Məhkəmə qərarları › İş №1(006)-106/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-106/2024

12.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-106/2024 12.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 12:45 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Təcrəddin oğlu, onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1985-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Təcrəddin oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Təcrəddin oğlu binaya qanunsuz daxil olub özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 11 sentyabr 2023-cü il tarixdə saat 00:02-də ünvan 2 ünvanda yerləşən “Kərbəlayi Abdullah” məscidinin plastik pəncərəsini əli ilə güc tətbiq edib açdıqdan sonra oradan məscidin ibadət otağına qanunsuz daxil olub həmin gün saat 00:16-da məsciddən götürdüyü bıçaqla axund otağının kilidini sındıraraq otaqda qoyulmuş dəmir seyfin kilidini bıçaq vasitəsilə açıb seyfdə olan məscidin axundu Zərərçəkmiş şəxs məxsus həmin günün məzənnəsi ilə 892 manat 50 qəpik təşkil edən 525 ABŞ dolları, həmin günün məzənnəsi ilə 1277 manat 50 qəpik təşkil edən 700 avro və 17800 manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdarda 19.970 (on doqquz min doqquz yüz yetmiş) manat məbləğində maddi ziyan vuraraq oğurluq elmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Təcrəddin oğlu ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, əvvəllər məhkum olunmuşdur və hadisədən bir neçə ay əvvəl Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 155 ünvanında yerləşən “Kərbəlayi Abdullah” məscidinə gedərək məscidin axundu işləyən Zərərçəkmiş şəxs maddi imkanının olmadığını bildirərək pul istəmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs seyfdən pul götürərək ona 10 manat pul vermişdir. Buna görə də, o həmin seyfdə pul olduğunu bilmişdir. Bundan sonra, o, maddi imkanı zəif olduğundan həmin seyfdən pulları oğurlamaq qərarına gəlmişdir. 10 sentyabr 2023-cü il tarixdə saat 23 radələrində həmin məscidə oğurluq etmək üçün getmiş və bir müddət məscidin ətrafında gəzdikdən sonra ətrafda heç kimin olmamasına əmin olduqdan sonra saat 00:05 radələrində məscidin yanında olan yaşayış evlərinin ümumi həyətinə daxil olmuşdur. Belə ki, həmin həyətin qapısı həmişə açıq olmuş və məscidin pəncərəsi həmin həyətə doğru yönəlmişdir. Həmin həyətə daxil olduqdan sonra məscidin plastik pəncərəsini dəmir vasitəsilə kilidini aralayaraq açmış və bundan sonra məscidə daxil olmuşdur. Əvvəlcə məsciddə olan nəzir qutusunun kilidini sındırmış, həmin nəzir qutusunda dəmir pul əskinazları görmüşdür, lakin, götürməmişdir. Daha sonra axundun otağına daxil olmaq üçün məsciddə olan 2 ədəd bıçaq vasitəsilə otağın qapısının kilidini sındırmış və otağa daxil olmuşdur. Bundan sonra seyfin kilidini də bıçaq vasitəsilə açmışdır. Daha sonra seyfdə olan pulları götürmüşdür və məscidi tərk etmişdir. Məscidi tərk etdikdən sonra götürdüyü pulları saymış və 525 ABŞ dolları, 700 Avro və 5000 manat olmasını görmüşdür. Oğurluq yolu ilə əldə etdiyi pulları məsciddən çıxararaq bir müddət piyada getdikdən sonra taksi vasitəsilə Bakı şəhəri Nizami rayonunda yerləşən “Bakcell Arena” futbol meydançasının yaxınlığında yerləşən internet kluba getmiş, həmin taksi onu bayırda gözləmiş, o isə internet klubda gecə növbəsi işləyən Elsevər adlı şəxsə 1100 manat pulu saxlaması üçün vermiş, orada olan tanışları “Qara” ləqəbli şəxsə 600 manat və sonuncunun qardaşı Hüseyn adlı şəxsə 300 manat vermiş, daha sonra isə xarici valyutaları Azərbaycan manatına dəyişmək üçün bayırda onu gözləyən taksi vasitəsilə yenidən şəhər istiqamətində getmişdir. Lakin bir neçə ünvana baxdıqdan sonra açıq olan valyuta dəyişmə məntəqəsi tapa bilməmiş və yenidən qeyd etdiyi internet kluba qayıtmışdır. O, taksi sürücüsünə 100 manat pul vermiş, daha sonra 700 Avro və 500 ABŞ dolları pulu gecə növbəsində işləyən Rafiq adlı şəxsə həmin pulları səhəri gün bankda Azərbaycan manatına dəyişməsi üçün vermişdir. Bundan sonra isə “Qara” ləqəbli şəxslə birlikdə Bakı şəhəri, Nizami rayonu “Star” adlı idman mərkəzinin yaxınlığında yerləşən adını bilmədiyi masaj salonuna getmiş, həmin masaj salonunda bir neçə qadınla cinsi əlaqədə olmuş, eləcə də, yeyib içmiş, həmin masaj salonunda da 1900 manat pul xərcləmiş, səhər isə saat 12 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Malibu” adlı kluba getmiş və orada da Ayan adlı qadınla cinsi əlaqədə olaraq 150 manat pul vermiş, yerdə qalan 850 manat pulu isə taksilərə, marketlərə və s. digər xırda şeylərə xərcləmişdir. Qeyd olunan şəxslər pulların oğurluq yolu ilə əldə edildiyini bilməmişdir, həmin şəxslərə pulun xarici ölkədən qohumlarının göndərdiyini bildirmişdir. İfadəsinin sonunda əməlindən peşman olduğunu bildirərək, məhkəmədən barəsində aşağı həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, o, uzun müddətdir Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 155 ünvanında yerləşən “Kərbalayi Abdullah” məscidinin axundu vəzifəsində işləyir. Həmin məsciddə Şahid2 icma nümayəndəsidir və gündəlik olaraq namaz vaxtlarında məsciddə olur. 11 sentyabr 2023-cü il tarixdə saat 04:20 radələrində Şahid2 ona zəng edərək məscidə naməlum şəxsin daxil olaraq “axund otağı”nda seyfdən oğurluq edildiyini bildirmişdir. Bundan sonra, o dərhal məscidə getmişdir. Məsciddə olduğu zaman ibadət otaqlarından birinin pəncərəsinin qanunsuz müdaxilə edilməklə açıldığı, axund otağının qapısının kilidinin sındırıldığını, eləcə də, “axund otağı”nda seyfin kilidinin sındırılmasını görmüşdür. Seyfin içərisinə baxdıqda orada saxladığı özünə məxsus olan 17800 Azərbaycan manatı, 525 ABŞ dolları və 700 Avro pul, cəmi 20.000 (iyirmi min) manat pulun oğurlandığını aşkar etmişdir. Bundan sonra videokameralara baxdıqda sonradan şəxsiyyəti ona tam məlum olan Təqsirləndirilən şəxs Təcrəddin oğlunun məscidə pəncərəni qanunsuz yolla müdaxilə edib açmaqla daxil olduğunu, eləcə də, “axund otağı”nın kilidinin əlindəki vasitə ilə sındırılaraq açdığını görmüşdür. Təqsirləndirilən şəxs əvvəllərdə həmin məscidə daxil olaraq az məbləğdə ianə pullarını oğurlamış və bu barədə polisə məlumat verilsə də, sonuncu barəsində hər hansı tədbir görülməmişdir. Onun seyfdə saxladığı 20.000 manat pul avtomobilinin satışından əldə edilmiş və həmin pullar bir neçə gün sonra banka yerləşdiriləcəkdi. Daha sonra polis əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılmış və ona dəymiş ziyandan 1100 manat, 525 ABŞ dolları və 700 Avro məbləğində pul ona qaytarılmışdır. Hal-hazırda ona dəymiş ziyan tam olaraq ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs Təcrəddin oğlunu əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 155 ünvanında yerləşən “Kərbəlayi Abdullah” məscidinin icma nümayəndəsidir. Buna görə də, gündəlik olaraq həmin məscidə namaz vaxtlarında gedir. 11 sentyabr 2023-cü il tarixdə saat 04 radələrində yenidən həmin məscidə getdikdə məscidin otaqlarından birinin pəncərəsinin açıq olmasını, yəni bayırdan müdaxilə edilərək açılmasını, axund otağının qapısının kilidinin sındırılmasını və axund otağında olan seyfin də kilidinin sındırılmasını görmüşdür. Bundan sonra dərhal məscidin axundu Zərərçəkmiş şəxs zəng edərək baş vermiş hadisəni danışmış, daha sonra isə DİN-in 102 xidmətinə də zəng edərək məlumat vermişdir. Məscidin axundu Zərərçəkmiş şəxs və polis əməkdaşları gəldikdən sonra seyfdən Zərərçəkmiş şəxs məxsus 20000 manat pulun oğurlanması məlum olmuşdur. Daha sonra aparılmış araşdırma nəticəsində oğurluq əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi məlum olmuşdur. Təqsirləndirilən şəxs əvvəllərdə məscidə daxil olaraq ianə pullarını oğurlamış, lakin həmin pullar az məbləğdə olduğundan onun barəsində hər hansı tədbir görülməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs Təcrəddin oğlunu əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, hadisə vaxtı “Skarpion” adlı kafedə işləmişdir. 10 sentyabr 2023-cü il tarixdə saat 23:30 radələrində həmin kafeyə yenidən getmiş və saat 02:30 radələrində sonradan adını bildiyi Təqsirləndirilən şəxs yanında 1 nəfər azyaşlı, digəri isə 22-23 yaşında olan şəxslərlə birlikdə kafeyə gəlmişdir. Həmin şəxslər bir müddət yeyib-içmişlər, eləcə də, o və digər iş yoldaşlarını da dəvət etdikləri üçün birlikdə oynamışdırlar. Təqsirləndirilən şəxs ilə oynayan zaman ona və digər iş yoldaşlarına 10, 20 və 50 manatlıq əskinazlarda pullar verilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs yanındakı digər şəxslərlə birlikdə əyləndikdən bir müddət sonra oranı tərk etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs Təcrəddin oğlunu əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Hadisə vaxt “Skarpion” adlı kafedə ofisiant olaraq işləmişdir. 10 sentyabr 2023-cü il tarixdə saat 22 radələrində işlədiyi kafeyə getmiş və bir müddət işlədikdən sonra saat 02:30 radələrində sonradan adını bildiyi Təqsirləndirilən şəxs yanında 2 nəfər azyaşlı şəxslərlə birlikdə kafeyə gəlmişdirlər. Həmin şəxslər bir müddət yeyib-içmişlər, eləcə də, o və digər iş yoldaşlarını da dəvət etdikləri üçün birlikdə oynamışdırlar. Təqsirləndirilən şəxs ilə oynayan zaman ona və digər iş yoldaşlarına sonuncu tərəfindən pullar verilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs yanındakı digər şəxslərlə birlikdə əyləndikdən bir müddət sonra oranı tərk etmişdir. Şahidlər Şahid3 xx.xx.2024-cü il tarixdə, Şahid1 isə xx.xx.2024-cü il tarixdə, həmçinin Şahid6 xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq məhkəmədə iştirak edə bilməyəcəklərini və ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etdiklərini bildirmişlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317-ci maddəsinə əsasən şahidlər Şahid3, Şahid1 və Şahid6 iştirakları olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişlər. İş materiallarına əlavə olunmuş 11 sentyabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yerinin ünvan 2 ünvanda yerləşən “Kərbəlayi Abdullah” məscidi, həmin məscidə pəncərəni açma üsulu ilə daxil olunması, axund otağının qapısının kilidinin sındırılması ilə otağa daxil olunması və axund otağında olan dəmir seyfin kilidinin sındırılması yolu ilə orada olan pulların götürülməsi müəyyən edilmiş, iş üçün əhəmiyyət kəsb edə biləcək 02 ədəd bıçaq götürülmüş, hadisə yerinin fotoşəkilləri çəkilərək, eləcə də, videogörüntüləri özündə əks etdirən 01 ədəd CD disk protokola əlavə edilmişdir. (i/v 7-17). İş materiallarına əlavə edilmiş 12 sentyabr 2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs Təcrəddin oğlu 12 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 4(006)-446/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə onun barəsində 11 dekabr 2023-cü il tarixədək “həbs” qətimkan tədbiri seçilmiş və həmin məhkəmənin 08 dekabr 2023-cü il tarixli qərarına əsasən həbsdə saxlanılma müddəti 31 dekabr 2023-cü il tarixədək uzadılmışdır. (i/v 54-55, 106-109, 229-231). İş materiallarına əlavə edilmiş 12 sentyabr 2023-cü il tarixli “Əşyaya baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı 1100 manat pulun 10 ədəd 100 manatlıq və 2 ədəd 50 manatlıq kağız pul əskinazları şəklində olması, 525 ABŞ dollarının 5 ədəd 100 ABŞ dolları, 1 ədəd 20 ABŞ dolları və 1 ədəd 5 ABŞ dolları pul əskinazları şəklində olması, 700 Avronun isə 1 ədəd 500 avro və 10 ədəd 20 avro pul əskinazları şəklində olması müəyyən edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs Təcrəddin oğlu həmin pulları “Kərbəlayi Abdullah” məscidindən oğurladığını təsdiqləmişdir. (i/v 68). İş materiallarına əlavə edilmiş “Valyuta.com” saytından əldə edilmiş çıxarışdan görünür ki, valyuta üzrə 525 ABŞ dollarının 892,50 manat və 700 Avronun 1277,50 manat olması müəyyən edilmişdir. (i/v 71-72). İş materiallarına əlavə edilmiş 13 sentyabr 2023-cü il tarixli “DVD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı həmin diskdə hadisə yerində olan “Kərbəlayi Abdullah” məscidində yerləşdirilmiş videokameradan götürülmüş 3 ədəd videogörüntü öz əksini tapır. Həmin videogörüntülərin birincisinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Təcrəddin oğlu məscidin pəncərəsindən içəri daxil olur. İkinci videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Təcrəddin oğlu 11 sentyabr 2023-cü il tarixdə saat 00:02-də məsciddə axund otağının qapısının kilidini əlindəki vasitə ilə açmağa çalışır və videogörüntünün qurtarma tarixinədək yəni ki, saat 00:04-dək qapını aça bilmir. Üçüncü videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, saat 00:16-da Təqsirləndirilən şəxs Təcrəddin oğlu axundun otağının qapısını açaraq içəri daxil olur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs Təcrəddin oğlu videogörüntüdə olan şəxsin özü olmasını təsdiq edərək, axundun otağına daxil olduqdan sonra seyfdə olan pulu oğurladığını bildirmişdir. (i/v 90). Məhkəmə baxışı zamanı videogörüntüyə baxış keçirilmiş və baxış zamanı 13 sentyabr 2023-cü il tarixli “DVD diskə baxış keçirilməsi haqqında” protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. İş materiallarına əlavə edilmiş “maddi sübut kimi tanımaq haqqında” 07 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus 1100 manat, 525 ABŞ dolları və 700 Avro pullar maddi sübut kimi tanınmış və zərərəçəkmiş şəxsə qaytarılması qərara alınmışdır. (i/v 144). İş materiallarına əlavə edilmiş 07 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, 1100 manat, 525 ABŞ dolları və 700 Avro pullar Zərərçəkmiş şəxs təhvil verilmişdir. (i/v 146). İş materiallarına əlavə edilmiş “sübutların qiymətləndirilməsi haqqında” 05 dekabr 2023-cü il tarixli qərardan görünür ki, hadisə yerinə baxış zamanı götürülmüş və oğurluq hadisəsi zamanı istifadə edilmiş 02 ədəd bıçaq maddi sübut kimi tanınmış və saxlanılması üçün Nəsimi RPİ-nin Növbətçi Hissəsinin saxlancına təhvil verilmişdir. (i/v 190-201). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X4 “kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının” 30 oktyabr 2023-cü il tarixli, 3026 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Təcrəddin oğlunda Yüngül kəmağıllılıq (debillik dərəcəsində oliqafreniya) müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təcrəddin oğlunda aşkar edilən kəmağıllıq o dərəcədə ifadə olunmayıb ki, o, qərarın təsviri hissəsində göstərilən əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Buna görə də Təqsirləndirilən şəxs Təcrəddin oğlu törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs təcrəddin oğlunun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs Təcrəddin oğlunun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs Təcrəddin oğlunda hadisəni törətməzdən əvvəl psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs Təcrəddin oğlunun əqli inkişafında əqli inkişafında yüngül gerilik aşkar olunur. Səthilik, sadəlöhvlük, eqosentrizm kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs Təcrəddin oğlunda hadisədən əvvəl ekstremal psixi vəziyyətdə (fizioloji affekt, stress, emosional-psixi gərginlik, frustrasiya və s.) olmamışdır. (i/v 182-184). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Təcrəddin oğlu əvvəllər bir neçə dəfə məhkum olunmuşdur, sonuncu dəfə Binəqədi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, barəsində 03 (üç) il 06 (altı) ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i/v 148-150, 152-157). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Təcrəddin oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsi, zərəçəkmiş şəxsin və şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Təcrəddin oğlunun məhkəmə iclasında ümumilikdə 7000 (yeddi min) manat oğurluq etməsi ilə əlaqədar verdiyi ifadə hissəsi həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu və digər iş materialları ilə təqsirləndirilən şəxsin ümumilikdə 19970 (on doqquz min doqquz yüz yetmiş) manat pul məbləğində ziyan vurması öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Təcrəddin oğlunun məhkəmə iclasında ümumilikdə 7000 (yeddi min) manat oğurluq etməsi ilə əlaqədar verdiyi ifadə hissəsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs Təcrəddin oğlunun törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi 06 sentyabr 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan Cinayət Məcəlləsi yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunvericilik həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs Təcrəddin oğlunun əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunması və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hallara aiddir. Məhkəmə Təqsirləndirilən şəxs Təcrəddin oğlunun əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Təcrəddin oğluna Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Təcrəddin oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 12 sentyabr 2023-cü il tarixdən hesablanmalı, iş üzrə maddi sübut kimi tanınmış 1100 manat, 525 ABŞ dolları və 700 Avro məbləğində pulun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Nəsimi RPİ-nin Növbətçi Hissəsinin saxlancına təhvil verilmiş hadisə yerinə baxış zamanı götürülmüş və oğurluq hadisəsi zamanı istifadə edilmiş “02” ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Göstərilmiş hüquqi yardımla bağlı isə məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra Təqsirləndirilən şəxs Təcrəddin oğlunun müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(006)-521/2023 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. 22 dekabr 2023-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs Təcrəddin oğluna göstərilmiş 28 (iyirmi səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 168 (yüz altmış səkkiz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Təcrəddin oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Təcrəddin oğlunun cəza çəkməsinin əvvəli 12 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Təcrəddin oğlu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Təcrəddin oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 1100 manat, 525 ABŞ dolları və 700 Avro məbləğində pulun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Nəsimi RPİ-nin Növbətçi Hissəsinin saxlancına təhvil verilmiş, hadisə yerinə baxış zamanı götürülmüş və oğurluq hadisəsi zamanı istifadə edilmiş “02” ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 168 (yüz altmış səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar