Məhkəmə qərarları › İş №1(006)-110/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-110/2023

19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-110/2023 19.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs3 Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1995-ci il tarixdə Şəmkir rayonu, Düyərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, işləməyən, Şəmkir rayonu, Düyərli kəndində qeydiyyatda olan, məhkumluğu olmayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-1 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 16 iyun 2022-ci il tarixdə, saat 16 radələrində ünvan 1 ünvanda yerləşən, təmirə bağlanılmış “Hard Rock” restoranının qarşısına gəlib içəridə heç kimin olmadığından istifadə edərək oraya sərbəst daxil olması üçün heç bir hüququ olmadığı halda giriş qapısından restorana qanunsuz daxil olmuş və masanın üzərinə qoyulmuş, Zərərçəkmiş şəxs1 məxsus, içərisində sonuncuya aid AA ******* nömrəli şəxsiyyət vəsiqəsi, hər birinin dəyəri 20 manat olmaqla, ümumilikdə 40 manat dəyərində "xxxx" ASC tərəfindən verilmiş “TamKart” taksit kartı və əmək haqqı kartı, dəyəri 20 manat olan 01 ədəd "xxxx" ASC tərəfindən verilmiş “Birkart” debet kartı, dəyəri 10 manat olan 01 ədəd "xxxx" ASC tərəfindən verilmiş plastik kart, dəyəri 02 manat olan 01 ədəd Bakı dəmir yolu kartı, dəyəri 05 manat olan 01 ədəd “BakıKart” elektron vahid ödəniş kartı olan 30 manat dəyərində pul kisəsini gizli olaraq talamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 107 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o: • şəxsiyyəti istintaqa məlum olmayan tanışı “Seymur” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs1 istifadəsində olan "xxxx" ASC-yə məxsus elektron məlumat daşıyıcısı hesab edilən 5490-2641-0119-1458 nömrəli “TamKart” taksit kartını 16 iyun 2022-ci il tarixdə, saat 20:06-da ünvan 2 ünvanda quraşdırılmış "xxxx" ASC-nin bankomatına daxil etmiş və oğurladığı Zərərçəkmiş şəxs1 məxsus şəxsiyyət vəsiqəsinin üzərində olan doğum ilini identifikasiya nömrəsi (pin kod) kimi istifadə edərək bank kartının hesabından 400 manat məbləğində pulu (əlavə olaraq 06 manat komissiya haqqı tutulub) nağdlaşdırmaqla; • 09 oktyabr 2022-ci il tarixdə, saat 17 radələrində tanışı Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evində qonaq qismində olan zaman evdə heç kimin olmamasından istifadə edib masanın üzərindən Zərərçəkmiş şəxs2 məxsus, içərisində 05 manat dəyərində 070 ***-**-** saylı GSM nömrəsi olan, dəyəri 400 manat olan bir ədəd “Samsung A10” markalı mobil telefonu, dəyəri 800 manat olan bir ədəd “Samsung” markalı planşeti, həmin planşetin qabına qoyulmuş 500 manat nağd pulu, “Samsung” markalı planşetə aid bir ədəd 35 manat dəyərində enerji qidalandırıcısını, “iPhone” markalı mobil telefonlara aid dəyəri 70 manat olan bir ədəd enerji qidalandırıcısını gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 1.810 məbləğində; • 09 oktyabr 2022-ci il tarixdə, saat 17 radələrində Zərərçəkmiş şəxs3 Əsgər oğlunun yaşadığı ünvan 3 evin giriş qapısının aralı vəziyyətdə olmasından istifadə edərək oraya sərbəst daxil olması üçün heç bir hüququ olmadığı halda giriş qapısından həmin yaşayış sahəsinə qanunsuz daxil olub masanın üzərində olan, Zərərçəkmiş şəxs3 məxsus və içərisində 05 manat dəyərində 050 ***-**-** saylı GSM nömrə olan 776 manat dəyərində bir ədəd “Redmi Note 11” markalı mobil telefonu və dəyəri 70 manat olan bir ədəd elektron qol saatını gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 851 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 16 iyun 2022-ci il tarixdə, saat 16 radələrində o, “Hard Rock” restoranın yanından keçdikdə içəridə təmir işlərinin aparıldığını, stolun üzərində pul kisələrinin olduğunu, lakin orada heç kimin olmadığını görmüşdür. Bu zaman oradan oğurluq etmək qərarına gəlmiş və restoranın qapısını əli ilə çəkdikdə qapının açıq vəziyyətdə olduğunu görüb ora daxil olmuşdur. Restoranın giriş hissəsində sağ tərəfdə yerləşən masaya yaxınlaşmış və orada masanın üzərində iki ədəd telefon, iki ədəd pul kisəsi və müxtəlif ərzaq məhsullarının olduğunu görmüşdür. O, həmin pul kisələrindən qara rəngli olanını götürmüş və hadisə yerindən uzaqlaşmışdır. Daha sonra yolda pul kisəsinin içərisinə baxmış, orada şəxsiyyət vəsiqəsinin və müxtəlif bank kartlarının olduğunu müəyyən etmişdir. Daha sonra o, piyada Azadlıq prospekti tərəfə gəlmiş və tanıdığı Seymur adlı şəxslə rastlaşmış və ona pul kisəsini oğurladığını, lakin içərisində pul olmadığından kefinin pozulduğunu bildirmişdir. Seymur da öz növbəsində ona narahat olmamağını və ona kartdan pul çıxara biləcəyini deyərək ondan həmin pul kisəsini götürmüşdür. Daha sonra o və Seymur həmin günü təxminən saat 18 radələrində Nəsimi rayonu, Bülbül prospekti, 18 saylı ünvanda yerləşən "xxxx" ASC-yə aid bankomata yaxınlaşmış, bu zaman onlar ortaq tanışları “İbiş” ləqəbi ilə tanıdıqları “İsmayıl” adlı şəxslə rastlaşmışlar. O, onlardan hara getdiklərini soruşanda ona yalandan özlərinə məxsus bank kartından pul çıxaracaqlarını bildirmişlər. Daha sonra birlikdə bankomata yaxınlaşmış və həmin vaxt Seymur pul kisəsindən çıxartdığı “Tamkart” adlı kartı bankomata salmış, pul kisəsində olan şəxsiyyət vəsiqəsini də çıxararaq onun üzərində olan vətəndaşın doğum ilinə baxmış və bu doğum ilinə uyğun 04 rəqəmi, yəni “1985” rəqəmlərini yığaraq kartda olan 400 manat pulu çıxartmışdır. Pulu çıxartdıqdan sonra İsmayıl ilə bir qədər söhbət edib oradan uzaqlaşmışlar. Sonra Seymur ona bankomatdan çıxartdıqları pulu bölməyi təklif etmiş, o da bununla razılaşsa da, Seymur həmin puldan ona cəmi 70 manat vermişdir. Bundan sonra o, Seymura pul kisəsini sahibi tərəfindən tapılıb götürülməsi üçün onu “Hard Rock” restoranın yaxınlığına atmağı təklif etmiş, lakin Seymur buna etiraz edərək pul kisəsinin və kartların onda qalacağını bildirmişdir. O da həmin vaxt ağrıları olduğu üçün, yəni artıq narkotik vasitə istifadə etmək istədiyinə görə Seymurla razılaşıb ondan aralanmış və sonra onunla rastlaşmamışdır. Bundan başqa, o, xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində gəzərkən tanışı Ələsgərlə rastlaşmışdır. Onunla söhbət zamanı Ələsgərə qalmağa yerinin olmadığını bildirəndə sonuncu onu öz evinə dəvət etmişdir. Onlar birlikdə ünvan 3 ünvana gəlmişlər. Ələsgər ona üst-başını səliqəyə salmaq üçün yuyuna biləcəyini təklif etmişdir. O da buna etiraz etməmiş, yuyunub yemək yemiş, 1- 2 saat yatdıqdan sonra oyandıqda evdə heç kimin olmadığını görmüş və pulu olmadığı üçün ətrafda nə oğurlaya biləcəyinə göz gəzdirmişdir. Bu zaman gözünə masanın üzərində olan əşyalar dəymiş və o, “Samsung A10” markalı mobil telefonu, “Samsung” markalı planşeti masanın üzərindən götürsə də, 500 manat pul, planşetə aid enerji qidalandırıcısı və “iPhone” markalı mobil telefonlara məxsus enerji qidalandırıcısını oğurlamamışdır. Daha sonra həmin evdən çıxaraq üzbəüz yerləşən evin giriş qapısının tam örtülməmiş vəziyyətdə olduğunu və içəridən səs gəlmədiyini görüb elə birdəfəlik həmin evdən də oğurluq etməyi qərara almışdır. Evin qapısını yavaşca açaraq içəriyə daxil olmuş və evin içərisində Ələsgərin və tanımadığı iki nəfər şəxsin yatdığını görüb asta hərəkətlərlə otaqda olan masanın üzərindən “Redmi Note 11” markalı mobil telefonu oğurlayıb oradan uzaqlaşmışdır. Eyni zamanda bu evdən qara rəngli elektron qol saatını götürməmişdir. Oğurladığı “Samsung A10” markalı mobil telefonu tanışı Zəbunənin şəxsiyyət vəsiqəsi ilə metronun “28 May” stansiyasının yaxınlığında telefon mağazasına, “Redmi Note 11” markalı mobil telefonu və planşeti isə xatırlamadığı yerdə satmışdır. Zərər çəkmiş şəxslərə vurulmuş zərər ödənilmiş, ona yüngül cəzanın təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, "xxxx" MMC-də elektro-mexanik vəzifəsində işləyir. Ötən ilin iyun ayında 03 həftə ərzində ünvan 1 ünvanda yerləşən “Hard Rock” restoranında elektrik işləri ilə məşğul olmuş və iş görərkən hər zaman qapını örtülü saxlamışdır ki, digər şəxslər içəri daxil olmasın. 16 iyun 2022-ci il tarixdə, günorta saatlarında həmin restoranda olduğu zaman içərisində AA ******* nömrəli şəxsiyyət vəsiqəsi, hər birinin dəyəri 20 manat olmaqla, ümumilikdə 40 manat dəyərində "xxxx" ASC tərəfindən verilmiş “TamKart” taksit kartı və əmək haqqı kartı, dəyəri 20 manat olan 01 ədəd "xxxx" ASC tərəfindən verilmiş “Birkart” debet kartı, dəyəri 10 manat olan 01 ədəd "xxxx" ASC tərəfindən verilmiş plastik kart, dəyəri 02 manat olan 01 ədəd Bakı dəmir yolu kartı, dəyəri 05 manat olan 01 ədəd “BakıKart” elektron vahid ödəniş kartı olan özünə məxsus 30 manat dəyərində qəhvəyi rəngli pul kisəsini restoranın giriş hissəsində sağ tərəfdə olan masanın üzərində qoymuşdur. Həmin gün, saat 20:05 radələrində onun telefonuna “TamKart” kredit kartından 400 manat pulun çəkilməsi və xidmət haqqı kimi 6 manat pulun tutulması barədə mesaj gəldikdə o, pul kisəsini qoyduğu masaya yaxınlaşmış, lakin onu orada olmadığını görüb oğurlandığını başa düşmüşdür. “TamKart” kredit kartının 04 rəqəmli “pin kodu”nu doğulduğu il olaraq qeyd etmişdir. Hazırda ona vurulmuş zərər ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, 44 günlük Vətən müharibəsi iştirakçısı olduğu üçün tez-tez Lənkəran rayonundan Bakı şəhərinə müalicə olunmaq üçün gəlir. xx.xx.2022-ci il tarixdə, səhərə yaxın qardaşı Cavanşirin kirayədə yaşadığı ünvan 4 ünvana gəlmiş, saat 07 radələrində küçədə tanıdığı Təqsirləndirilən şəxs təsadüfən görmüş və onun üst-başının nimdaş vəziyyətdə olduğunu, habelə qalmağa yerini olmadığını görüb onu evə dəvət etmişdir. Evdə Elşada üst-başının çirkli olduğunu bildirərək ona yuyunmağı təklif etmiş, sonradan ona yemək vermiş və istirahət etməsi üçün yata biləcəyini bildirmişdir. Elşad yatdıqdan sonra o da təxminən saat 14 radələrində həmin ünvanda yerləşən Zərərçəkmiş şəxs3 evinə getmiş, onunla söhbət etmiş, sonra dərman qəbul edərək yatmışdır. Təxminən saat 20 radələrində oyanan zaman yataq otağında masanın üzərində Rövşənə məxsus 050 ***-**-** saylı GSM nömrə ilə istifadə olunan “Redmi Note 11” markalı mobil telefonun və qara rəngli elektron qol saatının onun qoyduğu yerdə olmadığını aşkar etdikdən sonra həmin əşyaları nə qədər axtarsalar da, tapa bilməmişlər. Bundan sonra onlar qardaşının evinə gəlmiş və həmin vaxt evdə Elşadın olmadığını görmüşlər. Eyni zamanda otaqda yerləşən televizorun üzərinə qoyduğu, ona məxsus 05 manat dəyərində 070 ***-**-** saylı GSM nömrə ilə istifadə etdiyi 400 manat dəyərində 2020-ci il istehsallı, 32 GB yaddaşlı “Samsung A10” markalı mobil telefonun, 800 manat dəyərində 2020-ci il istehsallı, “Samsung” markalı planşetin, həmin planşetə məxsus 35 manat dəyərində enerji qidalandırıcısının, “iPhone” markalı mobil telefona məxsus 70 manat dəyərində 01 ədəd enerji qidalandırıcısının və həmin planşetin qabına qoyduğu 500 manat pulun olmadığını aşkar etmişdir. Bu zaman o, Elşaddan şübhələnməyə başlamışdır. Bundan sonra onlar evdən çıxaraq Elşadı axtarsalar da, onu tapa bilməmiş və xx.xx.2022-ci il tarixdə bu barədə “102” xidmətinə müraciət etmişlər. Ümumilikdə ona 1.810 manat ziyan dəysə də, hazırda təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, ünvan 3 ünvanda kirayədə yaşayır, Zərərçəkmiş şəxs2 əmisi və qardaşı ilə onunla eyni həyətdə üzbəüz evdə kirayədə qalır. 09 oktyabr 2022-ci il tarixdə səhər saatlarında həyətdə olan zaman Ələsgərin bir nəfər tanımadığı tanışı ilə evlərinə gəldiyini görmüşdür. Ələsgər həmin şəxsi onunla tanış edərək adının Elşad olduğunu və köhnə tanışı olduğunu bildirmişdir. Onlar evə girmiş, o da öz evinə getmişdir. Daha sonra onun tanışı Yadulla da gəlmiş, Yadulla ilə birlikdə evdə olan zaman təxminən 1-2 saatdan sonra Ələsgər də ora gələrək tanışının evdə yatdığını, səs salmamaq üçün onun evinə gəldiyini bildirmişdir. Onlar bir qədər oturduqdan sonra hamısı eyni otaqda yatmışlar. Təxminən saat 20 radələrində oyananda yataq otağında masanın üzərində ona məxsus, dəyəri 05 manat olan 050 ***-**-** saylı GSM nömrə ilə istifadə etdiyi 2022-ci il istehsallı, 128 gb yaddaşlı “Redmi Note 11” markalı, 8623 5806 0958 500, 8623 5806 0958 515 İMEİ kodlu mobil telefonunun və qara rəngli, 2022-ci il Çin istehsallı “Nokia” markalı elektron qol saatının qoyduğu yerdə olmadığını aşkar etmişdir. Həmin əşyaları evdə nə qədər axtarsalar da, tapa bilməmişlər. Bundan sonra o, Yadulla və Ələsgər digər evə keçmiş və orada Elşadın olmadığını görmüşlər. Daha sonra Ələsgər otaqda yerləşən televizorun üzərinə qoyduğu “Samsung A10” markalı mobil telefonun, “Samsung” markalı planşetin, həmin planşetə məxsus enerji qidalandırıcısının, “iPhone” markalı mobil telefona məxsus enerji qidalandırıcısının və həmin planşetin qabının arxa hissəsinə qoyduğu 500 manat pulun olmadığını bildirmiş və onlar artıq Elşaddan şübhələnməyə başlamışlar. O, “Redmi Note 11” markalı telefonu kreditə 776 manata almış, onun 220 manatını ödəmişdir. “Nokia” markalı elektron qol saatını isə hadisədən 01 həftə əvvəl 70 manata almışdır. Ümumilikdə hadisə nəticəsində ona 851 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənildiyindən təqsirləndirilən şəxsə qarşı şikayəti yoxdur. Məhkəmədə Şahid ifadəsində göstərdi ki, o, 12 ildir ki, metronun “28 May” stansiyası yaxınlığında “Mobilnik” adlı telefon mağazasında telefonların alqı-satqısı ilə məşğuldur. xx.xx.2022-ci il tarixdə tanımadığı iki nəfər mağazaya gəlmiş, onlardan kişi cinsi olan şəxs əlində olan “Samsung A10” markalı mobil telefonu göstərərək satmaq istədiyini bildirmiş və ondan onu hansı qiymətə ala biləcəyini soruşmuşdur. O da bu telefonu 70 manata ala biləcəyini bildirən zaman həmin şəxsin yanında olan xanım X4 öz şəxsiyyət vəsiqəsini təqdim etmiş və həmin vəsiqə ilə telefonu satmaq istədiklərini bildirmişlər. O da şəxsiyyət vəsiqəsinin surətini götürərək mobil telefonun İMEİ kodunu və həmin qadına ağ vərəqədə telefonun ona məxsus olduğunu yazdıraraq imza etdirmiş və 70 manat pulu vermişdir. İş materiallarında olan: • "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixli, 41-16082/2022 saylı çəktubla təqdim edilmiş 5490.........1458 saylı kart üzrə çıxarışa əsasən xx.xx.2022-ci il tarixdə, saat 20:06-da “ATM CNV AZERTAC” ünvanlı bankomatdan 400 manat pul çıxarılmış, 6 manat komissiya haqqı tutulmuşdur (İ cild, i.v.221-222); • “Diskə baxış keçirilməsi haqqında” 08 sentyabr 2022-ci il tarixli protokola əsasən 02 ədəd videogörüntüyə baxış keçirilir. Birinci videogörüntü 40 saniyə müddətindədir və orada Təqsirləndirilən şəxs ünvan 2 ünvanda yanında iki nəfər şəxslə birlikdə (Təqsirləndirilən şəxs sağda olan şəxs sarı rəngdə köynək və qara rəngdə şalvar, həmin şəxsdən sağda olan üçüncü şəxs isə ağ köynək və qara şalvar geyinmişdir) yeraltı keçiddən çıxaraq orada olan "xxxx" ASC-yə məxsus bankomata yaxınlaşırlar. Onlardan ağ köynək və qara şalvar geyinmiş şəxs digərləri ilə birlikdə bankomata yaxınlaşdıqdan sonra yolun hərəkət hissəsinə çıxaraq digər iki nəfəri orada gözləyir. İkinci videogörüntü 10 saniyə müddətindədir və həmin görüntüdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi ilə yanında iki nəfər şəxslə birlikdə (Təqsirləndirilən şəxs arxada sağda olan şəxs sarı rəngdə köynək və qara rəngdə şalvar, həmin şəxsdən solda olan üçüncü şəxs isə ağ köynək və qara şalvar geyinmişdir) hərəkət edirlər. Təqsirləndirilən şəxs görüntüdə olan şəxlərdən boz rəngli köynək və göy rəngli cins şalvar geyinən şəxsin özünün, sarı rəngdə köynək və qara rəngdə şalvar geyinən şəxsin “Seymur” adlı şəxs və ağ köynək və qara şalvar geyinən şəxsin “Seymur” adlı şəxsin tanışı “İbiş” ləqəbli İsmayıl adlı şəxs olduğunu bildirir (İ cild, i.v.218-220); • “Sübutların qiymətləndirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərara əsasən “Seymur” adlı şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə ayrıca icraata başqa cinayət işi ayrılmış, Təqsirləndirilən şəxs “Samsung A10” markalı mobil telefonu tanışı X3 şəxsiyyətini təsdiq edən sənəd vasitəsilə satmasına dair alqı-satqı ilə bağlı tərtib edilmiş sənəd maddi sübut kimi tanınmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/8711 saylı rəyi sübut kimi qəbul edilməyərək zərər çəkmiş şəxslərə vurulmuş zərərin məbləği onların ifadələrində göstərdiyi qiymətlərə uyğun ittihama daxil edilmiş, habelə Təqsirləndirilən şəxs elan edilmiş ittihamda yalnız zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus şəxsiyyət vəsiqəsinin talanması əsas götürülmüşdür (İİ cild, i.v.52-65); • “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs həmin günü tutulmuş, onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatətin müdafiəsindən Bakı şəhəri Nəsimi rayon prokuroru vəzifəsini icra edən K.Əliyev tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş qərarla imtina edilmişdir (İ cild, i.v.147-148, 183-184); • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 25 oktyabr 2022-ci il tarixdən hesablanmışdır (İ cild, i.v.49, İİ cild, i.v.28-30); • Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X8 Ambulator X2 haqqında xx.xx.2022-ci il tarixli, 3947 saylı rəyinə görə Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, i.v.211-212); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında məhkum olunmayıb (İ cild, i.v.208-209). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır (10-cu bənd); Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları rolların bölgüsünə əsasən cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün həmin normaya istinad edilməsinə ehtiyac yoxdur (11-ci bənd); Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 3-cü bəndinə görə müvafiq olaraq oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinin “təkrar törədilməsi” əlaməti üzrə tövsif edilməsi üçün həmin Məcəllənin 177, 180, 181-ci maddələri ilə, habelə 178, 179, 182, 183-cü maddələri ilə nəzərdə tutulan iki və ya daha çox cinayətlərin (hər hansı ardıcıllıqla) törədilməsi tələb olunur (17-ci bənd); şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq həmin Məcəllənin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir (18-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); bina dedikdə istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür (20-ci bənd); oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq” əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində “daxil olma” əlaməti yoxdur (21-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Cinayət-Prosessual Məcəlləsinin 141.2-ci maddəsinə görə cinayət prosesinin tərəfləri cinayət təqibi üzrə əhəmiyyət kəsb edən hər hansı halı tədqiq etmədən onun mövcudluğu və ya müəyyən qiymət verilməsi barədə razılığa gələ bilərlər. Cinayət təqibi üzrə icraatın materiallarında olan sübutlara əsasən məhkəmə bu halların mövcudluğu və ona verilmiş qiymətin qanunla ziddiyyət yaratmadığını qəbul etdikdə, belə razılıq hökmün və ya digər qərarın əsası kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarına əsasən Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət, şəxs tərəfindən talama və ya müxtəlif qanunsuz yollarla əldə edilmiş kartdan və onun identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə törədilməsidir. Bu əməlin obyektiv cəhəti gizli yolla elektron məlumat daşıyıcısı olan bank kartını və onun şifrəsini əldə etmək və sonradan kartı bakomata daxil edib, pin kodu yığmaqla kart sahibinin hesabından pul vəsaitini çıxarmaqdır. Bu zaman, cinayəti törədən şəxsin niyyəti bankomatın fəaliyyətinə, əməliyyat sisteminə müdaxilə etmək deyil, yalnız əldə etdiyi imkandan istifadə etməklə kart sahibinin hesabından pul vəsaitini talamaqdır. Bu halda, zərər çəkmiş şəxs kartı oğurlanmış şəxsdir, çünki oğurlanmış və başqa qanunsuz yolla ələ keçirilmiş hesab kartını bankomata daxil edərkən şəxs bankomatın seyfindən deyil, həmin kartın sahibinin hesabından oğurluq edir. Oğurluğun informasiya texnologiyalarından istifadə edilməklə örədilməsi xüsusi proqramlardan və qurğulardan istifadə etməklə bankomatların, nəticə etibarı ilə bankın kompyuter sisteminə daxil olub həm nağd pul vəsaitlərini, həm də müxtəlif növ ödənişləri həyata keçirməklə, yaxud da pul vəsaitlərini bankın hesabından öz şəxsi hesabına köçürməklə talamanı ehtiva edir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, ödəniş kartında şəxs və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı hesab edilməli və ondan istifadə edilməklə törədilən oğurluq cinayəti Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. Eyni zamanda hüquq nəzəriyyəsinə görə Cinayət Məcəlləsinin 326.2-ci maddəsinin dispozisiyasında əks olunmuş dənizçinin şəxsiyyət sənədini, vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini talama dedikdə, cinayətin göstərilən predmetlərinin onun qanuni sahiblərindən və istifadəçilərindən onların iradəsinə zidd olaraq qanunsuz götürülməsi başa düşülür. Talama müxtəlif üsullarla: açıq və ya gizli, aldatmaqla, etibardan sui-istifadə etməklə və s. kimi üsullarla həyata keçirilə bilər. Hazırki işin faktiki hallarından aydın olur ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan tanışı “Seymur” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 istifadəsində olan "xxxx" ASC-yə məxsus elektron məlumat daşıyıcısı hesab edilən 5490-2641-0119-1458 nömrəli “TamKart” taksit kartını 16 iyun 2022-ci il tarixdə, saat 20:06-da ünvan 2 ünvanda quraşdırılmış "xxxx" ASC-nin bankomatına daxil etmiş və Təqsirləndirilən şəxs oğurladığı Zərərçəkmiş şəxs1 məxsus şəxsiyyət vəsiqəsinin üzərində olan doğum ilini identifikasiya nömrəsi (pin kod) kimi istifadə edərək bank kartının hesabından 400 manat məbləğində pulu (əlavə olaraq 06 manat komissiya haqqı tutulub) nağdlaşdırmışdır. Bundan başqa, məhkəmə iş üzrə zərər çəkmiş şəxslərin ekspertiza rəyində göstərilən qiymətlərlə razı olmadığından Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərin ifadələrində göstərdiyi qiymətlərə istintad edilməklə elan olunmuş ittihamla bağlı onu qeyd edir ki, istintaq orqanı tərəfindən oğurlanmış əşyalar qiymətlərinin müəyyən edilməsi üçün tədqiqat obyektləri kimi ekspertizaya təqdim edilmədiyindən qiymətləndirmə nəzəri qaydada aparılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, oğurlanmış əşyaların qiymətləri ilə bağlı faktiki ekspert rəyinin olmasına baxmayaraq, onların dəyəri zərər çəkmiş şəxslərin sözlərinə əsasən müəyyən edilməsi daha doğrudur. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən təkrarən yaşayış sahəsinə və binaya qanunsuz daxil olmaqla və qabaqcadan əlbir olan bir qrup şəxs halında elektron məlumat daşıyıcılarından istifadə etməklə zərər çəkmiş şəxslərin əmlakını gizli olaraq talamaqla oğurluq etməsi, habelə vətəndaşın şəxsiyyət vəsiqəsini talaması tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Bu hərəkətləri ilə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-1 və 326.2-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-1 və 326.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərlə barışıq əldə olunmasını Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların törədilməsi hallarını və təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-1 və 326.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddinə uyğun cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə). Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və təyin olunacaq az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli həbsdə alındığı andan – 25 oktyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış mobil telefonun alqı-satqısı ilə bağlı tərtib edilmiş sənəd cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 25 saat üçün nəzərdə tutulan 150 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-1 maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə, həmin Məcəllənin 326.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs təyin edilmiş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti olaraq ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 25 oktyabr 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış mobil telefonun alqı-satqısı ilə bağlı tərtib edilmiş sənəd cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 25 saat üçün nəzərdə tutulan 150 (yüz əlli) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar