Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-116/2024 14.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 05 saylı Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1991-ci il tarixdə Beyləqan rayonu, Şahsevən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, işləməyən, Beyləqan rayonu, 1-ci Şahsevən kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Dəmirçizadə küçəsi, ev 02, mənzil 50-də yaşayan, əvvəllər məhkum olunmamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs irəli sürülmüş ittihama əsasən o, satış məqsədi ilə 0,619 qram çəkidə psixotrop maddə metamfetamini və 1,513 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə, saat 20:00-da Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi ilə C.Hacıbəyli küçəsinin kəsişməsində saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinə gətirilmiş, orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən 02 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,224 qram və 0,395 qram olmaqla həmin psixotrop maddə və 04 bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,480 qram, 0,416 qram, 0,413 qram və 0,204 qram olmaqla həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Bununla bağlı ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi üzrə ittiham irəli sürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edib saxlamaqla daşıması sübuta yetirilməsə də, onun tərəfindən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşıma cinayətinin törədilməsi təsdiq olunmuşdur. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, üzərində aşkar olunan psixotrop maddə və narkotik vasitə ona məxsusdur, onları şəxsi istifadəsi üçün “İnstagram” sosial şəbəkəsində tanış olduğu, özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxsdən almışdır. Belə ki, həmin şəxsin bildirdiyi kart nömrəsinə ödəniş terminalı vasitəsilə 70 manat pul göndərmiş, bundan sonra xx.xx.2023-cü il tarixdə ona deyildiyi Bakı şəhəri, Ramana qəsəbəsi, Şuşa şəhərciyində ünvanını bilmədiyi yerə gedib torpağa basdırılmış, içərisində 06 büküm olan sellofan torbanı götürüb yaşadığı evə yollanmışdır. Metronun “28 May” stansiyasında çıxıb piyada hərəkət edib saat 20 radələrində S.Əsgərova küçəsi ilə C.Hacıbəyli küçəsinin kəsişməsində olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis olduqlarını bildirmiş və ondan narkotik vasitə istifadə edib-etmədiyini soruşmuşlar. O da narkotik istifadəçisi olduğunu dediyi üçün onu 22-ci polis şöbəsinə aparmışlar. Orada o, əynindəki şalvarın sağ yan cibindən həmin bükümləri çıxarıb vermişdir. O, narkotikin satışı ilə məşğul olmur, metamfetamin və heroini birgə qəbul edir, 06 bükümü də ona görə almışdır ki, hər dəfə almaq üçün harasa getməsin. Törətdiyi əməldən peşmandır, ona qanuni və ədalətli cəzanın verilməsini xahiş edir. Məhkəmədə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin baş əməliyyat müvəkkili Şahid2 şahid qismində ifadəsində göstərdi ki, 16 oktyabr 2023-cü il tarixdə o, iş yoldaşı Şahid1 ilə birlikdə Nəsimi rayonu ərazisində Təqsirləndirilən şəxs narkotik vasitə əldə etdiyi və saxladığı barədə daxil olmuş məlumatı yoxlamaq məqsədilə həmin günü Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi ilə C.Hacıbəyli küçəsinin kəsişməsinə gəlmişlər. Təqsirləndirilən şəxs kimi bildikləri şəxsi saat 20:00-da gördükdə ona yaxınlaşaraq özlərini təqdim etmiş və narkotik vasitələrin qəbulunda, saxlanmasında şübhəli olduğunu bildirirək onu şöbəyə dəvət etmişlər. Orada videoçəkiliş aparılaraq Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, sonuncu da qara rəngli cins şalvarın cibindən 06 ədəd sellofan bükümü, “Rothmans” adlı siqaret qutusunu və 01 ədəd qırmızı rəngli alışqanı çıxarıb təqdim etmiş, bükülülərdə narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair heç bir məlumata malik deyil. Məhkəmə istintaqında şahid Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 Şahid2 ifadəsinə oxşar məzmunda ifadə verdi. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin baş əməliyyat müvəkkili Şahid2 tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportda Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonunda qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşıması və istifadə etməsi, həmçinin narkotik vasitənin istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olması qeyd olunaraq bu məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılacaq əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi xahiş edilir (İ cild, i.v. 03); • “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” və ona əlavə edilmiş diskdəki olan videogörüntüdə, habelə “Şübhəli şəxsin dindirmə” və “Təqsirləndirilən şəxsin dindirilməsi” protokollarında Təqsirləndirilən şəxs üzərində aşkar olunan bükümlərdə olan metamfetamin və heroini şəxsi istifadəsi üçün əldə edib gəzdirdiyi, onları heç kimə satmaq fikrində olmadığını bildirir (İ cild, i.v.55-59, 79-82, 98- 101); • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16-6/5439 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs o. (imza)” yazısı və imzalar olan zərfdəki 04 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,480 rqam, 0,416 qram, 0,413 qram qəhvəyi rəngli və təmiz çəkisi 0,204 qram açıq boz rəngli, ümumi təmiz çəkisi 1,513 qram olan tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir və 02 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,224 qram və 0,395 qram, ümumi təmiz çəkisi 0,619 qram ağ rəngli kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqatdan sonra metamfetaminin ümumi qalıq çəkisi 0,519 qram, heroinin ümumi qalıq çəkisi 1,393 qram, aparılmış tədqiqatın dəyəri 114 manat təşkil edir (İ cild, i.v. 67-70); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X5 Ambulator X2 haqqında xx.xx.2023-cü il tarixli, 7102 saylı rəyinə görə Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, i.v.131- 132); • Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin 14 noyabr 2023-cü il tarixli, 084 -13-51-4/2-14348/23 saylı məktubunda qeyd olunur ki, cinayət işi üzrə verilmiş əməliyyat tapşırığına əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduğu müəyyən edilmişdir. Əməliyyat tədbirləri davam etdirilir, gələcəkdə müsbət nəticə əldə olunarsa bu barədə məlumat verilcəkdir (İ cild, i.v.124); • “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 07 dekabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalan 1,393 qram narkotik vasitə heroin və 0,519 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmişdir (İ cild, i.v.138-142); • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(006)-501/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 16 oktyabr 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmədə təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə və psixotrop maddəni sosial şəbəkədə tanış olduğu, adını bilmədiyi İran İslam Respublikasının vətəndaşından aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir (İ cild, i.v.112-115); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli arayışına görə Təqsirləndirilən şəxs barəsində əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur (İ cild, i.v.122); Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Bu Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 138.2-ci maddəsinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Qeyd olunan Məcəllənin 21.3-cü maddəsinə müvafiq olaraq cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası), həmin Məcəllənin 234.2-ci maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham olunmasına, yəni satış məqsədi ilə 02 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,224 qram və 0,395 qram olmaqla psixotrop maddə metamfetamini və 04 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,480 qram, 0,416 qram, 0,413 qram və 0,204 qram olmaqla narkotik vasitə heroini məhz satış məqsədi ilə əldə edib üzərində daşıması və saxlaması barədə ibtidai istintaq orqanının nəticəyə gəlməsində həlledici şəkildə onların bükümlərə qablaşdırılması səbəb olmuşdur. Lakin, “Narkotik vasitələrin, psixitrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır (9-cu bənd). Göründüyü kimi, Plenum qərarında narkotik vasitələri və ya psixotrop maddələri nə cür qablaşdırılmasının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması tövsiyyə olunur. Yəni, aşkar edilmiş belə əşyaların bir neçə bükümdə olması onların məhz satış üçün əldə edilib saxlanılmasına dair nəticəni əvvəlcədən müəyyən edən, satış məqsədinin mövcudluğunu sübuta yetirmək vəzifəsini ittiham tərəfinin üzərindən qaldıran hallar kimi şərh edilə bilməz. Plenum qərarının izahı ilə müqayisə etməklə hazırki cinayət işinin faktiki hallarına əsasən Təqsirləndirilən şəxs götürülmüş 1,513 qram narkotik vasitə heroin 04 ədəd bükümdə və 0,619 qram psixotrop maddə metamfetamin 02 ədəd bükümdə olduğu müəyyən edilsə də, onun digər istehlakçılarla razılıq əldə etməsi, məhz özünün satış üçün narkotik vasitəni və psixotrop maddəni xırda bükümlərə qablaşdırması, hazırlanması, çəkilməsi üçün avadanlığın (tərəzi və s.) olması kimi hallar ibtidai istintaq orqanı tərəfindən müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs satış məqsədi ilə hərəkət etməsi və onun əməlində Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkibinin olması ibtidai istintaq orqanının istinad etdiyi sübutlarla da uzlaşmır. Belə ki, Təqsirləndirilən şəxs istər məhkəmə istintaqı zamanı, istərəsə də məhkəməyədək icraat dövründə verdiyi ifadələrində üzərində aşkar olunan psixotrop maddə və narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, heç vaxt satış məqsədi ilə narkotik vasitə və psixotrop maddə əldə etmədiyini, saxlamadığını və daşımadığını bildirmişdir. “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokola əsasən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 02 bükümdə psixotrop maddə metamfetamin və 04 bükümdə narkotik vasitə heroin olsa da, o, həmin vəziyyətdə (bükümlərə bölünmüş halda) narkotik vasitəni, eləcə də psixotrop maddəni şəxsi istehlakı üçün əldə etdiyini söyləmişdir. İş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarından (Şahid1 və Şahid2) heç biri məhkəmədə verdikləri ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması haqqında nəticə çıxarmaq üçün əsas yarada biləcək faktlar barədə məlumatlar verməmişlər. Onlar əməliyyat-axtarış tədbirinin gedişində baş verənlərə dair məlumatlar verməklə müstəsna olaraq Təqsirləndirilən şəxs üzərindən heroinin və metamfetaminin aşkar edilib götürülməsi faktını təsdiq etmişlər. Təqsirləndirilən şəxs ilə bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verilməsi barədə polis əməkdaşının xidməti raportunda da onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasına dair məlumatın olması göstərilməmiş, orada sadəcə olaraq bu şəxsin qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşıması və istifadə etməsi, həmçinin narkotik vasitənin istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olması vurğulanmışdır. Həmçinin, ibtidai istintaq zamanı müstəntiq tərəfindən müvafiq məlumatların əldə edilməsi barədə əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqana tapşırıq verilmiş və buna cavab olaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin 14 noyabr 2023-cü il tarixli məktubunda Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduğunun müəyyən edilməsi göstərilsə də, buna dair heç bir dəlil təqdim olunmamış, sadəcə olaraq əməliyyat tədbirlərinin davam etdirildiyi bildirilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X5 Ambulator X2 haqqında xx.xx.2023-cü il tarixli, 7102 saylı rəyində Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromunun (narkomaniya xəstəliyi) aşkar olunması qeyd edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs satış məqsədinin olmasına dair ibtidai stintaq orqanının qənaəti onda aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin 06 bükümdə olması kimi xüsusatlardan irəli gələn ehtimal subyektiv xarakterli mülahizədir. Bununla bağlı məhkəmə vurğulayır ki, təqsirləndirilən şəxsin cinayətkar məqsədi və əməlin hüquqi tövsifi barədə nəticələr ehtimal üzərində qurula bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsi də məhkəmənin ittiham hökmünün ehtimallara əsaslanmasına yol vermir və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda belə hökmün çıxarılmasını şərtləndirir. Beləliklə, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini satış məqsədi ilə əldə edib üzərində saxlaması məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən olunmur. Bununla belə, Təqsirləndirilən şəxs qanunsuz olaraq 02 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,224 qram və 0,395, ümumi çəkisi 0,619 qram psixotrop maddə metamfetamini və 04 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,480 qram, 0,416 qram, 0,413 qram və 0,204 qram, ümumi çəkisi 1,513 qram narkotik vasitə heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşıması öz təsdiqini tapır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroin və metamfetaminin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Beləliklə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları təhlil edib və bir-biri ilə müqayisə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edib saxlamaqla daşıma kimi deyil, onun tərəfindən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşıma (cinayət törədilən zaman qüvvədə olan Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə uyğun olaraq) kimi qiymətləndirilməli və bununla bağlı onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrıayrı bəndləri çıxartmaq hüququna malikdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun həbsə alındığı andan – 16 oktyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 0,519 qram psixotrop maddə metamfetamin və 1,393 qram narkotik vasitə heroin Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, ekspertiza tədqiqatının dəyəri 114 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 20 saat üçün nəzərdə tutulan 120 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 16 oktyabr 2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın, ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 0,519 qram psixotrop maddə metamfetamin və 1,393 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 20 saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-116/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-116/2024
14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver