Məhkəmə qərarları › İş №1(006)-109/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-109/2025

15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-109/2025 15.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi – Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Yasamal rayonu, Gəray Əsədov küçəsi, ev 12 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,733 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi rayon polis idarəsinin 22-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 30 oktyabr 2024-cü il tarixdə saat 19:10-da Bakı şəhəri Nəsimi rayonu S.Rəhimov küçəsi ilə Ş.Əzizbəyov küçəsinin kəsişməsində saxlanılaraq Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 28 ünvanında yerləşən 22-ci polis şöbəsinə aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki gödəkçənin cibindən 01 bükümdə təmiz çəkisi 0,733 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən bir ildir arada narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Əvvəllər Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib həbsetmənin əvvəli 29 yanvar 2022-ci il tarixdən hesablanmaqla 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 29 iyun 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. O, rəsmi olaraq heç yerdə işləmir, əvvəllər hər hansı psixi və ya fiziki xəstəliklər keçirməmişdir. Azərbaycan dilinin latın qrafikalı əlifbası ilə sərbəst yazıb-oxumağı bacarır, tərcüməçinin və ya mütəxəssisin köməyinə ehtiyacı yoxdur. Bildirmişdir ki, əsl adı Fərid olsa da, tanışları arasında ona ləqəb olaraq “Fero” deyə müraciət edirlər. O, adətən narkotik vasitələri və psixotrop maddələri Bakı şəhərinin müxtəlif ərazilərində üzdən tanıdığı, lakin adlarını və ya anket məlumatlarını bilmədiyi müxtəlif şəxslərdən alıb istifadə edir. Belə ki, o, həmin şəxsləri üzdən tanıdığına görə narkotik vasitə və psixotrop maddə istifadə etmək istəyəndə gedib həmin şəxslərin olduqları ərazilərdə müəyyən müddət gəzir və həmin şəxsləri gördükdə dərhal narkotik vasitə və psixotrop maddə alıb həmin yerdən uzaqlaşır. Sonuncu dəfə 29 oktyabr 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri Badamdar qəsəbəsinə gedib orada üzdən tanıdığı, lakin adını və digər anket məlumatlarını bilmədiyi şəxsdən 70 manat müqabilində öz şəxsi istifadəsi üçün 01 ədəd bükümdə psixotrop maddə metamfetamin almış və fürsət olduqca istifadə etmək məqsədi ilə həmin psixotrop maddə metamfetamini əynində olan tünd göy rəngli gödəkçənin cibinə qoyaraq üzərində saxlamışdır. O, 30 oktyabr 2024-cü il tarixdə saat 19:10 dəqiqədə Bakı şəhəri Nəsimi rayonu S.Rəhimov küçəsi ilə Ş.Əzizbəyov küçəsinin kəsişməsində dayanan zaman həmin gödəkçəəynində olmuş və sözügeüdən psixotrop maddə metamfetamin dəəynindəki həmin gödəkçənin sağ yan cibində olmuşdur. Elə həmin vaxt iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər və özünü təqdim etməsini ondan xahiş etmişlər. O da heç bir etiraz etmədən anket məlumatlarını polis əməkdaşlarına bildirmiş, polis əməkdaşları da onun narkotik vasitələr və psixotrop maddələr əldə etməkdə, üzərində saxlamaqda və daşımaqda şübhəli olduğunu deyərək onu 22-ci PŞ- nin inzibati binasına dəvət etmişlər. O da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə 22-ci PŞ-nin inzibati binasına getmiş, orada xidməti otaqların birində təhqiqatçı Nazim Müzəffərli tərəfindən ona hüquq və vəzifələri, eləcə də nədə şübhəli olduğu izah olunmuş, daha sonra təhqiqatçı Nazim Müzəffərli tərəfindən ona vəkillər syahısı təqdim olunmuş və hüquqlarının müdafiə edilməsi üçün istədiyi vəkili seçməsi təklif olunmuşdur. O isəərizə yazaraq maddi imkanı olmadığını bildirmiş və istənilən bir vəkilin dövlət hesabına onun müdafiəçisi qismində dəvət edilməsini xahiş etmişdir. Bundan sonra müdafiəçi X7 onun hüquqlarının müdafiə edilməsi üçün Polis şöbəsinə dəvət olunmuş və o, şübhəli şəxs qismində tutulmuşdur. Beləliklə, hüquq və vəzifələri izah olunduqdan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı əvvəlcə təhqiqatçı Nazim Müzəffərli tərəfindən ona üzərində qanunla qadağan edilmiş əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuş, həmin vaxt o, əynindəki tünd göy rəngli gödəkçənin sağ yan cibində saxladığı 01 ədəd bükümdə olan psixotrop maddə metamfetamini çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Bundan scnra təhqiqatçı tərəfindən onun üzərində şəxsi axtarış aparılmış, lakin başqa hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra onun təqdim etdiyi 01 ədəd büküm təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq ekspertizaya təqdim etmək üçün götürülmüşdür. Sonda təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə aparılması barədə orotokol tərtib edilmiş və tərtib edilmiş protokolun doğruluğu bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 31 oktyabr 2024-cü il tarixli rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, şəxsi axtarış və götürmə zamanı üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdəki psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,733 qramdır. Əlavə olaraq bildirmişdir ki, heç vaxt narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. O, üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə olan psixotrop maddə metamfetaminin bir hissəsini istifadə etmiş, qalanını isə daha sonra istifadə etmək üçün saxlamışdır. Həmin psixotrop maddə metamfetamindən heç kimə pay verməmiş, özü istifadə etmək məqsədi ilə saxlamışdır. Hazırda yaşadığı evdə və ya başqa bir yerdə psixotrop maddə metamfetamin saxlamır. Üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdəki psixotrop maddə metamfetamini aldığı şəxsin anket məlumatlarını və ya istifadə etdiyi mobil telefon nömrəsini bilmir, həmin şəxsi sadəcə üzdən tanıyır, həmin şəxsin adı, soyadı, yaşadığı ünvanı və sair barədə heç bir məlumatı yoxdur. Həmin şəxsdən əvvəllər bir neçə dəfə narkotik vasitə və psixotrop maddə almışdır. Ona göro homin şəxsi üzdon tanıyırmış. Nəsimi RPİ nin 22-ci PŞ-nin omokdaşarı tərəfindən saxlanılan zaman, eləcə də Nəsimi RPİ-nın 22-cı PŞ-də olan zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir psixi və fiziki zor tətbiq edilməmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, səmimi peşmançılıq çəkməsini bildirərək, anasını, ailə vəziyyətini və müdafiəçisinin göstərdiyi digər halları nəzərə alaraq barəsində həbslə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə fiziki-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PB-nin baş əməliyyat müvəkkili Şahid ifadəsində göstərdi ki, 30 oktyabr 2024-cü il tarixdə “Fero” adlı şəxsin Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov və Ş.Əzizbəyov küçələrinin kəsişməsində narkotik vasitələr əldə etməsi, saxlaması, gəzdirməsi, istifadəsi və satması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində “Fero” adlı şəxsin xx.xx.1995-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, daha sonra həmin məlumat onun tərəfindən raportla PŞ-nin rəhbərliyinə məruzə olunmuş və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədilə təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi üçün onun tərəfindən müvafiq qərar qəbul olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi üçün rəhbəri o, üzvü 22-ci PŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Seyfəddin Kamilov olmaqla əməliyyat qrupu yaradılmışdır. Beləliklə, həmin tarixdə saat 19:10-da Seyfəddin Kamilovla birlikdə tərəflərindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov və Ş.Əzizbəyov küçələrinin kəsişməsində Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməkdaşları olduqlarını və Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib dəvət edərək Polis Şöbəsinin inzibati binasına aparmışlar. Bundan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün təhqiqatçı Nazim Müzəffərli tərəfindən Bakı şəhəri “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Fərhad Əliyev müdafiəçi qismində Polis Şöbəsinə dəvət olunmuş və bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla təhqiqatçı Nazim Müzəffərli tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs əynindəki idman gödəkçəsinin sağ cibindən 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs həmin şəffaf bükümün içərisindəki kristal şəkilli maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni Badamdar qəsəbəsi ərazisində tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra həmin bükümdəki bir ədəd maddə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq möhürlənmiş, zərfin üzəri hər bir iştirakçı tərəfindən imzalanmış və götürülmüşdür. Sonda təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 31 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 30 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 19:35-də CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 22-23); şəxsi axtarış və götürmə aparılması haqqında 30 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla polis orqanına gətirilmiş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır (i.v. 39-40); şəxsi axtarış və götürmə aparılması haqqında 30 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PB-nin baş əməliyyat müvəkkili Şahid, Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PB-nin əməliyyat müvəkkili Seyfəddin Kamilovun, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs - xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Yasamal rayonu, Gəray Əsədov küçəsi, ev 12 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs, müdafiəçi Fərhad Əliyevin, mütəxəssis (ekspert) kriminalist Vahid Kazımovun iştirakları ilə, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd göy rəngli sport dəst geyimin gödəkçəsinin sağ cibindən şəffaf selofana bükülmüş bükümdə psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür (i.v. 42-44); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 oktyabr 2024-cü il tarixli, 3-16-16/2-6/5074 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan respubliksı DİN Zərtlər üçün № 190“ dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,733 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. QEYD: metamfetaminin təmiz çəkisi – 0,733 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,683 qram (i.v. 56-57); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 01 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 73); Bakı şəhəri Nəsimi rayon prokuroru Həsən Hənifəyevin vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Rauf Xalıqzadənin Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina olunması və onun Nəsimi RPİ-nin X5 azad olunması qərara alınmışdır (i.v. 88-89); Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Rauf Xalıqzadənin 01 noyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 90-91); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X3 X1 xx.xx.2024-cü il tarixli, 7078 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Bakı şəhər X2 və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu diaqnozu ilə dispanser qeydiyyatdadır (i.v. 98-99); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 5 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəza sonu ilə azad edilmişdir. (i.v. 123); sübutların qiymətləndirilməsi haqqında 11 noyabr 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində CM-in 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmiş, cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizasının və məhkəmə narkoloji ekspertizasının rəyləri sübüt əhəmiyyəti kəsb etdiyindən iş üzrə sübut növü kimi qiymətləndirilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ilkin təhqiqat zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı 01 ədəd DVD diskə köçürülmüş görüntü sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,733 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınması və tədqiqatdan sonra qalıq qalmış 0,683 qram hissəsi istintaqın sonunda Nəsimi RPİ-nin saxlanc anbarına təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs götürülmüş psixotrop maddə metamfetaminin əldə edilməsi mənbəyi ilə əlaqədar cinayət işinin materiallarından material ayrılmışdır (i.v. 125-131). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən təmiz çəkisi 0,733 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X3 X1 xx.xx.2024-cü il tarixli, 7078 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur və onun Bakı şəhəri X2 və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu diqanozu ilə dispanserdə qeydiyyatda olması nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirmiş, onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəza çəkməsinin əvvəli 15 yanvar 2025-ci il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 02 saylı vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməli, ona məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 02 saylı vəkil bürosunun hesabına köçürülməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001- ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 08 (səkkiz) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 15 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Bakı şəhəri X2 və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu diqanozu ilə dispanserdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 0,683 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Bakı şəhəri 02 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (bir yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 02 saylı vəkil bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan (Azərbaycan Respublikası CPM-in 384.2-ci maddəsinə əsasən) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar