqə saxlayıb qadın istədikdə o, müştərinin olduğu ünvanı öyrənib bu barədə Vəfaya bildirmiş, Vəfa da onun tapşırığına əsasən müştəri ilə görüşüb cinsi əlaqədə olmuş, əlda olunan pulun yarısı ona, yarısı isə Vəfaya çatmışdır. 2022-ci ilin ortalarında isə hazırda xatırlamadığı tanışın vasitəsilə Zərərçəkmiş şəxs2 ilə tanış olmuşdur. Hökümənin də maddi sıxıntıları olduğu üçün ona da müştəriləri ilə pul qarşılığında cinsi əlaqədə olmağı təklif etmiş, Hökümə onunla razılaşmış, bundan sonra o, Hökümə ilə Vəfanı tanış etmişdir. Daha sonra qərara gəlmişdir ki, Bakı şəhərində kirayə mənzil tutsun, Hökümə və Vəfanı həmin mənzildə fahişəliyə cəlb edərək mənzilə görə də müştərilərdən əlavə pul alsın. Bu məqsədlə ünvan 4 ünvanını aylıq 400 manat pul qarşılığında kirayə ötürmüşdür. Həmin mənzili kirayəyə götürdükdən sonra Vəfa və Höküməyə bildirmişdir ki, bundan sonra onlar kirayə tutduğu mənzildə müştərilərlə görüşüb cinsi əlaqədə olacaqlar. Hökümə və Vəfa da onunla razılaşmışlar. Bundan sonra həmin mənzildə Hökümə və Vəfanı pul qarşılığında müştərilərlə görüşdürərək hər bir müştəridən aldığı puldan onların hər birinə 10 manat zəhmət haqqı olaraq vermiş, qalan pulları isə özü götürmüşdür. 25 avqust 2023-cü il tarixdə əvvəldən tanıdığı Nemət adlı şəxs zəng edərək qadınla cinsi əlaqədə olmaq istədiyini və cinsi əlaqədə olmaq üçün ona mənzil lazım olduğunu bildirmişdir. O, isə öz növbəsində Nemətə bildirmişdir ki, ona cinsi əlaqədə olması üçün Zərərçəkmiş şəxs2 təşkil edə, həmçinin Nəsimi rayonu, 3-cü mikrorayon, Alı Mustafayev küçəsi, ev 39, mənzil 51 ünvanınında onların cinsi əlaqədə olmaları üçün şərait yarada bilər. Bunun qarşılığında isə ona 50 manat pul ödəməlidir. Nemət də onunla razılaşmışdır. Bundan sonra o, Höküməyə zəng edib müştəri olduğunu, müştəridən 50 manat pul alacağını, ona 10 manat zəhmət haqqı verəcəyini, qalan 40 manatı isə ona müştəri təşkil etdiyinə və mənzildə cinsi əlaqədə olmaları üçün şərait yaratdığına görə özümə götürəcəyini bildirmişdir. Hökümə onunla razılaşmışdır. Bundan sonra o, Nemətə zəng edib saat 17:00-da həmin mənzilə gəlməsini demişdir.Həmin gün saat 16radələrində Hökümə gəldikdə o, binanın qarşısında onu qarşılamış, Vəfanın mənzildə olmasını deyərək mənzilə qalxmasını bildirmişdir. Hökümə mənzilə qalxdıqdan 5- 10 dəqiqə sonra Nemət də binanın qarşısına gəlmişdir. O, Neməti binanın həyətində qarşılayıb ondan 50 manat pulu almış, daha sonra ona mənzilin ünvanını izah edib, Hökümənin evdə olduğunu bildirmişdir. Nemət mənzilə qalxdıqdan sonra o, binanın arxa hissəsinə keçmək istəyərkən mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını, əməliyyat məlumatı daxil olduğunu izah etməklə, fahişəliyə cəlb etdyi qadınların müştərilərlə cinsi əlaqədə olmaları üçün şərait yaratdığı mənzilə baxış keçirilməsi haqqında qərarı göstərərək hal şahidlərinin iştirakı ilə mənzilə baxış keçirmək istədiklərini bildirmişlər. O, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə həmin mənzilə gəlmişlər. Həmin vaxtı qapını Vəfa açmışdır. Baxış keçirilərkən Nemət və Hökümə yarıçılpaq vəziyyətdə yataq otağında aşkar edilmişlər. Polis əməkdaşları mənzilə baxış keçirdikdən və fotoşəkillər çəkdikdən sonra onları bir qədər sorğu-sual etmişlər. Bundan sonra polis əməkdaşları ona Nemətdən aldığı 50 manat pulu təqdim etməyi təklif etmişlər. O, Nemətdən aldığı 50 manat pulu polis əməkdaşlarına təqdim etmiş, həmin pul qablaşdırılaraq zərfə qoyulmuş və möhürlənmişdir. Bundan sonra polis əməkdaşları onları İnsan X7 Baş İdarəsinə dəvət etmişlər. Baş İdarədə protokol tərtib edilərək iştirakçılara oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Baş İdarədə izahat verib oranı tərk etmişlər. Sonda Təqsirləndirilən şəxs özünü təqsirli bilərək, törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini, zərər çəkmiş şəxslərlə barışdığını, ona qarşı şikayət və tələblərin olmamasını, himayəsində yetkinlik yaşına çatmayan 1 övladının olmasını bildirərək barəsində həbslə bağlı olmayan cəzanın təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasın istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci ildən Vüsalə kimi tanıyır. Onunla Bakı şəhərində yerləşən hazırda ünvanını və adını bilmədiyi kafelərin birində işlədiyi zaman tanış olmuşdur. Rüxsarə də onunla birlikdə həmin kafedə işləmişdir. Həmin müddətdən onunla yaxın münasibəti yaranmışdır. Rüxsarə ilə özünün istifadəsində olan 051 *** ** ** rəqəmli mobil nömrə ilə Rüxsarənin istifadəsində olan 050 *** ** ** rəqəmli mobil nömrəyə zəng edib “Whatsapp” proqramı vastisəli əlaqə saxlamışdır. 2022ci ilin ortalarında Rüxsarə ilə əlaqə saxladığı zaman ona maddi sıxıntıları olduğunu, iş tapa bilmədiyini bildirdikdə Rüxsarə ona demişdir ki, onu 30-50 manat pul müqabilində tanışı olan kişi müştərilərlə görüşdürə bilər. Həmin pulun yarısını onunla cinsi əlaqədə olacaq müştəri tapdığına və mənzil təşkil etdiyinə görə özünə götürəcək, yarısını isə ona zəhmət haqqı kimi verəcəkdir. O, Rüxsarənin təklifini qəbul etdikdən sonra Rüxsarə onunla telefonla əlaqə saxlayıb onu müştərilərin olduğu ünvanlara göndərmiş, o, Rüxsarənin dediyi ünvalara gedib müştərilərlə görüşüb cinsi əlaqədə olmuş, hər dəfə müştərinin ona verdiyi pulun yarısını Rüxsarəyə vermişdir. Həmin pul Rüxsarənin onu fahişəliyə cəlb etməyinin qarşılığında əldə etdiyi qazanc olmuşdur. Bir müddətdən sonra Rüxsarə onu Hökümə adlı qadınla tanış etmiş, Höküməni də onun kimi fahişəliyə cəlb edəcəyini bildirmişdir. 23 avqust 2023-cü il tarixdə Rüxsarə ona və Höküməyə bildirmişdir ki, Bakı şəhərində kirayə mənzil tutmuşdur. Həmin mənzildə onlar müştərilərlə görüşüb cinsi əlaqədə olacaqlar. Rüxsarə həmçinin qeyd etmişdir ki, mənzilə görə müştərilərdən əlavə pul da götürəcəkdir. Rüxsarənin kirayə götürdüyü mənzil ünvan 4 ünvanında yerləşirdi. Bundan sonra Rüxsarə onunla əlaqə saxlayıb onu kirayə tutduğu həmin mənzilə dəvət edərək müştərilərə təqdim etməyə başlamışdır. Hər dəfə o, həmin mənzilin yataq otağında müştəri ilə görüşüb cinsi əlaqədə olmuş, Rüxsarə buna görə müştərilərdən aldığı pulun yarısını özünə götürərək yarısını da ona vermişdir. Rüxsarə ünvan 4 ünvanında kirayədə tutduğu mənzildə onu ümumilikdə 25-30 dəfə müştərilərə təqdim etmişdir. Rüxsarə onun kimi Höküməni də eyni qaydada həmin mənzildə müştərilərinə təqdim etmişdir. 25 avqust 2023-cü il tarixdə Rüxsarə onunla birlikdə həmin mənzildə olduğu zaman bildirmişdir ki, bir qədər sonra mənzilə Nemət adlı müştəri gələcək və Hökümə ilə 50 manat pul qarşılığında görüşüb cinsi əlaqədə olacaqdır. Bundan sonra Rüxsarə mənzili tərk edib binanın həyətinə düşmüşdür. Bir qədər sonra isə Hökümə mənzilə gəlmiş, 5 dəqiqə sonra isə Nemət adlı müştəri mənzilə gəlib mənzilin yataq otağında Hökümə ilə cinsi əlaqədə olmuşdur. Az sonra mənzilin qapısı döyülmüşdür. O, mənzilin qapısını açdıqda mülki geyimli şəxslər qapıda ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis işçiləri olduğlarını bildirdikdən sonra mənzilə baxış keçirilməsi haqqında qərarı göstərərək mənzilə baxış keçirmək istədiklərini demişlər. Həmin vaxt Rüxsarə də polis əməlkdaşları ilə birlikdə olmuşdur. Rüxsarə mənzilə baxış keçirilməsinə razılıq ərizəsi yazaraq polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları mənzilə baxış keçirərkən Nemətlə Hökümə yataq otağında yarıçılpaq vəziyyətdə aşkar edilmişlər. Bundan sonra polis əməkdaşları Rüxsarəyə Nemət adlı şəxsdən aldığı 50 manat pulu təqdim etməyi təklif etmişlər. Rüxsarə Nemət adlı şəxsdən aldığı 50 manat pulu polis əməkdaşlarına təqdim etmiş, həmin pul qablaşdırılaraq zərfə qoyulmüş və möhürlənmişdir. Bundan sonra polis əməkdaşları onları İnsan X7 Baş İdarəsinə dəvət etmişlər. Baş İdarədə də onları sorğu sual etdikdən sonra hal şahidlərinin iştirakı ilə protokol tərtib edilmiş, həmin qablaşdırılmış zərf protokola tikilərək protokol ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 bildirdi ki, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən bir ildir ki, Vüsalə kimi tanıyır. Onunla hazırda xatırlamadığı tanışının vasitəsilə Bakı şəhərində yerləşən restoranların birində tanış olmuşdur. Həmin müddətdən onunla yaxın münasibəti yaranmışdır. Rüxsarə ilə istifadəsində olan 055 *** ** ** rəqəmli mobil nömrə ilə Rüxsarənin istifadəsində olan 050 *** ** ** rəqəmli mobil nömrəyə zəng edib “Whatsapp” proqramı vastisəli əlaqə saxlamışdır. Bir gün Rüxsarə ilə əlaqə saxladığı zaman ona maddi sıxıntılarının olduğunu bildirmişdir. Bu zaman Rüxsarə bildirmişdir ki, onun çoxlu kişi tanışları var, istəsə onu pul qarşılığında həmin şəxslərlə kirayə yaşadığı mənzildə görüşdürə bilər. Rüxsarə bununla yaxşı qazanc əldə edəcəyini bildirmişdir. Rüxsarə həmçinin qeyd etmişdir ki, Vəfa adlı qadını da pul qarşılığında fahişəliyə cəlb etmişdir. O, maddi ehtiyaclarının düzəlməsi üçün Rüxsarə ilə razılaşmışdır. Bundan sonra Rüxsarə onu Vəfa adlı qadınla tanış etmişdir. Rüxsarə ilə aralarında olan razılaşmaya əsasən Rüxsarə onu 20 manat pul müqabilində müştərilərinə təqdim etməli, həmin puldan 10 manatını ona verməli, qalan 10 manat pulu isə müştəri ilə cinsi əlaqədə olması üçün mənzil təşkil etdiyinə görə və onu müştəriyə təqdim etdiyinə görə qazanc olaraq özünə götürməli idi. Rüxsarə Vəfanı da eyni qaydada müştərilərinə təqdim etmişdir. 23 avqust 2023-cü il tarixdə Rüxsarə onunla əlaqə saxlayıb onu kirayə tutduğu ünvan 4 ünvanında yerləşən mənzilə dəvət edərək müştərilərə təqdim etməyə başlamışdır. Hər dəfə o, həmin mənzilin yataq otağında müştəri ilə görüşüb cinsi əlaqədə olmuşdur. Müştərilər də hər dəfəsində ona görə və cinsi əlaqədə olması üçün mənzil təşkil etdiyinə görə Rüxsarəyə 20 manat pul vermişlər. Rüxsarə də ona hər müştəriyə görə 10 manat pul vermişdir. Rüxsarə onu ümumilikdə 15-20 dəfə ünvan 4 ünvanında kişi müştərilərə təqdim etmişdir. Bundan əlavə, Rüxsarə Vəfanı da eyni qaydada həmin mənzildə müştərilərinə təqdim edirdi. 25 avqust 2023-cü il tarixdə Rüxsarə ona zəng vuraraq kişi müştəri olduğunu, həmin müştəri ilə cinsi əlaqədə olacağı halda müştəridən 50 manat pul alacağını, həmin puldan 10 manat ona verəcəyini, qalan pulu isə müştəri təşkil etdiyinə və mənzildə cinsi əlaqədə olmalarına üçün şərait yaratdığına görə özünə götürəcəyini bildirmişdir. O, bu təkliflə razılaşdıqdan sonra həmin mənzilə getmiş, Rüxsarə onu mənzilin yerləşdiyi binan qarşısında qarşılayıb ona mənzilə qaxlmasını, müştərinin birazdan gələcəyini bildirmişdir. O, mənzilə qalxmış, Vəfa da həmin vaxt mənzildə olmuşdur. Təxminən beş dəqiqə sonra mənzilə Nemət adlı müşətəri gəlmiş və o, Nemətlə həmin mənzilin yataq otağında cinsi əlaqədə olmuşdur. Nemət ona bildirmişdir ki, onunla mənzildə cinsi əlaqədə olmağa görə Rüxsarəyə 50 manat pul vermişdir. Bir qədər sonra mənzilin qapısı döyülmüş, mənzildə kənar şəxslərin səslərinin gəlməsini eşidən kimi Nemətlə birlikdə alt paltarlarını geyinmişlər. Bu zaman sonradan polis əməkdaşlarını olduqlarını bildiyi şəxslər onların fotoşəkillərini çəkmişlər. Polis əməkdaşları mənzilə baxış keçirdikdən sonra onları bir qədər sorğu-sual etmişlər. Bundan sonra polis əməkdaşları Rüxsarəyə Nemət adlı şəxsdən aldığı 50 manat pulu təqdim etməsini təklif etmişlər, Rüxsarə də Nemət adlı şəxsdən aldığı 50 manat pulu polis əməkdaşlarına təqdim etmişdir. Həmin pul qablaşdırılaraq zərfə qoyulmuş və möhürlənmişdir. Bundan sonra polis əməkdaşları baxışda iştirak edən şəxsləri İnsan X7 Baş İdarəsinə dəvət etmişlər. Baş İdarədə protokol tərtib eidlmiş, ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 bildirdi ki, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid (əməliyyat müvəkkili) qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, İnsan X7 Baş İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 25 avqust 2023-ci il tarixdə Baş İdarəyə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası vətəndaşı olan qadınları ünvan 4 ünvanında cinsi istismara məruz qoyması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması məqsədilə raportla Baş İdarə rəhbərliyinə məruzə edilmişdir. Əməliyyat tədbirinin keçirilməsi barədə qəbul edilmiş qərar əsasında Baş İdarənin rəhbərliyi tərəfindən İAQMBİ-nin əməliyyat müvəkkili Şahid2 ibarət əmliyyat qrupu yaradılmışdır. Əməliyyat tədbirinin keçirilməsində iştirak etmək üçün iki 11 nəfər hal şahidi qismində Baş İdarəyə dəvət edilərək onlara Azərbaycan Respublikası CPM-in 94-cü maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Daha sonra əməliyyat qrupunun üzvləri və hal şahidləri ilə birlikdə qeyd olunan ünvana yollanmışlar. 25 avqust 2023-cü il tarixdə saat 16:00 radələrində hal şahidlərinin iştirakı ilə əməliyyat qrupu ünvan 4 ünvanını nəzarətə götürmüşdür. Təxminən saat 16:55-də qeyd olunan ünvanda yerləşən beş mərtəbəli binanın qarşısında Təqsirləndirilən şəxs Şahid5la söhbət etdiyini və Nemətin Rüxsarəyə pul verdiyini müşahidə etmişlər. Bundan sonra Şahid5 binanın sonuncu blokuna daxil olmuşdur. Təqsirləndirilən şəxs isə pulu aldıqdan sonra binanın arxa hissəsinə keçmək istəyərkən əməliyyat qurupu tərəfindən saxlanılmışdır. Ona xidməti vəsiqələri göstərərək İnsan X7 Baş İdarəsinin əməkdaşları olduqlarını bildirib, əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərarı ona təqdim etməklə həmin qərarın icrası ilə bağlı ünvan 4 ünvanına baxış keçirilməsinin vacib olmasını izah etmişlər. Təqsirləndirilən şəxs təklifi qəbul edib, mənzilə baxış keçirilməsinə dair etirazının olmadığını bildirmiş və onlarla birlikdə mənzilə getdikdə mənzildə bununla bağlı ərizə yazıb təqdim etmişdir. Mənzilin qapısını döyüldükdə qapını şəxsiyyəti sonradan məlum olmuş Zərərçəkmiş şəxs1 açmışdır. Onlar içəri daxil olub mənzilə baxış keçirərəkən mənzilin iki otaqdan, bir mətbəxdən və bir hamam otağından ibarət olması müəyyən edilmişdir. Baxış zamanı mənzilin yataq otağında yarıçılpaq vəziyyətdə bir kişi və bir qadın aşkar olunmuş, həmin şəxslərlə sorğu-sual aparılarkən kişinin Şahid5, qadının isə Zərərçəkmiş şəxs2 olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs hər şeyi etiraf edərək Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1m uzun müddətdir tanıdığını, həmin qadınları pul qarşılığında fahişəliyə cəlb etdiyini, 25 avqust 2023-cü il tarixdə Nemət Kəriimovun ona zəng edərək ondan cinsi əlaqədə olmağı üçün fahişəliklə məşğul olan bir qadın və həmin qadınla cinsi əlaqədə olması üçün mənzil istədiyini, o, da Nemətə razılıq verib Neməti həmin mənzilə dəvət etdiyini, Şahid5 50 manat pul qarşılığında Zərərçəkmiş şəxs2 təqdim etdiyini, həmin pulun 10 manatının Höküməyə çatacağını, 40 manat isə qadın və mənzil təşkil etdiyinə görə özünə götürdüyünü, Şahid5 qeyd olunan mənzilin yataq otağında Zərərçəkmiş şəxs2 ilə cinsi əlaqədə olduğunu bildirmişdir. Bundan əlavə, Şahid5, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 da Təqsirləndirilən şəxs dediklərini təsdiq etmişlər. Daha sonra Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, Şahid5 ona verdiyi 50 manat pulu təqdim etsin. Həmin vaxt Təqsirləndirilən şəxs bir ədəd 50 manatlıq pul əsginasını təqdim edərək Şahid5 tərəfindən verilmiş pul əsginası olduğunu bildirmişdir. Təqdim olunmuş pul əsginası hal şahidlərinin iştirakı ilə qablaşdırılaraq zərfə qoyulmüş və üzəri iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Qeyd olunan ünvanda müvafiq sənədləşdirmə aparılması üçün şəraitin olmamasını nəzərə alaraq adları qeyd olunan şəxsləri Baş İdarəyə dəvət etmişlər. Baş İdarədə hal şahidlərinin iştirakı ilə protokol tərtib olunmuş, baxış zamanı mənzildə çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir. Tərtib olunmuş protokol iştirakşılara ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı şahid (müştəri) qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, 25 avqust 2023-cü il tarixdə əvvəldən tanıdığı Rüsxarə adlı qadına zəng edib ona istirahət etmək məqsədilə cinsi əlaqədə olması üçün fahişəliklə məşğul olan qadın lazım olduğunu bildirmişdir. Rüxsarə ona cinsi əlaqədə olması üçün qadın və mənzil təşkil edə biləcəyini bildirərək bunun qarşılığında 50 manat pul istəmiş, həmin pulun 10 manatını onunla cinsi əlaqədə olacaq qadına veriləcəyini, 40 manatını isə mənzilin təşkil edilməsinə sərf olunacağını demişdir. O, Rüxsarə ilə razılaşmış, Rüxsarə onu ünvan 4 ünvanına dəvət etmişdir. O, həmin gün saat 16:55 radələrində Rüxsarənin dediyi ünvana gəlmiş, Rüxsarə onu mənzilin yerləşdiyi binanın qarşısında qarşılamışdır. Onlar binanın qarşısında bir qədər söhbət etdikdən sonra o, 50 manat pulu Rüxsarəyə vermişdir. Rüxsarə ona cinsi əlaqədə olacağım Hökümə adlı qadının mənzildə olduğunu bildirdib mənzilin yerləşdiyi yeri izah etmişdir. O, Rüxsarədən ayrılıb mənzilə qalxmış, mənzilə daxil olduqda orada sonradan tanıdığı Hökümədən başqa Vəfa adlı qadının da olmasını görmüşdür. O, mənzilin yataq otağında Hökümə ilə cinsi əlaqəda olmuşdur. Bundan bir qədər sonra mənzilə Rüxsarə ilə birlikdə mülkü geyimdə olan bir neçə nəfər şəxs gəlmişdir. Həmin şəxslər vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər və onlara şəxsiyyətləri, mənzildə bu şəraitin kim tərəfindən yaradıldığı barədə bir qədər sual verib cavab aldıqdan sonra Rüxsarə baş verənləri etiraf edərək mənzildə olan Höküməni və Vəfanı fahişəliyə cəlb etdiyini bildirmiş, fahişəliklə məşğul olan qadına görə həmçinin mənzil şəraiti yaratdığı üçün ondan aldığı 50 manatlıq pul əskinasını könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları tərəfindən dəvət olunmuş hal şahidlərinin iştirakı ilə təqdim edilən həmin 50 manatlıq pul əskinası zərfə qoyularaq qablaşdırılmış və möhürləndikdən sonra onlar həmin zərfin üzərinə öz imzalarını çəkmişlər. Bunda sonra polis əməkdaşları baxış iştirakçılarını özləri ilə birlikdə İnsan X7 Baş İdarəsinə dəvət etmişlər. Baş idarədə protokol tərtib olunmuş, ucadan oxunmuş və doğru olduğu üçün iştirakçılar protokolu imzalamışlar. Məhkəmə istintaqı zamanı şahid (hal şahidi) qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 25 avqust 2023-cü il tarixdə saat 14:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən «Baku Electronics» mağazası ilə üzbəüz dayanacaqda olarkən əvvəllər tanımadığı, mülki geyimdə olan şəxs ona və dayanacaqda dayanmış digər şəxsə yaxınlaşaraq xidməti vəsiqəsini təqdim etmiş, İnsan X7 Baş İdarəsinin əməkdaşı olduğunu, əməliyyat tədbiri keçirəcəklərini bildirmiş və onlardan həmin tədbirdə hal şahidi qismində iştirak etmələrini xahiş etmişdir. O və yanında dayanmış şəxs razılaşaraq polis əməkdaşı ilə birlikdə yaxınlıqda yerləşən Baş İdarəyə gəlmişlər. Onlara hüqüq və vəzifələri izah olunmuşdur. Baş İdarədə digər hal şahidinin Şahid4 olduğunu bilmişdir, Polis əməkdaşları izah etmişlər ki, qadınların insan alverinə məruz qalmaları barədə məlumat əldə ediblər. Həmin məlumatın yoxlanılması ilə bağlı əməliyyat tədbiri keçirəcəklər. Həmin gün saat 16:00 radələrində o, və Nasir polis əməkdaşları ilə birlikdə ünvan 4 ünvanını müşahidəyə götürmüşlər. Təxminən saat 16:55də qeyd olunan ünvanda yerləşən beş mərtəbəli binanın qarşısında Təqsirləndirilən şəxs bir nəfər oğlanla söhbət etdiyini və həmin şəxsin Rüxsarəyə pul verdiyini müşahidə etmişlər. Bundan sonra həmin oğlan binanın sonuncu blokuna daxil olmuş, Təqsirləndirilən şəxs isə binanın arxa hissəsinə keçmək istəyərkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları Təqsirləndirilən şəxs xidməti vəsiqələrini göstərərək əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərarı ona təqdim edib, həmin qərarın icrası ilə bağlı Nəsimi rayonu, 3-cü mikrorayon, Alı Mustafayev küçəsi, ev 39, mənzil 51 ünvanına baxış keçirilməsinin vacib olmasını izah etmişlər. Təqsirləndirilən şəxs polis əməkdaşlarının təklifini qəbul edib, mənzilə baxışı keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra onunla birlikdə həmin mənzilə qalxmışlar. Polis əməkdaşları mənzilin qapısını döydükdə qapını şəxsiyyəti sonradan məlum olmuş Zərərçəkmiş şəxs1 açmışdır. Polis əməkdaşları içəri daxil olub mənzilə baxış keçirərkən mənzilin iki otaqdan, bir mətbəxdən və bir hamam otağından ibarət olması müəyyən edilmiş və mənzildə polis əməkdaşları tərəfindən bir neçə fotoşəkil çəkilmişdir. Baxış zamanı mənzilin yataq otağında yarıçılpaq vəziyyətdə şəxsiyyəti sonradan məlum olan Şahid5 və Zərərçəkmiş şəxs2 aşkar edilmişdir. Polis əməkdaşlarının şifahi sorğusu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1m uzun müddətdir tanıyr, həmin qadınları pul qarşılığında fahişəliyə cəlb etmişdir, 25 avqust 2023-cü il tarixdə Şahid5 ona zəng edərək ondan cinsi əlaqədə olmağı üçün fahişəliklə məşğul olan bir qadın və həmin qadınla cinsi əlaqədə olması üçün mənzil istədikdə o, da razılıq verib Neməti həmin mənzilə dəvət etmiş, Şahid5 50 manat pul qarşılığında Zərərçəkmiş şəxs2 təqdim etmiş, həmin pulun 10 manatının Höküməyə çatacaqmış, 40 manatını isə qadın və mənzil təşkil etdiyinə görə özünə götürəcəkmiş. Mənzildə olan Şahid5, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 da Təqsirləndirilən şəxs dediklərini təsdiq etmişlər. Bundan sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, Şahid5 ona verdiyi 50 manat pulu təqdim etsin. Təqsirləndirilən şəxs bir ədəd 50 manatlıq pul əskinasını təqdim edərək Şahid5 tərəfindən verilmiş pul əskinası olduğunu bildirmişdir. Təqdim olunmuş 50 manat pul əskinası onun və Nasirin iştirakı ilə qablaşdırılaraq zərfə qoyulmuş və zərfin üzərinə iştirakçılar tərəfindən imza edilmişdir. Mənzildə sənədləşdirmə aparılması üçün şəraitin olmamasını nəzərə alaraq polis əməkdaşları baxışda iştirak edən şəxsləri Baş İdarəyə dəvət etmişlər. Baş İdarədə polis əməkdaşı tərəfindən protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid (makler) qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu ərazisində, «Əcəmi» metrostansiyasının çıxışının yanında səyyari şəkildə ev-alqı satqısı və kirayəsi ilə məşğul olmaqla makler kimi fəaliyyət göstərir. Sifarişləri internetdə olan məlumatlardan götürür, bəzən də ev sahiblərinin özlərindən əldə edir. 23 avqust 2023-cü il tarixdə hazırda adını xatırlamadığı makler tanışlarının birindən məlumat almışdır ki, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, ev 39, mənzil 51 ünvanında yerləşən 2 otaqlı mənzil sahəsi ayı 400 manata kirayəyə verilir. Həmin gün «Memar Əcəmi» metrostansiyasının yaxınlığında maklerlərin yağışdığı yerdə olarkən sonradan tanıdığı Təqsirləndirilən şəxs kirayə mənzil axtardığını görərək ona yaxınlaşmışdır. Rüxsarə bildirmişdir ki, ailə üzvləri ilə birlikdə yaşamaq üçün 2 otaqlı mənzil axtarır. O, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, ev 39, mənzil 51 ünvanında belə bir mənzilin olduğunu və mənzilin aylıq 400 manata kirayəyə verildiyini Rüxsarəyə bildirmişdir. Rüxsarə həmin mənzilə baxmaq istədiyinə görə o, hazırda adını unutduğu makler yoldaşından həmin mənzilin sahibi olan Rövşən adlı şəxsin mobil telefon nömrəsini almış və onunla danışıb mənzilində kirayə qalmaq istəyən müştəri olduğunu demişdir. Rövşən mənzilin aylıq 400 manata verildiyini bir daha söyləmiş və o, müştərinin həmin qiymətlə razı olduğunu Rövşənə bildirmişdir. Bundan sonra Rövşən mənzilin açarlarının onun Bakı şəhərində yaşayan qohumunda olduğunu, ona məxsus mobil telefon nömrəsini həmin qohumuna verəcəyini və qohumunun gəlib onunla görüşəcəyini bildirmişdir. Bir qədər sonra ona hazırda xatırlamadığı bir nömrədən zəng gəlmiş, danışan şəxs mənzilin sahibi Rövşənin qohumu olduğunu bildirmiş, az sonra həmin şəxslə «Memar Əcəmi» metrostansiyasının yanında görüşərək Rüxsarə ilə birlikdə Nəsimi rayonu, Alı Mustafayev küçəsi, ev 39, mənzil 51 ünvanına gəlmişlər. Rüxsarə mənzilin otaqlarına, mətbəxinə, hamam otağına baxıb bəyənmiş və bundan sonra mənzili kirayə götürəcəyini demişdir. O, telefonla danışıb bu barədə Rövşənə məlumat vermişdir. Sonra onlar mənzildən çıxmışlar və mənzilin açarları onda qalmışdır. Rüxsarə ona 200 manat beh pul vermiş və qalan 200 manatı axşama çatdıracağını demişdir. Həmin günü axşam tərəfi Rüxsarə ilə görüşüb ondan əlavə 200 manat pulu və xidmət haqqı kimi özünə çatacaq 150 manat pulu almış, mənzilin açarlarını ona təhvil vermişdir. Bir neçə gün sonra isə Rövşənin qohumu onunla görüşüb mənzilin sənədlərinin surətini ona verdikdə, mənzilin Rövşənin oğlu İdris İsmayılzadənin adına olmasını görmüşdür. 26 avqust 2023-cü il tarixdə Rüxsarə zəng edərək onunla görüşmüş və bildirmişdir ki, mənzilin şəraitinə görə anasının ürəyi sıxıldığı üçün orada yaşaya bilmirlər və mənzili geri qaytarmaq istəyirlər. O, bu barədə Rövşənə telefonla məlumat vermiş, Rövşən də etiraz etməmişdir. Həmin gün Rövşənin qohumu gəlib onunla görüşərək ona 361 manat pul vermiş və demişdir ki, müştəri mənzildə 3 gün qaldığına görə verdiyi 400 manatdan 39 manat çıxılmışdır. O, həmin 361 manat pulu Rüxsarəyə qaytarıb vermişdir. Sonra Rüxsarə mənzildə olan əşyalarını götürərək mənzilin açarlarını ona vermiş, o, isə öz növbəsində açarları Rövşənin qohumuna təqdim etmişdir. O ifadəsində həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs Nəsimi rayonu, Alı Mustafayev küçəsi, ev 39, mənzil 51 ünvanında yerləşən mənzili kirayə götürərkən orada qadınların fahişəliklə məşğul olması üçün əxlaqsızlıq yuvaları təşkil edəcəyi barədə ona heç bir məlumat verməmişdir. İttiham aktında məhkəmə iclasına dəvət olunacaq şəxslərin siyahısında şahid qismində göstərilmiş Şahid2 və Şahid3 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə iclasında şahidlər Şahid2 və Şahid3 istintaqa verdikləri ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş digər şahid ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: «cinayət işinin başlanması və icraata qəbul edilməsi» haqqında 06 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.1-ci maddələri ilə ********* saylı cinayət işi (BMCMİ) başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. (i.v. 01); «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi»nə dair 25 avqust 2023-cü il tarixli qərardan görünür ki, 25 avqust 2023-cü il tarixdə ünvan 5 ünvanına daxil olunması və baxış keçirilməsi qərara alınmışdır. (i.v. 04-05); «baxış keçirilməsi» haqqında 25 avqust 2023-cü il tarixli protokol və foto şəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında qadınları fahişəliyə cəlb etməsi barədə daxil olmuş məlumat əsasında İnsan X7 Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 25 avqust 2023-cü il tarixdə saat 16:55də qeyd olunan ünvanda yerləşən binanın qarşısında Təqsirləndirilən şəxs şəxsiyyəti sonradan müəyyən edilmiş Şahid5la söhbət edərək sonuncunun ona pul verməsi və binanın sonuncu blokuna daxil olması müşahidə olunmuş, bundan sonra Təqsirləndirilən şəxs saxlanılaraq onun və hal şahidlərinin iştirakı ilə ünvan 6 ünvanında baxış keçirilərkən mənzilin otaqlarının birində Şahid5 və Zərərçəkmiş şəxs2 yarıçılpaq vəziyyətdə aşkar edilmiş, Təqsirləndirilən şəxs könüllü təqdim etməsi əsasında onun Şahid5 aldığı 50 manat pul əsginazı maddi sübut kimi qablaşdırılaraq möhürlənib götürülmüşdür. Baxış zamanı həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kirayə tutduğu ünvan 2 ünvanında tanışları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 gəlir əldə etmək məqsədilə fahişəliyə cəlb etmiş, habelə fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil edib saxlamışdır. (i.v. 13-22); «cinayət işinin ərazi aidiyyəti üzrə göndərilməsi» haqqında 14 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 243.1 və 244.1-ci maddələri ilə başlanmış ********* saylı cinayət işi ərazi aidiyyəti üzrə Nəsimi rayon Polis İdarəsinə göndərilmişdir. (i.v. 91); «cinayət işinin icraata qəbul edilməsi» haqqında 05 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 243.1 və 244.1-ci maddələri ilə olan ********* saylı cinayət işi (Nəsimi RPİ) icraata qəbul edilmişdir. (i.v. 93); Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 102); AZE 12204833 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.2009-cu il tarixdə Bərdə rayonu, Qaratəpə kəndində doğulmuş, atası Abbasov Məhəmməd, anası Abbasova (Təmrazova) Rüxsarədir. (i. v. 108) «sübutların qiymətləndirilməsi» haqqında 27 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə Azərbaycan Respublikası CM-in 243.1 və 244.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddələrlə ittiham elan olunmuş, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 iş üzrə zərər çəkmiş şəxs qismində tanınmışlar, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Şahid5, X3 və Şahid6 əməlində hər hansı bir cinayətin tərkibi olmadığına görə barələrində cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 243.2.1 243.2.2, 244.2.1 və 244.2.2-ci maddələrinin tərkibi olmadığına görə barəsində həmin maddələrlə cinayət işinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 barəsində Azərbaycan Rəspublikası İXM-in 524-cü maddəsi ilə, X1 barəsində isə İXM-in 398-ci maddəsi ilə inzibati icraat açılması üçün qərarın surəti Nəsimi Rayon Prokurorluğuna göndərilmiş, Təqsirləndirilən şəxs gəlir əldə etmək məqsədilə ünvan 2 ünvanında fahişəliklə məşğul olmaq üçün təşkil edib saxladığı əxlaqsız yuvaya müştəri qismində gəlmiş Şahid5 fahişəliyə cəlb etdiyi Zərərçəkmiş şəxs2 ilə cinsi əlaqədə olması üçün aldığı və 15 avqust 2023-cü il tarixdə baxış keçirilərkən könüllü olaraq təqdim etdiyi 50 manat pul iş İzrə maddi sübut hesab edilmiş, cinayət işinin materiallarında saxlanılmış, iş üzrə şahid ifadələri, baxış keçirilməsi haqqında protokol, həmçinin əhəmiyyət kəsb edən digər sənədlər iş materialları ilə zidiyyət yaratmadığından sübut növü kimi qəbul edilmiş, 01 ədəd «Samsung A52» markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs qaytarılmışdır. (i. v. 124-132) qəbzdən görünür ki, Təqsirləndirilən şəxs ona məxsus 01 ədəd «Samsung A52» markalı mobil telefonu Nəsimi RPİ-dən təhvil almışdır. (i. v. 135) «zərər çəkmiş şəxs kimi tanınma» haqqında 27 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərər çəkmiş şəxs kimi tanınmış və ona bu barədə məlumat verilmişdir. (i. v. 136) «zərər çəkmiş şəxs kimi tanınma» haqqında 28 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərər çəkmiş şəxs kimi tanınmış və ona bu barədə məlumat verilmişdir. (i. v. 143) «təqsirləndirilən şəxs qismində cəlb etmə» haqqında 28 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 243.1 və 244.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə ittiham elan olunmuşdur. (i. v. 150-151) «təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçmək» haqqında 28 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. (i. v. 173) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası CM-in: 243.1-ci maddəsinə əsasən gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə - iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 244.1-ci maddəsinə əsasən fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə - iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını, zərər çəkmiş şəxslərlə barışmasını, əməlindən səmimi peşman olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onunn islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş cərimə cəzası təyin edilməli və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə dövlət büdcəsi hesabına vəsait ödənilməli, ona məhkəmədə iştirak etdiyi 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001- ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3.000 (üç min) manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3.000 (üç min) manat məbləğində cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq ona 3.500 (üç min beş yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış - 01 ədəd «Samsung A52» markalı mobil telefonun Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınsın. Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-in 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar