Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-107/2024 09.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1990-cı il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 05 noyabr 2023cü il tarixdə saat 17:27 radələrində "xxxx" QSC-nin “Dəməgül” stansiyası istiqamətində hərəkətdə olan qatarın “28 May” stansiyasında dayanmasından və sərnişinlərin sıxlığından istifadə edərək qatarın vaqonuna daxil olmaq istəyən Zərərçəkmiş şəxs əynində olan şalvarın arxa cibindən sonuncuya məxsus üzərində 5 (beş) manat dəyərində doqquz) manat vaqona minik zamanı qoruyucu örtük, 10 (on) manat dəyərində ekran qoruyucusu və 5 (beş) manat dəyərində “Bakcell” şəbəkəsində istifadə olunan ***-***-**-** saylı mobil nömrə olan 1399 (bir min üç yüz doxsan doqquz) manat dəyərində “İphone 11” markalı mobil telefonu gizli olaraq çıxarmaqla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1419 (bir min dörd yüz on doqquz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə verilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 05 noyabr 2023-cü il tarixdə saat təxminən 17:20 radələrində yaşadığı evə getmək üçün "xxxx" QSC-nin “28 May” stansiyasına gəlmiş və metrodan istifadə edərək “20 Yanvar” stansiyasına gedib, oradan da avtobusla yaşadığı evə gedəcəkdi. O, “28 May” stansiyasının platformasında dayanıb qatar gözləyərkən sərnişinlərə baxmış, həmin vaxt platformada dayanmış adını istintaq araşdırması zamanı bildiyi Zərərçəkmiş şəxs əynində olan şalvarın arxa cibində olan mobil telefon diqqətini cəlb etmişdir. Həmin vaxt o mobil telefonu oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə platformada dayanan qatara minmək istəyən sərnişinlərə yaxınlaşdıqdan sonra Zərərçəkmiş şəxs arxa tərəfinə keçmiş və digər sərnişinlər qatarın vaqonuna minməyə başlamışlar. O, Zərərçəkmiş şəxs arxasınca gedib təqib etməyə başlamış və platformada olan sərnişin sıxlığından istifadə edərək Zərərçəkmiş şəxs əynində olan şalvarın arxa cibində olan mobil telefonu oğurlamışdır. O, qatarın vaqonuna minmədən metronu tərk etmişdir. O, metrodan çıxdıqdan sonra oğurladığı mobil telefonun "İphone 11” markalı olduğunu bilmiş və eyni zamanda telefonu söndürmüşdür. Sonra telefonu cibinə qoyub yaşadığı evə getmişdir və evə çatan kimi mobil telefonun üzərində olan mobil nömrəni çıxarıb qıraraq zibil qutusuna atmışdır. Daha sonra isə evdə gizlədib saxlamışdır ki, hadisədən bir müddət keçdikdən sonra satıb pul əldə edə bilər. Bu minvalla bir neçə gündən sonra mobil telefon alqı-satqısı həyata keçirən mağazalara telefonu satmaq istəmiş, lakin sənədi olmadığından həmin telefonu satın alan olmamışdır. 16 noyabr 2023cü il tarixdə polis əməkdaşları onu saxlamış və Polis İdarəsinə dəvət etmişlər. O da Polis idarəsinə gəlib törətdiyi oğurluq hadisəsini etiraf etmişdir. Baş vermiş hadisə zamanı ətrafda onun hərəkətlərini müşahidə edən hər hansı bir şəxs olmamış, belə ki, sərnişinlər qatara minməyə tələsdiklərindən ona heç kim fikir verməmişdir. Hadisə zamanı Zərərçəkmiş şəxs onun oğurluq etdiyini görməmiş və hiss etməmişdir. Əgər Zərərçəkmiş şəxs onun oğurluq etdiyini görüb hiss etsəydi ona qarşı reaksiya verərmiş. O, yuxanda qeyd olunan ünvanda ailə üzvlərilə yaşayır və onun telefon oğurlamasından məlumatları olmamışdır. O, telefonu oğurladıqdan sonra yaşadığı evə gətirib yataq otağında yataqın alt hissəsində paltarlarının arasında gizlətmişdir. O, narkotik vasitələrdən və digər güclü təsiredici maddələrdən istifadə etməmişdir və qeyd etdiyi oğurluq cinayətini tək törətmiş, eləcə də heç bir şəxsin də bu barədə məlumatı olmamışdır. O, ruhi cəhətdən sağlamdır və Bakı Metropolitenində Polis İdarəsinə dəvət edilərkən, həmçinin Polis İdarəsində olarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir təzyiq olunmamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tam ödəməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 09 may 2023-cü il tarixdə özü istifadə etməkdən ötrü 1399 (bir min üç yüz doxsan doqquz) manat pul müqabilində “İphone” markalı “11” modelli mobil telefon almış və 5 (beş) manata aldığı (dublikat etdirdiyi) ***-***-**-** saylı mobil nömrəni üzərinə yerləşdirmişdir. Həmçinin, o adını xatırlamadığı digər telefon aksessuarlan satılan mağazadan 10 (on) manat dəyərində ekran qoruyucusu və 5 (beş) manat dəyərində telefon qoruyucu örtüyü satın alıb telefonuna quraşdırmışdır ki, gələcəkdə hər hansı qəza baş verdiyi anda telefonuna ziyan dəyməsin. 05 noyabr 2023-cü il tarixdə saat 17:27 radələrində “20 Yanvar” metro stansiyasına getməkdən ötrü metronun “28 May” stansiyasına daxil olmuşdur. Həmin vaxt stansiyanın platformasında çoxlu sayda sərnişin olmuş və sıxlıq olmuşdur. O yuxarıda qeyd etdiyi mobil telefonunu əynində olan şalvarın arxa cibinə qoymuşdur. Bu zaman qatar dayanmış və o vaqona daxil olub “20 Yanvar” metrostansiyasına getmişdir. Qatardan endikdən sonra mobil telefonunu götürüb rəfiqəsinə mesaj yazmaq istədikdə görmüşdür ki, telefonu cibində yoxdur. O, çantasını və digər ciblərini də axtarmış, lakin mobil telefonunu tapa bilməmişdir. Bu zaman naməlum şəxs və ya şəxslərin metroda sərnişin sıxlığından istifadə edərək onun əyinində olan şalvarının arxa cibindən mobil telefonunu oğurladığını başa düşmüşdür. Sonradan polis idarəsinə yaxınlaşıb bu barədə ərizə ilə müraciət etmişdir. Mobil telefonun üzərində yuxarıda qeyd etdiyi aksessuarlardan (ekran qoruyucu və telefon örtüyü) başqa heç bir akscssuar olmamışdır. O, telefonunun oğurlanmasını və baş ' vermiş hadisəni görməmişdir. Həmin vaxt onun mobil nömrəsinin balansında pul olmamış, həmin gün işlərini yekunlaşdırdıqdan sonra mobil nömrəsinin balansını artırmağı planlaşdırmışdır. Telefonunun oğurlanması nəticəsində ona ümumlikdə 1419 (bir min dörd yüz on doqquz) manat miqdarında maddi ziyan dəymişdir. Belə ki, oğurlanmış telefonu 1399 (bir min üç yüz doxsan doqquz) manat, üzərində olan mobil nömrəsi 5 (beş) manat, ekran qoruyucu 10 (on) manat və telefon örtüyü 5 (beş) manat dəyərində olmuşdur. xx.xx.2023-cü il tarixdə ərizə yazdığı günü satın aldığı mobil telefonun 1400 manat olduğunu xatırladığı üçün ərizəsində və izahatında 1400 manat olaraq qeyd etmiş, lakin yaşadığı evə gedib mobil telefonun alış qəbzin baxdıqda həmin mobil telefonun 1399 manat olmasını bilmişdir. Əsl həqiqətdə isə onun oğurlanmış mobil telefonu 1400 manat deyil, 1399 manat dəyərində olmuşdur. Sonda Zərərçəkmiş şəxs hazırda təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş ziyanın tam ödənildiyini və sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Cinayət işinin 9-10-cu vərəqlərində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 14 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı X2 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, baxış yeri metronun “20 Yanvar” stansiyasının yanında keçirildi. Zərərçəkmiş şəxs “28 May” stansiyasına gedən qatarın yanında dayanaraq ona məxsus “İphone 11” markalı telefonun oğurlandığını bildirmişdir. Cinayət işinin 27-ci vərəqində olan “Götürmə barədə” 16 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin İstintaq qrupunun baş müstəntiqi Kənan Rzayev həmin protokolu tərtib etdim ondan ötrü ki, icraatda olan ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs “İphone 11” markalı mobil telefonu “İspace” mağazasından alarkən verilmiş kassa satış çekinin surətini qəbul etmişdir. Cinayət işinin 28-ci vərəqində olan İphone 11” markalı mobil telefonunun alınmasına dair “İspace” mağazasından verilmiş kassa satış çekinin surətindən görünür ki, “İphone 11 128GB White M (ədəd) 1” məhsulun qiyməti 1399.0 manat təşkil edir. Cinayət işinin 31-ci vərəqində olan “Könüllü təqdim edilmiş əşyanın götürülməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin İstintaq qrupunun baş müstəntiqi X5 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, icraatında olan ********* nömrəli cinayət işinin istintaqının tam, obyektiv və hərtərəfli aparılmasının təmin edilməsi məqsədi ilə Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi bir ədəd “İphone 11” markalı mobil telefonu ünvan 3 ünvanda yerləşən Bakı şəhər, BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin İstintaq Qrupunun 3 nömrəli xidməti otağında götürülmüşdür. Cinayət işinin 40-cı vərəqində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 16 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 49-cu vərəqində olan “Baxış keçirilməsi haqqında” 16 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin İstintaq qrupunun baş müstəntiqi X5, icraatında olan ********* saylı cinayət işi üzrə hadisə yerinə baxış zamanı götürülərək protokola əlavə edilmiş “DVD” diskində olan videogörüntülərə Bakı Metropolitenində Polis İdarəsinin inzibati binasında şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi X1 iştirakları ilə baxış keçirməzdən əvvəl təqdim edilmiş «DVD» diski, «HP» markalı kompüterə daxil edilərək müəyyən edildi ki, diskdə bir ədəd «MP4» formatında, 4,65 MB (meqabayt) həcmində «VİD-20231116-WA0047» adlı ümumilikdə 00 dəqiqə 26 saniyə olan videogörüntü vardır. Həmin videogörüntüyə iştirakçıların iştirakı ilə «HP» markalı kompüterdə «Windows Media» proqramı vasitəsi ilə baxış keçirilməyə başlandı və müəyyən edildi ki, "xxxx" QSCnin “28 May” metrostansiyasının platformasında quraşdırılmış nəzarət-müşahidə kamerasının 05 noyabr 2023-cü il tarixdə qeydə aldığı görüntüdə Təqsirləndirilən şəxs metroda insanların çox olmasından və sərnişinlərin sıxlığından istifadə edərək zərərçəkmiş şəxsə arxa tərəfdən yaxınlaşması, qatarın dayanması, sərnişinlərin çoxluq şəkildə vaqona minməsi zamanı Təqsirləndirilən şəxs zərərçəkmişə arxadan yaxınlaşaraq vaqona onunla birlikdə minməsi zamanı cibindən telefonu çəkib götürməsi və qatarın qapılarının bağlanmamışdan əvvəl düşərək əlindəki mobil telefonunu cibinə qoyması və oradan uzaqlaşması müşahidə olunur. Əlavə olaraq şübhəli şəxs bildirmişdir ki, həmin görüntüdə olan mobil telefonu oğurlayan şəxs özü, yəni Təqsirləndirilən şəxsdır. Cinayət işinin 51-ci vərəqində olan xx.xx.2023-cü il tarixli “Əşyanın tanınmaya təqdim edilməsi barədə” protokoldan görünür ki, Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin İstintaq qrupunun baş müstəntiqi X5, həmin protokolu ondan ötrü tərtib etmişdir ki, cinayət işinin istintaqı ilə əlaqədar istintaq zamanı əldə edilmiş mobil telefon, məhz həmin əşyanın zərərçəkmiş şəxsə məxsus olubolmamasını müəyyənləşdirməkdən ötrü Zərərçəkmiş şəxs tanınmaya təqdim etmişdir. Tanınma zamanı iş otağında olan masanın üstünə vahid nüsxədə üzərində ekran qoruyucusu olan qoruyucu örtüklə birlikdə mobil telefon qoyulmuşdur. Proses zamanı götürülmüş əşya vahid nüsxədə təqdim edildi. Predmet masanın üzərinə qoyulduqdan sonra Zərərçəkmiş şəxs otağa dəvət edildi və o, həmin predmeti diqqətlə nəzərdən keçirərək bildirdi ki, "xxxx" QSC-nin “28 May” stansiyasında vaqona daxil olmaq istəyərkən əynində olan şalvarın arxa sağ cibindən məhz ona tanınmaya təqdim edilmiş mobil telefon oğurlanmışdır. Zərərçəkmiş şəxs əlavə olaraq eyni zamanda bildirdi ki, o, ona tanınmaya təqdim edilmiş mobil telefonu markasından, üzərində olan yazısından, ekran qoruyucunun üzərində cızıqlardan və qoruyucu örtükdən və digər əlamətlərindən tanıdı və dəqiq olaraq bütün digər əşyalar arasında tanıya bilər. Cinayət işinin 68-ci vərəqində olan “Qətimkan tədbirinin seçilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam“ qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 70-ci vərəqində olan “Təqsirləndirilən şəxsin barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin tətbiqi ilə bağlı saxlanıldığı X3 azad olunması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçildiyindən saxlanıldığı Bakı şəhəri Nərimanov RPİ-nin X3 dərhal azad edilməsi qərara alınmışdır. Cinayət işinin 71-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 72-ci vərəqində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 06 dekabr 2023-cü il tarixli, 9/8843 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “İphone” markalı, MHDJ3RM/A markalı (İphone 11), 128 GB daxili yaddaşlı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması və istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin noyabr ayında olan orta bazar qiyməti təxminən 550,0 manat müəyyən edilir. Cinayət işinin 78-82-ci vərəqlərində olan “Sübutların qiymətləndirilməsi və cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında” 06 dekabr 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə bir ədəd “İphone 11” markalı mobil telefonun və bir ədəd DVD diskə köçürülərək istintaqa təqdim edilmiş hadisə yerinin video görüntüsünün sübut əhəmiyyəti nəzərə alınaraq cinayət işi üzrə maddi sübut hesab edilməsi və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü bir ədəd mobil telefon Zərərçəkmiş şəxs təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 88-ci vərəqində olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs özünə məxsus olan “İphone 11” makalı mobil telefonu, komplektləşdirilməsinə daxil olan ekran qoruyucusu və qoruyucu örtüklə birlikdə saxlamaq üçün qəbul etmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona vurulmuş ziyan tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci maddəsinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3- 2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam ödənilməsini və və sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 1 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. (CPM- 198.1.) İş üzrə maddi sübut olan 01 ədəd “İphone 11” markalı mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan hadisənin videogörüntülərini əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001- ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 16 (on altı) iş saatına görə 96 (doxsan altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 1 (bir) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 01 ədəd “İphone 13” markalı mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan hadisənin videogörüntülərini əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 16 (on altı) iş saatına görə 96 (doxsan altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №1(006)-107/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-107/2024
09.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver