Məhkəmə qərarları › İş №1(006)-109/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-109/2024

16.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-109/2024 16.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1965-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mkr., M.Cəlal küçəsi, ev 36, mənzil 86-da qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, “Çiçək” massivi, 49 saylı evdə yaşayan, məhkumluğu olunmayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında məhkəmənin hazırlıq iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,334 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlamaqla daşımış, 14 oktyabr 2023-cü il tarixdə, saat 13:20 radələrində polis əməkdaşları tərəfindən ünvan 1 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən bir bükümdə həmin narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi bildirdi ki, məhkəməyədək icraat zamanı ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin müdafiə hüquqları pozularaq kobud prosessual nöqsanlara yol verilmişdir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətə baxılarkən üzərində heç bir narkotik vasitənin olmadığını, yaşadığı evdən götürülüb aparıldığını, 2019-cu il tarixdə iflic olduğunu, sərbəst hərəkət etməsində çətinliklərin olmasının bildirməsinə baxmayaraq, bununla bağlı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin baş müstəntiqi Orxan Əkbərov tərəfindən təqsirləndirilən şəxs dindirilmədən, onunla heç bir prosessual hərəkət aparılmadan, təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər araşdırılmadan onun məhkəmədə söylədikləri vəsatət kimi qəbul edərək formal olaraq “Təqsirləndirilən şəxsin vəsatətinin rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixdə qərar qəbul etməklə kifayətlənmişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə cinayət işinin baş müstəntiq Orxan Əkbərovdan digər baş müstəntiq Ağabala Cəfərovanın icraatına verilməsinə baxmayaraq, sonuncu həmin tarixdə işi icraatına qəbul edib təqsirləndirilən şəxsin ona etirazın olub-olmamasını öyrənmədən sonuncuya qarşı sübutlar (şahidlər dindirilmiş və s.) toplamışdır. Müstəntiq A.Cəfərov xx.xx.2023-cü il tarixdə “Sübutların qiymətləndirilməsi haqqında” qərar qəbul etdikdən sonra yalnız xx.xx.2023-cü il tarixdə formal olaraq “Etiraz edilə bilən şəxslər barədə məlumatların cinayət prosesinin iştirakçısına bildirməsi haqqında” protokol tərtib etmişdir. Qeyd olunanları nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarının baxılmasına xitam verilməsini və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Təqsirləndirilən şəxs bildirdi ki, ittiham aktında göstərilən hadisədən bir neçə gün əvvəl o, Yasamal rayonu ərazisində yerləşən “50 qəpik” adlı avtoyuma məntəqəsində taksi fəaliyyəti ilə məşğul olduğu öz avtomobilini yuyarkən hərəkətlərində qəribəlik müşahidə edildiyi üçün kənardan kimsə onu videoya çəkərək sosial şəbəkədə paylaşmış və ona avtomobil sürmək üçün sürücülük vəsiqəsinin necə verildiyini suallandırmışdır. 14 oktyabr 2023-cü il tarixdə polis əməkdaşları onun yaşadığı Bakı şəhəri, Yasamal rayonu, “Çiçək” massivi, 49 saylı evdən götürərək Nəsimi Rayon Polis İdarəsinə gətirmiş və guya narkoman olub taksi sürdüyü üçün onun üzərinə narkotik qoymuşlar. Halbuki, o, 2019-cu il tarixdə iflic olub, sərbəst hərəkət etməsində çətinlikləri var, buna görə də davranışları qüsurlu görünür. O məsələ haqqında barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətə baxılarkən bildirmiş və məhkəmə onun həbs etməmişdir. Bundan sonra o, polis orqanına çağırılıb buna dair izahatı alınmamış, yalnız 2 ay yaxın müddətdən sonra yeni müstəntiq Ağabala Cəfərov müdafiəçinin iştirakı ilə guya onu işlə tanış etmiş, o isə işin mahiyyətini müstəntiqə bildirəndə, sonuncu “səbəbsiz yerə heç nə olmaz” kimi ifadə işlədərək heç bir başqa hərəkət etməmişdir. Buna biganə qalan vəkildən imtina etsə də, müstəntiq buna əhəmiyyət verməyərək onun işini məhkəməyə göndərmişdir. Qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında dövlət ittihamçısı bildirdi ki, ibtidai araşdırma zamanı Cinayət- Prosessual Məcəlləsinin tələblərinə riayət edilmiş, qanunvericiliyin tələbləri pozulmamışdır. Bu səbəbdən də təqsirləndirilən şəxsin məhkəməyə verilməsini, cinayət işinin məhkəmə baxışına təyin edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyərək və cinayət işinin materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmaqla aparılmış ibtidai istintaq hərəkətləri kobud qanun pozuntuları kimi qiymətləndirilməli və məhkəməyədək icraat zamanı bu pozuntular aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmadığından vəsatət aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, cinayət işində olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(006)-498/2023 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş və o, dərhal məhkəmə iclas zalından azad edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs üzərində heç bir narkotik vasitənin olmadığını, yaşadığı evdən götürülüb aparıldığını, 2019-cu il tarixdə iflic olduğunu, sərbəst hərəkət etməkdə çətinliklərinin olmasını bildirmişdir (i.v.83-86). Lakin, təqsirləndirilən şəxsin öz müdafiəsi üçün məhkəmədə bildirdiyi xüsusatla bağlı cinayət işi üzrə ibtidai istintaqı aparan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin baş müstəntiqi Orxan Əkbərov tərəfindən zəruri araşdırma aparılmamış, təqsirləndirilən şəxs yenidən dindirilib onun əvvəlki verdiyi ifadəsindən sonra izahatının dəyişməsinin səbəbi aydınlaşdırılmadan sadəcə olaraq onun məhkəmədə söylədikləri vəsatət kimi qəbul edilərək özünü müdafiə kimi qiymətləndirilib xx.xx.2023-cü il tarixli qərarla rədd edilmişdir (i.v.87). Daha sonra bu hala ibtidai istintaqı aparmış digər şəxs - Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin baş müstəntiqi Ağabala Cəfərov da əhəmiyyət verməyərək yekun olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham aktını tərtib etmişdir. Halbuki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 85.2.1-ci maddəsinə görə müstəntiqin vəzifələrinə törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatlara baxmaq, kifayət qədər səbəblər və əsaslar olduqda cinayət işi başlamaq, işi öz icraatına götürmək, cinayətin açılması, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahiyyəti daxilində bütün istintaq və ya digər prosessual hərəkətləri həyata keçirmək aiddir. Eyni zamanda, həmin Məcəllənin 289.3-cü maddəsinə əsasən ittiham aktının təsviriəsaslandırıcı hissəsində digər məlumatlarla yanaşı təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar da göstərilməlidir. Qeyd olunanlardan əlavə, cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli raport əsasında cinayət işi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin baş müstəntiqi Ağabala Cəfərovun icraatına verilmiş, sonuncu da həmin tarixli qərarla işi öz icraatına qəbul etdikdən (i.v.100-101) sonra təqsirləndirilən şəxsə ona etirazın olub-olmamasını aydınlaşdırmayaraq ona qarşı sübutlar toplamış və yalnız xx.xx.2023-cü il tarixdə “Etiraz edilə bilən şəxslər barədə məlumatların cinayət prosesinin iştirakçısına bildirməsi haqqında” protokol (i.v.120) tərtib edilmiş, sonra da ibtidai istintaqın qurtarması barədə (i.v.122) tərəfə məlumat verilmişdir. Bu hal da Cinayət-Prosessual Məcəlləsinin 303.3.3-cü maddəsinin tələblərinin (məhkəməyədək icraatın etiraz edilməli və ya özü-özünə etiraz etməli olan şəxs tərəfindən aparılması) pozulması kimi qəbul edilməlidir. Həmçinin, cinayət işində olan Azərbaycan Tibb Universitetinin X2 tərəfindən tərtib edilmiş maqnit rezonans müayinə protokolunda qeyd olunur ki, Təqsirləndirilən şəxs C4, C5, C6 və C7 spondilodissit, C5-Th3 səviyyəsində prevertebral 75x15 ölçüdə abses, C4- C7 səviyyəsində posterior longitudinal ligamentin altında 43 mm uzunluqda və 5 mm qalınlıqda abses və onurğa beynində kompresiya aşkar edilir (i.v.77). Məhkəmədə də Təqsirləndirilən şəxs nitq qüsuru, danışıqlarında və səhhətində digər problemlərin olması vizual müşahidə olunur. Buna baxmayaraq, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin hər-hansı psixi və sair xəstəlikdən əziyyət çəkib-çəkməməsi, onun sağlamlığının hazırki vəziyyətinin müəyyən edilməsi üçün tədbirlər də görülməmişdir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan kobud pozuntulara yol verildiyindən cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 303.3-cü maddəsi təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün), cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmamasını kobud pozuntularına aid etmiş və belə pozuntulara yol verildikdə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmasını nəzərdə tutur. Bu Məcəllənin 299.1-cu maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 299.3.2-ci maddəsinə görə hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında, aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə məsələyə baxılır. Eyni zamanda məhkəmə qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi barədə qərar çıxarır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilməməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299-300, 303 və 306-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar