Məhkəmə qərarları › İş №1(006)-11/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-11/2025

20.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-11/2025 20.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Mülki iddiaçı X2, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və mülki iddiaçı X2 nümayəndəsi və vəkili Bakı şəhəri 19 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Müdafiəçi Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Ağdam rayonu, Əliməmmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Ağdam rayonu, Əliməmmədli kəndində qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlağına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 26 iyul 2023-cü il tarixdə saat 17:10-da etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Toyota Prius» markalı, **-EY- *** dövlət qeydiyyat nişanlı avtomobillə “X8” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməyərək Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi ilə Hənifə Ələsgərov küçəsi istiqamətində icazə verilən maksimum 60 km/saat sürətdən artıq, yəni 67 km/saat sürətlə hərəkətdə olarkən hadisənin qarşısını almağa texniki imkanı olduğu halda qeyd edilən Qanunun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərini pozub svetoforun qadağanedici qırmızı işığında yolayrıcına daxil olaraq həmin yolayrıcına svetoforun yaşıl işığında daxil olan sürücü X4 idarə eldiyi “KlA Sorento” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində ehtiyatsızlıqdan Əli Şabanın idarə etdiyi avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs baş beyinin əzilməsi və baş beyinin sağ təpə payına qansızma ilə müşayiət olunan başın sağ təpə-gicgah nahiyəsinin iri ölçülü dərialtı hematoması, bel nahiyəsinin qançırı, sağ dirsək oynağı nahiyəsinin əzilməsi ilə nəticələnən dərəcəsinə görə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarət almasına səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində etibarnamə ilə idarə etdiyi “Toyota Prius” markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nəsimi rayonu, Səməd Vurğun küçəsində hərəkətdə olan zaman Hənifə Ələsgərova küçəsinin kəsişməsində işıqforun yaşıl işığı yanıb söndüyü üçün yol ayrıcına daxil olmuş, o, yol ayrıcında hərəkətdə olan zaman işıqforun hərəkət üçün qadağanedici qırmızı işığı yandığı vaxt yolayrıcında hərəkətdə olduqda Hənifə Ələsgərova küçəsində işıqforun yaşıl işığında X4 etibarnamə ilə idarə etdiyi “Kia Sorento” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, toqquşma nəticəsində zərbədən “Kia Sorento” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil aşmışdır. Toqquşma nəticəsində “Kia Sorento” markalı **-BC- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X9, “Kia Sorento” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs xəsarət almış, hadisə yerinə çağırılmış X10 avtomobili vasitəsi ilə 1 saylı X7 çatdırılmış, hadisədən əvvəl özünü yaxşı hiss etmiş, həmin gün gərgin olmamış və heç bir sarsıntı keçirməmişdir. O, ümümiyyətlə spirtli içki içmir. “Toyota Prius” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobili texniki baxışdan keçirilmişdir. Nəqliyyat vasitəsi hadisə baş verən zaman saz vəziyyətdə olmuşdur. Hava işıqlı olmuş, gün işığı vardır, görmə qabiliyyəti yaxşı oİmuşdur. O, avtomobili təxminən 67 km sürəti ilə idarə etmişdir. Hadisə anidən baş verdiyindən, təhlükəni hadisə baş verdikdən sonra gördüyündən, hadisənin qarşısını almağa imkan tapmamışdır. Bundan başqa mülki iddianın təmin edilməməsini, avtomobilə dəymiş zərərlə bağlı verilmiş ekspert rəyi ilə razı olmadığını, avtomobilə rəydə göstərilən məşləğdə deyil, daha az məbləğdə zərər dəydini bildirmişdir. Daha sonra ilk dəfə cinayət törətməsini və əməlindən səmimi peşman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə saat 17:10-da sərnişini olduğu bibisi oğlu X4 etibarnamə ilə idarə etdiyi “Kia Sorento” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, Hənifə Ələsgərova küçəsində hərəkətdə olan zaman Hənifə Ələsgərova küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində işıqforun qırmızı işığı yandığı üçün Əli Şaban maşını durdurmuş, işıqforun yaşıl işığı yanandan 3-5 saniyə sonra Əli Şaban avtomobili hərəkətə gətirərək, Hənifə Ələsgərova küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində hərəkətdə olan zaman Səməd Vurğun küçəsi ilə hərəkət edən Təqsirləndirilən şəxs etibarnamə ilə idarə etdiyi “Toyota Prius” markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobillə işıqforun qırmızı işığında hərəkətinə davam etdirdiyinə görə onun idarə etdiyi avtomobil ilə sərnişini olduğu “Kia Sorento” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, toqquşma zamanı zərbənin gücündən “Kia Sorento” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil aşmış, hadisə nəticəsində o və bibisi oğlu Əli Şaban xəsarət almış, xəsarət aldıqlarına görə hadisə yerinə X10 çağırılaraq o və Əli Şaban 1 saylı X7 çatdırılmışdır. O, X4 etibarnamə ilə idarə etdiyi “Kia Sorento” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobildə öndə sərnişin oturacağında əyləşmiş, Əli Şaban avtomobili 40 km/saat sürətlə idarə etmiş, baş vermiş hadisə ilə bağlı xəsarət almış, aldığı xəsarətlərlə bağlı bədənində ağrıları olmuşdur. Müalicələri hələ də davam edir. Əmək fəaliyyəti pozulduğundan işləyə bilməmiş, yol nəqliyyat hadisəsinin səbəbkarı olan “Toyota Prius” markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü onunla maraqlanmayaraq, xəsarət almasına etinasız yanaşmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilməmişdir və ondan şikayətçidir. Məhkəmə istintaqında mülki iddiaçı X6 ifadəsində göstərmişdir ki, X9 onun oğludur, ona məxsus qara metallik rəngli, **-BC-*** dövlət nömrə nişanlı “Kia Sorento” markalı avtomobili etibarnamə ilə lazım olduqda idarə etmək üçün ona vermişdir. xx.xx.2023-cü il tarixdə saat 17:10-da oğlu Əli Şaban idarə etdiyi “Kia Sorento” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Hənifə Ələsgərova küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində işıqforun yaşıl işığında hərəkətdə olan zaman Səməd Vurğun küçəsi ilə hərəkət edən Təqsirləndirilən şəxs etibarnamə ilə idarə etdiyi “Toyota Prius” markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobillə işıqforun qırmızı işığında hərəkətinə davam etdiyinə görə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə övladı Əli Şabanın idarə etdiyi “Kia Sorento” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, toqquşma nəticəsində, “Kia Sorento” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil aşaraq tam yararsız hala düşmüşdür. Hadisə nəticəsində onun əmlakı olan “Kia Sorento” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilinə 29.840 manat məbləğində maddi ziyan dəymişdir. Hadisənin Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarına riayət etməməsi nəticəsində baş verməsinə baxmayaraq sonuncu ona dəymiş ziyanı qarşılamayaraq, onun günahı ucbatından yararsız hala düşmüş avtomobilini təmir etdirməmişdir. Bundan başqa, məhkəməyə təqdim etdiyi mülki iddia ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 26 iyul 2023-cü il tarixdə, saat 17:10-da etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Prius” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobillə “X8” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməyərək Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi ilə Hənifə Ələsgərov küçəsi istiqaməndə icazə verilən maksimum 60 km/saat sürətdən artıq, yəni 67 km/saat sürətlə hərəkətdə olarkən hadisənin qarşısını almağa texniki imkanı olduğu halda qeyd edilən Qanunun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərini pozub svetoforun qadağanedici qırmızı işığında yolayrıcına daxil olaraq həmin yolayrıcına svetoforun yaşıl işığında daxil olan sürücü X4 idarə etdiyi “Kia Sorento” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində ehtiyatsızlıqdan Əli Şabanın idarə etdiyi avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs baş beyin əzilməsi və baş beyinin sağ təpə payına qansızma ilə müşayiət olunan başın sağ təpə-gicgah nahiyəsinin iri ölçülü dərialtı hemotoması, bel nahiyəsinin qançırı,sağ dirsək oynağı nahiyəsinin əzilməsi ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarət almasına səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Qeyd edir ki, o, “Kia Sorento” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibidir. Qeyd olunan avtomobil Cənubi Koreyadan sifariş edilmişdir. Qeyd olunan avtomobilin qəza baş verən dövrə münasibətdə orta bazar qiyməti 46.000-48.000 manat olmuşdur. Baş vermiş hadisə nəticəsində avtomobil istifadəyə yararsız hala gəlmişdir ki, hazırki dövrədək avtomobildən istifadə olunmur. “Best Auto Service” tərəfindən təqdim edilmiş 07 avqust 2023-cü il tarixli, 25 nömrəli qüsur aktından da görünür ki,ehtiyat hissələri, görüləcək təmir işlərinə münasibətdə ilkin olaraq 29.840 manat hesablanmışdır. Göründüyü kimi ona baş vermiş qəza nəticəsində cavabdeh tərəfindən kifayət qədər ziyan dəymiş və o, ziyanın qarşılığının ödənilməsi ilə bağlı hər hansı real addım atılmamışdır. Habelə istər istintaq dövründə, istərsə də məhkəmə iclasında Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs 30000 manat maddi və 2000 manat mənəvi zərər tutulmaqla ona ödənilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.92-93); - “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi yer Bakı şəhəri, Nəsimi rayonu, Hənifə Ələsgərov küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsidir (i.v.5-9); - Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair xx.xx.2023-cü il tarixli, 2/23913 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu 0,00 promil və ayıq olması aşkar edilmişdir (i.v.20); - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1079 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - baş beyinin əzilməsi və baş beyinin sağ təpə payına qansızına ilə müşayiət olunan başın sağ təpə-gicgah nahiyəsinin iri ölçülü dərialtı hematoması, bel nahiyəsinin qançırı, sağ dirsək oynağı nahiyəsinin əzilməsi bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür (i.v.46-49); - Yol-nəqliyyat hadisələri üzrə Məhkəmə Ekspertizasının 27 sentyabr 2023-cü il tarixli, 8/2766 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Toyota Prius” markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X8» Azərbaycan Respublikası Qanununun 60-ci maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni avtomobili 67 km/saat surətlə idarə etdiyindən onun hərəkətlərində «X8» Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən göstərilən şəraitdə “Kia Sorento” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Aparılmış tədqiqatın dəyəri 128 manat təşkil edir (i.v.57-60); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iş üzrə “Toyota Prius” markalı **-EY-*** və “Kia Sorento” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillər, hadisəni özündə əks etdirən videogörüntü olan bir ədəd DVD disk maddi sübut kimi tanınmış, həmin avtomobillər, yəni “Toyota Prius” markalı **- EY-*** qeydiyyat nişanlı avtomobil sahibi Təqsirləndirilən şəxs, “Kia Sorento” markalı, **- BC-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi X3 qaytarılmış və 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmışdır (i.v.144-151); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.116-117); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/5964 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, ekspertiza tədqiqatına təqdim edilmiş, “Best Auto Service” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 25 №-li qüsur aktı məlumatlarına əsasən 2017-ci il buraxılışlı “Kia Sorento” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir:

1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 24.790,00 manat, o cümlədən: Dəyişilməli hissələrin qiyməti - 19.440,00 manat; Təmir- bərpa işlərinin qiyməti - 5.350,00 manat.

2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 21.546,00 manat, o cümlədən: Dəyişilməli hissələrin qiyməti - 16.196,00 manat; Təmir- bərpa işlərinin qiyməti - 5.350,00 manat. Nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə Ekspertizası Mərkəzinin 27 yanvar 2015-ci il tarixli 422 №-li məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizaların aparılması məqsədə müvafiq hesab olunduğundan, 2017-ci il buraxılışlı “Kia Sorento”' markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası məqsədilə zədələnmiş hissələrin (dəyişilməli və bərpa oluna bilən) və görüləcək əl işlərinin qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatı 1(006)-231/2024 nömrəli cinayət işi materiallarında olan qüsur aktı əsasında hesablandı. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (i.v.242-250). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduğuna görə məsuliyyət yaradır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin və mülki iddiaçının ifadələrinə, ekspert rəylərinə və yuxarıda sadalanan digər sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun ilk dəfə cinayət törətməsini və əməlindən səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini və cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinnin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Toyota Prius” markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs və “Kia Sorento” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin X3 qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərcləri – ümumilikdə 178 (yüz yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan başqa, məhkəmə mülki iddiaçı X6 tərəfindən verilmiş mülki iddianın dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə hesab edir ki, mülki cavabdeh – Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Azərbaycan Respublikasının CPM-nin 354.1-ci maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq, iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Beləliklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/5964 nömrəli rəyindən görünür ki, avtomobilin təmir-bərpa xərci 21546,00 manat məbləğindədir. Belə olan halda, avtomobilə dəymiş 21546,00 manat ziyan məbləği Təqsirləndirilən şəxs alınaraq X3 verilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki iddia qismən təmin edilməli, X3 dəymiş maddi zərərə görə cəmi 21546,00 (iyirmi bir min beş yüz qırx altı) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X3 ödənilməlidir. Mülki iddia qalan hissələrdə təmin edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia qismən təmin edilsin, X3 dəymiş maddi zərərə görə cəmi 21546,00 (iyirmi bir min beş yüz qırx altı) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X3 ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış “Toyota Prius” markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs və “Kia Sorento” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin X3 qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərcləri – ümumilikdə 178 (yüz yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar