Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-117/2022 29.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri, 05 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1987-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Sabirabad kəndində qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs binaya qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmiş, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 19 avqust 2021-ci il tarixdə saat 07 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 3 saylı binanın 40 saylı mənzilinin torla üzlənmiş taxta qapısının kilidlə bağlı olmamasından istifadə edib həmin qapıdan mənzilə qanunsuz daxil olaraq mənzilin qonaq otağında yerləşən masanın üzərindən Zərərçəkmiş şəxs məxsus, içərisində 150 manat pul, həmin dövrün məzənnəsi ilə 510 manat ləşkil edən 300 ABŞ dolları pul, zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 1100 manat dəyərində “Mercedes Benz S class“ markalı avtomobilin açarı olan 20 manat dəyərində pul kisəsini, həmin masanın üzərindən Zərərçəkmiş şəxs məxsus içərisində 4 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 35 manat dəyərində “Nokia 5310” markalı mobil telefonu və 20 manat pulu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 1839 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,466 qram olan çəkidə narkotik vasitə heroini və 0,242 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, özündə saxlamaqla daşımış, Nəsimi RPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 06.10.2021-ci il tarixdə saat 15:30-da Bakı şəhəri, Binəqədi rayonu, DSK yolunda saxlanılaraq Nəsimi RPİ-nin 22-ci PŞ-nin inzibati binasına gətirilmiş, polis şöbəsində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindəki bir ədəd kibrit qutusunun içərisindən 02 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,243 qram və 0,223 qram olmaqla ümumi təmiz çəkisi 0,466 qram təşkil edən həmin narkotik vasitə heroin və 01 bükümdə təmiz çəkisi 0,242 qram təşkil edən həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlarla özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, özü tutulduğu günədək narkotik maddələrdən istifadə etmişdir. 19.08.2021-ci il tarixdə səhər saat 07 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində yerləşən evin qapısının açıq olmasından istifadə edərək evə daxil olmuşdur və evin qonaq otağındakı masanın üzərindən içərisində “Mercedes S500” markalı **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilin texniki pasportu, Zərərçəkmiş şəxs adlı şəxsə məxsus olan sürücülük vəsiqəsi olan pulqabını götürmüşdür. Həmin vaxt pulqabının içərisində hər hansı pul məbləği olmamışdır. Bu hadisədən 2-3 gün sonra həmin sənədləri aparıb qardaşı X9 vermiş və həmin sənədləri sahibinə qaytarmasını istəmişdir. Bir müddət evə getməyib, küçədə və ya parklarda gecələmişdir. 06.10.2021-ci il tarixdə axşam saatlarında evlərinin yerləşdiyi DSK yolu adlanan ərazidə gəzdiyi vaxt iki nəfər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Onu oğurluq hadisəsində şübhəli olduğu üçün avtomobilə mindirmişlər. Avtomobildə olan zaman o, polis əməkdaşlarına narkotik maddə istifadəçisi olduğunu və üzərində narkotik vasitə olduğunu bildirmişdir. Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə gətirildikdən sonra könüllü olaraq əynindəki qara rəngli idman şalvarının sağ yan cibində olan kibrit qutusunun içindəki kağızda saxladığı 03 bükümü polis əməkdaşlarına təqdim etmişdir. Sonra isə onun üzərində axtarış aparılmağa başlanılmışdır, lakin hər hansı bir qeyri-qanuni digər əşya aşkar edilməmişdir. Bundan sonra 02 ədəd sellofana bükülmüş, içərisində qəhvəyi rəngli, toz şəkilli narkotik vasitənin “heroin”, 01 ədəd kağız bükümdəki ağ rəngli kristal şəkilli maddənin isə metamfetamin olduğunu bildirmişdir. Ondan həmin narkotik vasitəni və psixotrop maddəni haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edəndə o uzun müddətdir ki, narkotik vasitə istifadə etdiyini, həmin bükümü təxminən 2-3 həftə əvvəl, Binəqədi rayonu ərazisində tanımadığı qaraçıdan şəxsi istifadəsi üçün aldığını bildirmişdir. O, oğurluq əməli üzrə pul götürməmiş, yəni pulqabını götürərkən içərisində hər hansı pul məbləği olmamışdır. Törətdiyi əməli qismən etiraf etməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə iş üzrə Zərərçəkmiş şəxs verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti olmamışdır. ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla elə həmin ünvanda da bacısı Şahid1 ilə birlikdə yaşayır. Hər gün səhər saat 06 radələrində havanın rütubətli olması ilə əlaqədar olaraq oyanıb, evin içərisində havanı dəyişmək üçün evin giriş qapısını 15-20 sm aralığında açıq saxlayıb, tor çərçivəli kilidsiz qapını isə örtürlər. Bacısı Şahid1 19.08.2021-ci il tarixdə səhər saat təxminən 06:30 radələrində yenə də həmişəki kimi yuxudan oyanaraq, havanı dəyişmək üçün evin giriş qapısını 15-20 sm aralığında açıq saxlayıb, tor çərçivəli kilidsiz qapını isə örtmüşdür. O, həmin zaman yataq otağında yatmış və bacısı da qapını açdıqdan sonra yataq otağına keçərək yatmışdır. O saat təxminən 09:10 radələrində oyanıb hamama gedərkən evin qonaq otağının içərisindəki giriş hissəsində döşəmənin üzərində qara rəngli ayaqqabıya bənzər əşya görmüşdür. Sonra işığı yandıraraq həmin əşyanın qara rəngli idman ayaqqabısı olduğunu müəyyən etmişdir. Həmin vaxt bacısını yuxudan oyadaraq ayaqqabının niyə həmin yerdə olduğunu soruşmuşdur. Bacısı isə cavabında oraya ayaqqabı qoymadığını və həmin ayaqqabının evə məxsus olmadığını, oğurluq olduğundan şübhələndiyini demişdir. Artıq o, həmin vaxt ümumi giriş qapısının da taybatay açıq olduğunu, hətta tor çərçivəli kilidsiz qapının da açıq olduğunu görmüşdür. Həmin vaxt ona evə naməlum şəxsin daxil olması məlum olmuşdur. O, dərhal evə baxdığında evin qonaq otağındakı masanın üzərində ona məxsus içərisində 300 ABŞ dolları, 150 manat, ona məxsus “Mercedes S500” markalı **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilinin texniki pasportu, sürücülük vəsiqəsi olan qara rəngli 20 manat dəyərində olan pul kisəsi, 1100 manat dəyərində 2011-ci il istehsalı olan “Mercedes S500” markalı **-RV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinin açarlarını, “Nokia 5310” markalı mobil telefonunu və içərisində 4 manat dəyərində olan ***-***-**-** saylı mobil nömrəsini, masanın üzərində olan 20 manat pulun oğurlandığını aşkar etmişdir. Bundan sonra bacısı DİN-in 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Hal-hazırda avtomobilinin texniki pasportu, sürücülük vəsiqəsi ona qaytarılsa da, digər oğurlanmış pul vəsaiti və digər əşyalar ona qaytarılmamışdır. İfadəsinin sonunda, təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu və dəymiş ziyanın tam olaraq ödənilməsini tələb edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. Zərərçəkmiş şəxs onun doğma qardaşıdır. ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla elə həmin ünvanda qardaşı Zərərçəkmiş şəxs ilə birlikdə yaşayır. Havanın rütubətli olması ilə əlaqədar olaraq evin havasını dəyişmək üçün hər gün səhər saat 06 radələrində oyanıb, giriş qapısını 15-20 sm aralığında açıq saxlayıb, tor çərçivəli kilidsiz qapını isə örtmüşdür. 19.08.2021-ci il tarixdə səhər saat təxminən 06:30 radələrində yenə də həmişəki kimi yuxudan oyanaraq, havanı dəyişmək üçün evin giriş qapısını 15-20 sm aralığında açıq saxlayıb, tor çərçivəli kilidsiz qapını isə örtmüşdür. Qardaşı Zərərçəkmiş şəxs həmin zaman yataq otağında yatmışdır. O da qapını açdıqdan sonra yataq otağına keçib yatmışdır. Qardaşı Zərərçəkmiş şəxs saat təxminən 09:10 radələrində oyanıb hamama gedərkən ümumi giriş qapısının taybatay açıq olduğunu, hətta tor çərçivəli kilidsiz qapının da açıq olduğunu və orada onlara məxsus olmayan qara rəngli idman ayaqqabısının olduğunu görmüş və onu çağırmışdır. Ondan ayaqqabının kimə məxsus olduğunu soruşanda onun evə məxsus olmadığını və o artıq həmin zaman qardaşına evə kiminsə girib oğurluq edə biləcəyindən şübhələndiyini bildirmişdir. Həmin vaxt onlara evə naməlum şəxsin daxil olduğu məlum olmuşdur. Sonra onlar dərhal evə baxdığı zaman evin qonaq otağındakı masanın üzərində qardaşının qoyduğu içərisində 300 ABŞ dolları, 150 manat, qardaşına məxsus “Mercedes S500” markalı **-RV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinin texniki pasportunun, qardaşına məxsus sürücülük vəsiqəsi olan qara rəngli 20 manat dəyərində olan pul kisəsinin, 1100 manat dəyərində 2011-ci il istehsalı olan “Mercedes S500” markalı **-RV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinin açarlarının, qardaşına məxsus olan “Nokia 5310” markalı mobil telefonun və içərisindəki ***-***-**-** saylı mobil nömrəsinin, qardaşına məxsus 20 manat pulun oğurlandığını aşkar etmişdir. Bundan sonra o, DİN-in 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. O, hadisə vaxtı Nəsimi RPİ-nin 22-ci PŞ-in sahə inspektoru vəzifəsində xidmət aparmışdır. 22-ci PŞ-nin digər əməkdaşı ilə birlikdə edilən oğurluqda şübhəli bilinən Təqsirləndirilən şəxs saxlanılması ilə əlaqədar əməliyyat tədbirində iştirak etməsini inkar etməsə də, hadisə vaxtından uzun müddət keçdiyinə görə ətraflı və dəqiq olaraq məlumat verə bilməmişdir. Şahid4 25 fevral 2021-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini və istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə dəfələrlə məlumatlandırılmış şahidlər Şahid2 və Şahid3 məhkəmə iclaslarına gəlməmişlər, onların məhkəmə iclaslarında iştiraklarının təmin edilməsi mümkün olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317 və 329.1ci maddələrinə əsasən şahidlər Şahid2 və Şahid3 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmədə müdafiə tərəfi gəlməyən şahidlər Şahid2 və Şahid3 məhkəmə baxışında iştiraklarını tələb etmədiyindən məhkəmə tərəfindən şahidlər Şahid2 və Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadələri elan edilmişdir. İbtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid2 məhkəmə istintaqı zamanı tədqiq edilərək elan edilmiş ifadəsindən görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayır və təxminən avqust ayının sonlarından özünə sadə mobil telefon axtardığı üçün yaşadığı məhlədə qonşusu Şahid3 15 manata “Nokia 5310” markalı mobil telefon almışdır. Tanıdığı qonşusu olduğu üçün ondan heç bir şəxsiyyət vəsiqəsini təsdiq edən sənəd tələb etməmişdir. Bundan əlavə, telefonun oğurluq və yaxud haradan əldə etdiyi ilə bağlı soruşduqda əvvəllər də onda olduğunu, çoxdan işlətdiyini bildirmişdir. Həmin vaxtdan indiyə qədər “Nokia” 5310 markalı mobil telefonda ***-***-**-** və ***-***-**- ** nömrələrini işlətmişdir. Həmin telefon avqust ayının sonlarından 15.10.2021-ci il tarixədək onda olmuşdur (i/v 192-194). İbtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid3 məhkəmə istintaqı zamanı tədqiq edilərək elan edilmiş ifadəsindən görünür ki, təxminən avqust ayının sonlarına yaxın özünə sadə mobil telefon axtardığı üçün internetdən “Tap az” elanlar saytından 20 manata “Nokia 5310” markalı mobil telefon görmüşdür. O, həmin zaman orada qeyd olunan nömrə ilə əlaqə saxlayaraq həmin telefonu satan şəxslə Binəqədi rayonu “Pasolka” adlanan ərazidə görüşmüşdür. “Nokia 5310” markalı mobil telefonu həmin şəxsdən 20 manata almışdır. Daha sonra pula ehtiyacı olduğu üçün qonşusu Toğrul adlı şəxsə 15 manata satmışdır. Lakin ifadəsində verilmiş suallara cavab olaraq telefonu satan şəxslə gecə saatlarında görüşdüyünü və həmçinin də qara rəngli tibbi maskadan istifadə etdiyi üçün tam olaraq üzünü görə bilmədiyini və əlaqə saxladığı nömrəni də üzərindən uzun müddət keçdiyi üçün xatırlamadığını bildirmişdir (i/v 200-202). İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin təhqiqatçısı X15 tərəfindən tərtib edilmiş, Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili Şahid4, Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin sahə rəisi Şahid5, mütəxəssis qismində dəvət edilmiş X4 və barəsində istintaq hərəkəti aparılan şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış 06.10.2021-ci il tarixli “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında, paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs qalxaraq üzərində narkotik vasitə olduğunu bildirib könüllü şəkildə əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd kibrit qutusunu çıxarıb masanın üzərinə qoymuş, hər hansı qanunsuz əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmışdır. Onun əynindəki qırmızıağ rəngli jaketdə, ayaqqabılarında, corablarında şəxsi axtarış aparılsa da, heç nə aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi kibrit qutusunun içərisinə baxış keçirdikdə bükümün qutunun içərisində kağıza bükülmüş 3 ədəd büküm-2 ədəd sellofan və bir ədəd kağız büküm aşkar olunmuşdur. 2 ədəd sellofan bükümün hər birinin içərisində toz şəkilli qəhvəyi rəngli, 01 ədəd kağız bükümün içərisində isə ağ rəngli toz şəkilli narkotik vasitəyə bənzər maddə aşkar edilərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üst-başını səliqəyə salması tələb edilmişdir. Təqsirləndirilən şəxs üzərində kibrit qutusunda aşkar edilmiş içərisində kağıza bükülmüş toz şəkilli narkotik vasitəyə bənzər 3 ədəd bükümün içərisindəki maddənin nə olduğunu və onu haradan əldə etdiyini deməsi təklif olunmuş və o, həmin bükümlərin narkotik maddə olan metamfetamin olduğunu və onu Binəqədi rayonu DSK yolu adlanan ərazidə tanımadığı İran vətəndaşından aldığını bildirmişdir. Bundan sonra iştirakçılara həmin kibrit qutusunun içərisində olan narkotik vasitəyə bənzər maddələrin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra içərisində narkotik vasitəyə bənzər maddənin olduğu 3 ədəd bükümün olduğu kibrit qutusu zərfə qoyularaq zərfin ağzı Nəsimi RPİ-nin 22-ci PŞ-nin zərflər üçün nəzərdə tutulmuş 190 nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Bundan sonra video çəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır. Video çəkiliş hər bir iştirakçıya nümayiş etdirilmişdir. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamış və vəsatət qaldırılmamışdır. Şəxsi axtarış zamanı "Sony" markalı videokameradan istifadə edilmişdir. Ona görə də protokol tərtib olunmuş, ucadan oxunmuş, protokolun düzgünlüyü imzalarla təsdiq edilmişdir (i/v 39- 44). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07.10.2021ci il tarixli, 6/4437 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Təqsirləndirilən şəxs üzərindən götürülmüş..” sözləri olan zərfdəki 02 ədəd bükümdə təmiz çəkisi 0,243 qr., 0,223 qr., ümumi təmiz çəkisi 0,466 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd bükümdə təmiz çəkisi 0,242 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqatın dəyəri 81,82 manatdır (i/v 51-56). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17.11.2021ci il tarixli, 9/7542 nömrəli ekspert rəyindən görünür ki, 1 ədəd istifadədə olmuş “Nokia 5310” markalı mobil telefonun aksessuarsız 2021-ci ilin avqust ayına olan orta bazar qiyməti nəzəri qaydada 35 (otuz beş) manat və içərisindəki ***-***-**-** saylı mobil nömrə isə 4 (dörd) manat müəyyən edilir, lakin 2011-ci il Almaniya istehsalı olan “Mercedes-Benz” markalı avtomobilin bir ədəd lazer tipli açarı avtomobilin modeli məlum olmadığından qiymətləndirilmə aparılmamışdır. Tədqiqatın dəyəri 50 manatdır (i/v 204-205). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş “Təqdim edilmiş əşyanın götürülməsi haqqında” 26 avqust 2021-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəldən və eyni tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs məxsus AC seriyalı, 377003 nömrəli sürücülük vəsiqəsi və AD seriyalı, 624740 nömrəli **-RN-*** dövlət nömrə nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsi X16 tərəfindən Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin təhqiqatçısı X2 təqdim edilmiş və AC seriyalı, 377003 nömrəli sürücülük vəsiqəsi və AD seriyalı, 624740 nömrəli **-RN-*** dövlət nömrə nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsi 26 avqust 2021-ci il tarixdə Zərərçəkmiş şəxs təhvil verilmişdir (i/v 89-90, 91). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş 08 oktyabr 2021-ci il tarixli “Videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, protokol Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Mahir Əliyev tərəfindən tərtib edilmiş və hadisəni özündə əks etdirən 02 ədəd video görüntüyə Təqsirləndirilən şəxs və onun müdafiəçisi X5 iştirakları ilə baxış keçirilmişdir. Belə ki, 1-ci video görüntü 59 saniyə, 2-ci video görüntü 2 dəqiqə 15 saniyədən ibarətdir. 1-ci videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, 1 nəfər naməlum, kişi cinsli şəxs səki ilə addımlayaraq Zərərçəkmiş şəxs məxsus mənzilə tərəf ünvan 3 ünvanına daxil olmuş və 55-ci saniyədə artıq dalandan içəri girmişdir. 2-ci videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, həmin şəxs 28 May küçəsi 38 ünvanına daxil olaraq məzil 4 istiqamətinə doğru hərəkət etmiş və 2 dəqiqə 7-ci saniyədə evdən qaçaraq çıxmış, lakin daxil olarkən əvvəlki ayaqqabıları olmamış və bununla da, hərəkətini qaçaraq davam etdirmiş və hadisə yerindən uzaqlaşmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs hər iki video görüntüdə olan şəxsin özünün olmasını səmimi etiraf edib törətdiyi əməlindən peşmançılıq çəkdiyini bildirmişdir (i/v 163). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş 12 noyabr 2021-ci il tarixli “Mobil telefonun götürülməsi və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Şahid2 Eldar oğlundan aşkar edilmiş 01 ədəd “Nokia 5310” markalı mobil telefon Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Mahir Əliyev tərəfindən götürülmüş və qeyd olunan mobil telefona baxış keçirilmişdir. Müstəntiq tərəfindən mobil telefona baxış keçirilərkən müəyyən olunmuşdur ki, qeyd olunan mobil telefon qara rəngli sağ və sol tərəfləri yarı qırmızı rəngli, arxa tərəfində kamera olan “Nokia 5310” markalı sadə düyməli mobil telefondur. Telefon işlək vəziyyətdə olmuşdur (i/v 197). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 Şəxsi Ambulator X1 06.12.2021-ci il tarixli, 4910 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs oğlunda opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 214-215). İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 15.12.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 02 ədəd bükümdə ümumi təmiz çəkisi 0,466 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroinin və 1 ədəd bükümdə təmiz çəkisi 0,242 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetaminin maddi sübut kimi tanınması müvafiq istintaq hərəkətləri aparıldıqdan sonra saxlanması üçün Nəsimi rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilməsi, 01 ədəd “Nokia 5310” markalı mobil telefonun maddi sübut kimi tanınması qərara alınmışdır (i/v 238-250). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 08.10.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barəsində Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 164). İş materiallarına əlavə olunmuş “şübhəli şəxsin tutulması haqqında” protokolundan və məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 06.10.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08.10.2021-ci il tarixli, 4(006)-428/2021 saylı qərarı ilə barəsində 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həmin məhkəmənin 05.01.2022-ci il tarixli, 4(006)-3/2022 saylı qərarı ilə həbs qətimkan tədbirinin müddəti 26 yanvar 2022-ci il tarixədək uzadılmışdır (i/v 19-20, 172-175, 277-280). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi, yəni özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etməsi və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşıması özünün qismən etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, həmçinin metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini qismən etiraf edərək səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən hesab edir ki, cinayətlərin məcmusuna az ağır cinayətlərdən biri daxil olduğundan Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanmaqla ona qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 06.10.2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, ondan 131 (yüz otuz bir) manat, 82 (səksən iki) qəpik ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,366 qram olan narkotik vasitə heroin və qalıq çəkisi 0,192 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış və Nəsimi rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan Zərərçəkmiş şəxs məxsus olan 01 ədəd “Nokia 5310” markalı mobil telefon sahibinə qaytarılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı isə məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri, 05 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-117/2022 saylı, 12.01.2022-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, 13.01.2022-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs göstərilmiş 24 (iyirmi dörd) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri, 05 saylı Vəkil Bürosunun hesabına 144 (yüz qırx dörd) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzaları qismən toplanılmaqla ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 06 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 131 (yüz otuz bir) manat, 82 (səksən iki) qəpik ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,366 qram olan narkotik vasitə heroin və qalıq çəkisi 0,192 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Nəsimi rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan Zərərçəkmiş şəxs məxsus olan 01 ədəd “Nokia 5310” markalı mobil telefon sahibinə qaytarılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri, 05 saylı Vəkil Bürosunun hesabına 144 (yüz qırx dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-117/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-117/2022
29.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver