Məhkəmə qərarları › İş №1(006)-116/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-116/2023

04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-116/2023 04.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 12:00 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkil X1 iştirakları ilə, xx xxxx 1978-ci ildə Qax rayonu Çüdüllü kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Qax rayonu Çüdüllü kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurma cinayətini törətmişdir. Belə ki, o, 15 aprel 2022-ci il tarixdə saat 17:30 radələrində orta dərəcəli sərxoş vəziyyətdə Bakı Metropoliteni QSC-nin “28 May” stansiyasında qatarın daxilində sərnişinlərin sıx olduğu yerdə sərnişin Zərərçəkmiş şəxs ilə aralarında vaqonda olan və ayaq üstə dayanmış qadınlara oturmaq üçün yer verməməsi barədə baş vermiş mübahisə zamanı heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib xuliqanlıq niyyəti ilə onu sifət nahiyyəsinə qəsdən kəllə zərbəsi ilə vuraraq sonuncuya burun sümüyünün yerdəyişmiş sınığı və burun belində sıyrıqları ilə nəticələnən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, uzun müddət keçdiyinə görə dəqiq xatırlamadığı tarixdə işlədiyi Bakı maşınqayırma zavodundan əmək haqqına aid avans ödənişini əldə etmək üçün “20 yanvar" metrostansiyasına gəlib buradan metronun hərəkət edən qatarına minmiş və qatarda sıxlıq olduğu üçün ayaq üstə dayanmışdır. Qatar bir müddət getdikdən sonra sonradan şəxsiyyəti ona məlum olan Zərərçəkmiş şəxs oturacaqda əyləşdiyini, lakin ayaq üstə dayanan yaşlı xanımın olduğunu nəzərə alaraq, zərərçəkmiş şəxsdən oturacaqdan qalxaraq öz yerini həmin yaşlı xanıma verməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs oturacaqdan ayağa qalxmış və “Talış” dilində onun ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin vaxt arxa tərəfdən tanımadığı şəxslər zərərçəkmiş şəxsə nalayiq ifadələr işlətməsinə görə etirazını bildirmişdir. Zərərçəkmiş şəxs onun anası barədə nalayiq ifadə işlətməsini bilərək əsəblərinə hakim ola bilməyib baş nahiyyəsi ilə sonuncunun sifət nahiyəsindən zərbə vurmuşdur. Daha sonra qatarda olan şəxslər ona “Ağsaqqal qatardan düş” dedikdən sonra “28 May” metrostansiyasında qatardan düşmüş və platformada hərəkət etmək istəyərkən Zərərçəkmiş şəxs onun qolundan zərbə ilə vurmuş, o da arxaya çönərək sonuncuya zərbə vurmuşdur. Daha sonra metroda olan digər şəxslər tərəfindən aralaşdırılmışlar və polis əməkdaşları hadisə yerinə gəlib onu Bakı Metropolitenində Polis şöbəsinə aparmışlar. O, Zərərçəkmiş şəxs yaşadığı ünvanı bilmədiyinə görə istintaq dövründə barışıq əldə edilməsi üçün hər hansı təşəbbüs göstərə bilməmişdir. Sonda törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tam olaraq ödədiyini nəzərə alaraq, barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.2022ci il tarixdə işdən çıxıb metronun “Koroğlu” stansiyasına getmək üçün “Azadlıq" metrostansiyasına daxil olub “Həzi Aslanov" stansiyası istiqamətində hərəkət edən qatara minib oturacaqların birində əyləşdikdən sonra yorğun olduğu üçün yuxuya getmiş, daha sonra sonradan şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs ayağını onun ayağına vuraraq onu yuxudan oyatmış və ona ayağa qalxaraq xanımlara oturmaq üçün yer verməsini tələb etmişdir. O, ayağa qalxaraq yer vermək istəsə də, ətrafda hər hansı xanım olmamasını görmüş və bu zaman Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olmasını görmüşdür. Daha sonra Təqsirləndirilən şəxs ona nalayiq ifadələr işlətmiş və aralarında mübahisə yaranmışdır. O, Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olduğunu görüb qatardan düşmək istəsə də, sonuncu əlini onun çiyninə qoymuşdur. Bundan sonra, o, arxaya çöndüyü vaxt Təqsirləndirilən şəxs baş nahiyyəsi ilə onun sifətinə qəfil güclü zərbə vurmuş və zərbənin təsirindən o, yerə yıxılmış, həmin vaxt burun nahiyyəsinin sındığını hiss etmişdir. O, metronun “28 May” stansiyasında qatardan düşdükdən sonra da Təqsirləndirilən şəxs qatardan düşüb onun üzərinə gələrək nalayiq ifadələr işlədib onunla dalaşmaq istəmiş, həmin vaxt polis əməkdaşları gələrək sonuncunu saxlayıb kənara çəkmiş, sonra polis əməkdaşları onları polis şöbəsinə dəvət etmişdir. Hadisə qatarın içərisində təxminən 5 dəqiqə müddətində baş vermiş və polis şöbəsinə aparıldıqdan sonra Təqsirləndirilən şəxs şöbədə onun barəsində nalayiq ifadələr işlətməyə davam etmişdir. Hal-hazırda Təqsirləndirilən şəxsla barışmış, ona dəymiş ziyan tam olaraq ödənilmişdir və bu səbəbdən ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanları nəzərə alaraq məhkəmədən təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş edir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X2” X5 canlı şəxsin məhkəmə-tibbi ekspertizasının 27 aprel 2022-ci il tarixli 412 saylı rəyindən görünür ki, 1968-ci il təvəllüdlü Zərərçəkmiş şəxs burun sümüyünün yerdəyişmiş sınığı və burun belində sıyrıqlar müəyyən edilmişdir. Bu xəsarətlər bərk küt əşyanın təsirindən əmələ gəlmişlər, törənmə müddəti qərarda göstərilən tarixə uyğun gəlməsi inkar olunmur və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmnaya aiddir (i/v 22-23). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2/7753 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə aktından görünür ki, 1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 15 aprel 2022-ci il tarixdə alkoqol qəbul etmədiyi müəyyən olunmuşdur (i/v 8). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş arayışdan və Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 21 oktyabr 2000-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə 21 oktyabr 2000-ci il tarixdə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 129-cu maddəsi ilə təqsirləndirilərək barəsində 02 il 06 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 21 iyun 2002-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən vaxtından əvvəl şərti azad olunmuşdur (i/v 80-82, 83-91). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, 16 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, 18 may 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i/v 50, 76-77). İş materiallarına əlavə olunmuş sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi barədə 15 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.2.3 və 221.1-ci maddələrinə tövsif edilmiş və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır (i/v 97-101). Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 28 mart 2023-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulan cinayəti törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarında geyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən az ağır zərər vurma isə təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsin sağlamlığına qəsdən az ağır zərər vurmada ifadə olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 4-cü bəndində qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq CM-nin 128 və ya 132-ci maddəsilə tövsif edilməsinə ehtiyac qalmır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən hesab edir ki, cinayətlərin məcmusuna az ağır cinayətlərdən biri daxil olduğundan Təqsirləndirilən şəxs təyin olunacaq cəzaları qismən toplamaqla ona qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-cü maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 may 2023-cü il tarixdən 18 may 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə sadalanan cəzanı yüngülləşdirən halları nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəza təyin edilməsi məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməz. Bu zaman məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsə cəmiyyətdən təcrid etmə ilə bağlı olmayan cəza təyin edilməsi ilə bağlı bu qərarı mühakimə edilən şəxsdə azadlıqda qalacağına ümid verərək, güclü islah – tərbiyəedici stimul yaradar, məhkumun islah edilməsinə, onun qanuna tabe olan insana çevrilməsinə, yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloci meyllərdən, kriminogen xüsusiyyətlərdən azad edilməsinə, ictimaifaydalı fəaliyyətə qayıtmasına, normal cəmiyyətə tamamilə uyğunlaşmasına köməklik edər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında da göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs yaşadığı Qax rayonu Çüdüllü kəndini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qax rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, hökmün icrasına nəzarət Qax rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi 19 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-116/2023 saylı, 06 fevral 2023-cü il tarixli qərara əsasən 07 fevral 2023-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi 19 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzaları qismən toplanılmaqla ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Qax rayonu Çüdüllü kəndini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qax rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Qax rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar