Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-111/2022 11.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X6 üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə xx xxx 1986-cı ildə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş, Zərdab rayonu, Bıçaqçı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, 15 oktyabr 2021-ci il tarixdə saat 19 radələrində Nəsimi rayonu “Kubinka” adlanan ərazidə X9 20 manat pul müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,055 qram narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, həmin gün saat 19:20-də ünvan 1 ünvanın qarşısında Nəsimi rayon Polis idarəsinin X3 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Nəsimi rayon Polis idarəsinə gətirilmiş və həmin gün videoçəkilişlə üzərində şəxsi axtarış keçirilən zaman əynində olan tünd boz rəngli cins şalvarın arxa sağ cibindən 3 ədəd siqaretin gümüşü kağızına bükülmüş, ayrı-ayrılıqda təmiz çəkiləri 0,474 qram, 0,298 qram və 0,283 qram olmaqla ümumi çəkisi 1,055 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, 15 10.2021-ci il tarixdə, saat 19:20 radələrində Kubinka adlanan ərazidə olan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşı olduqlarını bildirmişlər. Üzərində narkotik vasitələr gəzdirməsi ilə bağlı şübhəli olduğunu bildirərək onu Nəsimi Rayon Polis İdarəsinə dəvət etmişlər. O da polis əməkdaşlarına heç bir etiraz etməyərək onlarla birlikdə polis idarəsinə getmişdir. İdarədə onun üzərində axtarış aparılmadan əvvəl üstündə, ciblərində və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif olunmuşdur. O, əynindəki tünd boz rəngli şalvarının sol yan cibindən 1 ədəd qara rəngli “1202” markalı işlək vəziyyətdə olan “Nokia” markalı mobil telefonu, şalvarının arxa sol cibindən bir ədəd tünd qəhvəyi rəngli dəri pul qabının içərisində özünə məxsus şəxsiyyət vəsiqəsini və Covid-19 pasportu, şalvarının arxa sağ cibindən 4 ədəd siqaretin gümüşü kağızlarına bükülmüş 3 bükümdə içərisində tünd qəhvəyi rəngli toz şəkilli və 1 bükümündə şüşə kristal formalı maddələri masanın üzərinə qoymuşdur. Üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, o, üzərində başqa əşyanın olmadığını bildirmişdir. Bundan sonra üzərində axtarış aparılmağa başlanılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Ona üzərindən aşkar edilmiş əşyanın adını deməklə təqdim etməsi təklif olunduqda, üzərindən aşkar edilən 4 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümlərdən 3 ədəd bükümündə olan içərisində spesefik iyə malik tünd qəhvəyi rəngli toz şəkilli maddənin “kakos” adlanan narkotik vasitə heroin olduğunu və 1 bükümündə isə içərisində kristal şüşə formalı spesifik iyi olan maddənin “Patı” adlanan metamfetamin olduğunu bildirmişdir. Eyni zamanda ondan həmin narkotik vasitəni haradan əldə etməsi və nə məqsədlə üzərində gəzdirməsi sual edildikdə, o, narkotik və psixotrop maddələri şəxsi istifadəsi üçün 15.10.2021-ci il tarixdə Kubinka adlanan ərazidə “İlham” adlı şəxsdən 20 manata alaraq üzərində saxladığını demişdir. Bundan sonra 4 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümlərdə olan, spesefik iyə malik olan tünd qəhvəyi rəngli toz şəkilli narkotik vasitəyə bənzər maddə zərfə qoyularaq üzəri möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və narkotik vasitələrdən istifadə etməklə yalnız özünə zərər verdiyini bildirərək, məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi Rayon Polis İdarəsinin X3 əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 15 oktyabr 2021-ci il tarixdə «Asif» adlı şəxsin narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi və istifadə etməsi barədə əvvəlcədən Nəsimi rayon Polis İdarəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə Nəsimi rayon Polis İdarəsinin rəhbərliyi adına raportla müraciət olunmuşdur. Daha sonra isə, Nəsimi rayon Polis İdarəsinin X3 kiçik əməliyyat müvəkkili Şahid1 və ondan ibarət əməliyyat qrupu yaradılmış və “Asif’ adlı şəxsin ifşa edilməsi və cinayət başında yaxalanması məqsədilə əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmişdir. Əldə edilmiş məxfi məlumat əsasında “Asif” adlı şəxsin gələ biləcəyi ünvan müəyyən edilmişdir. Daxil olmuş məlumat əsasında həmin tarixdə, yəni 15 oktyabr 2021-ci il tarixdə, saat 19:20 radələrində ünvan 3 ünvanın qarşısına Nəsimi rayon Polis İdarəsinin X3 kiçik əməliyyat müvəkkili Şahid1 ilə birlikdə gedib bir müddət gözlədikdən sonra, saat 19:30 radələrində “Asif” adlı şəxs həmin ünvana gəldiyi zaman ona yaxınlaşıb özlərini təqdim etmiş, daha sonra isə ona qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, istifadə etməsi və üzərində gəzdirməsi ilə bağlı məlumata malik olduqlarını bildirib onun üzərinə baxış keçirilməsi məqsədilə Nəsimi rayon Polis İdarəsinə dəvət etmişlər. Asif də onlara etiraz etməyərək onlarla birlikdə polis idarəsinə getmişdir. Şəxsin üzərində axtarış aparılmadan əvvəl ona üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edildikdə, o, üzərində heç bir qeyri-qanuni əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanmışdır. Onun geyindiyi tünd boz rəngli şalvarının sol yan cibindən 1 ədəd qara rəngli “1202” markalı “Nokia” markalı mobil telefon, şalvarının arxa sol cibindən 4 ədəd siqaretin gümüşü kağızına bükülmüş, 3 bükümdə tünd qəhvəyi rəngli toz şəkilli və 1 ədəd bükümdə kristal formalı ağ rəngli maddələr kağız kəsiyinə bükülmüş şəkildə aşkar olunmuşdur. Sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin nə olduğunu deməklə təqdim etməsi təklif edilmişdir. O, üzərindən aşkar edilmiş 04 ədəd kağız kəsiyinə bükülmüş, ağ rəngli, kristal şəkilli, spesifik iyə malik olan narkotik vasitə şüşə və tünd qəhvəyi rəngli toz şəkilli maddənin isə narkotik vasitə heroin olmasını bildirmişdir. Ondan həmin narkotik vasitəni haradan əldə etməsi və nə məqsədlə üzərində gəzdirməsi sual olunduqda o, narkotik vasitə istifadəçisi olduğunu, həmin narkotik və psixotrop maddəni də 15.09.2021-ci il tarixdə Nəsimi rayonu, Kubinka adlanan ərazidə İlham adlı şəxsdən şəxsi istifadəsi üçün 20 manata alaraq üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 04 ədəd büküm zərfə qoyularaq qablaşdırılmış, həmin zərf iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi rayon Polis İdarəsinin X3 kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid1 da Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317 və 329.1-ci maddələrinə əsasən şahid X10 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmədə müdafiə tərəfi gəlməyən şahid X10 məhkəmə baxışında iştirakını tələb etmədiyindən məhkəmə tərəfindən ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış X10 məhkəmə istintaqı zamanı tədqiq edilərək elan edilmiş ifadəsindən görünür ki, 17.04.2021-ci il tarixdə saat təxminən 22:30 radələrində yaşadığı ünvan 5 ünvanın qarşısında olan zaman ona 2 nəfər mülki geyimli şəxslərin yaxınlaşdığını, həmin şəxslər özlərini polis olaraq təqdim etdikdən sonra, hərəkətlərinin şübhəli olduğunu bildirərək, onu saat 22:45 radələrdə Nəsimi Rayon Polis İdarəsinin inzibati binasında otaqlardan birinə dəvət etdiklərini, bundan sonra nədə şübhəli olduğu ona izah edildiyini və dövlət hesabına hüquqlarının müdafiəsi məqsədi ilə vəkilin dəvət olunduğunu və həmin vəkilə heç bir etiraz etmədiyini, daha sonda isə xidməti otaqda olarkən ondan üstündə, paltarında və paltarlarının ciblərində və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edildiyini, o əynindəki tünd qara rəngli qısa qol gödəkçəsinin sağ yan cibindən 1 ədəd qara rəngli dəridən olan pul qabının içərisindən kiçik qardaşı X14 məxsus şəxsiyyət vəsiqəsini, həyat yoldaşı X4 məxsus şəxsiyyət vəsiqəsini, özünə məxsus 1 ədəd Kapital Bankın plastik kartı, 1 ədəd Kapital bankdan pul çıxarılmasına dair yazılı çeki masanın üzərinə qoyduğunu və daha sonra əynində olan tünd qara rəngli idman şalvarının sağ yan cibindən iki ədəd ağ və sarı rənglərdə plasmas materialdan olan içərisində siqaretin gümüşü kağızlarındakı bükümləri masanın üzərinə qoyduğunu, masanın üzərinə qoyduğu ağ rəngli plasmas qabda 21 ədəd siqaretin gümüşü kağızına bükülmüş içərisində tünd qəhvəyi rəngli toz şəkilli maddələri və sarı rəngli plasmas materialdan olan (kinder qabı) kiçik qabın içərisində 18 ədəd bükümlərdə şüşə kristal formalı maddələri sayaraq masanın üzərinə qoyduğunu, bundan sonra üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, üzərində hər hansı bir əşya olmadığım bildirdiyini, bundan sonra üzərində axtarış aparılmağa başlanıldığını: ilk öncə geyindiyi tünd qara rəngli idman şalvarının sağ və sol yan ciblərinə baxıldığını, lakin hər hansı bir əşya aşkar edilmədiyini, ondan sonra əynində olan qara rəngli parçadan olan qısaqol qış gödəkçəsinin sağ və sol ciblərinə baxıldığını, lakin hər hansı bir əşya aşkar edilmədiyini, daha sonra isə ayaqqabılarını çıxarıb silkələdiyini, sonra isə corablarını çıxarıb çevirməklə baxıldığını, heç bir əşya aşkar edilmədiyini və üst-başının səliqəyə salması tələb edildiyini, sonra isə üzərindən aşkar edilmiş əşyanın adını deməyi və təqdim etməyi təklif olunduğunu, o da ağ rəngli plasmas qabda 21 ədəd siqaretin gümüşü kağızına bükülmüş içərisində tünd qəhvəyi rəngli toz şəkilli maddələrin el içində “kakos” deyilən narkotik vasitə olan heroin olduğunu və sarı rəngli plasmas materialdan olan (kinder qabı) kiçik qabın içərisində 18 ədəd bükümlərdəki şüşə kristal formalı spesifik iyi olan maddələrin isə el arasında “Patı” deyilən metamfetamin olduğunu bildirdiyini, eyni zamanda həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edəndə o narkotik maddəni 14.10.2021 -ci il tarixdə günorta saatlarında Xocasən ərazisindən İran İslam Respublikasının vətəndaşı olan “Reza” adı ilə tanıdığı şəxsdən 140 manat pul müqabilində alaraq öz şəxsi istifadəsinə görə və ailəsini dolandırmaqdan ötrü tanıdığı müştərilərə satıb qazanc əldə etmək məqsədi ilə üzərində saxladığını və bu məqsədlə üzərində gəzdirdiyini bildirmişdir. İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Babək Mirzəyev tərəfindən tərtib edilmiş və Nəsimi Rayon Polis İdarəsinin NBM-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2, mütəxəssis X12, şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış 15.10.2021-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, 15.10.2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmiş, şəxsi axtarış zamanı onun əynində olan tünd boz rəngli şalvarının arxa sağ cibindən 04 ədəd siqaretin gümüşü kağızlarına bükülmüş 3 bükümdə içərisində tünd qəhvəyi rəngli toz şəkilli və 1 bükümündə şüşə kristal formalı maddələr aşkar edilərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və materiala əlavə olunmuşdur (i/v 52-58). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16.10.2021-ci il tarixli, 6/4609 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 4 bükümdə olan maddələr” yazısı və imzalar olan zərfdəki 3 ədəd bükümdə ümumi təmiz çəkisi 1,055 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 ədəd bükümdə təmiz çəkisi 0,032 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqatın dəyəri: 114 manat (i/v 64-65). İş materiallarına əlavə edilmiş “maddi sübut kimi tanımaq haqqında” 20.12.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 0,032 qram psixotrop maddə tədqiqata sərf edildikdən sonra qalıq 0,012 qram çəkidə “metamfetamin” və 1,055 qram narkotik vasitə tədqiqata sərf edildikdən sonra qalıq 0,965 qram çəkidə heroinin maddi sübut kimi tanınması və 0,012 qram çəkidə metamfetamin və 0,965 qram çəkidə heroinin Nəsimi Nəsimi rayon Polis İdarəsində saxlanılması qərara alınmışdır (i/v 158). İş materiallarına əlavə edilmiş “sübutların qiymətləndirilməsi haqqında” 20.12.2021-ci il tarixli qərardan görünür ki, narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi istintaq hərəkətinin video görüntülərini özündə əks etdirən 1 ədəd DVD diskin sübut növü kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (i/v 163-). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsi Ambulator X1 17.11.2021-ci il tarixli, 4532 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 155-156). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 23.10.2021-ci il tarixli tələbnamədən və Nərimanov Rayon Məhkəməsinin 02.10.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 29.07.2016-cı il tarixdə cəza müddətinin başa çatması ilə əlaqədar azad edilmişdir (i/v 128-129, 132-137). İş materiallarına əlavə olunmuş şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 15.10.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17.10.2021-ci il tarixli, 4(006)-445/2021 saylı qərarı ilə barəsində 3 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir (i/v 27-28, 117-121). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik maddə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşıması özünün etirafı, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf edərək əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi 06 sentyabr 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan Cinayət Məcəlləsi yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunvericilik həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunması və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hallara aiddir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 15.10.2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli, ondan 114 (yüz on dörd) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, ilkin çəkisi 1,055 qram olmuş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,965 qram olan narkotik vasitə heroin və ilkin çəkisi 0,032 qram olmuş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,012 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, iş üzrə sübut növü kimi qəbul edilmiş narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi istintaq hərəkətinin video görüntülərini özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-637/2021 saylı, 30.12.2021-ci il tarixli qərara əsasən 13.01.2022-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 14 (on dörd) iş saatı həcmində hüquqi yardımla bağlı X5 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 84 (səksən dörd) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkməsinin əvvəli 15 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, ilkin çəkisi 1,055 qram olmuş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,965 qram olan narkotik vasitə heroin və ilkin çəkisi 0,032 qram olmuş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,012 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə sübut növü kimi qəbul edilmiş narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi istintaq hərəkətinin video görüntülərini özündə əks etdirən 1 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 84 (səksən dörd) manat məbləğində pul köçürülsün. Hökmün icrası Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-111/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-111/2022
11.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver