Məhkəmə qərarları › İş №1(006)-118/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-118/2021

19.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-118/2021 19.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru X7, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, xx.xx.2020-ci il tarixdə, saat 11 radələrində ünvan 2 ünvanının qarşısında, şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı, keçmiş qaynı Zərərçəkmiş şəxs baş nahiyyəsindən qəsdən yumruq zərbəsi ilə vuraraq ona qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi və çənə nahiyəsinin qançırı ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilməyərək verdiyi ifadəsində göstərdi ki, hal-hazırda barəsində olan cinayət təbiqi ona qarşı əvvəlcədən və bilərəkdən Zərərçəkmiş şəxs tərəfindən dolayı yolla hazırlanmış və həyata keçirilməsi nəzərdə tutulmuş əməllərin nəticəsidir. Belə ki, keçmiş qaynı olan Zərərçəkmiş şəxs ilə arasında olan mübahisə vəziyyəti birbaşa olaraq sonuncunun bilərəkdən və düşünülmüş şəkildə ona qarşı təşkil edilmiş böhtan xarakterli əməlidir. xx.xx.2020-ci il tarixdə və digər tarixlərdə onun şəxsi telefonuna zəng edərək onu ağır nalayiq ifadələrlə təhqir edərək, “kişisənsə gəl, söhbətimizi təklikdə ayırd edək, gəlməsən səni məhəllədə camaat arasında biabır edəcəyəm” demişdir. O, dəfələrlə Zərərçəkmiş şəxs təhqirlərinə, telefon zənglərinə cavabında dövlətin qanunlarına riayət etməyə dəvət edərək gələcəkdə aralarında yarana biləcək ciddi mübahisədən yayınmaq istəmişdir. Lakin son telefon danışığında Zərərçəkmiş şəxs yolun kənarında avtomobilini saxladığını, təhqirlərinə davam edərək onu gözlədiyini bildirmişdir. O da öz növbəsində həm əsəbləşdiyi üçün, həm də məcburiyyət qarşısında qalıb Zərərçəkmiş şəxsla görüşməyə getmişdir. O, Zərərçəkmiş şəxs övladlarının dayısı olduğunu, ona şəxsi telefonunda olan təhqiredici səs yazılarını göstərməyi və müraciət edərək bir daha onu narahat etməməsini düşünərək öz şəxsi həyatını normal yaşamasına imkan verməsini tələb etmək fikrində olmuşdur. Əgər bu qeyri-qanuni hərəkətləri ona qarşı bir daha etmək fikrində olarsa bütün ona qarşı təhqir dolu səs yazılarını qanuni şəkildə dövlət orqanlarına təqdim edəcəyini bildirmək niyyətində olmuşdur. Onun Zərərçəkmiş şəxs məcburi çağırışı əsasında ora getməyinin əsas səbəbi aralarında qəsdən yaradılmış mübahisəni sakit-dinc yolla həll etmək olmuşdur. O, avtomobillə Zərərçəkmiş şəxs dediyi ünvana gəlmiş və sonuncunun öz avtomobilində yolun kənarında onu gözlədiyini görmüşdür. Avtomobilin işıqlarını yandırıb-söndürməklə ona gəldiyini bildirərək maşını yolun kənarına çəkib saxlamışdır. O, əlində şəxsi telefonunu götürərək avtomobildən düşmüş, Zərərçəkmiş şəxs da onu görüb avtomobildən düşüb ona tərəf gəlmişdir. Onun uzun müddət söhbət aparmaq fikri olmamış, yalnız telefonundakı Mustafanın onu təhqir edən səs yazılarını ona göstərərək bütün bu işlərə son qoyulmasını təklif etmək və bir daha onunla üzbəüz gəlmək istəmədiyini bildirmək, əks təqdirdə dövlət orqanlarına müraciət edəcəyini bildirmək niyyəti olmuşdur. O, Zərərçəkmiş şəxs yaxınlaşaraq salamlaşmadan əlindəki telefonunu açaraq ona göndərilmiş təhqir dolu səs yazılarına qulaq asmağa dəvət edərək, bir daha onunla görüşmək, çağırışına gəlmək belə fikrinin olmadığını, nə etsə belə heç gəlməyəcəyəni bildirmək istəmişdir. Sonuncuya öz normal həyatını yaşamasına şərait yaratmasını, əks təqdirdə bütün ona qarşı olan təhqir dolu şəxsiyyəti alçaldan səs yazılarını dövlət orqanlarına təqdim edəcəyəni bildirmək niyyəti olmuşdur. Bu zaman Zərərçəkmiş şəxs sağ əlində səs yazılarına qulaq asması üçün ona qismən uzadılmış olan əlinə, yəni telefonunun üzərinə qəflətən əli ilə zərbə vuraraq telefonunu yerə salmağı bacarmış, sonuncunun bu qəfil hərəkətindən bir anlığa özünü itirmiş kimi olmuş və nəticədə telefonun onların arasında yerə düşərək bütövlükdə parçalanmış vəziyyətdə olduğunu görmüş, həmçinin Zərərçəkmiş şəxs ayağı ilə yerdə olan telefonuna zərbələr endirmək istəyi olmuşdur. Bu vaxt o, zərurət yarandığı üçün telefonunu götürmək və şəxsi əmlakını özgənin qəsdən məhv etməsindən qorumaq məqsədilə əlini Zərərçəkmiş şəxs üz nahiyəsinə tərəf yönəldərək yüngül halda itələmək məcburiyyətində qalmışdır. Onun telefonu götürməkdə əsas məqsədi orada şəxsən Zərərçəkmiş şəxs ona qarşı təhqir dolu şəxsiyyətini ağır dərəcədə təhqir edən səs yazılarının həmin telefonda mövcud olması və bilərəkdən qəsdən məhv olunduğu təqdirdə sonuncunun ona qarşı öz qanunsuz hərəkətlərinə təkrarən yol verməsinə şərait yaranması olmuşdur. Zərərçəkmiş şəxs yerdə olan telefonundan qismən uzaqlaşdığı vaxt o, tez yerdən sökülüb-dağılmış vəziyyətdə olan telefonunu götürərək avtomobilinə oturub hadisə yerindən uzaqlaşmışdır. Sonuncunun ona və birbaşa şəxsi həyatına qarşı qəsdən etdiyi bu qanunsuz cinayət əməlləri barəsində dövlət orqanlarını məlumatlandırmamağının əsas səbəbi aralarında olan qohumluq əlaqələri olmuşdur. Hadisədən bir müddət keçdikdən sonra ona məlum olmuşdur ki, guya, o, Zərərçəkmiş şəxs ilə təsadüfən mərkəzi küçələrin birində rastlaşmış, onun maşınını saxlatdıraraq ona zor tətbiq etmiş və nəticədə sonuncu beyin-bədən xəsarətləri alaraq polis orqanlarına müraciət etmişdir Baxmayaraq ki, o, Nəsimi RPİ-nin 22-ci Polis Bölməsində təhqiqat araşdırması zamanı bu hadisənin bütün həqiqiliyini qeyd etmiş və açıqlama vermiş, lakin təhqiqat prosesində ona qarşı tərəfin həkim ekspertdən rəsmi sənədinin mövcud olmasını bildirmişlər. O, həmin həkimin tibbi arayışı bütünlüklə yalan dolayı yolla verdiyini və qanuni şəkildə həqiqətin aşkarlanması üçün təkrar tibbi ekspertizanın təyin olunaraq həqiqətin aşkara çıxrılmasının qanunauyğun hal sayılmalı olduğunu bildirmişdir. Lakin onun qanuni hüquqlarının tam obyektivliyi təmin edilməmişdir. Əslində isə Zərərçəkmiş şəxs fiziki zor tətbiq edilməsi nəticəsində baş-beyindən və üz nahiyyəsindən ağır insan sağlamlığı üçün ciddi baş-bədən xəsarətləri aldığı təqdirdə sadəcə təcili tibbi yardım çağırmaq əvəzinə normal vəziyyətdə öz şəxsi avtomobilinə minərək evlərinə getmiş, orada ailə üzvləri ilə məsləhətləşərək özünün ona qarşı törətdiyi cinayət əməllərini ört-basdır etmək məqsədilə anasının təkidi ilə şəhərin mərkəzində yaşamasına baxmayaraq, yalnız Sabunçu xəstəxanasında olan öz tanışlarının yanına gedərək oradan qeyri-qanuni tibbi arayışı əldə edə bilmişdir. Onun fiziki sağlamlığında həmin dövrdə ciddi fəsadlar olmasına görə o, kiməsə fiziki cəhətdən zor tətbiq etmək iqtidarında ola bilməmişdir. İfadəsinin sonunda tərəfindən hər hansı cinayət əməlinin törədilmədiyini bildirərək, barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, 2003-cü ildə onun bacısı X4, atasının əmisi oğlu olan Təqsirləndirilən şəxs ilə ailə qurmuş, birgə nikahlarından iki övladları dünyaya gəlmişdir. Təxminən 01 il bundan əvvəl bacısı Səmayə Təvəkkülova yoldaşı ilə tez-tez mübahisələri yarandığından, onlar Yasamal rayon məhkəməsinin qərarı ilə boşanmışlar. Təqsirləndirilən şəxsla münasibətləri əvvəl normal olmuş, lakin bacısı ilə boşandıqdan sonra Zərərçəkmiş şəxs münasibət cəhətdən aralı olmağa çalışmışdır. xx.xx.2020-ci il tarixdə, saat təxminən 11 radələrində özünə məxsus olan “Kia Cerato” markalı avtomobil ilə Neftçilər prospektində, Əhmədli qəsəbəsi istiqamətində hərəkətdə olan vaxt, “145 çay evi” nin qarşısından keçərkən arxadan gələn “Hundai” markalı avtomobilin ön işıqlarını tez-tez yandırıb ona işarə etdiyini görmüş, bu səbəbdən avtomobilini sağa çəkib saxlamışdır. Həmin avtomobil onun qarşısında dayanmış və Təqsirləndirilən şəxs avtomobildən düşüb ona tərəf yaxınlaşmışdır. Sonuncu onun avtomobilinə minərək “söhbət etməyə” dəvət etmək istəmişdir. O, buna etiraz edib yolunu davam etmək istəyən vaxt Təqsirləndirilən şəxs təkidlə avtomobildən düşməyini istəmişdir. O, avtomobildən düşən vaxt Təqsirləndirilən şəxs ona nalayiq ifadələr işlətdiyi üçün aralarında mübahisə yaranmış və sonuncu yumruqla onun çənəsindən vurub yerə yıxmışdır. Daha sonra Təqsirləndirilən şəxs heç nə olmamaış kimi avtomobilə minib oradan uzaqlaşmışdır. O, özünü pis hiss etdiyi üçün 3 saylı Xəstəxanaya müraciət etmiş, xəstəxanada vəziyyətinin riskli olduğunu bildirib onu stasionar müalicəyə qəbul etmişlər. Daha sonra baş vermiş hadisə barəsində müvafiq orqana müraciət edərək şikayətçi olmuşdur. Qeyd olunanları nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində ağır cəza verilməsini xahiş edir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X11 sağlamlığa zərər vurmanın təyininə dair xx xxxxxx 2020-ci il tarixli, 909 saylı rəyindən görünür ki, 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarət qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi və çənə nahiyəsinin qançırı küt əşyanın təsirindən müayinədən 5-7 gün əvvəl əmələ gəlmişdir, onun tibbi yardım üçün Bakı şəhər, Baş Sİ-nin 3 saylı şəhər Klinik Xəstəxanasına müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilməsi mümkündür və şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır (i/v 29-31). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X3 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluq vəziyyəti ilə əlaqədar Azərbaycan Respublikası DİN BƏSİİ X1 heç bir məlumat yoxdur (i/v 27). Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini inkar etməsi özünü müdafiə xarakteri daşıyır. Lakin onun bu əməli zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarında qeyd olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyinin tələbləri baxımından hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, hökmün icrasına nəzarət cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməlidir. Məhkəmə, həmçinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı heç bir qətimkan tədbiri seçilmədiyini nəzərə alaraq hesab edir ki, hal-hazırda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin barəsində hər hansı bir qətimkan tədbirinin seçilməsi üçün əsaslar yoxdur. Bundan əlavə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, məhkəməyədək sadələşdirilmiş icraat materialı Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-375/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx xxxxxx 2020-ci il tarixdən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs göstərilmiş 16 (on altı) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 96 (doxsan altı) manat məbləğində pul köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 96 (doxsan altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar