Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-115/2025 18.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Ağaisə qızının Zərər çəkmiş şəxsin 18 saylı Vəkil bürosunun vəkili nümayəndəsi: Nümayəndə Müdafiəçi: 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1978-ci il tarixdə Füzuli rayonunun Alıxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Beyləqan rayonu, Yeni Mil qəsəbəsində qeydiyyatda olan, əvvəllər məhkum edilməmiş, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihama əsasən o, 24 may 2024-cü il tarixdə, saat 18:50-də ünvan 1 ünvanda yerləşən masaj salonunda tanışı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış sözlü mübahisə zamanı salonda digər şəxslərin olmasına əhəmiyyət vermədən sonuncunun barəsində nalayiq ifadələr işlətməklə ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edərək cəmiyyətə açıqca hörmətsizlik edib salonun normal iş rejiminin pozulmasına səbəb olmaqla əli ilə Zərərçəkmiş şəxs saçından tutub dartaraq oradan götürdüyü və istintaqla müəyyən edilməyən dabankeşi silah qismində istifadə edib həmin dabankeşlə Zərərçəkmiş şəxs zor tətbiq edərək qəsdən sonuncunun bədən nahiyələrindən zərbələr vurub ona qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, başın təpə nahiyəsinin qançır-şişkinlik halında sıyrığı, sağ sağrı, sağ bud nahiyələrinin qançırları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə yanaşı salonun qapısının şüşəsini sındıraraq özgənin əmlakını qəsdən zədələyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 15 manat məbləğində maddi ziyan vuraraq qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bununla bağlı ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi üzrə ittiham irəli sürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs silah qismində istifadə edilən əşyanı tətbiq etməklə xuliqanlıq etməsi sübuta yetirilməsə də, onun tərəfindən zərər çəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurma cinayətinin törədilməsi təsdiq olunmuşdur. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, ünvan 1 ünvanda yerləşən obyekti tanışı Səbinə və Gülnarə ilə birlikdə icarəyə götürərək orada masaj salonu işlədirdilər. X3 vətəndaşı olduğu üçün Azərbaycandan deportasiya edilmiş və bundan sonra Gülnarə onun həmin obyektdə heç bir payının olmadığını və inzibatçı kimi işləməyini ona demişdir. Lakin o, həmin salonun açılmasına görə 15.000 manat pul verdiyi üçün ora şərik olmuş və Gülnarə bunu inkar edib onu şəriklikdən çıxarmaq istəmişdir. Bu məsələ ilə bağlı Gülnarə ilə aralarında mübahisə yaranmışdır. Sonuncu dəfə 24 may 2024-cü il tarixdə, saat 18:50 radələrində salonda olarkən Gülnarə heç bir səbəb olmadan onunla mübahisə edib ünvanına nalayiq ifadə işlətmiş və salonu tərk edib getməsini demişdir. Sonra Gülnarə salonda olan otağa keçib onun rəfini açıb dağıtmış, o da həmin otağa keçib Gülnarənin saçından tutub onu salonun ümumi zalına çıxarıb divana tərəf gətirmiş, orada Gülnarəni yıxaraq özü də divanın üzərinə yıxılmışdır. Həmin vaxt salona gələn tanımadığı kişi onu tutub salonun qapısına tərəf aparmış, həmçinin salonda olan digər şəxslər də onları ayırmışlar. Sonra Gülnarə onu salonun çölünə itələyib çıxarmış və qapını bağlamışdır. O da əsəbiləşib salonun qapısının şüşəsini sındırmış və salona daxil olmuşdur. Gülnarəyə heç bir dabankeşlə xəsarət yetirməmiş, ümumiyyətlə bu əşya onların dalaşdığı yerdə olmamışdır. Gülnarə özü də ibtidai araşdırma dövrünün ilkin mərhələsində onu dabankeşlə vurulmasını bildirməmişdir. Ona verilmiş xuliqanlıq ittihamı ilə razı deyil, hadisə onun da şərikli işlətdiyi masaj salonunda baş vermiş və orada da yalnız qadın işçilər olmuşdur. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Ağaisə qızı ifadəsində göstərdi ki, ünvan 1 ünvanda yerləşən obyekti Səbinə adlı tanışı ilə icarəyə götürərək orada masaj salonu işlədirlər. X2 deportasiya olunduğundan o, həmin obyekti tək işlətmişdir. Obyektdə Təqsirləndirilən şəxs inzibatçı işləmiş, həmçinin salonda başqa masajçı işləyən qızlar da olmuşdur. Səbinə deportasiya olunduqdan sonra Günəş obyektə şərik olduğunu iddia etməyə başlamış, o isə hər dəfə ona obyektə dair heç bir hüququnun olmadığını bildirmiş və bu səbəbdən aralarında söz-söhbət yaranmağa başlamışdır. 24 may 2024-cü il tarixdə, saat 19 radələrində salonda olarkən Günəş kassadan 250 manat pul götürdüyü üçün o, ona iradını bildirdikdə, Günəş yenə də obyektə şərik olduğunu iddia etməyə başlamış, buna görə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı o, Günəşə onu salondan qovacağını dedikdə, sonuncu belə bir hərəkət etdiyi təqdirdə onu şərləyəcəyini, qızıl və pullarını götürəcəyini demişdir. Həmin vaxt aralarında olan mübahisə daha da gərginləşmiş və Təqsirləndirilən şəxs artıq onun ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Bu vaxtı o, salonda olan digər otağa keçmiş, Günəş də onun ardınca gəlib otaqda onun saçından tutaraq ilk əvvəl əlləri ilə başına vurmağa başlamış, sonra otaqda olan dəmir dabankeşi götürüb onunla başına və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirmiş, sonra saçından tutub darta-darta salonun ümumi zalına çıxarıb divan tərəfə aparmış, salonda işləyən digər qadınlar və ora gəlmiş tanımadığı şəxs Günəşi ondan ayırıb salonun girişinə tərəf aparmışlar. Sonra o, ayağa durub Günəşi salondan çölə çıxarsa da, sonuncu salonun qapısının şüşəsini sındırıb içəri daxil olmuş və onun ünvanına nalayiq ifadələr işlətməyə davam etmişdir. Günəş salonun şüşəsini düzəltməyəcəyini bildirdiyinə görə o, şüşə dəyişmək məcburiyyətində qalmış, bununla bağlı 15 manat pul xərcləmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə Şahid1 ifadəsində bildirdi ki, o, ünvan 2 ünvanda yerləşən masaj salonunda masajist işləmiş, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs da oradan tanımışdır. Bildiyinə görə salonu Gülnarə ilə Səbinə adlı şəxs idarə etmiş, X2 deportasiya olunmuşdur. Günəş isə orada inzibatçı kimi işləyirdi. 24 may 2024-cü il tarixdə, saat 18:50 radələrində salonda Günəşlə Gülnarə arasında mübahisə başlamış, bunun səsəbi isə Günəşin obyektin kassasından xəbərsiz olaraq 250 manat pulun götürməsi olmuşdur. Günəş obyektin sahibi olduğunu iddia edib istədiyi pul vəsaitini kassadan götürə biləcəyini demişdir. Gülnarə isə Günəşə onu obyektdən çıxaracağını demişdir. Günəş “mənim əşyalarıma toxunsan, səni şərliyəcəyəm, qızılımı və pullarımı oğurladığını polisə bildirəcəm” demişdir. Sonra Gülnarə digər otağa keçmiş, Günəş də onun ardınca həmin otağa daxil olmuş və onun saçından tutaraq zalda olan divana tərəf gətirmişdir. Daha sonra salona tanımadığı şəxs daxil olmuş, onlar Günəşi tutub Gülnarədən aralamışlar. Gülnarə Günəşi salondan çölə çıxarıb qapını bağlamış, Günəş isə qapının şüşəsini sındırmışdır. Sonra Gülnarə otaqdan Günəşin paltarlarını salonun ortasına atmışdır. Gülnarə Günəşin onu dabankeşlə boynunun arxasından vurduğunu desə də, o, birbaşa bunun şahidi olmamış, yalnız səs eşitmiş və Gülnarənin boynunda izin olduğunu görmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunda ifadə verərək əlavə olaraq göstərdi ki, o, Günəşin bilavasitə Gülnarəni dabankeşlə vurduğunu görməsə də, səs-küyə otağa gələn zaman dabankeşin yerdə olduğunu görmüşdür. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, ünvan 2 ünvanda yerləşən masaj salonunda xadiməçi işləmişdir. Obyekti növbə ilə üç nəfər qadın ortaq işlətmiş, hadisə günü növbə Günəşin olmuşdur. O, otaqları yığışdıran zaman salonda Gülnarə ilə Günəş arasında pul məsələsinə görə mübahisə başlamışdır. Onlar əvvəlcə ümumi girişdə olan zalda bir-biri ilə sözlü mabahisə etmiş, sonra Gülnarə işçilərin paltar dəyişmə otağına keçmiş və dolabı açaraq Günəşin paltarlarını yerə zala yerə atmışdır. O, Günəşin həmin otaqda dabankeşlə Gülnarəni vurması inandırıcı deyil. Çünki, salonu səliqə-səhmana özü saldığı üçün bilir ki, həmin otaqda dabankeş olmur, yalnız ayaqqabı qoyulan yerdə balaca plastmass dabankeş olur. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, hadisə baş verərkən o, sanitar qovşağında olmuş və gəlib zalda mübahisə olduğunu görmüş, lakin otağa keçib baxmamışdır. O, Günəşin dabankeşi götürüb vurduğunu görməmiş, mübahisə əvvəlcə zalda, daha sonra otaqda baş vermişdir. Otaqlarda dabankeş olmamış, ancaq dəhlizdə plastmass dabankeş olurdu. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokolda 22-ci polis şöbəsinin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs əşyalarının oğurlanması, Zərərçəkmiş şəxs Ağaisə qızının isə döyülməsi ilə bağlı ünvan 2 ünvanda yerləşən masaj salonunda baxışın keçirilməsi və bu zaman iş üçün əhəmiyyətli izlərin aşkar edilməməsi qeyd olunmuşdur (l cild, i.v.6-8); • Zərərçəkmiş şəxs Ağaisə qızının 22-ci polis şöbəsinə verdiyi xx.xx.2024-cü il tarixdə verdiyi izahatının məzmununa əsasən o, həmin günü saat 19 radələrində müdir işlədiyi ünvan 2 ünvanda yerləşən masaj salonunda olan zaman orada administrator işləyən Günəş adlı işçi ilə sonuncunun obyektə şərik olmasının bildirməsi səbəbindən aralarında mübahisə yaranmışdır. O Günəşə obyektə heç bir hüququnun olmadığını deyəndə, sonuncu obyektin içində işçilərin gözü önündə saçından tutub onu yerə yıxmış, sonra təpiklə bel hissəsindən vurmuşdur. Bundan sonra oradakı digər işçilər onları aralamışlar. Hadisə təxminən 10 dəqiqə davam etmişdir (l cild, i.v.12); • xx.xx.2024-cü il tarixli “Şahidin dindirilməsi” protokolunda Zərərçəkmiş şəxs Ağaisə qızı qeyd edir ki, “........................Həmin vaxt mən masaj salonunda olan otağa keçdim və bu zaman Təqsirləndirilən şəxs mənim ardımca gəlib həmin otaqda mənim saçımdan tutaraq ilk əvvəl əlləri ilə başıma vurmağa başladı, sonra otaqda olan dəmir dabankeşi götürüb onunla yenə başıma və bədənimin müxtəlif nahiyələrinə vurdu...” (l cild, i.v.36-40); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X4 Nəsimi rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 668 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, başın təpə nahiyəsinin qançır-şişkinlik halında sıyrığı, döş qəfəsinin ön səthinin, sağ bazu, sağ kürək, sağ sağrı, sağ bud nahiyələrinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən və müayinə olunanın qeyd etdiyi şəraitdə, yəni insan bədəninin hissələrinin (əl, ayaq və s.) təsirindən, həmçinin dəmir dabankeşlə vurulması nəticəsində əmələ gələ bilmələri mümkündür (İ cild, i.v. 46-48); • “Diskə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli, “Baxış keçirilməsi haqqında” 21 oktyabr 2024-cü il tarixli protokollara və hadisəni əks etdirən diskdə olan görüntülərə əsasən obyektin ümumi zalında 5 nəfər qadın görsənir, onlardan ikisi divanda, belinə sarı rəngdə paltar bağlamış biri stulda (Təqsirləndirilən şəxs) əyləşir, sonuncuya yaxın masanın yanında ayaqüstə qara paltarda digəri (Zərərçəkmiş şəxs), arxa tərəfdə isə başqa qadın var. Zərərçəkmiş şəxs obyektin qapısını açaraq Təqsirləndirilən şəxs ünvanına nəlayiq ifadələr işlədərək onun çıxmasını istəyir, sonra kamera görüntüsünə düşməyən digər otağa keçir, Təqsirləndirilən şəxs da ona “məni obyektdən çıxartsan, səni şərləyəcəm” deyir. Bir müddət sonra Zərərçəkmiş şəxs geri qayıdaraq Təqsirləndirilən şəxs üzərinə əl hərəkətləri edərək divan tərəfə gedir. Sonra Zərərçəkmiş şəxs təkrar həmin otağa keçir, bu zaman Təqsirləndirilən şəxs onun arxasınca qaçaraq bir neçə dəfə “bəsdi, bəsdi” sözlərini işlədərək qışqırır və Zərərçəkmiş şəxs saçından dartaraq zala çıxarır və divan tərəfə gedib yıxılıllar. Bu vaxtı obyektə 2 nəfər kişi cinsindən olan şəxs daxil olur. Sonra ora gələn digər kişi və zalda olan qadınlar onları ayırır. Kişi və qadın Təqsirləndirilən şəxs tutub saxlayır, Zərərçəkmiş şəxs isə əvvəlki otağa keçərək qayıdıb zalda yerə paltarları tökür. Təqsirləndirilən şəxs “qızıllarımı qoy” deyərək qışqırır və bayıra çıxır, Zərərçəkmiş şəxs isə saçını yığır və sonra obyektin qapısını bağlayır. Sonra qapının şüşəsi sındırılır. Daha sonra Təqsirləndirilən şəxs stolda oturması, Zərərçəkmiş şəxs isə ayaqüstə duraraq bir-biri ilə sözlü mübahisənin etdiyini görünür (l cild, i.v.23, 56, disk); • “Sübutların qiymətləndirilməsi haqqında” 06 noyabr 2024-cü il tarixli qərarla salonun qapısının şüşəsinin sındırması ilə bağlı Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, eyni zamanda cinayətin görüntülərini özündə əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir (İ cild, i.v.112-119); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışına görə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, i.v.31-32). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Bu Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 138.2-ci maddəsinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Qeyd olunan Məcəllənin 21.3-cü maddəsinə müvafiq olaraq cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmədə tədqiq olunmuş ifadələr, videogörüntülər və digər sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs Ağaisə qızı arasında ünvan 2 ünvanda yerləşən masaj salonunun işlətməsi və gəlirlə bağlı, habelə pul məsələsinə dair xx.xx.2024-cü il tarixdə salonda baş vermiş mübahisə məhz zərər çəkmiş şəxsin təşəbbüsü ilə başlamış, hadisənin dava-dalaşla bitməsinə zərər çəkmiş şəxsin sözləri və hərəkətləri olmuşdur. Belə ki, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı nalayiq ifadələrin işlətməsi və ondan salonun tərk etməsinin tələb etməsi, bundan sonra onun əşyalarının atması üçün hərəkətlər törətməsi təqsirləndirilən şəxsin ona qarşı zorakı hərəkətlər etməsinə sövq etmiş, nəticədə sonuncu yüngül dərəcəli bədən xəsarətləri almışdır. Bundan sonra zərər çəkmiş şəxsin salonun qapısını bağlayaraq təqsirləndirilən şəxsin içəri girməsinə mane olması, bundan da qəzəblənən təqsirləndirilən şəxs qapının şüşəsini sındırması da həmin hərəkətlərin davamlı nəticəsi olmuşdur. Hadisənin sonrakı gedişindən aydın olur ki, təqsirləndirilən şəxsin əməli daha da böyüyərək ictimai qayda əleyhinə yönəlmiş əmələ çevrilməmiş, digər şəxslərin dincliyini və rahatlığını pozmamışdır. Yəni onun məqsədi ictimai qaydanın kobud surətdə pozulmasına yönəldilməmiş, Təqsirləndirilən şəxs qəsdi müstəsna olaraq zərər çəkmiş şəxsə qarşı olmuş, onun hərəkətləri cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması, ictimai qaydanın kobud şəkildə pozulması ilə əhatə olunmamışdır. Məhkəmə qeyd edir ki, xuliqanlıq cinayətini xarakterizə edən zəruri əlamətlər Azərbaycan Respublikası Cinayət Məcəlləsində göstərilmiş, eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Ali Məhkəmənin Plenumunun bir sıra qərarları bu cinayətin səciyyəvi əlamətlərinin şərhi və izahına həsr olunmuşdur. Belə ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Eyni zamanda, “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, xuliqanlıq əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Cinayət Məcəlləsinin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Xuliqanlıq cinayətinin yaranması üçün təqsirli şəxsin niyyəti ya əvvəlcədən formalaşmalı, ya da onun əməli hadisənin gedişi zamanı xuliqanlıq əməlinə çevrilməlidir. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli qərarında da (3-cü bənd) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Beləliklə, yuxarıda qeyd olunan qərarlarda xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq cinayəti kimi qiymətləndirilməməlidir. Göründüyü kimi, işin faktiki hallarına əsasən təqsirləndirilən şəxslə zərər çəkmiş şəxs arasında pul məsələsi ilə bağlı mövcud olan problemə iş yerində (salonda) aydınlıq gətirilən zaman zərər çəkmiş şəxs öz hərəkətləri ilə təqsirləndirilən şəxsi onu vuraraq sağlamlığına yüngül zərər vurmaya aid xəsarət yetirməyə sövq etmişdir. Hadisənin sonrakı gedişindən də görünür ki, təqsirləndirilən şəxsin əməli daha da böyüyərək ictimai qayda əleyhinə yönəlmiş əmələ çevrilməmişdir. İttiham tərəfi isə Təqsirləndirilən şəxs əməlini xuliqanlıq əməli kimi təqdim etsə də, sonuncunun öz davranışı ilə açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsinin, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş elementar davranış, əxlaq, mənəviyyat normalarına qarşı saymamazlığın və kobud surətdə pozulmasının, özünü ətrafdakılara qarşı qoymasının nədən ibarət olduğunu və ya da nədə ifadə olunduğu barədə tutarlı sübutlarını təqdim etməmişdir. Belə faktın mövcudluğu məhkəmədə dindirilmiş şəxslərin ifadələrində də təsdiq olunmamışdır. Lakin ittiham orqanı hadisənin kənar şəxslərin gözləri önündə baş verməsinə cinayətin xuliqanlıq kimi tövsifini şərtləndirən hal kimi istinad edərkən ona əhəmiyyət verməmişdir ki, təqsirləndirilən şəxslə zərər çəkmiş şəxs arasında hadisənin baş verdiyi salonda pul məsələsi ilə əlaqədar mübahisəli vəziyyət olmuş, zərər çəkmiş şəxsin salondan təqsirləndirilən şəxsi qovmaq istəməsi, sonuncunun isə həmin obyektdə özünün daha üstün hüququnun olmasına dair gümanlarından çıxış etməklə zərər çəkmiş şəxsin qarşısını almağa çalışdığına görə tərəflər arasında münaqişə baş vermiş və bunun gedişatında təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin sağlamlığına yüngül dərəcəli xəsarətlər yetirməklə onu döymüş, obyektin qapısının şüşəsini sındıraraq ora 15 manat dəyərində ziyan vurmuşdur. Yəni hadisə onların arasında əvvəldən yaranmış şəxsi münasibətlər zəminində baş vermişdir. Xuliqanıq formal tərkibli cinayət olduğundan və başa çatmış cinayət tərkibinin mövcud olması üçün ictimai təhlükəli nəticələrin baş verməsi tələb olunmadığından, kifayətdir ki, təqsirkar qərəzli hərəkətlərinin (digər şəxsə zor tətbiq etməsinin, zor tətbiq etməklə hədələməsinin, özgə əmlakını məhv etməsinin və yaxud zədələməsinin) xuliqanlıq kimi alçaq niyyətdən, yəni məhz ictimai qaydanı pozmaq istəyindən, bu qaydalara etinasızlığından, cəmiyyətin qəbul etdiyi dəyərlərə hörmətsizliyindən irəli gəlidiyini dərk etsin və məhz bu şəkildə (özünün ictimai qaydalardan, cəmiyyətin təqdir etdiyi dəyərlərdən üstün olduğunu nümayiş etdirməklə) şəxsə qarşı zor tətbiq etməsini, zor tətbiq etməklə hədələməsini, özgə əmlakını məhv etməsini və yaxud zədələnməsini arzu etsin (belə olan halda, təqsirkarın qərəzli hərəkətləri xuliqanlıq niyyətindən irəli gəlməklə xaraktercə də, yəni özü–özlüyündə ictimai qaydaları pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən məzmun daşıdığından, təqsirkarın əməlində xuliqanlıq cinayətinin tərkibini şərtləndirən bütün zəruri əlamətlər mövcud olur). Bu səbəbdən (yəni, əgər təqsirkarın qərəzli hərəkətləri xuliqanlıq motivindən irəli gəlirsə və xaraktercə ictimai qaydanın, hamılıqla qəbul edilmiş davranış qaydalarının kobud şəkildə pozulması, cəmiyyətə qarşı açıqca hörmətsiziliyin ifadə edilməsi kimi təzahür edirsə) vacib deyil ki, əməl ictimai yerdə, başqalarının gözü qarşısında törədilsin. Eyni zamanda, Təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Ağaisə qızına dəmir əşya ilə xəsarətlər yetirməsi halı üzrə də şübhəli məqamlar var. Hərçənd, zərər çəkmiş şəxs məhkəmədə verdiyi ifadəsində bunu təkidlə göstərsə də, elə onun özünün hadisə baş verən günü, yəni xx.xx.2024-cü il tarixdə 22-ci polis şöbəsinə verdiyi izahatında Təqsirləndirilən şəxs onun saçından tutub yerə yıxmasını, təpiklə bel hissəsinə vurmasının bildirməsi və bu zaman sonuncunun onu dabankeşlə vurmasının söyləməməsi, bu məsələni yalnız hadisədən 3 aydan çox müddət keçdikdən sonra xx.xx.2024-cü il tarixdə vurğulaması həmin şübhələri daha da artırır. Həmçinin, iş üzrə dindirilmiş şahidlər də hadisə vaxtı təqsirləndirilən şəxsin əlində bilavasitə hər-hansı əşyanı görmədiyini qeyd etmişlər. O da nəzərə alınmalıdır ki, ibtidai araşdırma orqanı tərəfindən hazırki işlə əlaqədar təqsirləndirilən şəxsin istifadə etdiyi əşya müəyyən edilib məhkəməyə təqdim olunmamışdır. İş üzrə zərər çəkmiş şəxsə yetirilmiş xəsarətlərin yaranma mexanizminə (insan bədəninin hissələrinin (əl, ayaq və s.) təsirindən, həmçinin dəmir dabankeşlə vurulması nəticəsində əmələ gələ bilmələri) dair ekspert rəyinin bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, verilmiş ifadələrdə həmin məsələdə ziddiyətlər olduğu üçün rəyin bu hissəsini məhkəmə dəlil kimi qəbul edə bilmir. Cinayət-Prosessual Məcəlləsinin 127.3-cü maddəsinə müvafiq olaraq ekspertin rəyi məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. "Hüseyn və başqaları Azərbaycana qarşı" iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, “əsaslı şübhə yeri qoymayan” sübut standartları sübutların qiymətləndirilməsi zamanı bütün işlərə tətbiq edilən ümumi prinsipdir. Sübutlar kifayət qədər güclü, aydın və uzlaşdırılmış nəticələrin, yaxud faktlara əsaslanan anoloji təkzib edilməz ehtimalların birgə mövcudluğundan irəli gələ bilər. Qaneedici və inandırıcı sübutları təqdim etmək məsələsində sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür. Hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu səbəbdən də Təqsirləndirilən şəxs əməli ictimai qayda əleyhinə yönəlmiş xuliqanlıq kimi deyil, şəxsi münasibətlərlə əlaqədar yaranan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid olan əməl kimi qiymətləndirilməli və bununla bağlı onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs yaşadığı Beyləqan rayonu, Yeni Mil qəsəbəsini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Beyləqan rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Beyləqan Rayon İcra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-115/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-115/2025
18.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver