Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-108/2022 05.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 30.12.2021-ci il tarixli, 1(011)-411/2021 saylı hökmü ilə 02 (iki) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs aldatma yolu ilə və etibardan sui-istifadə edərək öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirməklə xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Belə ki, o, 13.12.2012-ci il tarixdən 07.01.2021-ci il tarixə kimi olan müddət ərzində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Əlahiddə X12 Kadrlar şöbəsinin kiçik inspektoru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs qardaşı oğlu Şahid1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X15 Alayına polis nəfəri kimi işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq bu adla 2020-ci ilin noyabr ayının sonlarında ünvan 3 ünvanında yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun yaxınlığında həmin dövrün məzənnəsi ilə 8500 manat təşkil edən 5000 ABŞ dolları pulunu alıb verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, X12 kadrlar şöbəsinin kiçik inspektoru vəzifəsində işləmişdir. Onun vəzifə funksiyalarına xidmətə qəbul olan namizədlərin normativlərinin yoxlanılması, xidməti yoxlamaların aparılması, yeni qəbul olan namizədlərin seçilməsi daxil idi. Zərərçəkmiş şəxs iki ildən artıqdır ki, tanıyır. Onları Şahid3 adlı şəxs tanış etmiş, daha sonra özləri telefon əlaqəsi yaradıb işlə bağlı söhbət etmişlər. Belə ki, Zərərçəkmiş şəxs qohumu Şahid1 onun xidmət etdiyi X17 işə düzəltmək üçün ona müraciət etmiş, o da bunun müqabilində Zərərçəkmiş şəxs birinci dəfə 7.000 ABŞ dolları pul almışdır. Lakin Şahid1 barəsində aparılan xidməti yoxlamanın nəticəsinə görə bir il yubanma olmuşdur. Yoxlama başa çatmadan şəxsin xidmətə qəbul olması isə mümkün deyildi. Bundan sonra yubanma ilə əlaqədar Zərərçəkmiş şəxs da razılığı ilə işi dayandırmışlar. O da Zərərçəkmiş şəxs aldığı 7.000 ABŞ dollarını ona geri qaytarmışdır. 3 ay sonra yoxlamalar başa çatmış, o da Zərərçəkmiş şəxs zəng etmiş və işin düzələ biləcəyini, artıq uzun vaxt tələb olunan yoxlamaların başa çatdığını, şəxsin işə qəbulu üçün az vaxt tələb olunacağını bildirmişdir. Zərərçəkmiş şəxs da razılıq vermiş və onlar görüşmüşlər. Zərərçəkmiş şəxs bu dəfə ona qohumu Samirin işə düzəlməsi üçün 5.000 ABŞ dolları, yəni 8.500 manat pul vermişdir. Lakin bundan sonra onun xidmət üzrə iş yeri dəyişdirilmiş, sonra da işə çıxmadığına görə işdən azad olunmuş və Zərərçəkmiş şəxs qohumunu işə düzəldəcəyi ilə bağlı verdiyi vədi yerinə yetirə bilməmişdir. Zərərçəkmiş şəxs aldığı puldan bir dəfə 350 manat ödəniş etmiş, qalanını isə işdən çıxdığına görə ödəyə bilməmişdir. Daha sonra dəymiş ziyanı qismən ödəməsini, himayəsində üç yetkinlik yaşına çatmayan övladının olduğunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, qardaşı oğlu Şahid1 X17 işə düzəltdirmək istədiyindən bununla bağlı Təqsirləndirilən şəxs müraciət etmiş, sonuncu ilə aralarında danışıqlar olmuş və Cəlal ona qardaşı oğlunu fiziki hazırlığına baxması üçün gətirməsini demişdir. Qardaşının oğlu da idmanla məşğul olurdu. Baxıb yararlı olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs ona qardaşı oğlunu 7.000 ABŞ dolları müqabilində işə düzələ biləcəyini bildirmişdir. O, 2018-ci ilin avqust ayında Təqsirləndirilən şəxs 7.000 ABŞ dolları pul vermiş, Cəlal da ona ən uzağı dekabr ayında qardaşının oğlunun polis sıralarına qəbul olacağını demişdir. Lakin məsələ 3 il uzanmış, bu vaxt ərzində Cəlal onun başına oyun açmış, hər gün müxtəlif bəhanələrlə onu aldatmışdır. Nəhayət onları tanış edən adam Təqsirləndirilən şəxs ondan aldığı 7.000 ABŞ dolları pulu qaytarmağa məcbur etmişdir. Pulu qaytaranda da Cəlal ona həmin pula əl vurmamasını, daha sonra işi düzəldəcəyini demişdir. 5-6 aydan sonra, oktyabr ayında Təqsirləndirilən şəxs ona zəng edib işin düzələcəyini demişdir. O, Cəlalla Nəsimi rayonunda yerləşən “Travmotologiya İnstitutu”nun qarşısında görüşüb 5000 ABŞ dollarını Cəlala vermişdir. Daha sonra Cəlal qardaşının oğlunu polis forması almağa və hərbi komissiyadan qeydiyyatdan çıxmağa göndərmişdir. O, həmin vaxt şübhələnmişdir. Belə ki, bir nəfər tanışı ondan qardaşının oğlunun zabit olub-olmadığını soruşmuş, o da zabit olmadığını bildirmiş, tanışı isə ancaq zabitləri hərbi komissiyadan qeydiyyatdan çıxardıqlarını bildirmişdir. O da bu barədə Cəlala demiş, Cəlal onların qaydanı bilmədiklərini, qardaşının oğlunu özünün qeydiyyatdan çıxartdıracağını demişdir. Lakin Təqsirləndirilən şəxs onun qardaşının oğlunu işə düzəltməmiş və o vaxtdan aldığı pulu qaytarmamışdır. Daha sonra Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş və məhkəmədən ona ədalətli cəza verilməsini xahiş etmişdir. Bundan başqa, zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi mülki iddia ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli nəticəsində ona 8500 manat məbləğində maddi zərər dəymiş, Təqsirləndirilən şəxs 8500 manat zərərin 350 manat hissəsini ona ödəmişdir. Göstərilənləri nəzərə alaraq, vurulmuş maddi zərərə görə 8150 manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq ona verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxsla əmisi Zərərçəkmiş şəxs vasitəsilə tanış olmuşdur. İlk öncə Təqsirləndirilən şəxs ona işin gedişatı haqqında məlumat vermişdir. Daha sonra isə Təqsirləndirilən şəxs işə qəbul olmaq üçün pul vermək lazım olduğunu, müəyyən sənədlər toplamalı olduğunu bildirmişdir. Əmisi onu işə düzəltmək üçün birinci dəfə “Şuşa” restoranında, ikinci dəfə isə onların evinin, yəni ünvan 4 ünvanının yanında yerləşən “Travmatologiya” institutunun qarşısında Təqsirləndirilən şəxs pul vermişdir. İkinci dəfə verdiyi pul 5000 ABŞ dolları olmuş, əmisi pulu onun yanında sayaraq Cəlala vermişdir. O, bir ilə kimi sənədləri toplamış, rəsmi olaraq heç bir yoxlamadan keçməmişdir. Təqsirləndirilən şəxs onu sağlamlıq haqqında arayış almaq üçün X13 Mübarizə İdarəsinə göndərmiş, onu orada qəbul etmiş, lakin təqdim etdiyi göndərişdə səhvlik olduğundan geri qaytarmışlar. Cəlal da ondan sənədləri alaraq özünün həll edəcəyini demişdir. İkinci dəfə onu göndərəndə Cəlaldan işinin nəyə görə alınmadığını soruşmuş, Cəlal isə onu arxayın salmaq üçün ona Maddi-Texniki Təminat Baş İdarəsindən forma götürməli olduğunu demişdir. Daha sonra Cəlal onunla birlikdə həmin idarəyə getmişdir. Bundan sonra Cəlal orada olan şəxsə onun geyim ölçülərini deyərək X14 formasının hazırlanmasını istəmişdir. Həmin forma dəstinə papaq, köynək, pencək, gödəkcə və şalvar aid idi. Həmin anbarda ayaqqabı və kəməri olmadığından həmin əşyaları Cəlal özü gətirəcəyini bildirmişdir. Digər geyimlər isə sifariş verilmişdir. Bir neçə gün sonra Cəlal ona zəng edərək formanın hazır olduğunu və gedib götürə biləcəyini demişdir. O, formanı götürmüş və Cəlala zəng edərək formanı götürdüyünü bildirmiş, Cəlal da cavabında ayaqqabı və kəməri də həmin gün ona çatdıracağını bildirmişdir. Həmin gün axşam Cəlal onun yaşadığı evin yaxınlığına gələrək bir cüt ayaqqabı və qara rəngli bir ədəd kəməri ona təhvil vermişdir. Lakin iş alınmamış, Təqsirləndirilən şəxs onları aldatmış və əmisi Zərərçəkmiş şəxs aldığı pulu geri qaytarmamışdır. Cəlalın onları aldatdığını bildikdən və formanın pulunun verilmədiyini bildikdən sonra formanı geri qaytarmışdır. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 2018-ci ildə Əlahiddə X12 qərargahın təlim üzrə inspektoru vəzifəsində işləyir, Təqsirləndirilən şəxs isə kadrlar şöbəsində işləyirdi. Zərərçəkmiş şəxs ona müraciət edərək qardaşının oğlunu işə düzəltmək istədiyini demiş, o da Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla tanış etmişdir. O, kadrlar şöbəsində işləmədiyi üçün işə qəbul prosesinin necə olduğunu bilmirdi. İşə qəbul olmaq üçün müəyyən sənədlər yığılırdı, həmin sənədlərin qəbuluna isə Təqsirləndirilən şəxs baxırdı. O sadəcə Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs tanış etmiş, sonradan Zərərçəkmiş şəxs ona işin alınmadığını demişdir. Ondan sonra bilmişdir ki, onlar arasında pul söhbəti olmuş və iş alınmadığı üçün Cəlal pulu qaytarmışdır. Bunun üzərindən 6 ay keçdikdən sonra özləri öz aralarında danışmış, onun xəbəri olmamışdır. Cəlalın bu işi müəyyən pul qarşılığında həll etməli olduğundan xəbəri olmamış, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs pul verdiyini görməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə istintaqında iştirak etməyən Şahid2 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən edildi ki, o, ifadəsində göstərmişdir ki, o, 2015-ci ildən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminata tabe olan tikiş emalatxanasında anbardar vəzifəsində işləyir. İşlədiyi vəzifə mülki iş olduğundan rütbəsi yoxdur. Vəzifəsi anbarlarda olan uniformaların təhviltəslimi, həmçinin satışından ibarətdir. Təqsirləndirilən şəxs 2020-ci ilin yay aylarından tanıyır. Cəlal bir neçə dəfə işlədiyi yerdən forma götürdüyündən artıq sonuncunu tanımışdır. Bəzi hallarda Cəlal gəlib forma sifariş etdikdən sonra taksi sürücüsü gəlib götürmüşdür. Cəlal 2020-ci ilin təxminən dekabr aylarında sonuncu dəfə yanında bir nəfər oğlanla gələrək 52-54 ölçüdə olan X14 formasının hazırlanmasını istəmişdir. Həmin forma dəstinə kostyum, şalvar və ayaqqabı aid olmuşdur. Lakin Cəlalın istədiyi ölçüyə uyğun ayaqqabı olmadığından yalnız pencək və şalvarı hazırlaya bilmişdir. Hazır olduqdan sonra Cəlala bu barədə məlumat vermişdir. Bundan sonra Cəlal həmin formanı özünün götürə bilməyəcəyini deyərək qohumu Samirin götürəcəyini və pulunu sonra verəcəyini demişdir. O da razılaşmışdır. Daha sonra Samir adlı şəxs Cəlalın adını deyərək həmin formanı ondan götürmüşdür. Bundan bir neçə gün sonra o, Cəlala zəng edərək formanın pulunu istədikdə Cəlal ona işdə olduğunu boş vaxt edən kimi gətirib verəcəyini bildirmişdir. Forma götürüləndən təxminən 1 ay sonra 2021-ci ilin yanvar ayında tanımadığı nömrədən ona zəng gəlmiş və adının Samir olduğunu demişdir. Daha sonra həmin şəxs Cəlal tərəfindən X15 Alayına işə qəbul etdirəcəyi adı ilə aldadıldığını və ondan Cəlalın sifariş verdiyi Çevik Polisə məxsus formanı özü üçün götürdüyünü bildirmişdir. O, həmin vaxt Samirə Cəlalla əlaqə saxlaya bilmədiyini və həmin formanın pulunu hələ də vermədiyini bildirmişdir. Bundan sonra Samir həmin formaya ehtiyacı olmadığını bildirərək qaytaracağını bildirmişdir. Daha sonra o, taksi göndərərək Nəsimi rayonu Azadlıq prospektində yerləşən “Ağçiçəyim gül salonu” yaxınlığından həmin formanı götürtmüşdür. 2020-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs sifariş verdiyi formanın sonuncunun yanında gələn Şahid1 üçün hazırlanması barədə məlumatı olmamışdır. Cəlal həmin formanın özünə lazım olduğunu deyərək sifariş etmişdir. Buna görə də həmin formanı hazırlamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - Bakı şəhəri Xətai rayon Məhkəməsinin 1(011)-411/2021 saylı cinayət işi üzrə qəbul edilmiş 22.10.2021-ci il tarixli qərarından görünür ki, X2 qarşı dələduzluq cinayəti törətmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmişdir. Qərar icra olunması olunması üçün Xətai rayon Polis İdarəsinə göndərilmişdir (i.v.137-139); - Bakı şəhəri Nəsimi rayon Prokurorluğunun 15.12.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 22.10.2021-ci il tarixli 1(011)-411/2021 saylı Xətai rayon məhkəməsinin həbs qətimkan tədbirinin seçilməsi haqqında qərarının nəzərə alınması qərara alınmışdır (i.v.223-224); - Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsinə baxış protokolundan görünür ki, 11.11.2020-ci il tarixdən 30.11.2020-ci il tarixdək olan bir ABŞ dollarının rəsmi məzənnəsi 1.700 manat təşkil edir. Bununla da, müəyyən edilir ki, cinayət hadisəsi baş verən zaman, yəni 2020-ci ilin noyabr ayının sonlarında 5000 ABŞ dolları 8500 manat təşkil etmişdir. (i.v.129-130); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Əlahiddə X11 daxil olmuş 22.06.2021-ci il tarixli 033-5967-1221 №-li məktubdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən 13.12.2012-ci il tarixdən 07.01.2021-ci il tarixədək DİN-in Əlahiddə X14 əməkdaşı olmuşdur. ƏÇPA-nın 07.01.2021-ci il tarixli Ə6ş/h-033-21 saylı əmri ilə «Azərbaycan Pespublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 135-ci maddəsinin 9-cu bəndi ilə (DİO əməkdaşı adına xələl gətirən hərəkət törətdiyinə görə) daxili işlər orqanlarında xidmətdən xaric olunmuşdur (i.v.36); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar idarəsindən daxil olmuş 24.06.2021-ci tarixli, 022/8-7959-1221 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə DİN-in Əlahiddə X14 4-cü Patrul Bölüyünün polis nəfəri vəzifəsində çalışmış və 07.01.2021-ci il tarixdə «Azərbaycan Pespublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 135-ci maddənin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric olunmuşdur (i.v.38); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş 30.11.2021-ci il tarixli, 17/38-8462 №-li məktubdan görünür ki, Təqsirləndirilən şəxs 23.11.2021-ci il tarixdən Bakı İstintaq Təcridxanasında saxlanılır. (i.v.135); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 29.11.2021-ci il tarixli, 1/2081 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün yuxarıda adı göstərilən xəstəxanaya müraciət etməmişdir (i.v.142); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublikası Psixiatriya X8 Şəxsinin 11.11.2021-ci il tarixli, 9596 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır (i.v.132); - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 01.12.2021-ci il tarixli **********07 №-li məktubundan görünür ki, mövcud arxiv məlumatlarına əsasən Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir (i.v.171); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X19 İdarəsinin 03.12.2021-ci il tarixli 016-141564-1221 №-li məktubundan görünür ki, DİN-in Baş X19 İdarəsinin Qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasına görə Təqsirləndirilən şəxs adında nəqliyyat vasitəsi qeydiyyatdan keçmir (i.v.173); - Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətindən rayon prokurorluğuna daxil olmuş 13.12.2021-ci il tarixli 01/218 №-li məktubdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşaması, yaşadığı müddətdə onun və ailəsi barəsində istər hüquq mühafizə orqanları, istərsə də qonşuları tərəfindən 37 saylı MKİS-ə heç bir şikayət və təqsirləndirici materialın daxil olmaması göstərilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs ilə birlikdə həmin ünvanda həyat yoldaşı X3, oğlu X6, qızları X4 və X5 onunla yaşaması göstərilmişdir (i.v.175); - “Sübutların qiymətləndirilməsi haqqında” 14.12.2021-ci il tarixli qərardan görünür ki, Şahid1 təqdim etdiyi 01 ədəd botinka və 01 ədəd kəmər cinayət işi üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və saxlanılması üçün Nəsimi rayon prokurorluğunun maddi sübutlar otağına verilmişdir (i.v.176-196); - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 25.11.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.154-155); - Bakı şəhəri Xətai rayon Məhkəməsinin 30.12.2021-ci il tarixli, 1(011)-411/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəza çəkmə müddətinin əvvəllinin 22 noyabr 2021-ci il tarixdən hesablanması hökm olunmuşdur; - Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23.02.2022-ci il tarixli, 1(103)- 501/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair 30.12.2021-ci il tarixli hökmü verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır; - Bakı Apelyasiya Məhkəməsinin 05.04.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə 23.02.2022-ci il tarixdə yekun məhkəmə aktı çıxarılmışdır. Qərardan kassasiya şikayəti və protesti verilməmişdir. - “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs 24.05.2010-cu il təvəllüdlü, 15.02.2012-ci il təvəllüdlü və 05.11.2016-cı il təvəllüdlü 3 uşağı var. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı, veksel üzərində köçürmə qeydinin (indossamentin) icra edildiyi andan, şəxsin əmlaka hüququnun tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi gündən və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul edildiyi vaxtdan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluğun təkrarən törədilməsi (Cinayət Məcəlləsinin 178.2.3-ci maddəsi) məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir (35-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla ələ keçirməklə törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafedici ifadəsi, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, həmçinin işdə olan digər sübutlarla onun etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla ələ keçirməklə dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlini etiraf etməsini, dəymiş zərəri qismən ödəməsini, himayəsində üç yetkinlik yaşına çatmayan övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30.12.2021-ci il tarixli, 1(011)-411/2021 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs hazırda ona qarşı irəli sürülən ittiham üzrə cinayət əməlini Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 30.12.2021-ci il tarixli, 1(011)-411/2021 saylı hökmü ilə məhkum olunana qədər törətmişdir. Bu səbəbdən, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə); cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (66.5-ci maddə). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplama qaydasında birləşdirib qəti cəza təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 30.12.2021-ci il tarixli, 1(011)- 411/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin, Təqsirləndirilən şəxs cəzasının əvvəli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30.12.2021-ci il tarixli hökmü ilə müəyyən edilmiş vaxtdan – 22.11.2021-ci il tarixdən hesablanmalı və onun hazırda azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınmalıdır. Nəsimi rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan bir cüt botinka və bir ədəd kəmər hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə müvafiq olaraq ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin nomalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd olunanlarla əlaqədar təqsirləndirilən şəxsə qarşı zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia təmin edilməli, cinayət nəticəsində vurulmuş maddi zərərə görə Təqsirləndirilən şəxs 8150 manat pul tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 18 saata görə 108 (yüz səkkiz) manat pul ödənilməlidir. İş üzrə məhkəmə xərci, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 30.12.2021-ci il tarixli, 1(011)-411/2021 saylı hökmü ilə onun üzərində saxlanılmış 02 (iki) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılaraq Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 22 noyabr 2021-ci il tarixdən hesablansın və onun hazırda azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınsın. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs 8150 (səkkiz min yüz əlli) manat məbləğində pul alınaraq Zərərçəkmiş şəxs ödənilsin. Nəsimi rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan bir cüt botinka və bir ədəd kəmər hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 18 saata görə 108 (yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-108/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-108/2022
05.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver