Məhkəmə qərarları › İş №1(006)-105/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-105/2022

06.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-105/2022 06.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: 5 saylı Vəkil bürosunun vəkili X1 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1965-ci ildə Kəlbəcər rayonu, Abdullauşağı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, ali təhsilli, işləməyən, məhkum olunmamış, Yevlax rayonu, Havarlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs övladı Şahid3 təhsilini davam etdirməsi üçün hərbi xidmətə çağırışa möhlət verilməsini tanışları vasitəsi ilə həll edəcəyinə dair Zərərçəkmiş şəxs yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 06 iyun 2021-ci il tarixdə Mingəçevir şəhəri, N.Nərimanov prospektində yerləşən “Dram Teatrı”n yaxınlığında ondan 500 manat dəyərində ərzaq məhsullarını və əlavə ərzaq almaq üçün 200 manat pulu, 07 iyun 2021-ci il tarixdə, saat 10 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən “Keşlə” bazarının yaxınlığında Zərərçəkmiş şəxs oğlu Şahid3 4.000 manat pulu, 14 iyun 2021-ci il tarixdə Mingəçevir şəhəri, N.Nərimanov prospektində yerləşən “Dram Teatrı”n yaxınlığında Zərərçəkmiş şəxs həmin günün məzənnəsi ilə 5,141,75 manat təşkil edən 2.500 Avro pulu, 15 iyun 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerəşən “Səməd Vurğun” bağında Şahid3 həmin günün məzənnəsi ilə 3.916,66 manat təşkil edən 1.900 Avro pulu, 1.190 manat təşkil edən 700 ABŞ dolları və 10 manat pulu, ümumilikdə 14.958,41 manat məbləğində pulu alıb ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs qardaşı Şahid4 vasitəsilə tanımışdır. Qardaşının adı Səlahəddin olsa da, tanışları onu Saday kimi tanıyır. O, 2010cu ilədək Mingəçevir şəhərində yaşamış və orada müxtəlif idarələrdə çalışmış, 2010-cu ildən etibarən isə Bakı şəhərində yaşamağa başlamışdır. Təxminən 2021-ci ilin 02-04 iyun tarixlərində Mingəçevir şəhəri yaxınlığında Yevlax rayonu, Havarlı kəndi ərazisində olan torpaq sahəsini satmaq məqsədi ilə Mingəçevirə getmiş və qardaşının evində qalmışdır. Ertəsi günü Havarlı kəndinə gedən zaman qardaşı Mingəçevirdə quşçuluq müəssisəsi işlədən Vaqif adlı tanışının olduğunu, bir müddətdir ki, ondan məlumat almadığını və yolüstü ona baş çəkəcəklərini demişdir. Beləliklə, onlar Vaqifin işlədiyi quşçuluq müəssisəsinə getmiş, ora çatdıqdan sonra Səlahəddin Vaqifi çağırıb birlikdə söhbət etmişlər. Söhbət zamanı Vaqif onlara nə qədər çalışsa da, həll edə bilmədiyi probleminin olduğunu bildirmişdir. Vaqif həmin problemin oğlu Orxanın təhsil alması ilə əlaqədar olaraq hərbi xidmətdən möhlət almaq istəyi ilə bağlı səylərinin nəticəsiz qaldığını söyləyəndə, o ona tanışları vasitəsilə kömək edə biləcəyini bildirmişdir. Daha sonra o, Vaqifə yaxın günlərdə Bakıya qayıtmalı olduğunu və getməzdən əvvəl işin həlli üçün danışıqlar aparacağı şəxsə pay kimi ərzaq aparmaq istədiyini demişdir. Vaqif də onunla razılaşmış və 06 iyun 2021-ci il tarixdə Mingəçevirdə “Kosmos” şadlıq sarayının yaxınlığında ona bir quzu, bir keçi, 5-6 kq mal əti, 5-6 ədəd ev quşu, həmçinin yol xərci və meyvə almaq üçün 200 manat vermişdir. Bakıya gələn zaman yolda Vaqif ona zəng edərək oğlu Orxanda 4.000 manat pul və sənədlərin olduğunu demişdir. O da növbəti günü Bakıda Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən “Keşlə” bazarının qarşısında Orxanla görüşmüş və ondan bu pulu və sənədləri götürmüş, həmçinin bazardan təxminən 200 manata yaxın dəyəri olan meyvə alıb yaşadığı evə getmişdir. Orxanın hərbi xidmətdən möhlət hüququ alması üçün bir neçə tanış şəxsə müraciət etmiş və ona işin həll olunması üçün 14.000 manat pul lazım olacağı məlum olmuşdur. O da bu barədə Vaqifə məlumat vermiş, sonuncu da həmin məbləğlə razılaşmışdır. 2021-ci ilin iyun ayının ortalarında hərbi komisarla danışıqlar aparmaq üçün o, Mingəçevirə gəlmiş, lakin ona rədd cavabı verildikdən sonra o, 14.06.2021-ci il tarixdə, Mingəçevirdə dəqiq ünvanı xatırlamadığı yerdə Vaqifdən 2.500 Avro pul götürmüş, bu zaman Vaqif qalan pulun isə Bakıda oğlu Orxanın ona verəcəyini bildirmişdir. 15.06.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Səməd Vurğun” bağına Orxanla görüşüb 1.900 Avro, 700 ABŞ dolları və 10 manat pulu ondan almışdır. Aldığı pula heç bir iş görə bilməmiş və onun müəyyən hissəsini xəstə olan həyat yoldaşının müalicəsi üçün xərcləmişdir. Bir neçə gündən sonra Vaqif ona zəng edərək oğlunun möhlət hüququ alması ilə bağlı məsələnin həll olunduğunu deyərək verdiyi pulu tələb etmişdir. O da Vaqifin bacanağı Talıba taksi vasitəsilə 9.000 manat pul göndərmiş, qalan pulu isə ödəyəcəyinə söz vermişdir. Həyat yoldaşının müalicəsi, daha sonra vəfatı, həmçinin özünün səhhətində yaranmış problemlə bağlı Vaqifdən aldığı pulu vaxtında qaytara bilməsə də, hazırda ona dəymiş ziyanı tam şəkildə ödəmişdir. Himayəsində əlil övladı var. Məhkəmədə dindirilməsi üçün dəvət edilməsinə baxmayaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmədə iştirak etməmiş, eyni zamanda məhkəməyə ünvanladığı ərizədə ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Tərəflərin razılığı ilə məhkəmə istintaqında zərər çəkmiş şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuşdur. Zərərçəkmiş şəxs həmin ifadəsinə əsasən o, Təqsirləndirilən şəxs qardaşı X4 vasitəsilə tanımışdır. O, Sadayın yük avtomobili sürücüsü olduğunu və 2019-cu ildə onun işlətdiyi sahibkarlıq obyektinə bir neçə dəfə tikinti materialları daşıdığını bildirmişdir. O, təxminən 02-04 iyun 2021-ci il taxində işlətdiyi Mingəçevir şəhəri, ünvan 2 ünvanda yerləşən sahibkarlıq obyektində olan zaman Saday və yanında əvvəllər tanımadığı qardaşı Yasin gəlmişdir. O, həmin ərəfələrdə oğlu Şahid3 universitetdə ali təhsilin magistr pilləsində təhsilini başa çatdırdığını və diplomunu almağı gözlədiyini, eyni zamanda doktorantura təhsili almaq üçün imtahan verməli olduğunu demiş, lakin 2021-ci ilin may ayında oğluna həmin ilin iyul ayı üçün hərbi xidmətə çağırış gəldiyini və təxminən iyul ayının ortalarında oğlu Orxanın ilk imtahanının olmalı olduğunu bildirmişdir. Buna görə də o, çalışıb Orxanın hərbi xidmətdən möhlət almasını və imtahanlarını verməsini təşkil etmək istəyirdi. Bu məqsədlə Mingəçevir şəhərində hərbi komisarlığa müraciət etmiş, lakin onlar bunun üçün gec olduğunu bildirmişlər. Söhbət zamanı Saday və Yasin ondan nə baş verdiyini soruşduqda o, vəziyyəti danışmış, həmin vaxt Yasin yüksək vəzifədə tanışlarının olduğunu desə də, onların adları və vəzifələri barədə heç nə bildirməmiş, ondan oğlunun çağırış vərəqəsi və şəxsiyət vəsiqəsini istəmişdir. Həmin vaxt Yasin hansı məbləğdə pul lazım olduğunu deməmişdir. Sabahı gün Yasin ona zəng edib Bakıya gedəcəyini, işi həll etmək üçün 4.500 manat pul və işi həll edəcək şəxsə vermək üçün ərzaq lazım olduğunu demişdir. O da təxminən 500 manat məbləğində bazarlıq edərək onu 06.06.2021-ci il tarixdə Mingəçevir şəhəri, N.Nərimanov prospektində yerləşən “Dram Teatrı”n yaxınlığında Yasinin yaşadığı evin qarşısında ona vermiş, sonuncu da ərzağı “Hyundai Elantra” markalı, boz rəngli avtomobilə qoymuşdur. Həmçinin Yasin əlavə ərzaq almaq üçün ondan 200 manat da pul almışdır. Həmin gün Bakı şəhərində “Kəşlə” bazarı yaxınlığında oğlu Orxan və Yasin görüşmüşlər, Yasin bazardan 200 manat dəyərində meyvə almış, qablaşdıraraq onun aldığı ərzaqlarla avtomobilə qoyaraq göndərmiş və Orxana işi həll edən şəxsə göndərdiyini demişdir. Orxan orada 4.000 manat pulu və sənədlərini Yasinə vermişdir. Ertəsi günü oğlu Yasinlə bir neçə idarəyə getmiş, Orxan bayırda gözləmiş, Yasin isə içəriyə daxil olmuşdur. Bir neçə gündən sonra Yasin ona zəng edərək işin həll olunması üçün əlavə 10.000 manat pulun lazım olduğunu demişdir. O da Yasinlə razılaşmış və 14.06.2021-ci il tarixdə 2.500 Avro məbləğində pulu Mingəçevir şəhəri, N.Nərimanov prospektində yerləşən “Dram Teatrı”n yaxınlığında Yasinə vermiş və həmin günü oğlu Orxan da Bakı şəhəri, Nəsimi rayonu, “Səməd Vurğun” bağında 5.000 manat pulu ona vermişdir. Orxan həmin pulu verərkən yanında bacanağı Şahid1 olmuş, yoldaşı Şahid2 isə yaxınlıqdakı avtomobildə əyləşərək mobil telefon vasitəsilə çəkiliş aparmışdır. Daha sonra o, qanuna edilmiş dəyişikliyə əsasən doktarantura qəbulu üzrə imtahanı müvəffəqiyyətlə verən çağırışçılara 3 ay müddətində möhlət hüququnun verilməsini öyrənib Yasin tərəfindən aldadıldığını başa düşmüş və ona görə Yasinə zəng edib pulu qaytarmasını istəmişdir. 17.06.2021-ci il tarixdə Yasin 9.000 manat pul göndərmiş, qalan 5.000 manat pulu, o cümlədən 500 manat dəyərində ərzaq və ərzaq üçün verdiyi 200 manat pulu isə qaytarmamışdır (İ cild, i.v.45-47). İş materiallarında olan: • Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsindən əldə olunmuş çıxarışa əsasən 14.06.2021-ci il tarixə 1 Avronun məzənnəsi 2,0567 AZN, 16.06.2021-ci il tarixə isə 2,0614 AZN, 1 ABŞ dolları 1,70 AZN təşkil edir (İ cild, i.v.20, 156-157) • Mingəçevir Şəhər Məhkəməsinin 17.09.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 17 sentyabr 2021-ci il tarixdən hesablanmış, 21.09.2021-ci il tarixli qərarı ilə isə onun barəsində seçilmiş həbs qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş və bu qətimkan tədbirinin müddəti 27.10.2021-ci il tarixədək müəyyən edilmişdir (İ cild, i.v. 86-88, 95-96); • 26.10.2021-ci il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin müddətinin uzadılmasına dair verilmiş vəsatətin müdafiəsindən Bakı şəhəri Nəsimi rayon prokuroru tərəfindən imtina edilmiş, müstəntiqin qərarı ilə onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v. 146-147, 148-149); • Zərərçəkmiş şəxs notariat qaydasında təsdiq edilmiş ərizəsinə əsasən o, Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş zərər ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur (İ cild, i.v.143); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 08.09.2021-ci il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (İ cild, i.v.58). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödəməsini və zərər çəkmiş şəxslə barışıq əldə olunmasını Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzasının yüngülləşdirən halların olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə, həmçinin onun ev dustaqlığında olduğu müddət də daxildir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında olduğu 01 ay 09 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 10 saat üçün nəzərdə tutulan 60 manat, 5 saylı Vəkil Bürosunun vəkili X2 isə 5 saat üçün nəzərdə tutulan 30 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında olduğu 01 (bir) ay 09 (doqquz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 09 (doqquz) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Yevlax rayonu, Havarlı kəndini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Yevlax rayon İcra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 10 saat üçün nəzərdə tutulan 60 (altmış) manat, 5 saylı Vəkil Bürosunun vəkili X2 isə 5 saat üçün nəzərdə tutulan 30 (otuz) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar