Məhkəmə qərarları › İş №1(006)-110/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-110/2025

05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-110/2025 05.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: "Verdiktum" Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1980-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), orta təhsilli, subay, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, Məcidov küçəsi, ev 127-də qeydiyyatda olan, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 ay 21 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda – 0,500 qram çəkidə narkotik vasitə heroini və 0,765 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, 31 oktyabr 2024-cü il tarixdə, saat 15:45-də ünvan 1 ünvanın qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən bir bükümdə həmin narkotik vasitə və psixotrop maddə aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, şəxsi istifadəsi üçün 31 oktyabr 2024-cü il tarixdə, günorta saatlarında “Kubinka” adlanan ərazidən tanımadığı şəxsdən 40 manata hər biri bir bükümdə olan heroin və metamfetamin almış, təxminən saat 15:45 radələrində isə yaşadığı ünvanın qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə aparılmış və orada ondan bu əşyalar götürülmüşdür. Məhkəmədə şahid Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Cinayət-Axtarış şöbəsinin əməliyyat müvvəkkili Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə ondan və idarənin baş əməliyyat müvəkkili X2 ibarət əməliyyat qrupu yaradılmışdır. 31 oktyabr 2024-cü il tarixdə, saat 15:45-də onlar ünvan 1 ünvanın qarşısında Təqsirləndirilən şəxs görüb saxlamış və onu idarəyə gətirmişlər. Orada ona üzərində qanunla qadağan edilmiş əşya və ya predmetin təqdim edilməsi təklif olunmuş, sonuncu da əynində olan göy rəngli cins şalvarın sol yan cibindən iki ədəd şəffaf sellofana bükülmüş bükümləri çıxarıb təqdim etmişdir. Sorğu-sual zamanı o, üzərindən aşkar olunmuş maddələrdən birinin heroin, digərinin isə metamfetamin olduğunu, onları “Kubinka” adlanan ərazidən tanımadığı şəxsdən 40 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli, 6/5097 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “(imza) Təqsirləndirilən şəxs ” yazısı və imzalar olan 2 (iki) ədəd zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,500 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroin, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,765 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Tədqiqatdan sonra heroinin qalıq çəkisi 0,450 qram, metamfetaminin qalıq çəkisi 0,715 qram, aparılmış tədqiqatın dəyəri 114 manat təşkil edir (İ cild, i.v.49-52); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X6 Ambulator X1 haqqında xx.xx.2024-cü il tarixli, 7098 saylı rəyinə görə Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, i.v.120-121); • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)- 617/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 31 oktyabr 2024-cü il tarixdən hesablanmışdır (İ cild, i.v.90-93); • “Əşyanın maddi sübut hesab edilməsi və məsul saxlanışa verilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan 0,450 qram narkotik vasitə heroin və qalıq qalan 0,715 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir (İ cild, i.v. 94-95); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışı və hökmdən aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 ay 21 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır (İ cild, i.v.107-110, 112-119). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0,15 qram təşkil edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi analoji cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı az ağır cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Həmin halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Bu Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Qeyd olunan Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumluğu ödənilmədən yenidən qəsdən hazırki cinayətin törətməsini, bununla da onda cinayət törədilməsinin vərdişə çevirilməsini və əvvəlki cəzanın islah təsirinin yetərli olmamasını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun həbsə alındığı andan – 31 oktyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 0,450 qram narkotik vasitə heroin və 0,715 qran psixotrop maddə metamfetamin məhv edilməli, ekspertiza tədqiqatının dəyəri 114 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi 25 saat üçün nəzərdə tutulan 150 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 478, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 31 oktyabr 2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın, ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 0,450 qram narkotik vasitə heroin və 0,715 qran psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi 25 saat üçün nəzərdə tutulan 150 (yüz əlli) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar