Məhkəmə qərarları › İş №1(006)-105/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-105/2021

16.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-105/2021 16.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx xxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 “D” ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlamışdır. Belə ki, o, 2020-ci ilin avqust ayının sonlarında Bakı şəhəri, Nəsimi rayonu "Papanin” adlanan ərazidə “İlham” adlı şəxsiyyəti istintaqa məlum olmayan şəxsə 100 manat məbləğində nəğd pul verməklə qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq, yəni 4,272 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlayaraq daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında xx xxxxxxxx 2020-ci il tarixdə saat 12:20-də Nəsimi RPİ-nin NMB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 saylı ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri Nəsimi RPİ-nin inzibati binasına gətirilmiş, həmin tarixdə saat 14:50-də polis idarəsində olan xidməti otaqların birində üzərində şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitə heroin bir ədəd şəffaf selofan kəsiyinə bükülü halda əynində olan qara rəngli idman şalvarının sağ cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdə, təxminən saat 12:20 radələrində ünvan 2 saylı ünvanın qarşısında olan zaman 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşmış, xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirmişlər və özlərini təqdim etdikdən sonra, narkotik vasitə istifadəçisi olduğuna şübhələrin olduğunu bildirərək, onlarla birlikdə Bakı şəhəri Nəsimi RPİ-nə getməli olduğunu bildirmişlər. O, buna etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Bakı şəhəri Nəsimi RPİ-nə getmişlər. İdarədə ona bildirilmişdir ki, müdafiəçinin və mütəxəsisin iştirakları videoçəkilişdən istifadə edilməklə barəsində şəxsi axtarış və götürmə aparılacaqdır. Ona şəxsi axtarış keçirilməzdən əvvəl üzərində ola biləcək daşınması, əldə edilməsi və saxlanması qanunla qadağan edilmiş əşya və maddələri varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. O, əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən şəffaf rəngli selofan kəsiyinə bükülmüş bükümü könüllü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, o isə üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra isə üzərində şəxsi axtarış aparılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Ondan üzərindən aşkar edilmiş bükümün içərisində nə olduğu sual edildikdə o, 01 ədəd şəffaf selofan kəsiyinə bükülmüş, içərisində açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik maddənin “heroin" olduğunu bildirmişdir. Ondan həmin narkotik vasitəni haradan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirdiyi sual edildikdə isə o, uzun müddətdir ki, narkotik vasitə istifadə etdiyini, həmin bükümü 2020-ci ilin avqust ayının sonlarında «Papanin» deyilən ərazidən 100 manata əvvəllər tanımadığı, zahiri əlamətlərini xatırlamadığı, özünü “İlham” kimi təqdim etmiş şəxsdən öz istifadəsi üçün aldığını və öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra iştirakçılara həmin sellofanın içində olan narkotik vasitəyə bənzər maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmiş, əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərflərin içərisinin boş olduğu müəyyən edilmiş, bundan sonra sellofanın içərisində olan narkotik vasitəyə bənzər maddə zərfə qoyularaq zərfin ağzı Nəsimi RPİ- nin zərflər üçün nəzərdə tutulmuş “186“ nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərflərin üzəri imzalanmış, baxışın sonunda protokol yazılmış və hamı kimi o da bu protokola imza elmişdir. O, ifadəsində həmçinin bildirmişdir ki, əldə eldiyi narkotik vasitəni kiməsə satmaq, bağışlamaq və ya kiməsə hədiyyə vermək fikri olmamış, ibtidai istintaq zamanı polis əməkdaşları ona qarşı hər hansı bir fiziki güc və ya psixi təsir göstərməmiş, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2020-ei il tarixli, 6/1843 saylı rəyinə heç bir etiraz və ya vəsatəti yoxdur. Sonda törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və narkotik vasitələrdən istifadə etməklə yalnız özünə zərər verdiyini nəzərə alaraq, məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Nəsimi Rayon Polis İdarəsinin NMB-də kiçik əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2020-ci il tarixdə «Anar» adlı şəxsin Nəsimi rayonu, Novruzov qardaşları küçəsi, ev 75 ünvanının qarşısında narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi və istifadə etməsi barədə əvvəlcədən Nəsimi RPİ-nin NMB-yə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə Bakı şəhəri Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və “Anar” adlı şəxsin ifşa edilməsi və cinayət başında yaxalanması məqsədilə əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmişdir. Həmin tarixdə əməliyyat qrupunun üzvü Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə qeyd edilən ünvana yollanmışlar. Saat 12:20-də sonradan şəxsiyyəti onlara məlum olan Təqsirləndirilən şəxs ünvan 2 saylı ünvanın qarşısında saxlanılmışdır. Özlərini Təqsirləndirilən şəxs təqdim edib xidməti vəsiqələrini göstərməklə polis əməkdaşı olduqlarını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, qanunsuz olaraq üzərində gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olduğunu elan edərək əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarla tanış etmişlər. Təqsirləndirilən şəxs saxlandığı yerdə üzərində şəxsi axtarış keçirilməsi üçün uyğun şərait olmadığından onu Nəsimi RPİ-nin inzibati binasına dəvət etmişlər. Nəsimi RPİ-nin inzibati binasına gətirilmiş Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin edilmiş, eləcə də, təyin edilmiş mütəxəssisin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs şəxsi axtarışının aparılması və ondan maddi sübutun götürülməsi ilə bağlı istintaq hərəkəti keçirilməyə başlanılmışdır. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ, yan cibindən şəffaf selofan kəsiyinə bükülmüş toz formasında, açıq qəhvəyi rəngli, spesifik iyə malik maddəni çıxarıb masanın üzərinə qoymuşdur. Ondan üzərində başqa hər hansı bir əşyanın olubolmaması sual edilmiş, Anar üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin nə olduğunu deməklə təqdim etməsi təklif olunmuş, o isə sellofan kəsiyinin içərisində açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik maddənin “heroin” olduğunu bildirmişdir. Ondan həmin narkotik vasitənin haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual etdikdə, o, uzun müddətdir ki, narkotik vasitə istifadə etdiyini, həmin maddəni təxminən 10- 12 gün əvvəl Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” kimi adlanan ərazidə İlham adlı şəxsdən 100 manata öz istifadəsi üçün aldığını və öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra iştirakçılara həmin açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmiş, əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmiş, bundan sonra narkotik maddəyə bənzər maddə zərfə qoyularaq zərfin ağzı Nəsimi RPİ- nin zərflər üçün nəzərdə tutulmuş “186” nömrəli möhür ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Bundan sonra videoçokiliş hər bir iştirakçıya nümayiş etdirilmiş və bu barədə protokol tərtib edilmişdir. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamış və vəsatət qaldırılmamışdır. Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin inzibati binasına gətirilərkən və Nəsimi RPİ-nin inzibati binasında olan zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman şübhəli şəxsə üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən şəffaf selofan kəsiyinə bükülmüş toz formasında, açıq qəhvəyi rəngli, spesifik iyə malik maddəni çıxartmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmışdır. İlk öncə onun geyindiyi qara rəngli idman şalvarının sağ və sol yan ciblərinə, həmçinin şalvarın ətəyinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra əynində olan ağ rəngli üzərində qara naxışları olan köynəyin boyununa baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ayaqqabılarını soyunması tələb olunmuş, o, ayaqqabısını soyunduqdan sonra yoxlanılmış, heç bir əşya aşkar edilməmiş və ona ayaqqabısını geyinməsini və üst-başını səliqəyə salması tələb edilmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin nə olduğunu deməklə təqdim etməsi təklif olunmuşdur. O, sellofan kəsiyinin içərisində açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik maddənin “heroin” olduğunu bildirdi. Ondan həmin narkotik vasitənin haradan əldə etməsini və nə məqsədlə üzərində gəzdirməsini sual etdikdə, həmin şəxs uzun müddətdir narkotik vasitə istifadə etdiyini, 10-12 gün bundan əvvəl Bakı şəhəri Nəsimi rayonu “Papanin” kimi adlanan ərazidən tanışı “İlham” adlı şəxsdən 100 manata öz istifadəsi üçün aldığını və öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra iştirakçılara həmin açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra şəffaf selofan kəsiyinə bükülmüş toz formasında, açıq qəhvəyi rəngli, spesifik iyə malik olan narkotik maddəyə bənzər maddə zərfə qoyularaq zərfin ağzı Nəsimi Rayon Polis İdarəsinin zərflər üçün nəzərdə tutulmuş “186” nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır (i/v 53-59). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 6/1843 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “ Vət.Təqsirləndirilən şəxs aşkar olunmuş maddə...” və s. yazılar, imzalar, AR DİN “Zərflər üçün №186” möhür əksi olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 4.272 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (i/v 67-69). İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş və tədqiqata təqdim edilmiş təmiz çəkisi – 4, 272 qram narkotik vasitə hesab edilən heroinin maddi sübut kimi tanınması və tədqiqatdan sonrakı qalıq hissəsi – 4, 222 qram heroinin saxlanması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilməsi, 1 ədəd DVD diskin iş üzrə maddi sübut kimi tanınması qərara alınmışdır (i/v 142-148). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 xx xxxxxxx 2020-ci il tarixli, 2911 saylı rəyin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi nəticəsində narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi norkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 139-140). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X3 tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkumluğu ödənilmişdir (i/v 117-119). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 4(006)-551/2020 saylı qərarı ilə onun barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i/v 29- 30, 112-114). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlaması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli, ondan 109.90 (yüz doqquz manat, doxsan qəpik) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınan və Azərbaycan Respublikası DİN-in Nəsimi rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan ümumi qalıq çəkisi 4,222 qram olan narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına və Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, xx xxxxxx 2020-ci il tarixli “dövlət hesabına təyinatla müdafiəçi dəvət etmək haqqında” qərardan, ********* saylı cinayət işi üzrə tərtib edilmiş ittiham aktına əlavə edilmiş arayışdan və iş materiallarında olan “vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə” hesabatdan görünür ki, həmin cinayət işi üzrə ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən hüquqi yardım göstərilmişdir. Həmçinin Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-362/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərara əsasən xx xxxxxx 2020-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş 45 (qırx beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına 270 (iki yüz yetmiş) manat və Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 16 (on altı) iş saatı həcmində hüquqi yardımla bağlı X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 96 (doxsan altı) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadiə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhukm edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkməsinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 109.90 (yüz doqquz manat doxsan qəpik) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, ilkin çəkisi 4,272 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 4,222 qram olan narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökmün icrası Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 270 (iki yüz yetmiş) manat və məhkəmə istintaqı dövründə göstərilmiş hüquqi yardımla bağlı X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 96 (doxsan altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar