Məhkəmə qərarları › İş №1(006)-110/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-110/2024

01.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-110/2024 01.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Xəlilzadə Günay ibrahim qızının, Zərərçəkmiş şəxs1 və onun vəkili Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X7, təqsirləndirilən şəxs X1 iştirakları ilə xx.xx.1979-cu ildə Masallı rayonu Ərkivan kəndində anadan olmuş. Azərbaycan Respublikası vətəndaşı. əvvəllər məhkum olunmamış, ailəli-himayəsində bir azyaşlı övladı olan, işləməyən, ali təhsilli. Masallı rayonu. Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 23 radələrində ünvan 1 ünvanında arvadı Zərərçəkmiş şəxs1 ilə aralarında ailə-məişət zəminində yaranmış mübahisə zamanı qəsdən Zərərçəkmiş şəxs1 üz və qol nahiyələrindən yumruq zərbələri vuraraq ona sağ bazu oynağı nahiyyəsinin həmin oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan iri ölçülü dərialtı hematoması, sol göz yuvası ətrafı yumşaq toxumaların qançır-şişkinlik halında əzilməsi və həmin gözün ağlı qişasına qansızması ilə nəticələnən dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid və mübahisəyə müdaxilə edən yetkinlik yaşma çatmayan 2011-ci il təvəllüdlü övladı Zərərçəkmiş şəxs2 qəsdən sifət nahiyəsindən yumruq zərbəsi vurub ona üst dodağın selikli qişasının əzilmiş cırılmış yarası ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Masallı rayonu. Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayır. Zərərçəkmiş şəxs1 onun həyat yoldaşıdır, o, Xədicə ilə 2005-ci ildə ailə qurmuşdur, birgə nigahlarından 2006-cı il təvəllüdlü Şahid, 2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 dünyaya gəlmişdir. Əvvəllər ailə münasibətləri normal olmuşdur. 2014-cü ildən 2023-cü ilin avqust ayının ortalarına kimi olan müddəi ərzində arada-bir spirtli içki qəbul etmiş, lakin hədsiz dərəcədə spitli içki qəbul etmirmiş, indi isə spirtli içki qəbul etmir. Hazırda həyat yoldaşı Xədicə onunla birlikdə yaşamır. İşin mahiyyəti üzrə bildirir ki, o, 2023-cü ilin avqust ayının sonuna kimi olan müddət ərzində ünvan 2 ünvanında kirayədə yaşayırmış. Həmin mənzil iki otaq, bir mətbəx, hamam və tualet otağından ibarət olmuşdur. xx.xx.2023-cü il tarixdə təxminən saat 19 radələrində o, işdən evə gəlmiş, istifadə etdikləri otaqda oturub yemək yeyib bir qədər araq qəbul etmişdir. Arvadı Xədicə, qızları Zəhra və Fidan uşaq yataq otağında olmuşlar. O, qızı Fidana mobil telefonunu verib əvəzində X13 Note 9 modelli mobil telefonunu ona verməsini bildirmiş, lakin Fidan onunla razılaşmamışdır. Bundan sonra o, kiçik qızı Zəhraya mobil telefonlarını dəyişməyi təklif etmiş, qızı Zəhra öz mobil telefonunu ona vermiş, o, da Samsung (Galaxy A 14 modelli mobil telefonunu Zəhraya vermişdir. Bundan sonra o, qızı Fidana demişdir ki, “gördün, sən telefonunu dəyişmədin, Zəhra isə telefonunu mənimlə dəyişdi". Bu zaman arvadı Xədicə uca səslə üstünə qışıqırıb ona demişdir ki, uşaqlara psixoloji təzyiq göstərməsin. O, isə Xədicəyə açıqlanmışdır ki, səs tonunu azaltsın. Bu mövzuda onunla Xədicənin arasında sözlə mübahisə yaranmışdır. Həmin vaxt təxminən saat 23 radələri olarmış. O, əsəblərini cilovlaya bilməyib Xədicənin sifətinin sol tərəfinə bir dəfə yumruqla zərbə vurmuş, daha sonra bir dəfə də sağ qoluna yumruqla zərbə vurmuş, Xədicə çarpayının üzərinə yıxılmışdır. Bu zaman qızları Fidan və Zəhra onun qarşısına keçib Xədicədən nə istədiyini soruşdular. Həmin vaxt əsəbi olduğundan böyük qızı Fidanın əli lə itələyib öz işi ilə məşğul olmasını bildirmişdir. Daha sonra Zəhra onun qarşısında dayandığı üçün onunda sifətinə bir dəfə yumruq zərbəsi vurmuş. Zəhranın dodaq nahiyyəsi qanamışdır. Bundan sonra o, arvadı Xədicəni və qızı Zəhranı vurmağına peşman olduğundan uşaq yataq otağında olan dolabın üzərindəki güzgüyə yumruq vurmuş, güzgü sındığından öz əli də kəsilmişdir. Xədicə onun kəsilmiş əlini tənziflə sarımışdır. Bir az keçdikdən sonra o yatmışdır. Sonra isə Xədicə ondan polisə şikayət etmişdir. Təqsirləndirilən şəxs ona verilən əlavə sualları cavablandırıb bildirmişdir ki, davadalaş xx.xx.2023-cü il tarixdə təxminən saat 23 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Hüseynabala Əliyev küçəsi, ev 22, 41 nömrəli mənzildə, uşaqların yataq otağında baş vermişdir, həmin vaxt otaqda övladları Fidan, Zəhra və arvadı Xədicə olmuşdur. Baş vermiş dava-dalaş zamanı yaranmış səs-küyə qonşulardan kim isə mənzilin qapısını döyməmişdir. Dava-dalaş mübahisə ilə birlikdə təxminən 5-6 dəqiqə davam etmişdir. Dava-dalaşa səbəb arvadı Xədicənin onunla uca səslə və kobud danışıb onu əsəbləşdirməsi olmuşdur. Bildirmək istəyir ki, o, evə bıçaq gətirmişdir, lakin evdə heç kimə deməmişdir ki, “nə adam öldürüləsi bıçaqdı”, həmçinin 3 ədəd bıçağı bir-birinə sürtməmiş, Xədicə və övladlarını öldürəcəyini deməmiş, elə bir hadisə olmamışdır. Xədicənin ifadəsində göstərdikləri yalandır. Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Şahid yalan danışırlar. Hər bir ailədə olduğu kimi onun da ailəsində sözlə mübahisə olmuşdur, lakin o, Zərərçəkmiş şəxs1 əvvəllər döyməmişdir. Sonda təqsirləndirilən şəxs X3 törətdiyi əməldən peşmançılıq çəkməsini bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır, Nurməmməd onunla 2005-ci ildə ailə qurmuşdur, birgə nigahlarından 2006-cı il təvəllüdlü Şahid, 2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 dünyaya gəlmişdir. Əvvəllər ailə münasibətləri normal olub. Onlar ailə qurduqdan bir neçə il sonra Nurmməmədin xasiyyəti tamamilə dəyişilmiş, Nurməmməd mütəmadi olaraq spirtli içki qəbul etmyə başlamış, hədsiz dərəcədə spitli içki qəbul edib evdə mübahisə, dava-dalaş yaradıb onu döyürmüş. İşin mahiyyəti üzrə bildirir ki, o, 2023-cü ilin avqust ayının sonuna kimi olan müddət ərzində ünvan 2 ünvanında kirayədə yaşayırmış. Həmin mənzil iki otaq, bir mətbəx, hamam və tualet otağından ibarət olmuşdur. Hazırda isə ünvan 3 ünvanında iki qızı ilə birlikdə kirayədə yaşayır, boşanma barədə məhkəməyə müraciət etmişlər. xx.xx.2023-cü il tarixdə Nurməmməd axşam saatlarında işdən evə gəlmiş, evdə spirtli içki qəbul edib sərxoş olmuş, daha sonra mübahisə yaradıb onun ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin gündən 3 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə Nurməmməd təxminən saat 19 radələrində işdən evə gəlmiş, həm yataq, həm də qonaq otağı kimi istifadə etdikləri otaqda oturub yemək yeyib bir qədər spirtli içki olan araq qəbul etmişdir. O, qızları Zəhra və Fidan ilə birlikdə uşaqların yataq otağında olmuşdur. Bır az sonra Nurməmməd sərxoş olmuş, ağzına gələni danışmağa başlamışdır. Fidana öz köhnə mobil telefonunu verib əvəzində X13 Note 9 modelli mobil telefonunu ona verməsini bildirmişdir. X11 ilə razılaşmamışdır. Bundan sonra Nurməmməd kiçik qızı Zəhra ilə öz köhnə mobil telefonunu dəyişməyi təklif etmişdir. Zəhra qorxusundan özünün Raleme modelli mobil telefonunu Nurməmmədə vermiş. Nurməmməd də Samsung Galaxy A 14 modelli mobil telefonunu Zəhraya vermişdir. Bundan sonra Nurməmməd Fidana demişdir ki, “gördün, sən telefonunu dəyişmədin. Zəhra isə telefonunu mənimlə dəyişdi”. O da Nurməmmədə demişdir ki, uşaqlara psixoloji təzyiq göstərməsin. Həmin vaxt təxminən 23 radələri olarmış. Bu zaman Nurməmməd onun üzərinə gəlib sifətinin sol tərəfmə bir dəfə yumruq zərbəsi vurmuş, daha sonra bir dəfə də sağ qoluna möhkəmdən yumruq zərbəsi vurmuş, o çarpayının üzərinə yıxılmışdır. Nurməmməd yenidən onun üzərinə gələndə qızları Fidan və Zəhra onun qarşısına keçib onu vurmağına mane olub ondan nə istədiyini soruşmuşlar. Lakin Nurməmməd əvvəlcə böyük qızı Fidanın sifətinə iki dəfə yumruq zərbəsi vurmuş, Fidan da çarpayının üzərinə yıxılmış, daha sonra Nurməmməd qızı Zəhranın sifətinə bir dəfə yumruq zərbəsi vurmuş, Zəhranın dodaq nahiyyəsi qanamışdır. Bundan sonra Nurməmməd uşaqların yataq otağında olan dolabın üzərindəki güzgünü də yumruqla vurub sındırmış, öz əli də həmin vaxt kəsilmişdir. O, Nurməmmədin kəsilmiş qolunu tənziflə sarımışdır. Bir az keçdikdən sonra Nurməmməd gedib yatmışdır. O, əvvəlcə polisə şikayət etməsə də, Nurməmməd yenə də, hər gün spirtli içki qəbul edib evdə mübahisə yaratadığı üçün 19-cu PŞ-nə gedib Nurməmmədən şikayət etmişdir. Onu da qeyd etmək istəyir ki, əri Nurməmməd onu dəfələrlə döyüb ona xəsarət yetirib, bundan başqa 2022-ci ilin dekabr ayında evə spirtli içki təsiri altında əlində sarı rəngli məişət bıçağı ilə gələrək həmin bıçağı əlində nümayiş etdirərək “nə adam öldürüləsi bıçaqdı” kimi sözlər demişdir, başqa bir vaxtda isə 3 ədəd bıçağı əlində gətirib bir birinə sürtərək onu və övladlarını öldürəcəyini demişdir. Zərərçəkmiş şəxs1 ona verilən əlavə sualları cavablandırıb bildirmişdir ki. Dava-dalaş kirayədə yaşadıqları ünvan 2 ünvanında uşaqların yataq otağında baş vermişdir və həmin vaxt mənzildə o özü, qızları Fidan və Zəhra olmuşdur. Dava-dalaşa səbəb Nurməmmədin sərxoş olması olmuşdur. Dava-dalaş mübahisə ilə birlikdə təxminən 25-30 dəqiqə davam etmişdir. Nurməmməd yalan danışır. Nurməmməd xx.xx.2023-cü il tarixdə evedə qəsdən mübahisə yaradıb onu təhqir etmiş, sonra onun üzərinə gəlib sifətinin sol tərəfinə bir dəfə zərbə vurmuş, daha sonra bir dəfə də sağ qoluna bir dəfə möhkəm zərbə vurmuş, o, çarpayının üzərinə yıxılmışdır. Nurməmməd yenidən onun üzərinə gələndə qızları Fidan və Zəhra onun qarşısına keçib onu vurmağına mane olub ondan nə istədiyini soruşmuşlar. Lakin Nurməmməd əvvəlcə böyük qızı Fidanın sifətinə iki dəfə yumruq zərbəsi vurmuş, Fidan da çarpayının üzərinə yıxılmışdır, daha sonra Nurməmməd qızı Zəhranın sifətinə bir dəfə yumruq zərbəsi vurmuş, Zəhranın dodaq nahiyyəsi qanamışdır. Baş vermiş davadalaş zamanı yaranmış səs-küyə qonşulardan kim isə mənzilin qapısını döyməmişdir. O, əvvəllər həyat yoldaşı Təqsirləndirilən şəxs tərəfindən döyülməyi ilə bağlı hər hansı bir hüquq mühafizə orqanına müraciət etməmişdir. Sonda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmiş, lakin ona yüngül cəza verilməsini xahiş etmişdir. İttiham aktının siyahısında zərərçəkmiş şəxs qismində göstərilmiş Zərərçəkmiş şəxs2 Nurməhəmməd qızı və şahid qismində göstərilmiş Şahid Nurməhəmməd qızı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında istintaqa verdiyi ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Zərərçəkmiş şəxs2 Nurməhəmməd qızı və Şahid Nurməhəmməd qızının ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 57-60-cı vərəqlərində olan Zərərçəkmiş şəxs2 Nurməhəmməd qızının istintaqa verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun atasıdır, Zərərçəkmiş şəxs1 onun anasıdır. O, hazırda ünvan 4 ünvanında evində anası və böyük bacısı Fidan ilə birlikdə yaşayır, hazırda Bakı şəhəri, Nəsimi rayonunda yerləşən 14 saylı orta məktəbin 6-cı sinfində oxuyur, latın qrafikası sərbəst yazıb oxuya bilir, qiymətləri əladır. İşin mahiyyəti üzrə bildirir ki, bir neçə ildir ki, atası Nurməmməd mütəmadi olaraq spirtli içki qəbul edir, hədsiz dərəcədə spirtli içki qəbul edib evdə mübahisə, dava-dalaş yaradıb anası Xədicəni döyürmüş. Bildirir ki, xx.xx.2023-cü il tarixdə atası Nurməmməd axşam saatlarında işdən evə gəlmiş, evdə spirtli içki qəbul edib sərxoş olmuş, daha sonra mübahisə yaradıb anası Xədicənin ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin gündən 3 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə atası Nurməmməd təxminən saat 19 radələrində işdən evə gəlmiş, həm yataq, həmdə qonaq otağı kimi istifadə etdikləri otaqda oturub yemək yeyib bir qədər spirtli içki olan araq qəbul elmişdir. Anası Xədicə, o və bacısı Fidan birlikdə onların yataq otağında olmuşlar. Bir az sonra atası Nurməmnəd sərxoş olmuş, ağzına gələni danışmağa başlamışdır. Nurməmməd bacısı Fidana öz köhnə mobil telefonunu verib əvəzində X12 Note 9 modelli mobil telefonunu ona verməsini bildirmişdir. Lakin Fidan atası Nurməmməd ilə razılaşmamamışdır. Bundan sonra Nurməmməd ona öz köhnə mobil telefonunu dəyişməyi təklif etmişdir. O da dava-dalaş yaranmasın deyə özünün mobil telefonunu Nurməmmədə vermişdir, Nurməmməd də Samsung Galaxy A14 modelli mobil telefonunu ona vermişdir. Bundan sonra Nurməmməd bacısı Fidana demişdir ki, “gördün, sən telefonunu dəyişmədin, Zəhra isə telefonunu mənimlə dəyişdi”. Anası da atası Nurməmmədə demişdir ki, uşaqlara psixoloji təzyiq göstərməsin. Həmin vaxt təxminən 23 radələri olarmış. Bu zaman Nurməmməd anası Xədicənin üzərinə gedib sifətinin sol tərəfinə bir dəfə yumruqla zərbə vurmuş, daha sonra bir dəfə də sağ qoluna möhkəmdən yumruqla zərbə vurmuş, anası çarpayının üzərinə yıxılmışdır. Nurməmməd yenidən anasının üzərinə gedəndə bacısı Fidan və o özü onun qarşısına keçib anasını vurmağına mane olub ondan nə istədiyini soruşmuşlar. Lakin atası Nurməmməd əvvəlcə böyük bacısı Fidanın sifətinə iki dəfə yumruq zərbəsi vurmuşdur, Fidan da çarpayının üzərinə yıxılmış, daha sonra Nurməmməd onun sifətinə bir dəfə yumruq zərbəsi vurmuşdur, onun dodaq nahiyyəsi qanamışdır. Bundan sonra atası Nurməmməd onların yataq otaqlarında olan dolabın üzərindəki güzgünü də yumruqla vurub sındırmış, öz əli də həmin vaxt kəsilmişdir. Anası atası Nurməmmədin kəsilmiş qolunu tənziflə sarımışdır. Bir az keçdikdən sonra atası Nurməmməd gedib yatmışdır. Sonra isə anası polisə şikayət etmişdir. Onu da qeyd etmək istəyir ki, atası Nurməmməd anası Xədicəni əvvəllər dəfələrlə döyüb ona xəsarət yetirib, bundan başqa 2022-ci ilin dekabr ayında evə spirtli içki təsiri altında əlində sarı rəgli məişət bıçağı ilə gələrək həmin bıçağı əlində nümayiş etdirərək “nə adam öldürüləsi bıçaqdı” kimi sözlər demişdir, başqa bir vaxtda isə 3 ədəd bıçağı əlində gətirib bir birinə sürtərək anasını və övladlarını öldürəcəyini demişdir. Zərərçəkmiş şəxs2 ona verilən əlavə sualları cavablandırıb bildirmişdir ki, dava-dalaş kirayədə yaşadıqları ünvan 2 ünvanında onların yataq otaqlarında baş vermişdir və həmin vaxt mənzildə o özü, bacısı Fidan və anası Xədicə olmuşdur. Dava-dalaşa səbəb Nurməmmədin sərxoş olması olmuşdur. Dava-dalaş mübahisə ilə birlikdə təxminən 25-30 dəqiqə davam etmişdir. Atası Nurməmməd yalan danışır. Atası xx.xx.2023-cü il) tarixdə evdə qəsdən mübahisə yaradıb anasını təhqir etdi, sonra anasının üzərinə gedib sifətinin sol tərəfinə bir dəfə yumruqla zərbəsi vurmuş, daha sonra bir dəfə də sağ qoluna yumruqla möhkəmdən zərbə vurmuş, anası çarpayının üzərinə yıxılmışdır. Atası Nurməhəmməd yenidən anasının üzərinə gedəndə bacısı Fidan və o özü atasının qarşısına keçib onun vurmağına mane olub ondan nə istədiyini soruşmuşlar. Lakin atası Nurməhəmməd əvvəlcə bacısı Fidanın sifətinə iki dəfə yumruqla vurmuş, daha sonra Nurməhəmməd onun sifətinə bir dəfə yumruqla vurmuşdur. Cinayət işinin 6-cı vərəqində olan “Hadisə yerinin müayinə olunması barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Nəsimi RPİ-nin 19-cu PŞ-nin polis baş leytenantı Qurbanəli Bəşirli tərəfindən ünvan 5 ünvanına baxış keçirilmişdir. Cinayət işinin 15-17-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin 1213 nömrəli, xx.xx.2023-cü il tarixli canlı şəxsin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlər - sağ bazu oynağı nahiyyəsinin həmin oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan iri ölçülü dərialtı hematoması, sol göz yuvası ətrafı yumşaq toxumaların qançır-şişkinlik halında əzilməsi və həmin gözün ağlıqişasına qansızma bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər, və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. Cinayət işinin 19-20-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübə və Tədris Birliyinin 1214 nömrəli, xx.xx.2023-cü il tarixli canlı şəxsin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarət - üst dodağın selikli qişasının əzilmiş cırılmış yarası bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Cinayət işinin 29-cu vərəqlərində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, X3 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 93-cü vərəqində olan “Qətimkan tədbiri seçilməsi barədə” 08 dekabr 2023-cü il tarixli qərardan görünür ki, X1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 Nurməhəmməd qızının xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, X4 ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini dinləyib, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X3 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxs X1 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxs X1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs X1 təqsirini etiraf edərək əməlindən peşmançılıq çəkməsini və zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 Nurməhmməd qızı ilə barışmasını, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X1 cinayəti onun üçün azyaşlı olması aşkar olan şəxsə qarşı törədilməsini cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, X2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, X1 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəzanın təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X2 Azərbaycan Respublikası CM-nin onun təqsirli bilindiyi 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin olunmalı, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili X8 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001- ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxs X2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili X8 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1500 (bir min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. X3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən təqsirləndirilən şəxs X1 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar