Məhkəmə qərarları › İş №1(006)-115/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-115/2024

28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-115/2024 28.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, müdafiəçi - Bakı şəhəri 38 saylı vəkil bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 28 aprel 2023cü il tarixdə saat 13:50 radələrində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Həzi Aslanov” stansiyası istiqamətində hərəkətdə olan qatarın “28 May” stansiyasında dayanmasından və vaqondan enmə zamanı sərnişinlərin sıxlığından istifadə edərək qatarın vaqonundan çıxmaq istəyən Zərərçəkmiş şəxs əynində olan şalvarın arxa sol cibindən sonuncuya məxsus üzərində 5 (beş) manat dəyərində qoruyucu örtük və 15 (on beş) manat dəyərində “Bakcell” şəbəkəsində istifadə olunan ***-***-**-** saylı mobil nömrə olan 600 (altı yüz) manat dəyərində “X4” markalı mobil telefonu gizli olaraq çıxarmaqla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 620 (altı yüz iyirmi) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, 28 aprel 2023-cü il tarixdə saat 13 radələrində evinə getmək üçün "xxxx" QSC-nin “20 Yanvar” stansiyasına daxil olmuşdur. Bir qədər gözlədikdən sonra “Həzi Aslanov” stansiyası istiqamətində hərəkət edən qatar platformada dayanmış və o, həmin qatarın dəqiq yadında qalmayan vaqonuna minmişdir. Həmin vaxt vaqonda çoxlu sayda sərnişin olmaqla vaqon sıxlıq olmuşdur. Qatar metronun “İnşaatçılar” stansiyasında dayanan zaman adını sonradan bildiyi Zərərçəkmiş şəxs onun olduğu vaqona minmişdir. Qatar metronun “28 May” stansiyası istiqamətində hərəkət edən zaman Zərərçəkmiş şəxs əynində olan şalvarın arxa sol cibində olan mobil telefon onun diqqətini cəlb etmişdir. O vaqonda olan zaman həmin telefonu oğurlamaq qərarına gəlmişdir. Zərərçəkmiş şəxs vaqondan düşməsini gözləmişdir. Qatar metronun “28 May” stansiyasında dayanmış, Zərərçəkmiş şəxs vaqondan düşdüyünü görüb arxası ilə hərəkət edərək vaqonun içində bədəni ilə Zərərçəkmiş şəxs qabağa itələməyə başlamışdır. O, bununla Zərərçəkmiş şəxs fikrinin yayınması istəmiş və həmin vaxt telefonu oğrulamağı qət etmişdir. O, Zərərçəkmiş şəxs telefonunu əynində olan şalvarın arxa sol cibindən çəkib çıxarmış və oğurlamışdır. Zərərçəkmiş şəxs isə telefonunun oğurlamasını hiss etməmiş və görməmişdir. O, oğurladığı telefonu əynində olan şalvarın sol qabaq cibinə qoymuş, vaqonda qapıların bağlanması ilə bağlı anons veriləndən sonra vaqondan düşüb platforma istiqamətində hərəkətini davam etdirmişdir. O, platformada olan zaman Zərərçəkmiş şəxs ona yaxınlaşıb qolundan tutaraq telefonunu istəmişdir. O, Zərərçəkmiş şəxs etiraz edərək telefonunun onda olmadığını demişdir. O cinayət yolu ilə əldə etdiyi telefonu qaytarmaq istəməmiş, lakin Zərərçəkmiş şəxs öz telefonunu onun cibindən götürməklə bərabər platformada xidmət aparan polisə məlumat vermişdir. Daha sonra polis əməkdaşları onları Bakı Metropolitendə Polis İdarəsinə dəvət etmişdir. Oğurluq cinayətini törədərkən ətrafda onun hərəkətlərini müşahidə edən hər hansı bir şəxs olmamış və oğurluq cinayətini törədərkən sərnişinlərin nəzərinin onda olub-olmamasına diqqət etmişdir. O, mobil telefonu ələ keçirən zaman zərərçəkən şəxs onu görməmiş və hiss etməmişdir. O, narkotik vasitələrdən və digər güclü təsiredici maddələrdən istifadə etməmişdir. O, oğurluq cinayətini tək törətmiş və heç bir şəxsin də bu barədə məlumatı olmamışdır. O, ruhi cəhətdən sağlamdır və Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinə dəvət edildiyi zaman ona qarşı hər hansı bir təzyiq olunmamışdır. O, bildirmişdir ki, həmin telefonu götürsə də, sonradan çıxıb getməmiş, onu qaytarmaq niyyəti olmuşdur. Orxan özü ondan soruşdu ki, telefon ondadır? o da etiraf edib çıxardıb vermişdir. Əgər o, telefonu qaytarmaq istəməsəydi çıxıb gedərdi, Orxan onu tapa bilməzdi. O, həmin telefonu oğurladıqdan sonra qaça bilərdi, sadəcə qaçmadı, düşündü telefonu qaytarmaq istədi. Törətmiş olduğu əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbin olmamasını nəzərə alaraq yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxslər ittiham aktında onlara qarşı elan olunmuş cinayət əməlini törətmişlər. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində əvvəlki məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, heç kəslə ədavəti düşmənçiliyi olmamışdır. Heç bir ruhi əsəb dispanserində qeydiyyatda deyildir. Psixoloji durumu normaldır və sağlamdır. İfadə vermək iqtidarındadır. ünvan 2 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Hazırda “Araz” supermarketlər şəbəkəsində təcrübəçi işləyir. 28 aprel 2023-cü il tarixdə saat 13 radələrində o, "xxxx" QSC-nin “X3” stansiyasına getməli olmuşdur. Bu məqsədlə metronun “İnşaatçılar” stansiyasına daxil olmuş, stansiyasının platformasında dayanıb metronun “28 May” stansiyası istiqamətində hərəkət edən qatarı gözləmişdir. Metronun “28 May” stansiyası istiqamətində hərəkət edən qatar platformada dayanmışdır. O, həmin qatarın yadında qalmayan vaqonuna minmişdir. Həmin vaxt vaqonda xeyli sayda sərnişin olmaqla vaqon sıxlıq olmuşdur. O, vaqonda ayaq üstə dayanmışdır. O, olduğu vaqonda əvvəllər tanımadığı sonradan adını bildiyi Təqsirləndirilən şəxsda ayaq üstə dayanmışdır. Vaqonda onunla Təqsirləndirilən şəxs arasında əvvəllər tanımadığı bir xanım dayanmışdır. Vaqon hərəkət edən zaman Təqsirləndirilən şəxs xanımın belindən tutmuşdur. O, diqqətlə onları izləməyə başlamışdır. Əvvəlcə həmin xanımla Təqsirləndirilən şəxs bir yerdə olduğunu fikirləşmişdir. Sonra həmin xanım Təqsirləndirilən şəxs onun belində tutduğu üçün etiraz edərək vaqonda yerini dəyişmişdir. O, vaqonda olan zaman özünə məxsus 600 manat dəyərində “Xiomi Mİ Al” markalı mobil telefonu əynində olan şalvarın arxa sol cibində olmuşdur. Qatar metronun “28 May” stansiyasında dayanmışdır. O, vaqondan düşmək istəyən zaman Təqsirləndirilən şəxs onun arxasınca gəlmişdir. Təqsirləndirilən şəxs özünü ona sıxmağa başlamışdır. Təqsirləndirilən şəxs hərəkətləri onda şübhə yaratmışdır. Vaqondan düşəndən sonra cibində telefonunu axtarmağa başlamışdır. Telefonunun cibində olmadığını görmüş, arxasında dayanmış Təqsirləndirilən şəxs şübhələndiyi üçün platformada axtarmağa başlamışdır. O, Təqsirləndirilən şəxs platformada çıxış istiqamətində hərəkət etdiyini görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs özünə məxsus olan mobil telefonu sol əlində olmuşdur. O, Təqsirləndirilən şəxs bir neçə saniyə izləmişdir. Ona məxsus “Xiomi Mİ Al” markalı mobil telefonun Təqsirləndirilən şəxs cibində olduğunu görmüşdür. Təqsirləndirilən şəxs yaxınlaşıb telefonunu istəmişdir. Təqsirləndirilən şəxs telefonunun onda olmadığını bildirərək telefonu geri qaytamaq istəməmişdir. Bir neçə dəfə ondan telefonu geri istəmiş, lakin Təqsirləndirilən şəxs telefonu geri qaytarmadığı üçün məcbur olub əynində olan şalvarın cibindən özünə məxsus telefonu götürmüşdür. Sonra bu barədə platformada xidmət aparan polis əməkdaşına məlumat vermişdir. Polis əməkdaşları onları Bakı Metropolitenində Polis İdarəsinə dəvət etmişdir. Bundan başqa o, Təqsirləndirilən şəxs onun cibindən ona məxsus “XİOMİ Mİ Al” markalı mobil telefonu oğurlamasını görmədiyini, hiss etmədiyini, o, sadəcə onun hərəkətlərindən şübhələnib onun arxasınca getdiyini, o, Təqsirləndirilən şəxs qolundan tutaraq telefonunu ondan istəyən zaman Təqsirləndirilən şəxs suallardan yayınaraq telefonun onda olmadığını deyib ona müqavimət göstərməyə çalışıb getmək istədiyini, Təqsirləndirilən şəxs tərəfindən onun başqa hər hansı bir əşyasının oğurlanmadığını, ona məxsus “XİAOMİ Mİ A1” markalı mobil telefonu o, 600 manat, üzərində olan kaburanı 5 manata, ***-***-**-** saylı GSM nömrəni isə 15 manat aldığını, ona ümumilidə 620 manat maddi ziyan dəydiyini, ona məxsus “XİAOMİ Mİ A1” başqa heç bir aksessuar və yaddaş kartı olmadığını bildirmişdir. O, şikayətçi olmadığını, sadəcə düz danışmasını istəmiş, onun telefonu özü qaytarması deməsi yalandır. O, özü əlini onun cibinə salıb telefonu ondan götürmüşdür. Hal-hazırda ona başqa hər hansı bir ziyan dəyməyibdir, şikayətini geri götürmüş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin post-patrul xidmətinin 3-cü bölüyünün 1-ci tağımında pəlis nəfəri vəzifəsində çalışır. 28 aprel 2023-cü il tarixdə metronun “28 May” stansiyasında xidmət yerində olmuşdur. Həmin vaxt stansiyanın platformasında bir nəfər sərnişin digər sərnişin qolundan tutduğunu və uca səslə polisi köməyə çağırdığını görmüşdür. O, dərhal həmin sərnişinlərə yaxınlaşmışdır. Həmin sərnişinlərə özünü təqdim edərək özlərini təqdim etməsini bildirmişdir. Həmin sərnişinlərdən biri özünü ona təqdim edərək Zərərçəkmiş şəxs olduğunu bildirmişdir. Sonra Zərərçəkmiş şəxs yanında olan sərnişinin ona məxsus mobil telefonu cibindən oğurladığını bildirmişdir. Sonra digər sərnişin özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Daha sonra telefon oğurlamadığını demişdir. O, baş vermiş hadisə bağlı növbətçi hissə məlumat vermiş, hər iki sərnişini Bakı Metropolitenində Polis İdarəsinə dəvət etmişdir. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşunaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2023-cü il tarixli, 9/6199 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların 2023-cü ilin iyun ayına orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 160 manat müəyyən olunur. O, cümlədən: 01 ədəd “Xiaomi Mi A1” markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olduğunu nəzərə alaraq - 150 manat, 01 ədəd istifadədə olunmuş telefon qabı (kabura) – 6 manat, 01 ədəd ***-***-**-** saylı GSM nömrə - 4 manat. Beləliklə, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən zərərçəkmiş şəxs və şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Dövlət ittihamçısı tərəfindən təqsirləndirilən şəxsə 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi tələb edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini (dəfələrlə CM-in 177-ci maddəsi ilə nəzərdə tutulmuş əmələ görə məhkum olunmasını), həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə AR CM-nin 177.1 və 66.5-ci maddələri hökmdən xaric edilmişdir. xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Beləliklə, cəzasını çəkib qurtardığı gündən məhkumluğun ödənilməsi üçün CM-nin 83-cü maddəsi ilə müəyyən edilmiş müddət keçdiyindən, məhkumluğu ödənilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən ona vurulan maddi ziyanın tam ödənildiyi, hazırda onun barəsində heç bir şikayətinin olmadığını, iş üzrə növbəti məhkəmə proseslərində iştirak etməyəcəyini bildirmiş və məhkəmədə verdiyi ifadəsinin olduğu kimi nəzərə alınması xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmış, hazırkı vaxtadək həbsdədir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış bir ədəd “X41” markalı mobil telefonun Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalı, oğurluq hadisəsini əks etdirən videogörüntü olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 38 saylı vəkil bürosunun vəkili Nümayəndə dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001- ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 38 saylı vəkil bürosunun vəkili Nümayəndə məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il (iki il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 28 aprel 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Xiaomi Mİ A1” markalı mobil telefonun Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan oğurluq hadisəsini əks etdirən videogörüntü olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Bakı şəhəri 38 saylı vəkil bürosunun vəkili Nümayəndə tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına köçürülsün Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar