Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-114/2024 01.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1999-cu il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ibtidai təhsilli, işləməyən, Yevlax şəhəri, Firdovsi küçəsi, ev 86-da qeydiyyatda olan, məhkumluğu ödənilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 1,418 qram narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 05 oktyabr 2023-cü il tarixdə, saat 17:10-da polis əməkdaşları tərəfindən ünvan 1 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən bir ədəd sellofan bükümdə həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə “Sovetski” adlanan ərazidə 25 manata şəxsi istifadəsi üçün bir bükümdə heroin almış, həmin günü təxminən saat 17:10dа ünvan 3 ünvanın qarşısında olan zaman iki nəfər mülki geyimdə olan polis əməkdaşları onu saxlayaraq 21-ci polis bölməsinə dəvət etmişlər. Orada onun üzərində axtarış aparılan zaman o, həmin bükümü təqdim etmişdir. Məhkəmədə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid2 qismində ifadəsində göstərdi ki, 05 oktyabr 2023-cü il tarixdə “Dağlar” adlı şəxsin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılmış, “Dağlar” adlı şəxsin gedə biləcəyi ünvan müəyyən edildikdən sonra o və iş yoldaşı Şahid1 həmin günü ünvan 3 ünvanın qarşısına yollanmışlar. Orada “Dağlar” adlı şəxsin piyada hərəkətdə olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim etmiş, ona qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, istifadə etməsi və üzərində gəzdirməsi ilə bağlı məlumata malik olduqlarını bildirib onun üzərinə şəxsi axtarış aparılması üçün bölməyə dəvət etmişlər. Orada bu şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Daha sonra onun üzərinə axtarış aparılan zaman sonuncu əynində olan qara rəngli şalvarın cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü və bir ədəd göy rəngli alışqanı çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs uzun müddətdir narkotik vasitə istifadə etdiyini, üzərindən aşkar edilmiş bükümün içərisində heroin olduğunu, onu xx.xx.2023-cü il tarixində Sovetski adlanan ərazidən 25 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə istintaqında şahid Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinin sahə inspektoru Şahid1 Şahid2 ifadəsinə oxşar məzmunda ifadə verdi. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/5218 saylı rəyinə əsasən üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,418 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqatdan sonra heroinin ümumi qalıq çəkisi 1,318 qram, aparılmış tədqiqatın dəyəri 110 manat təşkil edir (İ cild, i.v.58-61); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X6 Ambulator X2 haqqında xx.xx.2023-cü il tarixli, 7592 saylı rəyinə görə Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müallicəyə ehtiyacı vardir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, i.v.115-116); • Maddi sübut kimi tanımaq haqqında” xx.xx.2023-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan 1,318 qram çəkidə narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmişdir (İ cild, i.v.111-112); • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(006)-481/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 05 oktyabr 2023-cü il tarixdən hesablanmışdır (İ cild, i.v.95-100); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli arayışı və hökmdən aydın olur ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 10 ay 04 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (İ cild, i.v.101-102, İİ cild); • Yevlax Rayon İcra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli, 196/6 saylı məktubunda qeyd olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə cəzasını çəkib qurtarmışdır (İİ cild). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi halını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən ona əvvəllər törətdiyi cinayətə görə təyin edilmiş yüngül cəzadan nəticə çıxarmayıb yenidən qəsdən cinayət törətməsini, bununla da əvvəlki cəzanın islah təsirinin yetərli olmamasını və cəzanın məqsədinə nail olunmamasını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun həbsə alındığı andan – 05 oktyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 1,318 qram narkotik vasitə heroin Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, ekspertiza tədqiqatının dəyəri 110 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 15 saat üçün nəzərdə tutulan 90 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 05 oktyabr 2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın, ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manat pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 1,318 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 15 saat üçün nəzərdə tutulan 90 (doxsan) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-114/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-114/2024
01.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver