Məhkəmə qərarları › İş №1(006)-106/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-106/2023

30.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-106/2023 30.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 11:00 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2002-ci ildə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binsında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə təkrarən, özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 23 avqust 2022-ci il tarixdə saat 01 radələrində ünvan 3 ünvanda yerləşən Zərərçəkmiş şəxs3 Əİi oğlunun işlətdiyi ərzaq mağazasının damına qalxaraq, mağazanın tavanını sökməklə oraya qanunsuz daxil olub sonuncuya məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə ümumilikdə 1010 manat dəyərində müxtəlif markalı tütün məmulatlarını, 240 manat məbləğində xırda qəpiklərdən ibarət nağd pulu, üzərində 30 manat dəyərində və 1 manat 50 qəpik danışıq balansı olan ***-***-**-** saylı mobil nömrə altında istifadə olunan 50 manat dəyərində «Samsung C-222» markalı mobil telefon aparatını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs3 ümumilikdə 1331 manat 50 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 23 avqust 2022-ci il tarixdə saat 01 radələrində ünvan 4 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 işlətdiyi “Yağmur Telecom” mobil telefon və aksesuarların satışı mağazasının tavanını söküb oraya qanunsuz daxil olub mağazadan sonuncuya məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 200 manat dəyərində «Lenovo Z 500» markalı notebook tipli kompüteri, hər biri 30 manat olmaqla cəmi 120 manat dəyərində 04 ədəd «Barafon» və hər biri 30 manat olmaqla cəmi 120 manat dəyərində 04 ədəd «Remax» markalı enerji yığma qurğularını, hər biri 150 manat olmaqla cəmi 300 manat dəyərində 02 ədəd «A Klass airpods» tipli qulaqcıqları, hər biri 30 manat olmaqla cəmi 150 manat dəyərində 05 ədəd «AAA Klass airpods» tipli qulaqcıqları, hər biri 30 manat olmaqla cəmi 60 manat dəyərində 02 ədəd «Kgtel» markalı mobil telefonları gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 950 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 23 avqust 2022-ci il tarixdə saat 01 radələrində ünvan 3 ünvanda yerləşən Zərərçəkmiş şəxs1 İdris oğlunun işlətdiyi «Techno Home» mobil telefon və aksesuarların satışı mağazasının tavanını söküb oraya qanunsuz daxil olub mağazadan sonuncuya məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 120 manat dəyərində 32 Gb yaddaş həcmli «Samsung Note 5» markalı mobil telefonu, hər biri 35 manat olmaqla cəmi 105 manat dəyərində 03 ədəd «Samsung airpods» tipli qulaqcıqları, hər biri 120 manat olmaqla cəmi 240 manat dəyərində 02 ədəd 64 Gb yaddaş həcmli «Redmi play» markalı mobil telefonları, 01 ədəd 80 manat dəyərində 8 Gb yaddaş həcmli «Vertu» markalı mobil telefonu, 01 ədəd 30 manat dəyərində 2 Gb yaddaş həcmli «Samsung C5212» markalı mobil telefonu, hər biri 40 manat olmaqla cəmi 120 manat dəyərində 03 ədəd 8 Gb yaddaş həcmli «Samsung E 1202» markalı mobil telefonları, hər biri 25 manat olmaqla cəmi 200 manat dəyərində 08 ədəd «Kgtel» markalı mobil telefonları gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 895 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlarla özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər heç vaxt məhkum olunmamış, heç vaxt ruhi-əsəb xəstəliyi keçirməmiş və bununla bağlı müalicə almamışdır. 2022-ci il avqust ayının əvvələrində işləmək məqsədi ilə Bakı şəhərinə gəlmişdir. O, bir neçə gün Bakı şəhərində kardon (kağız) qutuları yığıb onları satmışdır. Lakin dolanışığını təmin edə bilməmişdir. Bu səbəbdən oğurluq etmək qərarına gəlmişdir. 22 avqust 2022-ci il tarixdən 23 avqust 2022-ci il tarixə keçən gecə saat təxminən 01 radələrində o, Bakı şəhəri, Nəsimi rayonu, R.Cəfərov küçəsində yerləşən telefon mağazalarının yanından keçən zaman həmin mağazalardan oğurluq etmək qərarına gəlmişdir. Mağazalar bir-birinə bitişik vəziyyətdə olmuş və damları eyni olmuşdur. O, mağazaların damına qalxaraq dam örtüyündən çardağa düşmüş və çardaqdan hər bir mağazaya daxil olmaq mümkün olmuşdur. O, ilk öncə siqaret və sair satılan mağazanın dam hissəsini sökərək mağazaya daxil olmuş və oradan təxminən 46-47 manat xırda qəpik pullar, 6 ədəd müxtəlif markalı siqaret, içərisində mobil nömrə olan «Samsung duos» markalı sadə telefonu götürmüş və mağazanın damına qalxaraq çardaqla bir qədər hərəkət edib digər mağazanın damını söküb oraya daxil olmuşdur. Həmin mağaza mobil telefon və aksesuarlar satılan mağaza olmuşdur. O, oradan 2 ədəd markalarını bilmədiyi sadə mobil telefon, 7 ədəd qulaqcıq, 6 ədəd enerji yığılması üçün nəzərdə tutulmuş «poverbank» adlı qurğuları, 1 ədəd «LenovoZ500» markalı «notebook» kimi adlanan qurğunu götürərək divarda olan dəmirlərdən istifadə etməklə dama qalxmış və oradan çardaqla bir qədər hərəkət edib digər mağazanın damını sökmüş və mağazaya daxil olmuşdur. Həmin mağazadan isə ittihamda göstərilən sayda yəni 16 ədəd deyil, təxminən 7-8 ədəd sensorlu və sadə mobil telefonlar, bir neçə ədəd qulaqcıq oğurlamış və divarda olan dəmirlərdən istifadə etməklə çardağa qalxmış, oradan isə damdan çıxaraq hadisə yerindən uzaqlaşmışdır. Həmin oğurladığı əşyaları «Əcəmi» dairəsi yaxınlığında yerləşən binanın blokunun birinci mərtəbəsində gizlətmişdir. Bir neçə gündən sonra isə o, həmin oğurladığı əşyalardan 7 ədəd mobil telefonu götürərək «Əcəmi» metrostansiyasının yaxınlığında olan tanımadığı şəxslərə satmışdır. Sonrakı gün o, oğurladığı əşyaların yanına gedən zaman həmin əşyaların yerində olmadığını görmüşdür. Başa düşmüşdür ki, həmin əşyaları kimsə götürmüşdür. Bundan əlavə o, oğurladığı «notebooku» həmin binanın arxasında kolluqda gizlətmişdir. Bir həftə sonra isə həmin “Lenovo Z500” markalı «notebook»u Neftçilər metrosu yaxınlığında yerləşən lombarda qoymuş və əvəzində 76 manat pul götürmüş və yaşadığı Bərdə rayonuna qayıtmışdır. Bu hadisədən bir neçə ay keçəndən sonra 10 noyabr 2022-ci il tarixdə Sumqayıt şəhərinə gəlmişdir. Həmin şəhərdə onun bacısıgil yaşamışdır. 21 noyabr 2022-ci il tarixdə isə onu Nəsimi RPİ-nin əməkdaşları «Əcəmi» metrostansiyası yaxınlığında saxlamışlar. Qeyd etdiyi oğurluq hadisəsini törədən zaman tək olmuşdur. Oğurladığı əşyalardan heç biri hazırda onda yoxdur. O, həmin mağazalarda təxminən 1 saata yaxın olmuş və xoşuna gələn əşyaları götürmüşdür. O, oğurluq etdiyi mağazalardan ifadəsində göstərdiyi əşyaları oğurlamış, başqa əşya oğurlamamışdır. Törətdiyi cinayət əməllərini etiraf edərək peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını bildirərək, barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 İdris oğlu verdiyi ifadəsində göstərmişdir ki, təxminən 1 ildən çoxdur ki, ünvan 5 ünvanında yerləşən “Techno Home” mağazasını icarə əsasında işlədir. Hər gün səhər saat 08:00-da mağazanı açır və axşam saat 21:00-da bağlayır. Həmin mağazanı özü tək işlədir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə işlətdiyi həmin mağazanı axşam saat 21:00-da bağlamışdır. Səhərisi gün yəni, xx.xx.2022-ci il tarixdə saat 08:00 radələrində yenidən mağazanı açarkən həmin mağazanın dam örtüyünün qoparılmasının şahidi olmuşdur. Daha sonra qapını açaraq içəriyə daxil olduqda içərinin dağınıq vəziyyətdə olduğunu görmüş və artıq anlamışdır ki, o, olmayan zaman mağazasına naməlum şəxs(lər) daxil olmuşdur. Bu zaman o, mağazasına baxarkən orada olan bir çox satdığı mobil telefon və aksessuarlarının olmadığını aşkar etmişdir. Mağazanın içərisində masanın üzərində olan 01 ədəd 2015-ci il buraxılışlı Çin istehsalı 32 GB yaddaş həcmli 120 manat dəyərində olan “Samsung Note 5” markalı mobil telefon və vitrinə qoyduğu 3 cüt 2020-ci il Çin istehsalı 1 cütü 35 manat ümumilikdə 105 manat dəyərində olan “Samsung airpods” markalı qulaqcıq, 02 ədəd 2018-ci il buraxılışlı Çin istehsalı 64 yaddaş həcmli 1 ədədi 120 manat ümumilikdə 240 manat dəyərində olan “Redmi play” markalı mobil telefon, 1 ədəd Çin istehsalı 2016-cı il buraxılışlı 8 yaddaş həcmli 80 manat dəyərində olan “Vertu” markalı mobil telefon, 01 ədəd Çin istehsalı iki sim kartlı 2 gb yaddaş həcmli qara rəngli 30 manat dəyərində olan Samsung C5212, 03 ədəd Çin istehsalı iki sim kartlı 8 gb yaddaş həcmli qara rəngli 01 ədədi 40 manat ümumilikdə 120 manat dəyərində olan Samsung E1202 markalı mobil telefon, 08 ədəd Çin istehsalı olan 2020-ci il buraxılışlı 1 ədədi 25 manat ümumilikdə 200 manat dəyərində olan “Kgtel” markalı sadə mobil telefonların olmadığını aşkar etmiş və bu barədə dərhal DİN-in 102 xidmətinə məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi ilə bağlı şübhələndiyi heç kəs yoxdur. Əgər ona dəyən ziyan ödənilərsə təqsirləndirilən şəxsin həbs olunmasını istəməzdir. Ona dəyən ziyan təxmini olaraq 800-900 manat civarındadır. Hazırda təqsirləndirilən şəxsə təyin olunacağı cəzanı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, ittiham aktı ilə tamamilə razı deyil. O, uzun müddət müəllim kimi çalışmışdır. Hesab edir ki, istintaq orqanı tərəfindən ibtidai istintaq düzgün aparılmayıb. Təqsirləndirilən şəxs bu əməli tək törətməmiş, kimlərsə ona kömək etmişdir. Çünki bu təqsirləndirilən şəxsin tək edə biləcəyi əməl deyil. Təqsirləndirilən şəxs də ona kömək edən şəxslərin adını vermək istəmir. Hadisə baş verən günü onun telefonu oğurlanıb. Hadisədən sonra 3-5 gün ərzində telefonda olan nömrə açıq olub. O bir neçə dəfə zəng etmişdir. Telefonu açan şəxs ona bildirmişdir ki, telefonu qaytaracaq, onlar görüş günü təyin etmiş, saatlarla zəng etsə də, telefona cavab verən şəxs telefonu gətirməmişdir. Daha sonra zəng etdikdə isə telefona başqa adam cavab verdiyini səslərin fərqliliyindən başa düşmüşdür. Hətta ona məxsus olan telefondan nömrə oğurlandıqdan sonra 2 dəfə nömrə ilə kredit götürülmüşdür. Daha sonra məcbur olub nömrəni bağlatdırmışdır. Hadisədən sonra təqsirləndirilən şəxsin atası ilə görüşmüşdür. Ona da bildirmişdir ki, istəməz onun oğlu tutulsun. Əgər ona dəyən ziyan ödənilərsə o da şikayətçi olmaz. ünvan 3 ünvanda yerləşən ticarət köşkünü 2016-cı ildən tək özü işlədir. Mağazanı hər gün saat 08:00 radələrində açır, axşam saat 22-23 radələrində isə bağlayır. 22 avqust 2022-ci il tarixdə təxminən saat 22:30 radələrində işlədiyi, ünvan 5 ünvanda yerləşən ticarət köşkünü bağlayıb evinə getmişdir. xx.xx.2022-ci il tarixdə saat 08:00 radələrində ticarət köşkünü açarkən naməlum şəxslər tərəfindən köşkün dam örtüyü, yəni tavan hissəsinin qopardılaraq içəri qanunsuz daxil olma yolu ilə köşkdən 30 blok, hər blokda 10 ədəd olmaqla müxtəlif çeşidli ümumi dəyəri 895 manat olan tütün məmulatlarının, 115 manat dəyərində açıq qutuda olan müxtəlif çeşidli siqaretlər, təxminən 240 manat xırda pulların, eləcə də özünə məxsus üzərində 30 manata aldığı ***-***-**-** GSM nömrəsi olan «Samsung C-222» markalı, qara rəngli həmçinin İMEİ kodunu bilmədiyi sadə telefonunun oğurlandığını aşkar etmişdir. O, dərhal DİN-in «102» xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqə keçmiş polis əməkdaşları gəlib sənədləşmə aparmışlar. Sonra o, Nəsimi RPİ-nin 20-ci polis bölməsinə dəvət olunmuş, orada ərizə və izahat yazmışdır. O, oğurluq edən şəxsi tanımır və onunla heç bir münasibəti olmamışdır. Lakin «malış» ləqəbli bir nəfər 25-30 yaşlarında olan və əvvəllər oğurluq hadisəsi törətdiyindən məhkum olunmuş həmin şəxsdən şübhələnir. Köşkdən təxminən 240 manat xırda pullar, təxminən 50 manat dəyərində üzərində 30 manata aldığı ***-***-**-** GSM nömrəsi olan «Samsung C-222» markalı, qara rəngli mobil telefonu, 895 manat dəyərində isə müxtəlif çeşidli siqaretlər və 115 manat dəyərində açıq qutuda olan müxtəlif çeşidli siqaretlərin oğurlanması nəticəsində ona ümumilikdə 1330 manat maddi ziyan dəymişdir. İfadəsinin sonunda, ona dəymiş ziyanın ödənilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təxminən 1 ildir ki, Bakı şəhəri, Nəsimi rayonu, R.Cəfərov küçəsi 24 ünvanında yerləşən “Yağmur” telefon mağazasını aylıq icarə müqaviləsi əsasında işlədir. Belə ki, o, gündəlik olaraq işlətdiyi sözügedən mağazanı səhər saat 09:00 radələrində açaraq, axşam saat 21:00 radələrində bağlayıb yaşadığı ünvana gedir. xx.xx.2022-ci il tarixdə təxminən saat 21:00 radələrində o, işlətdiyi mağazanı bağlayaraq, yaşadığı ünvan 6 ünvanına getmişdir. Ertəsi günü, yəni xx.xx.2022-ci il tarixdə təxminən saat 09:30 radələrində o, işlətdiyi sözügedən telefon mağazasına yaxınlaşan zaman mağazanın tavanının naməlum şəxs tərəfindən naməlum əşya ilə kəsilərək, mağazanın içərisindən 1 ədəd 1 il istifadə olunmuş “Lenovo Z500” markalı notebook, 4 ədəd hər biri 30 manat dəyərində olan «Barafon» və 4 ədəd hər biri 30 manat dəyərində olan «Remax» enerji yığmaq üçün nəzərdə tutulmuş qurğular, 2 ədəd hər biri 150 manat dəyərində olan «airpods» qulaqcıqları, 5 ədəd hər biri 30 manat dəyərində olan «airpods» qulaqcıqları, 2 ədəd “Kgtel” markalı mobil telefonların oğurlanmasını aşkar etmiş və ərazi üzrə Nəsimi RPİ-nin 20-ci PB-nə ərizə ilə müraciət etmək qərarına gəlmişdir. İşlətdiyi mağazanın vitrin şüşələri oğurluq edən şəxs tərəfindən həmin hadisə zamanı sındırılmışdır. Hadisə nəticəsində ona ümumilikdə 950 manat maddi ziyan dəymişdir. İfadəsinin sonunda, ona dəymiş ziyanın ödənilməsini məhkəmədən xahiş etdiyini, təyin olunacaq cəzanı isə məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Müdafiə tərəfi Şahid məhkəmə baxışında iştirakını tələb etmədiyindən məhkəmə tərəfindən Şahid ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 1 il olar ki, ünvan 7 ünvanda yerləşən «İmişli telekom» adlı mağazada satıcı işləyir. Həmin mağaza faktiki olaraq lombard kimi fəaliyyət göstərir, yəni mobil telefon və kompüterlərin alqı-satqısı ilə məşğul olur. 26 avqust 2022-ci il tarixdə o, işdə olan zaman bir nəfər adını sonradan bildiyi Təqsirləndirilən şəxs mağazaya gəlib işlənmiş «notebook» tipli kompüteri satmaq istədiyini bildirmişdir. O, həmin «notebook» tipli kompüteri götürüb baxdıqda «Lenovo Z500» markalı olduğunu müəyyən etmişdir. Təqsirləndirilən şəxs təqdim eldiyi kompüteri o, mağazada olan ustaya göstərmiş və həmin kompüterə 60 manat pul verə biləcəklərini demişdir. Təqsirləndirilən şəxs də razılaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsini təqdim etmiş və o, şəxsiyyət vəsiqəsinin surətini çıxarmışdır. Daha sonra mağazada olan qeydiyyat jurnalında müvafiq qeydlər aparmaqla həmin jurnalda Təqsirləndirilən şəxs özünə imza etdirmişdir. Daha sonra Təqsirləndirilən şəxs 60 manat pul verib onu yola salmışdır. Təqsirləndirilən şəxs kompüterin özünə məxsus olduğunu bildirmiş, o, həmin kompüterin oğurluq olmasını bilməmişdir. Təqsirləndirilən şəxs kompüterdən başqa mağazalarına heç nə satmamışdır. Həmçinin sonradan həmin kompüteri tanımadığı müştəriyə satmışlar. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 dekabr 2022-ci il tarixli, 9/8902 nömrəli rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən «Samstıng C-222» markalı mobil telefonun 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə 15 manat, «Lenovo Z500» markalı «notebook» tipli kompüterin 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə 160 manat, Çin istehsalı AAA Klass «airpods» tipli qulaqcığın 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə 20 manat, A Klass «airpods» tipli qulaqcığın 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə 20 manat, Çin istehsalı 2015-ci il buraxılışlı 32 Gb yaddaş həcmli «Samsung Note 5» markalı mobil telefonun 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə 120 manat, Çin istehsalı 2018-ci il buraxılışlı 64 Gb yaddaş həcmli «Redmi Play» markalı mobil telefonun 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə 100 manat, Çin istehsalı 2 Gb yaddaş həcmli «Samsung C5212» markalı mobil telefonun 2022ci ilin avqust ayına olan orta bazar qiyməti ilə 30 manat, Çin istehsallı 8 Gb yaddaş həcmli «Samsung E1202» markalı mobil telefonun 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə 15 manat olmaqla ümumilikdə 480 manat müəyyən edilir. Qərarda göstərilən digər mallar haqqında kifayət qədər məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır.( i/v 192-194). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 noyabr 2022-ci il tarixli, 9/7930 nömrəli rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən 2015-ci il buraxılışlı Çin istehsalı 32 Gb yaddaş həcmli «Samsung Note 5» markalı mobil telefonun 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə 100 manat, 2018-ci il buraxılışlı Çin istehsalı 64 GB yaddaş həcmli «Redmi Play» markalı mobil telefonun 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə 120 manat, 2016-cı il buraxılışlı Çin istehsalı 8 Gb yaddaş həcmli «Vertu» markalı mobil telefonun 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə 50 manat, Çin istehsalı iki sim kartlı 2 Gb yaddaş həcmli qara rəngli «Samsung C5212» markalı mobil telefonun 2022-ci ilin avqust avına olan orta bazar qiyməti ilə 20 manat, Çin istehsalı iki sim kartlı 8 GB yaddaş həcmli qara rəngli «Samsung E1202» markalı mobil telefonun 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə 20 manat, Çin istehsalı olan 2020-ci il buraxılışlı «Kgtel» markalı mobil telefonun 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə 20 manat olmaqla ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 630 manat müəyyən edilir. Digər 03 cüt 2020-ci il Çin istehsalı «Samsung airpods» markalı blutuzlu qulaqcıqlar haqqında ətraflı məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır.(i/v 195-198). İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 4(006)-605/2022 saylı, 23 noyabr 2022-ci il tarixli qərarı ilə barəsində 02 (iki) ay müdətinə həbs qətimkan tədbiri seçilmişdir.(i/v 56, 167-172). İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 4(006)-35/2023 saylı, 18 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün, yəni 11 fevral 2023-cü il tarixədək uzadılmışdır.( i/v 270-275). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i/v 188). İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 23 avqust 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanda yerləşən «Techno Home» adlı mağazadır. (i/v 4-19). İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 23 avqust 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 4 ünvanda yerləşən «Yağmur» adlı mağazadır. (i/v 77-88) İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 23 avqust 2022ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanda yerləşən ərzaq mağazasıdır. (i/v 107-109). İş materiallarında olan “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 8 ünvanda yerləşən mağazalara hansı qaydada daxil olduğuna, həmin mağazalardan haradan oğurluq etdiyini hadisə yerində əyani göstərmiş və hadisə yerində istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. (i/v 66-70). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 21 noyabr 2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilmədən saxlanılmalı, ondan ekspertiza xərci olan 100 (yüz) manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Pro Bono” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-106/2023 saylı, 27 yanvar 2023-cü il tarixli qərara əsasən 02 fevral 2023-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi “Pro Bono” Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 21 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 100 (yüz) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Pro Bono” Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar